KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupunun Aylıq




Yüklə 94.21 Kb.
tarix23.02.2016
ölçüsü94.21 Kb.
QHT-lərə Dövlət Dəstəyi Şurası və

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun

fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə

İşçi Qrupunun

Aylıq

İnformasiya

Bülleteni

1


28 aprel 2010-cu il

İçindəkilər:
* İşçi Qrupu nə zaman yaranıb və kimlərdən ibarətdir? Missiyası nədir?
*İşçi Qrupu hansı istək və tələblər irəli sürür?
*QHT-lərə və KİV-ə dövlət dəstəyi qurumlarında niyə yoxlamalar aparılmalıdır?
* Şübhəli və diqqətçəkən qalib layihələr hansılardır?
* Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə hesabına yaradılmış saytların səmərəliliyi ortada deyil
* Donor qurumlarının fəaliyyəti Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasətinə ziddir
* İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihə və büdəcələrini istəyir?
* Layihələr necə yoxlanılacaq? İşçi Qrupunun hazırladığı "Proqram və layihələrin monitorinq və qiymətləndirilməsinin metodologiyası"
Qrant saxtakarlığına son! - virtual məlumatlandırma həftəsi” nə deməkdir?
* Qarşıda nə işlər görüləcək? İşçi Qrupunun taktiki planları
*Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?

* İşçi Qrupu nə zaman yaranıb və kimlərdən ibarətdir? Missiyası nədir?
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu (bundan sonra qısaca – İşçi Qrupu) 2010-cu il aprelin 7-də elan olunub. Qrupa aşağıdakı şəxslər və onların rəhbərlik etdikləri təşkilatlar daxildir:
İdrak Abbasov, “Ekstremal Jurnalistika İnstitutu”,

Esmira Orucova, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyii,

Üzeyir Cəfərov, “Hərbi Jurnalistlər” İctimai Birliyi, milaz.info saytının baş redaktoru,

Tərlan Eyvazov, “Silahlı Qüvvələrə İctimai Nəzarət” Mərkəzi,

Etibar Əliyev,“21-ci Əsr” Təhsil Mərkəz),

Cəsur Məmmədov, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, İşçi Qrupunun əlaqləndiricisi.
İşçi Qrupu hesab edir ki, KİV və QHT-lərə dövlət dəstəyi qurumlarına indiyədək ayrılmış milyonlarla manat vəsait əksərən səmərəsiz istifadə olunur. İşçi Qrupunun sözügedən qurumların fəaliyyətlərində korrupsiya elementlərinin olmasına dair şübhələri var. Araşdırmalar göstərir ki, 2008-ci ildən bu yana hər iki dövlət qurumunun fəaliyyətinə dövlət büdcəsindən 8 milyon manata yaxın vəsait ayrılıb. İşçi Qrupu hesab edirik ki, bu vəsaitin 90 faizi səmərəsiz istifadə olunur. Eyni zamanda vəsaitin 40 fazinin korrupsiya hədəfinə çevrilməsi barədə şübhələrimiz var. Bu az rəqəm deyil – 3 milyon manatdan artıq bir göstəricidir.
Bunun olub-olmadığını araşdırmaq üçün İşçi Qrupu aprelin 15-da Hesablama Palatasına müraciət edərək hər iki qurumda təcili maliyyə yoxlamasının aparılmasını istəyib. Eyni zamanda mövcud olan çoxsaylı şübhələrə aydınlıq gətirilməsi məqsədilə 2010-cu ildə qalib elan olunmuş bir sıra layihələrin müstəqil şəkildə monitorinqinin aparılması və qiymətləndirilməsi üçün donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edilib. Müraciətdə bu qurumlar tərəfindən maliyyə ayrılmış 16 layihənin Layihə təklifi və Büdcə Forması istənilib. Ümumilikdə proses barədə prezident İlham Əliyevə də məlumat məktubu göndərilib.
Aprelin 22-də isə İşçi Qrupu "Proqram və layihələrin monitorinq və qiymətləndirilməsinin metodologiyası" adlı sənədin təqdimat mərasimini keçirib. Eyni zamanda İşçi Qrupu hər iki qurum tərəfindən 2009-cu ildə qalib elan olunmuş 23 layihənin Layihə təklifi və Büdcə Formasının əldə edilməsi üçün yenidən Azay Quliyev və Vüqar Səfərliyə müraciət edilib. Işçi Qrupunda bu layihələrin səmərəlliyinə dair ciddi şübhələr mövcuddur. Eyni gündə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edilərək hər iki qurumda qeyd edilən layihələrin vəziyyəti və digər məsələlərlə bağlı yoxlamalar aparılması istənilib.
*İşçi Qrupu hansı istək və tələblər irəli sürür?
İşçi Qrupu KİV-ə və QHT-lərə dövlət dəstəyi qurumlarının fəaliyyətindəki qanunsuzluqların aradan qaldırılması üçün iaşağıdakı tələb və təklifləri irəli sürür:
1. Azərbaycan Respublikası Hesablama Palatası və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda maliyyə yoxlamalarına başlanılmalıdır. Bu yoxlama zamanı dövlət maliyyəsinin bölüşdürülməsi vəziyyəti və səmərəlilik meyarları diqqətlə araşdırılmalıdır.
2. Hər iki qurumun rəhbərliyində təmsil olunanların dəyişdirilməsi prosesinə başlanılmalıdır. Müşahidələr göstərir ki, onların faəliyyətinə ictimai inam getdikcə itir.
3. QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda çalışanların özlərinə, onların qohumlarına, yaxınlarına aid QHT və KİV-lərin müsabiqələrdə iştirakı mexanizmləri və qaydaları dəyişdirilməlidir. Araşdırmalar göstərir ki, keçirilən müsabiqələrdə qalib gələnlərin təxminən 40 faizi qurumlarda təmsil olanların özlərinə və yaxınlarına aid olan QHT və KİV-lərdir. Bu baxımdan hər iki dövlət qurumuna bu və digər QHT və KİV-lə bağlılığı olmayan müstəqil şəxslərin seçilməsi vacibdir. Eyni zamanda layihələrin qiymətləndirilməsində vaxtaşırı dəyişən ekspertlərin əməyindən istifadə edilməlidir. Eyni zamanda ictimai şəffaflıq üçün qalib elan olunan layihələrin tam mətnləri və onların büdcələri ictimaiyyətə təqdim olunmalıdır.
4. Müsabiqələrin keçirildiyi istiqamətlər Azərbaycanın bu günkü reallıqlarına cavab olaraq, problemlərin aradan qaldırılmasına töhfə verməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyət göstərdikləri müddətdə ölkə QHT-lərinin və KİV-lərinin Azərbaycan üçün əsas sahələrdə: 1. Qarabağ münaqişəsinin nizamlanmasına töhfənin verilməsi, 2. Ölkədə demokratiyanın bərqərar olması, 3. Azad bazar iqtisadiyyatının təşəkkül tapması, 4. Ordu islahatlarının uğurla həyata keçirilməsi, 5. Elmi biliklərin inkişafı və ekoloji tarazlıığn qorunmasında səmərəli fəaliyyətinə nail olunmamışdır. Deməli layihələr səmərəsizdir.
5. Hər iki qurumun KİV və QHT-lər üzrə elan etdiyi müsabiqə istiqamətlərindən biri Azərbaycanın NATO, Avropa Birliyi, Avropa Şurası və ATƏT-lə əməkdaşlığının monitorinqi məsələləri olmalıdır, bu istiqamətdə xüsusi diqqət Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) reallaşmasına və ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi prosesinə yönəlməlidir,
6. Müsabiqələrin keçirilmə qaydaları təkmilləşdirilməli, sərt qaydalar tətbiq olunmalıdır, bu islahatlar reallıqda ictimai fayda verən, dövlətçiliyin möhkəmlənməsinə, ümummilli maraqlara xidmət edən layihələrin qəlib elan olunması yollarını açmalıdır,
7. Dövlətin ayrı-ayrı qurumları tərəfindən dəstəklənən, siyasi partiyaların rəsmi təbliğat orqanı olan KİV-ə yardım ayrılması prosesi dayandırılmalıdır, QHT və KİV-ə dəstək qurumları tərəfindən xeyriyyə tədbirlərinə vəsait ayrılması dayandırılmalıdır. Ümumilikdə xeyriyyə fəaliyyətlərinə maliyyə yardımının fərqli forması işlənilməlidir.
İşçi Qrupuna daxil olan KİV və QHT-lər bəyan edir ki, irəli sürülən təklif və tələblər dəyərləndirilməyincə, QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdikləri müsabiqəyə qatılmayacaqlar.
*QHT-lərə və KİV-ə dövlət dəstəyi qurumlarında niyə yoxlamalar aparılmalıdır?
İşçi Qrupu hesab edir ki, Dövlət Hesablama Palatası və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda maliyyə yoxlamalarına başlanılmalı və bu yoxlama zamanı dövlət maliyyəsinin bölüşdürülməsi vəziyyəti və səmərəlilik meyarları diqqətlə araşdırılmalıdır. İşçi Qrupu düşünür ki, keçirilən müsabiqələrdə qalib gələnlərin təxminən 40 faizi qurumlarda təmsil olanların özlərinə və yaxınlarına aid olan QHT və KİV-lərdir.
İşçi Qrupu düşünür ki, QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyət göstərdikləri müddətdə ölkə QHT-lərinin Azərbaycan üçün əsas sahələrdə: 1. Qarabağ münaqişəsinin nizamlanmasına töhfənin verilməsi, 2. Ölkədə demokratiyanın bərqərar olması, 3. Azad bazar iqtisadiyyatının təşəkkül tapması, 4. Ordu islahatlarının uğurla həyata keçirilməsi, 5. Elmi biliklərin inkişafı və ekoloji tarazlıığn qorunmasında səmərəli fəaliyyətinə nail olunmamışdır. Əksinə, Qarabağ münaqişəsinin həlli ilə bağlı ictimai passivlik davam edir, ölkədə demokratik təsisatların qurulması gecikir, rəqabətli bazar iqtisadiyyatı hələ də qurulmayıb, ordu islahatları geri qalır, elmin inkişafında ciddi problemlər nəzərə çarpır. Bunlarla bağlı qalib elan olunan layihələrdə hər hansı real, ictimai maraq kəsb edən təkliflər yoxdur. Deməli layihələr səmərəsizdir.
* Şübhəli və diqqətçəkən qalib layihələr hansılardır?
İşçi Qrupu hesab edir ki, son müsabiqələrdə qalib gələnlərin siyahısı göstərir ki, bu və digər layihələrin qələbə əldə etməsində şəxsi və dostluq, qohumluq maraqları önə çıxır. Misal üçün,

KİV-ə Dövlət Dəstəyi Şurasının ilk qrant müsabiqəsində (01.09.2009) qalib gələn 55 media quruluşlarından 22-si diqqəti çəkir:


1. Beynəlxalq Avrasiya Mətbuat Fondu – sədri KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının rəhbəri olan Umud Mirzəyev.

2. "RUH" Azərbaycan Jurnalistləri Komitəsi - hazırda KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü olan Əflatun Amaşov vaxtilə bu təşkilata rəhbərlik edib.

3. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası - təsisçilərdən biri KİV-ə DFondunun Müşahidə Şurasının üzvü - Vüqar Əliyev

4. Azərbaycan Mətbuat Şurası - sədri KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü Əflatun Amaşov

5. Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyi - Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə

6. Jurnalistlərin Həmkarlar İttifaqı - sədri KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli

7. "Mövqe" qəzeti – təsisçisi Vüqar Səfərlinin olduğu “Azərmətbuatyayımı" ASC

8. "Azadinform" İA - rəhbərliyinin KİV-ə Dəstək Fonduna yaxın olduğu bildirilən “İntellekt” firması

9. "Təzadlar" qəzeti – Mətbuat Şurası az sonra bu qəzeti “qara siyahı”ya salıb

10. "Yeni Azərbaycan" qəzeti - hakim partiya olan YAP-ın rəsmi orqanı

11. "Ülfət" qəzeti - təsisçi Respublika Həmkarlar İttifaqı, sədri Səttar Mehbalıyev,

12. "Vətən uğrunda" qəzeti (!) - bu qəzetin fəaliyyət göstərib-göstərmədiyi bilinmir

13. "Oxu məni" qəzeti (!) - Qocayev Natiq Vəli oğlu

14. "Hərbi and" qəzeti (!) – Müdafiə Nazirliyinin generallarına yaxın Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyii

15. "Yeni fikir" Jurnalist Həmrəyliyi İctimai Birliyi (!) - Mehdiyeva Elmira

16. Azərbaycan Müstəqil Jurnalistlər Liqası (!) - Niyazov Xalid

17. "Addım" qəzeti (!)- baş redaktor Anar Vəziroğlu

18. Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyi (!) - Baxşeyiş Əsgərov

19. İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi (!)- Şəlalə Həsənova

20. "Sən tək deyilsən" İctimai Birliyi (!) - Şəlalə Səlimova

21. Müstəqil Hüquq Mərkəzi İctimai Birliyi (!)- Aydın Kərimov

22. Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi (!)- Həsən Qarayev


KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 13 oktyabr 2009-cu il tarixdə elan etdiyi qalib (4) jurnalist təşkilatlar və mətbuat fondlarından 3-ü:
Mətbuat Şurası - sədri KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü Əflatun Amaşov.

Milli Jurnalistika Konqresi (!) - həmtəsisçisi, BDU-nun professoru Şamil Vəliyev.

Elektron Mediaya Yardım Fondu (!) - təsisçi Milli Televiziya və Radio Şurası.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 19 yanvar 2010-cu il tarixdə elan etdiyi KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri üzrə martın ortalarında qalib elan edilən 28 təşkilatlardan təxminən yarısı – 13 təşkilat maraq kəsb edir:
1. "Mövqe" qəzeti - təsisçisi Vüqar Səfərlinin olduğu “Azərmətbuatyayımı" ASC. 12 000 AZN.

2..Jurnalistlərin Həmkarlar İttifaqı - sədri Ələsgərli Müşfiq (KİV-ə DFondunun Müşahidə Şurasının üzvü). 4 ay -7000 AZN.

3. "Azərbaycan Mətbuat Şurası". İctimai Birliyi - sədri Amaşov Əflatun Əhməd oğlu (KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü). 9 ay - 10 000 AZN.

4. "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi - layihə rəhbəri MŞ-in icraçı direktoru Hüseynzadə Rəhim. 9 ay -7000 AZN.

5. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası – təsisçilərdən biri KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü - Vüqar Əliyev). 6 ay. - 5000 AZN

6. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi – hazırda KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü olan Əflatun Amaşov vaxtilə bu təşkilata rəhbərlik edib. 10 ay - 7000 AZN.

7. Beynəlxalq Mətbuat Klubu – rəhbərliyinin KİV-ə DFonduna yaxın olduğu bildirilən “İntellekt” firması. 6 ay - 7000 AZN.

8."Azadinform” İA - rəhbərliyinin KİV-ə Dəstək Fonduna yaxın olduğu bildirilən “İntellekt” firması. 6 ay – 10 000 AZN.

9. "Kaspi" qəzeti – rəhbərliyinin KİV-ə Dəstək Fonduna yaxın olduğu bildirilən “İntellekt” firması. 4 ay – 12 000 AZN.

10. "Yeni Azərbaycan" qəzeti (!) - hakim partiya olan YAP-ın rəsmi orqanı. 4 ay - 12 000 AZN.

11. "Oxu məni" qəzeti (!) – Qocayev Natiq Vəli oğlu. 6 ay - 12000 AZN.

12. Azərbaycan Müstəqil Jurnalistlər Liqası (!)– Niyazov Xalid Qüdrət oğlu. 5 ay - 7000 AZN.

13. «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyi (!) - Verdizadə Seymur. 4 ay - 5000 AZN.
* Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə hesabına yaradılmış saytların səmərəliliyi ortada deyil
İşçi Qrupu tərəfindən tərəfindən aparılan QHT-lərə Dövlət Dəstəyi Şurasının 2008 və 2009-cu illərdə elan etdiyi iki müsabiqə nəticəsində qalib elan edilən layihələr çərçivəsində yaradılan veb resursların monitorinqi göstərib ki, yaradılmış 20 veb səhifədən bu gün cəmisi 3-ü aktivdir və yenilənir, 3 sayt isə ümumiyyətlə silinib. Bu istiqamətdə durum aşağıdakı kimidir:
Qeyri-aktiv və yenilənməyən saytlar:

www.azerbaycanli.org,

www.antologiya.azeriblog.com,

www.ethnoculture.az,

www.azmudvolcanos.com,

www.azdiabetliqa.org,

www.xaricdetehsil.internet.az,

www.bmam-az.org,

www.genc-sahibkar.az,

www.clrpl.az,

www.vsm.az,

www.west-land.az,

www.avmvb.com,

www.translit.az,

www.actor.az
Silinmiş və ya internet məkanında mövcud olmayan saytlar:
www.ted-az.com,

www.sizinmarket.az,

www.tebietabideleri.az
Aktiv və yeniləşən saytlar:
www.karabakhblog.com,

www.dgtyb.org

www.kitabxana.net.
İşçi Qrupunun araşdırmalarına görə, bu saytların yaradılması üçün 100 min manatdan artıq dövlət vəsait sərf olunub. Lakin göründüyü kimi onların səmərəliliyi ortada deyil. Layihələrin davamlılığı prinsipi aşkar şəkildə pozulur.
* Donor qurumlarının fəaliyyəti Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasətinə ziddir

İşçi Qrupu hesab edir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Silahlı Qüvvələrdə problemlərin üzə çıxarılması, NATO standartlarına inteqrasiyanın təbliğatı ilə bağlı layihələrə dəstək verməkdən çəkinir. Bu onu deməyə əsas ver ir ki, hər iki qurumun rəhbərliyində təmsil olunanlar bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi ilə bir sıra məsələləri razılaşdırırlar. Əks təqdirdə (xüsusilə də son müsabiqələrdə) hərbyönlü QHT statusunda olanlardan yalnız Müdafiə Nazirliyinin yürütdüyü siyasəti dəstəkləyən, ordudakı problemlərə göz yuman QHT-lərin layihələri qalib elan edilməzdi. Misal üçün, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2009-cu ilin sentyabrından bu yana KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna (KİV DDF) və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına (QHT DDŞ) üst-üstə 4 layihə ilə müraciət etsə də, naməlum səbəblərindən heç biri dəstəklənməyib. Azərbaycanda hərbi jurnalistika ənənələri barədə kitabın nəşri, güc strukturları ilə jurnalistlər arasında münasibətlərin qurulması, hərbi jurnalistlərin hazırlığı, orduda islahatlar barədə ictimai məlumatlandırma və Azərbaycanın NATO əməkdaşlıq sənədlərinə ictimai rəyin öyrənilməsinə dair layihələr naməlum səbəblərdən dəstəklənməyib. Amma əvəzində Silahlı Qüvvələrdə mövcud problemlərə göz yuman, hərbi islahatlar mövzusuna toxunmayan təşkilatların layihələri qalib elan ediliblər. Nümunə üçün, 2010-cu ildə QHT DDŞ Silahlı Qüvvələrdəki problemlərə göz yuman aşağıdakı 10 təşkilatı qalib elan edib:


1. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi. Layihə: Ermənistan Azərbaycan münasibətlərinin tarixi. Aldığı vəsait: 5.000,0 manat.

2. Şəhid Ailələri və Müharibə Veteranları Təşkilatı. Qarabağın tarixi və həqiqətlərinin beynəlxalq qurumlara və dünya ictimaiyyətinə çatdırılması - 5.000,0

3. “Əsgər ailəsi” Cəmiyyəti. 1992-1993-cü illərdə məskunlaşan məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranmış sosial ədalətsizliklə mübarizə - 6.000,0

4. Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi. Şəhid ailələrinə diqqət və qayğı - 5.000,0

5. Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu. Əlillərin tibbi-sosial problemlərinin həllinə hüquqi dəstək və informasiya mərkəzi - 6.000,0

6. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti. Qarabağ əlilləri və veteranlarının sosial problemlərinin həllinə dəstək - 5.000,0

7. “Qarabağ qaziləri” İctimai Birliyi. Qarabağ əlilləri üçün xeyir-şər çadır komplektinin (mağaraların) təşkil olunması - 6.000,0

8. Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək İctimai Birliyi. Şəhid ailələri, qaçqın və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrə peşə kurslarının təşkili - 5.000,0

9. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi. Əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən dövlət siyasətinin təbliği - 6.000,0

10. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi. Müharibə veteranları, əlilləri və şəhid ailələrinin işsizlik problemlərinin həllinə kömək məqsədilə tikiş sexinin hazırlanması - 6.500,0


İşçi Qrupu hesab edir ki, istər QHT DDŞ, istərsə də KİV-DDF müdafiə və təhlükəsizlik sektorunda problemləri aşkara çıxarılması istiqamətində fəaliyyət göstərən, Silahlı Qüvvələrdə NATO standartlarının tətbiq olunmas ilə bağlı təbliğat aparan QHT-lərin fəaliyyətini məhdudlaşdırır.Bununla da KİV DDF və QHT DDŞ-ın fəaliyyəti əslində Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasətinə, xüsusilə də NATO ilə hərbi əməkdaşlıq prioritetlərinə ziddir. Çünki, ordu islahatlarında ictimai fəallaşmanın təmin edilməsi, KİV və QHT-lərin prosesə cəlb edilməsi SNT, İPAP və digər sənədlərdə xüsusi olaraq əksini tapıb və Azərbaycan rəhbərliyi bu məsələni NATO ilə razılaşdırılıb. İşçi qrupu baş verənləri bir növ hökumətin müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar prosesindən vətəndaş cəmiyyətini uzaqlaşdırmaq niyyəti kimi dəyərləndirir. Bu, faktik olaraq hərbyönlü müstəqil düşüncəli vətəndaş cəmiyyətinin faəliyyət azadlığının məhdudlaşdırılmasıdır. Dövlət qurumlarının bu fəaliyyəti müstəqil düşüncəli hərbyönlü QHT-ləri xarici donor axtarışına çıxmağa vadar edir.
* İşçi Qrupu 2009 və 2010-cu illərdə qalib elan edilmiş hansı layihə və büdəcələrini istəyir?
İşçi Qrupu mövcud olan çoxsaylı şübhələrə aydınlıq gətirilməsi məqsədilə 2009 və 2010-cu illərdə qalib elan edilmiş 39 layihənin müstəqil şəkildə monitorinqinin aparılması və qiymətləndirilməsi üçün donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edilib. Müraciətdə bu qurumlar tərəfindən maliyyə ayrılmış 39 layihənin Layihə təklifi və Büdcə Forması istənilib. Qeyd edilməlidir ki, sözü gedən layihələrə dövlət büdcəsindən 500 min manatdan artıq vəsait sərf olunub.
* İşçi Qrupu tərəfindən KİV-ə Dövlət Dəstəyi Fondunun ilk qrant müsabiqəsində (01.09.2009) qalib gələn aşağıdakı təşkilatların layihələrini və büdcələri istənilir:
1. Beynəlxalq Avrasiya Mətbuat Fondu

2. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

3. Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyi

4. Jurnalistlərin Həmkarlar İttifaqı

5. "Mövqe" qəzeti

6. "Təzadlar" qəzeti

7. "Ülfət" qəzeti

8. "Vətən uğrunda" qəzeti

9. "Oxu məni" qəzeti

10. "Hərbi and" qəzeti

11. "Addım" qəzeti

12. Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyi

13. İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi

14. "Sən tək deyilsən" İctimai Birliyi

15. Müstəqil Hüquq Mərkəzi İctimai Birliyi

16. Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi


*İşçi Qrupu tərəfindən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu il qrant müsabiqəsində qalibelan edilən aşağıdakı layihələr və büdcələri istənilir:
1.“Mülk” İctimai Assosiyasiyası – Vəliyeva Dilarə Hatəm qızı -“Daşınmaz əmlak bazarının tədqiqat və təhsil mərkəzinin yaradılması, gənclər üçün rieltor tədris kurslarının təşkili”- 12.900 manat.

2. “Elitar Gənc Biznesmenlər” İB - Əliyev Tural Rufan oğlu -“Turizm sahəsində mehmanxana və mehmanxana tipli müəssisələr üçün qeydiyyatçı (resepsionist) peşəsinin tədrisi” - 9.300 manat.

3. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası – Məmmədov Sahib Məlik oğlu –“Əmək hüquqlarının təmin olunması məqsədi ilə hüquqi maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi” 16.930 manat.

4. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gəınclər Təşkilatı - Qədirov Vüqar Kərim oğlu-“Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədilə tikiş sexinin açılnması ” 11.900 manat.

5. “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB- Qasımov Ramil Abdul oğlu –“Şirvan şəhərində yas mərasimlərinin keçirilməsinə kömək məqsədilə xüsusi çadırların hazırlanması”-13.820 manat.

6. “Təkamül və İnteqrasiya” Beynəlxalq İB-Mösümov Şirin Əfqan – 149 saylı Ağdam köçkün məktəbində “Avanqard” ictimai – fəal məktəbin təşkil olunması-10.420 manat.

7. “” Azərbaycan – Sklandinaviya Əməkdaşlığı İctimai Birliyi, Şərifli Rasim “QHT-nin İnstitusional İnkişafına və peşəkarlığının artırılmasına yardim” 9.050 manat.
* İşçi Qrupu tərəfindən KİV-ə Dövlət Dəstəyi Fondunun 2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin qalii elan edilən aşağıdakı təşkilatların layihələrini və büdcələri istənilir:
1. "Mövqe" qəzeti. Ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji maarifləndirmədə KİV-lərin rolunun artırılması. 5ay. 12 000 AZN.

2..Jurnalistlərin Həmkarlar İttifaqı. İnformasiya əldə etmək və yaymaq hüququnu məhdudlaşdıran qanunvericilik aktları barədə jurnalistlərin məlumatlandırılması. 4 ay -7000 AZN.

3. Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası. Erməni diaspora mətbuatının Azərbaycana qarşı təxribatçı fəaliyyətlərinin qarşısının alınması tədbirləri. 6 ay. - 5000 AZN

4. Beynəlxalq Mətbuat Klubu.. Mərkəzi və yerliicra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi. 6 ay - 7000 AZN.

5. "Oxu məni" qəzeti. Azərbaycan xalqının milli adət-ənənələrinin və mədəniyyətinin təbliği. 6 ay - 12000 AZN.

6. Azərbaycan Müstəqil Jurnalistlər Liqası. Fikir, söz və məlumat azadlığının dərinləşməsində ictimai təşəbbüslərin rolu. 5 ay - 7000 AZN.

7. «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyi. İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım. 4 ay - 5000 AZN.
* İşçi Qrupu tərəfindən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2010-cu il 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələrinə görə qalib élan edilən aşağıdakı təşkilatların layihələrini və büdcələri istənilir:
1. “Turan” Vətəndaş Cəmiyyətinə Yardım İctimai Birliyi (Babayev Yaqub Aydın oğlu) - “Kənddaxili yolların təmiri və bərpası” - 6.000,0

2. “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi (Süleymanova Yaqut Hidayət qızı) –“İmişli regionlararası aqroservis mərkəzinin yaradılması” -5.500,0

3. “Əsgər ailəsi” Cəmiyyəti (Hüseynova Roza Əli qızı) –“1992-1993-cü illərdə məskunlaşan məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranmış sosial ədalətsizliklə mübarizə” - 6.000,0

4. Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq İctimai Birliyi (Qurbanova Kəklik Yunis qızı) – “Quba rayon Pirvahid kəndinin yolunun bərpası” - 3.000,0

5. Azərbaycan Ağsaqqallar Şurası (Budaqov Budaq Əbdüləli oğlu) - “Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu” - 7.000,0

6. “Qarabağ qaziləri” İctimai Birliyi (Əsədov Etimad Savalan oğlu) –“Qarabağ əlilləri üçün xeyir-şər çadır komplektinin (mağarların) təşkil olunması” - 6.000,0

7. Tərxis Olunmuş Gəncləri Maarifləndirmə İctimai Birliyi (Həsənli Emin Əlyar oğlu) –“Əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən dövlət siyasətinin təbliği” - 6.000,0.

8. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (Rzaquliyev Füzuli Ədəb oğlu) - Müharibə veteranları, əlilləri və şəhid ailələrinin işsizlik problemlərinin həllinə kömək məqsədilə tikiş sexinin hazırlanması - 6.500,0

9. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti (Yusifova Növrəstə Ağakərim qızı) – “Qarabağ əlilləri və veteranlarının sosial problemlərinin həllinə dəstək” - 5.000,0
* Layihələr necə yoxlanılacaq? İşçi Qrupunun hazırladığı "Proqram və layihələrin monitorinq və qiymətləndirilməsinin metodologiyası"
Əsas prinsiplər
Monitorinq və qiymətləndirmə zamanı aşağıdakı prinsiplərə riayət edilməlidir:

• Monitorinq və qiymətləndirmə zamanı istifadə olunan məlumatlar mötəbər olmalıdır;

• İş zamanı missiyaya sadiqlik əsas götürülməlidir;

• Obyektivlik qorunmalı, ictimai faydalar əsas tutulmalıdır, güzəşt və görməməzlik yolverilməz sayılmalıdır;

• Monitorinqlə bağlı adamlarla iş zamanı etik prinsiplər gözlənilməli, iş onların şəxsiyyətinə və hüquqlarına hörmət çərçivəsində aparılmalıdır;

• Məqsəd görülmüş işin faydalarını maksimum üzə çıxarmaq (pozitiv monitorinq prinsipi), zəiflikləri və qüsurları ortaya çıxarmaqla isə həmin layihələrin məqsəd və missiyasına xidmət etməkdir.


Monitorinq və qiymətləndirmənin kriteriyalarını seçmək:
Layihə və proqramların məqsədini nə isə bir iş görmək, çoxlu çalışmaq, ayrılmış pulları qəpiyinəcən xərcləmək kimi başa düşmək olmaz. Layihə missiya və məqsədə uyğun həyata keçirilməli, nəticələr verməli, ictimai maraqlara maksimum yardım etməlidir. Layihələr zamanı uyğun sahənin kriterilərinə, dünyadakı uğurlu istiqamətlərə və tendensiyalara, ictimai vəzifə və missiyalara xidmət edən faydalı işlər görmək əsasdır.

Monitor bunları ayırmaq və görülmüş işlərə düzgün qiymət vermək üçün özünün məqsədini konkret və düzgün müəyyənləşdirməlidir. Bu zaman səhvlərdən qaçmaq üçün uyğun sahənin kriteriya və normaları əsas götürülməlidir:


 Cəmiyyət bu sahədə nəyə nail olmaq istəyir?

 Hansı proqram və dəyərlər, prinsip və normalar, qanun və ya missiyalar əsas götürülməlidir?

 Uyğun sahədə hansı problemlər, böhran və qüsurlar var və bu layihənin işləri ona nə dərəcədə yardım edir?

 Görülən işlər dünyadakı uğurlu yol və nəticələrə uyğun gəlirmi?

 Nəticələr mütərəqqi sayıla bilərmi?
Məsələn, biz ekologiya sahəsində konkret olaraq nəyə nail olmaq istəyirik? Necə bir ekoloji mühit yaratmaq istəyirik? Bizim üçün norma olan proqramlar varmı və görülən işlər buna uyğundurmu?
Nəticələr bunlara uyğun gəlmirsə bu mənasız işləmək deyilmi? Monitor novatorluğun və yeni ənənələrin də ümumi məqsədə xidmət edib-etmədiyini müəyyən etməlidir.
Monitorinq və qiymətləndirmənin mərhələləri
1. İlkin araşdırma mərhələsi
Layihəni və ona uyğun şəraiti, görülmüş işə aid hesabatları öyrənmək, onu qiymətləndirmək və monitorinqi aparmaq üçün baza məlumatlarının müəyyən edilməsi, qərar və qiymətləndirmə üçün baza hazırlamaq....
 Bu zaman layihənin məzmunu və xarakteristikası öyrənilir;
 Onun hansı sahə və sahələrə (tutaq ki, təhsil) uyğun olması, ənənəviliyi və ya unikallığı təyin edilir;

 Layihənin məqsədləri öyrənilir və bunun layihənin aid olduğu sahənin hansı problemlərinə (tutaq ki, korrupsiya problemlərinə) uyğun gəlməsi təyin edilir, həmin problemlərlə bağlı situasiya öyrənilir.

 Görülən işlərin mövcud problemlərin həlli üçün təcrübələrə uyğunluğu, faydalılığı müəyyən edilir;

 Eyni istiqamətdə həyata keçirilmiş layihələr varsa, onlar da bir təcrübə kimi öyrənilir;

 Bu layihəni tam anlamaq, monitorinq etmək, qiymətləndirmək üçün lazım ola biləcək biliklər saf-çürük edilir, yenidən nəzərdən keçirilir.
2. Monitorinq mərhələsi
Bu mərhələdə ilk olaraq:

 Kriteriyaların müəyyən edilməsi: monitorinq və qiymətləndirmə üçün ən optimal kriteriyalar müəyyən edilir. Biz hansı kriteriya (əlamət, ardıcıllıq və göstərici) üzrə bu layihəni izləməli və onun nəticələrini qiymətləndirməliyik?

 Gərək olan məlumatların təyin edilməsi : uyğun kriteriyalar üzrə monitorinqi aparmaq və qiymətləndirmək üçün gərək olan informasiyalar, sənəd və göstəricilər müəyyən edilir.
O cümlədən:

görülən işlərin ardıcıllığını və məzmunu öyrənmək üçün məlumat və informasiyalar;

görülən işlərin effektivliyini, faydalılığını öyrənmək üçün məlumat və informasiyalar;
Gərək olan məlumatların öyrənilməsi metodlarını təyin etmək:
Konkret olaraq hər bir layihənin xarakterindən asılı olaraq monitorinq və qiymətləndirmə üçün məlumatlar müxtəlif metodlardan istifadə edilərək öyrənilə bilər (unutmaq olmaz ki, hər bir halda hər bir metodun öz üstünlüyü və çatışmazlığı ola bilər):

• Sənədlərin öyrənilməsi və müşahidələr (hesabat və protokollar, foto və videolar, KİV materialları, kitablar) ;

• Canlı söhbətlər;

• Yazılı sorğular;

• Rəqəm və göstəricilərin, qrafiklərin əldə edilməsi və dəqiqləşdirilməsi;

• Tələb olunduğu halda müxtəlif məzmunlu kiçik tədqiqatlar;

• Layihənin hədəf qrupları arasında gedən dəyişiklərin öyrənilməsi;

• “Əks-sədanın öyrənilməsi” üsulları və s.


Gərək olan informasiyaların öyrənilməsi
3. Qiymətləndirmə mərhələsi
1. Öyrənilmiş məlumatların icmalı

2.Konkret nəticələrin müəyyən edilməsi: görülmüş və görülməmiş işlər

3. Layihə icrasında sistemlilik və ardıcıllıq;

4. Nəticələri qiymətləndirmək üçün göstərici və standartların müəyyən edilməsi – görülmüş işlərin faydalılığını bu göstəricilər üzrə qiymətləndirmək


 missiyaya uyğunluq – vətəndaş cəmiyyəti ideyalarına, demokratik ənənələrin inkişafına, ictimai maraqlara;

 sahə dəyərlərinə və normalarına

 uğurlu təcrübə standartlarına və istiqamətlərinə uyğunluq;
5. Kəmiyyət və keyfiyyət analizi

6. Xərclərin və nəticələrin uyğunluğu analizi

7. Layihədə icra olunmuş işlərin təsirlilik, effektivlik, davamlılıq analizi

8. Müsbət cəhətlər və zəif cəhətlər



9. Tövsiyələr
Qrant saxtakarlığına son! - virtual məlumatlandırma həftəsi” nə deməkdir?
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətlərindəki qanunsuzluqlara mübarizə üzrə İşçi Qrupu İşçi Qrupu bu həftəni (26 aprel – 2 may) “Qrant saxtakarlığına son! - virtual məlumatlandırma həftəsi” elan edib. Həftə ərzində hər iki qurumun fəaliyyətində müşahidə edilən qanunsuzluqlar, İşçi Qrupunun istək və tələbləri, qrup tərəfindən QHT və KİV-ə dövlət dəstəyi qurumlarından istənilən layihələrin adlarının, perspektiv fəaliyyətin əks olunduğu məlumat bulletenləri davamlı olaraq ölkədəki rəsmi və qeyri-rəsmi orqanlara, KİV və QHT-lərə, eyni zamanda xarici dillərə çevrilərək beynəlxalq təşkilatlara, donorlara, özəl şirkətlərə, KİV-ə və QHT-lərə dəstək üzrə anoloji qurumlara və s. göndərilir.
Bu aksiyada məqsəd Azərbaycanda dövlət vəsaitinin xərclənməsinin səmərəsizliyinə və bu məsələdə korrupsiya elementlərinin mövcudluğuna dair məlumat və ehtimalları, Azərbaycanda KİV-ə və QHT-lərə dövlət dəstəyi qurumlarının fəaliyyətindəki problemləri, onlar tərəfindən bir sıra QHT-lərə olunan təzyiqləri yerli və bu sahədə fəaliyyət göstərən dünya qurumlarının diqqətinə çatdırmaqdır. Bu tip aksiyalar istənilən dövlət qurumunun, ö cümlədən QHT və KİV-ə dövlət dəstəyi qurumlarının fəaliyyətlərində şəffaflıq və hesabatlıliğa nail olmaq üçün ən təsiredici vasitələrdən hesab oluna bilər. Aksiyanın gedişi, ona verilən reaksiyalar barədə mətbuata daim məlumat veriləcək. Prosesdə beynəlxalq sosial internet şəbəkələrindən də istifadəyə üstünlük veriləcək.
* Qarşıda nə işlər görüləcək? İşçi Qrupunun taktiki planları
İşçi Qrupu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna göndərdiyi müraciətlərə yetərli cavab almayacağı təqdirdə bu qurumlara qarşı dövlət vəsaitinin səmərəsiz istifadəsi ilə mağlı məhkəmə qaydasında iddia qaldırmaq niyyətindədir.
Eyni zamanda İşçi Qrupu xüsusi bir məsələ ilə də bağlı araşdırmalara başlayıb. Söhbət Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəsmi strukturlar və özəl şirkətlərlə əməkdaşlıq etməsindən gedir. Bəlli olduğu kimi bu günlərdə QHT Şurası Qaradaq-Sement şirkəti ilə birgə müsabiqə elan edib. İşçi Qrupu hesab edir ki, 2010-cu ilin Azərbaycanda ekologiya ili olması və QHT və KİV-ə dövlət dəstəyi qurumlarının elan etdiyi müsabiqələrdə ekoloji layihələrə prioritet verilməsi baxımından Qaradağ-Sement kimi inhisarçı, eyni zamanda faəliyyəti Azərbaycanın ekologi vəziyyətinə mənfi təsir göstərən qurumlar siyahısında gedən şirkətlərlə birgə müsabiqələr keçirilməsinin səmərəsi yoxdur. Ortada suallar var: bu müsabiqədə özəl şirkətin reklam olunması perspektivi hansı məqsəd güdür? Nəzərə alınmalıdır ki, QHT Şurası “Azərfon”la da birgə əməkdaşlığa hazırlaşır. BP, “Azərcell”, “Azersun” kimi şirkətlərə də müraciət göndərilib. Bütün bunlara özəl şirkətlərin bazarda inhisarçı fəaliyyətlərinin güclənməsinə vətəndaş cəmiyyətinin dəstəyi kimi baxıla bilərmi? Və ya KİV-ə dəstək Fondunun Mətbuat Şurası ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə müsabiqə keçirməsinin hədəfi nədir? Belə müsabiqə icitmai şüurun inkişafına nə dərəcədə təsir göstərə bilər? Eyni zamanda QHT Şurası ilə ARDNŞ və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə də əməkdaşlıq qurulması və birgə layihələrin həyata keçirilməsinə hazırlıq gedir.Bu nə dərəcədə səmərəli olacaq? Layihələrin istiqaməti Azərbaycanda neft və rabitə sahəsinin, bu sahədə keçirilən tenderlərin şəffaflğına yönəldiləcəkmi? Bu müsabiqələr vasitəsilə dövlət strukturlarının fəaliyyəti ilə bağlı ictimaiyyətdə olan şübhələrə aydınlıq gətiriləcəkmi?”
Bu istiqamətdə çoxsaylı suallar mövcuddur. Yaxın vaxtlarda İşçi Qrupunun bu məsələ ilə də bağlı xüsusi hesabatının olması razılaşdırılıb.
İşçi Qrupu həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsaiti ilə yaradılmış saytların monitorinqini davam etdirəcək.
*Arayış: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda kimlər təmsil olunur?
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci ilin aprelində yaradılıb. Dövlət başçısı İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli fərmanı ilə təsdiq edilən «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə»yə uyğun olaraq 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək şura üzvlərindən 3-ü dövlət orqanları nümayəndələrindən, 8-i isə qeyri-hökumət təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib. Dövlət orqanlarından: Tahir Süleymanov, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri İlqar Məmmədov, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi, Vüqar Məcidli, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini, qeyri-hökumət təşkilatlarından isə: Gülnarə Hüseynova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti, Vüqar Qədirov, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri, Azay Quliyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Rəna Mirzəzadə, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri, Əliməmməd Nuriyev, «Konstitusiya» Araşdırmalar Fondunun prezidenti, Ceyhun Osmanlı, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti, Ceyhun Osmanlı, «Mülk» İctimai Assosiasiyasının prezidenti, şura üzvü təyin olunublar. Az sonra Azay Quliyev qurumun sədri seçilib. Şura sədrinin müavini postunu Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Tahir Süleymanov, katib vəzifəsini Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Vüqar Məcidli tutub.
2009-cu ilin mayında isə prezident İ.Əliyev Prezident yanında və KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Səfərli Vüqar Müzəffər oğlu Fondun icraçı direktoru təyin olunub. Prezidentin digər sərəncamı ilə fondun Müşahidə Şurasının üzvləri müəyyənləşib. Dövlət qurumlarından Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin aparıcı məsləhətçisi Zöhrə Əliyeva, KİV-lərdən - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, jurnalist təşkilatlarından - Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunu sədri Umud Mirzəyev fondun Müşahidə Şurasının üzvləri təyin edilib.

28 aprel 2010

əlavə məlumat almaq üçün cesursumer@mail.ru ünvanına yazmağınız xahiş edilir





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə