Leyla Şahin Türkiyəyə qarşı məhkəmə işi




Yüklə 202.89 Kb.
səhifə1/4
tarix29.02.2016
ölçüsü202.89 Kb.
  1   2   3   4
Leyla Şahin Türkiyəyə qarşı məhkəmə işi
(Ərizə 44774/98)
QƏRAR
10 noyabr 2005-ci il
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) keçmiş 25-ci maddəsinə əsasən Türkiyə vətəndaşı xanım Leyla Şahin (“ərizəçi”) tərəfindən 21 iyul 1998-ci ildə Avropa İnsan Hüquqları Komissiyasına (“Komissiya”) təqdim edilmiş Türkiyə Respublikasına qarşı ərizə (№ 44774/98) əsasında başlanmışdır. ...

3. Ərizəçi iddia etmişdir ki, ali təhsil müəssisələrində müsəlman çarşabının örtülməsi ilə bağlı sərəncam onun Konvensiyanın 8, 9, 10 və 14-cü maddələrində və 1 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarını pozulub.


FAKTLAR
I. İŞİN HALLARI
14. Ərizəçi 1973-cü ildə anadan olub və tibb təhsilini Vyana Universitetinin tibb fakültəsində davam etdirmək üçün 1999-cu ildən İstanbulu tək edərək Vyanada yaşayıb. O, mənşəcə islama etiqad edən ənənəvi ailədəndir və müsəlman çarşabını örtməyi öz dini borcu hesab edir.
A. 23 fevral 1998-ci il tarixli sərəncam
15. 26 avqust 1997-ci ildə ərizəçi (o, həmin vaxt Bursa Universitetinin tibb fakültəsinin beşinci kursunda oxuyurdu) İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində təhsil alanların siyahısına daxil edildi. O deyir ki, Bursa Universitetində tibb təhsili alarkən dörd il müsəlman çarşabı örtüb və 1998-ci ilin fevralınadək bunu davam etdirib.

16. 23 fevral 1998-ci ildə İstanbul Universitetinin rektor müavini sərəncam verdi, sərəncamın müvafiq hissəsində deyilirdi:

“Konstitusiyaya, qanunlara və normativ aktlara əsasən və Ali İnzibati Məhkəmənin və Avropa İnsan Hüquqları Komissiyasının presedent hüququna və universitetin idarəetmə orqanları tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq, “başı örtüklü” tələbələr (müsəlman çarşabı örtənlər) və saqqallı tələbələr (əcnəbi tələbələr də daxil olmaqla) mühazirələrə, kurslara və ya dərslərə buraxılmamalıdırlar. Müvafiq olaraq, saqqalı olan və ya müsəlman çarşabı örtən hər hansı tələbənin adı və nömrəsi qeydiyyata alınmış tələbələrin siyahısına əlavə olunmamalıdır. Adlarının və nömrələrinin siyahıda olmamasına baxmayaraq dərslərə gəlməkdə və mühazirə auditoriyalarına daxil olmaqda israr edən tələbələrə vəziyyət barədə məlumat verilməli və onlar auditoriyanı tərk etməkdən imtina etdikdə adları və nömrələri götürülməli və mühazirələrə gəlmək hüquqlarının olmadığı barədə məlumatlandırılmalıdırlar”. Onlar mühazirə auditoriyasını tərk etməkdən imtina edərlərsə, müəllim mühazirəni keçirməyin nə üçün mümkün olmadığı barədə raportda insidenti qeyd etməli və insidenti təcili olaraq universitetin idarəetmə orqanlarının diqqətinə çatdırmalıdır ki, intizam tədbirləri görülə bilsin”.

17. 12 mart 1998-ci ildə, yuxarıda qeyd edilən sərəncama uyğun olaraq, imtahan nəzarətçiləri ərizəçini onkologiya üzrə yazılı imtahana buraxmaqdan imtina etdilər, çünki o, müsəlman çarşabı örtmüşdü. 20 mart 1998-ci ildə ortopedik travmatologiya kafedrasının katibliyi onu tələbələr siyahısına daxil etməkdən imtina etdi, çünki müsəlman çarşabı örtürdü. 16 aprel 1998-ci ildə onu nevrologiya mühazirəsinə, 10 iyun 1998-ci ildə isə ictimai səhiyyə üzrə yazılı imtahana buraxmaqdan imtina etdilər, səbəb yenə də eyni idi.


B. 23 fevral 1998-ci il tarixli sərəncamın ləğvi üçün müraciət
18. 29 iyul 1998-ci ildə ərizəçi 23 fevral 1998-ci il tarixli sərəncamın ləğvi üçün ərizə verdi. O, yazılı izahatlarında bildirdi ki, sərəncam və onun icrası onun Konvensiyanın 8, 9 və 14-cü maddələrində və 1 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozub, belə ki, sərəncamın qanuni əsası olmayıb və rektor müavini bu sahədə tənzimləyici səlahiyyətə malik deyil.

19. 19 mart 1999-cu il tarixli qərarında İstanbul İnzibati Məhkəməsi xahişi rədd edərək qərara aldı ki, Ali Təhsil haqqında Qanunun (2547 saylı Qanun – aşağıda 52-ci bəndə bax) 13.b maddəsinə əsasən universitetin rektor müavini universitetin icra orqanı olaraq nizam-intizamı mühafizə etmək üçün tələbələrin geyimini tənzimləmək səlahiyyətinə malikdir. Bu tənzimləyici səlahiyyət müvafiq qanunvericiliyə və Konstitusiya Məhkəməsi ilə Ali İnzibati Məhkəmənin qərarlarına uyğun olaraq həyata keçirilməlidir. Bu məhkəmələrin bərqərar olmuş presedent hüququna istinadən İnzibati Məhkəmə qərara aldı ki, nə sözügedən sərəncam, nə də ərizəçiyə qarşı görülmüş tədbirlər qanunsuz sayıla bilməz.

20. 19 aprel 2001-ci ildə Ali İnzibati Məhkəmə ərizəçinin hüquqi məsələlərlə bağlı şikayətini rədd etdi.
C. Ərizəçiyə qarşı görülmüş intizam tədbirləri
21. Ərizəçinin geyim barədə qaydalara riayət etməməsi nəticəsində “Tələbələrin intizam proseduru qaydaları”nın 6.a bəndinə əsasən (aşağıda 50-ci bəndə bax) 1998-ci ilin mayında ərizəçiyə qarşı intizam icraatına başlanıldı.

22. Ərizəçinin öz hərəkətləri ilə mühazirələrdə və (və ya) dərslərdə çarşab örtməkdə davam etmək niyyətində olduğunu nümayiş etdirməsini nəzərə alaraq, 26 may 1998-ci ildə fakültə dekanı bəyan etdi ki, onun mövqeyi və geyim qaydalarına tabe olmaması tələbəyə yaraşmır. Buna görə də o, ərizəçiyə xəbərdarlıq etməyi qərara aldı.

23. 15 fevral 1999-cu ildə geyim qaydalarına etiraz etmək üçün Cərrahpaşa tibb fakültəsinin dekanlığı qarşısında icazəsiz toplantı keçirildi.

24. 26 fevral 1999-cu ildə fakültə dekanı toplantıda iştiraka görə ərizəçi də daxil olmaqla müxtəlif tələbələrə qarşı intizam icraatına başladı. 13 aprel 1999-cu ildə ərizəçinin izahatlarını dinlədikdən sonra dekan “Tələbələrin intizam proseduru qaydaları”nın 9.j bəndinə uyğun olaraq (aşağıda 50-ci bəndə bax) onu bir semestr müddətinə universitetdən kənarlaşdırdı.

25. 10 iyun 1999-cu ildə ərizəçi onun kənarlaşdırılması barədə qərarın ləğvi üçün İstanbul İnzibati Məhkəməsinə ərizə verdi. İnzibati Məhkəmə 30 noyabr 1999-cu ildə ərizədəki xahişi belə bir əsasa görə rədd etdi ki, etiraz edilən tədbir işin materiallarının işığında və həmin məsələ ilə bağlı bərqərar olmuş presedent hüququna əsasən qanunsuz sayıla bilməz.

26. 28 iyun 2000-ci ildə 4584 saylı Qanun qüvvəyə mindikdən sonra (həmin qanunda nəzərdə tutulmuşdu ki, tələbələrə intizam xətalarına görə təyin olunmuş cəzalarla bağlı amnistiya verilsin və həmin cəzalardan irəli gələn hər hansı əngəl ləğv olunsun) ərizəçi amnistiyaya düşərək ona təyin olunmuş bütün cəzalardan və həmin cəzaların doğurduğu əngəllərdən azad edildi.

27. 28 sentyabr 2000-ci ildə Ali İnzibati Məhkəmə qərara aldı ki, 4584 saylı Qanun ərizəçinin 30 noyabr 1999-cu il tarixli qərardan verdiyi hüquqi məsələlərlə bağlı şikayət ərizəsinə mahiyyəti üzrə baxılmasını lüzumsuz edib.

28. Bu arada, 16 sentyabr 1999-cu ildə ərizəçi Türkiyədəki təhsilini buraxdı və Vyana Universitetində qeydiyyata alınaraq universitet təhsilini orada davam etdirdi.


II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
B. Qısa tarixçə
1. Dini geyim və dünyəvilik prinsipi
30. Türkiyə Respublikası belə bir prinsip əsasında quruldu ki, dövlət dünyəvi olmalıdır. 29 oktyabr 1923-cü ildə Respublika elan edildikdən qabaq və ondan sonra aparılan ciddi inqilabi islahatlar vasitəsilə dövlət sahəsi ilə din sahəsi bir-birindən ayrıldı: 3 mart 1923-cü ildə xilafət ləğv olundu; islamı dövlət dini elan edən konstitusiya müddəası 10 aprel 1928-ci ildə ləğv olundu; və nəhayət, 5 fevral 1937-ci ildə konstitusiyaya dünyəvilik prinsipinə konstitusion status verən dəyişiklik edildi (bax: 1924-cü il tarixli Konstitusiyanın 2-ci maddəsi və 1961-ci və 1982-ci il tarixli Konstitusiyaların 2-ci maddəsi – onlar yuxarıda 29-cu bənddə əks olunub).

31. Dünyəvilik prinsipi 19-cu əsrlə Respublikanın elan edildiyi dövrə qədər Osmanlı cəmiyyətindəki inkişafdan qaynaqlanırdı. Dininə, məzhəbinə və ya cinsinə görə ayrı-seçkilik qoyulmadan bütün vətəndaşlar üçün bərabərliyin təmin olunduğu müasir ümumxalq cəmiyyəti yaratmaq ideyası artıq 19-cu əsrdə Osmanlı cəmiyyətində müzakirə olunurdu. Bu dövrdə qadın hüquqları məsələsində əhəmiyyətli irəliləyişlər oldu (təhsildə bərabər qaydada rəftar, 1914-cü ildə çoxnikahlılığın qadağan olunması, nikah işlərinin 19-cu əsrdə yaradılmış dünyəvi məhkəmələrin yurisdiksiyasına verilməsi).

32. Respublika idealının həlledici cəhəti qadınların ictimai həyata qatılmasından və cəmiyyətin işlərində fəal iştirakından ibarət idi. Müvafiq olaraq, qadınların dini məhdudiyyətlərdən azad edilməsi və cəmiyyətin modernləşdirilməsi ideyaları ümumi kökə malik idi. Buna görə də 17 fevral 1926-cı ildə Mülki Məcəllə qəbul edildi, orada mülki hüquqlardan istifadə edilməsində, xüsusən də boşanma və vərəsəlik məsələlərində cinslərin bərabərliyi nəzərdə tutulurdu. Daha sonra, 5 dekabr 1934-cü il tarixli konstitusiya dəyişikliyi ilə (1924-cü il tarixli Konstitusiyanın 10-cu maddəsi) qadınlar kişilərlə eyni (bərabər) siyasi hüquqlar əldə etdilər.

33. Geyimi tənzimləyən ilk qanunvericilik aktı “Baş örtüyü haqqında” 28 noyabr 1925-ci il tarixli Qanun (671 saylı Qanun) oldu, orada geyimə müasir məsələ kimi baxılırdı. Eyni ilə, “Geyim (normaları) haqqında” 3 dekabr 1934-cü il tarixli Qanunla (2596 saylı Qanun) müvafiq din və ya əqidədən asılı olmayaraq, dini ibadət yerlərindən və ya dini mərasimlərdən savayı başqa yerlərdə dini paltarların geyilməsinə də qadağa qoyuldu.

34. “Təhsil xidmətləri (birləşmə) haqqında” 3 mart 1924-cü il tarixli Qanuna (430 saylı Qanun) əsasən dini məktəblər bağlandı və bütün məktəblər Təhsil Nazirliyinin nəzarəti altına keçdi. Bu Qanun Türkiyə Konstitusiyasının 174-cü maddəsi ilə dəstəklənən konstitusion statusa malik qanunlardan biri idi.

35. Türkiyədə məktəb və universitetdə müsəlman çarşabının örtülməsi son dövrlərə aid haldır və faktiki olaraq 1980-ci illərdən peyda olmağa başlayıb. Bu məsələ ilə bağlı geniş müzakirələr olub və o, Türkiyə cəmiyyətində qızğın debatların mövzusu olmaqda davam edir. Çarşabın tərəfdarı olanlar onun geyilməsinə borc kimi və (və ya) dini mənsubiyyətin ifadəsi kimi baxırlar. Lakin baş örtüyü (gen formada olan ənənəvi Anadolu çarşabı) ilə türbən (saçları və boğazı gizlədən düyünlü dar çarşab) arasında fərq qoyan dünyəvilik tərəfdarları müsəlman çarşabına siyasi islamın rəmzi kimi baxırlar. 28 iyun 1996-cı ildə hakimiyyətə islamçı Rifah Partiyasından və sağ mərkəzçi Doğru Yol Partiyasından təşkil olunmuş koalisiya hökumətinin gəlməsi nəticəsində debatlar güclü siyasi çalarlar qazandı. Demokratik dəyərlərə sadiqlik məsələsində Rifah Partiyası nümayəndələrinin, o cümlədən o vaxtkı baş nazirin nümayiş etdirdiyi ziddiyyətli mövqe və onlar tərəfindən hər bir dini icma üçün müxtəlif dini qaydalara uyğun olaraq fəaliyyət göstərən hüquq sistemlərinin plüralizminin müdafiə edilməsi Türkiyə cəmiyyətində respublika dəyərlərinə və vətəndaş sülhünə əsil təhlükə kimi qəbul edildi (bax: Rifah Partiyası və başqaları Türkiyəyə qarşı, [Böyük Palatanın qərarı], ərizələr № 41340/98, 41342/98, 41343/98 və 41344/98, AİHM 2003-II).


2. Ali təhsil müəssisələrində geyim haqqında qaydalar və Konstitusiya Məhkəməsinin presedent hüququ
36. Ali təhsil müəssisələrində geyim haqqında qanunvericiliyin birinci qismi 22 iyul 1981-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş normativ aktlar idi, onlar tələb edirdi ki, dövlət təşkilatlarında və müəssisələrində çalışan işçilər, habelə dövlət təhsil müəssisələrinin personalı və qadın tələbələri adi, normal, müasir geyim geyməlidirlər. Normativ aktlarda həmçinin nəzərdə tutulurdu ki, qadın işçilər və tələbələr təhsil müəssisələrində çadra örtməməlidirlər.

37. 20 dekabr 1982-ci ildə Ali Təhsil Qurumu ali təhsil müəssisələrində çarşabların geyilməsi ilə bağlı sərəncam qəbul etdi. Mühazirə auditoriyalarında müsəlman çarşabının örtülməsi qadağan olundu. 13 dekabr 1984-cü il tarixli qərarında Ali İnzibati Məhkəmə qərara aldı ki, həmin normativ aktlar qanunidir və qeyd etdi ki:

“Çarşabın örtülməsi sadəcə zərərsiz praktika olmaqdan kənara çıxmaqla yanaşı, qadın azadlıqlarına və Respublikanın təməl prinsiplərinə zidd olan baxışların rəmzinə çevrilməkdədir”.

38. 10 dekabr 1988-ci ildə “Ali təhsil haqqında” Qanunun (2547 saylı Qanun) 16-cı (keçid) maddəsi qüvvəyə mindi. Orada deyilirdi:

“Ali təhsil müəssisələrinin, hazırlıq məktəblərinin, laboratoriyaların, klinikaların və çoxsahəli klinikaların otaqlarında və dəhlizlərində müasir geyim və ya görünüş məcburidir. Boyunu və saçları örtən yaylıq və ya baş örtüyü o halda geyilə bilər ki, dini əqidə ilə bağlı olmasın”.

39. 5 iyul 1989-cu il tarixli Rəsmi Qəzetdə dərc olunmuş 7 mart 1989-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirdi ki, yuxarıda qeyd edilən müddəa Konstitusiyanın 2 (dünyəvilik), 10 (qanun qarşısında bərabərlik) və 24-cü (din azadlığı) maddələrinə ziddir. O, həmçinin bu qənaətə gəldi ki, həmin maddə digər dəyərlərlə yanaşı respublika və inqilab dəyərlərində nəzərdə tutulan cinslərin bərabərliyi prinsipi ilə uzlaşmır (bax: Konstitusiyanın preambulası və 174-cü maddəsi).

Konstitusiya Məhkəməsi öz qərarında izah etdi ki, birincisi, dünyəvilik konstitusiya statusu qazanıb ki, bu da ölkənin tarixi təcrübəsinə və digər dinlərlə müqayisədə islamın xüsusiyyətlərinə əsaslanır; dünyəvilik demokratiyanın mühüm şərtidir və din azadlığının və qanun qarşısında bərabərliyin təminatçısı kimi çıxış edir. O, həmçinin dövlətin konkret dinə və ya əqidəyə üstünlük verməsinin qarşısını alır; müvafiq olaraq, dünyəvi dövlət öz qanunvericilik funksiyasını həyata keçirərkən dini əqidəni əsas gətirə bilməz. Konstitusiya Məhkəməsi həmçinin bildirdi ki:

“Dünyəvilik milli suverenliyə, demokratiyaya, azadlığa və elmə əsaslanmaqla siyasi, sosial və mədəni həyatın təşkilidir. Dünyəvilik fərdə fikir azadlığı vasitəsilə öz şəxsiyyətini təsdiq etmək imkanı verən və siyasi və dini əqidə arasında fərq qoymaqla vicdan və din azadlığını səmərəli edən prinsipdir. Dini düşüncəyə və dini qaydalara uyğun olaraq fəaliyyət göstərən, dinə əsaslanan cəmiyyətlərdə siyasi təşkilatlanma dini xarakter daşıyır. Dünyəvi rejimdə din siyasi roldan kənarlaşdırılır. O, hakimiyyət vasitəsi deyil və hamı və hər kəs tərəfindən müəyyən edilən, layiq olduğu hörmətli yerində qalır...”.

Onun toxunulmaz xarakterini vurğulayaraq Konstitusiya Məhkəməsi qeyd etdi ki, hər hansı konkret dini geyimin geyilməsi ilə eyniləşdirilməsi mümkün olmayan din, vicdan və etiqad azadlığı hər şeydən əvvəl hər hansı dinə etiqad edib-etməmək barədə qərar vermə azadlığını təmin edir. O, izah etdi ki, dini etiqadın nümayişi fərdi vicdan azadlığı sahəsindən kənara çıxarsa, dünyəvilik prinsipini müdafiə etmək üçün ictimai asayiş əsaslarına görə məhdudlaşdırıla bilər.

Hər kəs geyim tərzini seçməkdə sərbəstdir, ona görə ki, cəmiyyətin sosial və dini dəyərlərinə və ənənələrinə də hörmət edilməlidir. Lakin dinə istinadən fərdlərə konkret geyim norması tətbiq edilərsə, müvafiq din müasir cəmiyyətin dəyərləri ilə bir araya sığmayan dəyərlər toplusu kimi başa düşülə və təqdim edilə bilər. Bundan əlavə, əhalinin çoxunun müsəlman olduğu Türkiyədə müsəlman çarşabının geyilməsinin məcburi dini borc kimi təqdim edilməsi ibadət edən müsəlmanlarla ibadət etməyən müsəlmanlar və dinə inanmayanlar arasında geyimə əsaslanan ayrı-seçkiliklə nəticələnə bilərdi, bu halda çarşab örtməkdən imtina edən hər kəs, şübhəsiz ki, dinə qarşı çıxan və ya dinə inanmayan şəxs hesab olunardı.

Konstitusiya Məhkəməsi həmçinin bildirdi ki, tələbələrin dinc, tolerant və qarşılıqlı yardım mühitində işləmələrinə və təhsillərini davam etdirmələrinə imkan verilməlidir və onlar dini mənsubiyyət əlamətləri vasitəsilə məqsədlərindən yayındırılmamalıdırlar. O, bu qənaətə gəldi ki, müsəlman çarşabının geyilməsinin islamın göstərişi olub-olmamasından asılı olmayaraq, ali təhsil müəssisələrində bu tip dini simvolun hüquqi cəhətdən tanınması dövlət təhsilinin neytral olması prinsipi ilə bir araya sığmır, çünki o, fərqli dini inancları və əqidələri olan tələbələr arasına münaqişələr yarada bilər.

40. 25 oktyabr 1990-cı ildə 2547 saylı Qanunun 17-ci (keçid) maddəsi qüvvəyə mindi. )rada deyilir:

“Ali təhsil müəssisələrində geyimin seçilməsi sərbəstdir, bu şərtlər ki, o, qüvvədə olan qanunlara zidd olmamalıdır”.

41. 31 iyul 1991-ci il tarixli Rəsmi Qəzetdə dərc olunmuş 9 aprel 1991-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etdi ki, 7 mart 1989-cu il tarixli qərarında müəyyən etdiyi prinsiplərin işığında yuxarıda qeyd edilən müddəa ali təhsil müəssisələrində dini əsaslara görə çarşab örtülməsinə icazə vermir və buna görə də Konstitusiyaya uyğundur. O həmçinin bildirdi ki:

“... “qüvvədə olan qanunlar” ifadəsi hər şeydən əvvəl Konstitusiyanı bildirir... Ali təhsil müəssisələrində dini əqidə əsasında boyunun və saçların çadra və ya çarşabla örtülməsi dünyəvilik və bərabərlik prinsiplərinə ziddir. Belə olan halda, etiraz edilən müddəanın ali təhsil müəssisələrində icazə verdiyi geyim azadlığı “dini xarakterli geyimə, yaxud boyunu və saçları çadra və ya çarşabla örtmə aktına aid deyil”... Bu müddəanın [17-ci (keçid) maddəsinin] verdiyi azadlıq onunla şərtlənir ki, o, “qüvvədə olan qanunlara” zidd olmamalıdır. Konstitusiya Məhkəməsinin [7 mart 1989-cu il tarixli] qərarında müəyyən edilir ki, boyunun və saçların çarşabla örtülməsi hər şeydən əvvəl Konstitusiyaya ziddir. Müvafiq olaraq, yuxarıda qeyd edilən müddəanın müəyyən etdiyi şərt –geyimin [geyim seçiminin] qüvvədə olan qanunlara zidd olmaması şərti “boyunun və saçların çarşabla örtülməsi” aktını geyim azadlığının tətbiq dairəsindən çıxarır...”.
3. İstanbul Universitetində sərəncamın tətbiqi
42. İstanbul Universiteti 15-ci əsrdə yaradılıb və Türkiyədə dövlətin əsas ali təhsil mərkəzlərindən biridir. Onun on yeddi fakültəsi (o cümlədən iki tibb fakültəsi – Cərrahpaşa və Paşa) və on iki ali təhsil məktəbi var. Orada təxminən 50.000 tələbə təhsil alır.

43. Universitetin tibb məktəbinin mamalıq kursuna qəbul edilmiş qadın cinsindən olan tələbələrin 1994-cü ildə başladığı şikayət kampaniyasından sonra rektor müavini memorandum yaydı və orada müsəlman çarşabı məsələsinin köklərini və müvafiq sərəncamın hüquqi əsasını izah etdi, orada konkret olaraq qeyd edilirdi ki:

“Mamalıq kursuna qəbul edilmiş tələbələrin dərs zamanı çarşab örtməsinə qoyulan qadağanın məqsədi onların vicdan və din azadlığını pozmaq deyil, qüvvədə olan qanunlara və normativ aktlara riayət edilməsini təmin etməkdir. Öz işlərini yerinə yetirərkən mamalar və tibb bacıları uniforma geyirlər. Həmin uniforma Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş sərəncamda təsvir edilir və qeyd olunur. ... Bu peşəyə gəlmək istəyən tələbələr bundan xəbərdardırlar. Uzunqol geyim geyinərək körpəni inkubatora qoymağa və ya oradan çıxarmağa, yaxud əməliyyat masasında və ya doğuş bölməsində həkimə kömək etməyə çalışan mama tələbəni təsəvvür edin”.

44. Rektor müavini ondan narahat idi ki, universitetin bütün binalarında müsəlman çarşabı geymək icazəsi uğrunda kampaniya elə nöqtəyə çatmışdı ki, onun universitetdə, fakültədə, Cərrahpaşa xəstəxanasında və tibb məktəbində nizam-intizamı pozması və iğtişaşlara səbəb olması riski mövcud idi. O, tələbələri geyim qaydalarına riayət etməyə çağıraraq xüsusən pasiyentlərin hüquqlarını onlara xatırlatdı.

45. 1 iyun 1994-cü ildə universitetin icra orqanı tərəfindən tələbələrin və universitet işçilərinin geyim qaydalarına dair qərar qəbul edildi, orada deyilirdi:

“Universitetlərdə geyimi tənzimləyən qaydalar qanunlarda və normativ aktlarda əks olunub. Konstitusiya Məhkəməsi universitetlərdə dini geyimin geyilməsinin qarşısını alan qərar qəbul edib.

Həmin qərar bizim universitetin bütün tələbələrinə və bütün səviyyələrdə akademik heyətə (istər inzibati, istərsə də digər işçilərə) şamil olunur. Konkret olaraq, tibb və tətbiqi elm sahəsinə aid dərslərdə (mamalıq, laboratoriya işi, cərrahlıq və mikrobiologiya) tibb bacılarının, mamaların, həkimlərin və baytarların elmi mülahizələrlə və qanunvericiliklə diqtə edilən geyim qaydalarına riayət etmələri tələb olunur. Geyim qaydalarına riayət etməyən hər hansı şəxs dərslərə buraxılmayacaq”.

46. 23 fevral 1998-ci ildə İstanbul Universitetinin rektor müavini tərəfindən imzalanmış sərəncam yayıldı, orada saqqalı olan və ya müsəlman çarşabı geyən tələbələrin dərslərə buraxılması ilə bağlı təlimatlar yer almışdı (sərəncamın mətni üçün yuxarıda 16-cı bəndə bax).

47. İstanbul Universiteti (9 iyul 1998-ci il tarixli 11 saylı) qərar qəbul etdi, orada deyilirdi:

“1. İstanbul Universitetinin tələbələri Konstitusiya Məhkəməsinin və yüksək məhkəmə orqanlarının qərarlarında əks olunmuş geyimlə bağlı hüquqi prinsiplərə və qaydalara riayət etməlidirlər.

2. Tələbələr universitetin hər hansı müəssisəsində və ya bölməsində, yaxud onun hər hansı binalarında dini, əqidəni, irqi, yaxud siyasi və ya ideoloji baxışları simvolizə edən və ya nümayiş etdirən geyimlər geyməməlidirlər.

3. Tələbələr təhsil aldıqları müəssisə və ya bölmələrdə iş məqsədləri üçün konkret geyim geyilməsini tələb edən qaydalara riayət etməlidirlər.

4. Təhsil aldıqları müəssisə və ya bölmələrə tələbələrin təqdim etdikləri fotoşəkillər “ön tərəfdən” çəkilməli, baş və boyun açıq olmalıdır. Onlar ən azı son altı ayda çəkilməli və tələbənin asanlıqla tanınmasına imkan yaratmalıdır.

5. Yuxarıdakı məqamlara zidd olan mövqe nümayiş etdirən, yaxud sözləri, yazıları və ya hərəkətləri ilə bu cür mövqeyə təhrik edən hər kəs “Tələbələrin intizam proseduru qaydaları”nın müddəalarına əsasən məhkəməyə verilə bilər”.


4. Tələbələrin intizam proseduru qaydaları
48. 13 fevral 1985-ci il tarixli Rəsmi Qəzetdə dərc olunmuş “Tələbələrin intizam proseduru qaydaları”nda dörd intizam cəzası nəzərdə tutulur: xəbərdarlıq, töhmət, bir həftədən bir ayadək universitetdən kənarlaşdırma, bir və ya iki semestr müddətinə universitetdən kənarlaşdırma və universitetdən xaric etmə.

49. Sadəcə olaraq universitet binalarında müsəlman çarşabının örtülməsi intizam xətası təşkil etmir.

50. Qaydaların 6.a bəndinə əsasən, “davranışı və mövqeyi tələbəyə yaraşmayan” hər hansı tələbəyə xəbərdarlıq edilir. Töhmət tələbələrə digər hallarla yanaşı o halda verilir ki, onlar doğrultmaları tələb olunan hörməti və inamı öz davranışları ilə itirirlər, yaxud laboratoriyalarda və ya seminar otaqlarında mühazirələri, seminarları, dərsləri pozurlar (7.a və 7.e bəndləri). Digərlərinin öyrənmək və öyrətmək hüquqlarını birbaşa və ya dolayısı ilə məhdudlaşdıran, yaxud davranışları ali təhsil müəssisələrində tələb olunan dinclik, sakitlik və çalışqanlıq şərtlərini pozan, yaxud da həmin müəssisələrdə siyasi fəaliyyətlərlə məşğul olan tələbələr bir həftədən bir ayadək universitetdən kənarlaşdırılırlar (8.a və 8.c bəndləri). 9.j bəndində nəzərdə tutulur ki, universitet binalarında icazəsiz toplantılar təşkil edən və ya onlarda iştirak edən tələbələr bir və ya iki semestr müddətinə universitetdən kənarlaşdırılırlar.

51. İntizam şikayətlərinin araşdırılması proseduru Qaydaların 13-34-cü bəndləri ilə tənzimlənir. 16-cı və 33-cü bəndlərdə nəzərdə tutulur ki, tələbələrin müdafiə hüquqlarına hörmət edilməli və intizam şurası tələbənin qaydaları pozmasına gətirib çıxarmış səbəbləri nəzərə almalıdır. Bütün intizam tədbirlərinə məhkəmə nəzarəti qaydasında inzibati məhkəmələr tərəfindən yenidən baxıla bilər.


5. Universitetin idarəetmə orqanlarının tənzimləyici səlahiyyəti
52. Universitetlər Konstitusiyanın 130-cu maddəsinə əsasən ümumi hüquq qurumları olduqlarına görə, dövlət nəzarətinin olması şərti ilə, müəyyən dərəcədə muxtariyyətə malikdirlər, həmin muxtariyyət onların dövlət səlahiyyətləri verilmiş idarəetmə orqanları (məsələn, rektor müavini) tərəfindən idarə olunmasında əks olunur.

2547 saylı Qanunun 13-cü maddəsinin müvafiq hissələrində deyilir:

“...

b) Rektor müavini aşağıdakı səlahiyyətlərə, funksiyalara və vəzifələrə malikdir:



1. Universitet orqanlarının iclaslarına sədrlik etmək, onların qərarlarını həyata keçirmək, universitet orqanlarının təkliflərini araşdırmaq və zəruri qərarlar qəbul etmək və universitetin tərkib hissəsini təşkil edən müəssisələrin koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin etmək;

...


5. Universitetin bölmələrinin və universitetin bütün səviyyələrdən olan işçilərinin işinə nəzarəti və müşahidəni həyata keçirmək.

Təhlükəsizlik tədbirlərinin görülməsinə və universitetin fəaliyyətinin inzibati və elmi aspektlərinə nəzarətin və müşahidənin həyata keçirilməsinə görə ilk növbədə rektor müavini cavabdehlik daşıyır...”.

53. 2547 saylı Qanunun 13-cü maddəsi ilə rektor müavininə həvalə olunmuş müşahidə və nəzarət səlahiyyəti qanunilik tələbi ilə və inzibati məhkəmələrin nəzarəti ilə şərtlənir.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə