Kurs I Ş İ Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi




Yüklə 328.41 Kb.
səhifə1/5
tarix30.04.2016
ölçüsü328.41 Kb.
  1   2   3   4   5





AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


Fakultə: Maliyyə

Kafedra: İqtisadi nəzəriyyə II


K U R S İ Ş İ
Mövzu: Bazar infrastrukturu: mahiyyəti, ünsürləri və fəaliyyət mexanizmi

Fənn: İqtisadi nəzəriyyə

Tələbə: Bağırova Ayan Talətdin qızı

Kurs: II

Qrup: M-50

Elmi rəhbər: prof.Q.N. Manafov

Kafedra müdiri: prof. M.X. Meybullayev
BAKI – 2006
Mündərİcat
Gİrİş 3

1. İnfrastruktur anlayışı və təsnifatı. 5

2. Bazar iqtisadiyyatı sistemində bazar infrastrukturunun əhəmiyyəti. 7

3. Bazar infrastrukturunun tərkib ünsürləri və onların qarşılıqlı əlaqəsi. 9

4. Azərbaycanda keçid iqtisadiyyatı şəraitində bazar infrastrukturunun

formalaşması xüsusiyyətləri və onun inkişaf istiqamətləri. 30



Nətİcə 48

Ədəbİyyat 50

G İ r İ ş
Sosial–iqtisadi həyatın böyük şaxələrinə aid olanlardan biri infrastruktur deyilən sahələr, onların məcmusudur. Bu özü də çoxsəpgili və çox istiqamətlidir. Cəmiyyət inkişaf etdikcə infrastrukturlar da geniç miqyas alır, yeniləri əmələ gəlir və bu yenilərin mikroistiqamətləri meydana çıxır. Bu mikroistiqamətlərdən də biri bazar infrastrukturudur.

Təqdim olunan kurs işi çox mühüm və son vaxtlar daha çox tədqiqat obyektinə çevrilən bir problemə - bazar infrastrukturuna həsr olunmuşdur. Son illər iqtisadi ədəbiyyatda bazar infrastrukturuna və onun ayrı-ayrı elementlərinə aid olan yazılara rast gəlmək olur. Lakin iqtisadçılar və təsərrüfatçılar arasında həmin problemin bir qiymətli şərhi verilməmişdir. Onlardan bəziləri bazarın infrastrukturu və strukturu anlayışlarını qarışıq salır və nəticədə onun formalaşmasında və fəaliyyətində birmənalı olmayan izahlar meydana çıxır. Bundan başqa, bazar infrastrukturunun inkişafı ən çox onun formalaşmasından, istifadə mexanizmindən və eləcə də sərbəst bazarların qarşılıqlı fəaliyyətinin nə qədər düzgün açılmasından asılıdır.

Bununla əlaqədar olaraq, kurs işində məqsəd bazar infrastrukturuna aid olan ədəbiyyatın sistemləşdirilməsi, bu sahədə çalışan müxtəlif iqtisadçıların və mütəxəssislərin fikirlərinin ümumiləşdirilməsi əsasında sərbəst bazarların təsnifatı, onların məzmun və mahiyyəti, eləcə də bazar iqtisadiyyatında onların yerinə yetirdikləri rola görə fəaliyyətlərini düzgün xarakterizə etməkdir.

Məlumdur ki, infrastrukturlar təsadüfən meydana çıxmayıb, cəmiyyətin, insanların obyektiv tələbatı ilə, bu tələbatın daim artması qanunu ilə yaranıb və inkişaf edib. Həm də onlar xalis eyni cinsli deyillər və odur ki, ictimai əmək bölgüsü qanununun fəaliyyəti ilə dərin təsnifata uğramış və müasir dövrdə də həmin meyl daim davam edir.

İnfrastrukturlar cəmiyyətə, insanlara öz vacib gərəkliyinə görə yaranmış və daim təkamüldədir. Deməli, onun cəmiyyətin sosial-iqtisadi həyatında böyük rolu və əhəmiyyəti danılmazdır.

Kurs işində verilmiş təsnifata görə bazar infrastrukturu 13 sərbəst bazardan ibarətdir. Bunlara əmtəə və xidmətlər bazarı, istehsal vasitələri bazarı, daşınmaz əmlak bazarı, işçı qüvvəsi bazarı, innovasiya bazarı, investisiya bazarı, lizinq bazarı, sığorta bazarı, maliyyə bazarı, informasiya bazarı, reklam bazarı, qiymətləndirmə bazarı, konsaltinq bazarı aiddir.

Təbiidir ki, infrastrukturun nə olduğunu bilmədikdə, onun təsnifatını, əhəmiyyətini və növləri haqqında da təsəvvür oyana bilməz. Bütün bunları nəzərə alaraq infrastruktur anlayışının izahı çox əhatəli olmasa da, birinci sualda əks etdirilmişdir.

Növbəti –ikinci sualda isə bazar infrastrukturunun müasir bazar iqtisadiyyatında rolu haqqında məlumat verilmişdir.

Kurs işində bazar infrastrukturunun ünsürlərinin daha ətraflı izahına yer verilmiş, burada nəinki onların mənası və yerinə yetirdikləri funksiyalar, həmçinin onların qarşılıqlı əlaqəsi də diqqət mərkəzinə çəkilmişdir.

Əlbəttə, bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda yaranmaqda olan bazar infrastrukturlarının izahını verməmək mümkün deyildir. Belə ki, bazarlar eyni səviyyədə inkişaf etməmiş və onlardan bəziləri təsərrüfat praktikasında fəaliyyət göstərmirlər. Ona görə də kurs işində onlar Azərbaycanın bazar infrastrukturunda yerinə yetirdikləri rola və əhəmiyyətlərinə görə xarakterizə olunurlar. Bütün bu və digər məsələlər dördüncü sualda öz əksini tapmışdır.

Ümidvaram ki, bazar infrastrukturu mövzusunda yazılmış kurs işi onunla tanış olan hər bir oxucuda müəyyən elmi maraq doğuracaqdır.

1.İnfrastruktur anlayışı və təsnifatı
“İnfrastruktur” termini ilk dəfə Qərbdə XX əsrin əvəllərində silahlı qüvvələrin hərbi qabiliyyətinin təhlili zamanı istifadə edilmişdir. “İnfrastruktur” anlayışı (termini) latın mənşəlidir. O, infra- “aşağı, alt” və struktura - “yerləşmə” sözlərinin birləşməsini ifadə edir. Bu anlayışda başqa sahələrə xidmət göstərən qurumlar (özəklər) məcmusu ifadə olunur. Deməli, onun məzmununda başqa müvafiq bir sahəyə “xidmət göstərmək” ifadəsi müəyyənedici əhəmiyyət kəsb edir.

İlk dəfə bu ifadə iqtisadi təhlildə XX əsrin əvvəllərində silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və tikililəri ifadə etmək üçün işlənmişdir. Belə ki, hərbi infrastruktur dedikdə, hərbi qüvvələrin fəaliyyətini təmin edən sahələrin (hərbi anbarlar, aerodomlar, radiolokasiya postları, poliqonlar və s. ) kompleksi nəzərdə tutulurdu. Buradan aydın görünür ki, hərbi infrastruktur – müharibə şəraitində hərbi əməliyyatların aparılmasını təmin edən, sülh şəraitində isə dövlətin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanılmasına xidmət edən bir qurumdur. Həmin fikir sonralar bütün başqa sahələrə də geniş yayılmışdır. Məsələn, 40-cı illərdə Qərbdə infrastruktur anlayışı maddi istehsalın fəaliyyətinə xidmət edən sahələrin məcmusu kimi başa düşülürdü.

Cəmiyyət inkişaf etdikcə infrastrukturlar da geniş miqyas alıb, yeniləri əmələ gəlib və bu yenilərin mikroistiqamətləri meydana gəlib. Bunlar hamısı cəmiyyətin mütərəqqi tələbatlarının artması ilə üzvi şəkildə bağlıdır. İnfrastrukturlar artdıqca, şaxələndikcə cəmiyyətin təkamülü və tələbatı daha normal, daha yüksək təmin olunur. Xüsusilə yüksək inkişaf etmiş ölkələrdə, yüksək sivilizasiyalı dövlətlərdə bu hal özünü daha qabarıq təzahür etdirir, yəni infrastrukturlar daha geniş,daha keyfiyyətli səciyyə kəsb edir. Bu, xüsusi ilə müasir bazar şəraiti üçün çox xarakterikdir.

İnfrastrukturlar, o cümlədən bazar infrastrukturları təsadüfən meydana çıxmayıb, cəmiyyətin, insanların obyektiv tələbatı ilə, bu tələbatın daim artması qanunu ilə yaranıb və inkişaf edib. Həm də onlar xalis eynicinsli deyillər və odur ki, ictimai əmək bölgüsü qanununun fəaliyyəti ilə dərin təsnifata uğramış və müasir dövrdə də həmin meyl daim davam edir.

İnfrastrukturlar cəmiyyətə, insanlara öz vacib gərəkliyinə görə yaranmış və daim təkamüldədir. Deməli, onun cəmiyyətin sosial-iqtisadi həyatında rolu və əhəmiyyəti danılmazdır. Onların müasir dövrdə də əhəmiyyəti müstəsna dərəcədə böyükdür.

Kütləvi istehsal, əmtəə-pul münasibətləri, bazar yaranıb inkişaf etdikcə onlar da meydana gəlib tərəqqi yolu keçmişlər. Lakin bu gün onlar əvvəlki tarixi dövrlərlə müqayisə olunmaz dərəcədə şaxələnmiş, müasirləşmiş və çox yüksəlmişlər. Kapitalizm, bazar iqtisadiyyatı infrastrukturların tərəqqisınə xüsusi təkan vermişdir. Onların ən geniş miqyaslı şaxələri və dərin mahiyyəti müasir sivilizasiya cəmiyyəti, ölkələri onlarsız təsəvvür etmək qeyri-mümkündür. İnfrastrukturlar cəmiyyət həyatının bütün sosial münasibətlərinin mütərəqqi fəaliyyətinin ayrılmaz, zəruri tərkib hissələridir.

Müasir iqtisadi inkişaf baxımından infrastruktur anlayışı dərin məzmuna malikdir. Ən ümumi mənada infrastruktur dedikdə, həm bütövlükdə iqtisadiyyatın, həm də onun ayrı-ayrı bölmələrinin normal fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xidmət edən sahələrin məcmusu başa düşülür.

İnfrastrukturun əsas cəhətlərindən biri onun fərdi yox, kollektiv və ictimai tələbatların ödənməsinə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın infrastrukturu həm də ictimai təkrar istehsalın bütün fazalar: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir.

Bütövlükdə infrastrukturlar öz konkret təyinatlarına görə bir-birilə sıx münasibətlərdə olan aşağıdakı üç təsnifat qrupuna müncər edilirlər:


  1. istehsal infrastrukturları;

  2. sosial infrastrukturları;

  3. bazar infrastrukturları.

Makroiqtisadi səviyyədə istehsal və sosial infrastrukturlar bir-birlərindən fərqləndirilir. İstehsal infrastrukturuna ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar olan sahələr – elektroenergetika, rabitə, nəqliyyat, elmi-texniki informasiya və s. aid edilir. Sosial infrastruktur iş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edir. Buraya tədris, səhiyyə, mədəniyyət, incəsənət,sosial təminat və s. kimi sahələr daxildirlər.

Bu deyilənlərlə bərabər, iqtisadi ədəbiyyatda bütövlükdə iqtisadiyyatın konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Məsələn, nəqliyyat sahəsinin infrastrukturuna – dəmir yolları, kanallar, körpülər, tunellər və s; tədrisin infrastrukturuna – universitetlər, orta ixtisas məktəbləri və s. aid edilirlər.

Kurs işinin mövzusu bazar infrastrukturu ilə bağlı olduğundan növbəti suallarda biz bazar infrastrukturları haqqında ətraflı məlumatlar əldə edəcəyik.

2. Bazar iqtisadiyyatı sistemində bazar infrastrukturunun əhəmiyyəti
Bütövlükdə infrastrukturunun məzmunu haqqında deyilənləri bazar iqtisadiyyatının müstəqil quruluşu kimi fəaliyyət göstərən bazar infrastrukturu anlayışına da aid edilir. Belə ki, bazar infrastrukturu dedikdə, iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissəsi başa düşülür.

Məlumdur ki, inkişaf etmiş bazar sistemi çox mürəkkəb və zəngin quruluşa malikdir. Müasir bazar münasibətləri şəraitində bazarın ən vacib quruluşlarından biri onun obyektlərinin iqtisadi təyinatına görə bir-birindən fərqləndirilməsi nəticəsində yaranır. Bazar iqtisadiyyatı şəraitində bazarların hər birinin həm ayrılıqda normal fəaliyyəti, həm də onların səmərəli qarşılıqlı əlaqəsi inkişaf etmiş bazar infrastrukturu şəraitində mövcud olur və onun vasitəsilə həyata keçirilir.

Nəzərə almaq lazımdır ki, bazar ayrı-ayrı ixtisaslaşmış təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlərdə öz spesifik infrastrukturunu formalaşdırır. Belə ki, professor A.Qritsenko və dosent V.Sobolev (8, səh.12 ) bazar infrastrukturunu xarakterizə edərək, onun bir neçə müxtəlif elementlərini ayırırlar. Bu elementlər onlara xas olan spesifik funksiyalarını yerinə yetirərək, öz aralarında qarşılıqlı təsirdə olurlar. Belə bir mövqeyə əsasanlanaraq, onlar yazır ki, “hər hansı sosial-iqtisadi sistemdə infrastruktur – ilk növbədə mövcud sistemin obyekt və subyektlərinin qarşılıqlı əlaqələrinin fasiləsiz fəaliyyətini təmin edən elementlərin məcmusudur.

Bu tərifdən belə bir nəticə çıxır ki, infrastruktur sistemin tərkib hissəsi kimi, onun obyekt və subyektləri də daxil olmaq şərti ilə, sistemin öz elementləri arasındakı qarşılıqlı əlaqələrin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuşdur.

Həmin tərifdə bazar infrastrukturunun 2 əsas funksiyası ayrılmışdır:

1. bazar iqtisadiyyatının subyektlərinin təsərrüfat əlaqələrinin və qarşılıqlı təsirlərinin fasiləsiz fəaliyyətinin təmin olunması;

2. əmtəə-pul axınlarının hərəkətinin tənzimlənməsi.

Digər bir ədəbiyyatda isə (4, səh.85) bazar infrastrukturlarının funksiyası aşağıdakılarla xarakterizə oluna bilər:

1.Bazar münasibətləri iştirakçılarının mənafelərinin reallaşdırılmasının yüngülləşdirilməsi ilə.

2.İqtisadiyyatın ayrı-ayrı subyektlərinin və fəaliyyətlərinin növləri əsasında bazar subyektlərinin işlərinin operativliyinin və effektlivliyinin yüksəldilməsi ilə.

3.Bazar münasibətlərinin təşkilati tərtibatına nail olunması ilə.

4.İşgüzarlıq praktikasının dövlət və ictimai tənzimlənməsi; hüquqi və iqtisadi nəzarət formalarının yüngülləşdirilməsi ilə.

Bazar infrastrukturu bütün iqtisadiyyatının tərkib hissəsi kimi, iqtisadi funksiyaları yerinə yetirmək üçün imkan və şərait yaradır. Öz mənşəyi və ya təbiəti nöqteyi-nəzərindən, bazar infrastrukturu canlı orqanizm kimi iqtisadi sistemə nüfuz etmiş və onun fəaliyyətini təmin edən institutların bütöv bir kompleksidir. Onun spesifik məzmunu. sərhədləri daxilində fəaliyyət göstərdiyi bazarların xüsusiyyətləri ilə müəyyən olunur. Məsələn, əmtəə və xidmətlər bazarının tərkib hissəsinə əmtəə birjaları, yarmarkalar, çoxsaylı firmalar, marketinq və digər təşkilatlar daxildir. Maliyyə bazarı pul, kredit və qiymətli kağızlar bazarından ibarətdir.

Bazar iqtisadiyyatının əsasını özəl mülkiyyətin, xüsusi sahibkarlıq və biznes fəaliyyətinin, infrastruktur komponentlərinin daim geniş meydan alması təşkil edir. Real bazar iqtisadiyyatı üçün ölkənin mümkün çox çeşidli bazar infrastrukturlarının yaradılması və inkişafı da obyektiv zərurət təşkil edir.

Beləliklə, təsdiq etmək olar ki, bazar infrastrukturu ən müxtəlif meyarlar əsasında bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən sərbəst bazarlardan ibarətdir.

Deməli, bazar infrastrukturu bazarın müxtəlif formalarının fəaliyyəti üçün zəruri iqtisadi mühitin yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar iqtisadi sisteminin normal fəaliyyəti təmin edilir.



3.Bazar infrastrukturunun tərkib ünsürləri və onların qarşılıqlı əlaqəsi
Bazar infrastrukturu kompleks bir sistem təşkil edir və çoxşaxəli, çox istiqamətlidirlər.Onlar bazar iqtisadi sistemində fəal bir qüvvə, onun səmərəli fəaliyyətinə və inkişafına səbəb olan amillərdir.Bazar infrastrukturlarının mahiyyəti onun çox təsnifatlı komponentlərinin məcmusunda, kompleksində öz dərin ifadəsini tapır.Müasir inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bazar infrastrukturlarının təsnifatını (1, səh.89) aşağıda göstərilən komponentlər təşkil edir və nümayiş etdirir:

-birjalar ( əmtəə, əmək, fond, valyuta, resurs, opsion, fraxt, fyuçers, banklararası, universal birjalar );

-marketinq və marketinq elmi-tədqiqat mərkəzləri;

-kredit sistemi və müvafiq banklar;

-gömrük sistemi;

-vergi sistemi və vergi müfəttişliyi;

-yarmarkalar, hərraclar ( auksionlar )

-sığorta və sığorta kampaniyaları;

-ticarət palataları;

-kommersiya-sərgi kompleksləri;

-informasiya texnologiyası və işgüzar kommunikasiya vasitələri;

-iqtisadi ali və orta və qismən hüquq ixtisas təhsil ocaqları;

-auditor kompaniyaları;

-konsaltinq ( məsləhət ) kompaniyaları;

-xüsusi azad iqtisadi zonalar və s.

Şübhəsiz, bu siyahını bir qədər artırmaq da olar. Lakin elə bunlar əsas bazar infrastrukturlarının təsnifatı haqqında lazımi təsəvvür yaratmağa imkan verir. Adları çəkilən infrastrukturların hamısı müasir bazar iqtisadiyyatı şəraitində bazara, onun fəaliyyətinə xidmət edir.

Bütünlükdə birjalar bazar infrastrukturları içərisində xüsusi yer tutur. Ümumiyyətlə, birja kütləvi, mütəşəkkil bazar, yəni alqı-satqı əməliyyatları ilə məşğul olan özəkdir.

Bir qədər birjanın tarixinə nəzər salaq: (7, səh 10)

“Birja” sözü Flandriyanın böyük ticarət məntəqəsi olan Brüqqedə yaranıb, latınca “bursa” sözündən olub pul kisəsi deməkdir. Əcnəbi kommersantlar buraya gələrək Van Der Bursenin şərəfinə adlandırılmış mehmanxanada qalırdılar. Onun göstərişi ilə otel tikilmiş və pul kisəsi təsvir olunmuş gerb ilə bəzədilmişdir. “Bursa” otelinin ətrafında ticarət yığıncaqları keçirilirdi. Tacirlər digər həmkarları ilə tanış olur, sazişlər bağlayır, uğur və müflislik haqqında yeni xəbər və şayiələri öyrənirdilər.Bir çox tacirlər sazişlər bağlamaq üçün digər ticarət mərkəzlərindən Bursa otelinə gəlirdilər. Buradan “Bursaya getmək” ifadəsi meydana gəldi. Bu o qədər adət halını aldı ki, kommersantlar öz doğma yerlərinə qayıdarkən bu sözü ticarət yığıncağı mənasında işlətməyə başladılar.

Xüsusi olaraq birja üçün ilk bina -Brüqqe ilə konkurent olan - 1531-ci il Belçikanın Antverpen şəhərində tikilmişdir.

XVII əsrin əvvəlində ticarət və maliyyə mərkəzi Antverpendən Amsterdama köçürülür. 1608-ci ildə birja yaradılır, iki onillikdən sonra isə xüsusi bina tikilir. XVII əsrdə Amsterdam “Avropanın taxıl anbarı” kimi məşhur idi. Burada 200 min kisə taxıl saxlanılırdı. Amsterdam həmçinin qiymətli kağızlar bazarının meydana gəldiyi və XVII əsrin əvvəllərində ilk fond birjasının yarandığı yer hesab edilir.

XVII əsrin əvvəlində dünya ticarət fəaliyyətinin mərkəzi Londona köçürülməyə başladı. 1865-ci ildən Londonun Krallıq birjası dövlət kağızları və səhmlərlə sazişlər həyata keçirirdi.

Amsterdam və London birjalarının əməyi ondan ibarət olub ki, onlar kağızdan pula və ya əksinə keçidi tez təmin edirdilər.

Sovet dövründə də yeni iqtisadi siyasət zamanı birjalar olmuşdur. Tarix göstərir ki, birjalar dəyişməz qalmır, parametrləri üzrə dəyişir, təkmilləşir. O, ən müasir dövrdə elektron ticarət formasına keçmişdi.

Birjanın yaranması azad sahibkarlığın inkişafının yüksək mərhələsində zərurətə çevrilmişdir. Sahibkarlığın inkişafının ilk dövrlərində məhsulların reallaşmasında elə böyük çətinliklərə rast gəlinmirdi. İqtisadiyyatın daha sürətlə inkişafı ilə əlaqədar olaraq tədavülə daha çox, həm də müxtəlif əmtəələr daxil olduğuna görə onların reallaşması çətinləşir. Bununla da bazarın birja növünü təşkil etmək zərurəti yaranır.

Birja dedikdə, əmtəələrin alqı-satqı prosesi ilə məşğul olan bazarın təşkilati forması başa düşülür. Bununla belə birjanın bir sıra xüsusiyyətləri onu bazarın digər növlərindən fərqləndirir. Məsələn, birjada alqı-satqı əməliyyatları bilavasitə və istehlakçı arasında deyil, öz əlində hər hansı bir əmtəəyə olan tələb və təklifi mərkəzləşdirmiş vasitəçilər vasitəsilə həyata keçirilir. Birjalar daimi fəaliyyət göstərir, onun öz daimi iş yeri və iş saatı vardır.

Birja ayrı-ayrı şəxslər və dövlət tərəfindən təşkil olunur. Orada keçirilən əməliyyatlar onu təşkil edənlərin nəzarəti altında keçirilir. İri həcmli sövdələşmələri sün”i surətdə, qəsdən pozanlar, birja ticarət qaydalarına riayət etməyənlər müvafiq cəza alırlar. Birjanın təşkilatçıları alıcı və satıcılara xidmət göstərdiklərinə və vasitəçilik etdiklərinə görə ondan xidmət haqqı alırlar. Bundan əlavə birjada yer almaq üçün verilən haqq, bağlanmış sövdələşmələrdən komisyon ayırmaları və s. birjanın mənfəətini təşkil edir.

Birjada bağlanılan sövdələşmələrin haqqı qarşı tərəfin hesabına ya dərhal, ya da müəyyən müddət ərzində köçürülə bilər. İkinci halda birjada satılan məhsul yeni sahibin sərəncamına dərhal keçsə də , onun haqqı satıcı və alıcı arasında razılaşdırılmış müddətə ödənilir. Həm də bu vaxt alınmış əmtəənin haqqının ödənilməsi ilə birgə satış vaxtı mövcud olan kursla hazırki kurs arasındakı fərq tərəflərdən biri tərəfindən ödənilir.

Birjada alqı-satqı əməliyyatını brokerlər həyata keçirir.Broker ingilis sözüdür, tərcümədə - vasitəçi deməkdir. O, birjanın üzvü olmalıdır, eyni zamanda öz vasitəçilik vəzifəsini yerinə yetirmək üçün bazarda yer almalıdır.Yerin qiyməti brokerə olan tələbdən asılıdır. Əgər yerin miqdarı az, brokerlərin sayı çoxdursa, onun qiyməti baha olacaq və ya əksinə.

Fond, əmtəə, valyuta birjalarında sövdələşmələr zamanı vasitəçi rolunu ifa edən broker sahibkar deyil. Dəllal, vasitəçi yalnız sahibkar adından təklif edir. Broker çalışır ki, daha çox alqı-satqı əməliyyatlarına vasitəçilik etsin və vasitəçilik etdiyi əməliyyatlar baş tutsun. Çünki o, yalnız satılan əmtəələrə görə haqq alır.

Əmtəələrin tədavül dairəsində hərəkətinin sür”ətlənməsində brokerlərin rolu böyükdür. Onlar bazar konyukturasını yaxşı bilir, onlar bu sahədə yüksək ixtisaslı mütəxəssislərdir. Broker rolunda firmalar və ayrı-ayrı şəxslər çıxış edə bilərlər. Brokerlər öz xidmətlərinin əvəzində tərəflərin qarşılıqlı razılığı ilə haqq alır. İri broker firmaları əksər hallarda sövdələşmələr vaxtı zamin rolunda çıxış edir, alıcılara kredit verirlər.

Bazar iqtisadiyyatı sistemində bazar subyektlərindən biri də dilerdir. Broker kim diler də bazarda alıcılarla satıcılar arasında dəllallıq, vasitəçilik edirlər. Onlar da broker kimi fond birjasının üzvü, eyni zamanda bazarda yeri olmalıdır.Lakin onların yerinə yetirdiyi vəzifələr və fəaliyyət dairəsi bir-birindən fərqlənir. Əgər broker alqı-satqıda yalnız vasitəçilik edir və buna görə də haqq alırsa, diler həm də sonradan daha baha satmaq məqsədilə qiymətli kağızlar alır. Bundan əlavə dilerlər bir-biri ilə, brokerlərlə, bilavasitə alıcılar və ya satıcılarla sövdələşməyə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya bankları da diler simasında çıxış edə bilərlər. Brokerlər kimi əmtəələrin reallaşmasının sür”ətlənməsində dilerlərin də xüsusi rolları vardır.

Elmi-texniki tərəqqi, elektron hesablama texnikasının inkişafı, yeni rabitə vasitələri birja ticarətini dünyanın bütün ölkələri ilə vahid bir sistemə salır, bütün sutka ərzində fəaliyyət göstərir. İndi əmtəə birjaları alver üzərində nəzarəti də həyata keçirir. O, bazarda tələblə təklif əsasında qiymətlərin kotirovkası ( qoyulması ) ilə də məşğul olur; birja əmtəələrini çəki, həcm, keyfiyyət üzrə standartlar müəyyən edir. Birja üzvləri üçün tipik müqavilələr, ticarət etmə qaydalarını işləyir. Satılan əmtəələrin kotirovkası ilə informasiya bülletenləri buraxır, müxtəlif xidmətlər üzrə müştərilərə kömək göstərir və s.

Birjanın mühüm formalarından biri də əmtəə birjasıdır.Əmtəə birjasında alqı-satqı əməliyyatları böyük həcmdə, yəni topdansatış formasında həyata keçirilir. Burada müxtəlif məhsullar, əsasən xammal və kənd təsərrüfatı malları topdan satılır. Məhsulların alqı-satqısı haqqında sövdələşmələr gedir və müqavilələr bağlanır. Başqa bazar növlərindən fərqli olaraq, əmtəə birjalarında satılan məhsulların hamısı bazara daxil olmur, yalnız onun nümunələri əsasında alqı-satqı müqavilələri bağlanır. Bu bazar növünün bazarın başqa növlərindən bir fərqi də ondan ibarətdir ki, sövdələşmədən dərhal sonra əmtəə satıcının əlindən alıcının əlinə keçmir. Məsələn, fərz edək ki, may ayında əmtəə birjasında pambıq nümunələri üzrə alqı-satqının əməliyyatı gedir, halbuki pambıq yenicə əkilib, onu alıcıya payız ayında vermək mümkün ola bilər. Buna görə də mövsümçülükdən asılı olaraq nümunələr üzrə kənd təsərrüfatı alqı-satqısı müddəti altı aydan iyirmi dörd aya kimi uzana bilər. Başqa sözlə, məhsul satıcıdan alıcıya dərhal deyil, müəyyən müddətdən sonra verilir.

Əmtəə birjaları ticarət mübahisələrini həll etməsi ilə, istehsalın həcmi, məhsulun keyfiyyəti, onun faydalı xüsusiyyətləri, üstünlükləri haqqında məlumat verməsi ilə, istehsalçı və istehlakçı arasında əmtəələrin reallaşmasında səriştəli fəaliyyəti ilə tədavülü sür’ətləndirir.Birjanın yerinə yetirdiyi əməliyyatlara ticarət sövdələşmələri bağlayanlar arasında vasitəçilik etmək, satılmağa təklif edilən əmtəələrin əvvəlcədən ekspertizasını keçirmək, alqı-satqı ilə bağlı əməliyyatları sür”ətləndirmək və sadələşdirmək, ticarət mübahisələrini həll etmək, istehsalın həcmi, məhsulun həcmi,məhsulun qiyməti, faydalı xüsusiyyətləri haqqında məlumatları yaymaq və s. daxildir. Əmtəə birjasında ticarət əməliyyatları onun ümumi yığıncağı tərəfindən təsdiq edilmiş ticarət qaydalarına uyğun aparılır. Konkret olaraq buraya sövdələşmələrin aparılması üsulları, əqdlərin növləri, onların qeydə alınması və uçotu qaydaları, əmtəələrə məzənnə qoyulması qaydası, birja ticarəti qaydalarını pozmağa görə sanksiyalar və s. öz əksini tapır. Əmtəə birjasının bütün üzvləri onun nizamnaməsinin tələblərinə, birja ticarəti qaydalarına, onun ali idarəetmə orqanı olan ümumi yığıncağın, habelə birja komitəsinin qərarlarına əməl etməli, birjanın nəzarət orqanlarına vaxtında və zəruri məlumatları verməlidirlər. Birjanın üzvləri həmçinin onun fəaliyyəti haqqında məxfi məlumatları və kommersiya sirrini yaymağa görə məsuliyyət daşıyırlar.

Qiymətli kağızlar, yəni istiqrazlar, səhmlər, obliqasiyalar, çeklər, veksellər və başqalarının alqı-satqısı ilə məşğul olan bazarlara fond birjası deyilir. Müasir dövrdə sənayenin, kənd təsərrüfatının və başqa sahələrin inkişafı üçün lazım olan kapital qoyuluşunda onlar böyük rol oynayırlar. Fond birjalarında da, qiymətli kağızlara olan tələb və təklifin təsiri altında onların da qiyməti tez-tez dəyişir. Adətən iqtisadiyyatın inkişafı dövründə qiymətli kağızların kursu əsasən yüksəlir, tənəzzül, durğunluq və iqtisadi böhran zamanı isə aşağı düşür. Ona görə də, fond birjaları iqtisadiyyatın inkişafının ən yaxşı göstəricisi hesab edilir. Qiymətli kağızların kursuna siyasi hadisələr də, məsələn, müharibə, hakimiyyət uğrunda mübarizə və s. təsir göstərir. Bütün azad sahibkarlıq dövlətlərində fond birjaları olduğu və inkişaf etdirildiyi halda, keçmiş sosialist ölkələrində bazarın bu forması mövcud olmamışdır.

Fond birjalarında iri kampaniyaların səhmləri satılır və alınır. Səhmləri saxlayan fond birjaları kampaniyaların mənfəətinin bir hissəsini faiz şəklində alırlar.Səhmlərin qiyməti isə ona olan tələb və təklifdən asılıdır. Fond birjasının aldığı faizin özü də səhmlərin qiymətindən asılıdır.

Bazar iqtisadiyyatı əsasən açıq iqtisadiyyat və azad sahibkarlıq prinsiplərinə əsaslandığına görə mövcud olan fond birjaları bir-biri ilə qarşılıqlı əlaqə və qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Təbiidir ki, qiymətli kağızların kursunun müəyyən olunmasında dünyanın ən iri və ən məşhur fond birjaları əsas rol oynayırlar, digər ölkə və regionlarda qiymətli kağızların kursu onların təsiri altında yaranır. Hazırda dünyada 200 fond birjası fəaliyyət göstərir ki, bunlardan da aparılan əməliyyatların miqyasına görə ən iriləri və məşhurları Nyu-York, Tokio, London, Frankfurt birjalarıdır.

Qiymətli kağızlar birjası sahiblərinə dividend və ya faiz formasında gəlir gətirir. ABŞ-da və Böyük Britaniyada fond birjasında birja komitəsi seçilir. Burada xüsusi komissiyalar fəaliyyət göstərir. Bunlar birja ticarətinə qiymətli kağızlar buraxılması haqqında qərar qəbul edir. Qərb fond birjalarında qiymətli kağızların satış dövriyyəsi ildə bir neçə trilyon dollar gətirir.

Bazar iqtisadiyyatı ölkələrində işçi qüvvəsi bazarı bir qayda olaraq dövlət məxsus olan əmək birjaları vasitəsi ilə ifadə olunur. Hazırki dövrdə əmək birjaları işsizlərin siyahıya alınması və onların işlə təmin olunması, iş yerlərini dəyişmək istəyənlərə uyğun köməkliyin edilməsi üzrə xidmətlər göstərirlər.

Ümumiyyətlə, əmək birjalarının funksiyaları aşağıdakı kimi səciyyələnir:

-iş qüvvəsinə olan tələbi və təklifi təhlil edir, proqnozlaşdırır və əmək bazarında vəziyyət haqqında informasiya hazırlayır;

-məşğulluğun proqramını hazırlayır;

-işsizlərin qeydiyyatını aparır və onlara müavinət verilir;

-boş iş yerlərini müəyyən edir və iş üçün müraciət edənlərin məsələsinə baxır;

-iş axtaranlara uyğun iş seçməkdə kömək edir, bu barədə informasiya verir;

-məşğulluğun və işsizliyin tənzimlənməsini, bunların sosial müdafiəsini təşkil edir;

-tələb olunan ixtisaslar haqqında zəruri məlumat verir, gənclərin peşə seçimində onlara kömək edir və s.

Bununla bərabər, birjalar həm də işsiz adamı müəyyən iş yerlərinə göndərməklə məşğul olurlar. Əgər işsiz şəxs təklif olunan işə getməzsə o, işsizliyə görə verilən haqdan məhrum edilir. Müasir dövrdə daha çox ixtisas uyğun gəlmədiyindən, habelə digər müəyyən səbəblər üzündən sahibkarlar birjanın göndərdiyi işçidən imtina edərək daha çox öz müəssisələrinin hazırladığı, təhsil yerlərindən müstəqil axtarılıb tapılan, xarici ölkələrdən gətirilmiş yüksək ixtisaslı mütəxəssislərə üstünlük verirlər. Buradan belə nəticəyə gəlmək olar ki, əmək birjalarının göndərişi heç də həmişə sahibkarlar üçün yerinə yetirilməli olan mütləq qanun deyildir.

Bazar infrastrukturları kimi fəal xarakterizə olunan valyuta birjaları ən geniş yayılmış formalardan biridir. Valyuta birjası xarici valyutaların alqı-satqısını təşkil edən, eyni zamanda tələb və təklifi nəzərə alaraq onların valyuta məzənnəsini müəyyən edən təşkilatdır. Bazar iqtisadiyyatı şəraitində ölkələrarası valyuta ticarətinin əsas hissəsi banklar arasında, bir ölkə daxilində isə banklarla qeyri-bank müəssisələri arasında aparılır. Lakin bunlarla yanaşı bu əməliyyatların bir hissəsi valyuta birjalarının payına düşür. Valyuta birjasında aparılan ticarət valyuta kursu əsasında, yəni iki bir birindən fərqli pul vahidlərinin mübadilə nisbəti əsasında həyata keçirilir.

Bütün ölkələrdə bu birjalar fəaliyyət göstərməsə də, onun mövcud olduğu ölkələrdə valyuta bazarında həm azad, həm də rəsmi valyuta kursuna rast gəlinir. Dövlətin bütün valyuta əməliyyatlarının həyata keçirilməsi üçün əsas meyar hesab edilən rəsmi kursdan hətta iş saatından kənar vaxt ərzində də istifadə olunur.

Bankın tədiyyə qabiliyyətindən, onun vəsaitinin dövretmə xüsusiyyətindən, banklararası işgüzar münasibətlərin xarakterindən asılı olan valyutanın azad kursu banklararası valyuta ticarəti sahəsində tələb və təklifin təsiri altında yaranır.

Valyuta bazarları əməliyyatlarının əsasında xarici ticarət, xidmətlər, turizm, xüsusi köçürmələr üzrə beynəlxalq haqq-hesablar durur.

Əmtəə və fond birjalarının müasir formalarından biri fyuçers birjasıdır. Ticarət obyekti olan fyuçers bazar infrastrukturunda əmtəələrin, valyutaların, qiymətli kağızların təcili göndərilməsi üçün müqavilə bağlanır. Təcrübə göstərir ki, onun əsas xüsusiyyəti bundadır ki, sövdələşmələrin həyata keçirilməsi əksəriyyət əməliyyatlarda bilavasitə əmtəənin özünün mövcud olması deyil, əmtəəyə hüquq məsələsi əsas götürülür.


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə