Məhəmməd Əmin Rəsulzadə ƏSRİMİZİn siyavuşU Ön söZ




Yüklə 237.43 Kb.
səhifə1/4
tarix22.02.2016
ölçüsü237.43 Kb.
  1   2   3   4
Məhəmməd Əmin Rəsulzadə - ƏSRİMİZİN SİYAVUŞU

ÖN SÖZ
Milli Azərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən bu risaləmizin özünə məxsus bir macərası vardır. Bu macəra özü-özlüyündə bir mövzu təşkil etməklə birlikdə, əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından da diqqətə layiqdir.

“Əsrimizin Siyavuşu” müəyyən bir məqsədlə, vətənimizin, ictimai fikrimizin və inanışımızın düşmənlərinə qarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədən düşünülmüş bir əsər deyildir. Nəşriyyatımızın ilk sayısını təşkil edən “Azərbaycan Cümhuriyyəti”ni Türkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyi qüdrətimiz daxilində ortadan qaldırmaq məqsədiylə, nəzərdə tutulmuş bir planla yazmışdıq. Halbuki “Əsrimizin Siyavuşu” belə bir müəyyən bir məqsəd və planla yazılmamışdır.

Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa, anlatsaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:

Bolşevik istilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.

Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi.

“Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: “Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. “Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam” – dedim.

O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı.

Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. Ikinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi.

Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. Iki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirdim.

Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan “Siyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq.

Təslim olmazdan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim.

Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. Iki il mənfi bir həyat keçirdim. Bu iki il müddətində “Siyavuş”un ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ-salamat qaldığına aid içıqca bir məlumat ala bilmədim. Nüsxə, arkadaşların da əlinə keçməmişdi. Kəndli, xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.

Iki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə qurtularaq Finlandiyaya keçdim. Nəhayət, buraya (İstambul nəzərdə tutulur – M.Ə.) gəldim. Tam üç il sonra itirdiyimi buldum. “Əsrimizin Siyavuşu” bir çox müşkülat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstambula qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir.

Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü gördüyü zaman, “madam ki, mövzu məlumunuzdur, yenidən yazarsınız” – deyə təsəlli verirdilər.

Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhmədoğlunun1 əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.

“Əsrimizin Siyavuşu” Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır. Yazılan vaqeədə iştirak etmış bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış, fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, o anda duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti, əlbəttə, inkar olunamaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur.

Belə ki, əsər yazılarkən bir çox istiarə və misalları etibarı ilə Azərbaycan ədəbi mühitini nəzərə almışdır. Bu qədər macəraların sonunda özünü İstambulda nəşr etmək qismət olmuşdur. Bu qismət özünə bir şivə təshihi ilə bir bölük yaxın adamların əlavəsindən başqa itkiyə uğramamışdır.

“Siyavuş”, meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmasınlar deyə adlarını açıq göstərməmək zərurəti ilə üzgünəm. İnşaallah, onun da növbəsi gələr.



MƏMMƏD ƏMİN RƏSULZADƏ
Millət yoludur, haq yoludur tutduğumuz yol

Ey haq, yaşa, ey sevgili millət, yaşa, var ol!”

T.F.
Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin ruhuna ithafdır.


ƏSRİMİZİN SİYAVUŞU
Əvvəlcə tarixin Siyavuşuna bir göz gəzdirək:

İran romantizminin mahir şairi Firdovsi Tusinin dəyərli adını dünyalar durduqca qalan və şairanə

“Nəmirəm əz in pəs ki, mən zindəəm”2

deyə öyünməsini kamal, cəsarət və ithaflarla söylədən “Şahnamə”nin, məncə ən şah əsər dastanı – Siyavuş hekayə - xəzinəsidir.

“Şahnamə”nin ən ruhlu qismi, məlumdur ki, İran-Turan müharibələridir. Bu müharibələrin ən həyəcanlı və dəhşətliləri, şübhəsiz ki, Siyavuş qanı üçün aparılanlarıdır.

Firdovsi – savaş və şənlik aşiqi, boylu-buxunlu və ilahi əzm və hünər şairidir. Qüvvətlə gözəlliyi hər yerdə tam görən bu şairin ən qüvvətli və ən gözəl insanı Rüstəmdir. Firdovsi ilhamından doğulmuş bu Sistan pəhləvanından başqasını tanrı yaratmamış, nə möcüzədir ki, göstərməmişdir. Fəqət Rüstəm pəhləvan belə ən böyük möcüzələrini “Siyavuş qorxusunun” intiqamını almaq üçün vuruşduğu meydanlarda göstərmişdir.

SİYAVUŞUN QISACA ƏHVALI
1 – Siyavuşun doğulması, 2 – Siyavuşun tərbiyə və düşüncəsi, 3 – Siyavuş Turanda, Əfrasiyabın röyası və Siyavuşu yaxşı qarşılaması, 4 – “Siyavuş Gərd” - Siyavuş şəhəri, 5 – Siyavuşun bəxtsizliyi. Gərsivəzin hekayəsi. Siyavuşun öldürülməsi. Siyavuşun son sözü.

Xalq arasında məşhur olanı belədir ki:

Kəyanilərdən Keykavusun oğlu Siyavuş, ögey anası Südabənin eşqi və atası Keykavusun vəfasızlığından bezar olub Turana qaçdı. Turan xaqanı Əfrasiyab tərəfindən səmimi qəbul gördü. Xaqanın qızı Firəngislə evləndi. Nəhayət, Əfrasiyabın qəzəbinə gəlib başı kəsildi. Haqsız tökülən bu qan üçün İranla Turan bir-birinə qarışdı və əsrlər uzunu qan axdı.

Fəqət İran “İliada”sının bu həzin dastanını mifologiyadakı rümuzu sezərək oxuyanda görünür ki, Siyavuş həqiqətdən çox şerə qarışmış bir rəmz tarixidir. Bu bir simvoldur.

Mifologiya, tarizin Huşəngdən əvvəlki qədim əsrlərinin vəziyyətini xəyanət ilə qarışdırılmış bir şəkildə nəql edər. Bu kimi nağıllar “Əz zəmane qəblul–tarix” deyilən əski zamanın bir təqvimidir.

Bir-birləri ilə münasibətləri əskidə qurulmuş, hələ İran ilə Turan kimi bir-biri ilə əsrlərcə çəkilmiş, bu səbəblərin mifoloji fonu və əfsanələri çox qarışmışdır. Bu qarışıq mifologiyanın bəzən türklərdə batır, ruslarda boqatır, farslarda bahador sözünün bənzərliyi kimi, bir qisim qəhrəmanlara da bənzərliyi və ya ortaqlığı olur.

“Siyavuş” hekayəsinin ifadəsindən görünür ki, o, həm batır, həm də bahadır olub İranla Turan arasında ortaq bir qəhrəmandır.

Əlbəttə, Siyavuş məşhur olduğu kimi bir iranlı, daha doğrusu, xalis bir iranlı deyil. Onun nə dərəcədə doğruluğunu Firdovsi belə nağıl edir.

İran bahadırlarından iki sərkərdə - Tusla Kiv Turan hüdudunda ova çıxmışdılar. Ov əsnasında, orman içində evdən qaçmış bir qıza rast gəldilər. Qızın gözəlliyi hər iki pəhləvanın ürəyini bir anda oxladı. Ikisi dağ keçisi ovunda ikən, bu orman pərisinin kirpiklərinin oxuna hədəf oldular. Saçları ağarmış qoca pəhləvanlar “ceviz bulmuş cocuqlar”3 kimi bu tapılmış pəri üçün münaqişə etdilər. Biri qızı daha əvvəl gördüyünü, digəri isə daha əvvəl tutduğunu deyərək, haqq üstünlüyü arayır, heç biri güzəştə getmək istəmirdi. Nəhayət, iki dostu bir-birinə düşürən bu gözəli Keykavusun yanına gətirib davanın həllini onun öhdəsinə buraxdılar. O da eynən cocuqlar üçün ceviz bölən qoca kimi, qızı özünə götürməklə məsələni həll etdi.

Firdovsinin anlatdığına görə, pəhləvanlara bəla olan bu qızın əsli Turanlı olub, nəsli Əfrasiyabın qardaşı Gərsivəzə qədər varıb gedirmiş.

Bu minvalla Əfrasiyab sülaləsindən olan bir Turan gözəli İran şahı ilə qovuşdu və nəticədə:

Cüda şüd əz u küdəki çün pəri

Be çöhrə besani-büti-Azəri 4

Bu Azəri heykələ Siyavuş adı verdilər.

Siyavuşun tərbiyəsini Rüstəm pəhləvana tapşırmışdılar. Rüstəm onu özü kimi bir igid eləmişdi. O, zəmanəyə uyğun hərb üsullarına təmamilə aşina, silah oynatmağı, qurşamağı çox yaxşı bilən bir pəhləvan kimi yetişmişdi. Buna baxmayaraq, o, savaşdan çox barışığa tərəfdar idi.

Firdovsi gözəlliyi qüvvətdən ayırmır. Siyavuş, qadınları çıldıracaq bir gözəlliyə sahib idi. Fəqət vücudu kimi onun ruhu da gözəl idi: müqəddəs bir təmizliyə sahib idi.

Bu mərd xasiyyəti ilə o, yaşadıgı namərd mühit içində pək çox müşkülata, təhlükəli macəralara uğradı. Özünə ilk macəranı açan ögey anası Südabə olmuşdu. Südabə, gözəlliyi ilə məşhur, müstəsna və ehtiraslı bir qadın idi. Gənc Siyavuşa ögey oğlu olmasına rəğmən eşq, təklif etdi, rədd cavabı aldıqda ondan Keykavusa şikayət etdi. Cırmanmış bir üzlə hüzuruna çıxıb: “oğlun mənə təcavüz etmək istədi, baş və üzümü cırdı” – deyə iftira etdi. Siyavuş sorğu suala tutularkən Südabənin ona fəna bir təklif etdiyini söylədi. Xanımı ilə oğlu arasında qalan padşah, hakimlərin tövsiyəsi ilə günahkarla məsumu ayırd etmək üçün, özlərinin müqəddəs oddan keçmələrini əmr etdi5. Siyavuş oddan keçərək, günahsız olduğunu isbat etdi.

Ikinci macəra nəticə etibarilə daha mühüm idi. Turan xaqanı İran torpağının əsas qismini hakimiyyəti altına almışdı. Keykavus Turana qarşı hərb elan edərək, komandanlığa oğlu Siyavuşu təyin etdi. Rüstəm də Siyavuşun əmrinə verildi. Siyavuş müharibəni bacarıqla idarə etdi. Turanlılar İran torpağını tərk etdilər. İndi müharibə müdafiə xarakterindən çıxaraq, hücum forması alırdı. İran ordusu Turan torpağına keçəcəkdi. Bu əsnada Əfrasiyabdan elçilər gəldi. Əfrasiyab barışıq təklif edirdi. Siyavuş barığıq təklifini qəbul etdi, hərbi bitirmək üçün atasına xəbər yolladı.

Keykavus, Siyavuşdan gələn bu təklifə qızdı – onu sərkərdəlikdən çıxardı, yerinə digər birisini təyin edib müharibənin davamını hökm etdi. Siyavuş isə barışıq təklifini atasının inadından üstün tutduğundan İranı tərk edib bir neçə seçmə süvarisiylə Turanda sığınacaq tapdı.

Bu sığınacaqla Siyavuş böyük məqsədinə yetmək fürsətini gözləyirdi. Məqsədi isə özündə qarışmış olan iki irqin qanını artıq boş yerə axıtmamaq idi. Bunun üçün İranla Turanı barışdırmaq lazım idi. Belə bir barışıq təklifini qəbul etmədiyi üçün atasına qarşı çıxmış və yenə belə bir barışıq təklifində olduğu üçün Əfrasiyaba sığınmışdı. Turana keçərkən atasına yazdığı məktubda bu məqsədini belə anladır. Deyir ki:

“Mən gənc olmağımla yanaşı, ağıl və mühakiməmi idarə etdim. Öz nəfsimə sahib oldum. Şahın hərəmi mənim ilk dərdim oldu. Oddan keçmək qarşısında qaldım. Bu haldan bezərək hərbə atıldım, müzəffər oldum. Nəhayət, sülh bağladım. Elə bir sülh ki, iki aləm buna məmnun oldu, yalnız şahın qəlbi daş oldu, polada döndü.

Nəyaməd zimən hiç kari pəsənd

Koşadən həman o həman niz bənd

Çu çeşməş zi didari mən gəşti sir.

Bər sir gəşte nəbaşəm dəlir6.

Əfrasiyab Siyavuşu yuxusunda görmüşdü. Yozuçular ona demişdilər ki, “Bu cavan ilə hərb etsə və ya bu gənc onun əlində ölsə, təxt və tacı devrilərək Turan xaraba qalacaq, dünyada qan qurşağa çıxacaq”. Bunun üçün də o, Siyavuşun könlünü hər vasitə ilə ələ almağa çalışırdı.

Siyavuş da Əfrasiyabı sevirdi. Bunun üçün də o, sərkərdə Piranın7 ata kimi tövsiyəsi ilə Əfrasiyabın qızı Firəngislə evləndi.

Əfrasiyab, damadının həyat və rifahını təmin etmək üçün ona Turanın ən gözəl bir bölgəsini ayırdı. Siyavuş barışıqsevər olduğu üçün burada gözəl və nümünəvi bir saray tikdirdi. Bu saray iki böyük aləmin gözəlliklərini, şahlığa layiq bütün mədəniyyəti əks etdirən şəkildə idi. “Siyavuş gərd” (Siyavuş sarayı) adını daşıyan bu tikilini “Şahnamə” belə tərif edir:

... Nə gərmaş gərm və nə sərmaş sərd

həmə cayi – şadi və aramu hərd

nə bini dər an şəhr – bilmar kəs,

Yəki bostan əz behiştəst və bəs

Həmə abha ruşən və xuşguvar

Həmişə bərri yomu o çün bəhar 8

Əfrasiyabın əmri ilə dünyadan xərac almağa çıxmış. Piran geri dönəndə padşahın söylədiyi xəbərlər əsnasında ən əvvəl “Siyavuş gərd”dən bəhs ilə deyir ki:

Siyavuş yeki cayəki saxt nəğz

Pəsəndideyi mərdumi-pakməğz

Yeki şəhr didəm ke əndər zəmin

Nə binəd çinan kəs be Turan zəmin9.

Günün yarısı gündüz, yarısı gecədir. Ayın yarısı aydınlıq, yarısı qaranlıqdır. İlin yarısı isti, yarısı soyuqdur.

Dünya ta ilk yaradılışından bəri iki üz-üzə qüvvənin, iki qarşı nöqtənin çarpışmalarına savaş meydanı olmuş, insanlıq tarixi adətən bu çarpışmaların, macəraları, avantüraları ilə bu çarpışmaların alın yazısından ibarət olmuşdur.

Təbiətin hər şeyində dualizm olduğu kimi, gəlib keçici tarix də bu ikilikdən yaxa qurtara bilməmişdir. Bu dualizm, bilxassə İranın dini Zərdüştlükdə özünü göstərir. Hər Hürmüzdə qarşı bir Əhrimən10 vardır. Bunlar daima vuruşur, qələbə gah onun, gah o birinin olub çarpışma dünyalar durduqca davam edir.

Firdovsinin fəlsəfə olayları, başdan ayağa Hürmüzd ilə Əhrimən ikiliyindən ibarətdir. Onun Rüstəm pəhləvanın diliylə söylətdiyi:

Cinin əst rəsmi-sərayi-dürüşt

Gəhi püşt bezin və gəhi zinbe püşt

Hikmətli “Şahnamə”nin hər səhifəsində hər hansı bir pəhləvanın vəziyyəti “Səadət rütbəsindən zəlilliyə”, düşüncə, həmən bu sözü təkrar edib durur. “Çinin əst” fələyin gərdişidir – deyə yazələr.

Bu fəlsəfə yalnız qatı bir iranlı olan Firdovsinin Rüstəmi ilə “Ağ dev”ində deyil, Qərb ədəbiyyatı ustadlarından olan alman şairi “Götenin Faustu ilə Mefistofelində də görünür.

Siyavuş, rəhmli fikirlərlə dolu dünyanı cənnətə döndərmək istəyən padşah sifətli bir Faust ikən, Gərsivəz özünə müqabil şeytani bir qərəzlə Mefistofel rolunu oynayır. O, “mühacir bir İran şahzadəsinin” Turan xaqanlarına uyğunlaşmasını götürə bilmir. Siyavuş Əfrasiyaba şikayət edərək deyir ki,

Fürüstadə aməd zi Kavus şah

Nehani bənəzdiki u çəndgah

Zi Rum vəz Çin nizəş aməd piyam

Həmi yadi Kavus girəd becam11.

Xain – qorxaqdır – deyərlər. Bunu tərsinə söyləsək, “qorxaq xain olur”. Əfrasiyabın Siyavuşa olan hörməti qorxusundan idi. “Qorxan gözə çöp düşər” zərbi – məsəli məşhurdur. Gərsivəz, Şekspir qəhrəmanlarından Yaqo kimi Otello yaradılışlı Əfrasiyaba vasvası təlqinlər verməyə başladı. Gərsivəz bu təlqinlərlə Əfrasiyabı yoldan çıxarmağa müvəffəq oldu. Halbuki, bir az əvvəl ən yaxın, ən mötəbər adamı qoca dindardan Siyavuş haqqında

Be din zib in ki, damadi – tüst

Be xubi bexan dilşadi tüst12.

tərifini eşidən Əfrasiyabın ürəyi nə qədər şən və nə dərəcədə rahat olmuşdu.

“Yaqo”nun dəsmal intriqasını bilirsinizsə, Əfrasiyabla Siyavuş da Gərsivəzin belə məlul bir hiyləsinə qurban olurlar.

Əfrasiyab qəfil əsgər yığıb “Siyavuş gərd” şəhərini alır. Siyavuşla dostları mühasirə olunur.

Siyavuş, bəxtinin döndüyünü və başına gələcək fəlakəti hiss etmiş və hiss etdiklərini Pirana demişdi:

“Çu xurrəm şəvəd cayi – arəstə

Pədid ayəd əz hər sui xastə

Nəbayəd məra şad budən bəsi

Nəşinəd bərin gah digər kəsi”13

Belə bir hissi həyatda görməkdən öncə duyan Siyavuş, Əfrasiyabın hərb etmək üçün gəldiyi xəbərini alınca, qaçmağa qərar verdi. Hər tərəf mühasirə edilmişdi. Özünü belə bir vəziyyətdə görüncə, alın yazısına təslim oldu. Dost vəfasını yada salıb son anda olsa da qarşı-qarşıya gəlmək istədilər. Fəqət:

Çi qoft an xirədməndə barəyu huş,

Ke ba əxtəri – bəs be mərdi – məkuş14

Siyavuş Əfrasiyabla üz-üzə gəldi:

Çera cəng çü amədi ba sipah

Çera küst xaki – mera bi günah15

deyə sordu. Əfrasiyabı xəbərdar etmək istədi, fəqət məlun Gərsivəz fürsət verməyib elə bil arxadan dəsmal götürürmüş kimi Siyavuşa:

Gər idər çənin bi günah amədi

Çera ba zireh nəzd şah amədi.

Pəzirə şudən zin pişan rah nist

Kaman və zireh hədiye şah nist16

deyə iblisanə bir əda ilə xitabb etdi. Artıq hər şey bitmiş, Əfrasiyabın ürəyi dostluqdan dönmüş, Gərsivəzin hiyləsi ağlını çalmış hakim bilicilərin özünə:

Əqər ba Siyavuş künəd şah cəng

Çu diba şəvəd ruyi giti be rəng

Və gər u şəvəd bər dəsti – şah

Be Turan namənd səru təxt və gah

Sərazir aşub gərdəd zəmin

Zibehri- Siyavuş be cəng o be kin17

dediklərini təmamilə unutmuşdu. Artıq hiddət və qəzəb gözlərini bürümüş, heş bir şey görmür, Siyavuşun “Azəri heykəlinə bənzər başını” kəsmək cəllada əmr verildi.

Bu qorxunc anda Əfrasiyabın qızı Firəngis gəldi. Siyavuşun günahsız olduğunu yana-yaxıla söylədi, atasına rica etdi. Onun əfv edilməsini istədi. Fəqət bu ricalarla o, heç bir şeyə müvəffəq ola bilmədi, əksinə az qaldı özünü öldürsünlər. Yalnız bəzi nəsihatçilərin yol göstərməsi ilə ölüm təhlükəsindən sovuşub edamı həbslə əvəz etdilər. Cəlladlıq vəzifəsini Gərv adlı bir sərkərdə yerinə yetirirdi. Bu adam vaxtiylə müsabiqələrin birində Siyavuşdan acı bir məğlubiyyət dadmışdı. Indi əlinə keçən fürsətdən istifadə edərək Siyavuşu öldürməkdən xüsusi bir zövq alırdı. Kərvin intiqamı, xəncərlə Siyavuşun məsum boğazında acı bir kinlə işlərkən, İran Turan barışığının o məzmum böyüyü (təşəbbüsçüsü – M.Ə.) son olaraq dedi ki:

Əz İran və Turan bər ayəd xuruş

Cihani – zaxiri mən ayəd be cuş18
SIYAVUŞLA BAĞLI NÖQTƏLƏR
1 – Siyavuş bir simvoldur. 2 – Federasyon nəzəriyyəsi. 3 – Siyavuş sülhsevər federalistdir. 4 – Firdovsidə qan hikməti.

Firdovsinin düşüncəsinə görə, qanı iki millətdən qarışmış olan qəhrəmanlar, mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və həddət bəslərlər.

Biz bu hikməti Siyavuş hekayəsinin hər beytində görürük. Siyavuş, yarısı Turanlı, yarısı iranlı olduğundan bu iki aləmi məsud görmək, onları birləşdirmək istəyir.

Söhrab da belədir: o da bir turanlı xanımdan doğulduğu üçün İran şahını öldürmək, Turan xalgını ucaltmaq, atası Rüstəmi birləşmiş İran-Turan taxtına oturtmaq, anası Təhminəni də “Banu cihan” elan etmək xəyalı ilə dolaşır.

Makedoniyalı böyük İskəndər belədir. O, Rum sarayı Filokusun Darab şaha getmiş qızından doğulduğu üçün deyir ki, Rum ilə İrana sahib olub böyük bir imperatorluq vücuda gətirə bildi.

Başqa bu kimi misal və mühakimələri Firdovsidə bulmaq daima mümkündür.

Yalnız Siyavuşun digər “Birlikçi”lərdən fərqi budur ki, o, birliyi düşmənlik və zorlamayla deyil, barış və ittifaqla meydana gətirmək istəyirdi.

Dönən dövran hər zaman iki mühüm axının ahəngi ilə tənzim edilir, ixtilafı ilə pozulur. Bir qüvvə, bütün səbirsizliklə ağrı-acıları mərkəzə doğru çəkər, digər qüvvə də səbirsizliklə sızlanmaları mərkəzdən dəf edər. Mərkəzlə dairə arasında müvazinət olmuşsa, “çərxi-fələk” aləmin arzusunca dönmüş, tərsi olmuşsa, dünya və aləmə fəsad və ixtilafların çıxmasıyla həyatın nizamı pozulmuşdur.

Dünyanın idarəsi, nə çoxluğun ağalığından ibarət olan zorbalıq, nə də azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir.

“La cəbra və la təfvizə, bel ətrun beynəl ətrin”

“Nə cəbr, nə də səlahiyyət – ancaq bu iki imkandan birinə tərcihlədir”.

Dönən dövran və ya çərxi-fələk təbiri fələyə aid sözlərdən olsa da, bu yoldakı təbii qanunlar sosiologiyada da qəbul edilən bir ölçüdür.

Bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi cəmiyyətə, məhkum edən bir şəkildə istibdad, mərkəziyyət, digər şəkildə - cəmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hürriyyətdir. Şəxsiyyəti hər şeyin üstündə görərək, fərdi cəmiyyətin əsarətindən qurtarıcı bir şəkildə özünüidarə, digər şəkildə də istiqlal və ya muxtariyyət (avtonomiya) adını alır.

Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə sırf cəmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur.

Nə mərkəziyyət, nə də özünüidarə, nə cəmiyyətlik, nə fərdiyyətçilik – bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq.

Bu surətlə gül ilə göz muncuğu kimi cəmiyyətlə fərdin çeşidli şəxsinin, hökümətlə millətin vəzifələri konkret olub, biri digərini əksildici deyil, bilavasitə bir-birlərini tamamlayıcıdır.

Öylə bir nəzəriyyə gözəl şəkildə hazırlandıqdan sonra Siyavuş əsrindəki İran-Turan vəziyyətini seyr edək.

Əfrasiyab Turanı, Keykavus isə İranı mərkəzi birlikdən qaçıran bir qüvvədir. Söhrab ilə Keyxosrov19 bilavasitə əda üçün haqq bilməyən birlikçilərdir. Siyavuş isə İranınkını İrana, Turanınkını Turana vermək şərtiylə orta yol tutmuş Federasyonçu, federalist bir birlikçidir.

Bu xarakteriylə Siyavuş, mifoloji və xəyalçı tip olsa da, İran-Turan federasionunun klassik bir işarətidir.

Siyavuşun siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət idealı ilə tamam uyğundur: Turan işğalındakı torpaqlarını xilas edib İrana verincəyə qədər, o, düşmən və hərbçidir.

Əfrasiyab İranın haqqını təslim və barışmaq təklif edəndə, görürük ki, o, dost və barışdırıcıdır. Barışmaq təklifini, o, cani-dildən qəbul edirdi: çünki belə bir sülhlə iki aləmi şad etmək onun idealı idi.

Bu idealın xətrinə idi ki, o, yurdunu da atdı, atasını da tərk etdi.

Firdovsi zehniyyətində qan hikmətinin hakim olduğunu söyləmişdik. Bu hikmətə görə qəribə işarələr zühur edir.

Xalis Turan qanlı Əfrasiyab.

Xalis İran qanlı Keykavus.

Iki qan qarışanda Siyavuş hasil olur. Yenə bu hikmətin səbəbindəndir ki, vətən padşahı üçün zərurət gələndə gözünü yumaraq qan tökən pəhləvanlardan İranda Rüstəm, Turanda Piran var ki, qarşı tərəfin haqqını tanıdığı halda yenə qan tökür, padşahlarına müxalıf ola bilmirlər. Halbuki Siyavuş elə deyildir. O, iki tərəfin üstün cəhətlərini özündə topladığı üşün, yaxşı bir niyyətin (yəni ittifaqın), daşıyıcısı, hərbin deyil, barışığın geri dönməz bir qəhrəmanıdır.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə