“Mən özüm özümə qiymət verə bilmərəm”




Yüklə 85.85 Kb.
tarix23.02.2016
ölçüsü85.85 Kb.

“Mən özüm özümə qiymət verə bilmərəm”

Qaynar.info    \     18-07-2010



Akif Əli: “Baş nazir Artur Rasi-zadə on dördüncü ildir ki, şənbə-bazar, bayram-istirahət demədən Azərbaycan naminə çox sıx qrafiklə gərgin işləyən yüksək bir dövlət xadimidir

Qaynar.info- nun “Qaynar qonaq” rubrikasında bu dəfə oxucuların suallarını Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri, yazıçı-publisist, fəlsəfə doktoru Akif Əli cavablandırır

1. İran Türkü:  – Salam, Akif Əli! Sualım mədəniyyətlə bağlı olacaq. Müşahidələrimdən belə bir nəticə əldə etmişəm ki, Azərbaycan kinosunun tənəzzülü kinoya elektron musiqi ayaq açandan sonra başladı. Simfonik orkestrin əvəzinə bir-iki sintezatorla keyfiyyətli kino əsəri yaratmaq mümkündürmü? Məncə kinonu dirçəltməkdən ötrü Azərbaycan simfonik müsiqisini dirçəltmək lazımdır. Bu barədə və ümumiyyətlə Azərbaycan kino və musiqi mədəniyyətinin hazırki vəziyyəti barəsində Sizin fikirlərinizi bilmək istərdik.

Akif ƏLİ: – Təşəkkür edirəm. Ancaq inanın ki, sintezatorla kino tamam başqa-başqa fəaliyyət növləridir və ümumiyyətlə, kino yaradıcılığında musiqi ən yaxşı halda 6-cı dərəcəli məsələdir. Hətta təsəvvür edin ki, yüz il bundan qabaq, Lyümer qardaşları kinonu təzə yaradıb dünyaya yayandan sonra Maks Linder, Çarlz Spenser Çaplin, Sergey Eyzenşteyn, Vsevolod Pudovkin kimi ustadların şedevr sayılan filmlərində yerli-dibli səs yox idi. Lal idi filmlər… Odur ki, kinonun dərdi başqa sintezdədir… (Bununla belə Sizin simfonik musiqiyə marağınız hörmətəlayiqdir.) Müasir Azərbaycan kinosu və musiqisi barədə mənim daha geniş fikirlərimi bildirməyim üçünsə təəssüf ki, burada meydan kifayət deyildir. Kaş kulturologiyadan, Azərbaycan və Dünya mədəniyyəti tarixindən ali məktəb auditoriyalarında oxuduğum mühazirələrə qulaq asaydınız…



2. Vasif Quliyev:  -Akif Əli gənc yazarlarla AYB-nin savaşında kimin yanındadır və niyə?

Akif ƏLİ:  – Bu sualın cavabı çox geniş və dərindir. Görünür, sualın müəllifi ədəbiyyat və mətbuat məkanı ilə öz arasında  mütəmadi məsafə saxlamağa üstünlük verənlərdəndir. Çünki bu mövzu həm zamanında mətbuatda Akif Əlinin də iştirakı ilə uzun müddət gündəmdə dartışılıb, həm də mənim sözügedən savaşla bağlı  mövqeyim 2006-cı ildə qələmə aldığım “Üçüncü yazı” adlı pamfletvari ədəbi-bədii-elmi-sənədli-publisistik kollaj tipli kitabımda tam təfərrüatı ilə əksini tapıb.



3. Nazilə:  -Seçim etməli olsanız, ədəbiyyatı seçərsiniz, yoxsa məmurluğu?

Akif ƏLİ:  – Seçimə ehtiyac yoxdur, xanım. Məmurluq və ədəbiyyat (üstəlik elm, pedaqoqika) bir-birlərini istisna etməyən, bəlkə də əksinə, qidalandıran intellektual fəaliyyət sahələridir. Və hər ikisinin uğurlu sintezinə dair hələ Nəsirəddin Tusidən üzü bəri dünyada çox nümunələr olub… Amma oxşar soruya ən yaxşı cavabı böyük rus yazıçısı, doktor Anton Çexov verib!



4.  Tahir Ələkbərov:   -Salam Akif müəllim. Nazilər Kabinetinin mətbuat xidmətinin rəhbəri olaraq sizə nazirliklərin mətbuat xidmətlərinin fəaliyyətsizliyi ilə bağlı narazılıqlar daxil olurmu və mümkünsə deyin kimlərdəndi?

Akif ƏLİ:  – Təbii ki, bizə ən müxtəlif mənbələrdən ən müxtəlif xarakterli informasiyalar daxil olur… Lakin indiki halda sualın mahiyyəti üzrə yalnız onu deyə bilərəm ki, mərkəzi və yerli icra strukturlarının mətbuat xidmətləri, ictimaiyyətlə əlaqə qurumları öz səlahiyyətləri daxilində üzərlərinə qoyulan funksiyanı lazımi səviyyədə yerinə yetirir və rəhbərliyin tapşırıqlarını məqbul qaydada yerinə yetirirlər.



5.  Nuridə Baxışova:   -Akif müəllim, uzun müddət Baş nazirlə birbaşa təmasda olan adam kimi onun hansı xüsusiyyətini qeyd edə bilərsiniz ki, maraq doğursun və digər məmurlara nümunə olsun?

Akif ƏLİ:   – Baş nazirin yüksək alicənablığı, ziyalılığı, dəqiqliyi, işgüzarlığı, vətənpərvərliyi (xüsusən xarici missiyalarla danışıqlar zamanı müstəqil Azərbaycan dövlətinin mənafeyi və Qarabağ məsələsindəki ardıcıl prinsipiallığı), biliyi, təcrübəsi, sadəliyi, təmizliyi, təvazökarlığı – ümumən hər bir insanın diqqətini cəlb edəcək nümunəvi xüsusiyyətlərdir. Digər məmurlara gəlincə nəzərə alın ki, hər hansı dövlət qulluqçusu ilk növbədə zəruri mənəvi-intellektual meyarlara və etik davranış qaydalarına riayət etmədən öz görəvini yerinə yetirməkdə çətinlik çəkər.



6. Anar Gəraylı:  – Artur Rasi-zadə haradadır? Son dəfə onu nə zaman görmüsünüz?

Akif ƏLİ:  – Sən problemli adama oxşayırsan, Anar!.. Ancaq narahat olma, sən tək deyilsən… Odur ki, yeri gəlmişkən, sizə bəzi məlum həqiqətləri xatırlatmaq  istərdim. Ümummilli liderimiz, Ulu öndər Heydər Əliyevin yüksək etimadı ilə Baş nazir Artur Rasi-zadə artıq on dördüncü ildir ki, şənbə-bazar, bayram-istirahət demədən Azərbaycan Respublikası naminə, xalq, millət, vətən naminə çox sıx qrafiklə gərgin işləyən yüksək bir dövlət xadimidir. O, ölkə rəhbərinin bütün müvafiq tapşırıq və göstərişlərinin, aidiyyatı üzrə Fərman və Sərəncamlarının vaxtında, keyfiyyətlə icrasına nəzarət edir, ölkənin gündəlik iqtisadi, sosial, mədəni həyatının nəbzini tutmaqla daim öz vəzifəsini vicdanla yerinə yetirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çalışan monolit iqtidar  komandasında həm də Baş nazirin biliyi, bacarığı, təcrübəsi və başqa müsbət xüsusiyyətləri Azərbaycan hökumətinin səmərəli fəaliyyətini təmin edən, ölkənin inkişafə naminə iqtisadi reformaların, irimiqyaslı beynəlxalq, transmilli layihələrin  uğurla həyata keçirilməsinə, əhalinin rifah halının ilbəil yaxşılaşmasına, ordumuzun güclənməsinə, sosial sferanın və infrastrukturun yenidən daha mükəmməl qurulmasına səmərəli töhfə verən amillərdəndir… Ancaq təəssüf ki, bəzən deformasiyalı dünyagörüşlərdə yaxşı danışmaq yaxşı işləməkdən, pafoslu populizm dinməz fəaliyyətdən, gözqamaşdırıcı reklam təvazökarlıq keyfiyyətindən üstün sayılır.



7.  Laçın:  – 1. Akif müəllim Nazirlər Kabinetinin ictimayyətlə əlaqələrini və mətbuat xidmətinin fəaliyyətini nə dərəcədə qənaətbəxş hesab edirsiniz. Ümumiyyətlə ölkə əhalisi prezidentə və digər rəsmi qurumlara online müraciət edir və əksər hallarda bu müraciətlərə baxılır. Nazirlər Kabinetiniz isə bu məsələdə nəyə görə arxa planda qalıb ?  \  2. Özünüzü nə dərəcədə səmimi adam hesab edirsiniz ?  \   3. Məmurların rüşvət almasına münasibətiniz ? Ümumiyyətlə Akif Əli üçün rüşvət nədir? Hörmət, qazanc mənbəyi və yaxud millətin kökünü qazıyan vasitə ?  \  4. Sizə hər hansı bir gənc iş üçün müraciət edərsə Akif Əli ona nə kimi köməklik edə bilər? Və yaxud edərmi?

Akif ƏLİ: – 1) Məlumdur ki, Prezidentin yuxarı icra orqanı kimi Nazirlər Kabineti öz Konstitusion funksiyaları çərçivəsində sabit fəaliyyət göstərməkdədir. Bu kontekstdə Nazirlər Kabineti Aparatının Mətbuat Xidməti də sistem daxilində anoloji stabilliklə öz işini lazımi planda davam etdirən rəsmi dövlət qurumudur.    \    2)  Mən fərd olaraq özüm özümə qiymət verə bilmərəm.    \    3)  Rüşvətə münasibətim təbii ki, hamı kimi, mənfidir. Bu münasibəti yaradıcılığımda da görə bilərsiniz. Məs., bax: “Molla Nəsrəddin” satirik radio jurnalı, “Aşkarlıq” televiziya verilişi, “Ağ xalat” yumoristik hekayəsi, “Mozalan” satirik kinojurnalı (“Üzr istəyirəm” -№99, “Tərsinə”- №121 süjetləri) və s. Məqamı düşmüşkən, “fəsadın etiologiyasına” dair bir detala diqqətinizi yönəltmək istərdim: vaxtilə böyük rus publisisti, inqilabçı-demokrat A.Hertsenin məşhur “Olmuşlar, düşüncələr” roman-epopeyasını dilimizə çevirəndə gördüm ki, hələ 19-cu əsrin əvvəllərində bizim Azərbaycan kasıb, savadsız, aqrar diyarı kimi tanınan zamanlarda nəhəng çar Rusiyasının Tver, Tambov kimi şəhər və quberniyalarında, uzaq Sibirin ucqar vilayətlərində rüşvət tüğyan edir, çinovniklər mujiklərin son qəpiyini belə əllərindən almaq üçün nə oyunlar qururlarmış…    \    4)  Düşünürəm ki, bu məsələdə qanunvericilik çərçivəsində məşğulluq idarələri və dövlət  qulluğu məsələləri üzrə komissiya daha real işlər görür.



8. Maqsud:  1. Akif müəllim Azərbaycanda azad mətbuat varmı, mümkünsə əsaslandırın.   \  2. Bloggerlər  Emin və Adnan sizin üçü cinayətkardır yoxsa siyasət qurbanları ?  \  3. Eynulla Fətullayevin həbsi azad mətbuatın həbsidir ya cinayətin cəzası?

Akif ƏLİ:  –    1) Hər şey müqayisədə və nisbətdə daha aydın görünür. Təsəvvür edin ki, əski Sovet senzurası dövründə heç kim heç vaxt heç bir halda nəinki bu sayaq aşkar şübhələrini, heç üstüörtülü eyhamlarını belə açıq-açığına mətbuata çıxara bilməzdi. Amma Siz (və tək Siz yox!) öz fikrinizi azad yazıb yaya bilirsiniz…    \    2) Digər suallarla bağlı- nəzərdən qaçırmayın ki, hakimiyyətin bir qolu olan məhkəmənin hökmü qüvvədədir və o müzakirə yox, icra olunur.



9.  Nurşən:  -Akif müəllim nə əcəb deputatlığa namizədliyinizi vermirsiniz?

Akif ƏLİ: – Həyata fəlsəfi yanaşanda hər fəaliyyətin ictimai mənası, son məqsədi vətənə, xalqa, dövlətə xidmətdirsə, mən bu görəvimdə də məmnunluq tapa bilirəm. Məşhur yazıçı Qabrial Qarsia Markesin maraqlı bir fikri var: deyir, xoşbəxt yaşamağın sirri onda deyil ki, sevdiyin işlə məşğul olasan, ondadır ki, məşğul olduğun işi sevəsən…



10.  Rüfət Əzizov -Strasburq:  -Akif bəy, salam. Məmur yox, bir ziyalı, alim kimi Azərbaycanın indiki durumuna 5 ballıq şkala ilə neçə bal verərsiniz?

Akif ƏLİ:  – Azərbaycanın məhz hansı sahədəki durumunu nəzərdə tutursunuz: siyasi, iqtisadi, mədəni, sosial, ekoloji, idman, turizm, moda, şou-biznes?… Aydın olmur. Sual qeyri-müəyyəndir


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə