Mənə yazıçı deyəndə özümə qəribə gəlir




Yüklə 21.01 Kb.
tarix14.04.2016
ölçüsü21.01 Kb.
Natəvan Dəmirçioğlu: “Mənə yazıçı deyəndə özümə qəribə gəlir”

Rubrikamızın bu dəfəki qonağı Natəvan Dəmirçioğludur. Qazax rayonunun Daşsalahlı kəndində doğulub. BDU-nun jurnalistika fakültəsini bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin Güney Azərbaycana verilən verilişlər redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri işləyir.

Gördüyünüz kimi onun da yazıçılığa gedən yolu jurnalistikadan keçib. Söhbətimizə də elə buradan körpü saldım.

N: Bədii əsərlər məni çox çəkərdi, xırda hekayələr də yazardım. Elə bilirdim ki, yazıçı olmaq üçün jurnalistika fakültəsinə girmək lazımdır. Əvvəllər bu ixtisasa sənəd vermək üçün iki il stajın olmalı idi. Hətta rayona qayıdıb bu iki ili işlədim.

Məktəbi bitirəndə bir səhnə əsəri yazmışdım. Yusif Səmədoğluya göstərəndə tövsiyyə etdi ki, bu işdən qalmayın. Sonra atam maraqlananda ona da,“şərait yaradın məşğul olsun”, demişdi. Ailəliklə onun çapını və tamaşaya qoyulacağını gözləyirdik. İnsititut illərində o yazı təsadüfən əlimə keçdi. Düzü, çox utandım. Fikirləşdim ki, bunu heç çap etdirmək olar? Bu gün Yusif Səmədoğlunu minnətdarlıq hissi ilə xatırlayıram. Onun zəif yazımı o vaxt uzaq görənliklə tərifləməsi içimdəki yazmaq istəyimi ölməyə qoymadı.

S: Özünüzü nə dərəcədə jurnalist hesab edirsiniz?

N: Mənə yazıçı deyəndə hardasa özümə qəribə gəlir. Çap olunanları götürsək, hələlik iki povestin və bir neçə hekayə müəllifiyəm. Yazıçılıq mənimçün iş, sənət deyil. Müəyyən məqamda ədəbiyyat, sənət öz yükünü boynuna qoyur və sən bu yükü çəkməlisən. Jurnalistikada şəxsiyyət amili mühüm rol oynayır. Jurnalist görünən adamdı. Amma sənətkar-yazıçı, şair, lap elə rəssam şəxsiyyət kimi qəbul olunmaya, ətrafı qane etməyə bilər. Eyni zamanda bu adam bir küncə çəkilib öz dahiyanə əsərlərini yaradar. Bu halda şəxsiyyət yaradıcılığı tamamlamaya bilər.

S: Jurnalistikanın yazıçılığınıza nə kimi təsiri olub?

N: Çox maraqlı adamlarla, tanınmış şəxslərlə ünsiyyətdə olmuşam.

S: Bəs Güney Azərbaycan mövzusu yaradıcılığınızda öz əksini tapıbmı?

N: Bu çox imkanlı, geniş mövzudu. İşimiz elədir ki, daima o taylı soydaşlarımızla ünsiyyətdə oluruq. Psixologiyalarına, yaşayış tərzlərinə bələdik. Azərbaycanı bir tam halında əhatə etmək imkanım var. Bir ara mənə təklif elədilər ki, Güney ədəbiyyatının, həyatının təbliği mövzusunda elmi iş götürüm. Hələ ki,özümü hazır hiss etmirəm.

S: Bəzilərinin fikrincə, get-gedə nəsr poeziyanı üstələyəcək.

N: 1988-dən bu yana həyatımızda çox böyük dönüş anları oldu. Yazıçılar, oxucular da bu təsirdən kənarda qalmadı. Tanınmış yazıçıların belə oxunmadığı dövr oldu. Radio verlişlərinin qızıl fondundan bir vaxtlar əsərlərin qiraətini verirdik. Hətta biz özümüz fikirləşirdik ki, bu kimə lazımdır, nəyə gərəkdir? Ancaq sənətin böyüklüyü onun ölməzliyindədi. İnsanların şüurlu-şüursuz eyni bir axara qoşulmağı çox davam etmədi. Birdən-birə mənəvi aclıq yarandı.

Nəsrin, yoxsa nəzmin üstün gələcəyi bəşəri prosesdir. Proqnoz vermək sadəlövlük olardı. Həyatda getdikcə ritm artır. Bu hansı həddədək davam edecək? Bəlkə də nə vaxtsa o ritmin özündən imtina edəcək, ilkin dəyərlərə qayıtmaq istəyəcəklər. Sənət boynuna götürdüyü məcburiyyətlə yaşayır, hər hansı kənar təzyiqdən məhv olur. O məcburiyyət daxilidir. Bəlkə də sənin özünün və yaradanının məcburiyyətidir.

S: Keçid dövrü deyirik. Ədəbiyyatımız keçid dövrünü necə yaşayır? İdeologiyasız inkişaf necə gedir?

N:Ümumiyyətlə, sənəd ideologiyadan, ehkamlardan bacardıqca qorunmalıdır. Yalnız ən dahi sənətkarlar cəmiyyətdə yaşayaraq, ona qovuşmadan əsərlər yarada bilərlər. Çox təəssüf ki, ideologiyanın təsiri və diktəsi ilə yazılmış və sandıq ədəbiyyatına çevrilmiş ədəbiyyat nümunələrimiz çoxdu. Başa çatan 90-cı illər nəsrində bir az xaos var. Nəsri ədəbiyyatda nisbətən ağır sahə hesab edirlər. Görünür,o ləngərdəndir ki, gəlib yerinə otura bilmir. Və bu artıq ədəbiyyatşünasların, tənqidçilərin işidir.

S: Bu günümüzdən çıxış edərək gələcək üçün nələrsə söyləmək olmazmı?

N: Həyat ilahidir. Bəşər bizdən asılı olmadan idarə olunur. Ədəbiyyat da öz işini görür. Onun üçün seçilmiş və ədəbiyyat üçün işləyən kəslər hər zaman olur. Kim bilir, ədəbiyyat öz böyük şəxsiyyətini hansı ilə, hansı onilliyə planlaşdırıb? Həmin anda tutacaq o şəxsin boğazında , deyecek ki, sən bu işi mənimçün, Şərq və ya dünya ədəbiyyatı üçün görməlisən. Bəzən deyirlər ki, filankəs çox böyük insan idi, ancaq bir az dəliliyi vardı, ağlı çatmırdı. Necə çatmırdı ki, elə dahiyanə əsərlər yaradıb? Sadəcə olaraq, kainatdan aldığı enerjini özündə tarazlaya bilməyib. Dəli, həm də dahi olub. Və onun zəhmətinin səmərəsi bizlərə çatıb. Nə övladı görüb, nə də ailəsi.

S: Baş vermiş hadisələrin fonunda 90-cı illər nəsri bir qədər sönük görünür. Qarabağ müharibəsi, 20 Yanvar, Xocalı faciələri ədəbiyyatda öz yerini hələ tam tutmayıb.

N: Ədəbiyyat həm də ruhverici mahiyyət daşıyır. Oxucuları müəyyən məqamda səfərbər edir. Daxilə yığmanın sonunda birdən üzə çıxmağı ola bilər. Ən əsası odur ki, dəyərlərimizi qoruyaq, ziyalılarımıza həssaslıqla yanaşaq. Şəxsiyyəti incitmək onun enerjisini hədər yerə israf etməkdir.

-S: Müasirləriniz haqda nə deyə bilərsiniz ?

N: İndiki gənclik mənə maraqlı və zəngin görünür. Gəncliyin bir addım irəlidə durması cəmiyyətin xoşbəxtliyidir. Düzdür, özünü itirənlər də var. Bilinmir, şərqlidir, yoxsa qərblidir? Bu əxlaqa da aiddir, geyimə də, ədalara da. Əsrin əvvələrinə aid əsərlərdə görürük ki, o dövrün ziyalılarını da eyni mətləblər narahat edib. Yabançı, kənar təsir həmişə olub. Sadəcə həmin təsiri milli zəmində üyütmək lazımdır. Elə yaşamalı, elə davranmalıyıq ki, simamızı itirməyək. Söylədiklərim yaradıcılığa da aiddir. Bəzən çox açıq-saçıqlığa gedirlər. Bunun müasirlik, hünər, cəsarət hesab eləyirlər. Həyatımızda görünən və görünməyən tərəflər olduğu kimi, hündürdən və alçaqdan deyilməli sözlər də var.

S: Əsrin əvvəlindən söz saldınız. Bənzərlik kifayət qədərdir. Amma yaranmış nəsri müqayisə etsək ?..

N: Görünür, sənət fədailiyi öləziyib. Şüurlu davranışdan, bir az da mənafe güdməkdən sənət itirir. Gərək özünü od-alovun içinə ürəklə atasan. Hər vəchlə sağ qalmağa çalışan döyüşçüdən nə gözləmək olar?..

S: Dünya ədəbiyyatında elə dövr olub ki, qadınlar əsərlərini kişi imzası ilə təqdim etməyə məcbur olublar. Bu onlara olan inamsızlıqdan irəli gəlirdi. Təqaüdçülərin siyahısında iki xanımın adını görməyim mənə həmin dövrü xatırlatdı. Səkkizin ikiyə nisbəti sizi də düşündürürmü?

N: Çox qəribədir. Qızlarda psixoloji oyanma, əqli inkişaf sürətlə gedir, həyata baxış tez formalaşır. Yeniyetməlik dövrünü adlayandan sonra oğlanlar onları keçirlər. İş prosesində də qadınlar daha tədbirlidilər. Lap ailəlini götürsən gizli hökmranlığını gücsüz qadın belə əldən vermir. Amma sənətdə nədənsə kişi ruhları qalib gəlir. Məncə, onların liderliyi mütləq hakimliyi bizə heç də əskiklik gətirmir...

Müsahibim sonda söylədi ki, həyatda minnətdar olduğu yaxşı adamlar çoxdur; Bu insanların başında dayanan atası haqqında isə belə dedi: “Elə bilirəm hər nə yaxşı iş görürəmsə , onunçün edirəm”.

Səbət” povestindən parça


Yer fırlanır, Yerin üstündə hər nə var gözə görünmədən yüyrünür. Sağa yüyrünür, sola yüyrünür, özündən kənara çıxmır, öz içində yüyrünür. Bir “yüyrük” sözü də işlədir bizimkilər. “Yüyrük”-beşik deməkdir.bu dünya beşikdir, qəbirdir bizə. Yaradan beşikdə də, qəbirdə də ürəyimizi görür. Amma gözlərə baxmır. Gözə baxmaz Tanrı! Ona yaxın olanın biri deyib: “Göz ürəyin aynasıdır”. Ürəyin hissini, paxılını, paxırını görür də, əvəzini verir də. Qalır göz. Gözə çıxan pislikdən gərək özün qorunasan.

Nə qorunacaqsan? Sandığa qoymayacaqsan ki, özünü? Lovğalanma, dostundan artıq görünməyə çalışma, düşmənə yanıq vermə, üzünə təriflənməkdən qorx, inamlara inam gətir. Deyir üzərlik köməkdi, bilki köməkdi. Başına duz fırlayıb suya atmaq qoruyur, bil ki, qoruyur. Birdə özündən xoşun gələndə “şeytana lənət” de.

Sərmayə Bahadurqızı

“Xalq” qəzeti



14.04.2008.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə