Mədəniyət və kültür qavramları üzərinə




Yüklə 16.92 Kb.
tarix30.04.2016
ölçüsü16.92 Kb.
Güntay Gəncalp
Mədəniyət və kültür qavramları üzərinə
Bəzi qavramların üzərinə açıqlamalarda bulunmaq düşüncə həyatına canlılıq qazandırır.

“Mədəniyət” sözü kökən olaraq ərəbcə olsa da, ancaq ərəb düşüncə və sosial həyatına bağlı deyildir. Ərəblər “mədəniyət” sözünə “təməddün” deyirlər. “Mədəniyət” 19-cu əsrdə Osmanlıda düzəldilmiş. Ən çox Fransa ilə intellektual ilişkidə olan Osmanlı aydınları “sivilizasion” sözünə qarşılıq olaraq “mədəniyət” sözünü qullanırlar. Daha sonra Osmanlıdan Qacarlara, İrana keçmişdir bu qavram. Məşrutənin çox tələffüz etdiyi bir söz idi. Həm Osmanlı məşrutəsinin, həm də Təbriz mərkəzli məşrutə hərəkətinin. İranda fars ulusçuluğu mərkəzli dövlət qurulduqdan sonra Türkiyədən gələn bir sürü sözlərə yasaq gətirildi rəsmi ədəbiyatda. Bu üzdən də İranda “mədəniyət” sözünün yerini “təməddün” aldı. Bu arada bunu da söyləmək yerində olar ki, İranda Pəhləvi rejimi qurulduqdan sonra Fars Dil Qurumu bir sürü sözlər düzəltdi. O cümlədən “kültür” sözünün yerinə “fərhəng” yayqınlaşdı. Bu gün də İran genəlində “kültür” sözü qullanılmaz, onun yerinə “fərhəng” sözü qullanımdadır. Epistemoloji açıdan “kültür”lə bağdaşmasa da, ancaq artıq alışqanlıq üzündən yerinə oturmuşdur. “Fərhəng” sözü “fərhixtə-seçkin” sözündən düzəldilmişdir.

“Kültür” sözü leksik anlamda “şumlanmış torpaq” anlamında olsa da onun daha geniş anlamı ram edilmiş, əhliləşdirilmiş torpaqdır. Çünkü hər əkilən torpaq verimli olmaz. Verimliləşdirilmiş torpaqdır. İnsan iradəsinin torpağa enişidir. Məsəla Ərəbistan, Mərkəzi Asiyada torpaq əhliləşmədi. Zatən köçəri həyatın da bir səbəbi torpağın əhliləşməməsidir. İnsan ovçuluq dönəmindən etibarən, kültürlü olmağı arzu etmiş, yəni uyğun bir məkanda torpağa bağlanaraq daha yaxşı yaşamağı düşləmişdir. Tarımın da kəşfi insanın bu istəyinə bağlı olmuşdur. Bu üzdən də “kültür” tarımın kəşfi və tarım həyatının ortaya çıxışı ilə meydana gəlmişdir. Tarım həyatı da hər yerdə mümkün olmadığı üçün tarim kəşf edildiyi gündən tarıma yatqın olan torpaqlarda məskunlaşma yolunda savaş getmişdir. Sumerlərdəki ilk şəhər həyatının (sitələrin) də ekonomik qaynağı tarımdır. Çünkü ticarət üçün dünyada insanları sayı az, ehtiyac az, ticari ürün məhdud və bazarlama da zəif. Yalnız torpağı əhliləşdirərək, torpağı daha da verimli hala gətirərək irəli düzeydə yaşamaq mümkün olurdu. Bu üzdən də Tarım yeni bir dönəmə keçişin ekonomik altyapısını oluşdurduğu üçün, ona bağlı kültür də bu yaşamın mənəvi qatını təşkil etmişdir. Kültür öz evrimi sürəsində uyqarlığa dönüşmüşdür. Yerəllikdən evrənsəlliyə dönüşən kültür “mədəniyət-uyqarlıq” adını almışdır. Əslində burada uyqarlıq sözü daha uyqundur çünkü uyqulanaraq (tətbiq edilərək) nəsnəlləşən insanın inancları, bilgiləri və düşləridir. Sivilizasion (uyqarlıq) kökən olaraq “city-şəhər” sözünə dayansa da bu qavramın daha geniş içərik daşıdığı söz qonusudur. Hətta şəhər bu anlayışın içində çox cüzi yer almışdır. Əgər şəhər həyatı mədəniyətin bütünü isə, o zaman bal arıları və qarışqalar ən mədəni məxluqlar. Çünkü onların topluluğunda işbölümü, təşkilatçılıq, nizam-intizam və şəhər həyatına gərəkən hər şey ən yüksək düzeydədir. Ancaq bal arılarının və qarışqaların düzənli və şəhər həyatına yatqın yaşamları mədəniyətin bir parçası kimi görünməz. Çünkü bu düzən onlarda daima gəlişən və təcrübə birikdirən ağlın ürünü deyildir. Təbiətlə qarşı-qarşıya gələrək bunu əldə etməmişlər. Onların bu təşkilatçılığı və işbölümləri içgüdülərinin (instinktlərinin) ürünüdür. Mədəniyət insanın təbiətlə və özüylə qarşılaşmasının nəticəsidir. İnsanın yaratdığıdır, ancaq tam insani deyildir. İnsanın mədəniləşməsi sürəcində yapdıqlarının, qurduqlarının hamısı insani olmamışdır, deyildir, ola bilməz. Çünkü mədəniyətin icadında insanın heyvansal xislətləri də qatqıda bulunmuşdur. Heç bir mədəniyət xalis insani içərikdən bərxurdar deyildir. İradə, bilgi, ülkü (ideal) və yaradıcılıq mədəniyətin icadında etkin olmuşdur. Tarixi sürəc içində insanın doğa ilə qarşılaşması və onu ram etmə macərası mədəniyətin oluşumuna zəmin sağlamışdır. Ram edilməyən, əhliləşməsi mümkün olmayan doğada mədəniyət meydana gəlməmişdir. Buzluqlarda və qumsallıqlarda olduğu kimi.

Uzun zamandan günümüzə qədər bu qavramlar üzərinə dartışmalar davam etməkdədir. Çünkü insanın maddi-mənəvi həyatındaki gəlişmələr və transformasionlar istər-istəməz qavramların yenidən açıqlanmasını icab etməkdədir. Bu qonuda bir çox düşünürlər açıqlamalarda bulunmuşlar. Onlardan biri də Arnold Toynbidir. Toynbiyə görə, mədəniyət bir sentezdir. Tezisin və antitezisin sentezidir. Mədəniyət sosial dialektikanın ürünüdür, sentezidir: 1- Hücum (tezis). Aclıq, qıtlıq kimi etkənlər saldırqanlığı gücləndirir. 2- Müdafiə (antitezis). İnsan ya təbiət ya vəhşi heyvanlar ya da başqası qarşısında daima müdafiədə olmuşdur. 3- Mədəniyət (sentez). Toynbinin bu görüşünə görə 2 məkanda mədəniyət olmaz: 1. Qumsalllıqda, çöllükdə. Çünkü bu torpaqlarda məskunlaşmaq uğrunda yarış və savaş getməz. Bu torpaqları ram etmək mümkün olmamışdır. Tarixdə Batıdan Doğuya köç deyə bir olquya tanıq olmamışıq. 2. Bolluq coğrafiyasında da mədəniyət doğmaz. Çünkü insanların qida uğruna yaraşmalarına, saldırı və müdafiəyə ehtiyac olmaz. Bolluq coğrafiyasında təbiətlə savaşamağa da ehtiyac qalmır. Təbiət hər şeyi hazırlamışdır, onu ram etmək üçün insani iradəyə gərək qalmamışdır. Bu açıdan baxıldığında mədəniyət sözü kültürdən daha qapsayıcı olsa da sınırlarını bəlirləməkdə çətin məsələdir. Kültür əhliləşdirilmiş, verimliləşdirilmiş torpaqdır. Sadəcə əkilmiş torpaq deyildir. Bu verimliləşdirmə sürəcində insan kəndi iradəsini də realizə etdiyi üçün əhliləşmiş olur. Bir türlü torpağı şumlayıb əhliləşdirən, verimliləşdirən insan və ya toplum öz yaradıclıq enerjisini də torpaqda mərkəzləşdirdiyi üçün verimli insan, verimli və kültürlü toplum olur. Kültürlü insan anlayışı da burdan qaynaqlanır. İnsan ilk kəz təbiətlə qarşılaşdığı və torpağı verimliləşdirdiyi zamandan bəri kültürlü olmuşdur. Ovçuluq dönəmində insan bunu əldə edə bilməmişdir. Bu verilərdən yola çıxaraq, böylə anlamaq mümkündür ki, uyumsuz təbiətlə savaş, mədəniyəti icad edir. İnsanın təbiətlə dialektik ilişkisi, insanın insanla dialektik ilişkisi, insanın varlıqla dialektik ilişkilər bütünü mədəniyətin yaradıcısıdır.



Şəhərçilik insanın maddı yaradıcılığıdır. Şəhər mədəniyətin zərfi deyil, mədəniyətin bir qismidir. Mədəniyəti şəhərçilik olaraq adlandırdığımızda bütünü parçaya görə adlandırmış oluruq. Şəhər və şəhərçilik ayrı-ayrı anlamlar. Ancaq həm şəhər, həm də şəhərçilik mədəniyətin parçalarıdır. Biri mədəniyətin maddi, ikincisi mənəvi tərəfidir. Məsələn xətt icad etmək mənəvi bir üründür. Şəhərdə kanalizasion icad etmək maddi. Bir şeir yazan insan da, bir araba düzəldən adam da mədəniyətin mənsubları və qurucuları.

Kültür və mədniyət anlayışları günümüzdə də teorik planda geniş dartışma konusudur. Bütün mədəniyətlərin oluşumunda bir inancın var olduğunu savunan görüş get-gedə güclənməkdəir. Bu yöndə, özəlliklə Türkiyəli filosof Yılmaz Özakpınarın fikirləri diqqət çəkicidir. Sumerlərdən günümüzə qədər hər bir mədniyətin bir inanc çevrəsində şəkilləndiyi görüşü günümüzdə yayqındır. Nə zaman da o inanc çökmüşsə, ona bağlı olan mədəniyət də tarixdən silinmişdir. Çünkü bu görüşə görə mədəniyətin orta dirəyi inanc və bu inanca bağlı əxlaq nizamıdır, yan dirəkləri isə, siyasi və ekonomik örgütlənmələrdir. Yan dirəklər zədələnərsə, o mədəniyət yara alar, ancaq çökməz, özünü onara bilər. Mədəniyətin orta dirəyi olan inanc çökdüyündə artıq yan dirəklər də onunla bir yerdə çökər. Bu nədənlə, özəlliklə postmodernitədə, mədəniyəti, ruhi yüksəlişin şüuruna varmaq və bu yüksəlişin içərdiyi rasional inanc sistemi kimi alqılamalar söz qonusudur...


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə