Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında




Yüklə 46.59 Kb.
tarix26.02.2016
ölçüsü46.59 Kb.

Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara - 130,0 min manat; 1

Böyük Vətən müharibəsi iştirakçılarına - 125,0 min manat; 2

həlak olmuş döyüşçülərin dul arvadlarına - 90,0 min manat; 3

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə - 60,0 min manat;

Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına, şəhid ailəsi üzvlərinin hər birinə - 60,0 min manat; 4

(qüvvədən düşüb) 5

Çernobıl qəzası əlillərinə (həqiqi hərbi xidmət dövründə Çernobıl qəzası nəticəsində zərər çəkmiş hərbi qulluqçular istisna olmaqla), I və II qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla), sosial pensiyaçılara - 30,0 min manat; 6

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara - 25,0 min manat məbləğində aylıq müavinət müəyyən edilsin. 7

(Qüvvəsini itirmişdir)8

(Qüvvəsini itirmişdir) 9

4. Nəzərə alınsın ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək ölkənin ali və orta peşə - ixtisas təhsil müəssisələrinin ödənişli bölmələrinə daxil olan və qanunvericiliyə uyğun olaraq təhsil haqqını ödəməkdən azad edilən şəxslər təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azaddırlar.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

bu Fərmanla müəyyən olunmuş müavinətlərin vətəndaşlara verilməsi mexanizmini 15 gün müddətində hazırlayıb təsdiq etsin və bununla bağlı əhalinin məlumatlandırılması üçün müvafiq tədbirlər görsün;

məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasını müəyyən etsin;

mövcud dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi barədə 3 ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. "Pedaqoji işçilərin, ahıl vətəndaşların, sosial pensiyaçıların, Çernobıl qəzası əlillərinin, birinci və ikinci qrup əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 iyun tarixli 597 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilsin:

Fərmanın adı aşağıdakı redaksiyada verilsin:

"Pedaqoji işçilərin və ahıl vətəndaşların sosial müdafiəsi haqqında".

Preambula hissəsində "pedaqoji işçilərin, ahıl vətəndaşların, sosial pensiyaçıların, Çernobıl qəzası əlillərinin, birinci və ikinci qrup əlillərin' sözləri "pedaqoji işçilərin və ahıl vətəndaşların" sözləri ilə əvəz edilsin.

1-ci bəndin üçüncü abzasından "sosial pensiyaçılara, Çernobıl qəzası əlillərinə, birinci və ikinci qrup əlil vətəndaşlara (qeyri-vergi güzəştləri saxlanılanlar istisna olmaqla) 14 min manat" sözləri çıxarılsın.

7. Bu Fərman 01 yanvar 2002-ci il tarixindən qüvvəyə minir.




Azərbaycan Respublikasının Prezidenti


HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 26 dekabr 2001-ci il
№ 613

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 28 dekabr 2002-ci il tarixli 833 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 728)

  2. 4 avqust 2003-cü il tarixli 909 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 438)

  3. 27 sentyabr 2003-cü il tarixli 921 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 472)

  4. 1 mart 2005-ci il tarixli 204 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 162)

  5. 3 may 2005-ci il tarixli 234 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 399)

  6. 11 iyul 2005-ci il tarixli 257 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 593)

  7. 23 avqust 2005-ci il tarixli 282 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 714)

  8. 3 mart 2006-cı il tarixli 376 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 227)

  9. 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 7)

  10. 27 may 2008-ci il tarixli 762 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 373)



FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


1 23 avqust 2005-ci il tarixli 282 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 714) ilə 1-ci bəndin birinci-üçüncü və beşinci abzasları birinci abzas hesab edilmiş və yeni redaksiya verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara - 110,0 min manat;

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara- 100,0 min manat;

Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara - 130,0 min manat; 

Böyük Vətən müharibəsi iştirakçılarına - 125,0 min manat; 

həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara - 90,0 min manat;



2 3 may 2005-ci il tarixli 234 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 399) ilə 1-ci bəndin dördüncü abzasında "Böyük Vətən müharibəsi iştirakçılarına" sözlərindən sonra "95,0" rəqəmi "125,0" rəqəmi ilə əvəz edilmişdir.


3 3 may 2005-ci il tarixli 234 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 399) ilə 1-ci bəndin altıncı abzasında "həlak olmuş döyüşçülərin dul arvadlarına" sözlərindən sonra "70,0" rəqəmi "90,0" rəqəmi ilə əvəz edilmişdir.


4 3 may 2005-ci il tarixli 234 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 399) ilə 1-ci bəndin səkkizinci abzasında "Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına" sözlərindən sonra "- 60,0 min manat" sözləri əlavə edilmişdir.

23 avqust 2005-ci il tarixli 282 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 714) ilə ) 1-ci bəndin dördüncü abzası ikinci, altıncı-on birinci abzasları müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab edilmiş və beşinci abzas yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:



Böyük Vətən müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına- 60,0 min manat, şəhid ailəsi üzvlərinin hər birinə - 40,0 min manat;


5 22 yanvar 2007-ci il tarixli 514 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 7) ilə 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə - 55,0 min manat;



6 27 may 2008-ci il tarixli 762 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 373) ilə 1-ci bəndinin birinci və yeddinci abzaslarında "qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş" sözləri "qəzası nəticəsində zərər çəkmiş" sözləri ilə əvəz edilmişdir.



7 28 dekabr 2002-ci il tarixli 833 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 728) ilə 1-ci bənddə "həlak olmuş döyüşçülərin dul arvadlarına 60 min manat" sözlərindən sonra "Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeni ilə təltif edilmiş şəxslərə 50 min manat, sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 30 min manat, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə 25 min manat" sözləri əlavə edilmişdir.

27 sentyabr 2003-cü il tarixli 921 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 472) ilə 1-ci bənddə "üç dərəcəli Şöhrət ordeni" sözləri "üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi" sözləri ilə əvəz edilmişdir.

1 mart 2005-ci il tarixli 204 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 3, maddə 162) ilə 1-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara 90 min manat, Böyük Vətən müharibəsi iştirakçılarına 85 min manat, həlak olmuş döyüşçülərin dul arvadlarına 60 min manat, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə 50 min manat, sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 30 min manat, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə 25 min manat, şəhid ailəsi üzvlərinin hər birinə 30 min manat, Çernobıl qəzası əlillərinə, 20 Yanvar əlillərinə, sosial pensiyaçılara, I və II qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla) 20 min manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara 15 min manat məbləğində aylıq müavinət müəyyən edilsin.


8 24 fevral 2006-cı il tarixli 373 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 90) ilə 2-ci bənd qüvvədən düşmüş hesab edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



2. Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara müalicə üçün ildə bir dəfə 500 min manat məbləğində vəsait ödənilsin.


9 4 avqust 2003-cü il tarixli 909 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 438) ilə 3-cü bənd qüvvəsini itirmiş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3. İşləməyən əmək pensiyaçılarının (III qrup əlillərdən başqa) pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddi (bu Fərmanla müəyyən olunan müavinətlər istisna olmaqla) 70 min manata çatdırılsın.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə