Məni yanlış anlayanlara Azərbaycan müsəlman xalqdır




Yüklə 30.86 Kb.
tarix25.04.2016
ölçüsü30.86 Kb.
Məni yanlış anlayanlara

Azərbaycan müsəlman xalqdır

Bismillah. Allaha həmd olsun. Razı olduğu qədər, ərşinin ağırlığı qədər, kəlimələrinin sayı qədər. Allaha hər hal və hər zaman və hər işdə həmd olsun. Allaha həmd olsun ki, hər zaman haqq əhlini batil əhli üzərində qələbəyə nail etmişdir. Həmçinin Allahın bütün peyğəmbərlərinə və son peyğəmbər Məhəmmədə, onun ailəsinə, səhabələrinə salam olsun. Sonra bu yazılarımı oxuyan bütün müsəlmanlardan, haqqı axtaranlara doğru sözü eşitdikdən sonra ona tabe olana salam olsun. Qəlbində ayrılıq, nifaq, xəstəlik olanlara Allah əgər onlar hidayətlikdirsə hidayət versin, deyillərsə Allah Təala o batil əhlinin bütün fitnələrini, şübhələrini müsəlmanlardan qorusun. Amin.

Həqiqətən bu ümmətə böyük bir fitnə doldu. Bunda heç bir tərəddüd və şübhə yoxdur ki, haqq din haqqında sual verməzdən əvvəl gərək məsələlərin isnadına baxasan və isnadla maraqlanasan. Heç bir müdafiəsiz haqq din haqqında üzə çıxan fitnə İmam Osman bin Affanın xilafətinin başlanğıcında üzə çıxdı. Xüsusilə Əli ibn Əbu Talib xilafətinin sonlarında xəyanət səbəbi ilə şəhid oldu. Bu ümmətin insanlarının bölünməsi və ayrılması səbəblərindəndir ki, Rəsulullahın (s.ə.s) hədislərində yalan yayıldı və uydurma (bidət) ortaya çıxdı.

Əbu İshaq dedi ki: “Bidətlərə gəlincə, o şeylər Əlidən (r.a) sonra ortaya çıxdı. Əlinin əshablarından biri dedi ki: “Allah onları öldürsün, gör hansı elmdə fəsad etdilər” (Səhih Müslimin şərhində 1\40). İbn Sirin dedi: “İsnad haqqında heç kim soruşmurdu, fitnə ortaya çıxdıqdan sonra dedilər: “Bizim üçün adamları qarışdırdılar. Əhli Sünnəyə baxılsın və onların hədisləri götürülsün, əhli bidətə baxılsın və onların hədisi götürülməsin (əl-Masdaru-s-Sabiq, 1\44). Bunun üçün isnadın tələbi və onun üstündə durmaq ortaya çıxdı. Bu ümmətin xüsusiyyətlərindən böyük, xüsusi bir nemət, yollardan ən üstün bir yol, sünnətlərdən ən yüksək bir sünnətdir.

İbn Sirin dedi: “Həqiqətən də bu elm itaətdir (borcdur). Dininizi kimdən aldığınıza diqqət yetirin” (əl-Masdaru-s-Sabiq, 1\44). İmam Səxavi (Allah Təala ona rəhmət eləsin) deyir: “Bizə əbu Abbas yoluyla rəvayət olundu ki, əd-Dəğuli1 dedi: “Mühəmməd bin Hatim bin Müzəffərdən eşitdim, dedi: “Həqiqətən də Allah bu ümmətə isnad bəxş etməklə yaxşılıq etdi, şərəfləndirdi və onu fəzilətli etdi. Qədim və yeni ümmətlərin heç birinin isnadı yoxdur, o onların əllərində səhifələrdir. Artıq onlar Tövratda və İncildə nazil olunmayan fərqli xəbərlərini öz kitablarına qarışdırdılar. Arasına da doğru olmayan xəbərlər qatdılar. Öz kitablarına qarışdırdıqları doğru olmayan xəbərləri mənbə kimi götürdülər. Tövratda və İncildə nazil olunan fərqli xəbərlərinə heç bir əsası və səhihliyi olmayan xəbərlər qatdılar. Bu ümmət əmanətin və doğruluğun zamanında hədisləri əsli olmayan batil sözlərdən qoruyaraq toplamışlar. Sonra ən güclü bir yoxlama ilə yoxlamış, incələmiş, müzakirə etmiş, hətta əzbər öyrənib hifz etmişlər. Onu tam olaraq doğru bir şəkildə mühafizə edib qorumuşlar. Daha az bir insan qrupundan daha çox bir insan qrupuna çatdırmış, sonra hədisləri iyirmi və daha çox növdə yazmış, onu yalandan və səhvdən təmizləmişlər. Hərflərini hərəkələmiş və dəfələrlə saymışlar. Bu isə bu ümmətə Allaha şükr etmək üçün Allahın bəxş etdiyi ən böyük nemətdir”.

Əbu Hatim ər-Razi2 deyir: “Allahın Adəmi yaratdığından bəri ümmətlər içərisində bu ümmətdən başqa elə bir ümmət yoxdur ki, peyğəmbərlərin əsərlərini (həyat yolunu, sözünü, davranış və əməllərini) qorusun”. Əbu Bəkr Mühəmməd bin Əhməd3 deyir: “ Mənə gəlib çatdı ki, Allah Təala bu ümmətə xüsusi olaraq üç şey vermişdir (üç şeyi bu ümmətin xüsusiyyəti etmişdir), bundan əvvəl isə bunu heç kimə verməmişdir: İsnad, Ənsab, İrab”. Müəllif deyir ki, onun bu sözünü bu kitablarda tapmadım. Yalnız Kitabu Şərhu-l-Məvahib əd-Diniyyə 5\395-ci səhifədə tapdım. Bu ümmət öz içərisində belə biri digərini iddiham etdi. Namaz qılan namaz qılana kafir dedi. Hökm Allahındır deyib özü başqalarına hökm verdi. Cümə namazını tərk edib, müsəlman camaatdan, camaat namazından ayrılıb sonra da həmin müsəlman camaatına kafir dedi. Özü bığını saqqalını qırxdı, cahillərlə oturub durdu, paltarını yerlərlə sürüdü, təkəbbür edərək başqasına kafir dedi. Ya Rəbbi biz müsəlmanları bu cür əqidəsizlərin fitnəsindən və şərrindən qoru. Amin!

Mən Allahın yaratdığı bir insanam. Hər bir insanın özünə uyğun bu və ya digər günahları olur. Heç kim özünü təmizə çıxarmamalıdır. Mən də həmçinin. Allah mənə nəsihət edən bütün müsəlman bacı və qardaşlarımdan razı olsun. Amin! Mən Allahın izni ilə, yaşatması ilə yaşayan, yeritməsi ilə yeriyən, xəstələndiyim zaman mənə öz böyük lütf və mərhəməti ilə mərhəmət edən, şəfa verməsi ilə şəfa tapdığım bir insanam. Mənim yazılarımın kimlər tərəfindənsə oxunub münasibət göstərilməsi mənim üçün xoşdur. Mən bütün müsəlman bacı və qardaşlarımdan çox xahiş edirəm ki, yazılarımı diqqətlə oxusunlar. Harada xəta etmişəmsə mənə nəsihət etsinlər. Çünki, hər biləndən də üstün bir bilən var.

Əvvəlcə onu qeyd edim ki, Əməllər niyyətlərə görədir...


Ömər ibn Xəttab (r.a) deyir ki, mən Peyğəmbərin (Allahın salamı olsun ona ailəsinə və səhabələrinə) belə dediyini eşitmişəm: «Doğrudan da əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır. Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır. Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir»[1]. Buxari və Müslim.

Həqiqətən də Allah bilir ki, mənim də prezidentə yazdığım məktub və həmçinin digər təkfirçilərlə bağlı yazdıqlarım Allahın dininin bu gün gənclər tərəfindən əsl olduğu kimi anlaşımaması və ya minhəcə uyğun olmadığı üçündür. Mənim məktubda da qeyd etdiyim kimi bu yazıları yazmaqda məqsədim nəyəsə müvəqqəti ve tez keçən dünya həyatında müəyyən bir xeyirə nail olmaq deyil. Yenə qeyd etdiyim kimi biz insanlar bəzən müəyyən bir xeyirə nail olmaq üçün elə olur ki, niyyətimizi gizlədir və ya özümüzü elə aparırıq ki, guya qarşımızdakına niyyətimizin təmiz olmasını demək istəyirik. Lakin təəssüf ki, bir az da dərinə gedəndə heç də məsələ belə deyil. Mənim yazmağımın vaxtı yetişib. Yəni artıq mən də əvvəllər təkfirçilər barədə bilmirdim və bilsəm də onların yalnış yolda olduğunu fərq edirdim. Amma açıq aşkar onların bir çoxunu gördük və əməlləri ilə hərəkətlərinin bir-birinə tərs düşdüyünü gördük. Xüsusilə onların bütün xalq kütlələrinə kafir dediklərinin şahidi olduq. Allaha and olsun ki, onların eləsini gördüm ki, zahirən başını bağlayan və məscidə gəlib namaz qılan müsəlman bacılarımıza cariyə dediklərini gördüm. Onlar şəriəti bilsəydilər belə deməzdilər. Onlar bilməliydilər ki, cariyə yalnız kafirlərlərlə döyüş zamanı əldə edilən dul qadınlar və ya qızlardır. Onların digər mənfi cəhəti şəxslər üzərində dayanmalarıdır. Təkfir məsələsində həddini aşıblar. Mənim məqsədim və niyyətim bu təkfirçilərə sus demək deyil. Çünki sus deyəndə belə susmurlar. Mənim məqsədim budur ki, hörmətli ali baş komandan Prezident İlahm Əliyev biz İlahiyyatçılara şərait yaratsın. Biz xarici dildə olan dini ədəbiyyatları ölkəyə gətirib tərcümə edək. Yeni yetişən gənclərin oxumaları üçün şərait yaradaq. Bundan əlavə orta məktəblərdə və ali məktəblərdə heç olmasa bir saat dini dərslər keçirilsin. Bu dərsləri aparan müəllimlər digər ixtisas sahələrində olan müəllim deyil, məhz İlahiyyatı oxuyan, dini bilən, Mədinədə, Məkkədə, Əl-Əzhər Universitetində və s. dini universitetlərin məzunu olanlar aparsın. Dövlət axı bu tələbələri yetişdirib, digər ölkələrdə dini təhsil almalarına şərait yaradıb və indi də gəlib burada işsiz qalıblar. Mən işsiz deyəndə yanlış anlaşılmasın. İş mənim hansısa bir maaşa bağlı olaraq iş kimi yox, ümumiyyətlə elmi yaymaq üçün iş kimi qəsd edirəm. Həmçinin Tükiyədə olduğu kimi olsa daha yaxşı olar. Türkiyədə dövlət məscid imamlarına hər ay maaş verir.

Mənim yazılarımda böyük xətaların olduğunu deyənlərə təşəkkür edirəm. Çünki bu mənim üçün xeyirdir. Müsəlman müsəlmanın aynasıdır. Onun harada səhv etdiyini görsə düzəltməli, harada xəta etdiyini görsə nəsihət etməlidir. Mən açıq aşkar bəyan edirəm ki, mən bütün yazılarımda müəyyən xüsusiyyətləri ələ alıb onu geniş müsəlman kütləsinə aid etməmişəm. Mən hər kəsə eyni gözlə də baxmamışam. Bunu iddia edən mənim haqqımda yalan danışır. Bunu idda edən ya mənim yazılarımı düzgün anlamayıb, ya da özü belə deyir ki, başqaları da yazılarımı oxuyanda elə hesab etsin ki, yazılarım bütün müsəlman kütləsinə aid edilib. Mən əsasən o kütləni nəzərdə tutmuşam ki, onlar kiçik bir qruplaşma halında, həm fikirlərində, həm əqidələrində, həm də davranışlarında belə düzgün mövqedə deyillər. Mən məscid əhlini nəzərdə tutmamışam. Məscidə gedən hər bir kəs mənim müsəlman bacı və qardaşımdır. Heç məscidə getməyən, qəlbində zərrə qədər də olsa imanı olub namaz qılmayana da mən müsəlman kimi baxıram. Amma günahkar müsəlmandır. Mənim iradım o kəslərədir ki, onlar namaza təzə gəliblər, özləri məscidə getmir, müsəlman camaatın içərisində olmur, amma məscidə gedənlərə kafir deyirlər. Halbuki özləri də əvvəlcə belə idilər. İndi bir-iki kitab oxuyub başqalarına hökm verirlər. Onlar anlamalıdırlar ki, hökm Allaha məxsusudur. Mən mürciələr kimi də demirəm. Mürciələrdən uzağam. Çünki böyük günah sahibi günahkardır. Kafir deyil. Məgər müsəlman böyük günah etmir ki? Əlbəttə edir. Çox təssüf ki, bu təkfirçilər nəinki böyük günah sahibi olan müsəlmanlara, bütün dünyada olan məscid imamlarına və həmin imamların arxasında namaz qılan təmiz müsəlmanlara kafir deyirlər. Allah onların fitnəsindən və şərrindən bütün müsəlman camaatı qorusun. Amin! Onların fikirləri ucbatından bu gün müsəlman ölkələrində partlayışlar baş verir. Dinc əhali, qadın, uşaq öldürülür. Sonra da bu təkfirçilər deyirlər ki, dinc əhali ölməliydi, cihad etsəydi, vətəni tərk etsəydi ölməzdi. Allaha and olsun ki, mən bunu özümdən demirəm, bunu deyənləri eşitdim.

Mən bilirəm və iman edirəm ki, İslam müsəlman əmirlərə itaəti vacib qılmışdır. Mən bunu inkar etmirəm. Mən demirəm ki, bu belə olmalı deyil. Əlbəttə əgər bir ölkənin bütün vətəndaşları müsəlmandırsa onun əmiri də müsəlmandır. Azərbaycan xalqı əksəriyyət etibarı ilə müsəlmandır. Bu təbii prossesdir ki, 70 il bizim dini yaşantımıza kafir dövlətlər icazə verməyiblər. Amma bu gün Allaha çox şükürlər olsun ki, biz dinimiz İslamı öyrənirik, tədbiq edib gücümüz çatan qədər yaşayırıq. Biz hələ islamı bilməyən insanlara dinlərini öyrətməliyik. Onlar islamı ətraflı öyrənməlidirlər. Əgər öyrənməsələr, buna rəğbət etməsələr, bunu öyrənməyə mane olsalar onda biz bunu edənlərə kafir deyə bilərik. Amma bu gün Azərbaycanda məscidlər açılır, insanlar çox rahat məscidlərə gedib namaz qılıarlar. Xütbəni dinləyirlər. Buna mane olan varmı? Bəli, mən də deyirəm ki, buna mane olan təkfirçilər var. Hamıya kafir deyənlər. Onlar məscidə getməyin düzgün olmadığını iddia edirlər. Məscidə gedib Cümə namazının qılınmayacağını iddia edirlər. Təbii ki, onlar yalançıdırlar. Allah onları islah etsin. Amin!

Mən alimlərdən heç birinə təkfirçi demirəm. Çünki heç bir alim nadanlıq göstərib müsəlmana kafir deməyib. Əgər belə deyən varsa əlbəttə o təkfirçidir. Mən ixvanları və cihadçıları xəvariclərdən ayırmışam. Onlar bir-birinə bənzər fərqli qruplardır. Allah bütün müsəlmanları bir-biri ilə mühriban etsin. Amin!

Mən özümə alim demirəm. Bəzi qardaşlar məni iddiham edə bilərlər. Çünki onlar dinc müsəlmanlara, hələ dini bilməyənlərə kafir dediklərinə görə onları iddiham edirəm. Onlara demək istəyirəm ki, tələsməyin. Orada-burada fikirlər yaymayın. Sizin dediyiniz Quran ayələri, Məhəmməd peyğəmbərin hədisləri və sələf alimlərinin sözləridir. Bunlar həqiqətdir, amma siz bu həqiqətləri öz əqidənizə, fikrinizə və insanlarla davranışınıza görə yalnış şəkildə sitifadə edirsiniz. Siz hələ 70 il əsarətdən 10-15 ildir çıxan bu xalqa islamı öyrədin. Ondan sonra tam olaraq dəvət edin. Çox dəvət edin. İndi dəvət vaxtıdır. Amma sizlər nə edirsiz. Bu xalqa Quranın hərflərini öyrətməmiş, hədisin nə olduğunu izah etməmiş, şəriət elminin növlərindən bəhs etməmiş birbaşa şəxslər üzərində dayanaraq təkfir edirsiz (müsəlmana kafir deyirsiniz). Məndə sizə nəsihət edirəm ki, Allahdan qorxun. Quran ayələrini və Peyğəmbərin (əs) hədislərini Allah və Peyğəmbəri necə tədbiq edibsə sizdə eləcə tədbiq edin.

Mənə münasibət bildirməyiniz məni sevindirdi. Çünki əlbəttə biz hamımız bir-birimizə nəsihət etməliyik. Amma heç vaxt olmayan iftiranı bir-birimizə atmamalıyıq. Mən heç kimə iftira atmadım. Mən təhlükənin olduğunu dedim. Çünki bu gün hələ islamın nə olduğunu bilməyən insanlara kafir deyib, onun canının və malının halal olduğunu iddia edən bir şəxs və ya bir neçə şəxs əlbəttə doğru yolda deyil. Bu fikirlərin yayılması isə Azərbaycan xalqı üçün təhlükədir. Allah təala bizim bütün müsəlman bacı və qardaşlarımızı, həmçinin Azərbaycan xalqımızı bu təhlükədən qorusun. Amin!

Salam aleykum va Rahmatullahi va barakatuhu.

Əkrəm Həsənov


(BDU, İlahiyyat Məzunu)

1 Mühəddis, imam Əbu Abbas Mühəmməd bin Əbdürrəhman bin Səbur əd-Dəğuli, vəfatı h.325, “Təzküratu-l-Huffaz” da 3\823-cü səhifədə onun tərcümeyi halına bax.

2 Bu imam əl-Hafiz Əbu Hatim Mühəmməd bin İdris bin əl-Mənzir bin Davud bin Mehran əl-Hənzəli ər-Razi, h.275-də vəfat edib. Bunun həyatına baxmaq istəsən. Təhzibu-l-Kamal: 24\381.

3 Hafiz, İmam əl-Qutvətu Əbu Bəkr Mühəmməd bin Əhməd bin Raşid bin Mədan əs-Səqafi əl-Əsbahani, h.309-da vefat edib. Bu alimin tərcümeyi halına Tarixi Bağdad 1\302. Siyər Aləm əl-Nəblə 14\404 , Muxtasar Tarix Dəməşq 21\270, Tarix İsfahan 2\243 baxmaq olar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə