Layihə Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu




Yüklə 223.18 Kb.
səhifə1/3
tarix28.02.2016
ölçüsü223.18 Kb.
  1   2   3

Layihə
 

Hərbi vəzifə və hərbi xidmət haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir.


I fəsil

Ümumi müddəalar
Maddə 1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik
1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

1.2. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri  "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir. 


Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması,  toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsi  məsələlərini tənzimləyən hüquq münasibətlərinin məcmusudur;

2.0.2. hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;

2.0.3. ehtiyatda xidmət - toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;

2.0.4. hərbi uçot - Azərbaycan Respublikası Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılan xüsusi uçotudur;

2.0.5. hərbi qeydiyyat - həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədilə bütün çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında müəyyən olunmuş qaydada qeydiyyata alınmasıdır;

2.0.6. hərbi-uçot ixtisası - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa sılahlı birləşmələrdə həqiqi hərbi xidmətə çağırılması (və ya qəbul edilməsi) mümkün olan şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır;

2.0.7. çağırışaqədər yaş həddində olan vətəndaşlar - ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları;

2.0.8. çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları;

2.0.9. hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər;

2.0.10. hərbi vəzifəlilər - ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları;

2.0.11. hərbi vəzifəli olmayanlar - hərbi qeydiyyata götürülməli olmayan və ya hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya buraxılmış Azərbaycan Respublikasının vətəndaşları.


Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət
3.1. Azərbaycan  Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur.

3.2. Azərbaycan Respublikasında hərbi vəzifə aşağıdakıları nəzərdə tutur:

3.2.1. hərbi qeydiyyat;

3.2.2. çağırışaqədərki hazırlıq;

3.2.3. hərbi xidmətə çağırış;

3.2.4. çağırış üzrə və könüllü hərbi xidmətkeçmə;

3.2.5. ehtiyatda olma;

3.2.6. toplanışlara çağırış və toplanış keçmə.

3.3. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

3.4. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

3.5. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi-uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
II fəsil

Vətəndaşların hərbi qeydiyyatı
Maddə 4. Hərbi qeydiyyatın təşkili
4.1. Bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar.

4.2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, üç aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

4.3. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5. İlkin hərbi qeydiyyata alma komissiyaları
5.1. Vətəndaşların müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı tərkibdə ilkin hərbi qeydiyyata alma komissiyaları yaradılır:

5.1.1. komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri;

5.1.2. komissiyanın üzvləri - həkimlər.

5.2. Rayon, şəhər, şəhərdə rayon ilkin hərbi qeydiyyata alma komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir.


Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması
6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları  yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyataalınmalıdırlar.

6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyataalınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim-mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə mütləq qaydada müalicəyə göndərilməlidirlər.

6.3. Müvafiq icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, müəssisələr, idarələr, təşkilatlar və təhsil müəssisələri hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanlarına təqdim etməlidirlər.

6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:

6.4.1. doğum haqqında şəhadətnamənin surəti;

6.4.2. ailə tərkibi haqqında arayış;

6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

6.4.5. tərcümeyi-hal;

6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.
Maddə 7. Vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri
7.1. Ehtiyata buraxılmış bütün hərbi qulluqçular, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş və ehtiyata keçirilmiş şəxslər hərbi qeydiyyata alınmaq üçün yaşayış yerinə gəldiyi gündən yeddi gün müddətində müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

7.2. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini üç aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.

7.3. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.
Maddə 8. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarınıntəşkilatların və vəzifəli şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri
8.1. Müvafiq icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər.

8.2. Müvafiq icra hakimiyyəti orqanı:

8.2.1. hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalı;

8.2.2. vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi qeydiyyat qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan şəxslərin aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına köməklik göstərməli;

8.2.3. hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməlidir.

8.3. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadını, adını, atasının adını dəyişdirməsi barədə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi barədə, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə müvafiq icra hakimiyyəti orqanına yeddi gün müddətində məlumat verməlidir.

8.4. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına yeddi gün müddətində məlumat verməlidir.

8.5. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına yeddi gün müddətində məlumat verməlidirlər.

8.6. Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına yeddi gün müddətində məlumat verməlidirlər.

8.7. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata qəbulunun, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının tutuşdurulması üçün müvafiq icra hakimiyyəti orqanına vaxtında təqdim etməli, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılmaları barədə hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.


III fəsil

Gənclərin hərbi xidmətə hazırlanması
Maddə 9. Çağırışaqədərki hazırlıq
9.1. Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir.

9.2. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır.

9.3. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların   fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi - idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər.
Maddə 10. Çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması
10.1. 17 yaşına çatmış çağırışçılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslara yaxın olan peşələr üzrə hazırlıq keçə bilər.

10.2. Müvafiq icra hakimiyyəti orqanları xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən edir və həmin ixtisaslar üzrə çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan çağırışçıların sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10.3. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir.

10.4. Müvafiq icra hakimiyyəti orqanlarının çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.


Maddə 11. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı
11.1. Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlər hazırlanan hərbi ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11.2. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və aparılır.

11.3. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.

11.4. Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.


IV fəsil

Həqiqi hərbi xidmətə çağırış
Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması
12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəx­si heyətlə komplektləşdirilməsi üsulla­rı­na gö­rə hər­bi xid­mət ça­ğı­rış üz­rə və kö­nül­lü xid­mət­lə­rə bö­lü­nür.

12.2. Hər­bi xid­mə­tin mü­əy­yən edil­miş tə­ləb­lə­ri­nə cavab verən Azərbaycan Res­pub­li­ka­sının və­tən­daş­la­rı aşa­ğı­da­kı həqiqi hərbi xidmətlə­rə çağırılırlar:

12.2.1. müd­dət­li həqiqi hər­bi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları;

12.2.2. za­bit­lə­rin həqiqi hər­bi xid­mə­ti­nə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər.

12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və  oktyabr aylarının 1-dən 30-dək çağırılır.

12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

12.5. Təşkilatların, müəssisələrin və idarələrin rəhbərləri və vəzifəli şəxslər çağırışçıları ezamiyyətdən geri çağırmalı və müvafiq icra hakimiyyəti orqanına onların vaxtında gəlməsinə köməklik etməlidirlər.

12.6. Çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:

12.6.1. işəgötürən tərəfindən başqa yerdə işə keçirilmiş olsun;

12.6.2. yaşayış yerini dəyişmiş olsun;

12.6.3. təhsil müəssisələrinə qəbul edilmiş və ya təhsil müəssisələrini bitirərək təyinat üzrə başqa yerə işə göndərilmiş olsun.

12.7. Müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməməyin üzürlü səbəbləri kimi aşağıdakılar sayılır:

12.7.1. çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında);

12.7.2.  fövqəladə və ya digər qarşısı alına bilməyən hallar (bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilməlidir).

12.8. Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar.

12.9. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.


Maddə 13. Çağırış komissiyaları
13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır:

13.1.1. komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri;

13.1.2. komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi;

13.1.3. komissiyanın üzvləri - müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, hərbi həkim komissiyasının sədri;

13.2. Çağırış komissiyasının işində həkim-mütəxəssislər  (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dəri-zöhrəvi, psixoloq) iştirak etməlidirlər.

13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim-mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir.


 

Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri

14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər:

14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarları qəbul etmək;

14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək;

14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıların tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək;

14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək;

14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək.

14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir.

14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.
Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı
15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim-mütəxəssislər tərəfindən, zərurət olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.

15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini çıxarır:

15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında;

15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;

15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;

15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;

15.2.5. hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında.
Maddə 16. Mərkəzi çağırış komissiyası
16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır:

16.1.1. komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri;

16.1.2. komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;

16.1.3. komissiyanın üzvləri.

16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri
17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır:

17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək;

17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək;

17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq.

17.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün, digər hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir.

17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər.


V fəsil

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə

 

Maddə 18. Çağırışa möhlət verilməsi


18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:

18.1.1. ailə vəziyyətinə görə;

18.1.2. sağlamlıq vəziyyətinə görə;

18.1.3. təhsili davam etdirmək üçün;

18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);

18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.

18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.
Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi
19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:

19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;

19.1.2. 3 və daha çox uşaq;

19.1.3. I qrup əlil arvad;

19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);

19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə