«Kreativ insan» modeli




Yüklə 49.99 Kb.
tarix30.04.2016
ölçüsü49.99 Kb.

«Kreativ insan» modeli



Hər bir iqtisadi nəzəriyyənin əsasında müəyyən insan modeli − сəmiyyətdəki üstün həyat fəaliyyəti formasını əks etdirən sadələşdirilmiş davranış sxemi dayanır. Ənənəvi (liberal) istiqamətli nəzəriyyələr A.Smit başda olmaqla, klassiklərin yaratdıqları və neoklassiklərin inkişaf etdirdikləri «iqtisadi insan» modeli üzərində qurulmuşdur. İnformasiya iqtisadiyyatı nəzəriyyəsinin əsasında «kreativ insan» modeli dayanır. Bu modellərin müqayisəli təhlilini aparaq:

  1. Tarixi əsaslar. «İqtisadi insan» modeli sənaye dövrünün əvvəllərində yaradılmışdır. O zaman iqtisadiyyatda sadə əmək üstünlük təşkil edirdi, insanlararası qarşılıqlı əlaqələrin əsas forması isə əmtəə mübadiləsi idi. «Kreativ insan» modeli informasiya dövrünün əvvəllərində yaradılmışdır. O zaman iqtisadiyyatda yaradıcı əmək üstünlük təşkil edirdi, insanlararası qarşılıqlı əlaqələrin əsas forması isə informasiya mübadiləsi idi.

  2. Təbii-elmi əsaslar. «İqtisadi insan» modeli yekcins kütlələrin qarşılıqlı təsir modelindən ibarət olan İ.Nyuton mexanikasının çiçəkləndiyi dövrdə yaradılmışdır. Mexanikanın uğurları ictimai elmlərə, ilk növbədə iqtisadiy­yata böyük təsir göstərmişdir. Klassik məktəbin nümayəndələri insanlararası qarşılıqlı əlaqələri modelləşdirərkən Nyuton mexanikasının müddəalarından istifadə etmişlər. Onlar fərdləri yekcins predmetlər kimi nəzərdən keçirir və fərdlər arasında qarşılıqlı əlaqələri fiziki cisimlərin toqquşmasına bənzədirdilər. Bu qarşılıqlı əlaqələr sərt qanunlar əsasında baş verir, lakin bütövlükdə nizamsız xarakter daşıyır. Ona görə də hər hansı iki fərd arasında sabit qarşılıqlı əlaqələr mümkün deyildir. «İqtisadi insan» kürəciyə bənzədilir, elə kürəciyə ki, eynilə özü kimi kürəciklərlə nizamsız qarşılıqlı əlaqəyə girir, «toqquşur». Bir fərdin digərlərinə təsirinin gücü onun maddi sərvəti və ya «kütləsi» ilə müəyyənləşir. İnsanın bazarda hakimiyyəti nə qədər böyükdürsə, başqa insanlar ona bir o qədər az təsir göstərir və o başqalarına bir o qədər çox təsir göstərir. Qarşılıqlı əlaqədə olan fiziki cisimlərin mexaniki sistemi klassik məktəbdə iqtisadi rəqabət modelini təcəssüm etdirir. Beləliklə, «iqtisadi insan» modeli mexanistik xarakter daşıyır.

«Kreativ insan» modeli son onilliklərdə yaradılmışdır. Bu zaman yaradıcı əməyin üstünlük təşkil etdiyi və fərdiləşmənin artdığı bir şəraitdə insan daha yekcins fiziki cisim kimi nəzərdən keçirilə bilmirdi. İnsanın fərdiləşməsi onun cəmiyyətdə öz xüsusi yerini tutması deməkdir. Fərdiləşmə həm də o deməkdir ki, orqanizmdə hər bir ayrıca orqan öz funksiyasını necə yerinə yetirirsə, insan da spesifik funksiyasını o cür yerinə yetirir. Buna görə də «kreativ insan» konsepsiyası üzvi xarakter daşıyır. Ali heyvanın orqanlarının qarşılıqlı əlaqəsi cisimlərin mexaniki qarşılıqlı əlaqəsindən prinsipial surətdə fərqlənir. Birincisi, orqanlar arasında dayanıqlı və həyati əhəmiyyətli qarşılıqlı əlaqələr yaranır. Müvafiq surətdə, cəmiyyətdə sosial qarşılıqlı əlaqələr nizamsız xarakterini itirir. İkincisi, orqanlar arasında qarşılıqlı əlaqələr antaqonizm prinsipi əsasında deyil, əməkdaşlıq prinsipi əsasında həyata keçirilir: əgər bir orqan xəstələnirsə, bu başqa orqanların vəziyyətinə də mənfi təsir göstərir. İqtisadiyyatda klassik anlamda rəqabət yoxa çıxır. Üçüncüsü, bir orqanın digər orqanlara təsirinin gücü obyektiv şəraitdən asılıdır və bu və ya digər tərəfə sərbəst surətdə dəyişə bilməz. Bu güc hər hansı göstərici ilə ölçülə bilməz və həmin orqanın nadir rolu, yəni fərdiləşmə dərəcəsi ilə müəyyənləşir. Bu o deməkdir ki, daha fərdin ictimai əhəmiyyəti sərvəti ilə deyil, şəxsi keyfiyyətləri ilə müəyyənləşir.

  1. Psixoloji əsaslar. Erix Frommun baxışlarına əsaslanan alimlər insanın iki əsas yönümünü ayırd edirlər: bazar yönümü və məhsuldar yönüm. Bazar yönümü və ya malik olmaq yönümü «iqtisadi insan» modelinə uyğundur. Fərdin səyləri öz şəxsiyyətini dəyişdirməyə deyil, həyat fəaliyyətinin zahiri maddi şəraitini dəyişdirməyə yönəlmişdir. Fərd üşün o obyektlər dəyərlidir ki, onlar xüsusi mülkiyyətə çevrilə bilər. İnsan «var olum deyil, malik olum» qaydasına riayət edir. Məhsuldar yönüm və ya var olmaq yönümü «kreativ insan» modelinə uyğundur. İnsanın səyləri yaradıcılıq fəaliyyəti prosesində öz şəxsiyyətini inkişaf etdirməyə yönəlmişdir, həyat fəaliyyətinin zahiri şəraitindəki dəyişikliklər isə bu məqsədə tabe etdirilmişdir. İnsan üçün fəaliyyətin maddi və ya digər formada olan son nəticələri deyil, yaradıcılıq prosesinin özü dəyər daşıyır. İnsan «malik olum deyil, var olum» qaydasına riayət edir. Qarışıq yönüm adi, «orta statistik» insana uyğundur. Öz həyatının bəzi məqamlarında o, bazar yönümünü, digər məqamlarında isə məhsuldar yönümü nümayiş etdirir. İnsan «həm var olum, həm də malik olum» qaydasına riayət edir.

Məhsuldar yönümlə bazar yönümü arasında prinsipial fərqi aşağıdakı ictimai hadisələrin − eşqin, əməyin, təhsilin və hakimiyyətin timsalında göstərək:

  • Bazar yönümlü insan üçün eşq başqa insana sahib olmaq və onun şəxsi keyfiyyətlərini cilovlamaq deməkdir. Ailə başçısı ailənin digər üzv­lərinə onun xüsusi mülkiyyətində olan və istehlak edilməli maddi nemətlər kimi yanaşır. Məhsuldar yönümlü insan üçün eşq bərabərhüquqlu fərdlər arasında yaradıcılıq məhsullarının mübadiləsini və həmin fərdlərin yaradıcı inkişafını nəzərdə tutan ali fəaliyyət prosesidir.

  • Bazar yönümlü insan üçün əmək onun fiziki gücünün tükənməsinə gətirib çıxaran əzələ və əsəb enerjisinin sərf olunmasından ibarətdir. Sənaye dövründə əməyə fədakarlıq, əzab, itki kimi baxılması insanların təsəvvüründə möhkəm kök salmışdır. Əməyin dəyəri bazarın ona tələbatı ilə birbaşa bağlı idi və əgər insanın təklif edə biləcəyi xüsusiyyətlərə tələbat yox idisə, onda belə məlum olurdu ki, o, heç bir xüsusiyyətə malik deyildir. Bazar yönümlü insan öz məşhurluğundan və bazarda uğurundan asılı olmayan şəxsi dəyərə malik olduğuna əmin deyildir. Məhsuldar yönümlü insan üçün istənilən yaradıcılıq fəaliyyəti əmək deməkdir, çünki bu cür fəaliyyət şəxsiyyətin inkişafına kömək göstərir. Yaradıcı əmək ali dəyərdir, özlüyündə dəyərdir. Bazar yönümü əməyin zahiri motivasiyası, məhsuldar yönüm isə daxili motivasiyası ilə şərtlənmişdir.

  • Bazar yönümlü insan üçün təhsil xaraktercə maddi nemətlər ehtiyatına bənzəyən sabit bilik ehtiyatını əldə etmək üsuludur. Malik olmaq yönümlü ali məktəb tələbəsi öz səylərini tədris materialını sessiya vaxtı «istehlak edəcəyi» konspektində hərfi-hərfinə və mexaniki surətdə əks etdirmək üzərində cəmləşdirir. Məhsuldar yönümlü insan üçün tədris prosesi onun özünü inkişaf etdirmək vasitəsidir, müəllim isə yaradıcı qarşılıqlı əlaqənin bərabərhüquqlu iştirakçısıdır. Var olmaq yönümlü tələbə mühazirənin məzmununu dərk etməyə və onu öz bilik sisteminə daxil etməyə çalışır.

  • Bazar yönümlü insan üçün hakimiyyət başqa insanları məcbur və idarə etmək vasitəsidir. Belə hakimiyyəti irrasional hakimiyyət adlandırırlar. İrrasional hakimiyyətin subyekti idarə olunan obyektə münasibətdə özünü həmin obyektin şəxsi keyfiyyətlərini məhv edən və yaradıcı inkişafına mane olan kənar güc kimi göstərir. Kreativ insan üçün hakimiyyət informasiya məhsulları və şəxsi yaradıcılıq fəaliyyəti vasitəsi ilə başqa insanlara öz şəxsiyyəti ilə təsir göstərməyin spesifik üsuludur. Rasional hakimiyyət adlandırılan bu cür hakimiyyət obyektdən subyektə doğru əks əlaqənin mövcudluğunu nəzərdə tutur, yəni həmin hakimiyyət yaradıcı qarşılıqlı əlaqənin xüsusi bir növünü təmsil edir. İnsanın rasional hakimiyyətin mənbəyi kimi çıxış etmək qabiliyyəti onun şəxsi keyfiyyətləri ilə müəyyənləşir və ictimai təsisatların verdiyi bürokratik hakimiyyətlə birbaşa bağlı deyildir. Rasional hakimiyyət insanın cismani bədəni üzərində deyil, şəxsiyyəti üzərində həyata keçirilir. Buna misal kimi məşhur müğənninin və ya yazıçının öz pərəstişkarlarına göstərdiyi mənəvi təsiri qeyd etmək olar.

İnsanın hər bir yönümünə məqsəd funksiyasının müəyyən növü uyğundur. Həmin funksiyanın arqumentləri isə gəlirin miqdarı və yaradıcılıq fəaliyyətinin müddətidir. Şəkildə insanın yönümünün yuxarıda təsvir edilmiş üç növünə uyğun gələn məqsəd funksiyaları göstərilmişdir. «İqtisadi insan» üçün yaradıcılığın dəyəri sıfıra bərabərdir, ona görə də onun məqsəd funksiyasının laqeydlik əyriləri üfiqidir (Şəkil a). «Kreativ insan» üçün pul gəlirinin dəyəri sıfıra bərabərdir, ona görə də onun məqsəd funksiyasının etinasızlıq əyriləri şaqulidir (Şəkil b). Adi insan üçün yaradıcılıq və gəlir nemətlərdir, ona görə də onun məqsəd funksiyasının etinasızlıq əyriləri aşağıya meyillidir (Şəkil).


a) b) c)


Şəkil. İnsanın dəyər yönümü: a) iqtisadi; b) kreativ; c) adi
4. İnstitusional əsaslar. Hər bir cəmiyyətdə insanın lazımi davranışı barədə əsas təsəvvürlər tarixən təşəkkül tapır. Sənaye dövründə insanlararası qarşılıqlı əlaqənin üstün forması əmtəə mübadiləsi idi, ona görə də insanlar bir-birilərinə qarşı antaqonist münasibətlərdə idilər. Cəmiyyətdə «iqtisadi insan» modelinin institusional bazasını təşkil edən fərdiləşmə fəlsəfəsi hakim idi. Bu fəlsəfə aşağıdakılardan ibarətdir. Birincisi, insan başqa insanlardan heç bir cəhətdən asılı olmamağa can atır. Həmin cəhdlərə mane olan ictimai proseslər zərərli elan edilir. Buna misal kimi klassiklər tərəfindən pislənən iqtisadiyyata dövlət müdaxiləsini göstərmək olar. İkincisi, yalnız insan özü nəyin onun üçün nemət olduğunu, nəyin isə nemət olmadığını müəyyənləşdirə bilər. İnsan öz sağlamlığına və inkişafına zərər vurduğu halda belə, məsələn, alkoqol içdikdə və ya siqaret çəkdikdə cəmiyyət insanın seçim azadlığını məhdudlaşdır­mamalıdır. Üçüncüsü, insan rasionaldır, yəni istənilən vəziyyətdə bir neçə alternativ arasından özü üçün ən yaxşı olanı seçməyi bacarır. Beləliklə, «iqtisadi insan» maksimallaşdırıcı davranışla xarakterizə olunur. Dördüncüsü, insanların üstünlük verdiyi şeylər müxtəlif olduğuna görə vahid ictimai məqsəddən danışmaq mənasızdır. Cəmiyyətin inkişafı ayrı-ayrı fərdlərin müxtəlif istiqamətli əlaqələrinin təsiri altında qeyri-mütəşəkkil şəraitdə baş verir.

Kreativ insan institusional davranışla xarakterizə olunur. İnformasiya dövründə insanlararası qarşılıqlı əlaqələrin üstün forması yaradıcı əmək məhsullarının informasiya mübadiləsidir. Bu cür mübadilə nəticəsində onun hər bir iştirakçısı digər tərəfə verilmiş məhsuldan istifadə etmək im­kanını saxlayır, ona görə də insanlararası qarşılıqlı əlaqələr antaqo­nist xarakterini itirir. Cəmiyyətdə «kreativ insan» modelinin institusional əsasını təşkil edən sosiallaşma fəlsəfəsi bərqərar olur. Sosiallaşma fərdiləşmənin ziddidir. Onun mahiyyəti insanın sabit şəxslərarası qarşılıqlı əlaqələrə malik olmasından və ictimai insana çevrilməsindən ibarətdir. İnsanın məqsədi özünün institusionallaşdırdığı cəmiyyət normalarının və dəyərlərinin əsasında formalaşır və tamamilə müstəqil olan subyektin zahiri təzahürü kimi nəzərdən keçirilə bilməz. İnsanlar eyni sosial mühitdə yaşayır və inkişaf edirlər, təşəkkül tapmış ictimai təsisatların məhsuludurlar, ona görə də ümumi institusional əsasa malikdirlər. Digər tərəfdən, sosial mühit yekcins deyildir ki, bu da müxtəlif insanlarda məqsədlərin müxtəlif istiqamətli olmasını izah edir.

Üstünlük təşkil edən dəyər təsəvvürləri bu və ya digər dərəcədə hər bir fərd tərəfindən institusionallaşdırılır. Bu isə cəmiyyətin bütün üzvlərinin məqsəd göstəricilərinin eyni əsasa malik olması haqqında danışmağa imkan verir. «Kreativ insan» konsep­siyası ehtimal edir ki, informasiya cəmiyyətinin başlıca etik prinsipi ali fə­aliyyətin mütləq nemət sayılmasıdır. Bu zaman cəmiyyətin məq­sədi belə fəaliyyətin məcmu həcmini maksimallaşdırmaqdan ibarətdir. Konkret in­sanın məqsədinin cəmiyyətin məqsədindən kənarlaşması onun üstünlük təşkil edən etik nor­manı institusionallaşdırması dərəcəsindən asılıdır. İnstitusionallaşdırma dərəcəsi nə qədər yüksəkdirsə, konkret seçim aktında insanın məqsədi cəmiyyətin məqsədinə bir o qədər çox uyğundur. Məqsədlərin uyğunluğunun ən yüksək dərəcəsinə cəmiyyətin daha çox inkişaf etmiş üzvləri nail olurlar, o üzvlər ki, onlar yaradıcılıq fəaliyyətini öz həyat fəaliyyətinin başlıca məqsədi kimi dərk edirlər. Bu insanlara öz peşəsi sahəsində görkəmli nailiyyətlər əldə etmiş yaradıcı şəxsiyyətlər − rəssamlar, musiqiçilər, şair­lər, alimlər və s. aiddir. Onlar üçün fərdi faydalılıq ali fəaliyyətin müddəti ilə sıx bağlıdır. Əgər uşaq erkən yaşlarından öz vaxtının xeyli hissəsini ali fəaliyyətə həsr edirsə, onda həmin fəaliyyət onun həyatının ayrılmaz və çox mühüm elementinə çevrilir. Sonrakı inkişafı dövründə uşaq ən böyük zövq aldığı və subyektiv olaraq nemət kimi qəbul etdiyi yaradıcılığın xeyrinə getdikcə daha tez-tez seçim edir. Yaradıcılıq inkişafının səviyyəsi aşağı olan insanlar ali fəaliyyətin mütləq dəyərinə nisbətdə normanın daha az dərəcədə institusionallaşması ilə fərqlənirlər. Onların seçimi xeyli dərəcədə insanı ibtidai həzzlərin həcmini artırmağa sövq edən fizioloji impulslarla müəyyən edilir. Buna misal olaraq, ali fəaliyyətlə bir araya sığmayan alkoqolun müntəzəm içilməsini göstərmək olar. Bu halda fərdi məqsədlər cəmiyyətin məqsədləri ilə ziddiyyətə girir: insan subyektiv faydalılığı artırır, kreativ neməti isə azaldır. Bu cür davranışı rasional hesab etmək olmaz.

Real həyatda insanları inkişaf etmiş və inkişaf etməmiş insanlara bölmək çətin­dir, çünki hər bir insan hər iki növün xassələrinə malikdir. Fizioloji impulsların güclü təsiri altında olan yaradıcı insanlara, məsələn, siqaret çəkənlərə tez-tez rast gəlinir. Onların məqsədləri ziddiyyətlidir: həyatın müəyyən məqamlarında onlar ali fəaliyyətə can atırlar, digər məqamlarında isə ibtidai həzz verən, lakin ali fəaliyyətə mane olan fizioloji tələbatı ödəməyə çalışırlar. İnsanın məqsədlərinin ziddiyyətli olması ona məxsus ekzistensial dixotomiyanı əks etdirir. İnsanın həyatı ali və ibtidai prinsiplərin daimi mübarizəsindən ibarətdir, həm də ali prinsipin konkret həyat şəraitində qələbə qazanmaq qabiliyyəti, hər şeydən əvvəl, insanın institusionallaşdırdığı etik normalar sistemi ilə müəyyənləşir. Əgər uşağın valideynləri və tərbiyəçiləri ona məlum fizioloji minimumun hüdudlarından kənara çıxan ibtidai həzzlərin zərəri barədə möhkəm təsəvvür təlqin etməmişlərsə, böyüdükdən sonra o, özünün müvafiq fizioloji impulslarının öhdəsindən gəlməkdə çətinlik çəkəcəkdir. Ali fəaliyyət prosesində insan özünün təbiətlə vəhdətini pozur, halbuki həmin vəhdət əvvəllər ona təhlükəsizlik və özünə arxayınlıq hissi verirdi. Yaradıcılıq insanın digər insanlardan aralanması, uzaqlaşması prosesidir, başqa insanların daxili aləmlərinə qarşı duran və onlarla eyni olmadığını nümayiş etdirən nadir daxili aləmin qurulmasıdır. Ona görə də yaradıcılıq prosesi hansısa psixoloji narahatlıq və həyəcan hissi ilə labüd surətdə bağlıdır. Sərbəst seçimin olduğu vəziyyətdə bu hal çox vaxt insanı ali fəaliyyətdən könüllü imtinaya sövq edir. Bu hadisə azadlıqdan qaçış kimi xarakterizə edilir.



5. «İqtisadi insan» və «kreativ insan» modellərinin metodoloji əsasları növbəti bölmədə nəzərdən keçirilir.
«Kreativ insan» və «iqtisadi insan»




Aspekt

İnsan

İqtisadi

Kreativ

1

Dövr

Sənaye

İnformasiya

2

Əmək

Sadə

Yaradıcı

3

Qarşılıqlı əlaqələr

Antaqonist

İnkişaf etdirən

4

İnsan modeli

Mexanistik

Üzvi

5

Yönüm

Bazar

Məhsuldar

6

Məqsəd

Malik olmaq

Var olmaq

7

Fəlsəfə

Fərdiyyətçilik

Sosiallaşma

8

Nemət

Subyektiv

Obyektiv

9

Davranış

Rasional

İnstitusional








Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə