MƏHƏBBƏT və İntellekt fəLSƏFİ esselər bakı – 2006 Elmi redaktoru: Fuad Qasımzadə




Yüklə 1.5 Mb.
səhifə4/5
tarix27.04.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5

Şərq və Qərb məhəbbət

konsepsiyalarının

müqayisəli təhlili
Əlbəttə, aşiq olmaq adamın özündən asılı deyil. Amma onu tənzimləmək, digər ali hiss­lərlə tamamlamaq insanın öz işidir; insanlıq borcudur. İnsanlıq aşiqliyə qurban verilə bil­məz. İfrata vardırılan eşq istənilən halda faciə ilə sonuclanır. Vüsal olmayanda bu hissin fa­ci­əyə gətirəcəyi aydındır. Bəs vüsal olanda ne­cə?

Yeri gəlmişkən, şairlər belə böyük eşqləri nəyə görə vüsalla tamamlamırlar? Çünki vüsal ideallaşdırılmış eşqin qənimidir. Həsrət isə, əksinə, eşqi daha da alovlandırır.

Nəsimi deyir:

Səndən irağ, ey sənəm, şamü səhər yanaram,

Vəslini arzularam, dəxi betər yanaram.
Məndən irağ olduğun bağrımı qan eylədi,

Oldu gözümdən rəvan xuni-cigər, yanaram.1

Bu misralar Şərq poeziyası üçün çox sə­ciyyəvidir. Məhəbbətdən ancaq vüsala­qədərki mərhələdə, əlçatmazlıqdan doğan yanğı, həsrət hissi, qəm-kədər vəsf olunur. Bu məhəbbət real həyat müstəvisinə, insanlararası münasibətə tət­biq olunmaq üçün deyil. Çünki qarşı tərəfə adekvat olmayan münasibət bəslənir və real­lıqla üzləşdikdə heç də hər şeyin fərz edildiyi kimi olmadığı üzə çıxır. Yəni evlənmək üçün, ailə qurmaq üçün sevgi əsas şərt olsa da, kafi şərt deyil. Ailə qurarkən insan istər-istəməz hə­yatın nasiranə reallıqları ilə də üzləşməli olur. Sevdiyi insanla da sonrakı münasibətlər istər-istəməz bu reallıqlarla vasitələnir. Əlbəttə, bü­tün bunlar qabaqcadan nəzərə alınsa, bütün hisslər bir hissə müncər edilməsə, sevənin qəl­bində sevgilidən başqa həyatı reallıqlar üçün də yer saxlansa, belə sevginin ömrü uzun ola bilər. İfrata varmış hissiyyat isə reallığa sığmadığı üçün parçalanmağa məhkumdur.

Bəli, aşiq olmaq adamın özündən, yəni ira­dəsindən asılı deyil, amma səviyyəsindən ası­lıdır. İfrata varılması, hansı isə hissin müt­ləq­ləşməsi mənəvi aləm ahəngdar inkişaf etmə­dikdə, intellektual-mənəvi səviyyənin hələ aşağı olduğu çağlarda mümkündür. Təsadüfi deyil­dir ki, adətən ilk məhəbbət ifrata varır. Və bu da təsadüfi deyildir ki, müdriklərimiz «ilk məhəbbətin gözü kor olar», – demişlər. İlk mə­həbbət – dərk olunmamış, insanın özü üçün aş­kar­lanmamış mə­həb­bətdir. Yəni burada şüur yox, qeyri-şüuri başlanğıc (aşkar­lan­mayan şüur) həlledici rol oynayır. Bundan başqa, bu yaş həddində insanın digər böyük duyğuları – valideyn qarşısında borc, millət və vətən sev­gisi, insanlıq məsuliyyəti hələ formalaşmamış olduğundan, tez baş qaldıran bir hiss mənəvi aləmdəki bütün boşluğu dolduraraq öz mono­poliyasını yaradır. Bu hiss Səmərqəndi, Buxa­ranı bir gözəlin qara gözlərinə qurban ver­mək­dən daha güclü bir hissdir. Çünki öz həyatını vermək əzmindədir. Hətta daha çox; dünyada böyük, gözəl, möhtəşəm nə varsa, – hamısı bir fərdi məhəbbətə qurban verilə bilərmiş. Bu ideya C.Cabbarlıya məxsus pafosla belə ifadə olunur:
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,

Oxu, bülbül, bəlkə yarım oyansın…

Mən bir sönməz ulduzam ki, daim işıq saçarım.

Mən bir susmaz bülbüləm ki, güldən-gülə uçarım.

Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.

Sənsiz günəş görünməsin, qaralara boyansın,

Oxu, bülbül, bəlkə yarım oyansın1
Hisslər necə də möhtəşəmdir! Heç şüb­hə­siz, Şərq poetik təfəkkürünün ən gözəl nü­munələrindəndir.

Lakin vəcd məqamında hissin kükrəyib coş­ması, zirvəyə yüksəlməsi poeziya üçün nə dərəcədə məqbuldursa, bir anın yox, daha bö­yük zaman intervalınının, insan ömrünün, bə­şər tarixinin məntiqindən çıxış edən sağlam düşüncə üçün o dərəcədə yolverilməzdir. Çünki bu şer­də də bütün klsassik Şərq poeziyasına uy­ğun olaraq məhəbbət eqoist səciyyə daşıyır. Günəş ol­masa – həyat da olmaz, sevənlər də! Biz şairi müstəqim mənada, nasiranə anlamaq mövqe­yin­dən çox uzağıq. Amma, bununla be­lə, gülün və günəşin daha universal sevgi rəmz­ləri oldu­ğu­nu da unuda bilmərik. Yəni ən gözəl his­sin də ifrata varılması onun öz əksliyinə çevrilir.

Əlbəttə, poeziyada önəmli olan hissdir. Bir hiss tərənnüm olunurkən, yerdə qalan hər şey yaddan çıxarılır. Ona görə də, poetik tə­fəkkürlə çox da uzağa getmək mümkün deyil. Real həyatda isə sevgi hisslə əqlin vəhdəti şək­lində təzahür edir. Sadəcə, insanın öz hisslərini anlamaq və onu reallıq müstəvisinə keçirə bil­mək səriştəsi olmalıdır. Özünü hisslərin ixtiya­rı­na buraxmaq fərdi azadlığın yüksək dərəcəsi olsa da, hissləri cilovlamaq, ictimai reallığı, başqalarının varlığını və hisslərini də nəzərə almaq sosial yetkinliyin, şəxsiyyət azadlığının yük­sək təzahürüdür. Məhz sosial müstəvidə məhəbbətin duyğusal komponenti ilə yanaşı, əqli komponenti də inkişaf edir.

Şərqdə isə hiss əqlə yer qoymur. Gö­rü­nür, belə bir disbalansın nəticəsidir ki, fərdi mə­həbbətinin əsiri olanlar, nəinki başqa in­sanların, heç sevgilisinin də duyğularına say­ğı ilə yanaşmırlar. Sevgili üçün dünyaları ver­məyə hazır olanlar onu duymaq və bu duyğuya hör­mət bəsləmək «əziyyətinə» qatlaşa bil­mir­lər. Bu­nun nəticəsidir ki, «qız qaçırmaq» ən­ə­nə­si kimi vəhşi bir hala haqq qazandıranlar da ta­pılır. Və bəzən bunu böyük məhəbbətin sosial maneələrə qarşı mübarizəsi kimi dəyərləndirir­lər. Bəs qız özü razı olmayanda belə bir addım atanlar hansı mənəvi mühitin yetirmləridir? Qərbdə bu ancaq cinayət kimi qiymətləndirilir. Bizim hüquq normalarına görə də belədir. Am­ma bəs bunu adət kimi qələmə verməyə çalı­şan­ların nəzərində necə?

Belə halların baş verməsi hissin bö­yüklüyündən yox, intellektin zəifyindən, digər hisslərin və həyatın mənası haqqında, insanın sosial və mənəvi məsuliyyəti haqqında bilgi­lərin azlığındandır.

Hissin böyüklüyü bəzən onun hələ dife­rensiallaşmamış olmasının nəticəsidir. Hisslərin tərbiyə olunması, insanın öz hisslərini dərk et­məyə çalışması və onları fərqləndirməsi, təsnif etməsi, səbəblərini anlaması mənəvi-intel­lek­tual inkişafın məqamlarıdır. Yəni məhəbbət ancaq hiss müstəvisində deyil, tntellekt müs­təvisində də nəzərdən keçirilməlidir. Güclü his­sin idarə olunması üçün dərin düşüncə və bö­yük iradə tələb olunur. Horatsi demişkən, əqllə idarə oluna bilməyən böyük qüvvə öz məxsusi ağırlığı altında əzilməyə məhkumdur. Mənəviy­yatsız adamın ağıllı olması ziyan verdiyi kimi, ağılsız adamın da hissiyatının güclü olması ziyanlıdır.

Amma məhəbbətə bu cür baxışın əleyh­darları da vardır. Xüsu­sən də Şərqdə. Bu möv­qeyin konseptual ifadəsini mən hələ təqribən 30 il bundan əvvəl tanınmış filosoflarımızdan birinin münasibətində görmüşəm. O vaxt mən hələ BDU-nun aspirantı olarkən «Məhəbbət və intellekt» kitabı üzərində işləyirdim. Şərq poeziyasının fəlsəfəsi ilə məşğul olan və bu prob­lemin mütəxəssisi saydığım professor Camal Mustafayev mənim bu təşəbbüsümdən xə­bər tutunca çox hiddətləndi: – «Ah, siz fi­zik­lər, bircə məhəbbət qalıb saf, təmiz, buna da in­tellektmi qatmaq istəyirsiniz?». «Məsləhət bilmirəm», – dedi. Əlim işdən soyu­du, neçə illər ərzində bu mövzuda vaxtaşırı qeydlər etsəm də, kitabımı yazmadım.

«Hər pis şeyin yaxşı tərəfi də var», – de­yirlər. Bu vaxt ərzində mən məhəbbətin intellektual-fəlsəfi aspektləri ilə əlaqədar daha çox mən­bələrlə tanış ola bildim. Ona görə də, üs­tündən 30 il keçdikdən sonra mən öz möv­qeyimdə daha israrlıyam. Əqllə sərinləş­diril­mə­yən yanar məhəbbət uçub gedəcək. Bu yerdə Əbu Turxanın bir bəndi yadıma düşdü:


Fikir cövhərini odda yapmasan,

Soyuq düşüncədən şəfqət sönəcək.

Sevgi atəşinə hikmət qatmasan,

Kərəmlər yanaraq külə dönəcək.
Belə düşünmək ki, Şərq həmişə duyğusal olmuş və əqlin rolunu dəyərləndirməmişdir, – səhv olardı. Əksinə, rassionalizm ilk dəfə Şərq­də təşəkkül tapmışdır. Elm, bilik də məhəb­bətdən az vəsf olunma­mışdır. Hətta sevgilərin ən böyüyü əqlə, kamala ünvanlanmışdır.

Yuxarıda Əbu Turxandan misal gətirdi­yimiz rübaidə diqqət tarixən «gül» və «bülbül» təşbehlərinin mənasının dəyişməsinə yönəldil­mişdi. Başqa bir şerində Əbu Turxan bülbülün gülə sevgisini vətən hissi ilə əlaqələndirir:


Elə ki, bülbül ahu-zar edir,

Gülə sevgisini bil, izhar edir,

Gül ona vətəndir, burda sevənlər

Vətəni özünə nazlı yar edir.
Lakin təəssüf ki, sonralar İslam şərqində renessans dövrü keçdikdən, hisslər öz əvvəlki yüksək məzmununu itirdikdən, hikmət mərtə­bə­sindən zövq-səfa mərtəbəsinə endikdən son­­­ra eşqin hüdudları da məhdudlaşmış, gül-bülbül münasibəti də ancaq oğlanla qız ara­sında münasibət çərçivəsinə salınmışdır.

Şərq ölkələrində ancaq kapitalist ictimai-iqtisadi münasibətlərinin formalaşmağa başla­dığı dövrdə milli hiss, dövlətçilik şüuru, vətən sevgisi yenidən güclənmişdir. Bu baxımdan, XX əsrin əvvəlləri Azərbaycanda bütün məna­larda mənəvi yüksəliş illəri olmuş, insanlar azad­­lıq və səadətin ancaq milli istiqlal sayə­sin­də əldə edilə biləcəyini dərk etmiş, vətən sevgisi güclənmiş, yeni məzmun və mündəricə kəsb etmişdir. Məhz bu dövrün ab-havası Abbas Səhhətə Vətən haqqında «sevgili canan», «kön­lümün sevgili məhbubu», – deməyə imkan ver­mişdir.

Yaxud Əhməd Cavad Azərbaycan De­mokratik Cumhuriyyətinin yaranması ilə əla­qədar öz sevinc və məhəbbətini belə ifadə edir:
Sən qüdrətin aşıb-daşan vaxtında,

Mələklərin gülüşündən yarandın.

Səhər dilli bir fincanın əli ilə

Ahuların duruşundan yarandın.
Ay işığı, gözəlliyin, qızlığın,

Çiçəklərlə öpüşündən yarandın.

Sərinlətdin baxışınla könlümü,

Buludların uçuşundan yarandım .1


Bu şer parçasını öz kitabında iqtibas gə­­tirən professor Şamil Qurbanov yazır: «Azər­­baycan Demokratik Respublikası xalqı­mız üçün onun taleyinə doğan dan ulduzu, «qaranlıqda boğularkən» ümidsizliyə qapıldığı bir vaxtda göydən enmiş ilahi bir qüvvənin ərməğanı idi. Şairi və onun oxucularını belə bir yüksək poetik pafosa sövq edən də, gözünə işıq, qəlbinə sevinc verən də məhz bu möcüzəli bir varlıq idi».2 Milli istiqlalın yaratdığı fərəh duyğusu həm də vətən sevgisinin təzahür for­masıdır.

Abbas Səhhət və Əhməd Cavad kimi müqtədir şairlərin vətən sevgisini tərənnüm et­məsi müəyyən mənada ənənəvi Şərq poezi­ya­sının hüdudlarını keçmək anlamını versə də, bu sevginin ifadə formaları yenə də Şərq poetik təfəkkürünə uyğun gəlir. İlk baxışdan belə dü­şünmək olar ki, əsas forma yox, mövzudur; yəni sevginin ünvanı dəyişilmişdir. Lakin bu­rada forma özü də bilavasitə mentaliteti ifadə edir. Belə ki, şairlərimizin yenə də sevgili qız­la­ra, gözəllərə ünvanlanmışdır ənənəvi ifadə­lər­dən, metaforalardan, bənzətmələrdən istifadə etməsi sevgi hissinin hələ də diferensial­laşma­ma­sı, daha çox abstrak səciyyə daşımasının nəticəsidir. Qərbdə isə hətta poetik obrazlar da konkretləşmiş, vətənin, azadlığın, istiqlalın ya­rat­dığı sevgi duyğuları spesifik bədii ifadə forması kəsb etmişdir. Burada hər şey məhəb­bətdə əqli komponentin iştirak dərəcəsindən ibarətdir.

Bəli, Qərb sevgisi rasionallaşdırılmış və görünür məhz bunun sayəsində diferensial­laş­mış sevgidir. Yəni ancaq sevginin obyekti də­yişmir, onun xarakteri də, məzmunu da dəyişir. Məsələn, vətən sevgisi daha «ay işığından» de­yil, dövlətçilik şüurundan, vətəndaşlıq qüru­run­dan qidalanır.

Qərbdə dövlətçilik şüuru, milli təəssüb­keşlik və vətən hissi də intellekt süzgəcindən keçərək forma­laş­mışdır. İntellekt isə hər şeyi öz yerinə qoyduğundan, hissləri tənzim et­di­yindən Qərbdə insanın əməli də, hissi də ictimai nor­malar çər­çi­və­sin­də inkişaf etmişdir. Məhəbbət daha çox intellektual təsirə məruz qalmış və sosiallaşmışdır.

Şərqdə də ictimai şüur, mövcud əxlaq norma­la­rı, adət-ənənə məhəbbət hissinə təsir edən amillər sırasındadır. Lakin burada mə­həb­bətin fərdilik dərəcəsi, məhrəmliyi yüksək ol­duğundan daha çox iç dünyasına aid olmuş, sosiallaşmamışdır. Digər tərəfdən, ictimai amil çox vaxt vüsala maneə kimi ortaya çıxdığın­dan, məhəb­bət reallığın baryerlərini aşmaq üçün daha yüksək emosional potensial kəsb etməli olur. Lope de Veqa məhz bu cəhəti nə­zərə alaraq demişdir: «Məhəbbəti heç nə keçil­məz maneələr qədər artırmır». 1

Məhəbbət hissinin artıqlığı isə, Qərbdə çox vaxt pis əlamət hesab olunmuşdur. Ailənin maraqları ön plana çəkildiyindən sevgi amili imkan daxilində istisna olunur. L.Stonenin «1500-1800-cü illərdə İngiltərədə ailə, seks və evlənmə» əsərində yazdığı kimi yeni dövrün ilk əsrlərində bü ölkədə romantik məhəbbət və eti­ra­sın nigah üçün əsas kimi götürülməsi ittiham olunurdu.2 Fransada isə sevgi və etiras ancaq məşuqə saxlamaq üçün əsas ola bilərdi; ailə qurmağın şərtləri isə daha çox ölçülüb-biçilmiş planlar əsasında qurulurdu.3 Həmin planlar ki, biz ona həmişə rişxəndlə yanaşmışıq. «Əhməd haradadır?» filmində «məgər evlənmək də planladır?», – sualı hətta bizim çağdaş düşüncə üçün də çox səciyyəvidir. Ürək hökm edən yerdə ağıl nə haqla plan qurur? Burada biz ifrat Qərb düşüncəsi simvolizə etmək üçün Əbu Turxandan misal gətirdiyimiz bir şeri yada salmaq istərdik:


Çox uzun sürən hiss, həyəcanlar,

Qərinələr, illər, lap qısa anlar,

Hamısı zamanın hissələridir,

Böyük bir planın hissələridir.
Bizdə belə bir fikir var ki, guya ailənin planlaşdırılması ideyası məhəbbətin ülviyyətinə qəsddir. Qərbdə isə, göründüyü kimi, məhəb­bət özü az qala ailə planlarına qəsd kimi də­yər­ləndirilir. Qərdə gənclərin evlənməsi, ailə qur­ması ilə bağlı bir sıra tədqiqatlara nəzər sal­dıqda təəccüblənməmək olmur. Məsələn, son vaxtl­arda Nobel mükafatına layiq görülmüş təd­­qiqatlardan birində «nigah bazarı»n­dan bəhs edilir, Şərq poeziyasında ənənəvi olan aşiq-məşuq münasi­bət­ləri bazar iqtisadiyyatı kon­teksinə salınır. Amerika iqtisadçısı Q.S.Bek­ker «İnsan davranışı; iqtisadi yanaşma» əsərində yazır: «İnsan nigah bazarı­na daxil olarkən ümid edir ki, onun nigahda qazancı subaylıq zamanındakına nisbətən çox olacaq».1

Qərbdə evlilik məhəbbət və ya cinsi münasibət mənasında yox, daha çox dərəcədə birgə mülkiyyət və birgə təsərrüfat mənasında başa düşülür. Hüquq müstəvisində evlənmək və boşanmaq prosedurları da müvafiq olaraq mülkiyyətin birləşməsi və bölgüsü məsələsi ki­mi ortaya çıxır. Kiminlə isə «dostluq» etmək, müntəzəm cinsi münasi­bətlərdə olmaq evlilik üçün əsas sayılmır. Q.S.Bekker yazır: «Məsə­lən, kişi və qadın uşaqların tərbiyəsində, ev tə­sərrüfatında və digər faydalı məsələlərdə ailə qurmağın əhəmiyyətli olduğuna əmin olana qədər nigaha girməyi təxirə salırlar».2

Əlbəttə, kapitalizm dünyasında bütün mə­sələlərdə olduğu kimi, ailə qurulmasında da kapitalın ən önəmli fakt kimi ortaya çıxması təəccüblü olmamalıdır. Həm də belə düşünmək ki, qərblilər məhəbbəti ümumiyyətlə nəzərə almırlar, – düzgün olmazdı: «Oxucular soruşa bilərlər ki, mənim tədqiqatlarımda romantik bağlılıq üçün də yer vardırmı, yoxsa məhəbbət iqtisadi yanaşma çərçivəsində öyrənilmək üçün həddindən artıq emosional və irrasional­dır­mı?».3 Bu konteksdə Qeri Bekker müasir Qərb ölkələrində bəzi cəmiyyətlərdən fərqli olaraq, nigah zamanı məhəbbətin hər halda nəzərə alındığını da qeyd edir.1 Bu «bəzi cəmiyyətlər» görəsən hansılardır? Nə qədər paradoksal görünsə də, Bekker yəqin bizi, islam ölkələrini nəzərdə tutur. (Kor kora lağ etməsə, bağrı çatlayar). Görünür, burada çadra amili əsas rol oynayır. Sifətini görmədiyin, toxunmadığın ada­mı sevmək Qərb təfəkkürü üçün anlaşıl­mazdır. Digər tərəfdən, Qərbdə belə təsəvvür var ki, müsəlman ölkələrində qızı ərə «başlıq» müqabilində verirlər.

Doğrudan da, Qərbdə başlıq yoxdur, lakin əvəzində plan var. Başlıq isə Şərqdə heç də universal xarakter daşımır və həm də bəzən rasional motivlərə əsaslanır. Məsələn, qərblilər başlıq alsaydılar, onun məbləği ali təhsilli, çox görmüş, çox gəzmiş qızlar üçün daha böyük olardı. Türkmənistanda isə orta təhsilli qız üçün başlıq ali təhsillidən artıqdır. Ən yüksək məzənnə isə heç təhsil görməmiş, evdən-eşiyə çıxmamış qızlar üçündür. Deməli, əsas məsələ hansı meyarlardan çıxış etməkdə, nəyə üs­tün­lük verməkdədir. Meyar haradasa təcrübə, bi­lik və sərbəstlik, haradasa məsumluq, itaət­karlıq və bakirəlik dərəcəsidir.



Başlıq almayan Qərb ölkələrində qızın ailə büdcəsinə nə qədər gəlir gətirəcəyi haq­qın­da mülahizə əsas yer tutur. Təzahürlər fərqli, mahiyyət isə eynidir. Lakin Qərblilər öz iq­ti­sadi maraqlarını daha ustalıqla maskalaya bil­di­yindən sadəlövh şərqlilərə lağ etməkdən çə­kinmirlər.

Qərb tərbiyə sistemində, o cümlədən, bi­zim pedaqoqların indi də istifadə etdiyi sovet pedaqoji sistemində məhəbbət hissi yüksək mənə­vi dəyər kimi geniş şərh olunmamış və bir çox hallarda sadəcə cinsi ehtiyacla və ya ev­li­liklə, ailə ilə bir səviyyədə təqdim olunmuşdur. Mə­sə­lən, L.V. Vorobyo­vun orta məktəblər üçün dərs vəsaitinə daxil edil­miş məqaləsində deyilir: «Məhhəbbətin sirri heç də ülvi-səmavi yox, cismani-çağdaş mənşəyə malikdir. Cinsi münasibətsiz məhəbbət müm­kün deyil».1 Yə­qin ona görə də, kimsə kimi isə sevib-sevmə­yə­cə­­yini bilmək üçün əvvəlcə yaxın münasi­bət­lərdə olmalı imiş. Qərbdə bu cür yanaşmanın əsas səbəbi məhəbbətin cinsi həyatla həqiqətdə oldu­ğun­dan daha artıq əlaqələndirilməsidir.

Əlbəttə, Qərb fəlsəfəsində də, rus ədəbi-bədii və fəlsəfəi fikrində də məhəbbətdən yük­sək mənəvi-estetik hiss kimi bəhs olunan mə­qamlar az deyil. Zadəganlıq dövründə Rusiya daha çox dərəcədə Şərq ölkəsi idi. Əks təq­dirdə, Puşkin poeziyası, «Yevgeni Onegin» ki­mi şərəf və mə­həbbət dastanları yaranmazdı. Lakin zaman keçdikcə məhəbbət ideyasının tə­nəzzülünü gö­rü­rük. Dünya ədəbiyyatının şe­dev­ri olan «Anna Korenina» artıq geriyə doğru bir addımdır. Ona görə yox ki, L.N.Tolstoy bir sənətkar kimi Puşkinə nəzərən gerilə­mə­dir; ona görə ki, ictimai reallığın, mənəvi mühitin özündə tənəz­zül var­­dır. Qərbi Avropada isə bu geriləmə daha əv­vəl başlanmışdı. «Tris­tan və İzoldası», «Romeo və Cülyettası» olan xalq­la­rın ədəbiyyatı, gö­rü­­nür, kapi­ta­lizm cəmiyyətinin yaratdığı yeni mənəvi mühitin təsi­rin­də­dir ki, bö­yük mə­həb­bət­dən erotikaya doğru eniş yolu keçmişdir. Bəli, bunu real­lığın özü tələb edirdi. Düzdür, Azər­bay­can ədəbiyya­tın­da mə­həb­bə­­tə münasibətdə romantik ənənələr zəif­ləsə də, hələ da­vam edir. Am­ma təəssüf ki, ger­çək ictimai real­lığımız heç bu zəifləmiş ədə­biy­yatımıza da uyğun gəlmir. Bu­nunla belə, bizcə, bu məqamda ədəbiyyat realistik, təs­­­vir­edici olmaqdan daha çox, roman­tik və xilaskar mis­s­iyanın daşıyıcısı olmalı, ideala səslə­mə­lidir. Hal­buki, real­­lığı da qabaqla­ma­ğa çalışanlar, Avro­pa ədəbi mühi­tin­də gedən müa­sir pro­ses­ləri ədə­biy­­­ya­tı­mıza gətirməyi az qa­la qəhrə­man­lıq hesab edən­lər də var.

Şərq məhəbbət poeziyasında eşqin eta­lo­nu kimi təqdim olunan məcnunluq fenomeni Qərbdə psevdoməhəbbətin formala­rından biri hesab olunur. Maraqlıdır ki, bu mövzuda Şərq poeziyası kontekstində yox, psixi xəstələri müa­yinə kontekstində söhbət açılır. XX əsrin böyük psixiatrı və filosofu Erix Fromm yazır: «Psevdoməhəbbətin geniş yayılmış və çox vaxt (bədii filmlərdə və romanlarda) «böyük mə­həbbət» kimi təqdim olunan forması – bütpə­rəst məhəbbət əgər insan özünü, öz fərdiyyətini dərk etmək səviyyəsinə yüksəlməyibsə, onda o, öz sevgilisini ilahiləşdirməyə, onu özü üçün pirə, qibləgaha çevirməyə meyllidir. O, öz şəxsi qüvvələrindən ayrılaraq bu qüvvələri sevgilisi­nə yönəldir və ona summum bonum (lat. – ali fəzilət) kimi, ümumiyyətlə, bütün məhəbbətin, bütün işığın, hər cür fərəhin daşıyıcısı kimi pərəstiş edir».1

Qərbdə məhəbbət real cismani həyatdan ayrılmır. E.From yazır: «Məhəbbət ancaq o zaman mümkündür ki, iki nəfər bir-biri ilə mövcudluğun ən dərin qatında ünsiyyət sax­layır və ona görə də onların hər biri özünü bu dərin qatda yaşaya bilir. İnsan gerçəkliyinin, həyatiliyin, məhəbbətin əsası, təməli ancaq bu­rada, bu «dərin» yaşantıda qoyulmuşdur. Bu cür yaşanan məhəbbət – müntəzəm çağırışdır; bu, – istirahət yox, hərəkət, inkişaf, birgə fəaliyyətdir…1 Qərbdə bu cür yanaşma tərzi ədəbiyyat və kinoda da təbliğ olunr. Lakin təəssüf ki, bir çox hallarda müasir Qərb dün­yası daha çox bayağılaşmış, heyvani səviyyəyə enmiş hissləri önə çəkir. Reallıq örnək olmaq səlahiyyətini itirir.

Ona görə də, biz gənclərə öz ideallarını bugünkü reallıqdan deyil, klassik milli ədə­biy­yatdan seç­mə­lə­ri­ni tövsiyə edərdik. Ən azı təd­ris proqramlarında ali duyğularımızın daşıyı­cı­sı olan klassik ədəbi-bədii irsə daha çox yer verməliyik. Lakin bir şərtlə ki, böyük ideallara səsləyən ədəbiyyat da ictimaiyyət tərəfindən dəstəklənsin və cəmiyyətdə ədəbiyyatı­mı­­za, mil­li-mənəvi dəyər­lə­ri­mi­zə qayıdış istiqamə­tin­də real proseslər getsin. Ancaq bu yolla gə­lə­cəyə alnı açıq getmək olar.

Cəmiyyət insana öz ürəyinin hökmü ilə yaşamaq imkanı vermə­li­dir. H.Cavidin, C.Cab­­bar­­lının keçən əsrin əvvəllərində qoydu­ğu bu tələb Qərb­də hələ indi-indi gah «insanın hüquq və azadlıqları», gah «gen­der» prob­lem­ləri adı altında gündəmə çıxarılır və bizə müasir Qərb də­yər­ləri ki­mi təqdim olunur. Lakin Qərb bu dəyərlərin milli-mə­nəvi inva­riant­lar­la uy­ğun­laş­dı­rılması problemini hələ də həll edə bil­məmiş­dir. Böyük ədiblərimiz isə hə­lə o vaxt bir addım qa­bağa get­miş və cəmiyyətin ya­­ratdığı çəpərləri uçurmaq tələbi ilə kifa­yətlən­mə­yə­­rək istək­lərin özü­­nü yüksək mə­nəvi pilləyə qaldırmaq, qadağaları kö­nül­lü­lük­lə, kön­­lün ucalığı ilə əvəz et­mək mövqeyindən çıxış etmişlər.

Bakirəlik də, mənəvi saflıq, təmizlik də gözübağlı saxlanmaqla yox, hissləri şüurlu su­rət­də idarə edəcək bir səviyyəyə yüksəliş SA­yə­­sin­də qorunub saxlanmalıdır. Lakin yük­səliş üzünü aç­maqla, açıq-saçıq olmaqla qarışıq SA­lınmamalıdır. Çadranın atılması müstəqim mə­nada ba­şa düşülməməli, üzlərin yox, gözlərin açılması ön plana çəkilməli­dir. Biz bir dəfə bu səhvi et­mi­şik. Hətta, çadraya qarşı çıxmağın sim­­vo­lunu yaratmış C.Cabbarlı da sonrakı il­lərdə ha­di­sə­lə­rin başqa isti­qa­mətdə gedişin­dən narahat olaraq «Hürriyyəti-nisvan» şerini yaz­mış, «mən belə azad­lığa səsləmirdim», – de­mişdir.

Bu gün biz gözəlli­yin, ülvi hisslərin, mə­həb­­bətin tər­bi­yəvi funk­­si­ya­sından danışarkən, ey­ni zamanda əqllə his­sin optimal nisbəti­nin də nə dərəcədə zəruri olduğunu nəzərdən qaçır­ma­malıyıq.

Hər hansı bir həyat tərzi, hər hansı bir əqidə, hətta hər hansı bir ge­yim insana kə­nar­dan, ic­­bari yolla qəbul etdirilməməlidir. Na­mus, is­mət də kişi diktatının və ya çadranın sa­yəsində de­yil, mənəvi bütöv­lü­yün ayrılmaz tərkib hissəsi kimi, daxildən gələn tələbat kimi möv­cud ol­ma­lıdır.

İnsanın bütün həyatı, əməli fəaliyyəti onun şəxsi arzu və istəklərinə uyğun gəlməli, is­tək və əməl bir harmoniya təşkil etməlidir.

Əlavə:
Məhəbbət haqqında seçmə fikirlər




O (Allah), yaratdığı hər şeyi gözəl yaratdı.



Qurani-Kərim
***
Hər bir cifti erkək və dişi yaradan odur.

Qurani-Kərim
***
Məhəbbət – ölməzlik cəhdidir.

Sokrat

***
Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın təzahürüdür.



Platon
***
Dəniz dalğasız olmaz, ürək – sevdasız.

Atalar sözü
***
Könül sevən gözəl olar.

Atalar sözü

Fəqət hər gözəl olanı könül sevməz.



C.Rumi
***
Məhəbbət ehtiraslıdır, dostluq isə ruhun keyfiyyətidir.

Aristotel
***
Ehtirasını idarə et, yoxsa ehtiras səni idarə edər.

Epiktet
***
Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz.

Q.Hegel
***
Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?



Nizami

Mən aşiq, o da giryan,

Mən giryan, o da giryan,

Dedim könlün odun al,

Demədim oda gir, yan.

Bayatı
***
Fikir cövhərini odda yapmasan,

Soyuq düşüncədən şəfqət sönəcək.

Sevgi atəşinə hikmət qatmasan,

Kərəmlər yanaraq külə dönəcək.



Əbu Turxan
***
Eşqsiz olsaydı, xilqətin canı,

Dirilik sarımazdı, böyük cahanı.



Nizami
***
Dumanla doldurub dünya üzünü,

Yatırtdım eşq ilə ağlın gözünü.



Nizami
***
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.

Füzuli
Məhəbbət ləzzətindən bixəbərdir

zahidi-qafil.

Füzuli, eşq zövqün zövqi-eşqi var

olandan sor.



Füzuli
***
Qəlbin pünhanları ancaq eşq işığında görünür.

Əbu Turxan
***
Məhəbbət ruhun canlanmasıdır.

Əbu Turxan

***
Aşiq sevgilisinin sevincinə sevinir.



Əbu Turxan
***
Məhəbbətdir işıq saçan,

onsuz aləm bir zülmətdir,

Zülmətdə gördüklərin,

sanma ki, bir həqiqətdir.



Əbu Turxan

Sevənlər hamısı şairdirlər.



Platon
***
Ağıl ürəyin kölgəsidir.

E.Miyanəci
***
Allahı sevmək – onun yaratdıqlarını sevməkdir.

Əbu Turxan
***
Məhəbbət və nifrət artmayanda ölürlər.

Can Pol Sartr
***
Məhəbbət böyük hisslərdən başlayır, xırda qalmaqalla bitir.

A.Morua
***
Məhəbbət – hisslərin poeziyasıdır.

O.Balzak
Məhəbbətin çiçəklənməsi üçün münbit mühit lazımdır.

Əbu Turxan
***
Məhəbbət – arzunun zirvəsidir.

İ.Göte
***
Məhəbbət arzu dünyası ilə gerçəkliyin qarışmasıdır.

Əbu Turxan
***
Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal dünyasına köç edir.

Əbu Turxan
***
Vüsal romantik məhəbbəti yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir.

Əbu Turxan

Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir.



Əbu Turxan
***
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi ilə işıqlanır.

Əbu Turxan
***
Milli ruh məhəbbətlə ağlın ittifaqından yaranır.

Əbu Turxan
***
Arzular dünyaya məna verir.

A.Frans
***
Ürək məhəbbət arzularından zövq-səfa şərbəti içir.

C.Bayron

Qadın ümidləri günəş şüalarından qidalanır; kölgə onları yox edir.



D.Elyot
***
Kim isə demişdir: «Ağılla idarə olunan məhəbbətdən yaxşılıq gözləmək olmaz».

İbn Ərəbi
***
Məhəbbət kimi desən tutub

gizli yollarla Allaha aparar.



C.Rumi
***
Sənsiz idi onda hələ yer səma,

Sən yox idin var idi qəmim daima.



Nizami
***
Göylər yaransaydı eşqdən azad,

Düşün, olardımı yer üzü abad?



Nizami

Sevgili aşiqin qəlbindədir.

Fəqət aşiq sevgilinin özündə

olduğunu bilməz, onu yenə kənardakı

sevgili vasitəsi ilə tanıyar.

İbn Ərəbi
***
Kişi də, qadın da tək qanadla yaranır.

Pərvazlanıb uçmaq üçün isə qanadların

qoşalaşması lazımdır.

Əbu Turxan
***
Uça bilmək üçün qanadlar tən olmalıdır.
Tayını tapa bilməyənlərin məhəbbəti göydən asılı qalar.
Atıcı atar, tayını tapar.

Atalar sözü
***
Ərlə arvadın torpağı

bir yerdən götürülür.



Atalar sözü
Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı

kişilər yaxşı qadınlar üçündür.



Qurani-Kərim

***
(Allah) sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, onlarla rahatlıq tapasınız. Sevgi ilə mərhəmət bərqərar eləmiş aranızda.



Qurani-Kərim
***
Məhəbbət ümidini itirmiş adamı

yenidən həyata qaytarır.



Əbu Turxan
***
İdrakı rəmz edib bir gül sandılar,

Aqil olanları bülbül sandılar,

Vaxt keçdi, rəmz itdi, sonra gələnlər

Təkcə bülbül ilə gülü andılar



Əbu Turxan
***
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə bölüşmək istəyir.

Əbu Turxan
Bütün sevənlər bacardıqlarından çox şey vəd edir, amma bacardıqlarını da etmirlər.

V.Şekspir
***
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü tərəfindən yaradılmış olur.
Yaradan yaratdığını sevməyə bilərmi!?

Əbu Turxan
***
İlk məhəbbət kor olur.

Atalar sözü
***
Eşqin gözü kordur.

Aristotel
***
Səndən qorxanı da, sən qorxduğunu da

sevə bilməzsən.



Siseron
Ən yaxşı evlilik dostluq hissi üzərində qurulur.

F.Nitsşe
***
Sevgisiz evlilik sevdiyinə evlənə bidməməkdən daha ağırdır.

(Naməlum)


***
Məhəbbət – sevilmək arzusudur.

Platon
***
Sahiblənmək anlayışı məhəbbətin izahında istifadə olunsa da, ilkin sayıla bilməz. Mən nəyə görə başqasını mənim­səmək və ona sahib olmaq istəyirəm? Bu mənə o zaman lazım olur ki, mənim varlığım başqasının funksiyasına çevrilir. Amma bununla mənimsəmənin ancaq müəyyən üsulu nəzərdə tutulur; biz başqalarının azadlığına yiyələnmək istəyirik.

Sartr

Dövlət adamının ürəyi başında olmalıdır.



Napoleon
***
Məhəbbət müəyyən mənada konfliktdir.

Sartr
***
Qısqanclıqda sevgidən daha çox özünü sevmək var.

F.Laroşfuko
***
Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif növləridir.

Avqustin
***
Məhəbbət – məhəbbətə cavabdır.

İngilis atalar sözü
***
Məhəbbət – bizim ikinci doğuluşumuzdur.

O.Balzak
Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir.

C.Sand
***
Məhəbbət başqasının xoşbəxtliyini

istəməkdir.



D.Yum
***
Sevinc və sevgi ruhun iki qanadıdır.

Hilmi Ziya Ülkən
***
Eşq – ruha təslim olmaqdır.

Hilmi Ziya Ülkən
***
Aləm eşq halında kamala gəlir.

Hilmi Ziya Ülkən
***
Sevgi – halından məmnun olmaqdır.

Hilmi Ziya Ülkən
Məhəbbət xoşbəxtlik xəzinəsidir: nə qədər çox verir, o qədər də götürür.

V.Muller
***
Ancaq sevərkən yaşayırlar.

Helvetsi
***
Yaşayan ancaq məhəbbətlə yaşayır.

Hafiz Xarəzmi
***
Qadın kişiyə müxtəlif, bəzən hətta bir-birinə zidd olan cəhətlərinə görə xoş gələ bilər; kimsə onu ağlına, başqası xeyirxahlığına görə sevər, üçüncüyə isə məsələn onun çatışmazlıqları xoş gələ bilər.

L.de Vovenarq

.

***
Vüsal məhəbbəti yerə endirmiş, onu əbədi şeriyyətdən məhrum etmişdir.



Asif Əfəndiyev
Bir-birinizin badələrinizi doldurun, amma bir badədən içməyin.

C.Cübran
***
Məhəbbət həyatın duzudur.

İngilis atalar sözü
***
Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin.

Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun.



C.Cübran
***
Qoy sizin mövcudluğunuzda genişlik, vüsət olsun.

İmkan verin ki, aranızda səma küləkləri əssin.



C.Cübran
***
Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır.

E.Fromm
Kişi üçün hər şeyin əslində necə olduğu önəmlidir. Qadın üçün isə önəmli olan hər şeyin necə təqdim olunması və zahiri əminamanlıqdır.

Folkner
***
Məhəbbət lətiflik və gözəllikdir.

İbn Sina
***
Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə sahib olur.

Volter
***
Ehtiras – yelkənli gəmini hərəkətə gətirən külək kimidir, hərdən gəmini batıra da bilər, amma onsuz üzmək mümkün deyil.

Volter
***
Məhəbbət melodiyadır.

Puşkin
Başqa sahələrdə sevgi vərdişi olma­yan­ların məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayan adam­la­rın xəstəliyə yoluxması kimi ağır nəticələrə gətirə bilər.

Əbu Turxan
***
Məhəbbət insanın bütün həyat və fəaliyyətinin mənasını sevgilinin gözünə necə görünməkdən ibarətdir.

Əbu Turxan
***
Məhəbbət nəinki yaradıcılığın mənbəyidir, o özü yaradıcılıqdır, yaradıcı enercinin şüalanmasıdır…

(Naməlum)
***
Bir şeirdir qadın bədəni də,

Yaranışın ən xoş anında

Yaradan özü bu poemanı,

Həkk etmiş tale kitabında.



Henrix Heyne

Məhəbbət çiçək üçün günəş kimidir: güclüləri gücləndirir, zəifləri qurudur.



İrland atalar sözü
***
Həyatın böyük sirri bunda gizlənib ki, istəyən, alan yox, ancaq verən, bağışlayan həzz alır.

N.Berdyayev
***
Könüllər bir-biri ilə baxış sayəsində təmasda olur.

Balmond
***
Məhəbbət ruh və bədənin

ittifaqından yaranır.



Əbu Turxan
***
Əgər ilk məhəbbət qəlbin bütün guşələrini işıqlandıra bilməyibsə, deməli «ilk məhəbbətlər» hələ çox olacaq.

Əbu Turxan
Məhəbbət qəlbin əql üzərində

qələbə himnidir.



Əbu Turxan
***
Qəlb köksə sığışmayanda insanın öz qəlbini bölüşmək ehtiyacı yaranır.

Əbu Turxan
***
Könüllərin birləşmək əzmi insani yüksəlişin, bədənlərin birləşmək istəyi heyvani başlanğıcın əlamətidir.

Əbu Turxan
***
Məhəbbət bir insan qəlbinin

başqa bədəni istila etməsi və ya onda

sığınacaq tapmasıdır.

Əbu Turxan
***
Hər bir nurun daxilində özündən ali nura eşq var.

Ş. Şührəvərdi
Onun bütün varlığı məhəbbət və qəhrdən nizamlanmışdır.

Ş. Şührəvərdi
***
Hər bir aşağı nurun məhəbbəti ali nurun məhəbbətində qəhr olunur..

Ş. Şührəvərdi
***
Aşiq eşqinin hökmü altına

əqlinin ölçüsündə girməlidir



İbn Ərəbi
***
Ruhu bir nurdur aşiqin,

təbiəti bir qaranlıq!



İbn Ərəbi
***
Aşiq vüsalla ayrılıq arasında

bir fərq görməməlidir



İbn Ərəbi

Eşq özünü tələf etməlidir.



İbn Ərəbi
***
Sevgilinin gördüyü hər iş gözəldir.

İbn Ərəbi
***
Sevgi daha çox qeyri-müəyyənliklə,

müəmma ilə, sirr və sehrlə əla­qədar olub, əslində bir möcüzə axtarışıdır.



Əbu Turxan
***
Aşiq özünün aşiq olduğunu bilməməlidir.

İbn Ərəbi
***
Məhəbbət könül səslərinin harmoniyası,

ürəklərin bir-birini anlamasıdır.



Bayron

Qəlbdə məhəbbət işığı yananda

qaranlıqlar əriyir.

Əbu Turxan
***
Sevən mənəm; sevdiyim də mən.

İbn Ərəbi
***
Uyğunluq olmazsa, məhəbbət ola bilməz.

A.Bakıxanov
***
Eşq ağlabatan və məqbul olarsa,

əsl xoşbəxtlikdir.



A.Bakıxanov
***
İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir.

A.Bakıxanov
***
Əgər kim isə sevgilidən başqa da nə haqda isə düşünə bilirsə, onun sevgisi səmimi deyil.

İbn Ərəbi
Dərindən sevmək – özünü unutmaq deməkdir!

C.C.Russo
***
İlahi bir eşq ver mənə,

Hardayamsa heç bilməyim.

Elə itirim özümü

İstəsəm də qoy bulmayım.



Yunus İmrə
***
Sevmək başqasının xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır.

Q.Leybnis
***
Məhəbbətə böyük ehtiyac, əgər onu yönəltmək üçün predmet tapılarsa, çox vaxt məhəbbətin özü kimi qəbul olunur; maneələr onu ehtirasa çevirir, vüsal isə yox edir.

V.Q.Belinski
***
Məhəbbət elə güclüdür ki, bizim özümüzü də yenidən yaradır.

F.Dostoyevski
Ailə məhəbbəti insan nəslini artırır, dostluq məhəbbəti onu təkmilləşdirir, qeyri-əxlaqi məhəbbət isə – alçaldır.

F.Bekon
***
Nifrət böyüyü də məhv edir, məhəbbət kiçiyi də yüksəldir.

Latın atalar sözü
***
Külək ocaq üçün nədirsə, hicran da məhəbbət üçün odur; kiçik məhəbbəti söndürür, böyüyü isə daha da alovlandırır.

A.Kuprin
***
O adamı ki, sən məndə sevirsən, əlbəttə, məndən yaxşıdır: mən belə deyiləm, amma sən sev və mən çalışaram ki, özümdən yaxşı olum.

M.Prişvin
***
Mənə biganə zövqi-nəfsani,

Sevdiyim yalnız eşqi-ruhani…



H.Cavid
Mən gözəllərdə gözəl ruh anaram,

ruhu düşkünləri çirkin sanaram.



H.Cavid
***
Ehtiras «Mən»imi məhv edir,

amma mən səni tapıram.



İbn Ərəbi
***
Gördüyüm gözəllik idraka sığmır.

İbn Ərəbi
***
Məhəbbət könül səslərinin harmoniyası, ürəklərin bir-birini anlamasıdır.

Bayron
***
Şərqdə məhəbbət işığı idrak işığını söndürür, Qərbdə – əksinə.

Əbu Turxan

Heç nəyi sevməyən – özü heç nədir.



L.Feyrbax
***
Məhəbbətin alçaldılması nifrət hissi yaradır. Amma nifrət onu tamamilə silə bilmədiyindən onlar qoşa yaşayırlar.

Əbu Turxan
***
Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür.

F.Laroşfuko
***
Eşqin daxili hərəkətverici qüvvəsi tü­kəndikdən sonra da, məhəbbət qa­ta­rı hələ uzun müddət yoluna davam edir.

Bu, – məhəbbətdə ətalət prinsipidir.



Əbu Turxan
***
Din və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır.

A.İ.Gertsen

Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.



Əbu Turxan
***
Daxili gözəllik zahiri gözəlliyə bürünəndə daha tez üzə çıxır.

Əbu Turxan
***
Zahiri və daxili gözəllik eyni vaxda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki göründü, onda birincini kölgədə qoyur.

Əbu Turxan
***
Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır.

Əbu Turxan
***
Ürək ağlı artıra bilsə də, ağıl ürəyə təsir edə bilməz.

A.Frans
Sevmək – fəzilət, sevilmək xoşbəxtlikdir.

L.N.Tolstoy
***
Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər.

V.Q.Belinski
***
Məhəbbətin dərinliyi və hüdudu hətta təxəyyül üçün də əlçatmazdır.

F.Şiller
***
Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır.

Q.Mopassan
***
Məhəbbət – həyat yaradır.

L.N.Tolstoy.
***
Qarşılığı olmasa da, sevmək gözəldir.

O.Balzak
Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir.

İ.S.Turgenyev
***
Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də cələcəyi tanıyır.

O.Balzak
***
Həm sevmək, həm də müdrik olmaq qeyri-mümkündür.

F.Bekon
***
Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və ağlı olmayanlara ağıl verir.

D.Didro
***
Sevgi bizi böyük işlərə ruhlandırır və bu işləri görməyə mane olur.

A.Düma
Hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz.

A.Düma
***
Məhəbbət istəklə yaşayır və yalanla qidalanır.

A.Frans
***
Yalnız bilmədiyin şeyi dəlicəsinə sevə bilərsən.

A.Frans
***
Ayrılıq böyük məhəbbətləri daha da artırır, yarımçıq olanları isə məhv edir.

R.N.Güntəkin
***
Eşqini ifadə etməyi bacaran muradına tez çatar.

C.London
***
Eşq meydana girəndə ağıl oranı tərk edir.

M.Meterlinq
Eşq məntiqə qulaq asarsa, məhv olar.

F.Saqan
***
Böyük məhəbbətlər kiçik qığılcımlardan doğur.

A.Stendal
***
Yoxsulluq qapıdan girəndə, məhəbbət pəncərədən qaçır.

V.Şekspir
***
Eşq namusla birləşəndə ən qiymətli cəvahirat alınır.

L.Tolstoy
***
Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o, hər an nifrətə çevrilə bilər.

H.Toro
***
Eşqi başlamaq asan, bitirmək çətindir.

M.Tven
Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir.

V.Taqor
***
Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır.

Əbu Turxan
***
Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyldir.

Leybnis
***
Məhəbbət bütövlük yanğısı və ona cəhd etməkdir.

Aristofan
***
Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq – məhəbbətdir.

Hegel
Dərindən sevmək özünü unutmaqdır.

Russo
***
Həqiqi insani məhəbbət ancaq hisslərin şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin insani ləyaqətinə qarşılıqlı hörmətə əsaslana bilər.

Belinski
***
Məhəbbət başqasının sevinc və iztirablarını yaşamaqdır.

Əbu Turxan
***
Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır.

A.Kamyu
***
Qadın qəlbinə aparan cığırların ən kəsəsi yazıqlıqdır.

Bayron

«Məhəbbət» sözü iki fərqli məna ifadə edir: sadəcə məhəbbət, yaxud ehtiras və – şəvqət.



S.Moem
***
Məhəbbət bir-birinə baxmaq yox, birlikdə eyni tərəfə baxmaqdır.

Sent – Ekzyuperi
***
Məşuq əslində güzgüdür; aşiqə öz içində yaratdığı idealı göstərir.

Əbu Turxan
***
Məhəbbət zəriflik və gənclikdir.

İbn Sina

***
Məhəbbət qəlbin şeriyyətidir.



Əbu Turxan
***
Məhəbbət birdir, amma iki ürəkdə yaşayır.

Assir
Məhəbbət göz yaşı kimidir: gözdən başlayır, ürəyə düşür.

P.Sirr
***
Sevməyi balıqdan öyrənin; o sudan çıxan kimi ölür.

Fars atalar sözü
***
Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma evləndikdən sonra yumun.

B.Franklin
***
Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayır.

D.Karnegi
***
Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Evlilik də qayıq kimidir.

E.Levi

Uğurlu evlilik sevgini rədd edir, onu dostluqla əvəz etməyə çalışır.



Monten
***
Yaxşı nigahın özülü istedad və dostluqdur.

F.Nitsşe
***
Kişi evin beyni, qadın isə ürəyidir.

F.Volter
***
Sən evlənməyində ol, məhəbbət sonra gələcək.

İngilis atalar sözü
***
Əsl məhəbbətin nə olduğunu yalnız analar bilir.

O.Balzak
***
Bəşəri məhəbbətdən kənarda vətən

sevgisi yoxdur.



A.Frans
Öz vətəninə mənsub olmayan bəşəriyyətə

də mənsub deyil.



V.Q.Belinski
***
Həqiqi şərəfli insan ailəni özündən,

vətəni ailədən, bəşəriyyəti vətəndən üstün tutmalıdır.



C.Dalanber
***
Ən böyük şücaətlər vətənə məhbbətdən

yaranır.


Russo
***
Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz

gözəllik ürək üçün yox, ancaq göz üçündür.



Belinski
***
Qadının ləyaqət meyarı – sevdiyi kişidir.

Belinski

Həqiqi insani məhəbbət heç də hissiyatın hər hansı şıltaqlığı və ya ürəyin kefi üzərində deyil, insani ləyaqətlərə qarşılıqlı hörmət üzərində qərar tuta bilər.



Belinski
***
Məhəbbətin ən yaxın rəfiqəsi də, ən böyük düşməni də qısqanclıqdır.

C.Bruno
***
Nikahın qarşısına qoyduğu ideal, – cismani yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır.

M.Qandi
***
Məhəbbət gənclikdə daha coşqun olsa da, sonralar daha güclü və möhtəşəm olur.

H.Heyne
***
Heç kimi sevməyəni sevməzlər.

Demokrit

Ancaq böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər.



Drayzer
***
Hörmətlə tamamlanmayan məhəbbət yüksəyə qalxa bilməz; o tək qanadlı mələk kimidir.

A.Düma
***
Hörmətin həmişə müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur.

M.Y.Lermontov
***
Hər kəs öz zövqünə görə görür.

Sührəvərdi
***
İnsan sifətini güzgüdə gördüyü kimi, öz qəlbini də ancaq güzgüdə görə bilər. Bu zaman güzgü başqasının parlaq qəlbidir.

Əbu Turxan

Heç vaxt həqiqi ehtirasla sevməmiş insan həyatının yarısını , həm də gözəl yarısını yaşamamışdır.



Stendal
***
Dostluq da məhəbbət kimi qızıl gülə bənzəyir, gözəlliyi və məstedici qoxusundan başqa, tikanları da vardır.

V.Q.Belinski
***
Dostluq elə münasibətdir ki, bu zaman bir kişi başqası ilə bilavasitə yox, nə isə üçüncü bir hadisəyə münasibətdə, prinsiplərdə, fəaliyyətdə, elmdə ittifaq kimi üzə çıxır; qısası, bu ittifaq kişinin qadına münasibəti kimi təbii meyl olmayıb, müəyyən obyektiv məzmuna malikdir.

Hegel
***
Dostluq iki bədəndə yaşayan bir nəfsdir.

Aristotel

Hər kəs ancaq özünü sevir. Dost da ona görə sevilir ki, o bizim ikinci Mənimizdir.



Siseron
***
Nifrət məhəbbətə keçə bilər, dostluğa yox.

Labruyer
***
Sizi sevdiyim kimi, bir-birinizi sevin.

İncil
***
Qarşılıqlı olmayan məhəbbət var, qarşılıqlı

olmayan dostluq yoxdur.



Əbu Turxan
***
Zaman dostluğu möhkəmləndirir,

məhəbbəti zəiflədir.



Labruyer
***
Məhəbbətin ömrünü dostluq uzadır.

Əbu Turxan
Dostluq qanadsız məhəbbətdir.

Bayron
***
Məhəbbət və dostluq bir-birindən hasil olur.

Fransız atalar sözü
***
Dostluq eyniyyətdən, məhəbbət fərqdən yaranır.

Əbu Turxan
***
Məhəbbət fərqlənən tərəflərin dostluğudur. Fərq itdikcə məhəbbət keçir, dostluq qalır.

Əbu Turxan
***
İnsanın mənəvi varlığı yalnız gözəllik duyğusu sayəsində bütövləşir.

Əbu Turxan
***
İnsanlar bir-biri üçündürlər.

Mark Avreli
Dostluq etməyi bacaran evlənəndə də uğurlu evlənər; belə ki, nigah da dostluq istedadına əsaslanır.

F.Nitsşe
***
Dostların məhəbbəti həm də müalicə edir.

Seneka
***
İnsan öz fərdiliyini nə qədər çox biruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır.

R.Taqor
***
Fəzilət sahibi olmaq istəyən adamı əvvəlcə «şəhvət qüvvəsi», sonra «qəzəb qüvvəsi» baxımından tədqiq etmək lazımdır.

Nəsrəddin Tusi
***
…Cismani ləzzət almaq həvəsi, kef çəkmək ehtirası ilk fitri nöqsan olaraq insanın bədənində özünə yer tapmışdır.

Nəsrəddin Tusi
Həqiqət və fayda doğma tellərlə ancaq gözəllikdə birləşir.

Hegel
***
Estetik hissə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil.

Hegel
***
Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir. Biri hərəkətə gətirir, o biri istiqamətləndirir.

C.X.Cübran
***
Milli ruh məqamına sədəcə sevgi qanadında yüksəlmək mümkün deyil. Bunun üçün sevginin ağılla birləşməsi lazımdır.

Əbu Turxan
***
Fərdi mahiyyət ailə məhəbbtində, ictimi mahiyyət vətən sevgisində üzə çıxır.

Əbu Turxan
Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə yüksəliş yolunda bir məqam kimi or­taya çıxır.

Əbu Turxan
***
İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və onun yerini fərdi məhəbbət tutmuşdur.

Əbu Turxan
***
Sonsuz hissin sonlu varlığa yönəldilməsi sözün müs­tə­qim mə­na­sında məcnunluqdur.

Əbu Turxan
***
Allahı sevməyin yolu insanları və təbiəti sevməkdən keçir.

Əbu Turxan
***
İnsan ömrü boyu instinktiv və intuitiv şə­kildə ta­mam­lanmağa, bütövləşməyə, Vahidə can atır.

Əbu Turxan

İnsanın təbiətdəki gözəlliyə meyli, məf­tunluğu, aludəçiliyi də tamamlama hissinin, har­mo­ni­ya duyğusunun təzahürüdür.



Əbu Turxan
***
Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük yaradana ünvan­lananda onun həddi-hüdudu olmaya bilər.

Əbu Turxan
***
İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğur.

Sevginin ali mərtəbəsi – vəhdəti-vücud məqamı!



Əbu Turxan
***
Əqllə sərinləşdirilməyən yanar məhəbbət uçub gedəcək.

Əbu Turxan

Sanki bütün dünya sevgililərin sevincinə şərik olur.



Əbu Turxan
***
Şəhvət məhəbbət kontekstində, məhəbbət isə həyat kontekstində dəyərlidir.

Əbu Turxan
***
Daha çox bədənlə, insanın cismani enerc­isi ilə bağlı olan diskret bir hissi-bioloji və­ziyyət müntəzəm və daimi hiss olan məhəbbət duyğusu ilə eyni tərtibli deyil.

Əbu Turxan
***
Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur.

Stendal
***
Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov, sonra tüstü.

N.de Şamfor
Sevgisiz insan cilalanmamış almaz kimidir.

Çin atalar sözü
***
Həqiqət eşqdə nazil olsa da,

Hərf və məna libasına büründü.



Ənvar Qasimi
***
Ailəni dayanıqlı edən qadın ilə kişi ara­sında eyniyyət yox, fərqdir. Məhəbbət özü də bu fərqin sayəsində mümkün olur.

Əbu Turxan
***
Hərə özünün qiymətli nəyi varsa, sevəcəyi adam üçün saxlayır.

Əbu Turxan
***
Eşqdə susmaq danışmaqdan faydalıdır.

Yapon atalar sözü

MÜNDƏRİCAT


­


Oxucular təklif və rəylərini aşağıdakı ünvana göndərə bilərlər:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə