KİTabxanaşÜnasliq və İnformasiya №1 2010 Baş redaktordan Hörmətli oxucu!




Yüklə 0.8 Mb.
səhifə7/9
tarix22.02.2016
ölçüsü0.8 Mb.
1   2   3   4   5   6   7   8   9

Ədəbİyyat


  1. Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı. Bakı: Maarif, 1987 – 132 s.

  2. Xələfov A.A. Azərbaycanda ali kitabxanaçılıq təhsili. Bakı: BDU, 1998. – 130 s.

  3. Xələfov A.A. XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar). - Bakı, 2006. – 106 s.

  4. Rüstəmov Ə.M. Kitabxanaçılıq fakültəsində informatikanın tədrisinin bəzi məsələləri // Azərbaycanda kitabxanaçı kadrların hazırlanması: Tematik məcmuə – Bakı, 1987. – s.32-37.

  5. Rüstəmov Ə.M. İnformatikanın sahəvi strukturu və kitabxanaşünaslıq elmləri ilə qarşılıqlı əlaqələrinin bəzi məsələləri // Elmi əsərlərin mövzu məcmuəsi. – Bakı, 1998. - №1. – s.41-56.

  6. Rüstəmov Ə.M. Respublika soraq – informasiya fondlarının avto­matlaşdırılması. Monoqrafiya. – Bakı: Azərnəşr, 1991. – 237 s.


Преподование отраслевой информатики в библиотечно-нформационном факультете Бакинского Государственного Университета (история и современное состаяние)
А.М.РУСТАМОВ
Р Е З Ю М Е
В статье излагаются становления и формирования библио­течно-информационного образования в Бакинском Государственном Университете. 70-х годов ХХ столетия в университете началось пре­подавание информационных дисциплин. В последуюших годах эти дис­циплины формировалась библиотечное информатика. В ностоящее время в библиотечно-информационном факультете преподаются около восьми предметов по библиотечной информатике. Показаны взаи­мосвязи этих дисциплин.
THE STUDY OF DİSCİPLİNARY İNFORMATİCS AT THE

FACULTY OF LİBRARY – İNFORMATİON OF

BAKU STATE UNİVERSİTY
A.M.RUSTAMOV
SUMMARY
The article presents the establishment and formation of library – informational education at Baku State University. The study of informative disciplines was set up at the university in the 70s of the XX century. The following years these disciplines were formed as library information. Presently, about 8 subjects on library informatics are taught at the faculty of Library – Information. The interrelations of these disciplines are elucidated in the article

Əcnəbİ müəllİflər elektron

kİtabxanalar haqqında
N.N.İSMAYILOVA

Bakı Dövlət Universiteti
Müasir dövrdə sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid bir çox xüsusiyyətləri ilə xarakterizə olunur. Bu xüsusiyyətlərdən biri də informasiya və biliyin inkişafın əsas faktorlarından birinə və strukturlaşdırıcı sosial faktora çevrilməsidir. Məhz informasiya və biliyin təsiri altında iqtisadi fəaliyyətin formaları və sosial münasibətlər dəyişir. Gələcəyin bu strateji resursunun qorunması, inkişafı və rasional istifadəsi istənilən cəmiyyət və dövlət üçün böyük əhəmiyyətə malikdir. Bəşəriyyətin inkişafının bugünkü mərhələsinin fərqləndirici xüsusiyyəti bilik və informasiyanın təkcə ənənəvi çap formasında deyil, həm də elektron (rəqəmli) formada təqdim olunmasıdır. Bu isə öz növbəsində informasiyanı başqa yeni formada yaratmağa, mühafizə və istifadə etməyə imkan verir. Üstəlik, informasiya kommunikasiya texnologiyalarının inkişafı nəticəsində müasir informasiya resurslarının böyük əksəriyyəti dərhal elektron formada yaradılır [1].

Elm, mədəniyyət və təhsilin informasiya ilə təminatının daha pers­pektivli üsullarından biri elektron kitabxanalardan istifadə olunmasıdır. Elektron (rəqəmli) kitabxanaların formalaşdırılmasına dünyanın inkişaf etmiş ölkə­lə­rin­də XX əsrin 90-cı illərinin ortalarında başlanmış və bu proses hazırda geniş yayılmışdır. Bir çox ki­tab­­xanalarda çap və digər fiziki daşıyıcılardan elektron resurslara sürətli keçid baş verir. Bu­nunla belə, ənənəvi fondları və elektron xidməti ilə seçilən hibrid kitabxanalar üstün möv­qeyini qoru­maqdadır.

Elmi ədəbiyyatda elektron kitabxanalara müxtəlif təriflər verilsə də, hələlik hamı tərəfindən qəbul edilmiş vahid tərif yoxdur. Bir çox hallarda elektron kitabxana deyərkən “rəqəmli, kompüter və şəbəkə texnologiyası əsasında təqdim olunan, kitabxanaların ənənəvi funksiya və xidmətlərini təkrarlayan bir və ya daha çox xidmətlər başa düşülür” [2, 884]. S.Şvarts qeyd edir ki, rəqəmli kitabxana sadəcə resurslar, onları idarə edən texniki vasitələr və proqram təminatı deyil, həmçinin istifadəçilər üçün xidmətlər toplusudur [3, 22].

Kitabxana işi mütəxəssisləri və alimlər elektron resurslardan istifa­dənin bir çox üstünlüklərini vurğulayırlar: informasiya mənbələrinin müxtəlif formatları vahid şərtlər altında qorunur; ayrı-ayrı informasiya daşıyıcıları, onları qoruyan institutlar və müxtəlif repozitari növləri arasındakı sərhədlər aradan qalxır; kitablar, əlyazmalar, jurnallar və digər məhsullar istifadəçilərin eyni maşınlarla işlədiyi bit və baytlar formasında təqdim olunur; onların hamısına şəbəkədən daxil olmaq olar.

Elektron kitabxanaların yaradılmasının əsas məqsədləri informasiya xid­mətinin keyfiyyətinin yüksəldilməsi, informasiya xidmətləri nomen­klatu­ra­sının, istənilən növ və mövzulu informasiyadan istifadənin genişləndirilməsi, elektron resurslara keçid zamanı istifadəçilərin sayının artırılmasıdır. Sonuncu aşağıdakı üsullar vasitəsilə həyata keçirilir:


  • İstənilən növ informasiyayadan istifadənin təmin olunması;

  • Müxtəlif kolleksiya və fondlarda olan materiallara, o cümlədən

aztirajlı və unikal nəşrlərə növ və mövzu məhdudiyyəti olmadan, milli sərhədlər və müəssisə mənsubiyyəti nəzərə alınmadan istifadənin təmin olunması;

  • İnformasiya ötürücüləri və alıcılarının dairəsinin (o cümlədən kitabxana cəmiyyətindən kənarda) genişləndirilməsi;

  • Fiziki və ya sosial əngəlli istifadəçilərin informasiya almasına məh­dudiy­yətlərin aradan qaldırılması;

  • İnformasiyanın istənilən yerə, o cümlədən iş masasına və ya evə çatdırılması imkanlarının genişləndirilməsi;

  • İnformasiyaya müraciət və onun alınma vaxtına məhdudiyyətlərin ləğvi hər gün sutkada 24 saat iş.

Kitabxanaçılıq təcrübəsində elektron kitabxanaların bir neçə növünə təsadüf olunur:

  • müxtəlif istifadəçi qrupları (məsələn, uşaqlar və ya sonuncu kurs tələbələri) üçün nəzərdə tutulanlar;

  • coğrafi prinsipə (ayrı-ayrı əyalətlər, şəhərlər, kəndlər və s.) əsaslananlar;

  • sahəvi xarakterli (məs.: tibbi, riyazi və s.);

  • konkret məzmun tipi ilə bağlı (məsələn, dissertasiyalar, səs yazıları və s.) [4].

Elektron kitabxanaların potensialı böyükdür. Zaman keçdikcə o, bir-biri ilə əlaqəli olan dünyanın bütün kitabxanalarını əhatə edə bilər. Öz imkanlarını reallaşdırmaq üçün rəqəmli kitabxanalar ənənəvi kitabxanaların çap fondlarına nisbətən istifadəçilərin daha asan və sürətlə daxil ola biləcəyi geniş fondlar yaratmalıdırlar.

Elektron kitabxanalar aşağıda sadalayacağımız əsas tələblərə cavab verməlidir:



  • Elmi-tədqiqat, təhsil və ünsiyyət üçün tam və mükəmməl ehtiyatlar

fonduna malik olmalıdır;

  • Bu fondu istifadəçilərin bütün qruplarına (həm gənc, həm də təcrübəli

istifadəçilərə) istifadə etməlidir;

  • Fondu peşəkarlar idarə etməli, onlar öz vəzifələrinə dünyanın

intellektual və mədəni irsinin bələdçisi kimi yanaşmalıdırlar [5].

Bu vəzifələri həyata keçirmək üçün kitabxanaların fundamental transformasiyası zəruridir.



Elektron kitabxanaların komplektləşdirilməsi

Elektron kitabxanaların komplektləşdirilməsinin əsas problemləri sıra­sına bunlar da aid edilir:

a) Komplektləşmənin funksiyasına elektron mühitin təsiri.

Mütəxəssislər diqqəti son illər elektron materialların buraxılışının sürətlə artmasına yönəldirlər. Belə ki, 2005-ci ildən bu yana ABŞ-da 2-3 milyard dollarlıq elektron kitab satılıb, onların oxucularının sayı isə 26 milyon nəfərə çatıb [2]. ABŞ-ın Elmi Kitabxanalar Assosiasiyasının məlumatına görə, 2001-ci ildə bu qurumun üzvləri elektron materialların əldə edilməsi üçün 132 mln. dollardan çox və ya komplektləşmə üçün öz büdcələrinin 16 %-ni sərf etmişlər [5].

ABŞ mətbuatı ənənəvi nəşriyyat işinin böhranından bəhs edir. Bu, özünü satış və tirajın kəskin aşağı düşməsində göstərir. Kardinal dəyişikliklər əsasən elektron jurnalların buraxılışı işi ilə əlaqədardır: bir çox naşirlər sürətlə çap və elektron versiyaların paralel buraxılışına, bəziləri isə bütünlüklə elektron formata keçirlər. Bununla belə, bir sıra ölkələrdə kağız nəşrlərin buraxılışı hələ də yüksək səviyyədə qalmaqdadır və kitabxana oxucularının əksəriyyəti məhz çap formalarına müraciət edirlər. Nəticədə informasiya mühitinin indiki inkişaf mərhələsində kitabxanalar hələlik hibrid dövründə qalmaqdadırlar və bu balanslaşdırma hələ bir neçə il davam edəcək.

Elektron kitabxanaların formalaşması komplektləşmə ilə əlaqədar pro­ses­lərin dəyişməsinə gətirib çıxarır: materialların sifarişi və ödənişi elektron formada həyata keçirilir, elektron resursların keyfiyyətinə nəzarət metodları işlənib hazırlanır. Göstərilən məsələlər İFLA fondlarının komplektləşməsi və inkişafı bölməsinin diqqət mərkəzindədir; o cümlədən fondların inkişaf siyasəti haqqında elektron mühitdə informasiya yerləşdirilməsi, yeni şərtlərdə fondların inkişafı və komplektləşməsi şöbələrinin təşkilati strukturunun dəyişdirilməsi üzrə seminarlar keçirilir.

b) Elektron resurslara məcburi nüsxə haqqında qanunvericiliyin genişləndirilməsi.

Məcburi nüsxə haqqında qanunvericiliyin müasirləşdirilməsi üzrə işlər davam etdirilir. Məqsəd onun elektron resurslarda yayılmasıdır. 2003-cü ildə Böyük Britaniyada uzun illər aparılan işdən sonra “Məcburi nüsxənin kitab­xanalara çatdırılması haqqında” qanun qəbul edildi. 1 fevral 2004-cü ildən qüvvəyə minən qanuna əsasən, Böyük Britaniyada məcburi nüsxənin çatdırılması öhdəliyi çap məhsulunu nəşr etmiş şəxsin üzərinə qoyulurdu. İstisna yalnız səs yazılarına və filmlərə aiddir – onlar əvvəllər olduğu kimi, könüllü razılıq əsasında çatdırılacaq. Qanun nazirə muxtar və onlayn nəşr­lərin, həmçinin işə başlamaq üçün zəruri olan müvafiq kompüter proqram­larının çatdırılması qaydalarını müəyyənləşdirmək səlahiyyəti verirdi. Nazir həmçinin Böyük Britaniyada çap olunmuş işlərin tanınması qaydalarını müəyyənləşdirir.

“Məcburi nüsxənin kitabxanalara çatdırılması haqqında” 2003-cü il qanunu “Müəllif hüquqları və patentlər haqqında” qanuna (1988) və “Müəllif hüquqları və verilənlər bazası ilə əlaqədar hüquqlar haqqında” Qaydalara (1997) dəyişikliklər edilməsinə səbəb oldu. Bu dəyişikliklər kitabxanalara internetdən material toplamaq hüququ verdi.

2003-cü il qanununun qəbul edilməsi ərəfəsində yaradılmış Məcburi nüsxə üzrə İctimai Komitə üç istiqamətdə fəaliyyət göstərir: avtonom elektron nəşrlərin çatdırılması üzrə təkliflər hazırlayır; Böyük Britaniyanın naşirləri və kitabxanaları üçün məqbul olan onlayn nəşrlər məfhumunu təyin edir; aka­demik elmi nəşrlərin könüllü çatdırılması sxemini hazırlayır. Komitə həm­çinin Böyük Britaniyanın veb-arxivləşməsini həyata keçirən Konsorsiumun fəaliyyətinin monitorinqini aparır.

Britaniyalı mütəxəssislər 2003-cü il qanununu rəqəmsal mühitin problemlərinin qanunvericilik həlli sahəsində tarixi hadisə sayırlar. Artıq Böyük Britaniyanın nəşr olunmuş milli irsinin formatından asılı olmayaraq toplanması və əbədi qorunması üçün aydın “yol xəritəsi” mövcuddur [6].

c) Rəqəmsallaşdırma: prinsipləri və təşkili.

Dünyanın qiymətli və nadir materiallara malik bir çox milli və nəhəng elmi kitabxanaları bu materialların qorunması və onlara çıxışın genişlən­dirilməsi üçün irimiqyaslı rəqəmsallaşdırma proqramları həyata keçirirlər. Amma rəqəmsallaşdırma çox zəhmət tələb edən və bahalı iş olduğundan, kommersiya təşkilatlarından asılı vəziyyət yaradır.

Rəqəmsallaşdırma prinsiplərini təyin edərkən kitabxanalar missiya və vəzifələri əsas götürürlər. Bunlar milli və bəşəri, dil və mövzu prinsipləri də ola bilər. Bu iş o qədər çox vəsait və vaxt tələb edir ki, artıq Avropa kitab­xanaları pula və vaxta qənaət yolları axtarırlar. Daha radikal qərar bu işə görə məsuliyyətin kitabxanalar arasında bölüşdürülməsi olardı.

d) Elektron nəşrlərin qorunması.

Elmi biliklərin qorunması kitabxanaların ənənəvi funksiyası olmuşdur. Çap mühitində naşirlər öz işlərinin qorunması sarıdan narahat deyildilər - bu işi kitabxanalar görürdü. Elektron mühitdə qoruma funksiyası tədricən naşirlərə keçir. Əcnəbi mütəxəssislərin fikrincə, kitabxanalar öz missiyalarını bərpa etməli və qorumalıdırlar.

Bu istiqamətdə vacib addım 2002-ci ildə İFLA və Beynəlxalq Naşirlər As­sosiasiyası arasında imzalanmış «Dünyanın yaddaşının müddətsiz qorun­ması: arxivləşdirmə və rəqəmli informasiyanın qorunması haqqında birgə bəyanat» oldu. Orada deyilirdi ki, naşirlər öz nəşrlərinin arxivləşdirilməsini iqtisadi cəhətdən məqsədəuyğun olana qədər davam etdirəcəklər, amma uzunmüddətli arxivləşdirmə üçün məsuliyyəti naşirlərlə müvafiq saziş əsasında kitabxanaların üzərinə qoymaq daha yaxşı olardı.

Bəzi ölkələrdə bu ideya artıq reallaşdırılır. Məsələn, 2002-ci ildə Niderland Milli (Kral) Kitabxanası ilə «Elsevier Science» nəşriyyatı arasında imzalanan sazişə əsasən, kitabxana nəşriyyatın 1500 elektron jurnalının rəsmi rəqəmli saxlanc yeri funksiyasını öz üzərinə götürmüşdür.



Elektron kitabxanalarda müəlliflik hüququ

Elektron daşıyıcıların sayı artdıqca, kitabxanaçılar müəlliflik hüququ və rəqəmsal informasiyaya münasibətdə digər intellektual mülkiyyət hüquqları ilə tez-tez rastlaşırlar. Elektron dünyada müəlliflik hüququ fəlsəfəsinin özü şübhə altına alınır: onun əsas prinsiplərinə yenidən baxılması təklifləri səslə­nir. Əsas çətinlik ondan ibarətdir ki, fərdi (qurucuların, hüquq sahiblərinin) və ictimai (istifadəçilərin, cəmiyyətin) maraqları balanslaşdırılsın. Öz bazar potensialı üçün təhlükədən qorxan qurucular texnoloji vasitələrin köməyi ilə istifadəyə nəzarət edir və əhəmiyyətli məhdudiyyətlər tətbiq edirlər. Təbii ki, ictimai maraqları ənənəvi olaraq kitabxana müdafiə edir. Çünki o, «mədəni ekosistemin dəstəklənməsi» uğrunda mübarizənin avanqardıdır [7].

Müəllif hüququ milli qanunvericiliklə tənzimlənir. Hazırda bütün ölkələrdə ona yenidən baxılır və təzələnir, qlobal informasiya bazarının tələblərinə uyğunlaşdırılır. İlk yenilənən qanunlardan biri ABŞ-ın «Rəqəmsal minillikdə müəllif hüququ haqqında» qanunudur.

Avropa İttifaqı ölkələrində müəllif hüququ haqqında qanunların harmonizasiyasına və fəaliyyətdə olan normaların elektron nəşrlərə tətbiqinə səylər göstərilir. Belə ki, 2001-ci ildə Avropa İttifaqının müəllif hüququ haq­qında Direktivi qəbul olunmuşdur. Bu sənədə uyğun olaraq Böyük Britaniya, Almaniya, Yunanıstan və İtaliya öz qanunvericiliklərinə dəyişik­liklər etmiş­lər. Hərçənd K.Loffman hesab edir ki, yaxın gələcəkdə Avropa ölkələrinin müəllif hüququ haqqında qanunvericiliklərindəki əhəmiyyətli fərqlərin aradan qaldırılması perspektivi görünmür [8].

Rəqəmsal və digər nəşrlərə münasibətdə müəllif hüququna dair vəziy­yətlə bağlı rəylər dünyanın müxtəlif ölkələrində oxşardır: istənilən materialın istifadəsi üçün hüquq sahibinin icazəsi mütləqdir - təbii ki, «vicdanlı istifadə» istisna olmaqla [6]. Ancaq bu halda da çətinliklər ortaya çıxır. Birincisi, «vicdanlı istifadə» məfhumu ilə bağlı hələ də mübahisələr var. İkincisi, rəqəmsal materialların pirat köçürülməsinə qarşı durmağa çalışan bəzi naşirlər köçürməyə mane olan proqramlar - texnoloji müdafiə vasitələri tətbiq edirlər. K.Loffmanın fikrincə, bu çox kobud üsuldur. Çünki piratlığın qarşısını almaqla yanaşı, «vicdanlı istifadə» üçün köçürməyə də imkan vermir [8]. Qanunvericilərin vəzifələrindən biri qanunsuz köçürmələrdən müdafiəni «vicdanlı istifadə»yə mane olmayacaq səviyyədə möhkəmləndirməkdir.

Bu kontekstdə Ş.Urs da maraqlı təkliflə çıxış etmişdir. Onun fikrincə, elmi işlərə və əyləncə xarakterli işlərə müəllif hüququ məsələlərini bir-birin­dən ayırmağın vaxtı gəlmişdir. Elmi işlərə münasibətdə iqtisadi amillərdən daha çox mənəvi amillərə üstünlük vermək lazımdır. Çünki onlar bəşəriyyətin intellektual irsinin bir hissəsini təşkil edir, cəmiyyət tərəfindən dəstəklənirlər. Ona görə də müəllif hüququndan doğan məhdudiyyətlərdən azad edilmə­lidirlər [7].


ədəbİyyat

  1. Армс Вильям. Электронные библиотеки. – ПИК ВИНИТИ, 2001. 274 с. Пер с англ. Arms, William. Digital Libraries. Cambridge, Mass.: MIT Press, 2000. - 287 p.

  2. Tomer C. Digital libraries in public libraries / C. Tomer // Encyclopedia of library and information science. – 2nd ed. – Vol. 2. – New York; Basel, 2003.– P. 884–891.

  3. Moyo L. Electronic libraries and the emergence of new service paradigms / L. Moyo // The electronic libraries. – 2004. – Vol. 22, № 3. – P. 220–230

  4. ShiriA. Digital library research: current developments and trends / A. Shiri // Library review. – 2003. – Vol. 52, № 5. – P. 198–202.

  5. Marcum D. Requirements for the future digital library / D. Marcum//The journal of academic librarianship. – 2003. – Vol. 29, № 5. – P. 276–279.

  6. Field C. Securing digital legal deposit in the UK: the Legal deposit libraries act 2003 / C. Field // Ibid. – P. 87–100.

  7. Urs S. Copyright, academic research and libraries: balancing the rights of stakeholders in the digital age / S. Urs // Program: electronic library and information systems. – 2004. – Vol. 38, № 3. – P. 201–207.

  8. Лоффман К. Электронные публикации: изъятие из закона об авторском праве в электронных публикациях и технологические меры защиты: вызов для законодателей / К. Лоффман // Новости Рос. комитета ИФЛА. – 2004. – № 53. – C. 5–9.


Об электронных библиотеках

зарубежных авторов
Н.Н. ИСМАИЛОВА
РЕЗЮМЕ
В статье затронуты вопросы относительно электронных биб­лиотек и их комплектовании, а также проблемы с авторскими правами. В этом контексте были проанализированы мнения зарубежных авторов и изучен опыт передовых государств. Эти мнения и опыт пред­став­ляют большое значение для Азербайджана, только вступающего на этап информационного общества, и его библиотек.
The foreign authors about

electronic libraries
N.N. ISMAYILOVA
SUMMARY
The article covers the common issues about the electronic libraries, their acquisition and copyright problems. In this context, the views of foreign authors are cited and the experiences of advanced countries have been analyzed. These experiences and views are of great importance for Azerbaijan and its libraries.


MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA MƏRKƏZLƏŞDİRİLMİŞ

KİTABXANA SİSTEMLƏRİNİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

S.A.XƏLƏFOVA

Bakı Dövlət Universiteti
1993-cü ildə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının gələcək tale-yində, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm tarixi hadisəyə çevrildiyi kimi mədəniyyətimizin mühüm tərkib hissəsi olan kitabxana işinin yenidən qurulmasında və inkişafında da yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində iqtisadiyyatla yanaşı, mədəni quruculuq sahəsində də əsaslı islahatlar aparılmış, təhsil, elm, mədəniyyət və incəsənətin yenidən qurulması və inkişafı üçün olduqca böyük tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər içərisində kitabxana quruculuğu sahəsində həyata keçirilən tədbirlər daha geniş miqyas almışdı.

Keçmiş sosializm cəmiyyətindən müstəqil Azərbaycan dövlətinə kitab­xana işi sahəsində o qədər də ürəkaçan irs qalmamışdı. Doğrudur, Sovet hakimiyyəti illərində kitabxana quruculuğu sahəsində xeyli iş görülmüş, geniş kitabxanalar şəbəkəsi yaradıl­mış, əhaliyə kitabxana xidmətinin təşkili istiqamətində mühüm addımlar atılmışdı. Belə ki, 1990-cı ilin əvvəllərində respublikada 120 milyondan artıq kitab fondu olan 10.000-ə yaxın kitabxana fəaliyyət göstərirdi. Bu kitabxanalar 4 milyon oxucuya xidmət edirdi. Bütün bunlara baxmayaraq əhaliyə kitabxana xidmətinin təşkili dövrün tə­ləb­­lərinə cavab vermirdi. Kitabxanalar “qalıq” prinsipi əsa­sında maliyyələşdi­rildi­yindən yeni kitab­xa­na­­lar açmaq, onların maddi-texniki bazasını möhkəm­lən­­dir­mək, kitab fondlarını yeni ədəbiyyatla kom­plekt­ləş­­dir­mək böyük çətinliklər doğururdu. Kitabxana işinin idarə edilməsində, sosializm cəmiy­yətinin tə­bi­ətin­­dən do­ğan, illərdən bəri dərin kök salmış ciddi ide­­oloji, siyasi, anti­demokratik prinsiplər hökm sür­mək­də idi. Kitab­xanalar par­ti­ya və dövlət or­qa­n­­­­larının nəzarəti altında fəaliyyət gös­­tərir­di, təbliğat-təş­viqat işində partiya təşkilatlarının dayaq bazaları he­sab edildiklərindən yerlərdə onlara partiya təş­ki­lat­la­rı rəhbərlik edirdi. Kitabxana işinə dövlət nə­za­rəti senzu­ra - Baş Siyasi Mətbuat İdarəsi tərəfindən həya­ta keçi­rilirdi [2, 32].

Sovet kitabxanalarında tətbiq edilən antidemokratik iş formalarından biri də kataloqların tərtibi sahəsində tətbiq edilən qaydalar idi. Bu qaydalara görə, böyük kitabxanalarda iki kataloq: xidmət kataloqu və oxucu kataloqu tərtib edilirdi. Kitabxananın fondunda olan bütün kitabları əhatə edən xidmət kataloqu kitabxanaçıların istifadəsi üçün nəzərdə tutulurdu. Oxunmasına qadağa qoyulmayan kitabları əhatə edən “oxucu kataloqu” isə oxucuların istifadəsi üçün tərtib edilirdi. Bu cür kataloq sisteminin yaradılmasında əsas məqsəd istifadəsinə icazə verilməyən kitabları oxuculardan gizlətmək idi. Öz mahiyyəti ilə antidemok­ra­tik, antihumanist olan bu qaydalar böyük kitabxa­naların fondunda saxlanılan çox qiymətli kitabların geniş oxucu kütləsi tərəfindən istifadəsinə ciddi maneçilik törətməklə, kitabxana fondlarının dövriyyəsini aşağı salırdı. Halbuki o dövrdə dünyanın böyük kitabxanaları kitabxana xidmətinin əsas məqsəd və vəzifəsini kitabxana fondlarından maksimum istifadə etmək işinin təşkilində görürdü.

80-ci illərin ikinci yarısından başlayaraq Sovetlər İttifaqın­da aparılan yenidənqurma işlərinin iflasa uğraması, ölkədə baş verən iqtisadi böhran öz təsirini Azərbaycana da göstərmişdi. Respublikada, bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də ciddi problemlər yaranmışdı. Kitabxana işinə ayrılan maliyyə vəsaiti xeyli azalmışdı və ayrılan vəsait öz təyinatı üzrə xərclənmirdi. 1988-ci ildən başlayaraq respublikada iqtisadi və siyasi böhran daha da kəskinləşdi. İdarəetmədə ciddi hərc-mərclik, xaos baş alıb getməyə başladı. 1988-ci ilin axırlarından alovlanmağa başlayan qondarma Dağlıq Qa­rabağ problemi bu böhranı daha da dərinləşdirdi. Ölkədə mədəniyyət müəs­sisə­lərinin, o cümlədən kitabxana işinin vəziyyəti olduqca pisləşdi. 1993-cü ilə qədər davam etmiş bu proses kitabxana işinə olduqca böyük zərbə vurmuş, torpaqlarımızın erməni vandalları tərəfindən işğalı zamanı 4 milyon nüsxə kitabı olan 982 kitabxana məhv edilmişdi. AXC-Müsavat hakimiyyəti döv­ründə kitabxanalara ayrılan vəsait azaldılıb minimuma endiril­miş, özəlləş­dirmə adı altında kitabxanaların binalarının əllərindən alınması kampaniyası başlanmışdı. Bu dövrdə bir çox elmi müəssisələrin, mədəniyyət ocaqlarının və kitabxanaların binası əllərindən alınmış, onlar bağlanmışdı [4, 46].

1991-1992-ci illərdə ləğv edilən kitabxana şəbəkələri içərisində Azərbaycan Kommunist Partiyasının, Bakı Partiya Komitəsinin, rayon partiya komitələrinin, böyük idarə və müəssisələrin partiya komitələrinin və Azər­baycan Həmkarlar İttifaqının, bir sıra idarə və müəssisələrin, siyasi və ictimai təşkilatların kitabxanaları da var idi [3, 54].

Bu dövrdə respublikamızda ən çox zərər çəkən kitabxana şəbəkə­lərindən biri də texniki kitabxana şəbəkəsi olmuşdur. Respublikada başlayan və getdikcə dərinləşən iqtisadi böhran, istehsal müəssisələrinin, fabrik və zavodların bir-birinin ardınca bağlanması həmin müəssisələrdə olan texniki kitab­xanaların da bağlanmasına səbəb oldu. Texniki kitabxanaların illər boyu toplan­mış, formalaşmış zəngin fondu və avadanlığı qısa bir müddət içərisində tamamilə talan edilmişdi. Beləliklə, 1991-1992-ci illərdə 100-ə yaxın texniki kitabxana bağlanmışdı [2, 58].

1995-ci il sentyabr ayının 29-da “Azərbaycan Respublika­sın­da 1995-1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təs­diq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı fərman imzalandı. Bu fərmanın birinci bölməsində “Özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlərin siyahısı” verilmişdir. Bu bölmənin 3-cü bəndində göstərilir: “Azərbaycan xalqının tarixi və mədəni irs obyektləri (nadir mədəniyyət və təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika ob­yektləri, o cümlədən, dövlət muzeylərində, arxivlərdə və kitabxanalarda saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr var)”.

Fərmandan aydın olur ki, kitabxanalarda saxlanı­lan sərvətlərin, onların binasının və sahələrinin özəlləşdirilməsi qadağan edilir. Bu fərmanın imzalan­ma­sı kitabxanaların qorunub saxlanmasına şərait yarat­dı. Kitabxanalar müstə­qil dövlətimizin əsas atributla­rından biri kimi dövlət müəssisəsi statusuna malik oldu.

1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə kitabxa­naların qorunub saxlanılması uğrunda mübarizə illəri kimi daxil olmuşdur. Məhz bu illərdə Heydər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı sahəsində kitabxanalar ləğv edilməkdən xilas oldular, kitabxanaların qorunub saxlanıl­ması uğrunda dövlət mübarizəyə başladı. Bütün mədəniyyət ocaqlarının, o cümlədən kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər üçün istifadə olunması prezident fərmanı ilə qadağan edildi.

1996-cı ildə Azərbaycan Nazirlər Kabineti “Kitabxana işi haqqında” qə­rar qəbul etdi. Bu qərarda kitabxana şəbəkələrini qoruyub saxlamaq və əhaliyə xidmət işini yaxşılaşdırmaq üçün Azərbaycan Mədəniyyət Nazirli­yinin qar­şısında ciddi vəzifələr qoyulmuşdu. Qərarın keçid dövründə kitabxa­naların qoru­nub saxlanılmasına xeyli kömək göstərdiyini söyləsək, səhv etmiş olmarıq.

Bu dövrdə dövlətin kitabxana sahəsində apardığı siyasətin mühüm sahələrindən birini kitabxanaların maliyyələşdirilməsi tuturdu. Ölkədə hökm sürən maliyyə böhranına baxmayaraq, dövlət kitabxanaların saxlanılmasına və kitabxana işçilərinin əmək haqqının verilməsinə ayrılan vəsaiti qoruyub saxlaya bildi. Doğrudur, 1990-cı illərin ilk dövründə kitabxana fondunu kom­plektləşdirmək və yeni kitablar almaq üçün vəsaitin ayrılmaması kitabxana işinə çox mənfi təsir etdi. Kitabxanalar öz oxucularının müəyyən hissəsini itirdi. Əhaliyə kitabxana xidməti acınacaqlı vəziyyətə düşdü. Ancaq 1990-cı illərin ikinci yarısından kitabxanalar mövcud şəraiti qiymətləndirməyə, çətin vəziyyətdən çıxmağa başladılar. Nəticə etibarilə kitabxanalar yerli büdcələrin, icra başçılarının ayırdığı vəsait, ayrı-ayrı xeyirxah kitab müəlliflərinin bəxşişləri, xeyriyyəçilərin köməyi və xarici qeyri-hökumət təşkilatlarının ayırdığı qrantlar hesabına yeni kitablar əldə etməyə nail oldular. 1998-ci ildən başlayaraq dövlət büdcəsində kitabxanalara yeni kitablar almaq üçün vəsaitin nəzərdə tutulması və onun ilbəil artırılması əhaliyə kitabxana xidmətinin təşkili işini xeyli yaxşılaşdırdı. Çətinliklə və zəif də olsa ayrı-ayrı nazir­liklərin, idarə və müəssisələrin kitabxanalarında informasiya texnologiyası artmağa, kitabxanalar tədricən kompüterləşdirilməyə, respublika­mızın bir çox elmi kitabxanaları internetə qoşulmağa başladılar.

Keçid dövründə kitabxanaların qarşısında çox mühüm və mahiyyətcə tamamilə yeni vəzifələr qoyulmuşdu. Bu vəzifələr sırasında kitabxana işinin demokratikləşməsi, milliləşməsi və azərbaycançılıq kimi böyük elmi-nəzəri və ideoloji əhəmiyyətə malik olan vəzifələr ön plana çəkilməli idi. Kitab­xanalar qısa müddət içərisində müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm­lənməsinə, dövlətin daxili və xarici siyasətinin təbliğinə, erməni faşizminə qarşı insan­la­rın səfərbər edilməsi ideyalarının təbliğinə başladılar. Döv­lət­çi­li­yimi­zin möhkəmləndirilməsi, milli ideologiyanın yaranması və təbliği kitabxana işinin əsas mahiyyətini təşkil edirdi. Kitabxana fondunun təkmilləş­məsində, ədəbiyyatın təbliğində milli ədəbiy­yat fondunun yenidən təşkili, tarixi soykökümüzə, adət-ənənələrimizə qayıdış ön plana çəkilirdi. Xalqımızın azər­­bay­cançılıq, vətənpərvərlik, respublikamızda yaşayan bütün millət­lərin, xalqların dostluq və qardaşlıq ruhunda tərbiyə edilmə­sinə xüsusi diqqət yetirilirdi.

Müstəqillik illərində Azərbaycan Mədəniyyət Nazirliyi kitabxana işinin yaxşılaşdırılması sahəsində xeyli iş görmüş­dür. Kitabxanaların fondu ideoloji cəhətdən lazımsız olan ədə­biy­­yatdan: marksizm-leninizm klassiklərinin əsər­lərindən, Sov. İKP tarixinə dair əsərlərdən, siyasi makulaturadan azad edildi. Kitabxanaların milli ədəbiyyatla təmin edilməsi üçün şərait ya­ran­dı. Hər cür çətinliyə baxmayaraq, xidmət işində yeni iş for­ma və üsullarından istifadə edilməklə oxucuların sayı azal­maq­dan qorundu. Doğrudur, kitabxanalara yeni ədəbiyyat alın­ma­dı­ğından oxucuların buraya gəlişi məhdudlaşırdı, bu da özünü kitab­xanalarda kitab dövriyyəsinin azalmasında göstərirdi.

Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsində əsas yeri rayon mər­kəzləşdirilmiş kitabxana sistemləri (MKS-lər) tuturdu. Zamanın sınağından keçmiş bu sistem müstəqillik illərində də özünü tamamilə doğrultdu, kənd yerlərində Azərbaycan mədəniy­yə­ti­nin dayaq bazası kimi kənd əhalisinə kitabxana xidmətinin təşkilini uğurla apara bildi. Xüsusilə keçid dövrünün çətinliyi şəraitində kənd kitabxanalarını qoruyub saxlamaq və yeri gəldikcə onların işini yaxşılaşdırmaq mümkün oldu.

1990-cı ildə respublikamızda 68 mərkəzləşdirilmiş sistem və onların 4605 filialı var idi. Bu kitabxanaların fondunda 45,3 milyon kitab saxlanılırdı. Kitabxanalar 6386 min oxucuya xidmət edirdi. Ölkəmizdə baş verən böyük iqtisadi, siyasi çətinliklərə baxmayaraq bu kitabxanalar qorunub saxlanılmaqla əhaliyə xidmət işini müvəffəqiyyətlə davam etdirmişlər [3, 76].

Bu çətin şəraitdə Mədəniyyət Nazirliyinin respublika əhəmiyyətli kitab­xanaları – M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası oxuculara kitabxana xidmətini təşkil etməklə yanaşı, dövlətin kitabxana siyasətinin hazırlanması və həyata keçirilməsində, kitabxanaların metodik təminatında yaxından iştirak etmişlər.

Respublikamızda ən böyük kitabxana şəbəkəsinə malik olan Mədə­niyyət Nazirliyi kitabxana işi sahəsində dövlət siya­sə­tinin formalaş­masında yaxından iştirak etməklə kitabxana sis­teminə elmi-metodik təminatın təşki­lində mühüm işlər gö­rür. Hazırda Mədəniyyət Nazirliyi sistemində 1 milli ki­tabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər və mərkəzi ra­yon kitabxanası, 3744 kənd kitabxanası fəaliyyət göstərir. Orta hesabla əha­li­nin hər 700 nəfərinə bir stasionar kitabxana düşür. Kitabxanaların fon­dunda 35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdır. Bir il ərzində kitab­xanalara 121,76 nüsxə kitab, 22 min nüsxə audiovizual sənəd daxil olmuşdur. Bu ədə­biyyatın 101,18 nüsxəsini Azərbaycan dilində ədəbiyyat təşkil etmişdir [2, 122].

Bu rəqəmlərdən göründüyü kimi, iqtisadi çətinliyə bax­ma­yaraq kitab­xanaların fəaliyyətini davam etdirməsi üçün döv­lət əlindən gələni etmişdir. Bu kitabxanalar il ərzində 2804,07 min oxucuya xidmət göstərmişdir. Fərəh­ləndirici haldır ki, oxu­cular içərisində uşaqlar və gənclər əhəmiyyətli yer tuturlar. Bu da kütləvi kitabxanaların təhsil prosesində iştirak etməsini ön plana çəkir. Azərbaycan şəraitində, xüsusilə kəndlərdə uşaq kitabxanaları və məktəb kitabxanaları olmadığını nəzərə alsaq, kənd kitabxanalarının məktəblər üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi göz önünə gələr.

Digər tərəfdən, hazırda respublikamızın kitabxanalarında təxminən 30 minə qədər kitabxana işçisi çalışır. Bunlardan 8167 nəfəri Mədəniyyət Nazirliyinin kitabxana sistemində işləyir. Onların 1552 nəfəri ali təhsilli, 1204 nəfəri ali ixtisas təhsilli, 3273 nəfəri isə orta və orta ixtisas təhsilli işçilərdir. Bu rəqəmlərdən göründüyü kimi, respublika kitab­xa­na­ları­nın ali peşə təhsilli işçilərə böyük ehtiyacı və tələbatı vardır.

Məlum olduğu kimi, respublikada keçid döv­ründə kütləvi kitab­xa­naların sayı qorunub saxlanmışdır. Bəzi illərdə müəy­yən azalmalar olmuşdur ki, bu da kiçik kütləvi kitabxanaların böyük kitabxanalarla birləşməsi pro­sesin­də baş vermişdir. Bilavasitə xalqa xidmət edən kütləvi kitabxana şəbə­kəsinin qorunub saxlanması, şəbəkəni saxlamaq üçün ayrılan dövlət vəsaitinin dayandırılmaması müstəqil Azərbaycan dövlətinin milli mədəniyyətə, kitabçılığa, kitabxana işinə böyük diqqət və qayğısının nəticəsi idi. Halbuki digər MDB dövlətlərində kütləvi kitabxanaların çoxu bağlanmışdır.

Beləliklə, müstəqillik dövründə baş verən hadisələr dövlətimizə kitab­xana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi üçün şərait yaratdı. Müstəqil, suveren, dünyəvi, demokratik, hüquqi Azərbaycan dövləti­nin kitabxana işi sahəsində siyasəti formalaşmağa və cəmiyyətdə özünə yer tutmağa başladı.

Qeyd etmək lazimdir ki, bəhs edilən illərdə dövlət dövlət kütləvi kitab­xanaları şəbəkəsində baş vermiş mütərəqqi dəyişikliklərə baxmayaraq bu aparıcı kitabxana sistemində əhaliyə kitabxana-biblioqrafiya və informasiya xidməti sahəsində hələ də ciddi problemlər, həll edilməmiş, təşkilati və meto­dik məsələlər bir sira çətinliklər və noqsanlar qalmaqdadir. Bu problemləri belə ümumiləşdirmək olar:

– Dövlət kütləvi kitabxanalar şəbəkəsinə onlarin xidmət etdiyi ərazilərin sakinlərinin kitabxana xidməti ilə əhatə edilməsi müxtəlif şəhər və rayonlarda qənaətbəxş deyil. bir neçə ərazi istisna olmaqla əksər rayonlarda bu göstərici 40%-dən yuxarı deyil. Bir sira mks-də isə bu göstərici 15-20 % təşkil edir. Belə vəziyyətin bir səbəbi müvafiq MKS-lərin vahid fondunun yeni ədəbiy­yatla zəif komplektləşdirilməsidirsə, digər səbəbi isə həmin kitabxanalarda, bu işin lazimi səviyyədə təşkil edilməməsidir. Hazirda dövlət kütləvi kitab­xanalar şəbəkəsinin və xüsusən kənd kitabxanalarinin yalniz 12-15%-nin oxu zalı vardır.

– Bir çox MKS-lərin, o cümlədən Dəvəçi, Daşkəsən, Lerik, Imişli, Xaçmaz, Qəbələ, Kürdəmir, Zaqatala, Şəki, ümumilikdə isə MKS-lərin təqribən 40 faizi ağir bina şəraitində fəaliyyət göstərir. Kənd əhalisinə xidmət edən dövlət kitabxanalarinin təqribən 12 faizi şəxsi evlərdə yerləşir.

– MKS-lərin xüsusi kitabxana avadanlığı, kitab rəfləri, kataloq qutuları, sərgi vitrinləri, eləcə də kitabxana texnikası ilə təchiz edilməsi qənaətbəxş deyildir. Əksər kitabxanalarda kataloq kartoçkaları, uçot kitabları, digər normativ sənədlər yox dərəcəsindədir.

– Kitabxanaların yeni ədəbiyyatla komplektləşdirilməsi planlı və sistemli şəkildə aparılmır, profillilik prinsipi unudulmuşdur. Əksər MKS-lərin vahid fondunun tematik-tipoloji planı yoxdur.

– Respublika Kitabxana Kollektorunun fəaliyyəti yararsız olub MKS-lərin komplektləşdirilməsinin müasir tələblərinə cavab vermir.

– Son 1-2 il ərzində respublika Mədəniyyət Nazirliyində bu sahədə baş vermiş canlanmaya baxmayaraq MKS-lərin idarə edilməsində və xüsusən onların metodik təminatinda ciddi nöqsanlar hələ də özünü göstərməkdədir. MKS-lərə dünya kitabxanaçılıq təcrübəsində baş verən yeniliklər, müxtəlif innovasiyalar operativ şəkildə çatdırılmır. MKS-lərin əksəriyyəti Azərbaycan və rus dillərində nəşr edilən ixtisas ədəbiyyatini, o cümlədən dövri mətbuat orqanlarini almırlar.

– 80-ci illərin sonu və 90-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi həyatındakı ciddi problemlərlə əlaqədar kitabxanaların kadr poten­sialında yaranmış ciddi boşluqlar hələ də aradan qaldırılmamış, əksər MKS-lərdə yüksək ixtisasli kitabxanaçı kadrlar çatışmır. Kənd dövlət kütləvi kitabxanalar şəbəkəsinin əməkdaşlarının əksəriyyətinin yalnız ümumorta təhsili vardır.

– Son illər Mədəniyyət Nazirliyi, metodik mərkəzlər, ictimai birliklər, bir sıra xarici təşkilatlar: ABŞ səfirliyi, Avrasiya fondu, Soros fondu və s. təşkilatlar tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq kitabxana işçilərinin fasiləsiz təhsili sistemli xarakter almamışdır.

– Respublika daxilində kitabxanalararası əlaqələr, dövlət kütləvi kitabxanalar şəbəkəsinin digər kitabxana şəbəkələri ilə, həmçinin beynəlxalq kitabxana təşkilatları ilə əlaqələri olduqca zəifdir.

– Kitabxana işçilərinin sosial müdafiəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlari tərəfindən “Kitabxana işi haqqinda” Azərbaycan Res­pub­likasının Qanununda nəzərdə tutulmuş əmək haqlarına əlavələr, müxtəlif mükafat və kompensasiyalar, digər maddi və mənəvi stimullaşdırma tədbirləri həyata keçirilmir.

Müstəqil Azərbaycan dövlətinin kitabxana işi sahəsində siyasəti forma­laşmışdır. Bu siyasət dünyanın qabaqcıl ölkələrinin kitabxana siyasətindən, ümumbəşəri dəyərlər­dən bəhrələnən, müasir dövrün mahiyyətcə yeni olan ideyaları ilə silahlanan, gələcəyə baxan, perspektiv inkişafı təmin edə bilən bir siyasətdir. Kitabxana işi haqqında dövlət siyasətini formalaş­dırmaq üçün yeni təfəkkür tərzi ilə düşünən insanların dünya baxışını analiz və sintez əsasında nəzərdən keçirib təhlil etmək, xalqımızın mədəniyyət, kitab və kitabxana ta­rixi ənənələrindən istifadə etmək, milli mentalitetimizə, soykökümüzə uyğun ənənələri ortaya çıxarıb ümumiləşdirmək əsasında hazırlamaq zəruri­dir. Belə siyasət keçmişi nəzərə almaqla müasirliyin bütün mütərəqqi tələblərini təmin edir, gələcək istiqamətləri müvəf­fəqiy­yətlə müəyyənləşdirir.

Müasir şəraitdə kitabxana işi sahəsində dövlət siyasətini müəyyən­ləşdirərkən respublikamızda əldə edilmiş müstəqilliyin xalqımıza bəxş etdiyi milli dövlətçiliyimizin, milli ideologiyamı­zın, azadlıq və demokratiyanın nai­liyyətini son illərdə ölkənin həyatında baş verən iqtisadi, sosial, mədəni və təh­sil sahəsindəki dəyişiklikləri, milli soykökümüzə qayıtma­ğımızı, milli men­­tali­teti­mi­zin möhkəmləndirilməsini, ümumiyyətlə, müstəqil, suveren Azər­­baycan cəmiyyətində baş verən bütün dəyişikliklərin inkişaf qanunauy­ğunluqlarını nəzərə almaq lazımdır. Dövlət tərəfindən hazırlanan kitabxana siyasəti respublika miqyasında aparılan kitabxana işinin əsasını təşkil etdiyindən kitabxana işinə dair hazırlanan bütün sənədlər bu ana sənədə, Azərbaycan dövlətinin kitabxana işi sahəsində siyasətinə əsaslanmalıdır.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə