Mənzər Hüseynova Elmi işçi Qadın nəsrində yeni məzmun və üslub çalarları




Yüklə 76.82 Kb.
tarix22.04.2016
ölçüsü76.82 Kb.
Mənzər Hüseynova

Elmi işçi
Qadın nəsrində yeni məzmun və üslub çalarları
Azərbaycan ədəbiyyatı tarixinə nəzər salsaq görərik ki, qadın nasirlərimizin yaradıcılığı dövrün hər bir yeni inkişaf mərhələsində daha da təkmilləşir, dolğun, bitkin məziyyətləriylə ortaya çıxır. Bu ideya-bədii təkamülü Müasir qadın yazıçılarımızın da yaradıcılığında müşahidə etmək mümkündür.

Müstəqillik dövründə qadın yazıçılarımızın əsərlərində qoyulan problemlər dövrümüzün ab havasına köklənərək bir neçə istiqamətə şaxələnir.

İctimai-siyasi mühit, tarixə müraciət, Qarabağ müharibəsi, şəhidlərimizin qəhrəmanlıqları, köçkünlərin yurd həsrəti, işsizlik ucbatından başqa ölkələrə qazanc dalınca gedən gənclərimizin taleyi, tənha qadınların yeknəsək həyat tərzi, pula, qaş-daşa satılan yüngül əxlaqlı qızların faciəsi qadın nasirlərimizin əsərlərində öz əksini tapmışdır. Bu əsərlərin müvəffəqiyyətləri də təbiidir ki, həyat həqiqətlərinin nə dərəcədə real və dolğun canlandırılması müəyyənləşdirir. Dövrün qəhrəmanları əsərlərdə adətən mənəviyyat, milli düşüncə, əxlaq fonunda öz əksini tapdığına görədir ki, zamanın tələbindən doğan mənfi və ya müsbət surətlərin taleyi təkcə fərdi tale kimi yox, ümumiləşərək mühitin, cəmiyyətin taleyi də mənalana bilir.

Çağdaş qadın nasirlərimiz, əlbəttə, qadın nəsrimizin zəngin ənənələrinə arxalanırlar, bunlardan yaradıcılıqla bəhrələnirlər. Müstəqillik yazıçılarımızın yeni müasir mövzulara müraciət etməsi və ya işlənilmiş mövzulara yeni gözlə baxması yeni obrazlar yaradılmasına, yeni poetik ifadə vasitələri tapmağa ehtiyac doğurur.

Əvvəlki illərlə müqayisə edəndə görürük ki, vətənpərvərlik mövzusu, Qarabağ faciəsi və bu faciənin konkret insan talelərində, xarakterlərində əksi yenə də nəsrimizdə əhəmiyyətli yer tutur. Lakin bu mövzu daha çox orta və yaşlı nəslin əsərlərində özünü qabarıq göstərir. Gənc nəslin yaradıcılığında isə əsasən mənəvi boşluq, qloballaşma şəraitində və istehlak cəmiyyətində insan həyatının, ələlxüsus da düşünən bir insan həyatının dəyərdən düşməsi qəhrəmanları bürüyən çıxılmazlıq hissi daha çox özünü büruzə verir.

Təəssüf ki, bəzən mətbuat səhifələrində cavan yazarların keçmişi ədəbiyyatımızı inkar edən fikirləri ilə rastlaşırıq. Onlar öz nihilist münasibətləri ilə Azərbaycan ədəbiyyatını, sələflərimizin qoyduğu irsi inkar edir, yazılan əsərlərə təkəbbürlə baxırlar. Əlbəttə dövrün, zamanın tələbiylə yenilik axtarışlarını alqışlamaq, yeni sözü ilə, yeni yazı tərzi ilə fərqlənən hər bir yazarı qiymətləndirmək lazımdır, ancaq unutmamalıyıq ki, onların özü də, bunu etiraf etməsələr də keçmişin təcrübəsindən bəhrələniblər.

Yaşadığımız mühiti-cəmiyyətin irəli sürdüyü məsələləri dolğun, inandırıcı vermək baxımından 1980-ci illər qadın nəsrinin uğurlarından danışmaq lazımdır. Bu dövrdə yeni istedadlı qadın yazıçıları meydana gəldi. Sara Oğuz, Mehriban Xalıq, Şükufə, M.Razayeva, Nüşabə Məmmədli, A.Məsud, F.Məmmədli, B.Bərdəli və s. Onların əsərlərində qoyulan problemlər bir-birlərinə yaxın olsalar da yazılış tərzi, poetik deyim baxımından çox fərqlənirdi. Bu yazılarda insanların mənəvi-əxlaqi aləmi, onların arasındakı münasibətlər, şəhərlə kəndin təzadı, yurd niskili, gənclərin düşüncə tərzi, yeni həyata baxışları öz əksini tapır.

Sara Oğuzun yaradıcılığına müraciət edək. Onun yaradıcılığı kökümüzlə, milli mənəviyyatımızla bağlı olsa da, o müasir şəhər mühitini, orda baş verən hadisələri də qələmə alır. Həm də Sara xanım folkloru, onun bədii sərvətini dərindən bilir. Nasirin qəhrəmanları ümumiləşdirilmiş güclü müşahidələr, həyat materialları hesabına ətə-cana dolmuş, canlı, real insanlardır. Onun əsərləri müasirlərimizin az qala bir nəfəsə yazılan hekayətləridir. Ilk baxışdan Sara xanımın təhkiyə tərzi yorucu və bezikdiricidir, dərhal bir üslub ləngərliyi hiss edirsən. Ancaq oxuduqca hisslər, duyğular getdikcə sənə doğmalaşır, onun təsvir etdiyi psixoloji mühitə cəlb olunursan. Saranın qəhrəmanları azadlıq üçün doğulan və öz azadlıqları üçün mübarizə aparan “xoşbəxt cəmiyyətin” insanlarıdır. “Beton evdən yazılar” povestini oxuyanda özünü sanki dörd tərəfi beton hasara alınmış həbsxanada hiss edirsən.

“Yevlaxdan keçən yollar”, “Bayat oxşaması”, “Qədir gecəsi”, “Köhnə kişi”, “Sarı gəlin” əsərləri özünəməxsus təhkiyə ritmi ilə seçilir. Onun əsərləri istər povestləri, istərsə də hekayələri xalqımızın, mədəniyyətimizin mənşəyindən, qədim adət-ənənələrimizdən, rəssamlarımızın həyatından bəhs edir. “Qədir ağacı”, “Nağıl nabatı”, “Tale damğası”, “Beton evdən yazılar” kitablarında toplanan əsərlərində də insan qəlbinin ən dərin duyğuları, istək və arzuları yüksək emosionallığı, təkrarsız ifadə tərzləri ilə diqqəti cəlb edir.

Sara xanımın 1993-cü ildə qələmə aldığı “Kəpənək ömrü” povestini oxuyarkən gözümüzün qabağına balalarına bir parça çörək qazanmağın ucbatından “Talkuçka”larda, metronun keçidlərində alver edən ziyalı qadınlarımız gəldi. Onların əksəriyyəti bürküdən, havasızlıqdan xəstəliklərə tutulsalar da, həmin keçidlərdən əl çəkmirlər. Çünki onların yeganə qazanc yerləri ancaq oralardır. İnstitutlarda, müəssisələrdə, məktəblərdə aldıqları məvacibləri heç çörək puluna da çatmayan, sosial vəziyyətin ağırlığından mənən düşkünləşən qadınlarımızı müəllif bu əsərdə üç qadının simasında cəmləşdirir. Ehtiyac bu ali savadlı rəfiqəni dovğalıq tərə, pencer, yemlik yığmaq üçün Bakı bağlarının birinə aparıb çıxardır. Bakının ətraf düzənlikləri isə icarəyə verilib, sahibkarlar tərəfindən zəbt edilib və qadınlara icazə verilmir ki, onların işarə qoyduqları sahələri ayaqlasınlar. Bu üç qadın – elmi işçi, hesabdar və laboratoriya müdiri hələ də bazar iqtisadiyyatının sərt qanunlarına, özəlləşmənin ab-havasına alışa bilmirlər. Öz halal məvaciblərindən savayı başqa gəlir mənbəyini görməyən qadınlara təklif edilir ki, qalıb günəmuzd sahədə işləsinlər. Həftənin şənbə və bazar günləri iş yeri tapdıqlarına sevinirlər. Rəfiqələrin ürəyində bir ümid qığılcımı baş qaldırır. Hər həftə iki gün gəlib buralarda pomidor şitillərinin alağını etsələr, məsələn, hesabdar gözü gölməçə gölünə çalan qadın şikəst ərinin dərman pulunu əldə edəcək, laboratoriya müdirəsi həmişəlik xaricə getmək üçün özünə yol pulu düzəldəcək, o biri qadının elmi işçinin də pul sarıdan qayğıları başından aşır. Razılaşırlar. Ancaq iki gün günün altında zərif dərilərini yandıra-yandıra qan-tər içində çalışsalar da ümidləri boşa çıxır. İkinci gün axşamüstü özünü sahəyə yetirən sahib onların hər birinə bir çörəyin pulunu ödəyib təhqiramiz sözlərlə başa salır ki, əgər onun verdiyi pula etiraz etsələr, nə qədər istəsə işçi qüvvəsi tapa bilər. Sahib dil tökə-tökə, əl-qolunu ölçə-ölçə iş axtaran minlərlə bığıburma cavanları misal çəkir. “Qul bazarında səf-səf durublar” deyib onları əliboş evlərinə yola salır. Savadsız, adlarını belə düzgün yaza bilməyən sahibkarların təhqiramiz sözlərinə məruz qalan qadınlar vaxtilə bir idarənin, bir müəssisənin hörmətli, savadlı işçiləri idi. Bu ziyalı qadınlara əzab verən maddi vəziyyətlərinin çətinliklərindən çox, mənəvi sarsıntılarıdır. Laboratoriya müdirinin mühacirətdə yaşamaq istədiyini eşidən rəfiqələr ona etiraz edəndə deyir.

“Mənim işimdən başqa heç vaxt heç nəyim olmayıb. Məsələ həyatın çətinliyində deyil. Bir qarnı ac, bir qarnı tox – fərqi yoxdur. Bərkə düşəndə bu yolla da çörək qazanmaq olar. Amma mən sənətimi itirdim. Ömrüm boyu əmələ-ərsəyə çatdırdığım iş gözüm görə-görə puç olur. Laboratoriyamız daha yoxdur. Bizim ora gedib-gəlməyimiz ölünün ömrünü uzatmaq kimi bir şeydir.

Adama elə gəlir ki, “Kəpənək ömrü” əsərinin qəhrəmanları cəmiyyətdə baş verən neqativ hallara, dözülməz münasibətlərə, insanlar arasında dərin ziddiyyətlərə dözməyən kəpənək ömrü qədər qısa həyat yaşayacaqlar. Axı, bəzi kəpənəklərin ömrü bir gündür.

V.Yusifli (“Azadlıq” qəzeti 1997-ci il 14 avqust) yazır: “Çağdaş nəsrimizin polifonik üslubları sırasında zərif bir dəst-xətt ayrıca seçilir. Yaşadığımız bu təzadlı dünyanın gözəllikləri də, qəribəlikləri də, sirli-sehrli bilməcələri də, baş açmadığımız müəmmaları da onun nəsrində özünəməxsus bir tərzdə əks olunur. Bu gün nəsrimizdə yalnız iki yazıçının adını çəkmək olar ki, onlar mütəmadi olaraq xalq ruhunun yaşarı ənənələrini bütün gözəllikləri ilə gözlərimiz qarşısında canlandırırlar. Onlardan biri müdriklik yaşına qədəm qoyan tarixi romanlar müəllifi Ə.Cəfərzadə, ikincisi isə Sara Oğuzdur.

Vyena universitetinin müəllimi Sena “Ədəbiyyat” qəzetinin 1998-ci il 30 sentyabr sayındakı müsahibəsində Sara Oğuzun əsərlərinə də toxunur. “Sara Nəzirovanın Oğuzun qadın obrazları təzədir. Tam avtobioqrafik olmasa da, əsərlərində o qadını bir az da yaxından müşahidə edir. Onun qəhrəmanları əksərən ailə qurmamış qadınlardır. Cəmiyyət içərisində azad olan, yaxud azadlığını qurmaq istəyən, bunun üçün daxili mübarizə aparan qadınlardır. Amma buna nail ola bilirmi?” və yaxud “Kəpənək ömrü”ndə qadın hər bir hərəkətində yoldaşının bu barədə nə düşünəcəyini yada salır, narahat olur. Hətta povestdə heç peyda olmayan bu kişi obrazı belə görünür ki, o qadın qəhrəmana yenə də mane olur”. Ümumiyyətlə qərara gəlmək S.Oğuzun qəhrəmanları üçün əməl deməkdir. Adama elə gəlir ki, S.Oğuz bu qəhrəmanları ayrı planetdən gətirib, bu dünyanın işlərinə qoşur. Onlar bu mühitin keşməkeşlərində nə qədər can yananlıqla, fədakarlıqla iştirak etsələr və əzab çəksələr də sanki istədikləri vaxt bu vəziyyətdən çıxmaq iqtidarına malikdirlər.

Müasir qadın yazıçılarımızdan olan Mehriban Xalıqın da yaradıcılığı rəngarəngdir. Onun istər publisistik, istərsə də bədii yazılarında zamanın nəbzi duyulur. Mehriban xarakter yaratmağı bacaran, obrazların daxili aləminə varan yazıçıdır. Pak, təmiz milli ənənələrdən yoğrulmuş obrazlar hər gün səninlə təmasda olan gənclərdir. Anlaşılmazlıq, cəmiyyətin pozuntuları bu adamların həyatından yan ötmür, taleyə çevrilib alın yazısı kimi meydana çıxır. Bunların özü müəllifin yazıçılarına çoxlarının nail ola bilmədiyi orijinallıqla gəlir. Müəllifdə bir daxili sərbəstlik hiss edirsən ki, bu onun yaradıcılığından qırmızı xətt kimi keçir.

Həyatın sevincini, kədərini, narahatlığını içində gəzdirən və əhval-ruhiyyənin daşıyıcıları olan obrazlar müəllifin yaşıdlarıdır. Onlar qaynar mühitin cəzası kimidir. “Biz nəğməydik” povestində Lalənin fikrinə belə gəlməzdi ki, Adil kimi bir oğlan həyatın keşməkeşində dəyişə bilər. Elə Səidə də Adili tanıdığından onun belə tez dəyişməsinə heyrətlə baxır.

Təəssüf edir ki, Adil öz hisslərini imkansızlığına qurban verdi. Çox qızların bəxtinə düyün salan imkansızlıq Mehribanın əsərlərində elə böyüyüb, elə inkişaf tapır ki, cəmiyyətin çatışmazlığını, namütənasibliyini də üzə çıxardır. Adamların şəxsi ovqatına cəmiyyətin ab-havasının müdaxiləsini göstərir.

Müxtəlif xarakterlər, obrazlar silsiləsi Mehriban Xalıqın özünəməxsus yaradıcılıq tərzindən, yaradıcılıq üslubundan keçir. Yazıçının qadın obrazları daha dəyanətli, daha sədaqətlidir. Lakin onlar mübarizlikdən çox-çox uzaqdırlar. Öz istəkləri uğrunda nəinki mübarizə aparmırlar, əksinə, qürurlarına sığınıb dayanırlar. Onlar üçün imkansızlığın mübarizə yolu qürur olur. “Adi günlər” povestində olduğu kimi.

Çəkilən zəhmət insanın özü kimidir. Bir-birinin içindən doğan fikirlərin uzanıb gedən zəncirvari naləsi maddiləşir. İnsan dünyasını dəyişir. Onun fikirləri yaşamaqla davam edir.

“Bir damla qan” Mehribanın Liviya dəftərindəndir. Qarabağ əhvalatı baş verəndə Mehriban Liviyada tərcüməçi işləyirdi. Bəni-Validin yaxınlığında salınmış balaca şəhərcikdə qalmışdı. “Bir damla qan” əsərində müəllif erməni qızının obrazını yaradır.

Əxlaqsızlıqda günahlandırılan erməni qızı Donaranın qovulma söhbəti Bakıda baş verən hadisələrlə üst-üstə düşdüyündən yaddan çıxır. Hətta əməllərinə görə ondan utanan həmmillətləri Donaranın işdəklərini unudurlar. Donara “yazıq millətim” deyib o biri xalqların nümayəndələrini də özünə tərəf çəkir. Bakının küçələrinin qana boyanmasına səbəbkar ermənilər bütün dünyada olduğu kimi, orada da özlərini əzilən millət kimi qələmə verməklə davam edirlər. Dünyanınca qulağı kar, gözü kor idi. Hələ özünü millət kimi, ölkəsini ölkə kimi dünyaya tanıtdıra bilməyən xalqın qanı 20 yanvarda Bakının küçələrini boyamışdı. Amerika jurnalları şəkillər versələr də milliyyəti bəlli olmayan meyitlər göstərilirdi. Mehriban deyir: “Üzlərə, bədənlərə nəqşlər çəkilmişdi, demə, cəlladların topdan, tankdan əlavə bıçaqdan, süngüdən fırçaları da varmış. Bu intiqamı yerdə qoymaq olmaz”.

Mehriban Xalıq xalqın başına gətirilən müsibətlərə biganə qala bilmir. Üzünü dünyaya tutub uzaq Liviyada saxtakarlıq meydanı yaradanlara qarşı üsyankar səsini qaldırır.

Həyatın gərgin, mürəkkəb hadisələrini, ictimai-sosial düyünlərini əks etdirən bu əsərlər əhvalatların fonunda hər biri ayrı-ayrılıqda bütöv bir məkana, vaxta söykənir. Obrazların, sürətlərin həyatı bütün mürəkkəbliyi ilə təsvir olunur. Xarakterlər hərtərəfli açılır. Müəllif yaşadığı mühiti öz anlamında verdiyindən bu dəst-xəttin məhz Mehribana məxsusluğunu, onu yaşantıları olduğu duyursan. Mehribanın əsərlərinin dili rəvan, hadisələrin gedişi həyatidir. “Adi günlər” adi əhvalatlar fonunda yazıçının qələmi ilə oxucunun gözləri önündə yenidən canlanır və onu düşündürür.

Bu istedadlı yazıçı qəhrəmanlarının hisslərini, daxili aləmini öz təkamülün süzgəcindən keçirərək iç dünyasında yaşatmış və sevə-sevə qələmə almışdır. Onun qadın qəhrəmanlarının çoxu öz azadlıqlarını axtaran, mənliklərini, qətiyyət içərisində öz yerlərini, mövqelərini qoruyub saxlamağa çalışan, çox vaxt da buna nail ola bilməyən sadə insanlardır. Bu qadınların içərisində elələri də var ki, onlar ailədə də xoşbəxt deyillər. Ər, qaynana tərəfindən təhqir olunur, mənlikləri tapdalanır. Onlara evdə qoyduqları bir əşya kimi baxırlar.

Məsələn “Tərs qadınlar və sevimli kişi” əsərindəki Mədinə obrazı. Bu qadınlar çox vaxt xoşbəxtliyi, cəmiyyət arasına çıxmaqda, öz sənətləri, işi ilə insanlara yardım etməkdə görürlər.

Müəllifin müasir həyatdan bəhs edən “Bağ qonşusu” hekayəsi də öz bağında məskunlaşan, torpağa bağlı olan professorun insani keyfiyyətlərini, bir qaçqın ailəsinə köməyini, qayğısını görürük. Müəllif halal məvacibinə qane olan professoru fırıldaq yolu ilə varlanan torpaq sahələrini bir-bir həyətyanı sahələrinə qatan sahibkarla üz-üzə qoyur. Professor pula ehtiyacı olsa da bağının bir hissəsini qaçqın ailəsinə verir, ona cüzi pul təklif edən qonşusunu isə rədd edir, onu bağından qovur.

Çox vaxt hekayədəki süjet gözlənilməz təsadüf, əhvalat, situasiya əsasında qurulduğu məlumdur. Ancaq M.Xalıqın hekayələrində qələmə aldığı əhvalat və hadisələrin fabulasına daha artıq bədii bütövlük və yetkinlik gətirməyə çalışır. “Quru balıq”, “Güzgü”, “Balaca ayı balası” hekayələri konkret situasiya üzərində qurulmuşdur.

Azərbaycan qadın yazıçılarının əsərlərini izləyərkən ömrünün ahıl yaşında çağdaş Azərbaycan ədəbi mühitində “Son mənzili Xəzər oldu” adlı üç hissəli romanını, maraqlı povestlərini yazan Qumral Sadıqzadənin adını çəkməmək qeyri-mümkündür. Çünki onun əsərləri çox maraqlı, yüksək dəyərə malikdirlər. O iri həcmli əsərlərində öz dövrünün bədii salnaməsini yaratmaqla yanaşı hekayələrində gördüyü, tanıdığı insanların hər birinin ayrıca xarakterini oxucuya çatdırır. Onun əsərlərində məşhur rus yazıçısı Çexovun təsiri böyükdür.

“Deyingən”, “Uzunçu”, “Evin kişisi”, “Qönçə xala”, “Simicliyin dərəcəsi”, “Gəlinbacı paltar yuyur”. Bu hekayələrdəki təsvirlər o qədər dəqiq və inandırıcıdır ki, istər-istəməz fikirləşirsən bu qəhrəmanlar sanki sənin ətrafında gəzirlər, sən onları görürsən.

Qumral Sadıqzadənin bədii yaradıcılığında diqqəti çəkən məqamlardan birincisi onun hekayələrində xarakterlər yaratmasıdır. Yazıçının xarakter hekayələrinin əsas ideyası isə bundan ibarətdir ki, insanın həyatını onun xarakteri müəyyənləşdirir.

Biz bu hekayələrdə xarakterin situasiyadan deyil, situasiyanın xarakterdən asılılığını müşahidə edirik.

Yəni müəllifə görə, əslində həyatın çətinliyi və ya asanlığı şərt deyil, əsas insanın onu necə qavramasıdır. Mühüm məqamlardan biri də budur ki, xarakter yalnız fərdin özünə deyil, həm də onun əhatə olunduğu mühitə əhəmiyyətli dərəcədə təsir göstərir. “Uzunçu” hekayəsində müəllifin yaratdığı Eyvaz obrazı onun ətrafındakılara, öz həyat yoldaşına öz uzunçuluğu ilə necə təsir etdiyini, onların əhval-ruhiyyəsini necə dəyişdirdiyinin şahidi oluruq. Borcun içində çapalayan arvadı ərindən maşının satılıb-satılmadığını soruşanda (maşını Eyvaz satıb borcunu ödəməli idi) Eyvaz əsas mətləbdən yayınaraq yolda gördüklərindən, tanışlarından, uzaq qonşularından danışaraq arvadını və onun qohumunu hövsələdən çıxardır. Qohumu “ − Ay Xavər, sən bununla necə dolanırsan?. Adam lap dəli olar, vallah” soruşanda Xavər: “ − Mən yazığın gününü görürsən də. Belə söhbətlərdən hər gün başım şişir. Mən bilən dükana gələn müştərilər də onun bu xasiyyətindən təngə gəlib bir də ora ayaq basmırlar” deyir.

“Deyingən” hekayəsi müəllifin ən uğurlu əsəridir. Bu əsər öz ibrətamizliyi ilə seçilir. Ailədə ər və arvad arasında konfliktin, narazıçılığın çox vaxt ya arvadın, ya da kişinin deyingən olmasıdır. Əsərdəki ər Nüsrət arvadı Naziləni bu deyingənliyi ilə xəstəliyə salır. Oğlu Zakiri isə özündən soyudur. Nüsrətin xasiyyətindəki deyingənliyi, başqasını əsəbiləşdirməyi, hər yerə burnunu soxmasına davam gətirə bilməyən Nazilə ərindən boşanmaq qərarına gəlir.

Nazilənin anası Zəhra xanım öz qızının gün-güzəranını görəndən sonra qızının qərarına haqq qazandırır və Nüsrətə: “Çıxdın qızımın axırına, səni görüm Allah özü sənin axırına çıxsın... – deyə ona qarğış elədi – günah məndədir. Yazıq balam hələ on beş il bundan qabaq sənin kimi nanəcibdən boşanmaq istəyirdi, mən qoymadım... indi peşmançılığını çəkirəm”. Qumral Sadıqzadə “Analar tək qalmasın” səh 232.

“Gəlinbacı paltar yuyur” hekayəsində müəllif vasvası obrazını yaradır. Əsərin adını müəllif “Vasvası” qoysaydı daha yaxşı olardı. Vasvası evinin aşağı mərtəbələrini kirayə verən Bilqeyis xanımdır. Bu vasvası qadın paltar yuyarkən kirayişinlərdən heç biri ona yaxın düşə bilməzdi, həyətdəki krandan istifadə isə müşkül məsələ idi. Bilqeyis xanım nəinki paltarları neçə gün yuyub suya çəkir, hətta asdığı ipi də qonşu uşağın paltarı dəydiyi üçün qaynadır.

“Bilqeyis xanımın ətrafındakılar onun ifrat təmizkarlığına məhkum olunmuşlardır. Əsərin sonunda müəllifin qeydindən məlum olur ki, hekayənin mövzusu tamamilə həyatdan götürülüb. “Bilqeyis xanım on-on beş il bundan qabaq səksən iki yaşında dünyasını dəyişib. Müəllif bu hekayələrlə hər kəsi öz daxilinə, öz xislətinə nəzər salmağa səsləyərək insanın özünü tanımağa və islah etməyə ehtiyacı olduğuna inandırmağa çalışır.

“Qönçə arvad” hekayəsində Asifin mövhumatçılığı ətrafındakıları da yoluxdurub onların həyatını mürəkkəbləşdirir.

Asif xalasının və onun qızını qonşuluqda yaşayan Qönçə arvadın ayağının uğursuzluğuna inandırmaqla onları da özü kimi bu cəfəngiyatdan asılı vəziyyətə salmağa çalışır.

Q.Sadıqzadənin dili sadə və təbiidir. Elə ona görə də müasir oxucunu yüksək poetik təsvirlərlə təəccübləndirmək olmur. Birbaşa deyilmiş söz çağdaş ədəbiyyatın ən optimal ifadə vasitəsidir. İnsan təfəkkürü bir ömrün məhsulu olmayıb qərinələrin sınağından çıxmış, mədəniyyətin tapdağı altında yoğurulmuş tarixi yaddaşının məhsuludur. Buna görə də müasir oxucu birbaşa deyilmiş sözün arxasındakı bütün mətləbləri şərhsiz də anlamaq qabiliyyətindədirlər.

Çağdaş nəsrimizdə Qarabağ müharibəsinə qadın yazıçılarımız da biganə qala bilmədilər və onların əsərlərində müharibə mövzusu öz əksini tapdı. N.Məmmədli, Mərziyyə Səlahəddin, Sevinc Nuru qızı, F.Məmmədli, M.Abdullayeva və s. N.Məmmədlinin “Zəngülə” povesti ermənilər tərəfindən girov götürülən əsgərlərimizin, qadınlarımızın, uşaqlarımızın acı, faciəli talelərindən bəhs edir. Əsərdə hadisələr əsir düşmüş Rəhimə adlı bir qızın dilindən nəql edilir. Oxucuya məlum olur ki, vəhşi ermənilər girovluqda saxlanılanların başlarına min bir oyun açır, onları təhqir edir, ləyaqətlərini alçaldırlar. Tövlədə saxlanılan Rəhimənin gözləri çıxarılır, Həcər arvad zorakılığa məruz qaldığı üçün özünü asır, Xurşid müəllimənin döşünə xaç basılır, Şeyda xalanın uşağı susuzluqdan dünyasını dəyişir.

Əsəri ürək ağrısız oxumaq mümkün deyil. Müəllif bu əsəri yazmaqda məqsədi bir də odur ki, mənfur düşmənlərimizin qəddarlığını, iç üzünü bizə tanıtmaqdır. Firuzə Məmmədli “Zəngulə” əsərinin müqəddiməsində (Bakı 2004) yazır. “Qarabağ mövzusunda yazılmış bədii əsərlər sırasında özünəməxsus yeri olan bu povestin əlamətdar cəhətlərindən biri də onunla bağlıdır ki, yazıçı hadisələrin təsvirində seyirci deyil, iştirakçıdır. O oxucunun hadisələrin əsiri edir. Əsirlikdən qəribliyə düşən, burada da talesizliyin əsiri olan gənc bir azərbaycanlı qızının iztirabları ilə yaşayan oxucu bədii əsər oxumur, bütöv bir müharibə keçir, bütöv bir müsibət yaşayır”

N.Məmmədlinin “Bayraq, papaq və həqiqət” hekayəsində hadisə, əhvalat əsasən qəhrəmanın düşüncələri üzərində köklənib üzə çıxır. Təhlilə çəkilən hadisə və prosesdə itirilmiş, dağıdılmış və xarabalığa çevrilmiş torpaqların azad olma istəyinin reallaşdırmaq cəhdində lirik-romantik qat üstünlük təşkil edir. Qəhrəman itirilmiş torpaqların geri qaytarılması yolunda mübariz, çevik düşüncə tərzi nümayiş etdirə bilmədiyindən hekayə dərin ictimai məzmun ümumiləşdirmə səviyyəsinə qalxa bilmir. Əsərdən yalnız onu öyrənirik ki, qəhrəman baharın gəlişini, nəfəsini duymaq, hiss etdirmək, yaşamaq üçün kəndə getmək fikrinə düşür. Belə bir məqamda onları ailəliklə başqa rayona toya dəvət edirlər. Qəhrəman yolüstü maşının arxa küncünə qısılıb gözlərini yumaraq xəyalən arxada qalan, ötüb keçən günlərin bahar çağını xatırlayan anda xarabalığa çevrilmiş həyət-bacaların ağrı-acılarını yaşamağa məcbur olur. Addımladığı hər hansı künc-bucaq hansısa xatirələr olayların düşüncələrini yaradır və çox keçmədən qəhrəman düşüncələrindən ayrılır.

N.Məmmədli obrazlarının dili sadə və aydındır. Onların hər birini xüsusən qadınları Qarabağ ləhcəsi ilə danışdırır. Onun bütün əsərlərində, demək olar ki, xalq deyimlərindən, atalar sözündən, məsəllərdən misal gətirilir.

Ermənilərin vəhşiliklərini bütün dəhşətləri ilə təsvirinə və eləcə də qaçqınlarımızın faciəsinə, ağır həyat şəraitinə, sarsıntılarına gənc yazıçı Sevinc Nuru qızının da hekayələrində rast gəlirik. S.Nuru qızı “Qisas” adlı hekayəsində əsir düşmüş balaca Samirin taleyindən bəhs edir. Samir tövlədən çıxarılıb təyyarə ilə varlı bir ailənin evinə gətirilir. Onun ürəyi bir erməni nazirinin xəstə uşağının ürəyinə köçürülməlidir. Uğurla keçirilən əməliyyat başa çatır. Heç bir səhvə yol verilmir, amma həkimlərin zəhməti hədər gedir, sapsağlam bir ürək heç kəsin gözləmədiyi bir anda dayanır. Sanki ürək öz fəaliyyətini dayandırmaqla erməni ailəsindən intiqam alır.

Konkret bir zaman ərzində yaranan əsərlər haqqında fikir yürütməli olan ədəbiyyatşünasın, tənqidçinin qarşısında həmişə müəyyən tələblər qoyulur və əldə olunan nəticə mütləq bu tələbləri əhatə etməlidir. Yəni, fikir yürüdənin öz zövqü, baxışı və düşüncəsini əks etdirən istənilən nəticənin ümumi planında bir sıra vacib suallar var ki, mütləq cavablandırılmalıdır. O suallar isə bunlardır – nəsr əsərlərinin uğradığı keyfiyyət dəyişikliyi, ədəbi prosesin ümumi mənzərəsi fonunda bu dəyişikliyin məntiqi səbəbi və nəticələri, nəsr əsərlərinin əldə etdiyi yeni mövzu və problematika ilə yanaşı, yeni poetik xüsusiyyətlər, forma, struktur dəyişiklikləri nədən ibarətdir.

Ədəbi mətbuatda realist hekayə və əsərlərlə çıxış edən maraqlı qadın nasirlərimiz də var ki, onların yaradıcılığı da öz dinamikliyi, çevikliyi ilə seçilir. Kiçik həcmli olduğuna görə gündəlik mətbuatda nəşr olunan bu janrda son illər müxtəlif aktual mövzularda və üslublarda yüzlərlə nəsr nümunəsi oxuculara təqdim olunub. Bu sahədə daha ardıcıl və məhsuldar fəaliyyət göstərən qələm sahiblərindən isə Sevinc Nuru qızı, Günel Anar qızı, Şiringül Musayeva, Narıngül, Xumar Ələkbərli, Fidan Nizaməddin qızı və Salidə Şərifovanı göstərmək olar. Gənc qadın nasirlərimizin hekayələrindəki ideya, məzmun xüsusiyyətləri müasir dövrlə səsləşir. Qadın nasirlərimizin ən fərqli keyfiyyəti isə ədəbiyyata məhz Azərbaycan qadını obrazını gətirməyə çalışmaqdadırlar.

Müasir cəmiyyətimizdə Azərbaycanlı qadının qarşılaşdığı problemlər, qadın kişi münasibətləri, gender siyasəti və s. mövzular son illər onların əsərlərində daha çox rast gəlinir. Onların nəsr əsərlərinin ən üstün cəhəti heç bir xarici ədəbi cərəyanın təsiri altına düşməməsi, heç kimi təqlid etməməsi, zamanla ayaqlaşaraq ölkədəki müxtəlif ictimai-siyasi hadisələri, sosial problemləri geniş oxucu kütləsinin rahat başa düşə biləcəyi bir formada ortaya qoymasıdır. Düzdür, mövzular zamanla ayaqlaşır, qəhrəmanlar müasir insanlardır, təsvir olunan hadisələr də bu günümüzün aktual hadisələridir. Lakin istər süjet quruluşu, istər obrazların seçilməsi, istər xarakterlərin açılması üsulları, istərsə də bədii ifadə və təsvir vasitələri bir çox hallarda əvvəlki nəsr ənənələrimizin sadəcə təkrarıdır.

Müasir hekayələrimizdə qoyulan məsələlərdən biri də qəhrəman və onu əhatə edən mühit problemidir. Əsərlərdəki qəhrəmanların bu mühitdə rastlaşdığı müxtəlif xasiyyətli insanlarla ünsiyyətdə onların mənəviyyatların əqidə və düşüncələrinə, davranışlarına öz təsirini göstərir. Belə halda mühitlə qəhrəmanın qarşıdurması elə güclənir ki, birbaşa konflikt yaranır. Qəhrəman bəzən mənəvi, bəzən də fiziki cəhətdən sarsılır.

“Çağdaş Azərbaycan nəsrində polifonizm, düşüncə seli, həyata yalnız obrazların içindən, personajların, hətta heyvanların, cansız əşyaların görüş prizmasından baxmaq kimi poetik üsullar geniş yayılıb. Bəzi yazıçılar yaratdıqları personajlara hətta o qədər azadlıq verirlər ki, yazıçınınmı obrazları, yoxsa obrazlarınmı yazıçını öz arxasınca apardığını ayırd etmək mümkün olmur. Bu gün yazıçının həyat həqiqətlərinə bir personajda yox, elə obrazların prizmasından aydınlatması bir poetik metod kimi oturulmuyub, həm də bir çox dəyərli əsər üçün proyekt rolunu oynayıb. “Azərbaycan” 2009.11. səh 168.

Biz gənc qadın yazarlarının hekayələrini oxuyarkən onların əsərlərində dil qüsurlarına tez-tez rast gəlirik.

İ.Fəhmi gənc yazarların zəif-bədii cəhətdən sönük olan əsərlərini misal çəkərək yazır. “Heç bir bədii dəyəri olmayan, heç bir ədəbi kriteriyalara uyğun gəlməyən, bəzən orta məktəb şagirdlərinin inşalarını, bəzən də müxalifət qəzetlərinin köşə yazılarını xatırladan cızma-qaraların nəsr əsəri adı altında çap olunub cəmiyyətə sırınması, əlbəttə ki, normal oxucularda bir çaşqınlıq yaradır. Bu əsərlərin çoxuna nəzər salanda adama elə gəlir ki, bunu yazanların ümumən Azərbaycan ədəbi dili barədə anlayışı yoxdur. Azərbaycan sözlərinin gah osmanlı, gah rus, gah da ingilis qrammatikasının qaydalarına uyğun sıralanması bu romanların çoxu üçün xarakterikdir. “525-ci” qəzeti, 2 aprel, 2011-ci il.

Gənc qadın yazarların yaradıcılığını izləyərkən uğurlu, bədii cəhətdən oxunaqlı hekayələrə də rast gəlirik. İlk qələmini şeirdə sınayan Hicran Hüseynova, Xumar, Şiringül Musayeva, Narıngül, Şükufə Məmmədovanın adlarını çəkmək olar. H.Hüseynovanın “Yaşıl eskiz” kitabındakı “Qorxu” hekayəsinə nəzər salaq. Bu hekayədə tənhalıq içərisində qovurulan qadının bir vaxtlar sevdiyi əri ilə ünsiyyətə girmək istəyi və doğma kodların itirilməsi faciəsinin yaxınlaşdığından danışılır. Əri ilə aralarındakı sevgi itmişdimi? Bəs bu soyuqluq nə idi? Böyük bir doğmalıq, sözlə ifadəsi mümkün olmayan sevgi vardı onların arasında. İndi əri olan oğlanı hər dəfə görəndə nələr keçirərdi. Həyəcandan ağarmış üzü bir anda qızarar, dodaqları titrəyərdi. Bu halında o, Dostoyevskinin qəhrəmanlarına bənzəyərdi. Ən maraqlısı isə odur ki, oğlan da onun qədər təbii, saf idi və həm də çılğın, həyəcanlı. İndisə onların yaratdığı dünya solmuş, ətrini və rəngini itirmişdi elə bil. Hər şeydən çox qorxduğu da bu idi. Görən hekayədə əri ilə onun arasında soyuqluq bitirmi? Ağ donunda qadın ərinin görüşünə gedir, ancaq yarı yoldan qayıdır. Onun arxasınca aram-aram, tələsmədən gələnin kim olduğunu müəllif oxucunun öhdəsinə buraxır. Onun arxasınca gələn əri idimi, yoxsa bir başqası?

H.Hüseynova bu balaca hekayədə sevgisiz yaşamağın nə qədər yeknəsək, solğun olduğunu, həyatın mənasızlığını göstərir.

“Saçlar o saçlar idi” hekayəsində isə valideynləri, sonra da əri tərəfindən zorakılığa məruz qalan, döyülən, təhqir olunan Laçının obrazı ilə tanış olunur. Uşaqlıqdan ehtiyac içərisində, kasıbçılığın mənəvi iflasa uğratdığı bir ailədə zülm çəkən, ağır işlər görən Laçını sevmədiyi oğlana nişanlayırlar. Laçın özünü öldürmək qərarına gəlir. Onu xilas edib tələm-tələsik qonşu kəndə ərə verirlər. Laçının əzablı günləri burda da davam edir. Əri valideynləri kimi onu hər gün döyür, işgəncə verir. “Daha ağlayıb-sızlamaq gec idi. Lakin ailə həyatına, ər evinə də uyğunlaşıb isinişə bilmirdi. Əslində bu ailə yox, onun ikinci cəhənnəm həyatı idi və yağışdan çıxıb yağmura düşmüşdü Laçın. Əri ilə qaynanası elə bil ona zülm etməkdə yarışa girmişdilər. Burda da ölüncə işləyir, əvəzi isə döyülüb-danlanmaq olurdu.” H.Hüseynova. “Yaşıl eskiz”, 2004, səh 59.

Xəstəxanada Laçın sevdiyi oğlana rast gəlir. Onun saçlarına vurulduğu oğlana. Burda isə həkimin təkidi ilə saçları kəsilməli idi. “Bu xəstəxana da o xəstəxana deyildi, üz-gözü qırışıb, əl-ayağı kobudlaşmış Laçın da o Laçın deyildi. Təkcə saçlar o saçlar idi, iyirmi dörd il əvvəl İsmayılın vurulduğu saçlar. Və qəribə idi ki, ömrü boyu əzab, sıxıntı içində yaşayan Laçının tək saçları dəyişilməmişdi: nə ağarmaq, nə də tökülmək bilmirdi. Bu saçlar o saçlar idi, bəlkə o sevgi idi bu hörükləri belə saxlayan? Nə deyəsən, həyat başdan-başa möcüzədir. Demə, saçın da yaddaşı olarmış, indi həkim deyir, saçlarını kəsdir...”

Laçın kəsilmiş saçları əlində dünyasını dəyişir.

H.Hüseynovanın hekayələrinin ideya-məzmunu nəzərdən keçirəndə qəhrəmanla mühit arasında, mühitin qəhrəmanın həyatına təsirinin şahidi oluruq.

Ədəbiyyata xidmət edən qadın yazarlar sırasına Zümrüd xanımın adını da qeyd edim ki, həssas duyğular, poetik simvol və fiqurlar, təşbeh və metaforalar bolluğu, qadın qəlbinin zərifliyindən doğan poetik sətirlər çoxluq təşkil etdiyindən, Zümrüdün yaradıcılığında sanki nəsr və poeziya arasındakı zahiri fərq silinib aradan çıxır; romanda təsvir olunan hadisələrin inkişafı boyu gah sərrast qələmli, geniş təxəyyüllü nasir Zümrüdlə, gah da kövrək, könlü yüksək duyğularla çırpınan şairə Zümrüdlə qarşılaşırıq”

Roman məzmun və təhkiyə etibarilə ədəbi ənənələrə bağlı olsa da, oxucunu bir cəhət valeh edir.

Milli oyanışı, dövrün çarpışmalarını, qəhrəmanın özünüdərkini və ruhundakı təbəddülatları işıqladıb asanlıqla oxucusuna göstərə bilmişdir. Onun yaratdığı Murad obrazı baş verən dəyişikliklərə tez uyuşa bilməyən, kamilləşmək istəyən, bütün ömrü boyu həyatın zahiri bər-bəzəyindən daha çox mənəvi dəyərlərindən zövq alan sıravi bir insandır.

Murad körpəlikdən, hələ ana qucağından ayrılmamış taleyin amansız sınağına məruz qalmışdır. Dünyaya yenicə qədəm qoymuş körpədən Tanrı ata-ana nəvazişini və sevgisini çox erkən alır, dayı-əmi himayəsində yaşayan, ağır məhrumiyyətlərə qatlaşan kövrək uşaq qəlbi sınır, sınasına bərkiyir, mərd, iradəli bir vətəndaşa çevrilir.

Əsərin qəhrəmanı fərqi xüsusiyyətlərə malikdir. Ailə qayğılarının çoxunu sevimli Leylisinin öhdəsinə qoyan, həm də onu ömrü boyu sevən, sözə, şerə tapınan bir aşiqdir. Gözəl arzularla yaşayır, öz peşəsinin vurğunudur. Namuslu olması ilə fəxr edir, mənəvi zənginlik onun əsas devizidir. Bununla belə, çox vaxt sərtdir, kobuddur. Canından çox sevdiyi həyat yoldaşını incidir. Fəqət, romanda bütün bu xüsusiyyətlər çox təbii və real görünür. Düşünürsən, başqa cür necə ola bilərdi ki? Körpəlikdə nəvazişə öyrənməyən, atalı-analı uşaqların meyvə yeməsinə həsrətlə baxan Muradın yetkinliyi elə bu cür də olmalı idi. Amansız xəstəliyin, əli çörəyə, xoş günə çatanda sağlam candan məhrum ağır uşaqlıq illərində qoyulurdu.

Zümrüd xanım bu romanda sanki zaman məsafəsini bir anlığa yaxınlaşdırır; yazıçının daxili həyəcanını, təşvişini duyuruq. Oxucu istər-istəməz düşünür: bu gün minlərlə qaçqın, çadırlarda ağır şəraitdə yaşayan körpələrin sabahkı taleyi, fiziki və mənəvi hazırlığı necə olacaq? Murad kimi daha necə insanın nəğməsi bu səbəbdən yarımçıq qalacaq?..

Əsərdə son dərəcə zərif ştrixlərlə Muradın uşaqlıq, sonra da ömür-gün yoldaşı olan Leyli cəfakeş, sona qədər ömrün fırtınaları qarşısında dayanmağı bacaran, dözümlü, vəfalı Azərbaycan qadınının simvoludur. Allahın bu zərif bəndəsi dünyaya, insanlara saf uşaq nəzərlərilə baxır, boynuna düşən hər yükü götürür, yorulsa da, incisə də əzəmətlə dayanır.

Romanda real olaylar, yaralı Qarabağımızın taleyi, ağır Xocalı dərdimiz bir daha işıqlandırılır, qan yaddaşımız təzələnir və bizi səfərbərliyə, intiqama çağırır.

“Yarımçıq nəğmə” Zümrüd Rəhimovanın ilk bədii kitabıdır. Əsərin redaktoru və ön sözün müəllifi, yazıçı Əlibala Hacızadənin, sözlərilə desək, gec çap olunmaq Zümrüdün “ədəbi taleyi, alın yazısı”dır.



Bu əsər müəllifin yaradıcılıq kredosunun zənginliyi, təxəyyül genişliyi haqqında danışmağa əsas verir, gələcəkdə daha böyük əsərlərlə öz oxucularını sevindirəcəyinə inam oyadır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə