MƏnaziLÜs-saliKİn azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu axund haci ağAMİRZƏ ƏBDÜLKƏRİm ağa badikubi




Yüklə 2.79 Mb.
səhifə1/17
tarix11.03.2016
ölçüsü2.79 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17
AXUND HACI AĞAMİRZƏ

ƏBDÜLKƏRİM AĞA BADİKUBİ

MƏNAZİLÜS-SALİKİN


Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

AXUND HACI AĞAMİRZƏ

ƏBDÜLKƏRİM AĞA BADİKUBİ

MƏNAZİLÜS-SALİKİN

BAKI – NURLAN – 2011

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tutu elmi şurasının 24 dekabr 2010-cu il tarixli 14 saylı iclası­nın qərarı ilə nəşr edilir.


Nəşrə hazırlayan: Zəkiyyə ƏBİLOVA (Babayeva),

ilahiyyat üzrə fəlsəfə doktoru

Redaktoru: Vasim MƏMMƏDƏLİYEV,

akademik

Kompüter icraçısı: Mətanət MURADOVA

Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badikubi. Məna­zilüs-salikin. Bakı: Nurlan, 2011, 272 s.
Kainatda əzəli və əbədi yalnız tək bir həqiqi vücud vardır ki, o da mütləq və vacib varlıq olan Allahdır. Bizim gördüyümüz bütün şeylər Allahın varlığını tanımaq üçündür. Allah-təala bizi öz vəh­daniyyə­tinə qail olmağa hökm edir və bir şeyi ona şərik verməkdən nəhy bu­yurur. Allahın tək və şəriksiz olmasını öyrənən elm tövhid əqaidi­dir. Hacı Ağamirzə Badikubinin bu əsəri tövhid əqaidindən bəhs edir.

ÖN SÖZ
İslam dinində hər şeyin başında gələn tövhid geniş mə­na­­­da haqq dinin ən əsas prinsipi olub, ilahi dinin tarixindəki bü­­tün mərhələlərində israrla vurğulanmışdır.

Tövhid-Allahı vahid, şəriksiz bilmək deməkdir. Yəni, is­lam dininə etiqad edən şəxs gərək Allahı tək, yeganə bir vü­cud bilsin, ona şərik qərar verməsin. Xaçpərəstlər kimi “Al­lahın oğ­­lu”, “Allahın anası” məfhumunu ağlına da gətir­mə­sin. Axı Al­lah bəşər deyil ki, onun ailəsi, oğlu da olsun.

Vəhdəti-vücud əsil həqiqi və vacibi olan bir varlığın, yə­ni, Allahın birliyi deməkdir. Yaradılışdan kainatda yalnız tək bir həqiqi vücud vardır ki, o da mütləq və vacib varlıq olan Al­­lahdır. Bizim gördüyümüz digər şeylər Allahın vü­cu­­du­nu ta­­­nımaq üçündür.

Tövhid əslində bütün kamal sifərləri ilə Allah-təalanın tək­­­­­liyini bildirməklə hər şeyi Allah-təaladan bilməkdir. Əh­li-töv­­hid xeyri də, şəri də ancaq Allah-təaladan bilir. Töv­hid iç-içə iki pərdəsi olan qiymətli bir cövhərdir. Bi­rincisi, yəni, üst qabıq, ya pərdə dil ilə “La ilahə illəllah” de­məkdir. İkinci pər­də, dilin söylədiyini qəlbin inkar etmə­məsi, belə ki, buna ina­nıb təsdiq etməsidir.

Deməli, tövhid odur ki, Haqqu-sübhanə və təala bir­dir. Allah-təala birdir. Şəriki və nəziri yoxdur. Cümlə məxluqatı yox­­dan var edəndir və ibadətə layiq ancaq Odur. Doğmayıb və do­­ğulmayıb. Hec kəs ona bərabər deyil. Zatı-pakini əql və fikir ilə bilmək və düşünmək olmaz. Hər bir işə qüdrəti var. Ya­ra­dar, öldürər, dirildər. Hər bir gizli və aşkar əməl­lə­rimiz ona ayan­­dır. Bilir, görür, danışır, əzəli və əbədidir. Möv­cud olub, ola­­caqdır. Bizim kimi fani olmaz. Heç bir şeyə ehtiyacı yox­dur. Nə O bir şeydən ayrılıbdır, nə də bir şey Ondan.

Tövhid Allahdan başqa yaradıcı və mə’bud qəbul etmə­mə əsa­sına dayanır. Allah-təala bizi öz vahdaniyyətinə qayil ol­ma­ğa hökm edir və bir şeyi ona şərik verməkdən nəhi bu­yu­­rur. Yə­ni bir kəsi və ya bir heykəl və surəti Allah-təalanın şəriki, tim­salı bilib ibadət etmək batil və küfrdür. Yalnız Onun rəh­mi­nə ümid bağlamaq, qəzəbindən qorxmaq, verdi­yi nemətlərə gö­­­rə şükr etmək lazımdır.

Qullarına saysız ne’mətlər verən, onları hər yerdə və hər za­­man eşidib qoruyan, varlığının başlanğıcı, sonu olmayan, tək, bənzərsiz Allahımızın varlığında kimsəyə ehtiyacı yox­dur. Əksinə, hər şey var olmaqda ona möhtacdır.

Qurani-Kərim hər bir insanın kainatı yaradan və yük­səl­dən bir uca varlığın mövcudiyyətini qəbul edəcəyini öndə gö­­rür. İnsan məhz belə bir xüsusiyyətdə yaradılmışdır. Bu hökm bir çox ayələrdə olduğu kimi, “İxlas” surəsinin məz­mu­­nu­nda da bəyan edilir. Allahın vahdaniyyəti vurğulanan surənin məz­mu­nu belədir: “İqrar və etiqad edərik ki, Xü­da­vəndi-aləm bir və şəriksizdir. Zati-iqtidası daim və baqidir. Yəni, hər vaxt mövcud olub və olacaqdır. Cümlə möhtac­la­rın pənahı və ağa­sı­dır. Bir kəs Ondan və O bir kəsdən do­ğulub vücuda gəl­mə­yib­­dir. Eləcə də nə bir kəs Ondan ayrı­lıb, və nə də O bir kəsə bir­­ləşməyibdir.”

Hər bir işi başlayanda Allahın adı ilə başlamaq, bitirəndə Ona şükür etmək lazımdır. Allahdan başqa heç kəsə ibadət olun­­­maz.

Kəlmeyi-tayyibə kəlmeyi-tövhiddir. Yəni, “la ilahə illəl­lah” deməkdir. Əhli-təfsirin rəyincə, şəcəreyi-tayyibədən mu­­rad xurma ağacıdır. Allah-təalanı, yəni, kəlmeyi-tövhidi xurma ağa­­cına bənzətməkdə məqsəd budur ki, xurma ağacı hər vi­la­yət­­də olmadığı kimi, Kəlmeyi-tayyibə də hər kafirin, mü­na­fi­qin qəlbində əylənməz və qərar tutmaz .

Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs bir ərəbin (yol­çu­nun) səfər yeməyini hazırlasa, onun təqva ehtiyatına mən za­­mi­­nəm”. Bunu eşidən Salman Farisi soruşmuşdur: “Ya Rə­su­lul­lah, təqva ehtiyatı nədir?” Buyurdu: “Ölüm zamanı “La ila­hə illəlllah” demək. Əgər bunu desən, (axirətdə) bizi görərsən, de­məsən, bizi görməyəcəksən.” İnsan dünyasını dəyişərkən töv­­­hid kəlməsini (la ilahə illəlllah) dilinə gəti­rərsə, o imanlı və etiqadlı bir adam kimi dünyanı tərk edər. Əgər canvermə ha­­lında zəiflikdən dil danışmasa da, qəlbin imanını, təlqini ürək­­dən keçirmək kifayətdir.

Bir elm kimi tövhid batini elmdir ki, ona elmül-yəqin de­yir­­lər. Bu o deməkdir ki, bəndeyi-tariq (yolçu; Allaha doğ­ru ge­dən sufi) təsəvvüfün başlanğıcında elə bir vücudu yəqin bilir ki, o həqiqi mövcuddur, mütləq müəssir deyildir. Təsəvvüfün ilk şərti qəlbi Allahın zatından başqa hər şeydən təmizləmək, öz ruhanı varlığını Allahın varlığında əritmək, yox etməkdir.

Müsəlmanların hamısı əhli-tövhiddir. Allahı bir və tək, hər şeydən başqa bir zat, vacibəl-vücud bilib, sifati-vah­da­niy­yət ilə tanıyırlar. Bunlar Allahdan başqa Allah yoxdur, Mə­həm­­­məd onun peyğəmbəridir deyib tək, qadir, alim olan Al­laha itaət edirlər. Onun şəriki, nisbi, oxşarı yoxdur. Ğəni və eh­­tiyacsızdır. Cisim və rəng deyil. Bir məkanı və zamanı yox­dur. Bir kəsdən doğmayıb və bir kəsi doğmayıbdır. Hə­mişə olub və olacaqdır. Bu xəlayiqi yoxluqdan xəlq edib. Öldürən və qiyamət günündə dirildən və müjdə verəndir.

Etiqad Xüdavəndi-aləmin zati və sifətləri ilə bağlı olub Onun vahdaniyyətinə etiqad etməkdir. Vahid Allah tək, şə­rik­siz, bütün naqis sifətlərdən xali, sahibü-cəlaldır. Allahın əcza­dan və əzadan mürəkkəb olmamasına etiqad etmək la­zım­dır.

Ne­çə əsrdir ki, bəşəriyyət bu həqiqəti dərk etməyə ça­lı­şır. Nə­ticədə bəşəryyətə çox şey söləyən alimlər və onların hi­dayət işı­ğı olan cild-cild əsərlər meydana çıxmışdır. Belə şəxsiy­yət­lər­dən biri də Cəfəri məzhəbinin banisi, altıncı imam Cəfər əs-Sa­diqdir (ə). O, hicrətin 80-ci ilində Mə­­di­nə­də Rəsuli-Ək­rə­min (s) pak ailəsində dünyaya gəl­miş­dir. Ata­sı İmam Mə­həm­məd Baqir, anası Ümmül-Fərva bintü Qa­sim bin Məhəmməd bin Əbi Bəkrdir. 65 və ya 68 il ömr et­miş­dir. İmamlıq müddəti 33 və ya 34 il olmuşdur. İki ni­gah­lı əya­lından 7 oğul və üç qız atası olub. Hicrətin 148-ci il, Rə­cəb, ya Şəvval ayının 25-də xəlifə Mənsur tərəfindən zəhər­lən­mə­si nəticəsində vəfat edib. Bəqiədə atasının və ba­basının ya­xın­lığında dəfn edilmişdir.

İslam aləmini günəş kimi işıqlandırıb, cəhalət pərdəsini ya­­ran Həzrət Cəfər Sadiq (ə) ilk müsəlman dini-hüquqi mək­­tə­bi­nin banisidir. Sonralar dini görüşlərindəki ixtilaflara görə möv­­qeləri ayrılmış digər dörd islam məzhəbinin bani­ləri də bu mək­təbdən faydalanmışlar. Təsadüfi deyildir ki, imam Əbu Hənifə imam Cəfər Sadiq haqqında rəvayət­lə­rinin birində buyurmuşdur: “Xəlifə əl-Mənsur mənə: Əbu Hə­nifə, xalq Cəfər bin Məhəmmədə heyrandır. Onu yoxla­maq üçün ən çə­tin məsələləri tərtib et.” söyləmişdi. Mən onun üçün qırx mə­sələ hazırladım. Əl-Mənsurun hüzuruna get­dim. Cəfər bin Mə­həmməd xəlifənin sağında oturmuşdu. Onu gördükdə içimdə bir qorxu baş qaldırdı. Bu əl-Mən­su­run heybətindən deyil, Cəfər əs-Sadiqin heybətindən yara­nan qorxu idi. Salam verdim və xəlifə mənə oturmamı işarə etdikdən sonra, ona tərəf çev­rilib məni göstərərək: “Bu Əbu Hənifədir” – dedi. Cəfər əs-Sa­diq məni tanıdığını təsdiq etdi. Xəlifə mənə tərəf dönüb: “Əbu Hənifə, məsələlərini Cəfərdən soruş” – dedi. Mən hazırladığım məsələləri ondan bir-bir soruşdum. O, hər bir məsələni açıqlayaraq hətta bu mə­sələlər ətrafındakı fərziyyələr haqqında da məlumat verdi. O, qırx məsələnin hamısını cavablandırdı”. Əbu Hə­nifə bütün bunları xatırlatdıqdan sonra: “İnsanların ən bilik­lisi onların ixtilaflarını ən yaxşı biləndir” – demişdir. De­məli, imam Cəfər Sadiq belə bir biliyə sahib olduğuna görə­dir ki, o, baxışlar arasında bir barışdırıcı mövqe tutmuşdur. Onun fiqhi nə İraq, nə də Mədinə fiqhi ilə eynidir. O, özü­nə­məxsus bir fiqh meydana gətirmişdir.1

Başqa bir mənbədə isə yazır: “İmam Malik, Cəfər Sadiq­dən elm almışdır. O tez-tez imam Cəfərin məclisinə gedir, fiqh və hədis öyrənirdi. İmam Əbu Hənifə də Cəfərdən bir qisim rəvayətlərə görə dərs almışdır”.2

Allahın tək və şəriksiz olmasını bir daha təsdiq edən “Töv­­­hidi- Müfəzzəl” və “əl-İhlilicə” kimi əsərlər islam alə­min­­də məhz imam Cəfər əs-Sadiqin (ə) adı ilə bağlıdır. Mən­­bə­lə­rin ver­diyi məlumata görə, hər iki əsəri imam Cəfər əs-Sadiq dik­tə etmiş, Müfəzzəl ibn Ömər Əbu Abdullah Əbu Mə­həm­məd Cə’­­fi Kufi (Hicrətin I və ya II əsrinin orta­larında Kufədə dün­­ya­ya gəlmişdir) isə qələmə almışdır. O, imam Cəfər əs-Sa­di­qin (ə) və imam Musa əl-Kazimin (ə) əs­ha­bından olmuş, on­la­rın ya­nın­da yük­sək tutulmuşdur. Da­nı­şı­lanlara görə, mö’tə­zi­lə­­dən­dir. Oxu­cu­lara təqdim edilən əsər “Tövhidi- Müfəzzəl”ın tər­­cü­mə və şərh­idir. Seyyid Əli bin Tavus “Kəşfül-məhcə” və “Əmə­nül-əx­tar“da bu kitab­dan çıxış etməyi əmr etmişdir. Bə­yan edilir ki, o “əl-İhli­li­cə” risaləsinə uyğundur. Onların hər iki­si töv­hi­din isbatına aiddir.

Əllamə Məclisi (v.t. 1110). “Biharül-ənvar”ın tövhid bö­lü­­­mü əsəri özünün yazdığı şərh və bəyanı ilə ver­mişdir. Bö­yük həcmli şərh 2800 beytdən ibarətdir. Mövla Fazil əl-Müstəbsir Fəxrəddin Nəhri əsəri nəzmlə şərh etmiş və onu “Tərcümətü-tövhidi- Müfəzzəl” adlandırmışdır.

Mətnin “Tərcümətül-tövhidi-Sudduq” adlanan digər şər­hi­nin müəllifi Şeyx Məhəmməd Təqi Ağa Nəcəfi İsfəhanidir (v.t.1332). Fars dilində olan şərh 1297-ci (h) ildə nəşr olun­muş­dur.

Əsərin Mövla Baqir bin Mövla İsmail əl-Vaiz Gəcnuri Teh­­raninin (v.t. 1313) fars dilinə etdiyi trcüməsi müstəqil şə­­­kil­­də dərc olunmuşdur. Qardaşı Seyyid Məhəmməd “əl-Xə­sai­sül-Fatimiyyə”nin axirlarında cap olunmuş “Zübdə­tül-məa­sir” də xatırladır: O böyükdür və otuz məclisdən ibarət­dir. Onlar “Yə Müfəzzəl” müraciəti ilə başlanır. İyirmi min bey­tə qədər­dir”. Şeyx İsmayıl bin əl-Hacc Hüseyn ət-Təb­rizi əsəri fars­ca­ya tərcümə edərək onu “Tövhidnamə” adlan­dırmışdir. “Məs’ə­lə­tu gu” adı ilə də tanınan tərcümə iki min beytdən ibarətdir.

Məhəmməd bin Yaqub Kuleyni, Şeyx Müfid, Seyyid bin Tavus, Əllamə Məclisi, Sədrəddin Amili, Şeyx Abbas Qum­mi, Ağa Bozörg Tehrani, Ayətullah Xoyi kimi böyük islam alim­lə­ri­nin əsərlə bağlı rəyləri var.

Hacı Ağamirzə Badikubi “Tövhidi- Müfəzzəl”ı Azər­bay­­can türkcəsinə çevirmiş və şərh etmişdir. Əsər haqqında mə­lu­mat verməzdən əvvəl istərdim ki, oxucuları hələ adı Azər­bay­can mətbuatında bir o qədər də tanıdılmamış Əb­dül­kərim Ağa Badikubinin həyat və yaradıcılığı ilə tanış edim.

Yüksək xüsusiyyətlərə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətlərini qiymətləndirən və bunun qo­­­runması üçün çalışan şəxslər həmişə yüksək məqama çat­mış­­lar. Belə şəxsiyyətlərdən biri də Axund Hacı Əbdül­kə­rim Ağa Badikubidir.

Abdulla Şaiq xatirələrində yazır: «Xorasanda ruhani təh­sil alar­kən Bakılı Mirzə Əb­dül­kərimdən ərəb dilində mən­tiq, Mol­­la Məhəmməd Bağırdan isə poetikadan bəhs edən “Mü­təvvəl”i oxudum (Abdulla Şaiq. Xatirələrim. «Bakı» 1961, səh.91).

Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kən­­din­də Hacı Əhməd bin Ab­bas­ bin Ağamirzə bin Şeyx İb­rahim adlı bir şəxsin ailəsində dünyaya göz açmışdır. Onun əsil adı Ağamirzədir. Xorasana təhsil almağa gedərkən rus hökuməti sə­nəd vermədiyindən Əb­dülkərim adlı bir şəxsin sənədləri ilə gedir və sonralar bu ad ilə də məşhur olur. Hacı Əb­dülkərimin həyatı çox keşməkeşli olmuşdur. O, dünyaya gələndə birinin 27, digərinin isə 30 yaşı olan iki ögey qar­daşı var idi. Kiçik yaş­larında onlardan olmazın əziyyətlər gör­­müş­dü. Bunlardan baş­qa onun özündən 6 yaş böyük bir doğma qardaşı da var idi. 14 ya­şın­da ikən atadan yetim qa­lan Ağamirzə doğma qar­da­şın­­dan da çox əziyyətlər gör­müş­dü. Qardaşı onun oxumağa olan böyük həvəsini nəzərə al­ma­dan maddi ehtiyaclarını ara­dan qal­dırmaq üçün bağ-tor­paq işlərilə məşğul olmağını tələb edərdi. Odur ki, Ağa­mir­zə yaz ay­larını işləyər, qışda hamı is­ti­ra­hət edəndə dərsə ge­dərdi. İbtidai təhsilini maştağalı Hacı Mol­­la Əliməhəm­mə­din mədrəsəsində almışdır. Burada Qu­ra­ni-Kərim və fars di­lini mü­kəm­məl öyrənmişdir. Daha sonra Ba­­kıdakı Hacı Ha­cıbaba mədrəsəsində axund Molla Əzim­dən bir qədər sərf və nəhv, fiqh, məntiq, bəlağət və üsul elm­lə­rin­dən bəhrə­lə­nir. O vaxt Ağamirzə çox kasıb bir həyat sürürdü. Nə­ticədə çox zəifləyib ürək qısılmasına müb­tə­la olur. Elə hə­min vaxt Badikubəyə vəba düşür. O bəlaya tutulursa da, Allah-Təala­nın köməyi ilə xəstəlikdən xilas olur. Ali ruhani təhsil al­maq niy­yə­ti ilə Məşhədi-Müqəddəsə getmək is­təyir. Qardaşı ona mane olur. Çarəsiz qalan Əbdülkərim özü ilə qardaşı arasında bö­lüş­dü­rülməli olan bağat, əmlak, ticarət-dükan, ev və evdə olan əş­ya­lardan tamamilə əl çəkib qar­da­şı­nın ixtiya­rı­na verərək özü­nün bir neçə kitabını və yüz altmış ma­nat pulu (o vaxt yet­miş tümən irani edirdi) götürüb çox çə­tin­liklə ana­sın­dan icazə alıb, təqribən, 1894-cü il­də­ Məşhədi-Mü­qəddəsə yola düşür. Bu­ra­da bir sıra üləmanı axtarır. O Ağa­mirzə Hacı Mir­zə Abbasın ya­nında qalıb ondan fiqh, üsul, kə­lam və ri­ya­ziy­yatdan elm əxz edir. Burada qalaraq əv­vəlcə Məş­həddə Cə­fər­xan, sonra isə Xeyratxan məd­rə­sə­sində Xo­ra­san­ vilayətinin ən məşhur alimlərindən dərs alır. O, dərs al­maq­la yanaşı, mə­nim­sədiyi elm­­­lə­ri təhsilə yeni başlayan tə­lə­bə­lərə də öyrə­dir­di. Onun tə­lə­bələrindən biri də Azər­bay­ca­nın­ gör­kəmli şairi Ab­dulla Şaiq idi. Sonralar on­la­rın arasındakı us­tad tələbə mü­na­sibəti ya­xın­ dostluğa çev­rilir. Bakıya qa­yıt­dıq­dan sonra Ab­dulla Şaiq tez-tez öz usta­dı­na baş çə­kər­di. Axun­dun oğlu gör­kəm­li islam­şü­nas alimi­miz Əhmədağa Əhmədov Abdulla Şai­qin öm­rünün axı­rına qədər hər Novruz bayramının axşamı öz müəl­liminin yanına bayram mübarəkliyinə gəl­diyini söylə­yir­di.

Məşhəddə olarkən Hacı Əbdülkərim Ağa klinik ölüm ke­çi­­rir. Həmin yuxunun təfsilatını öz xətti ilə “lisanül-müs­tə­ği­sin” və “Halləlul-muşkilət” əsərlərinin sonunda “Bəndə­nin ölüm­­­dən sonrakı həyatı” başlığı altında yazmışdır.

Hacı Əbdülkərim Ağa 6 ildən bir qədər artıq burada qal­dıq­­dan sonra zə­manənin elm mərkəzi, Əhli-beyt elinin pay­tax­tı Nəcəfə yola düşür. Orada Mirzə Əb­dül­kə­rim ən məş­hur müc­­təhid və mərceyi-təqlidlərdən mərhum ayətullahul – üz­ma­lar Şeyx Mə­həmməd Həsən Maməqani (vəf.1906), Sey­yid Mə­həmməd Kazim Təbatəbai Yəzdi (1832-1919), Seyyid Mə­həm­məd Təqi Qəzvini (?) və Ayətullah Uzmə Seyyid Əbül­hə­sən İsfəhani Musəvi (1277-1365). Mirzə Əbdülkərimlə bir­lik­də Nəcəf şə­hə­rin­də­ onun daha iki həm­kəndlisi – Şeyx Hüseyn və Axund Mirələkbər də oxuyurdu. O, oxu­duğu müd­dət­də Nə­cə­fin müəllim və tələbə heyəti ara­sında böyük hörmət və nüfuz qa­zan­mışdı. Onların hər biri­nin Badikubiyə verdikləri ica­zə­na­mə­lər bu gün də Hacı ağa­nın şəxsi arxivində mühafizə olunur. İcazənamələrdə onun yük­sək əxlaqi keyfiyyətlərindən, islami biliklərə yiyələnər­kən tükənməz marağından, əldə etdiyi elmi nəa­liyyətlərin­dən söhbət açılır və onun artıq bir alim kimi ye­tiş­diyinə eti­mad göstərilir.

Hacı Əbdülkərim həmişəlik burada qalmağını qərar­laş­dır­mış­dı. Anasaı ara-sıra öv­ladına məktub yazıb vətənə qa­yıt­­ma­ğı­nı xahiş edirdi. Xahişini yerinə yetirmədiyini gör­dük­­də əmr yaz­dı ki, oğul, məni bundan artıq ayrılıq oduna yan­dırma. Öm­rü­mün sonuna az qa­lıb. Mənim dəfnimi biga­nə əlinə vermə. Əgər bu dəfə də sözümə əməl etməsən, ana­lıq haq­qımı sənə ha­­lal etmərəm. Ömrünü ərəb və fars dil­lərini, zəngin Şərq mə­də­niyyətini, islam dinini, onun ideo­lo­ji, etik və siyasi əsas­la­rı­nı, müsəlman hüququnu öyrənməyə və öyrətməyə sərf etmiş Ha­­­cı Əbdülkərim Ağa Badikubi bu dəfə anasının təkidini yerə sa­la bilməyib, ətrafındakı ağalar ilə halallaşıb,1905-ci ildə və­tə­­nə qayıdır.

Əbdülkərim Ağa 1907-ci ildə xalası qızı Məşhədi Höku­mə xanımla ailə həyatı qurmuşdur. 1908-ci il­də­ həcc ziya­rə­ti­nə gedir, qayıdandan sonra ona Hacı ağa deyə müraciət edir­lər. 1910-1920-ci illərdə Hacı Mirzə Əbdülkərim Ağa Maş­­ta­ğa kəndindən əlavə Bakı şəhərində də iş­ləyirdi. Bakı camaatı onu İçəri şəhərdəki Hacı Şeyx Əli və Təzəpir məs­cidlərində moi­­zə­lər oxumağa dəvət edirdi. O zaman rus hö­ku­mətinin Maş­­ta­ğa­da təyin etdiyi dörd nəfər “mol­la” adlan­dırılan kəslər kən­din bəzi baş­çılarını öz tərəflərinə çəkib onu məhv etmək üçün hər va­si­tə­yə əl atırdılar. Nəhayət onun dövlətə və millətə bədxah bir şəxs olduğunu, on­dan bö­yük fəsadlar gözlə­nil­di­yin­dən məh­­vi­nin labüdlüyünü israr edən bir ərizə yazıb im­za­la­ya­raq hö­­ku­mət mərkəzinə təslim etdilər. Bundan sonra bir-bi­ri­nin ardınca vilayət əh­linin zər­bələrinə düçar olur. İş o yerə ça­tır ki, 1908-ci ildə Tiflisə ge­dib Şeyxülislamın yanında komissiyanın qar­şı­sında 11 fən­­dən ibarət imtahan verir. Çox uzun çə­kən im­ta­han­dan sonra ona ali dərəcədə olduğunu təs­diq­ləyən vəsiqə ve­rirlər. Bun­dan sonra gəlib öz yerində qərar tutur. O moi­zə­lə­rin­də bəzi fa­na­tik­ ruhanilərin şəriətə zidd əməlləri ca­maat ara­sın­­da yaymasına qarşı ciddi mübarizə apa­rır­dı. Mil­yon­çu və ta­­cir­lə­ri zəkat verməyə kasıblara əl tutmağa, qoçu­la­rı isə xal­qın əm­lak və namusuna ehtiram göstərməyə çağırırdı.

20-ci illərdə sovet rejimi gücləndikdən sonra dinə qarşı hü­­cumlar kəskinləşir. Bu təz­yiqlər Hacı ağadan da yan keç­mir. 1927-ci ildən etibarən Mirzə Əbdülkərim məs­cid­lər­dən­ uzaq­­­laşdırılır. Repressiya illərində Hacı ağanı «qolçomaq­lar» siyahısına salıb səs­ver­mə hüququndan məhrum edirlər. Say­sız-hesabsız təqiblər zamanı özünün bir çox sənədlərini məhv edir. Nəhayətdə ev-eşiyindən sürgün edilərək, 1933- 1936-cı illərdə ailəsi ilə birlikdə Xırdalanda kirayənəşin kimi yaşamaq məc­bu­riyyətində qalır. Maştağaya qayıtdıq­dan sonra ev dustaği ki­mi guşənişin həyat keçirən Hacı ağa saysız əziyyətlərdən son­ra 1961-ci il iyun ayının 20-də vəfat edir. Öz vəsiyyətinə görə Maştağa kəndinin «Sey­yidlər» məhəlləsindəki qəbristanlıqda dəfn edilib və qəbrinin üzə­rin­də məqbərə ucaldılıb. Məqbərədə 1965-ci ildə dünyasını dəyişmiş xanımı Hökumə xanım və oğ­lu Əhmədağa Əhmə­dov­la yanaşı uyuyur.

Hacı ağanın iki oğul, iki qız övladı olub. Təbii ki baş­çı­sı­na “qolçomaq” damğası vurulmuş bir ailənin uşaqlarının so­vet məktəblərində təhsil almasına icazə verməzdilər. Odur ki, təh­sil­­dən uzaqlaşdırılan Bəhiyyə və Ətiyyə adlı qızları­nın ilk müəl­­­limi Ağa özü olub. Sonralar təhsillərini öz evlə­rində açıl­mış kursda davam etdirmişlər. Böyük qızı Bəhiyyə xanım 1974-cü ildə xəstəlikdən dünyasını dəyişib. Kiçik qı­zı Ətiyyə xa­nım isə ömrünün 92-cı baharını yaşayır. Bacı­la­rın təhsil al-ma­masına baxmayaraq, sanki övladları onların da hayıfını çı­xa­­raq hamı ali təhsil almış və respublikanın müx­təlif sahə­lə­rin­­də bacarıqla çalışırlar.

Hacı ağanın kiçik oğlu Əliağa da ilk təhsilini atasından alıb. Son dərəcə təqvalı olan bu gənc orta məktəbi bitirdik­dən sonra az müddət Maştağa Cümə məscidində açılmış tikiş fab­ri­kində çalışıb. O vaxt dini ibadətlərə əməl etmək qadağan idi. So­vet müəssisəsində çalışmasına baxmayaraq, üzərində nəza­rət olmasını bildiyi halda, ibadətindən qalma­yır, oruc tutur, na­maz qilirdı. Çalışırdı ki, bunu rəhbərlik duy­masın. Sağlam dü­şün­cəli, qəlbi saf arzularla döyünən Əliağanı çox keçmir ki or­du sıralarına çağırırlar. II Dünya müharibəsinin qızğın vaxtı idi. O, müharibədən qayıtmayır.

Əbdülkərim Ağanın böyük oğlu Əhmədağa Əhmədovu bu gün nəinki respublikamızda, onun hüdudlarından kənar­da belə, tanıyırlar. Texniki elmlər namizədi olan görkəmli alim öz ix­ti­sas sahəsi ilə yanaşı, ədəbiyyat və ilahiyyata dair əsərləri ilə də tanınmaqdadır. Belə ki, o, “Nizami-elmşü­nas”, “İslamın əsas­la­­rı”, “İslam əxlaqı”, “Nikatül-Quran”, “İs­lam təlimi”, “Ərəb əlif­­bası”, “Allahın hüccətləri”, “Dü­rəf­şan kəlamlar”, “Camei-Əb­­­basi” (Farscadan tərcümə) və s. kimi 20-dən artıq əsərin müəl­­­lifidir. Görkəmli alim, gö­zəl, xeyirxah insan, el ağsaqqalı, hamının məsləhətçisi, şə­riə­ti­mizin bilicisi Əhmədağa Əh­mə­dov ata-baba ocağının çı­ra­ğını yandıran sonuncu sakin idi. 2008-ci il mart ayının 21-də sübh azanının bitdiyi vaxt o öz haqq dünyasına qo­vuş­du.

Axund Hacı Əbdülkərim Ağanın yaradıcılığı onun öm­rü­nün son mərhələsinə təsa­düf­ edir. Bunun da səbəbləri var­dır. Başlıcası odur ki, o gəncliyini təhsilə sərf etmişdir. Və­tənə qa­yıt­dıqdan sonra rus hökumətinin təyin etdiyi «dindar­lar» onun ru­hani kimi fəa­liy­yətini həmişə nəzarət altında saxlayırdılar. Odur ki, burada elmi yaradıcılıqla məşğul ol­maq­ qəti mümkün deyildi. Məscidləri fabriklərə, anbarlara çe­virən sovet höku­mə­ti qu­rul­duq­dan sonra ruhanilərə tutu­lan divan daha amansız oldu. Hökumətə can-başla qulluq edən­­lər öz fəaliyyətlərini da­ha qabarıq nəzərə çatdırmaq üçün «Allahsızlar» cəmiyyəti ya­rat­­mışdılar. Bu cəmiyyətin başlıca vəzifəsi dinə və dindarlara qarşı mübarizə aparmaq idi. Be­lə bir dövrdə ev dustağı olan Əb­dülkərim Ağa müx­tə­lif dini mövzuları əhatə edən altı əsər yaz­mış, bir əsəri isə tər­cümə və şərh etmişdir. Bunlar aşağı­da­kı­lardır:

1.Lisanül-müstəğisin – 1946; 2. Halləlül-müşkilət – 1948; 3. İr­şadüş-şəbəb – 1949; 4. Gülzari-Hüseyni – 1955; 5. Sı­ra­tül-müs­təqim – 1955; 6. İrşadül-mütəhəyyirin – 1954; 7. Mə­nə­zi­lüs-salikin – 1947 (tərcümə və şərh).

Bunlardan başqa Hacı Əbdülkərim Ağa uşaqlar üçün “Ada­­bül-ətfal”, “Şəriətül-ət­fal” və “Əqaidüs-sibyan” adlı ki­çik həcm­li dərsliklər də yazmışdır ki, onların yeganə əl­yaz­ma nüs­xə­ləri müəllifin sağlığında itmişdir. Hacı ağanın Azərbaycan, ərəb və farsca yaz­dığı bir neçə mərsiyə, qəzəl və rübaisi onun gözəl şer təbindən xəbər verir.

Hacı ağa Badikubi gözəl xəttat olub. Bu onun əlyaz­ma­la­rın­dan da görünür. O, otuz cüz Öur’anı iki dəfə ayrı-ayrı cüz­lər halında tam köçürtmüşdür. Bu gün onun kitabxa­na­sında yal­­nız bir nüsxə mövcuddur. Birbaşa, qaralamasız yaz­dığı əsər­­lərinin qələmini də, mürəkkəbini də özü hazır­layırdı. “Gül­za­rı-Hüseyni”nin müqəddiməsində yazır: “Sa­biq­də olan qələm bu zamanda ələ gəlməyib. Hər ələfdən qələm tərtib verib bir kəl­mə yazınca, islanıb xətt zaye olar. Xülaseyi-maqsud budur ki, hər yerdə xələl gördün, qüsura aid etgilən.”


***
İnsan zəkası içində yaşadığı cəmiyyətdəki əşya və hadi­sə­lə­ri qavramağa çalışır. Bu insanın fitrətindən irəli gəlir və bir çox məlumatların əldə olunması ilə nəticələnir. Fəlsəfə aləmi bir bütün halında izah etmək, bütün hadisələri anlat­maq üçün elm qruplarının üzərinə yüksələn bir cəhddir. Fəl­səfənin me­to­du ağıldır. Ağıl təməl deyil, məhz fəlsəfənin alətidir. Biz kəl­mə­lər ilə düşünürük. Belə bir halda, düşün­cəmizin aləti tən­qid­dir. Fəlsəfə var olan şeyləri tənqid et­mək­dən ibarət olduğu üçün təmas etmədiyi bir mövzunun olmaması baxımından çox geniş bir sferası olduğu da mə­lum­dur.

Təbiət fəlsəfəsi adı altında Təbiiyyun (naturalistlər), Mad­­diy­yun və ya Dəhriyyun (materialistlər), Batinilər və bir çox tə­mayülləri birləşdirməyə çalışan İxvanüs-səfa nü­ma­yəndələri öz fikir və düşüncələri ilə bu aləmin yaranışı, kainatda cərəyan edən hadisələrin, cəmiyyətdəki davranışlar və s. barədə özlə­ri­nə məxsus mövqedə durmuşlar.

İslam dünyasında ilk fəlsəfi cərəyan olan naturalistlər mad­­di dünyanın xaricində ruh və Allahı qəbul edir, Allahın hik­­mətinin Onun yaratdığı əşyada təcəlli etdiyini söyləyir­lər. Canlı varlıqları idrak etmək nəfsin varlığını göstərir. Bəzi var­lıq­larda mövcud olan ağlın varlığı hər şeyi yaradan üstün bir ya­­radıcının varlığına dəlalət edir. Təbiiyyun fəlsə­fəsinə görə, bü­tün varlıqların ilki saf, bəsit bir nurdur. O maddə və nəfs öz za­­tının iqtidasıyla yaranan ilk varlıqdır. Ruhun ölməzliyini qə­bul edən naturalistlər maddəçilərdən uzaqlaşdıqları kimi, ru­hun bədəndən bədənə köçdüyünü təs­diqlədiklərinə görə də kə­lam­­çılardan ayrılırlar.

Maddəçilər (dəhriyyun) aləmin əzəli olub, yaradılmadı­ğını id­dia edirlər.Onları Mülhid, Hissiyyun və ateistlər kimi də ad­lan­dırırlar. Əsas fikirləri aşağıdakılardır:



  1. Hər varlıq maddidir. Maddədən ayrı və müstəqil ruh yoxdur.

  2. Kainat və Tanrı birdir. Kainatdan ayrı şüurlu və iradə sahibi bir yaradıcı yoxdur.

  3. İnsanın varlığı külli varlığın bir nəticəsidir. Bu sə­bəb­dən insan psixoloji bir şəxsiyyət deyildir. Ruh elm­dən sonra fərdi bir varlıq olaraq davam etməyir, külli varlığa qarışır.

Müsəlmana görə yerin və göyün tək yaradıcısı və ida­rəe­di­­­cisi Allahdır. Təklik yalnız Allaha aiddir. İkilik xüsu­siyyəti olan nə varsa, Allah ola bilməz. Tövhidin mahiyyəti ondan iba­­­rətdir ki, ürəyinə gələn hər şeyin Allah olmadığını biləsən, on­­ların şəriki və tayı olmayan bir Allah tərəfindən ya­ra­dıl­dı­ğı­nı qəbul edəsən. “Tövhidi- Müfəzzəl”ın da möv­zusu buradan gö­­türülmüşdür. Əsəri Azərbaycan türkcəsinə tərcümə və şərh edən Badikubi onu “Mənazilüs-salikin” ad­landırmışdır.

Əsərin yazılma səbəbi belə verilir: Müfəzzəl bin Ömə­rin rə­­vayətinə görə bir gün o Rövzada Minbəri – şərif ilə Qəbri – şə­­­rif arasında oturarkən İbn Əbil – Övcə gəlib Rövzada əy­lə­şir və başlayır qarşıdakı qəbirdə dəfn olunmuş mərhum haq­qın­da danışmağa. Həmin şəxs mərhumu ən ali sözlərlə tərif­lə­yə­rək deyirdi: “O, feyləsuf idi. Çox böyük mərtəbə iddia ey­lə­di. Bu müd­dəasına möcüzələr gətirdi ki, əqillər onda məbhut qaldı. Fi­kirlərin dəryasında qərq oldu. Zaman ki aqillər, fə­sih­lər və xə­tiblər onun dəvətinə icalət qıldılar, insanlar fövcə-föv­cə onun di­ninə daxil oldular. Müttəsil eylədi öz ismini Allahın is­miy­lə... Bu mövcudat ehmal üzrə olub, nə bunların xaliqi var, nə təd­biri. Hikmət üzrə olublar. Bəlkə əşya özü-özünə mü­­tə­kav­vin olub, be­duni müdəbbiri-sani. Belə olub, belə də ola­caqdır. “Mü­fəz­zəl tutarlı dəlillərlə onların cavabını verib sü­buta yetsə də, məsciddən fikirli çıxır və İmam Ağanın (ə) ya­nına gedir və əh­valatı Ona danışır. İmam Ağa Cəfər Sadiq (ə) sabah ya­nına gəl­məsini tapşırır.

Səhəri gün Müfəzzəl qələm kağız götürüb İmamın (ə) hü­zu­runa gedir. Onu öz hücrəsinə aparıb bir gün öncəki söh­bət­lə­rinə davam edərək buyurur: “Yə Müfəzzəl, düzdur ki, Allah – təa­la var idi, heç bir şey ondan sabiqdə yox idi və baqi olacaq heç nə həyati olmayanda. Pəs onun üçündür həmd o nemətə gö­rə ki , bizə ilham edib. Və onun üçündür şükr o şeyə görə ki, bizə əta qılıb. Bedürüst ki, şəkk edənlər bilməyiblər xilqətin sə­bəblərini və maqsudunu. Qasir olub fəhimləri.”

Onların söhbəti xeyli davam edir. Müfəzzəl bütün söh­bə­ti yazır. Nəticədə “Tövhidi- Müfəzzəl” adlı bir əsər ər­səyə gəlir.

Axund Hacı Mirzə Əbdülkərim Ağa Badikubi risaləni azə­ri türkcəsinə çevirmiş və onu şərh etmişdir. Müəllif 1366/1947 -ci ildə tamamladığı şərhini “Mənazilüs-salikin” adlan­dır­mış­dır. Abidə dibaçə, dörd mənzil, 16 məclis və xa­timədən iba­rət­dir.

Əbdülkərim Ağa dibaçədə yazır: “İnsan iqlimi-vücuda qə­dəm qoyduğu saatdan müsafirdir. Hər nəfəsdə bir qədəm və hər saatda bir fərsəx və hər gündə bir mənzil məqsəd tə­rəfinə teyyi-məsafət etməkdədir. Bu məsafət iki cəhətdən­dir: biri bə­dən və cismaniyyət, digəri idrak və ruhiyyət cəhətindən”. Ri­sa­lə boyu hər iki məsafətin açıqlanmasından bəhs edildiyinə gö­rə tərcüməçi abidəni “Mənazilüs-salikin” (“Yol gedənlərin mən­zilləri”) adlandırmışdir. Badikubi da­vam edərək yazır: “Am­ma cismaniyyət cəhətindən budur ki, həmən ki bətni – üm­midə ona ruh dəmidə oldu, mənzili-cəniniyyəyə nazil oldu. O vaxt ki bu dari-dünyaya gəldi, mənzili-raziyyəyə nazil oldu. Bəad mənzili-tufuliyyə, sonra mənzili-sübuvvətə, sonra mən­zi­li-rahiqmə, sonra mənzili-rücumiyyətə. Və hakazə mənzili- mün­təhi ömrünə kimi. Və bu məzkur mənazilin ibtidasında bu in­san acizi-sərt, nə­ha­yətdə zəif, bir cüzi hərarətdən, ya bü­ru­dət­dən mütəəssir olur. Əgər havada bir saat ondan qafil olalar , hə­mən saatda həlak olacaqdır.

Pəs anan fəanan bu mənazildə bədən qüvvət peyda qılıb hər mənzili-sabiqdən mənzili-lahaqqa müntəqil olanda bə­dən qə­viləşib ta müntəhi dərəcəyə nümüvvə yetişər. Təqri­bən otuz sinninə yetişəndə və ta qırx sinninə kimi hali-nü­müvvdə mü­has­sib edib bəad əz an mənzili-zübulə yetişib ta axiri-ömrünə ki­mi zübulda teyyi-mənazil edib, ta ki, dünya­nı vida qılar”. Be­­ləliklə, insan cismani olaraq ana bətninə düşdüyü andan öm­rünün sonunadək keçdiyi həyat mərhə­lə­ləri bəyan edilir.

Ruhani müsafirata gəincə yazır: “İnsan hali-cəniniyyədə əslən və qətən bir şeyə alim deyil. Vəqti ki dünya mənzilinə qə­dəm qoydu, fəqət qüvveyi-lamisə və basirə varıdır. Cəmi mə­­­lumata cahildir. Anbaan və saatbasaat əqləniyyət mən­zil­lə­rin­də teyyi-məsafət edib mərifət kəsb etməkdədir. Pəs bi­rinci gün ətrafda olan kimsələrə mümasət etməklə anasıyla digər­lə­ri­­nə fərq qoyur. Ta ki həddi-təməyyüzə yetişib nikü-bədə tə­məy­­­yüz verir. Ta ki qabili-təlimi ümum olur.

Birinci məclis İbn Əbi Övcənin mücadiləsindən və Həz­rət Sadiqin (ə) təlimindən bəhs edilir. Burada insanın xilqə­ti­nin key­fiyyətləri, körpənin ağlamağindakı, habelə, insanın bədən üzv­­lərindəki hikmətdən, onun ehtiyac duyduğu şeylə­rin məq­səd­­li yaranışından və s. danışılır. İkinci məclisdə fil, zürafə, mey­­mun kimi heyvanat və balığın vücudundakı hik­mətdən söh­­bət açılır. Üçüncü məclis insanı əhatə edən aləm, kainat, qa­­laktika haqqındadır. Dördüncü məclis havadisdən bəhs edir.

Abidənin məğzi qədim, tək, əzəli və əbədi olan Allahın tək­­liyini, vahdaniyyətini, bütün mövcudatın xaliqi olduğunu sü­­but etməkdir. Belə məqamlarda tibb elmindən gətirilmiş nü­mu­nələr VIII əsrdə qələmə alınsa da bu günkü elmlə üst-üstə düşməsində maraqlıdır.

İnsanın xilqətindən bəhs edən mənzildə yazılır: “Tədbir olu­­nur insan ananın rəhmində üç zulmətin altında: zülməti-bətn, zülməti-rəhm və zülməti-məşimə... Pəs o halda heyzin qa­­nında ona ğəza gəlir. Necə ki , nəbatata sudan ğəza gəlir. Bu hal ilə olar ta ki, xilqəti tamam olub, bədəni möhkəm və dərisi qə­vi olub hava ilə mübaşirat etməyə və gözü qəvi olub, işıqla mü­başirat etməyə. Və o halda anasına talaq həyəcanı edib cə­ni­ni yerindən qoparıb şiddətlə xaricə varid olunar. Ta ki, mü­tə­vəl­lid olar. Pəs o anda ki, onun ğəzası idi heyz qanı, münqəlib olub anasının pestanına. Tamı və rəngi dönüb süd olub, bir əla­­­hiddə ğəza olub, cəmi ğəzalardan üstün olaraq hacət mə­qa­mın­da ananın pestanından ona yetişər. O vaxtı mövlud oldu, di­lini çıxarıb ağzının ətrafında dolandırar süd yemək üçün. O halda ananın pestanını şərbə kimi görüb vəqti-hacətdə ğəza əxz edər. Pəs madam ki, bədəni rütubətli və yumşaq, ba­ğır­saq­ları nazikdir, onun ğəzası budur. Vəqti ki hərəkətə gəldi, bə­də­ni­nin bərk olmaqına görə bərk yeməklər çeynəyə bilər ki, rahət və əshəl. Habelə, adət üzrə bu halda əgər zükurdursa, üzünə tük zahir olur. Kişilik əlaməti olub səbuyyətdən çıxmış olsun. Əgər ünsədir, onun üzü tükdən xali qalar. Ta ki, behcət və nə­zarəti olsun. Ta ki zükurları hərəkətə gətirsin.

Allah-Təala nəbatatı susuz icad edə bilər, lakin su vasitəsi ilə yaradır. İnsanı Adəmi (ə) yaratdığı kimi yarada bilər, lakin ya­­rat­dıq­­larının əşrəfini göz görməyən, əl yetməyən uşaq­­lıqda, onun bütün bədəninə lazım olan hər əzasını yerində ya­radır. Müəllif həmçinin qeyd edir ki, uşaqlıqda olan cəninə heyz qa­nın­dan qida çatmazsa, tələf olar. Eləcə də yenicə do­ğul­muş kör­pəyə süddən başqa qida verilərsə, bədəninə na­mü­na­sib olub ona əzab verər. Vaxtında diş çıxartmazsa, yaşina uy­ğun ye­mək­lər yeyə bilməz. Bu vaxt onun bədəni bərkiməz və hə­rə­kət­dən qalar. Belə olan halda anası yalnız onunla məş­ğul olub, di­gər övladlar dünyaya gətirib tərbiyə edə bilməz. Əgər vax­tın­da üzünə tük bitməzsə, (Bunun da səbəbləri vardır. Birincisi odur ki, ata və ana cima vaxtı lazımi adaba əməl et­mə­giblər. İkinci hal odur ki, Allah-Təala onun nəfsində xə­bis­­lik ola­ca­ğı­nı bildiyinə görə hələ dünyaya gəlməmişdən ona cə­za ver­miş­dir) uşaqlar və zənənlər heyətində qalıb vüqar və əzə­­­­mətdən məh­rum olar.

Bəs Allah-təala körpəni ağıllı halda dünyaya gətirə bil­məz­­­dimi? Bu halda o özünü çox çətin hala düşmüş görərdi. Çün­ki özünü süd əmən, əskiyə bükülmüş və nəcasətə aludə ol­muş görəcəkdi. Əgər ağlı kamil, bədəni möhkəmlənmiş hal­da dün­yaya gəlsə idi, ata-analar övlada tərbiyə verməyin şi­rin­li­yi­ni duymaz, övlad valideynə, valideyn övlada mehr salmazdı.

Ağız suyunun mahiyyəti barədə yazır: “Ağız suyunun və on­da olan mənfəət ki daima ağızın içində caridir, ta ki həlq və hə­vati islada ki, əgər bu üzvlər quruya, insan həlak olar. Təamı yeməkdə əgər ağızda bu su olmasa, təam çeynəmək və udmaq mümkün olmaz....”

Uşaqların ağlamağının onların damaqlarında rütubətin ol­ma­sı ilə bağlı olduğunu qeyd edir. Həmçinin qeyd edir ki, əgər o rütubət onlarda qalarsa, böyük fəsadlar və ağrılara səbəb olar. Ata-ana çox vaxt uşağın ağlamağının səbəbini bilmədən onu sakitləşdirməyə çalışirlar. Lakin belə uşaqlar böyüyərkən onlarda səfehlik, dəlilik və sayıqlama kimi digər hallar mü­şa­hi­də olunur. Elə buna görə də Həqqi-təalanın əmri ilə hələ kör­pə ikən onun ağzından su axıdır.

Bədən üzvlərindən hər biri haqqında danışarkən qeyd olu­­nur: “Əllər tutub götürmək, ayaqlar yerimək, gözlər gör­mək, mədə ğəzanı həzm etmək, ciyər ğəzada hasil olanı saf və xa­lis etmək, münafiz (çıxış) ğəzanın fuzulunu xaricə çı­xart­maq, fərc nəslin baqisi uçundür.”

Xatimədə müəllif risalənin islam ümməti üçün əhə­miy­yə­ti­ni qeyd edərək yazır: “Hər bəsirət sahibi təəssübdən sərfi-nə­zər qilib insaf nəzəri ikə xəbəri-şərifin məzamini-şərifəsinə nə­zər edə, bişübhə Xaliqin vücuduna və mövcudatda qərar ver­di­yi hikmət və məsaliha mütəyəqqin olub səadəti-əbədiyyə kəs­bi­nə müvəffəq olacaqdır.”

Əsərlə tanış olduqca, heç nəyin səbəbsiz yaranma­dığı­na, bü­tün kainatın vahid, mərkəzi bir qüvvə tərəfindən idarə olun­du­ğuna şübhə yeri qalmır. Bu idarə mərkəzi yüksək də­rəcədə aqil, kamil, mahir və hər şeyə qadir bir vücuddur. Bu vücuda Allah deyirik.

Abidə qara mürəkkəblə, gözəl və səliqəli nəsxlə yazil­mış­dır. Başlıqlar qırmızı mürəkkəblədir. Badikuninin qara­la­­ma­sız, birbaşa yazmış olduğu bu əsərinin yeganə avtoqraf nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnsti­tu­tunda mü­ha­fizə olunmaqdadır.

209 vərəqdən ibarət olan həmin mənbəni çapa hazir­la­yar­kən müəllifin vəsiyyətinə görə üslubunu qoru­ma­ğa çalış­mışıq. Şərhçinin özünün tərtib etdiyi kimi ərəbcə mətn his­sə-hissə ve­rilir, hər bir hissədən sonra tərcüməsi və şər­hi açıq­lanır. Son­da çətin anlaşılan ərəb və fars sözlərinin lü­ğəti verilmışdir.



Zəkiyyə Əbilova (Babayeva),

ilahiyyat üzrə fəlsəfə doktoru
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə