Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə




Yüklə 72.16 Kb.
tarix24.04.2016
ölçüsü72.16 Kb.

www.cafarcabbarli.org


PAPAQ

Gecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarını da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə kimi hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım-maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? - deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.

- Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...

Mən bir fikirləşdim, gedim görüm. Birdən getdim, olmadı belə, oldu elə. Bir qənbərqulu çıxdı. Sonra bu xəlvət küçədə mənim hara imanım yetəcəkdi. Milis yox, qarovulçu yox, dərimə saman səpərlər. Hələ ikicə gün qabaq bir Allah bəndəsini küçənin tən ortasında uzatmışdılar. Harayına o məhəllənin zaslujnı qarovulçusu olan çolaq Qaşdandan başqa bir zürriyyət çıxmamışdı. Qayıtmaq istəyirdim, ancaq, doğrusu, bir azca kişiliyimə kəsir gələrdi. Çünki səs arvad səsi idi. Arvad məni haraya çağırsın, mən getməyim?!.. Ancaq orası var ki, arvadın özündən də bir azca şübhəli idim. Kim bilir olmadı belə, oldu elə... Xülasə, qiryət mənə pərçim oldu... Çəkmələrimin qaytanlarını sarıdım belimin qayışına, pencəyimin ətəklərini sancdım şalvarımın nifəsinə, papağımı sancdım pencəyimin qoltuq cibinə... Qorxdum, birdən iş qaçmağa müncər olar, papağım düşər. Özü cəhənnəmə, biabir olaram. Genə şapka-mapka olsa, dərd yarı idi. Mənimki xalis Buxara dərisindəndi. Deyərlər, qiryəti qoydu, qaçdı. Nə isə, əyildim, yerdən mükəmməl bir daş götürdüm və qaraltıya tərəf getməyə başladım. Bir az qalmış dayandım, diqqətlə baxdım. Kölgə durduğu yerdə yırğalanırdı. Özü də doğrudan da, çadralı bir arvada bənzəyirdi. Ancaq dalında bir qarzinka, qoltuğunda da nə isə adam cəmdəyinə bənzəyən bir şey vardı. Ancaq qaranlıqda seçilmirdi. Nə isə, bir dəli şeytan mənə dedi: qayıt. Çünki bu arvad düz arvad isə, gecənin bu vaxtında burada nə gəzir. Özü də qarzinka ilə... Yaxında klub yox, kino yox, yığıncaq yox... məhərrəm də deyil ki, məsciddən qayıdan olsun. Bulvardan qayıdan da ola bilməz. Çünki bu məhlədən tramvay xəttinə çıxmaq üçün yol olmadığından arvad-arvaddır, kişilər də şəhər içini yenə bilmirlər. Yüz min bəla ilə işə gedib ölə-ölə qayıda bilsələr, odur ki, var. Daha klub, yığıncaq kimin yadına düşər? Bir də hələ tutalım ki, bu arvad dəli olub, məsələn, kartinadan gəlir. Yaxşı bəs bu qarzinka nədir? Bir fikirləşdim ki, bəlkə oğurlayıb. Bu mümkün işdi. Milis yox, qarovulçu yox. Ancaq bəs qucağındakı çamadan nə idi... Yenə bir dəyim qayıdım, nə lazım helə-belə gedim-getməyim. Böyük Səlyan küçəsinin tininə çatdım. Hələ bura çatmışdım ki, bir də nə gördüm: başuva dönüm: yuxarıdan - qəbiristanlıq tərəfdən bir qaraltı, ardınca 20-25 müsəlman ölüsü qaçırlar. Müsəlman ölüsü olduğunu da ondan bilirəm ki, hamısı ağ kəfəndə idi. Ölülər yaman çaxnaşmışdılar.



- Adə, qaç, gəldi! Adə, tut, qoyma! Adə, qaç! - deyə qaçaqaç idi. Mən əvvəl bir fikirləşdim ki, sahibi-salavatəleyh zühur edib. Ona görə də bütün qəbiristanlığın ölüləri qəbirdən baş qovzayırlar. Sonra gör­düm yox, qaraltının əlində parıldayan bir şey qaçır. Ölülərin də yüyürüşü cəhad hücumuna bənzəmir. Onlar da qaçırlar. Gördüm hamı qaçır, dedim daha dayanınaq vaxtı deyil. Asta qaçan namərddir, - deyə tüpürdüm dabanıma - qaç ki, qaçasan. Aşağıdan bir nəfər də gəlirdi. Gördü biz qaçırıq o da qayıtdı, başladı qaçmağa... Bir ürəyimdə fikir­ləşdim ki, xub, biz qaçırıq-qaçırıq, bəs bu axmaq oğlu axmaq niyə qaçır. O ki heç bilmir nə var, nə yox. Bəlkə heç qaçmalı bir şey yoxdur. Ancaq yenə ürəyimdə fikirləşib gördüm ki, doğrudan da, kişinin haqqı vardır. Nə lazım, birdən bu ölünün xoşuna gəlmədi. Tutub atanı yandırar... səsi də heç yerə çatmaz... Nə isə, hamımız qaçırdıq. Mən bilirdim ki, bu məhlə başlı-başını saxlayır, yaşayır... Çığıra-çığıra aşağı tinə çatdım. Palçığın içində yekə bir stəkan sınığı ayağımı kəsmişdi. Daha qaça bilmədim. Onsuz da özüm bir o qədər qorxacaq deyiləm. Odur ki, tinə çatdım, dayandım. Özümə toxtaq verirdim. Adamlar hələ də daldan qaçırdılar. Beş-altısı gəlib qabağımdan keçdi. Tinə sıxılıb ixtiyarsız dayanmışdım. Bir nəfər qara paltarda, əlində ət qiyməkeşi bunların ardınca yüyürürdü. Mən nəfəsimi çəkməyirdim. Nə vardı, nə olurdu? Anlaya bilmirdim. Bircə onu gördüm ki, corablarımın ikisi də çiynimdən düşmüş, çəkməmin də bir tayı yoxdur. Ancaq yaxşı ki, papağım yerindəydi... Əyilə-əyilə tini buruldum. O biri küçəyə sürünə-sürünə, yıxıla-yıxıla özümü yetirdim. Küçəmizə, dalanmıza bir azca qalmış bir də gördüm qara bir kölgə dalında yekə bir kisə dalanmıza tərəf gəlir. Dalan qapısına çatdı, dayandı. Kisəsini yerə qoydu. Başladı o yan-bu yana göz gəzdirməyə. Mən qorxudan dinməz dayanmışdım. Bu adam kim idi? Kisəsində nə idi? Hələ bunu düşünürdüm iş, birdən bu adam dalanmıza baxdı və dördayaq mənə tərəf götürüldü. Bunu görər-görməz mən də götürüldüm. Yenə də qaç ki, qaçasan. Ancaq hadisələr məni igidləşdirmişdi... Çox qaçmayıb bir azdan dönüb geriyə baxdım. Adam tini burulub sağ tərəfə qaçırdı. Mən dayandım, ancaq kisənin qorxusundan dalana yaxınlaşa bilmirdim. Doğrudan da, gecənin bu vaxtında bu zəhrimar kisə çox əsrarəngiz idi. Özü də nəhs kimi dalanın ağzına salınmışdı. İndi gəl bunun yanından keç görüm, necə keçirsən. Ax, bircə bilsə idim gecənin yarısında bu kisədə nə ola bilər... çox dayandım. Ay da göyün ortasında dayanmışdı. O mənə baxırdı, mən ona. Ancaq nə o danışırdı, nə də mən. Lakin dalanımızda nə isə bir boğuşma kimi olduğunu açıq hiss edirdim. Kisə yiyəsi də burada nə isə gördüyü üçün qaçdı. İgid hər yerdə özünü göstərər. Odur ki, mən də bütün cəsarətimi toplayıb bir addım- bir addım divardibi sürünməyə başladım. Hələ dalan ilə tuşlaşanda bədənimə bir titrəmə düşdü. Bütün damarlarımda qan bilmərrə dondu, yainki qaynadı. Mən biləni, qaynadı, çünki üçüncü dəfə olaraq dabanlarıma tüpürüb geri götürüldüm. Ərz edirəm, çox da qorxacaqlardan deyiləm ki, qaça da bilməyim. Qaçdığım da ona görədir ki, bayaqkı ölülərdən bir dəstə də bizim qapımızda idi. Oradan böylə səslər gəlirdi:

- Arvad, aç də! Yeyirəm səni?

Bir arvadın səsi gəlirdi:

- Vay, uşağımı öldürdülər.

- Aç! Yeyirəm səni?

Hələ mən dalana tuşlaşanda gördüm içəridən üst-üstdən beşatılanlar işləməyə başladı. Daha dayanmağın heç yeri deyildi. Geri götürül­düm. Hələ götürüldüyümü gördüm ki, birdən yekə bir şey üstümə atıldı. Bərk qışqırdım və yerə yıxıldım. Ancaq yıxılmaq vaxtı da de­yildi. Əlim tutulu olduğu üçün vuruşa da bilmirdim. Yenə qaçmaqdan başqa çarə yox idi. Bu dəfə də qaçdım. Yenə də bayaqkı döngəyə çatıb dayandım. Bu dəfə vəziyyətim daha çətin idi. Çəkməmin o biri tayı da düşmüşdü. Əməkdar qarovulçu çolaq Qaştan balağımın birini nifəsindən cırıb yanımdan sallamışdı. Ombama da əl gəzdirmişdi. O biri balağım yenə də çırmanmışdı. Ancaq papağım yerində idi. Bərk yorğun idim. Dizlərim kəsilirdi. Baxdım ki, çolaq Qaştan ilə vuruşurkən mənim əlimi tutan nə imiş. Gördüm bayaq qarzinkalı arvadın köməyinə getmək istərkən yerdən... götürdüyüm daşdır ki, vuruşmada o qədər özümü itirmişəm ki, yadımdan çıxıb daşı suxarı-zad hesab edib əlimdə saxlamışam.

Özümə gələ bilmirdim. O qarzinkalı arvad kim idi və nə kömək-bazlıq idi? Yanımdan qaçan əlibıçaqlılar və ağ kəfənli ölülər kim idi. Hələ dalanımızdakı boğuşma, hələ atılan beşatılanlar... Kimi öldürürlərdi. Hələ dalanımızın lap ağzında atılan, ayaq üstündə duran o əsrarəngiz kisə... nə isə daşı altına qoyub oturdum və papağımı pencəyimin qoltuq cibindən çixarıb Hamlet kimi qabağıma qoydum və düşünməyə başladım:

- Olum, ya ölüm! Budur əsl məsələ. Nə etməli? Oğul-uşaqdan əl çəkib onları ölülərin əlində, o boğuşmanın içində qoyub şəhər içinə enmək və orada tinbaşı dəstə ilə durub “Hüseyn kürd" nağılını danışan milisionerlərin nağıllarına qulaq asmaq və yaxud canımı dişimə tutub o əsrarəngiz kisənin yanından keçmək, ya evə yol tapmaq, ya da biryolluq ölmək... Əvət, biryolluq ölmək bu palçığın, bu çamurun üzündən, bu işıqsız, kooperativsiz, klubsuz, yolsuz, mostovoysuz, səkisiz, milissiz və qarovulçusuz küçələrin əlindən xilas olmaq...

(Neçin şəhərin döşənmiş küçələrində yer tapmayan və bu zavallı məhləyə siğışan minlərlə ən yoxsul türk, rus, erməni işçi və əməkçilərinin, vodniklərin, qazan təmizləyənlərin, daş yonanlann, qruzçiklərin, həmmalların və sairənin bu ağır halına baxan yoxdur? Neçin bunların Bakı şurasında danışan bir nümayəndələri yoxdur ki, onların dərdlərini Bakı şurasına bildirsin və desin ki, kommunxoz lığlı küçələrdə qənbər üstündən asfalt salanda bizim də bu küçədə palçığın içinə beş-altı daş atmayır, heç olmazsa, adamlar daşdan-daşa hoppanaraq gedə bilsinlər. O, kommunxoza desin ki, bu məhlədə yaşayanlara da müalicəxana, məktəb, klub və sairə lazımdır. Heç olmazsa, uşaqların şəhərdəki məktəblərə gedə bilməsi üçün onlara kiçicik bir yol lazımdır... Vadavoznı küçədə Tarayevin evinə az qala larketlə yol çəkmək üçün daş tapılarkən, bu 10 il ərzində bir sajen daş alıb bu zavallı küçələrə döşəmək və minlərlə məktəbə gedən çocuqları, işə gedən işçiləri, çörək və sairə almaq üçün yekə bir dağı aşıb çıxan işçi arvadları bu əziyyətlərdən qurtarmaq üçün 3 manat 14 şahı pul tapa bilmir.... Malakan bağının tinində sökülmüş daxmanın daşı 2-3 gün gec təmizləndiyi üçün orada yaşayanlar yazmadıqları qəzetə, çığırmadıqları iclas qoymadılar. Qəzetlərdə kommunxozun qoparağını qopartdılar. Əgər bu məhlənin də Bakı şurasında bir nümayəndəsi olsa idi, ya bəlkə varsa, ağzıa isti su alıb dinməz oturmasaydı, ya şura üzvlərindən, vəzifəlilərdən bir neçəsi bu məhlədə yaşasaydı, onda o nə edərdi? O, sadə və doğru sözlər ilə kommunxozun bütün zavlarını, zamzavlarını göz yaşlarında boğar, bu işi ləngidənlərin və 10 ilə bu küçələr üçün plana bir qəpik də salmayanların rəhmətlik atalarını qəbirdən çıxardıb dallarına sarıyardı ki, daha onlar şikayətə gedənlərə "bu neçə ili necə yaşamışsınız ki, indi bir neçə il də dayanmaq istəmirsiniz", - deyə bilməzdilər. O nümayəndə onlara deyərdi ki, qabaqlar uşaqlarımız məktəbə getmirdilər, adamlar ayaqyalın gəzirdi və ümumiyyətlə, mənim də, onun da rəhmətlik babalarımız tövlədə mal-qara ilə bir yerdə yatırdı. İndi hər şey dəyişmiş, inqilab olmuş, adamlar tövlələrdən çıxmış, adam olmuşdur. Palçıqlı ayaq ilə girilməyəcək evlərdə yaşayırlar. Keçmişlər kimi yaşamaq yaxşı olsa idi, onda bu Nikolayı yıxmağa, yeni bir inqilab düzəltməyə nə ehtiyac vardı? Bu vuruşmaları, bu vətəndaş müharibələrini, bu inqilab və azadlıq yolunda axan qanları kimin ayağına yazaq?!)

Ayaq dedim, öz ayağım yadıma düşdü. Şoğəribin qanı dayanmırdı ki, dayanmırdı. Gördüm işi bir az da uzatsam, başımı şaxta vuracaq, doğrudan da, Hamlet kimi dəli olacağam. Odur ki, durdum ayağa, dəvəlbərazimi yığışdırdım. Papağımı təzədən bükdüm, qoydum cibimə. Qalstukumu açdım, sarıdım ayağımın yarasına... Ancaq Hamlet kimi hələ də bir qərara gəlməmişdim. Hansı tərəfə gedəcəyimi bilmirdim. O əsrarəngiz kisə mənim ürəyimə yaman qorxu salmışdı. Orada hər şey ola bilərdi. Oğurluq mal... ola bilərdi. Qoçaq bir oğlanın çarşafını atan və kluba gedən xalası qızı ola bilərdi (genə dirisi olsa idi, dərd yarıydı, bir o qədər də qorxmazdım). Hər şey ola bilərdi. Çünki bu bərilərdə böylə şeylər görünməz deyil... Ancaq məni ən çox qorxudan mənim bilməməzliyim idi. Kisənin böylə əsrarəngiz olması mənim ürəyimi vahiməyə salmışdı. Allahyara, bir də ona tərəf getmək istədim. Bir də gördüm yuxarıdan, qəbiristanlıq tərəfdən bir qaraltı mənə tərəf gəlir. Nəhs kimi bunun da dalında dolu bir kisə vardı. Doğrusu, can boğazıma yığılmışdı. Qaçmaq fikrində deyildim. İstəsəydim də, ayağım yenə ağrıdığı üçün qaça bilməyəcəkdim. Odur ki, dayandım. Qəti bir səslə:

-Kimsən? - dedim... Gələn dillənmədi. Saymazcasma, adi addımlarla gəlirdi. Mən daha qəti bir səslə:

-Adə hey, eşitmirsən? - dedim. - Kimsən?

Qaraltı mənimlə tuşlanmışdı. Sakit bir hərəkətlə başını qaldırıb üzümə baxdi. Qaranlığın içində gözləri avtomobilin fənəri kimi işıldayırdı. Bütün görkəmində bir yırtıcılıq hiss edilirdi. Doğrusu, öz aramızdır, bir istədim yenə də qaçım. Çünki bu cəhətcə mən məşhur Koroğlunun fikrindəyəm. Məncə də igidliyin yüz şərti vardır. Bunlardan doxsan doqquzu qaçmaqdır, biri də gözə görünməmək... Ancaq mən bu dəfə də qaçsaydım, yüz tamam olacaqdı.

O baxdı, mən də baxdım. Sağ ayağımı tinin o biri küçəsinə atıb qaçmaq yerini tədarük etdikdən sonra üçüncü dəfə olaraq daha sərt bir səslə sordum:

- Adə, sənə deyirəm ey... Eşidirsənmi, kimsən?

Qaraltı insafən çox sakit, lakin azacıq sərt bir səslə:

- Sənə nə var? - dedi. Mən o saat özümü yetirdim və o saat vəziyyəti başımda fikirləşdim: Tutalım ki, lap hələ oğrudur, quldurdur. Ancaq oğru olanda nə olar. Kişinin sözü ki, hesabıdır. - Əbləh, qurumsaq, sənə nə var, kimdir? Görüm, sən milisionersən, qarovulçusan ki, gəlib-gedəndən həqq-hesab soruşursan? Ancaq daha qanun yeri deyildi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu. Daha dinməsəydin, deyəcəkdi ki, qorxdu. Odur ki, bütün iradəmi toplayıb:

-Necə mənə nə var? Bir bilməyim ki, gecənin bu vaxtında sən kimsən? - dedim. Öylə də qəti dedim ki, guya indi Ərbəhanın toplarından bir neçəsi vardır, çərtən kimi bombardman başlanacaqdır. Kişi saymazcasına başını aşağı salıb yenə də çox sakit bir səslə:

- Qəbiristanlıqdan gəlirəm, - dedi və heç vecinə almadan yoluna davam edib yanımdan ötdü. Dedim, bəlkə, kişi öz rəhmətlik babasının sümüklərini Kərbəlayə göndərmək istəyir. Ancaq ismi-əleyhsiz olduğu üçün gündüz utandığından gecə çıxarıb aparır. Qaraltı hələ ötməmişdi ki, birdən gördüm yuxarıdan yenə də ağ kəfənli bir ölü yüyürür və qışqırır:

- Adə, dayan hey! Sənə deyirəm, dayan! Adə, tut onu. Tut onu! Dayan sənə, deyirəm!

Baxdım ki, yanımdan ötən qaraltı heç vəziyyətini pozmadan gedir. Odur ki, mən başladım şübhələnməyə. Ölünün əmri kimə idi? Kim dayanmalı idi; mən, ya o qaraltı? Kim-kimi tutmalı idi? Mən onu, ya o məni... İş qorxudan keçmişdi.

- Adə, kimə deyirsən, - dedim.

- O gedən kimdir, ona deyirəm. Adə, həyətdən çıxan, kimsən, dayan!

Ölü yaxınlaşdı, gördüm ölü ölü deyilmiş. Bu yazıq bizim qonşumuzdakı invaliddir ki, bir tuman, bir köynəklə oğrunun dalınca çıxıbdır. İşi anladım. Yanımdan, keçən oğru imiş. Odur ki, səmimi, yavaşca yumşaldım. Nə lazım, xətası çıxar. Olmadı belə, oldu elə...

- Vətəndaş oğru, a vətəndaş oğru. Bircə zəhmət çək dayan, - deyə bu dəfə çox nəzakətlə qaraltıya müraciət etdim. Ancaq onu artıq görmədim. O, tini burulmuşdu. İnvalid yanıma gəldi. Məlum oldu ki, vətən­daş oğru onun butkasını açıb, beş-altı şahılıq soğan-kartofunu kisəyə doldurmuş, lakin bunu az görüb həyətə girmiş və oradakı qoyunu da açmaq istəmiş, ancaq invalid oyanıb onun dalınca düşmüşdür. İş orasındadır ki, bu invalid qaçsaydı, onu tuta bilərdi. Ancaq qorxudan ona yanaşa bilmirdi. Odur ki, çox təkidlə mənə deyirdi.

- Adə, yüyür tut onu! Oğrudur köpək oğlu:

Mən nə hay da, bu nə hayda. - Özün yüyürüb tutsana... İnvalid olsan da, səs çıxara bilmirsən, daha yüyürməyə nə var? Ancaq bilirdim ki, o getməyəcək və getməyi də nə lazım. Olmadı belə, oldu elə. İtələdi bıçağı... onda nə olsun? Bu işin özü boş işdir. Ancaq mənə bir xeyri dəydi. Bilmirəm oxucular anladılar-anlamadılar. Ancaq mən o saat şəhadət barmağımı dişlədim. Ey dili-qafil. Olmaya o bayaqkı ölülər də nöyzənbillah ölü deyilmiş. Helə tuman-köynəklə bayırda çıxan adamlar imiş. Ancaq bunlar tuman-köynəklə bizim qapımızda nə gəzirdilər və beşatılanları atan kimdi? Səlyandakı küçədən birinci Xrebtovi küçəsinə burulub qonşunun damına çıxdım. Oradan dalanımız görünür. Dama çıxmaq bir o qədər qorxulu deyildi. Çünki buralarda iki gündən bir oğrular küçədən dama, damdan həyətə boş atdanıb, dolu qayıdırlar. Heç birinin gözünü də füləyən yoxdur. Mənə kim nə deyəcəkdir. Yəni kim var bir söz desin də! Yenə də dalan qələbəlik idi. Qarmaqarışıq danışırdılar. Diqqətlə qulaq asdım, birinin səsini tanıdım. Bu bizim qonşulardan biri idi. Özü də xalis diri idi. Qaçmaq yerini tədarüklədikdən sonra yavaşcadan qışqırdım.

- Məşədi Mehdiqulu, sənsən?

- Bəli! Oho, Sancaq bəy, sənsən?

- Bəli.


- Sən hara, ora hara.

- Çızmışam da.

- Necəsən, kefin, əhvalın?

- Çox sag ol, çox razıyam.

- Yaxşı bir de görək haçan gəlmisən?

- Üç gündür...

- Nə... bir de görək bu gecənin yarısında... Uşaqlar salamatdırmı?

- Çox sag ol...

- Yaxşı, bir de görək... uşaqların anası ikicanlı idi. De görüm zad oldu, ya yox...

Məşədi Mehdiqulu üst-üstdən sorğu-sual yağdırıdı... Nə isə, mən ürəkləndim, divardan aşdım birbaş dalana. Ancaq yenə də fikrim o əsrarəngiz kisənin yanında idi.

Baxdım ki, bu adamlar hamısı məhlə adamlarıdır. Özləri də bizim qapımız deyil, qonşumuzun qapısına toplaşmışlar. Məlum oldu ki, qonşu evdə Əlinin pişiyi Vəlinin kasasını sındırıb və bunun üstündə Əli ilə Vəli və qardaşları vuruşmalı idi. Bu adamlar da qonşumuzdakı evdə olan telefon ilə danışmağa və rayondan kömək çağırmağa gəlmişlər. Odur ki, bayaq "Arvad qapını aç”, - deyə səs gəlirmiş. Arvad da gecə keçdiyindən qorxub qapını açmaq istəməmişdir. Gələnlər tələsdiklərindən qapını əvvəl yavaş, sonra yumruq ilə, axırda bayırdan götürdükləri qənbər ilə döyürmüşlər. Qaranlıq gecə, səssiz küçə, yumru qənbər, taxta ala qapı. Yaxşı ki, mən beşatılan səsi bilmişəm. Özgəsi olsa idi, top səsi bilərdi. Vuruşanlar qabaqca işi yumruqdan başlamışlar. Bundan iş aşmayanda əl atmışlar ağaca "taraqqataraq-taraqqataraq", bundan da bir fayda çıxmır. Binanüma qoyurlar qabaq­ca bıçağa, sonra dəhrəyə... Axırda Əli böyük bir mərhəmətlə bıçağı dürtür Vəlinin qarnına və yavaşcadan qızışıb aradan çıxır. Bir də adamlar baxıb görür ki, Vəli uzanıb yerə. Qarnından da qan fantan vurur. Adamlar daha qorxudan bıçaq vurana yaxın dura bilməyirlər. Ancaq oradan çıxandan sonra neçinsə düşürlər onun qardaşının üstünə: vur ki, vurasan! O da görür ki, is qurum-qolaysızdır, atasını yandıracaqlar, qapır ət dəhrəsini, qabağına gələnə bir dəhrə. Adamlar pərən-pərən olurlar, üz qoyurlar qaçmağa. Bu da onların dalınca. Hələ yaxşı ki, mənim əqlimə gəlib bayaq divarın dibinə sıxılmışam. Yoxsa böyük tikəm noxuddan da xırda doğranarmış. Nə var ki, əlini tutan yox, ayağını tutan yox... Məni görən kimi, adamlar tez yığışdılar başıma. Ay Sancaq yoldaş, gəl sən bir irayona danış, bəlkə bir şey çıxa... Məlum oldu ki, iş yumruq davasına müncər olanda rayona zəng çalıb milis çağırırlar.

- Kimsən? Adın nədir? Hansi kənddənsən? Anan neçə yaşında ərə gedib? Atan neçə yaşında evlənib? Hələ rayonda adam yoxdur. Gələndə göndərərik, - deyirlər.

Gözləyirlər gələn olsun. İş ağac davasına çatınca, bir də zəng çalırlar. Yenə də rayondan həmin o sözlər:

-Kimsən? Adınm nədir? Hansı kənddənsən? Xalan qızı çarşaflı gəzir, çarşafsız? Bibin oğlunun bir arvadı var, iki arvadı... Yaxşı göndərərik...

İş bıçaqlaşmaya çatanda bir də zəng çalırlar. Yenə də gələn olmur. İş dəhrəyə çatanda telefon yiyəsi çıxır, gedir vəfata. Arvadı da qorxudan qapını açmaq istəmir. Odur ki, taqqataraq beşatılan səsi verir...

Telefonu götürdüm. İkinci rayonu istədim. Yenə də anketə başladı.

- Kimsən? Vuruşan kepkalıdır, papaqlıdır? Göndərərik...

Tələsik yardıma zəng çaldıq.

- Kimdir? Hansi küçədəndir? Qoyun faytona, gətirin.

- Canım, burada fayton nə gəzir?

- Hansı küçədədir?

- Böyük Səlyan küçəsində.

- Oho?! Yox, yox... Gələ bilmərik. Ora nə fayton yolu var, nə də maşın yolu.

Vurulan da tir uzanıb yerə, əl-ayağını uzadıb ki, ölürəm. Doğrudan da qan dayanmırdı... Əlinin qardaşı da dəhrəni qapıb qabağına çıxanı şappalayır.

Telefon ilə danışarkən gözüm divardakı saata ilişdi. Baxdım saat hələ indi on tamam olur. Sən demə, mənim saatım gündüz saat birin yarısından yatmışdır. İstədim düzəldim, gördüm vurhavurun içində saatın şüşəsi də düşüb, böyük əqrəbi də. Yazılarının da yarısı tökülübdür. Nə isə saat 10-dan çağırdığımız milis gecə saat 3-də gəldi çıxdı. Bıçaqlanan da dörd saat idi ki, özündən getmiş, qan dayanınırdı. Dəllək Əlimərdan gəldi. Məsləhət gördü ki, bilovu tüpürcək ilə islatsınlar, sonra da bakir bir qızın hörüyünü bilova sürtüb yaraya bassınlar.

Axtardılar, bakir qız tapmaq çətin oldu.

Qəssab Ağacan resept verdi ki, mal iliyi ilə qoyun ödünü qarışdırıb qoysunlar... Qoydular, qan dayanmadı. Nöyüt Süleyman dedi ki, bir az nöyüt xılxı ilə sabunu qarışdırıb qoysunlar... Qoydular, dayanmadı. Dabbağ Səməd də gəldi ki, bir az qoyun astarı çəkin. Qalayçı Qazan da dedi ki, bir az qazan qarası ilə qurşun pası qoyun. Qoydular, dayanmadı. Hörümçək qoydular dayanmadı. Batdaq qoydular dayanmadı. Dəstərxan qoydular dayanmadı ki, dayanmadı. Hələ kişinin qarnma təzəcə yorğan təpişdirdilər ki, bu yandan xəbər çıxdı ki, tələsik yardi-mm maşim gəlib qalıb Şura küçəsinin altında yuxarı çixa bilmir. Biz bir-iki nəfər getdik rayona şahid... Yuxarı qayıdırdıq. Gördük beş-altı nəfər adam qıçları öz qaydasilə dizlərinə kimi çırmanmış, çiyinlərin-ə ölü mafacına (katafalka) oxşayan bir şey aşağı gəlirlər. Heyrət etməmək olmazdı. Gecənin bir vaxtında hansı axmaqdır ölü basdırır. Düşünürəm ki, yəqin ölünü basdırıb qayıdır. Yavaşca birini yaxaladım.

- Bibioğlu, bu mərhumu gecə neyçün basdırdınız, - deyə soruşdum.

- Ölü basdırmamışıq...

- Mafa doludur, boş?

- Doludur.

- Yaxşı bəs qəbiristanlıq geridə, bu rəhmətliyi şəhərə neyçün aparırsınız?

Tutduğum adam sorğularımdan çox darıxırmış və çox da qaba cavab verirdi.

- Canım, mafadakı ölü deyil, hələ diridir.

Mən lap çaşıb qalmışdım. Bu yaşa çatmışdım, mafada diri görməmişdim...

- Yoldaş Sancaq, bu helə bayaqkı məsələdir də... Bu oğlan səni tanıyır. Mafadakı Vəlidir... - deyə Məşədi Mehdiqulu mənə də anladırdı.

- Yaxşı, bəs bunu mafaya niyə qoymuşsunuz?

- Haftavamil palçıqdan gələ bilmir. Nərdivan-filan da tapılmadı. Ümidimiz yenə də oraya gəldi. Mafanı götürdük. Yaralını qoymuşuq içinə, haftavamilə aparırıq.

Mən mafanı görəndə qabaqcadan bir fatihə verib əlhəmdüvəllah oxumuşdum. Onu da qaytardım, oxudum abadanlıq şöbəsində işləyənlərin bidarət ölülərinə. Özüm də yönəldim evə tərəf. Ancaq onu gördüm ki, altıncı Təzəpir küçəsilə Şura küçəsinin ortasında mafa yolun bir tərəfində durub, maşın o biri tərəfdə... Orta qurşağa kimi palçıqdır. Nə maşın bu yana keçə bilir, nə mafa o yana... Şofer çıxıb maşınınn damına, maşın özü də batıb palçığa, çıxa bilmir... Vəligilin adamları bu yandan fışqırır, şofernən ferşil də o yandan. Burada mənim yadıma Əsli-Kərəm əhvalatı düşdü... Əsli balqonda qalıb, Kərəm balqonun altında...

Mən gördüm bunların işi uzun sürəcək, özüm də çox yorğunam. Odur ki, genə dəniz kimi dayanan çamurun içindən sərçə kimi daşdan-daşa hoppanaraq evə tərəf üz qoydum. Hələ tək qalan kimi genə o əsrarəngiz kisə yadıma düşdü. Dalana necə yaxınlaşacağımiı bilmirdim. Başımda qiyamət qopmuşdu. Hələ dalana bir azca qalmış təzədən dəhşət məni bürüdü. Yenə də bir kölgə... yenə də dalanda bir kisə xəfəki-xəfəki, əyilə-əyilə divar dibilə sürünürdü... Ancaq daha qaçmağa taqətim qalmamışdı... dayanmışdım. Kölgə yaxınlaşdıqca daha aydın görünürdü. Təəccüblü burasıdır ki, kölgənin başında çarşaf vardı. Arvad idi, kişi idi, onu bilmirəm. Ancaq çarşafi açıq-aydm seçilirdi. Birdən arvad başını götürüb məni görcək, kisəni yerə buraxıb daban aldı. Mən daha canımdan bezmişdim...

- Arvad, dayan - deyə bağırdım. Arvad dayandı. Nə o mənə tərəf gəldi, nə mən ona tərəf.

- Arvadsan, kişi? - dedim. Arvad bir qədər baxdı və birdən gözlərini mənə zilləyib birbaş üstümə yürüməyə başladı. Mən müvazinətimi itirdim. Hələ qaçmaq istəyirdim, birdən ona baxdım. Gözlərimə inanmadım. Bu arvad mənim qoca nənəm idi...

- Nənə bu nə əhvalatdır? - Nənəm danışmadı.

- Bu kisədə nə vardır? - Nənəm başını aşağı dikdi və yoluna düzəldi. Mən, doğrusu kisəyə yaxın düşmədim və nənəmin ardınca gedərək təkrar-təkrar soruşurdum.

- Axı bu kisədəki nədir? - Nənəm, mənim israrımdan təngə gəlib çox acıqhlı bir səslə dedi:

- Ay balam, sənin təbiətin birtəhərdir. Allaha inanmırsan, peyğəmbər deyənə qulaq asmırsan. Mən bu sirri sənə açs bilmərəm.

Mən maraqdan boğulurdum. Bu nə sirr idi ki, onu göylərin ildırımından, gecənin qaranlığından başqa kimsə bilməməli idi. Dalana yaxınlaşdıqca mən ayaqlarımı yavaşıdırdım. Çünki bayaqkı əsrarəngiz kisə də yadımdan çıxmamışdı. Qorxudan dalana yaxınlaşa bilmirdim.

- Yaxşı, nənə, axi o kisələrdən biri də bizim dalanın ağzına salınmışdır. - Nənəm hiddətindən partladi.

- Bilirəm köpək uşağı, bilirəm o kisə kimindir. Sabah onu qəzetə verməsəm, atamın qızı deyiləm. O istəyir bizə hayif versin...

- Axı kisədə nədir?

- Heç nə! Mən əgər sabah o kisəni onun ölüsünün goruna saldım, mən də oldum Kərbəlayı Səməndərin qızı... nənəm bərk acıqlanmışdı. Mən kisəyə yaxınlaşmamaq üçün yavaş-yavaş gedirdim. Nənəm axsaq ördək kimi yanlarını basa-basa qabaqda yeriyirdi. Kisəyə çatdı, boğazından yapışdı. Görünür, dalına almaq istəyirdi. Gücü çatmadığı üçün o... acıqlı-acıqlı üzünü mənə tutub: - Gəl bu kisəni qoy dalıma, - dedi. Mən yaxın gəlmək istəmirdim. Nənəm oturdu. Kisəni belinə saldı. Durdu ayağa və bu dəfə üzü yuxarı ləhləməyə başladı. Mən dalan qapısını sərbəst görüb tez özümü dürtdüm içəri. Ancaq nə olursa olsun, bu gecə bu əsrarəngiz kisənin məzmunu və macərasını öyrənməli idim. Həyət qapısını açdım. Neyçünsə, işıqlarımız yanmırdı. Evimizdə bir çaxnaşma vardı. Heç böylə olmazdı. Gediləcək bir yer olmadığından külfət hamısı axşamdan “küftə-bozbaş", kəlləni atıb yerə; bir də səhər durur. Yolsuzluqdan tiatroya gedən yox ki, oradan qayıtsın, məktəbə gedən yox ki, dərs əzbərləməyə otursun. Məktəb yaşında iki qul beçəniz var. Yaxında məktəb və aşağıdakı məktəblərə enmək üçün yol olmadığından heç biri məktəbə gedə bilmir və getmir.

Şübhəm daha da artdı. Nənəmin kisəsini də bu işin üstə əlavə etdim və yəqin elədim ki, evimizdə fövqəladə bir hadisə üz vermişdir. Tez özümü içəri yetirdim. Gördüm aralıq çox məxşuşdur. Uşaqlar hərəsi bir küncə sıxılıb ağlayırlar. Bibim qızı evin ortasında oturub qışqırır, qsyınatam Quranın ağzını açıb bütün imamları və həddən artıq həzrət Abbası çağırır. Bir nəfər də rus arvadı evin o küncündən bu küncünə, bu küncündən o küncünə qaçıb əllərini öpür. Mən duruxdum. Ancaq çox keçməmiş məsələ aydınlaşdı. Bəlli oldu ki, bibim qızı nəhs kimi küçənin yarısında başlayıb ki, doğuram. Əri deyib, arvad, bu gecə vaxtı sənin üçün həkimi hardan tapaq, mama haradan tapaq və tapsaq da bu palçıqda haradan gətirək. Yat, sabah doğarsan. Arvad razı olmuyub. O deyib, bu deyib. Axırda kişi hövsələdən çıxıb, əl atıb lapatkanın sapına... Ancaq yaxşı ki, lapatkası yoxuymuş. Arvada bir... iki... aləm qarışıb bir-birinə. Bizim arvad da vəziyyəti böylə görüncə boğaz arvadı gətirib evimizə. Qonşumuzdakı Sərfinaz xala gəlib başlayıb işə. Ha çalışıb-vuruşub, uşaq olmayıb ki, olmayıb. Axırda görüblər ki, arvad tələf olacaq, istər-istəməz qayınatam dayımın uzunboğaz çəkmələrini geyib enir şəhərə. Bir mama tapıb ötürür faytona. Şura küçəsində faytonçu bunları düşürür. Çünki ondan yuxarı on minlərcə işçi yaşasa da, küçə yolu yoxdur... Şura küçəsilə yeni çəkilmiş tramvayla fırtınadan salamat gəlirlər. Oradan yuxarı düşürlər dərə-təpəyə, hopbana-hopbana gəlirlər. Axırda Səlyan küçəsinin tinində mama keçə bilmir. Qsyınatam mamanın çamadanını alıb dalına, özünü də çəkmə-corabı batmasm deyə alır qoltuğuna. Ancaq küçənin ortasında palçığa ilişir qalır ki, bu yerdə də mən onlara rast gəlmişəmmiş. Nə isə, qayınatam yıxılır. Mama da özü aşir. Mamanın çəkməsi, corabı palçıqda qalır. Qayınatamın da ombası burxulur. Çamadan da düşür. Evə gələndə məlum olur ki, lantset, pinset və bütün karəsti hamısı dağılıb, çamadan da palçıq ilə dolmuşdur. İndi də uşaq çəp gəlib. Həkim lazımdır. Mama döyür başına. Heç kəs də qorxudan gedə bilmir. Odur ki, qayınatam həkim dalınca getməkdənsə, Quran dalınca getməyi daha münasib görmüşdür. İçəri girən kimi qulbeçəniz ağlaya-ağlaya yanıma qaçdı. Ev yiyəsi də axsaya-axsaya yanıma gəlib iki kağız verdi ki, ay başına dönüm bu kağızlar çastdan gəlib. Bir gör nə istəyir. Bu qoca dul arvad öz əlləri ilə palçıqdan kərpic basib üç dənə otaq kimi tikə bilmişdir ki, onun da ikisini bizə verib, birinə də özü sığınmışdır. Ev ortağa belə 250 manata başa gəlmişdir.



Kağızlara baxdım, gördüm arvadı qarovul pulu vermədiyi üçün 28 manat, zibilpulu da vermədiyi üçün 5 manat cərimə etmişdir. Arvad eşidəndə yazığın rəngi qaçdı. Mən arvada nə isə demək istəyirdim ki, nənəm əlində iki boş kisə içəri girdi. Kisələr yenə yadıma düşdü. Lap daha özümdən çıxmışdım ki, arvad sözə qatışıb bu sirri açdi. Bilirsinizmi kisədəki nə imiş? Kisədəki zibil imiş. Zibil arabası zibil aparmadığından gecələr kişilər, arvadlar zibili kisəyə doldurub, bu onun qapısına tökür, o bunun qapısına. Nənəm də zibili dul arvad üçün "pay" daşıyırmış. Doğrusu, bu işlərin hamısı mənə bir növ təsir etdi. Ciddi düşünmək lazım idi. Əlimi atdım pencəyimin cibinə ki, papağımı yenidən çıxarıb qoyum qabağıma və əməlli-başlı bir düşünüm. Birdən əlim süstlədi və gücsüz yanıma düşdü. Baxdım... Papaq düşmüşdü.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə