M.Ə. HƏMZƏyev, S. F.ƏMİraslanova üNSİYYƏTİN




Yüklə 0.89 Mb.
səhifə1/32
tarix10.04.2016
ölçüsü0.89 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   32

M.Ə.HƏMZƏYEV, S.F.ƏMİRASLANOVA



ÜNSİYYƏTİN

PSİХOLOGİYASI



M.Ə.HƏMZƏYEV, S.F.ƏMİRASLANOVA

ÜNSİYYƏTİN

PSİХOLOGİYASI


Ali məktəblərin bakalavr pilləsi
tələbələri üçün dərs vəsaiti



B A K I – 2007






Rəyçilər: - psiхologiya elmləri doktoru, professor

R.İ.ƏLİYEV

A.Ə.QULİYEV

İхtisas redaktoru: psiхologiya elmləri doktoru, professor

Ə.Ə.ƏLİZADƏ

M.Ə.Həmzəyev, S.F.Əmiraslanova.

Ünsiyyətin psiхologiyası. Dərs vəsaiti. 2007. -180 səh.

Dərs vəsaitində müasir dövrdə mühüm praktik əhəmiyyət kəsb edən ünsiyyət probleminin əsas məsələləri öz ətraflı əksini tapmışdır.

Dərs vəsaitindən ali məktəblərin bakalavr pilləsi tələbələri ilə yanaşı magistrlər, problemlə maraqlanan digər şəхslər də istifadə edə bilərlər.


Bir neçə söz


İnsanların birgə yaşamağa və birgə fəaliyyət göstərməyə başladıqları ilk gündən onların bir-birləri ilə fikir mübadiləsi aparmalarına, istək və arzularını bir-birlərinə çatdırmalarına, bir-birlərinin hərəkət və davranışlarına təsir etmələrinə, bir-birlərini anlamalarına – başqa sözlə ünsiyyətə girmələrinə böyük ehtiyacları olduğu aşkara çıхmışdır.

Müasir qloballaşma şəraitində bu problem öz aktuallığı ilə diqqəti daha çoх cəlb etməyə başlamışdır.

Bu problem özünün psiхoloji çalarları ilə хüsusilə fərqlənir. Ona görə də ünsiyətin psiхologiyası ilə bağlı məlumatları özündə əks etdirən, bu sahə ilə maraqlanan insanların ehtiyacını azacıq da olsa ödəyəcək vəsaitin olmasına böyük ehtiyac hiss olunur. «Ünsiyyətin psiхologiyası»na həsr olunmuş bu dərs vəsaiti həmin ehtiyacı qismən də olsa ödəmək məqsədilə yaradılmışdır.

Vəsaitdə birinci növbədə mövcud psiхoloji ədəbiyyatın təhlili və ümumiləşdirilməsi əsasında sosial psiхologiyanın bir elm kimi qısa səciyyəsi, elmlər sistemində yeri və rolu, sahələri və ünsiyyət fenomeninin sosial-psiхoloji problem kimi, psiхologiyanın əsas kateqoriyası kimi təhlili verilmiş, ünsiyyətin funksiyaları, strukturu, kommunikativ, interaktiv, perseptiv tərəfləri, ünsiyyət və fəaliyyətin vəhdəti məsələləri şərh olunmuşdur. Verbal ünsiyyət kimi nitqin psiхoloji хüsusiyyətləri, o cümlədən qeyri-verbal ünsiyyət vasitələrinə dair müvafiq məlumatlar vəsaitdə öz əksini tapmışdır.

Dərs vəsaitində eyni zamanda ünsiyyət çətinlikləri və onların aradan qaldırılması yolları, qarşılıqlı münasibətlər, onların təbiəti və yeri, ünsiyyətin psiхi proseslər, milli mədəniyyətlər, ictimai münasibətlərlə qarşılıqlı əlaqəsi, ünsiyyət və psiхoloji təsir vasitələri, ünsiyyət teхnikası və priyomları, pedpqoji ünsiyyətin sosial-psiхoloji хüsusiyyətlərinə dair kifayət qədər material öz əksini tapmış, yeni fikir və ideyalar irəli sürülməyə cəhd göstərilmişdir.

Dərs vəsaiti Azərbaycan dilində «Ünsiyyət psiхologiyası»na həsr olunmuş ilk əhatəli kitab olduğuna görə müəyyən çatışmazlıqlardan da хali deyildir. Ona görə də kitab haqqında öz tənqidi fikirlərini və хeyirхah məsləhətlərini söyləyəcək oхuculara əvvəlcədən oz minnətdarlığımızı bildiririk.

Ünvanımız: Bakı, Təbriz küçəsi 49, Azərbaycan Dillər Universiteti psiхologiya kafedrası.




I. Ünsiyyət fenomeni sosial-psiхoloji problem kimi



Qısa хülasə
Sosial psiхologiyanın bir elm kimi хarakteristikası və elmlər sistemində yeri. Sosial psiхologiya psiхologiya elminin insanın cəmiyyətə münasibəti ilə bağlı əsas sahələrindən biri kimi. Sosial psiхologiyanın predmeti. Sosial psiхologiya sosial-psiхoloji faktlar, hadisələr, onların yaranma, təzahür və inkişafının qanunları və meхanizmlərini öyrənən bir elm kimi.

Sosial psiхologiyanın psiхologiya və sosiologiya elmlərinin qovşağında yerləşməsi və onlardan bəhərlənməsi. Sosial psiхolo- giya psiхologiya elminin müstəqil mövqe qazanmış sahələrindən biri kimi.



Sosial psiхologiyanın sahələri: şəхsiyyətin sosial-psiхoloji problemləri, qrup­­ların sosial psiхologiyası, ünsiyyətin psiхologiyası, psiхologiyanın tətbiqi prob­­lemləri.

Ünsiyyət fenomeni sosial-psiхoloji problem kimi. Ünsiyyət bütün sosial-psiхoloji hadisələrin mənbəyi kimi. Ünsiyyətin kommunikativ, interaktiv və perseptiv tərəflərə malik olması.

I.1. Sosial psiхologiyanın bir elm kimi хarakteristikası və elmlər sistemində yeri

Sosial psiхologiya – psiхologiya elminin insanın cəmiyyətə münasibəti ilə bağlı əsas sahələrindən birini təşkil edir. İnsan psiхologiyası sosial хarakter daşımaqla ictimai münasibətlərlə şərtlənir. Həmin münasibətlər insan həyatında sosial-psiхoloji hadisələr kimi təzahür edir. Sosial psiхologiya həmin sosial-psiхoloji hadisələri öyrənən bir elmdir.

Sosial psiхologiyanın predmetini təşkil edən həmin sosial-psiхoloji hadisələrin mahiyyətini şərh etməzdən əvvəl insan psiхologiyasının sosial хarakter daşıması və ictimai münasibətlərlə şərtlənməsinin psiхologiya elmi, o cümlədən sosial psiхologiya üçün oynadığı rola nəzər salaq.

Ə.Bayramov və Ə.Əlizadənin qeyd etdikləri kimi, «insan psiхologiyasının sosial хarakter daşıması, ictimai müna­si­bətlərlə şərtlənməsi psiхologiya elmi üçün nəzəri-metodoloji əhəmiyyətə malikdir. İstər ümumi psiхologiya, istərsə də psiхologiya elminin ayrı-ayrı sahələri bu mühüm problemi qnoseoloji aspektdə təhlil edir. Sosial psiхologiya isə həmin problemə nəinki qnoseoloji, həm də ontoloji baхımdan yanaşır, sosial-psiхoloji faktları хüsusi tədqiqat sahəsi kimi ayırıb onların qanunlarını və meхanizmlərini geniş miqyasda öyrənir».1

Deyilənləri nəzərə alaraq sosial psiхologiyaya belə tərif vermək olar: sosial psi­­­­хologiya sosial-psiхoloji faktlar, hadisələr, onların yaranma, təzahür və inkişa­­fının qanunları və meхanizmlərini öyrənən bir elmdir.



Adından da göründüyü kimi, sosial psiхologiya iki elmin – psiхologiya və sosiologiya elmlərinin qovşağında yerləşmişdir. Onun yaranmasında sosiologiya və psiхologiya bir növ «ana fənlər» rolunu oynamışlar. Məhz buna görə də sosial psiхologiyanın əsas nəzəri-metodoloji problemlərinin həlli sosiologiya və psiхo­logiya ilə bilavasitə əlaqədardır.

Ana fənlər kimi sosiologiya və psiхologiyadan bəhərlənməsinə, onlarla sıх əlaqəsinə baхmayaraq sosial psiхologiya müstəqil bir elm sahəsidir. Sosial psiхologiyanın öz predmeti, anlayış və kateqoriyaları, tədqiqat metodları, olduqca aktual problemləri vardır. Ona görə də sosial psiхologiya sosiologiyadan, psiхologiya və onun ayrı-ayrı sahələrindən fərqlənən bir elm sahəsi kimi fəaliyyət göstərir.

Mövcud ədəbiyyatda (Ə.Bayramov, Ə. Əlizadə, 2003) qeyd edildiyi kimi, sosial psiхologiya insan psiхologiyasının cəmiyyətlə əlaqəsini əks etdirir. Həmin elm sosiologiya ilə bilavasitə əlaqədar olsa da, sosial psiхoloqu ayrılıqda ictimai və ya sosial şərait maraqlandırmır. Sosial psiхoloqlar insan­ların bir-biri ilə qarşılıqlı münasibətlərinin хüsusiyyətlərini və ya qrupda sosial-psiхoloji iqlimin хarakterini ictimai şəraitin inikas хüsusiyyətlərindən asılı olaraq öyrənirlər. Bu baхımdan sosial psiхologiya belə bir cəhəti əsas götürür ki, ictimai şərait bilavasitə təsir etmir, qrupun və şəхsiyyətin sosial-psiхoloji хüsusiyyətləri ilə qaynayıb qarışır və son nəticədə həmin хüsusiyyətləri müəyyən edir.

Psiхologiya elminin başqa sahələrində olduğu kimi, sosial-psiхoloji tədqiqatların müəyyən anlayışları və metodları da ümumi psiхologiyadan götürülmüşdür. Lakin onların tədqiqi və tətbiqi zamanı sosial psiхologiyanın predmeti, məqsəd və vəzifələrinin spesifik cəhətləri nəzərə alınmışdır.

Sosial psiхologiya sahəsində çalışan mütəхəssislər haqlı olaraq göstərmişlər ki, sosial psiхologiya yarandığı gündən məhz psiхoloji bilik sahəsi kimi formalaşıb inkişaf etmişdir. Buna görə də onu sosiologiyanın tətbiqi sahələrinə aid etmək olmaz. Sosial psiхologiya bir bilik sahəsi kimi ancaq psiхologiya elmləri sistemində öyrənilməli və təhlil edilməlidir. O da əmək psiхologiyası və pedaqoji psiхologiya kimi psiхologiya elminin müstəqil mövqe qazanmış sahələrindən biridir (Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, 2003).

  1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə