M ü daxil ə “Bir millət iki dövlət”




Yüklə 45.18 Kb.
tarix21.04.2016
ölçüsü45.18 Kb.
M ü d a x i l ə

Bir millət iki dövlət” ideyasından irəli gələn məramla,

Türkiyə-Azərbayjan münasibətlərinə zərrə qədər xətər toxunmasını arzulamayaraq,

Türkiyənin və türklüyün düşmənlərinə güzəştli münasibətlə razılaşmağın tərəfdarı olmayaraq,

bütün hallarda Türkiyə-Azərbayjan əlaqələrində mümkün insidentləri önləməyi zəruri sayaraq,

bir məqama  öz münasibətimi bildirmək istərdim.

 

         Ədəbiyyat qəzeti”-nin  29 noyabr 2002-ji il tarixli sayında Azərbayjan Yazıçılar Birliyinin sədrinin imzası ilə Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanı  Əhməd Nejdət Sezərə, Ədalət və İnkişaf Partiyasının Başkanı  Rəcəb Teyyub Ərdoğana və Türkiyə Cümhuriyyətinin Başbakanı Abdulla Gülə ünvanlanmış Müraciəti oxuyub çox təəssüfləndim. Müraciət “Azərbaycan yazarları adından” imzalansa da həmin mətn heç olmasa Azərbaycan Yazıçılar Birliyinin üzvləri arasında lazımi kvorumla müzakirə olunmadan meydana çıxmışdı. Halbuki respublikamızda AYB-nin 700-ə dək üzvü var və bundan da çox Azərbaycanlı yazar var ki, onların adından (!) təqdim olunması nəzərdə tutulan hər hansı ciddi sənəd mütləq ciddi də yanaşma tələb edir.

Bu spontan Müraciət isə AYB üzvləri arasında ünsiyyət  problemi yaratdığı kimi, dövlətlərarası münasibətlərdə də etimadsızlığa səbəb ola bilər. Kimlərinsə öz şəxsi rəyini Azərbaycanın böyük bir yazarlar zümrəsinin rəyi kimi qələmə verərək Türkiyə Cümhuriyyətinin daxili işlərinə müdaxilə etməsi, bu qüdrətli ölkənin dövlətçilik ənənələrinə və milli mənafenin qorunması prinsiplərinə zidd olan təklif irəli sürməsi təəccüb doğurur.

Hələ 1951-ji ildə Türkiyənin Nazirlər Kabinetinin qərarı ilə: – “ardıcıl olaraq məmləkəti əleyhinə işlədiyi, Türkiyənin hökumət quruluşunun və hökuməti idarə edənlərin əleyhinə təbliğat kampaniyası apararaq kommunizmi yaymaq məqsədi güdən yazıları ilə Sovet hökumətinin tapşırıqlarını icra etdiyi səbəbindən” – Türkiyə vətəndaşlığından çıxarılmış kommunist şair Nazim Hikmətin yenidən Türkiyə vətəndaşlığına bərpa olunması barədə bu təklif pozitiv qarşılana bilməz.

Həmin Müraciət məşhur Andreas Qrossun  “siyasi məhbuslar” mövzusunda əsassız motivlərlə Azərbaycanın daxili işlərinə  qarışması, yaxud bəzi Avropa ölkələrinin PKK-çı Abdullah Öcalanın əfvi  məsələsində Türkiyəyə “demokratik məsləhətlər” verməsi kimi qeyri-məqbul presedentlərə bənzəyir.

Üstəlik dost, qardaş ölkəyə: – “Bu gün adında ədalət kəlməsi olan bir partiyanın iqtidarda bulunduğu bir zamanda Nazim Hikmətin Türkiyə vətəndaşı olduğunu etiraf etmək… Türkiyə Cümhuriyyətində gerçəkdən də ( ? ) Ədalətin zəfər çaldığını təsdiqləyərdi” – kimi kobud iddia ünvanlamaq nəzakətli davranış baxımından xeyli qəbahətlidir.

Nazim Hikmət haqqında kimin nə düşünməsi – onun öz işidir. Ancaq bu düşüncələri – “bizim qəti qənaətimiz budur”, “bizlər onu belə sevdik” şəklində yazmaq, ümumun adından guya Nazim Hikməti “Azərbayjanın ən uzaq guşələrində belə sevirlər, sayğıyla, rəhmətlə anırlar”  demək, o – “Sovet türkləri üçün Türkiyənin simvolu idi, rəmziydi…” və s. və i. bu sayaq fantasmaqorik fikirlər söyləmək, daha sonra isə sırf subyektiv xahişi bütün “Azərbaycan yazarlarının istəyi” kimi qələmə vermək və öz xahişini əmin-arxayınlıqla  “Azərbaycan yazarları adından” imzalamaq həm səlahiyyət həddini aşmaq, həm də vəzifədən sui-istifadə kimi təfsir oluna bilər.

Əlbəttə, AYB-də kimlərsə kiməsə simpati bəsləyə bilər, kimisə “XX əsrin dahisi ” hesab edə bilər, kiminsə yubileyini keçirə, kitablarını  çap etdirə bilər, haqqında məqalə yaza bilər, yaxud kimdənsə nəsə bir şəxsi xahişini edə bilər və s. Bunlar hər kəsin öz işidir, fərdi düşüncələrinin, mövqeyinin ifadəsidir. Və belə olan halda adbaad siyahı üzrə xahişnamə hazırlamaq daha doğrudur. Ancaq bunu mücərrəd çoxluğun adından, xüsusən yüzlərlə (!) müxtəlif düşüncəli, müxtəlif dünyagörüşlü, müxtəlif əqidəli yaradıcı ziyalıların adından etmək – olmaz! Adamların öz iradəsini sərbəst ifadə etmək hüququna müdaxilə -arxaik davranış tərzidir.

Mən məsələn, bir ziyalı kimi Nazim Hikməti qəbul etmirəm və bunu heç vaxt heç kimin adından yox, öz adımdan açıq deyirəm, yazıram. Hesab edirəm ki, o adam sözügedən Müraciətdə deyildiyi kimi “Türkiyənin simvolu, rəmzi” yox, əksinə, Türkiyəyə qarşı işlədilmiş əski Sovet ideolojisinin, Sovet propaqandasının simvolu, rəmzidir… Təbii bu mövqedə olan başqa ziyalılar da var. Azərbaycanda bəziləri ciddi-cəhdlə ört-basdır etməyə çalışsalar da, Türkiyənin özündə Nazim Hikmət Türkiyənin və türklüyün düşməni, Atatürkə daim həqarət edən, Ankaranı Moskvaya satan vətən xaini, natəmiz bir adam kimi xarakterizə olunur. Və Türkiyə dövlətçiliyinin qarantı olan rəsmi strukturlar, qoruyucu qüvvələr üçün bu artıq həll edilmiş məsələdir. Nazim Hikmət hətta bütün zamanların və bütün xalqların ən böyük şairi olsaydı belə, yenə də o bir vətən xaini kimi heçdir! Çünki bütün zamanlarda bütün xalqlar öz vətəndaşlarını onların peşələrinə görə yox, əqidələrinə görə dəyərləndiriblər. Xüsusən də “Öncə – Vətəndir!” amalı ilə nəfəs alan Türkiyədə…

Odur ki, Azərbaycan Respublikasının sıravi bir vətəndaşı, AYB-nin sıravi bir üzvü olaraq şəxsən mən Türkiyə rəhbərliyinə Nazim Hikmətin reanimasiyası barədə ünvanlanmış həmin diləyi yalnız onu yazan nazimhikmətpərəstlərin şəxsi məktubu kimi qiymətləndirirəm. Onun bütün Azərbaycan yazarları adından təqdim edilməsini kobud hüquq pozuntusu hesab edirəm. Köhnəlmiş metodlarla “zəhmətkeşlər adından” məktublar, “otkliklər” təşkil etmək dövrü artıq çoxdan arxada qalmışdır. Moskva ilə Ankara başqa-başqa horizontlarda yerləşdiyi kimi, Azərbaycanda da  indi başqa dövran və başqa həyat yaşanır.

Ümumən hesab edirəm ki, digər dövlətlərin daxilində ola biləcək hər hansı delikat məsələyə kənar müdaxilə beynəlxalq münasibətlər və diplomatik etiket baxımından da məqbul deyil. Köhnə rejimin ayrı saldığı Türkiyə-Azərbaycan münasibətlərinin yaxınlaşmaqda olduğu indiki mərhələdə köhnəlmişləri gündəmə gətirmək  çağdaş  ictimai-siyasi prinsiplərə tamamilə ziddir.

                                                                                                      ——————————————-

                                                              Akif  ƏLİ,



                                                                                             Filologiya elmləri namizədi, dosent

                                                                              Bakı, 5 dekabr 2002.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə