MƏHƏBBƏT və İntellekt fəLSƏFİ esselər bakı – 2006 Elmi redaktoru: Fuad Qasımzadə




Yüklə 1.5 Mb.
səhifə3/5
tarix27.04.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5

İlk məhəbbət və şəhvət duyğusu
Ailənin sonrakı fazasında, övladlar əmələ gəldikdən sonrakı mərhələsində eyniyyət məhəbbəti daha həlledici rol oynayır; həm fərdi məhəbbətdə övladların taleyi ilə bağlı birgə məsuliyyət hissi tamamlama səciyyəli cinsi ca­zibəni üstələyir, həm də övladlara yönəldilmiş yeni tipli münasibətlər yaranır. Bu, – validey­nin övlada məhəbbətidir. Valideyn uşağında özü­­nün ikinci varlığını, həyatının öz cismindən kənardakı mövcudluğunu görür. Daha doğru­su, genetikanı bilib-bilməməsindən asılı olma­yaraq, ona belə gəlir. Ta o vaxta qədər ki, uşaq böyüyüb başqa bir xarakter, başqa bir mənlik nümayiş etdirməsin. Bu başqalıq, «yadlıq» əla­məti üzə çıxanda məhəbbət elə bil ki, daşa çır­pılır. Amma sınmır. Çünki valideyn neçə il­lər ər­zində qəlbində bəslədiyi eyniyyət ümidini itir­məmək üçün faktları qulaq ardına vurur, də­rinə getmir, reallığı anlamağa çalış­mır. Fərq çox böyük olmayanda, acı nəticələrə gətirmə­yəndə hər şey təbəddülatsız ötüşür. Tək-tək hallarda, – fərq özünü təkidlə biruzə verəndə, qarşıdurmaya keçəndə məhəbbət için­dən sarsılır. Bu valideynliyin faciə məqamıdır. Bu məhəbbət, xarak­terinə görə ilk məhəbbəti xatırladır.

Valideyn məhəbbəti genetik eyniyyət duyğusundan yaranmaqla yanaşı, həm də nar­sisizm təzahürüdür. Söhbət «Mən»in, fərdi mənəvi həyatın, ikinci şəxsdə davamından ge­dir. İlk məhəbbət isə insanın özünün olmasa da, idealının kənarda mövcudluğuna olan müna­sibətidir.

Yeniyetmənin cinsi hissiyatı hələ təzəcə forma­laşar­kən onun özünün də hələ anlama­dığı bir sövq-təbii ilə qəlbində bir işıq yanır və dünya gözəlləşir, daha al-əlvan görünür.
Qönçə idim, gül oldum,

Boy atdım sünbül oldum,

Bir dilbil­məz quş idim,

Oxudum bülbül oldum.1
Və bülbül gül həsrəti ilə yanmağa baş­layır. Yeniyetmənin könlündə əks-cinsdən olan ideal obraz yaranır. Bu da əslində genetik ola­raq ötü­rülmüş hissiyyatdır. Əlbəttə, bu obraz hələ tam forma­laşmamışdır, konturları da ay­dın deyil, – amorfdur. Amma fərqi yoxdur. Yeniyetmə özü də bilmədən kənarda bu obra­zın gerçəyini axtarır. Və hər hansı bir təsadüf, gerçəyin hər hansı bir əlamətinin bu obraza uyğun gəlməsi yeniyetmədə axtardığını tapmaq duyğusu, tam eyniyyət əminliyi yara­dır. Bu duyğu elmdə kəşfi, texniki axtarışda ixtiranı, bədii yaradı­cılıqda vəcdi, ilahi ünsiyyətdə vəhyi xatırladır. Bu, – möhtəşəm və əsrarəngiz bir duyğudur. Və bundan sonra yeniyetməni inan­dırmaq çətindir ki, bu gerçək əslində onun idealından çox fərqlidir. Çünki o daha gerçəyi deyil, onun simasında öz idealını görür («ilk məhəbbət kor olar»). Və bu aldadıcı eyniyyət duyğusunun parçalanması üçün neçə-neçə faktların möhkəm zərbələri ilə üzləşmək lazım gəlir. Ağıl deyir ki, bu o deyil. Amma qəlb yenə də görmək istəyini görür.

İlk məhəbbət də, şəhvani hiss də – hər ikisi uşağın özünü cinsi baxımdan fərqləndir­məyə başladığı vaxtdan yaranır. Bu zaman içə­ridən uşaq üçün anlaşılmaz və idarəolunmaz hisslər baş qaldırır. Və bu hisslər bir-birindən tamamilə fərqli iki müxtəlif qütb kimi ortaya çıxır.

Birinci hiss uşağı göylərə səsləyir; o öz mələyini axtarır. Bu, – ilk məhəbbət duyğusu­dur.

İkinci hiss də əks-cinsə qarşı yönəlmişdir. Lakin o, vəhşi bir ehtirasdır. Burada qarşı tərəf nəinki mələk deyildir, hətta onun əxlaqı, mə­nəvi keyfiyyətləri, əql-kamalı ümumiyyətlə diqqətdən, fokusdan kənardadır. Əslinə qalsa, burada ancaq erotik kamillik, qadın təravəti­nin, qadınlıq məziyyətinin bariz ifadəsi ön plana çıxır. Bu zaman hətta yaş da önəmli deyil. Məsələn, 14-15 yaşlı bir yeniyetmənin nəzər-diqqətini özü yaşında olan, qönçə kimi hələ təzə açılmağa başlayan, nərmənazik bir qız uşağı deyil, cinsi inkişaf baxımından tam ye­tişmiş və cinsi cazibədarlığını daha çox hiss et­dirən hər hansı bir qadın cəlb edir.

Bu axtarış heç də bəxt ulduzunun, könül yoldaşının axtarışı deyil. Məqsəd də heç ev­lənmək deyil. Sadəcə vəhşi şəhvani hiss öz əks qütbünü axtarır və bu əks-qütb adsız-ünvansız, şəxssizləşmiş, mücərrəd bir erotik təzahürdür. Bu təzahürün real daşıyıcısı, onun kimliyi, di­gər xüsusiyyətləri əsla maraqlı deyil. Əksinə, bu xüsusiyyətlər ortada olanda, yəni şəxsi ta­nı­yanda ona «o gözlə» baxmağa utanırsan. Çün­ki bu tanışlıq səni reallığa gətirir. İçində baş qal­dıran ünvansız erotik hiss isə sənə bu dün­yanın real münasibətlərindən, əxlaqi nor­mA­lardan, adət-ənənədən, səni məhdudlaşdı­ran, utan­dıran, hissinə mane olan nə varsa, – ha­mısından ayrılmaq, təcrid olunmaq və öz his­sinlə, bu hissin təsadüfi və ünvansız tərəf-müqabili ilə birlikdə qalmaq istəyi təlqin edir.

Güman edirəm ki, qızlar da bu dövrlə­rində öz həmyaşıdlarından daha çox yetkin ki­şilərə (xüsusən, romanlarda və filmlərdə kişi xarakterinin və kişi gücünün timsalı sayılan obrazlara) qarşı özləri üçün anlaşılmaz bir meyl, cazibə hiss edirlər.

Əlbəttə, bu yaşda yeniyetmə öz hisslərin­dən diksinir, utanır, onları gizlədir, amma da­xilində qadın cinsinə qarşı yaranmış anlaşılmaz bir cazibədən də qurtula bilmir. Fikri-zikri daha çox bu mövzuya yönəlir. Yeniyetmə təc­rü­bəli kişilərdən, don cuanlardan fərqli olaraq, bu istəyi reallaşdırmaq üçün plan cızmır, tədbir tökmür, hətta belə bir görüşdən, öz hissini real münasibətlər sisteminə daxil etməkdən çəkinir, qaçır; amma ətraf qıcıqlandırıcı amillərlə dolu olduqda bu istəkdən xilas olmaq çətindir. Ona görə də, yeniyetmələrdə erotik filmlərə baxmaq meyli yaranır, onlar çox vaxt video və internet dünyasına səyahətə çıxmağa, reallıqdan uz­a­q­­­­­laşmağa çalışırlar.

Tənzim oluna bilməyən erotik hiss hələ tam formalaşmamış yeniyetmənin digər hissləri ilə müqayisədə çox güclü olduğundan, hətta psi­­xikanın pozulmasına da səbəb ola bilər. Be­lə vaxtlarda görünür bu hissləri anlamaq və ida­rə edə bilmək üçün onlara xüsusi bilgilər ve­rilməsinə ehtiyac yaranır ki, bu da ilk növ­bədə valideynlərin vəzifəsidir. Cinsi tərbiyə ilə əla­qədar Azərbaycan dilində elmi-pedaqoji mən­bələrin olduğunu nəzərə alaraq, bu mövzu üzə­rində ətraflı dayanmayacağıq. Bircə B.Ras­seldən belə bir fikri iqtibas gətirmək is­təyirik ki, yeniyetmələri öz cinsi hissləri ilə tək­başına buraxmaq, bu hisslərin gizlindən çıxa­rılması, adiləşdirilməsi və tənzimlənməsi üçün zəruri bil­gilər verməmək, onlara qarşı ən azı qəddar­lıq hesab olunmalıdır. 1

İlk məhəbbət duyğusu da, əslində ünvan­sız yaranır. Yeniyetməlik dövründə məhəbbət eyni vaxtda iki müxtəlif qütbdən başlanır. Bir tərəfdən, bədən yetkinləşir və erotik duyğu qəlb aləminə qədəm qoyur. Digər tərəfdən, qarşı cinsə münasibətdə estetik duyğu daha da yetkinləşir və xüsusi məna kəsb edir. İllər keç­dikcə hər iki hissdə mərkəzə doğru yerdəyişmə gedir. Yaş artdıqca yeniyetmələrin cinsi meyli açmış güldən qönçəyə doğru dəyişir və nə­ha­yət, öz həmyaşıdlarının üzərində dayanır. Bu dövrdə ilk məhəbbət duyğusu da göylərdən yerə enir və artıq nəzarətə alınan erotik hisslə qovuşmaq imkanı əldə edir. Real eşq üçün, evlənmək üçün yetkinliyin əsas şərti də məhz bu iki qütbün birləşməsi, yerin və göyün cazi­bələrinin tarazlaşmasıdır.

Düzdür, spontan başlanan ülvi məhəb­bət duyğuları ilə spontan erotik hissin qovuş­ması, – eşqin kamillik məqamı heç də hamıya qismət olmur. Kim isə hələ vaxtından əvvəl ya ülvi duyğularını, ya da şəhvət hissini mütləq­ləşdirir, onun əsirinə çevrilir; kim isə göydən yerə enə bilmir və kim isə ömrü boyu sürünür və heç vaxt öz nəfsinin fövqünə qalxa bilmir.

Məhəbbətin elə formaları da vardır ki, fərqlənən tərəfə yox, özünün bir parçasına, ikinci varlığına münasibət kimi ortaya çıxır. Bu, ilk növbədə yaradıcılıq məhəbbətinə aiddir.

Valideyn məhəbbəti də qismən yaradı­­lıq məhəbbətini xatırladır. Yəni yaradanın öz yaratdığına sevgisi kimidir. Bir rəssamın öz tab­losuna, bir bəstəkarın öz musiqisinə, bir ya­zıçının öz romanına bəs­lədiyi münasibət də bu qəbildəndir. Çünki yaradıcılıq məhəbbəti də əslində eyniyyət məhəbbətinin formalarından biridir. Sənətkar əvvəlcə öz qəlbində yaratdığı obrazı, öz qəlbinin bir guşəsini gerçəkliyə transfer edir və yaratdığı əsərin simasında özünün ikinci (bəlkə də daha əsas) həyatını ya­şıyır.

Vali­deyn­lik hissi instinktiv səviyyədə hey­vanlara da aid olub və məq­sədyönlü qayğı və himayə ilə müşayiət olunur. Lakin balaları böyü­dükdən sonra onların «valideynə» məhəb­bəti və ya hər hansı bir qayğısından danışmaq çətindir. Platon burada ancaq leyləyin istisna ol­duğunu xüsusi qeyd edir. Bu kontekstdə Pla­ton yüngülqanadlı erosla leyləyin timsalında mə­həbbətlə qayğının müqayisəsini verir.1

Övladın valideynə məhəbbəti də eyniyyət məhəbbətinin bir for­masıdır. Övladlıq duyğusu hissənin tama, yara­dılmışın yaradana müna­si­bətini ifadə edir. Bu mənada ilahi eşqə bən­zəyir. Şagirdin ustada, hər bir şəxsin öz həyat və amal idealına müna­sibəti də bu qəbildəndir. Milli ruh, vətən sevgisi də eyniyyət məhəb­bə­ti­nin məhz bu aspektdəki formalarıdır. Yəni in­san özü­nü millətin və ya Vətənin bir parçası kimi duya bilirsə, – deməli, bu ülvi hissdən məh­rum deyil.

Göründüyü kimi, məhəbbətin formaları çoxdur. Amma ən çox hallanan və dar mənada məhəbbət anlayışına yiyə çıxan fərdi (cinsi) məhəbbətdir ki, o da eyniyyətdən yox, fərqdən qidalanır. Tamamlama məhəbbəti ümumdünya cazibəsinin də, bəşər nəslinin davam etməsinin də əsasında durur. Və bu hiss mənəvi dünyanın qeyri-şüuri fəzasına aiddir. Onun yaranması da, uğurla sonuclanması da taleyin, qədərin işidir.

İnsan bütün potensial məhəbbət enerci­sini ancaq bir səmtə yönəltsə, tənasüb pozular, ahəng itər.

İstənilən ifrat haramdır.
İlk məhəbbət və ilahi eşq eyniyyət mə­həb­bətinə əsaslansa da, sevgini göydən yerə en­dirən, potensial haldan aktual hala keçirən, onun cismani dünyada proyeksiyası və canlı həyati for­ması – şəhvət duyğusu, heyvani nəfs, erotik məhəbbətdir. Ziqmund Freyd hətta bü­tün başqa hisslərin də təməlində məhz şəhvət hissinin dayandığını iddia edir.1 İndi az qala bütün Qərb dünyası bu fikirdədir. Amma bu, Avropanın tapıntısı deyil. Həmin ideyanın da­ha mükəm­məl forması hələ orta əsr İslam Şər­qində irəli sürülmüşdü. Ş.Sührəvərdi ya­zır­dı: «Bü­tün hərəkətverici və dərkedici qüv­vələrin da­şıyıcısı heyvani nəfsdir».2 Lakin Şərqdə bunu da bilirdi­lər ki, bu «qüdrət» hey­vani nəfsin in­sanın iç dünyasında, ümumi nəf­sin struktu­runda yüksək məqam tutmasından deyil, ək­si­nə, ən aşağı pillədə qərar tutmaqla bədənə da­ha yaxın olma­sın­dan, bədənlə, cis­mani enerci ilə bilavasitə təmas imkanından irəli gəlir.

Ehtiras ülvi hisslərlə müqayisədə aşağı pillədə dayansa da, olduqca güclü bir hissdir. Çünki həyatın dibindən, canlı olmağın təbiə­tindən, genetik məzmundan çıxır. İnstinktiv sə­ciy­yə daşımaqla, əql və iradəyə birbaşa tabe deyil. Rene Dekart yazır ki, «ehtiras iradə ilə ya­ra­dı­la bilməz. Yaranmış ehtirasdan da sa­dəcə iradi cəhdlə qurtulmaq mümkün deyil».1

Bu – doğrudur. Amma bu, şəhvət qarşı­sında təslim olmaq və bu qəbahətə görə özünə bə­raət qazandırmaq üçün əsas vermir. Belə ki, R. Dekart əslində artıq baş qaldırmış və nə­za­rət­dən çıxmış şəhvət duyğusundan söhbət açır. Şəxsi iradə isə öz işini buna qədər görməli, yəni in­san özünü öz hissi qarşısında belə əlacsız və­ziyyətə salmamalıdır. Bu, bir növ içki həris­liyini xa­tırladır. Özünə nəzarətin ən etibarlısı ayıqlıq vaxtındakı nəzarətdir. Yəni ən əsası ilk ba­də­lər­dən imtinadır. Əgər bunu etməsən, sər­xoş olduqdan sonra nəzarət imkanı itir və sü­ka­n alka­qo­lun əlinə keçir.

Biz burada belə nasiranə mövzuya heç də təsadüfən toxunmadıq. Belə ki, məhəbbəti bə­zən alu­də­çilik və hərisliklə müqayisə edirlər. Lakin içki düşkünlüyü, pul düşkünlüyü kimi, qadın düş­kün­lüyünün də məhəbbətlə heç bir əlaqəsi yoxdur. İstər içkiyə, istər nəşəyə, istər pula, yaxud istər­sə də şəhvət hissinə aludəçilik müxtəlif səbəblərdən də olsa mahiyyət etibarilə iradənin da­xili nəzarəti itirməsi, beyinin du­man­lanmasıdır. Maraqlıdır ki, məhəbbəti yu­xarıda sadaladığımız kef vasitələri ilə müqayisə etməyin əleyhinə olanlar da onun məhz duma­landarıcı təsirini, əqlin gözünü örtməsini ön plana çəkirlər.


Eşqdən dünyaya saldım dumanlar,

Əqlin gözlərini etmişəm xumar1.
Məhəbbətin bu xüsusiyyəti, yuxarıda gös­tərdiyimiz kimi, ya «ilk məhəbbət» adlan­dırdığımız «qısa qapanma»nın, ya da sağlam düşüncəyə tabe olmayan instinktiv duyğunun – şəhvət hissinin təzahürləridir. Maraqlıdır ki, bu iki kənar hal nəticə etibarı ilə eyni cür təsir göstərir. Görkəmli rus filosofu V.Solovyov yazır: «Yüksək insanda da Eros yaşayır, ya­radır, amma düşünmür. Deməli, burada da onun bilavasitə predmeti – ağılçatan ideyalar yox, tam cismani həyatdır. İki Erot arasındakı əkslik isə əslində yalnız bu həyata əxlaqi və qeyri-əxlaqi münasibət arasında əkslikdir».2 V.Solovyov mə­həbbətin mənəvi-insani for­mA­sını heyvani ehtirasdan fərqləndirməklə bəra­bər, onların tə­biətində eyniyyət məqamının olub-olma­masını araşdırmağa çalışır. O, erotik hissin digər məhəbbət təzahürləri ilə əlaqəsi (əslində əlaqəsizliyi) barədə yazır: «Məhəbbət, özünün yüksək və aşağı təzahür səviyyəsində olmasından asılı olmayaraq, bir erotik pafos ki­mi istənilən halda Allaha sevgiyə, insana sev­giyə, valideynlərə və Vətənə, dosta-qardaşa sev­giyə bənzəmir, – bu, hər şeydən əvvəl cisma­niliyə meyldir».1 Doğ­rudan da fərdi-cismani və ya başqa sözlə, cinsi məhəbbəti digər mə­həb­bət formalarından fərqləndirən başlıca cəhət burada şəhvani hissin az və ya çox dərəcədə iştirakıdır. V.Solovyov da məhz bu hissin məna və məqsədini açmağa çalışır: «Lakin bu meylin, bu sevginin səbəbi, məqsədi nədir? Cismani aspektdə məhəbbət nəyə doğru bir cəhddir?... ». Bu yerdə o, Platonun Erotun gözəllikdən doğulması haqqında fikrini xatırladır və onun məhəbbət təlimini bar verməyən gözəl məxməri çiçəyə bənzədir. 2

Şəhvət hissi instinktiv olsa da, əslində heç də sadə və yekcins olmayıb, mürəkkəb struktura ma­likdir. Burada bir tərəfdən yara­dıcılıq ehtirası, digər tərəfdən, tamamlama hissi ehtiva olu­nur. İnsan öz tərəf-müqabili ilə vüsala can atarkən, bunun məhz öz nəslini davam etdirmək ki­mi kortəbii və qeyri-şüuri bir ehtiyacın realizasiya cəhdi olduğu haqqında düşünmür. Əslində adi düşüncə üçün bunun izahı çox çətindir və hətta xüsusi bioloji və sosial bilgilər də köməyə gəl­mir. Ona görə də, insan bu hissi dərk etməyə heç təşəbbüs də göstərmir. Tamamlama hissi isə əslində daha universal bütövlüyə, kamilliyə, vəhdətə təbii mey­lin bir forması olmaqdan baş­qa, həm də qismən instinktiv yaradıcılıq cəhdindən törə­mədir. Yəni insan nəslini davam et­dir­mək mis­s­iyasını üzərinə götürmək üçün insan təbiəti yarımçıq yox, bütövlükdə təmsil olun­ma­lı­dır. Bütövlük ancaq insan təbiətinin fərqli təzahü­rlərinin birləşməsi sayəsində əldə edilmiş olur. Birliyə, vəhdətə, harmoniyaya meylin əsasında isə, bir tərəfdən genetik-bioloji yaradıcılq ins­tinkti dayanırsa, digər tərəfdən, bu, insanın tə­biətə, daha doğrusu, təbiətdəki ahəngə, har­mo­niyaya məftunluğunun xüsusi halıdır. İnsan təkcə tərəf-müqabillə deyil, onun simasında dün­­ya harmoniyası ilə vüsal tapmağa çalışır…

Bəli, biz hətta şəhvət hissinə də «yu­xa­rıdan aşağı» baxmağın, onu ancaq heyvaniliyin tə­za­hürü hesab etməyin tərəfdarı deyilik. Bu hissi idarə edə bilmək üçün onu inkar etmək yox, an­lamaq, dərk etmək lazımdır. Yəni şəh­vani hiss ali duyğuların strukturuna daxil edil­sə, hə­mi­şə onların əhatəsində olsa, özündən da­ha yüksək hisslər müqabilində həlledici rol oy­na­ya bil­məz. Onu gözəl duyğulardan, digər hisslərlə qonşuluqdan, təmasdan təcrid et­dik­də, onu gö­züm­çıxdıya saldıqda, bağlı qapı ar­xa­sında saxladıqda isə sıxılmış yay effekti yaranır. O daha da azğınlaşır, vəhşiləşir və insanın öz əli ilə xalis heyvani (cismani) başlanğıca doğru itələnmiş olur. Halbuki, onda yaradıcı məhəbbətin qığılcımı var və o, atəşə çevrilib canı yandırdığı ki­mi, işığa çevrilib qəlbi işıqlandıra da bilər. Yəni şəhvət hissi nəcib duy­ğular məcrasına düş­dük­də sonrakı məhəb­bətin təməl daşı da ola bilər.

Heyvani şəhvətdən fərqli olaraq insani şəhvətin şəfqət və ülfət məqamı! Ülvi hisslərlə təmas­da o da incələşir, nəcibləşir, gözəlləşir; o bir utancaqlıq, bir xəfiflik, hətta bir həya ilə ta­mam­lanır. Bəli, insanın sevgi və sayğı göstər­diyi insana, ömür-gün yoldaşına münasibətini, kü­çə qadınına münasibətlə, vəhşi, heyvani şəh­vətin təzahürü ilə müqayisəmi etmək olar?! Vəh­şi şəhvət mə­həbbətin strukturuna daxil de­yil; ona heç bir aidiyyəti yoxdur. Amma digər tərfədən, cinsi mə­həbbət şəhvani kom­po­nent­dən tamamilə məhrum da deyil. Sadəcə nəzərə almaq lazımdır ki, buraya daxil olan şəhvət komponenti xeyli dərəcədə fərqli mənşəyə və hətta mahiyyətə malikdir. Əsas məsələ şəhvətin özünün dife­rensiasiyasıdır. Digər əsas məsələ bu hissin hansı digər hisslərlə qarışıq halda olmasıdır. Xalis, çıxmır duzu ancaq heyvanlar yeyir. İnsan isə onu xörəyə qatır. Əbu Turxan demişkən, «şəhvət məhəbbətin duzudur». Bu yerdə ingilislərin də bir atalar sözü yada düşür: «Məhəbbət həyatın duzudur». Yəni şəhvət mə­həbbət kontekstində, məhəbbət isə həyat kontekstində daha dəyərlidir.

Dünyada gözəl olan çox şey var. Bəs qa­dın gözəlliyinə xüsusi münasibətin səbəbi nə­dir? Qadının hansı cəhəti; zahiri gözəlliyimi, zə­rif­liyimi, ağlımı, xarakterimi, mənəvi keyfiy­yət­lərimi insanı daha çox cəlb edir? Burada hisslə duyulan nədir, ağılla dərk edilən nə?

İnsanın ictimailəşməsi və məhəbbətin transferi
İnsanın ictimailəşməsi kişilərin simasında lap qədimdən başlanır. Əslində cismani və mənəvi başlanğıcla (ruh və bədənlə) yanaşı sosial komponent də insanı fərqləndirən ilk zəruri şərtlərdən biridir. Ona görə də biz müasir dövrdə ümumiyyətlə insanın yox, məhz «qadının ictimailəşməsi» prosesindən danış­maq istərdik.

İnsanların ictimailəşməsi qədim tarixə ma­lik olsa da, müxtəlif dövrlərdə bu ictimailəşmənin miqyası müxtəlif olmuşdur. Qadı­nların ictimailəşməsi neçə min illər ərzində ailə və qo­hum-qardaş miqyasından o tərəfə keçmə­di­yi­nə görə biz bunu tam ictimailəşmə hesab etmirik. Ailə bir tərəfdən cəmiyyətin özə­yi olsa da, digər tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir sistemdir. Qərbdə qadınlar ailə «bar­yerini» çoxdan keçiblər. Bizdə isə bu proses yeni-yeni başlayır və onun yaratdığı sosial-psixik təbəddülatların öyrənilməsinə böyük ehtiyac vardır.

Bu hadisə, heç şübhəsiz, məhəbbətə də təsir göstərir və onun xarakterini xeyli dərəcədə dəyişir.

Neçə əsrlər ərzində Şərqdə qadın üçün ictimailəşmə dərəcəsi «ata evi», «qayınata evi» və bunlar arasındakı yoldan ibarət olmuşdur. Qadının həyatında ən böyük dəyişiklik bir ailədən başqasına köçmək, gəlmək, «gəlin» olmaqdan ibarət idi. Bir ailədə oturub başqa ailə üçün hazırlanmaq – ciddii bir sosioloji və psixoloji problem, qadın üçün isə hətta mə­həb­bətlə müqayisə oluna biləcək dərəcədə əhə­miy­yətli bir hadisə idi. Biz indi buna «ailə qur­maq» deyirik. Lakin uzun muddət, bəzən elə indi də qız üçün söhbət əslində «ailəyə köç­məkdən» gedir.

«Məhəbbət» sferası bir adamla müna­si­bəti əhatə edir. «Köçmək» isə qarşıya tək sev­diyin oğlanla yox, onun ailəsi ilə münasibətlər qurmaq problemi qoyur. Gəlin-qayınana zid­diyyəti də ailələr arasındakı fərqdən, bir ailədə yetişmiş insanın başqa ailənin qaydalarına, ru­huna nə dərəcədə adaptasiya oluna bilmə­sin­dən və ya hətta bu başqa ailəyə yeni qay­da­ları nə dərəcədə məharətlə tətbiq edə bilməsindən asılı olaraq yaranır.

Düzdür, Avropada qızlar «köçmür», on­lar oğlanla birlikdə yeni ailə qururlar. İndi bi­zim şəhərlərdə də çox vaxt «köçmək» «qur­maq»la əvəzlənir. Hansı daha yaxşıdır?

Əlbəttə, adamın ağlına gələn birinci rəy üstünlüyü qurmağa verir. Cəmiyyətin yüksək dərəcədə inkişaf etdiyi gen-bol bir şəraitdə bu, ola bilsin ki, ən yaxşı variantdır. Hər halda, iki şəxs arasındakı məhəbbətin sınağı üçün daha lokal bir mühit yaranır.

Lakin burada da özünəməxsus problem­lər ortaya çıxır. Əvvəla, yenicə təhsilini başa vur­­muş gənclərin qısa müddətdə ailə üçün zə­ruri olan tam şərait yaratması qeyri-müm­kün­dür. Ona görə də, bu şəraitin yaradılması yenə də valideynlərin öhdəsinə düşür. Yenə də mü­hit genişlənir, zövqlər toqquşur, sevgililər Kim­lər­dənsə asılı vəziyyətdə qalır.

Lakin tutaq ki, bütün çətinliklərə bax­ma­­yaraq, müstəqil yaşamaq istəyən gənclər hər şeyi özləri həll edirlər. Bu zaman onların fəaliy­yət istiqamətləri sosial-iqtisadi problem­lərə və məişət qayğılarına yönəlmiş olur ki, bu da yenə romantik məhəbbətin yerə enməsi və bəzən ar­xa plana keçməsi ilə nəticələnir. Bu hal­da birgə quruculuq işi, ortaq çətinliklər yox­sulluqdan və ya vaxt çatışmazlığından irəli gə­lən narahat­lıq­lar məhəbbəti daha ağır bir sına­ğa çəkir. İstər-istəməz belə bir fikir yaranır ki, gəlinin qurulu evə köçməsi, məişət mə­sə­lə­lərində daha təcrü­bə­li və təmkinli olan yaşlı nəslin himayəsini qəbul etməsi sevgililərin mü­na­sibətində roman­tika­nın qorunub saxlanıl­ma­sı üçün daha əlve­rişli ola bilər.

Göründüyü kimi, «köçmək» və «qurma­ğın» – hərəsinin öz üstünlükləri və çatışmaz­lıqları vardır. Bütün hallarda məhəbbəti sərt reallığın ağır sınaqları gözləyir. Məhəbbətin ikinci, daha realistik mərhələsi bundan sonra başlanır. Mənafe birliyi, birgə quruculuq işləri, ortaq çətinliklər, birgə mübarizə və bu mü­barizədə qazanılan uğurların ortaq sevinci – bütün bunlar göydən yerə enmiş məhəbbətin yeni şəraitdə möhkəmlənməsi üçün əlavə im­puls verir.

Lakin ictimailəşmə şəraitində məhəbbət üçün yeni təhlükələr və yeni sınaqlar ortaya çı­xır. Müstəqil yaşamaq və ailəni dolandırmaq üçün kişi işləməli və vaxtının çox hissəsini ev­dən kənarda keçirməli olur. Ərin ailə miq­yasından kənardakı həyatı gəlin qarşısında ailə daxilində həyata uyğunlaşmaq və ya əri kimi ailədən çıxaraq ictimai həyata qatılmaq alter­nativini qoyur. Bu ikinci seçim ancaq son dövr­lərdə aktuallaşmış və «qadınların ictimai­ləş­mə­si» prosesi üçün əsas olmuşdur. Bu zaman məhəbbət üçün yeni sınaqlar ortaya çıxır. Ərin iş yerində çoxlu sayda başqa qadınlar, gəlinin iş yerində də çoxlu sayda başqa kişilər çalışır ki, onlarla münasibətlərin qurulması zərurəti yeni mədəniyyət və yeni əxlaq normalarının formalaşmasını tələb edir. Şərqdə bu sahədə ənənəvilik olmadığından, çox vaxt Qərb ste­reotipləri önə keçir.

Ər və arvadın ailə daxilində keçirə billə­cəyi romantik anlar azalır. Məişətdə və ailə qu­ruculuğunda ortaya çıxan qayğılar, prob­lem­lər – bir tərəfdən, qayınata və qayınana ilə mü­na­sibətlərin çətinlikləri – ikinci tərəfdən, əgər kA­sıb­çılıq varsa maddi problemlər – üçüncü tərəf­dən və s., və s. – hamısı yüksək estetik his­sin və romantik anların əleyhinə işləyir.

Amma iş yerində… İş yerində hamı səli­qə-sahmanlı, hamı sanki dərd-sərini evdə qo­yub gəlir və burada rahat nəfəs alır, dinclik ta­pır.

İşdə dincəlmək paradoksu! Əlbəttə, bü­tün iş yerləri rahat deyil, insan burada da əlavə stress ala bilər. Və bunları da evinə daşıyar ki, bu da yenə məhəbbətin əleyhinədir.

Amma çox vaxt əsəblər ailədəki kimi tarım çəkilmir, qayğılar az olur. Zahirən hamı mədənidir və bir-birinə xoş sözlər deyir. Evdə xoş sözə həsrət qalan qadınlar bəzi iş yerlərində gen-bol kompliment eşidirlər. Bax, belə bir şə­raitdə insanların romantik hiss üçün əhval ruhiyyəsi ailədəkindən daha əlverişli olur. Kim­lərsə bu xoş əhval impulsunu işdə biruzə ver­mə­yərək evə ərməğan gətirir. Kimlərsə «səadə­tini» elə işdə tapmağa çalışır.

İctimailəşmə faktoru subaylar və ailəlilər üçün xeyli fərqli üfüqlər açır. Daha doğrusu, hələ seçimini etməyənlər üçün geniş seçim mey­danı açıldığı halda, könlünü artıq kiminləsə bağlamış adamlar üçün nəfslə mübarizə mey­danı açılır; məhəbbət və mənəviyyat sınağa çəkilir.

Beləliklə, qızların və dul qadınların ictimai həyata qatılması ilə ailəli qadınların işlə­məsi eyni tərtibli hadisə deyil və bu problemin geniş sosial-psixoloji tədqiqinə böyük ehtiyac vardır.

«Qadınların ictimailəşməsi» kişilərin iş yerlərini rəngarəng etməklə onları yeni həvəsə sala bilər. Xüsusən, ailə məhəbbəti həqiqi və güclü deyilsə, açılan yeni imkanlar müqabilin­də sınaqdan uğurla çıxmaq çətin ola bilər.

Qərbdə ictimai həyat ailə həyatına nəzə­rən daha önəmlidir. Ailələr çox vaxt qısa ömür­­lü olur. Qadınlar çoxdan ictimailəşiblər. Kişilər də ictimai həyatın açdığı «məhəbbət fonu»nu lazımınca dəyərləndirirlər.

Don Cuanlıq da təbii ki, Qərb təfəkkürü-nün məhsuludur. Əgər məqsəd sadəcə qadında maraq oyatmaq, onu «yoldan çıxarmaq», «ələ keçir­mək»dirsə və kimsə bu sahədə çox məha­rətlidirsə, bunun böyük sevgi ilə, eşqlə heç bir əlaqəsi yoxdur. Burada söhbət sadəcə olaraq hissiyatının fövqünə qalxa bilməyən qadınların zəifliyindən və ya sadəlövhlüyündən sui-istifa­də­dən gedir. Bundan da pisi isə heç qəlbi ələ keçirməyə təşəbbüs də göstərmədən, hansı isə gözəlin sadəcə cisminə sahib olmaq, öz şəhvə­tini söndürmək üçün istifadə etmək və bu yol­da rəyasətdən, vəzifədən, var-dövlətdən yarar­lan­­maqdır.

Əlbəttə, burada da həm zahirən, həm də nəticə etibarilə bir-birinə bənzəyən iki situasiya əxlaqi baxımdan fərqləndirilməlidir. Birinci hal­da, qarşı tərəf könüllü surətdə, heç bir inzibati və ya digər asılılığı olmayan, hətta heç tanımadığı adama pul müqabilində təslim olur. Gecə klublarının çoxu bu məqsədlərə xidmət edir. Burada qadın artıq konkret bir sosial-əxlaqi statusda çıxış edir. Və belə yerə gedən kişi də məhəbbət axtarmaq üçün yox, ancaq şəhvani hissini təmin etmək üçün gedir. Onun mənəvi təskinliyi də var ki, bu qadınları kluba o dəvət etməyib və onların əxlaqı üçün mə­suliyyət daşımır. Qərbdə buna normal baxılır. Burada heç kimin öz kimliyini gizlət­məsinə ehtiyacı olmur. Qərbdə belə hesab edilir ki, insan öz həyat tərzindən utanmamalıdır. Uta­nı­lası əməllər onsuz da hüquq müstə­vi­sinə ke­çir. Hüquqla məhdudlaşdırılmayan bir sfera var ki, onun daxi­lində insan özünü tam azad hiss edə bilər. Yəni əməllər hüquq və ağılla tənzim olunur.

Şərqdə isə əxlaqi normadan azca da kə­na­ra çıxan əməllərin üstü açıldıqda hüquqda nə­zərdə tutulduğuna nisbətən daha ağır cəza verildiyindən və ictimai tənbeh də həqarətli ol­du­ğun­dan, insanlar özlərinin hissi və iradi zəif­lik məqamındakı əməllərini giz­lətmək məc­bu­riyyətində qalırlar. Nəticədə pərdəarxası real­lıqlar­dan fərqli olaraq hamı zahirdə başqa cür, – «abırlı» görünməyə çalışır; cəmiyyət riyakar­la­şır, əxlaqi baxımdan kimin kim ol­duğunu müəyyənləşdirmək xeyli çətin olur. Beləliklə, əxlaq məsələlərində Şərqdə insanları riyakar­lı­ğa sövq edən ictimai tənbehin və cə­zanın əmələ adekvat olmaması, tərbiyəedici yox, qəhredici olmasıdır.

Lakin digər hal da var. Öz sosial-əxlaqi statusuna görə «küçə qadını» olmayan, ailədə və cəmiyyətdə müəyyən mövqe tutan gənc qıza, hətta ana olan, ailəsi olan bir qadına qarşı təh­rikçi münasibət və bu zaman vəzifə səlahiy­yətlərindən sui-istifadə edilməsi, – bu, daha eza­miyyət sərgüzəşti, gecə klubuna getmək və ya hansı isə ailəsiz qa­dınla könüllü münasibət qurmaq deyil. Bu, sadəcə əxlaqi səbatsızlıq da deyil; əxlaqi pozğunluğun ifrat halı, əsl cina­yətdir və Qərbdə belə münasibətə, hətta «sa­dəcə» təşəbbüsə görə ciddii hüquqi cəza nəzərdə tutulur. Bəli, bizim bəyənmədiyimiz Qərbdə və­zifəli şəxsin tabeliyində olan işçiyə başqa gözlə baxması, müəllimin öz tələbəsinə müsbət qiy­mət müqabilində təmənnalı münasibət bəs­lə­mə­si halları nəinki hüquqi məsuliyyətə cəlb olunur, hətta cəmiyyət özü belə adamları Daş­qalaq edir və ən başlıcası, belə şey normal in­sanların heç qəlbindən də keçmir; yəni Qərb bu məsələdə hüquq və əxlaqın adekvatlığına nail ola bilmişdir. Qadınlar da öz hüquqlarını gözəl bildiyindən və qarşı tərəfin qeyri-əxlaqi rəfta­rına görə onun əvəzinə utanmaq məcbu­riyyə­tində olmadıqlarından, belə hal­larda müt­ləq məh­­kəməyə müraciət edirlər. Fəal hüquq, hü­qu­qi mədəniyyətin yüksəkliyi nəticə etibarilə əxlaqı da yönləndirir. Yəni kişi qarşı tərəfin utandığındanmı, ya nədənsə susmaya­cağına əmin olduğu üçün heç belə bir təşəbbüs də gös­tərmir. Çünki cəzanın, ictimai tənbehin qa­çılmaz olduğunu bilir. (Tək bir Monika əh­valatı hamıya görk deyil­dimi?). Tədricən bu qorxu əxlaqi mövqeyi formalaş­dırır, da­ha doğ­rusu peşə əxlaqı qərarlaşır və öz işçisi ilə «sərbəst» rəftar, ona təmən­nalı və ya sırtıq münasibət vəzifəli şəxsin heç ağlına da gəlmir.

Bəs bizdə? Hüquq öz funksiyasını yerinə yetirə bilmədiyindən və hüquqi mədəniyyət aşağı olduğundan sırtıq münasibətlə üzləşən qadın nə edəcəyini bilmir; ya ürək ağrısı ilə təhqirlərə dözməli, ya iş tapmağın belə çətin olduğu bir vaxtda «üzü sulu» işdən çıxmalı, ya da bunu ərinə, qardaşına, atasına deməklə qan tökülməsinə bais ol­malıdır. Qərbdə ən optimal sayılan məhkəməyə müraciət variantı isə heç ağıla da gəlmir. «Kişilər» də məhz qadının bu «əlacsız» vəziy­yətindən, «özünü biabır etmək istəməməsindən» sui-istifadə edirlər.

Əlbəttə, məhəbbət haqqındakı əsərdə söhbət təhsil müəssisə­lə­rin­də, iş yerlərində gənc qız və oğlanlar, subay kişi və qadınlar ara­sın­da yaranan sağlam dostluq münasibətlərindən və ya məhəbbət­dən getsə, daha çox yerinə düşərdi. Lakin yuxarıda baxdığımız ne­qa­tiv hal­lar o dərəcədə aktuallaşıb ki, biz bu kon­tekstdə psevdo­məhəb­bət­dən və hətta antimə­həb­­bət­dən də danışmaq məcburiyyətin­də qallı­rıq.

Təəssüflər olsun ki, poetik idealda eşqi göy­lərə qaldıran, məhəbbəti saf, təmiz və hətta müqəddəs duyğu kimi vəsf edən Şərq kişiləri ictimai həyatın reallığına enəndə çox vaxt baş­qa hava çalırlar. Görünür, burada ictimai rəyin düzgün formalaşmaması və kişi ilə qadın ara­sında məsuliyyət dərəcələrinin düzgün bö­lün­­məməsinin də rolu vardır. Belə ki, elə bil bütün məsuliyyət qadının üzərinə atıl­mışdır. Kişinin təhrikçi münasibətindən daha çox, qadın zəif­liyi mə­zəm­mət olunur. Bizim fikrimizə görə isə güclü cinsin nümayəndəsi olmaqla kişi daha çox məsuliyyət daşımalıdır. Lakin günahın ço­xu kişilərdən də çox cəmiyyətdədir. Naqis cəmiyyətdə yüksək mənəviy­yatın qorunması çə­tin olur.

Səbəblərdən biri də eşq ideologiyasının reallıqdan çox uzaq olması, adi insanlar üçün əlçatmaz olmasıdır.

Qərbdə evlənənlərin istifadəsində real ictimai mühitdən, hakim mənəvi dəyərlər siste­mindən, üstün ictimai rəydən, ailə iqtisa­diyya­tın­dan, hətta psixoloji və fizioloji bilgi­lərdən çıxış edən, əməli həyatda ya­rarlı, mükəmməl bir ailə-məhəbbət təlimi vardır. Bizimkilər isə məc­nunluqla, yüksək eşq idealı ilə elə yük­sək­lərə qalxıblar ki, buradan nəinki ailə həyatı, heç ümumiyyətlə yer də görünmür. Real hə­yat­da, ailə münasibətlərində bu konsepsiya ka­ra gəlmir. Daha doğrusu, «aşiqlik istedadı», cəmiyyətin fövqünə qalxmaq əzmi seçilmişlərin qismətidir. Həm də bu seçilmişlər adi mənada xoşbəxt ola bilməyərək, ancaq «cəfadan zövq almağa» məhkumdurlar.

İnsanların böyük əksəriyyəti isə ictimai mühitin, mövcud sosial reallığın bir hissəsidir. «Normal insanların» məhəbbətləri də öz səviy­yələrinə uyğun olur. Şərqdə isə «normal mə­həbbət» konsepsiyası yaradılmayıb; görü­nür, bu əskiklik sayılıb. Ona görə də, ailə quran gənclərin zehnində və əməli istifadəsində onla­ra yardımçı ola biləcək heç bir örnək, təlimat yoxdur. Bu sahədə biz bəyənmədiyimiz qərbli­lər­dən geri qalırıq. Ailə isə ancaq qadınla­rı­mı­zın fədakarlığı sayəsində qo­runub saxlanır.

Təəssüflər olsun ki, bizdə qadına ikili mü­nasibət az qala normaya çevrilmişdir. Özü­münkü və başqası bölgüsü getmiş, əxlaqi eqoizm hakim kəsilmişdir; «hər kəs ancaq öz ailəsinə cavabdehdir».

Başqalarının haqq yolundan, əxlaq yo­lun­dan uzaqlaşmasına biganəlik göstərilir və bəzən hətta dəstək verilir. Bu «özgəyə» biga­nəlik hissi, antimilli mahiyyət kəsb edən fər­diyyətçilik və eqoizm özünü ancaq saf məhəb­bət, izzəti-nəfs və namus məsələ­lərində deyil, daha geniş dairədə göstərir. Məmməd Araz da «Məndən ötdü, qardaşıma dəydi…» şeirində diqqəti məhz bu cəhətə yönəldir:


Səndən, məndən ötən zərbə

Vətən, Vətən, sənə dəydi1
Vətən isə təkcə torpaq deyil, ərazi deyil, həm də milli mənə­viy­yat, milli namus və qey­rətdir. Ətrafda milli-mənəvi ənənələr pozu­lur­sa, məhəbbət ucuzlaşırsa, maddi ehtiyac ülvi hissləri ayaq altına atır­sa, Füzulinin, Aşıq Ələs­gərin vəsf etdiyi gözəllər mənən dəyər­siz­ləşirsə, – və bütün bunlar sənin Vətənində, ən yaxın ətrafında baş ve­rir­sə, özünün də, öv­ladlarının da gec-tez bu xəstəliyə mübtəla ol­ma­yacağına əminlik haradandır? Axı, insan mühitdə formalaşır. Və bu mühitdə «söymə nökər atama, söyərlər bəy atana» timsalı da vardır.

Şair biganəlikdən danışır. Lakin bu mü­hitin pozulmasında bila­vasitə iştirak edən, əx­la­qi dəyərlərə, bakirə könüllərə qəsd edən «in­sanlar» da var. Onlar bizim aramızda ol­maqla yanaşı, həm də «hörmət sahibləridir». Belə olan halda, kimsə soruşa bilər ki, heç olmazsa özü düz olmağa çalışan bu binəva «biganə»nin təqsiri nədir?

Amma bütün məsələ də elə bundadır ki, əx­laqi normalardan kənara çıxan pozğun adamlar, naqislər, tüfeylilər hər yerdə ola bilər; lakin cəmiyyət onları məzəmmət edir, islah et­məyə çalışır, cəza­landırır. Faciə o zaman baş verir ki, cəmiyyət onları başa mindirir. Bu isə ancaq biganəlik, etinasızlıq xəstəliyinə tutul­muş cəmiyyətdə müm­kündür. Buna ancaq özü­nü, özünün də ancaq bugününü düşünən, «bur­nunun ucundan o tərəfi görə bilməyənlər» rəvac verə bilər.

Özünü qorumaq istəyən, ilk növbədə məhz ətrafını, yaşadığı mənəvi mühiti qorumalı deyilmi? Özünü mənən yüksək görə bilmək üçün yüksək mənəviyyatlı millətin nümayən­də­si olmaq şərt deyilmi? Alçal­dılmış və təhqir olunmuş millətin övladı baş ucalığı, qəlb ra­hatlığı tapa bilərmi? Qəlbində Vətən sevgisi, mil­lət sevgisi olmayan ada­mın şəxsi məhəb­bə­tinə, ailə sevgisinə inanmaq olarmı?

Bu sualların cavabını şair gözəl ver­mişdir:

Mən vətəni canım kimi sevərəm,

Ruhum, ətim, qanım kimi sevərəm.1

Yaxud:
Vətəni sevməyən insan olmaz,



Olsa da ol şəxsdə vicdan olmaz. 1

Lakin, əlbəttə, vicdansızlıq, biganəlik, mil­­li heysiyyatdan məh­rum­luq heç də hamıya aid deyil. Hələ də millətin hər bir nümayən­dəsinin şərəf və ləyaqətini özününkü hesab edən, hər bir Vətən qızına alçaldıcı müna­sibətin qeyrətini çəkən, Xocalı faciəsini də, Dubay ləkəsini də, əsir düşən və ya maddi ehtiyac üzündən könlünü satan, təhqir olunan hər bir qız-gəlinin izzəti-nəfsini də özününkü sayan və qəlbi qübar bağlayan, millətin bu bö­yük dərdini öz çiyinlərində daşı­yan və bu ağırlıqdan bir az xilas olmaq üçün «mənə bi­ganəlik öyrət, ürəyim», – deyən, amma bir an da biganə ola bilməyən Məmməd Arazlar nə yaxşı ki, hələ vardır… Vardır?!

Gözümüzün qabağında zəmanə eşqi ehtirasın ayağına verir. Yeni «aşiqlər» peyda olur və dinə, millətə, adət-ənənəyə meydan oxu­yur. Həyat bayağılaşır. Böyük ideallar qərb­ləşmək pərdəsi altında qurban verilir. Am­ma Qərb heç biz sandığımız kimi deyil. Daha çox bayağılaşan əslində çağdaş Şərqdir.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə