KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 2010
Baş redaktordan
Hörmətli oxucu!
Sizin görüşünüzə gələn “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və təcrübi jurnalı informasiya cəmiyyəti şəraitində mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitabxanaların qarşısında duran vəzifələrin öyrənilməsinə, qabaqcıl iş təcrübəsinin təhlilinə, ümumiləşdirilməsinə, elmi nəticələr çıxarılmasına xüsusi diqqət yetirəcəkdir. Dövrün, zamanın tələbatına uyğun olaraq kitabxana işinin ahəngdar inkişafının aktual problemlərinin aşkara çıxarılmasında və həllində yaxından iştirak edəcək, yeni konsepsiyaların, nəzəri müddəaların hazırlanmasının elmi-nəzəri təminatını həyata keçirilməsi üçün mühüm tövsiyələrlə çıxış edəcək.
- Jurnal kitabxana işinə dair ulu öndər Heydər Əliyev ideyalarının elmi izahına, təbliğinə ciddi diqqət yetirməklə yanaşı kitabxanalarda Heydər Əliyev irsinin öyrənilməsi, oxuculara çatdırılması üçün elmi konsepsiyaların hazırlanmasına yönəldilmiş elmi məqalələrlə çıxış edəcək.
- Jurnal Heydər Əliyev ideyalarının respublikamızda müvəffəqiyyətlə davam etdirilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin kitabxana işinə dair imzaladığı fərmanların, sərəncamların, qərarların və qəbul edilmiş konsepsiyaların yerinə yetirilməsinə, təbliğinə və izahına dair elmi məqalələr həsr edəcək.
- Jurnal kitabxana işi haqqında dövlət siyasətinin həllində yaxından iştirak etməklə “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəalarının şərh edilməsinə, qanunun işlənməsinin böyük əhəmiyyətinə dair elmi araşdırmalar aparacaq, tövsiyələrin hazırlanmasında yaxından iştirak edəcək.
- Jurnal Heydər Əliyevin “Azərbaycançılıq” fəlsəfi konsepsiyasının öyrənilməsinə və kitabxanalarda təbliğinə dair elmi araşdırmalar aparacaq.
- Jurnal həmçinin milli kitabxanaşünaslığımızın yeni elmi ideyalarla, baxışlarla zənginləşməsinə, geniş elmi tədqiqatların aparılmasına, kitabxanaşünaslıqla digər elmlərin, xüsusilə informatika ilə əlaqələrinin möhkəmləndirilməsinə və inteqrasiyasına təşəbbüs göstərəcək.
- Jurnal müasir şəraitdə ən aktual problem olan kitabxanaların informasiyalaşdırılması, elektron kitabxanaların, kataloqların yaradılması, internetə qoşulması, kitabxana fondlarının elektron daşıyıcılarla təkmilləşdirilməsi, oxuculara xidmət işinin yeni əsaslar üzərində qurulması, kitabxanalarda kitabxana-informasiya texnologiyasının tətbiqi, elmi kitabxanalarda kitabxana-informasiya proqramlarının tətbiqi və s. məsələlərin öyrənilməsinə və tövsiyələr hazırlanmasına diqqət yetirəcək.
- Jurnal respublikamızın bütün regionlarında, Bakı şəhərində və digər mərkəzi şəhərlərdə əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində yeni iş metod və formalarının öyrənilməsinə və yayılmasına, mərkəzləşdirilmiş kitabxana sistemlərinin əhaliyə kitabxana-informasiya xidməti sahəsində baş verən yeni iş prosesinin qiymətləndirilməsinə və ümumiləşdirilməsinə, elmi-nəzəri nəticələr çıxarılmasına da geniş yer ayıracaq.
- Jurnal respublikamızda qəbul edilən “Biliklər iqtisadiyyatının Azərbaycan modelinin konsepsiyası”nın həyata keçirilməsində, onun nəzəri aspektlərinin və əsas anlayışlarının izahına ciddi diqqət yetirəcək, bu sahədə kitabxana işinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi problemləri ön plana çəkiləcək.
- Jurnal həmçinin kitabxanaşünaslıq və informasiyanın ayrı-ayrı sahələrinin; kitabxana işinin tarixinin, kitabxanaşünaslığın elmi-nəzəri və metodoloji məsələlərinin, kitabxana fondu və kataloq sisteminin, oxuculara xidmət işinin, kitabxana iqtisadiyyatının, kitabxanaların elmi-metodik təminatının və kitabxana informatikasının aktual problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirəcək, bu sahəyə dair aparılan elmi araşdırmaların nəticələrini dərc edəcək.
- Jurnal öz qarşısında müstəqil Azərbaycan Respublikasının elmi-mədəni həyatında yaxından iştirak etmək, milli kitabxanaşünaslığımızı yeni elmi-nəzəri və metodoloji ideyalarla zənginləşdirmək kimi şərəfli vəzifə qoymuşdur.
İnformasİya cəmİyyətİ və kİtabxanaşünaslığın müasİr problemlərİ
A.A. XƏLƏFOV
Bakı Dövlət Universiteti
Müstəqil, suveren Azərbaycan dövləti özünün çiçəklənmə dövrünü yaşayır. Son dövrdə ölkəmizdə iqtisadiyyat, siyasət, elm, təhsil, mədəni quruculuq, sosial tərəqqi, o cümlədən doğma vətən torpağını erməni faşistlərindən azad etmək üçün xalqımıza, dövlətimizə ən çox gərək olan ordu quruculuğu sahəsində böyük nailiyyətlər qazanılmışdır.
Eyni zamanda dərin ardıcıl təhsil islahatları keçirilmiş, Təhsil Qanunu qəbul edilmişdir. Vətən elminin inkişafı üçün elmin perspektiv inkişaf strategiyası qəbul edilmiş, elm və təhsilin inkişaf etdirilməsi üçün böyük perspektivlər açılmışdır.
Respublilkamızda müstəqillik illərində humanitar elmlərin mühüm tərkib hissələrindən biri olan kitabxanaşünaslıq elminin inkişafı sahəsində də böyük tərəqqi və yeniliklər baş vermiş, kitabxanaşünaslığın mühüm problemlərinə dair geniş elmi tədqiqatlar aparılmış, elmi məqalələr, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri nəşr edilmişdir. Sovetlər Birliyi zamanı respublikamızda ali və orta ixtisas kitabxanaçılıq müəssisələrində bir dənə də milli dərslik olmadığı halda hazırda onlarla milli dərslik və dərs vəsaitləri meydana gəlmişdir. Elmi dərəcəsi olan milli kadrların sayı 3 dəfədən çox artmışdır. Hazırda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində və respublikamızın elmi kitabxanalarında 10 nəfərə yaxın elmlər doktoru və 30-a qədər elmlər namizədi çalışır. Bakı Dövlət Universitetində və AMEA–nın Mərkəzi Elmi Kitabxanasında 20 nəfərdən artıq doktorant və dissertant elmi tədqiqat işi aparır. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində 30 nəfərə qədər magistr təhsil alır. Magistrlər kitabxanaşünaslıq və informasiyanın aktual problemlərinin araşdırılmasında yaxından iştirak edirlər. Böyük elmi və praktik əhəmiyyətə malik olan magistr dissertasiyaları yazılan zaman əldə edilən nəticələri, təklif edilən nəzəri fikirləri çap etmək, onları kitabxanaların təcrübəsinə tətbiq etmək zərurəti meydana çıxır.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kafedralarında çox güclü elmi potensiala malik alimlər - fəlsəfə doktorları və elmlər doktorları fəaliyyət göstərir. Bu alimlər bir qayda olaraq BDU-nun elmi tədqiqat planına müvafiq müasir dövr kitabxana quruculuğunun aktual problemlərinə dair araşdırmalar aparırlar. Belə tədqiqatların çap edilməsi, respublikamızın çoxsaylı kitabxana ictimaiyyətinə çatdırılması böyük elmi-nəzəri və praktik əhəmiyyət kəsb edir, əldə edilən elmi nəticələrin kitabxana praktikasına tədbiq edilməsinə şərait yaradır.
Müstəqillik illərində bir sıra kitabxanalar elmi status almış, geniş elmi tədqiqat işləri aparmağa başlamışdılar. Belə kitabxanalara misal olaraq M.F.Axundov adına Milli Kitabxananı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasını, Prezident Kitabxanasını, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasını və s. sahəvi kitabxanaları göstərmək olar. Bu kitabxanaların elmi-metodik və informasiya şöbələrində onlarla elmi əməkdaş çalışır. Bu kitabxanalarda kitabxanaşünaslığın və informasiyanın aktual problemlərinə dair ciddi araşdırmalar aparılır, olduqca böyük elmi-nəzəri və praktik əhəmiyyətə malik olan nəticələr əldə edilir. Bu baxımdan böyük elmi kollektivlərin və ayrı-ayrı tədqiqatçıların əldə etdiyi nəticələrin çapı da böyük aktuallıq kəsb edir.
Bütün bu göstərdiklərimizlə yanaşı informasiya cəmiyyəti kitabxanaşünaslıq elmləri qarşısında daha ciddi problemlər qoymuşdur. Təəssüf ki, informasiya cəmiyyətinin inkişafında mühüm rol oynayan informatika elminin bəzi nümayəndələri, informasiya texnologiyasına, kompüterə, informasiyalaşdırma prosesinə, internetə, məlumatın elektron daşıyıcılarına aludə olaraq, elektron kitabxanaların yaradılmasını mühüm amil hesab edərək, ənənəvi kitabxanaçılığın əhəmiyyətini azaltmağa meyl göstərirlər. Bizcə, belə meylləri təhlil etmək, onun mənfi və müsbət cəhətlərini göstərmək, perspektivlərini müəyyənləşdirmək və kitabxana işində elektron vəsaitlərdən istifadə etmək işini araşdırmaq, klassik kitabxanaçılıqla yeni kitabxanaçılığın inteqrasiyası prosesini ön plana çəkmək zərurəti meydana çıxır. Hər şeydən öncə informasiya cəmiyyətinin mahiyyətini dərk etmək, onun inkişaf istiqamətlərini, məqsəd və vəzifələrini müəyyənləşdirərkən belə bir inkaredilməz həqiqət ortaya çıxır ki, informasiya cəmiyyəti kitabxanasız keçinə bilməz. Oxucuların informasiya tələbatının ödənilməsi bilavasitə maddiləşmiş biliyə, həqiqi biliyə, yəni kitaba əsaslanmalıdır. Kitablar isə kitabxanalarda toplanmışdır. Deməli, obrazlı şəkildə desək, kitabxanalar informasiya cəmiyyətinin döyünən ürəyidir. Bu ürək nə qədər sağlam olsa, ritmik döyünsə, informasiya cəmiyyəti bir o qədər sürətli inkişaf edən, böyük nemət olan biliyin idarə olunmasında daha yaxından iştirak edə bilər. Bütün bunlar isə ən böyük sosial funksiyalar: biliklə insan arasında etibarlı və əbədi körpü olan, biliyin idarə olunmasında və kitabın cəmiyyət üzvlərinə çatdırılmasında etibarlı vasitə olan, cəmiyyətin informasiya fəaliyyətini təmin edən kitabxanaların missiyasıdır.
Beləliklə, kompüter texnologiyalarının nailiyyətlərinə və qlobal informasiya şəbəkələrinin inkişafına əsaslanan “informasiya cəmiyyəti” və xüsusən daha geniş əhatəli sosial, etik və siyasi parametrləri əhatə edən “biliklər cəmiyyəti” kitabxanasız keçinə bilməz. Məhz buna görədir ki, YUNESKO-nun əsas sənədlərində kitabxanalar informasiya cəmiyyətinin əsas atributlarından biri kimi qiymətləndirilir. Cəmiyyətin sosial təsisat (institut) kimi formalaşdırdığı kitabxanalar tarixən mədəniyyətin normal fəaliyyətinin mühüm şərti olmuş, mədəniyyətin yaddaşını itirilməkdən qorumuş, gələcək nəsillərə çatdırılmasında əvəzsiz xidmət göstərmişdir.
Kitabxanaların tarixinə nəzər saldıqda məlum olur ki, bütün dövrlərdə kitabxanalar xalqın yaratmış olduğu elmi və mədəni sərvətləri qorumuş, bəşəriyyətin işıqlı gələcəyinə, təhsilinə, maarifinə, mədəniyyətinə, elminə, tərbiyəsinə xidmət etmiş, bilik, elm, informasiya mərkəzi kimi bəşər sivilizasiyasının yüksəldilməsi vasitəsi olmuşdur. İlk kitabxanalar hələ b.e.ə III minillikdə bəşər mədəniyyətinin beşiyi olan Şumerdə yaranmışdır. Sonrakı əsrlərdə Assuriyada, Kiçik Asiyada, Qədim Misirdə, Romada, Ərəb və Avropa ölkələrində informasiya vasitələri olan kitabları və s. yazılı materialları toplayıb saxlayan, onu nəsildən-nəslə ötürən kitabxanalar dövrün-zamanın keşməkeşli yollarından keçərək mədəniyyət və informasiya vasitəsi kimi xidmət etdikləri cəmiyyətin və insanların böyük hörmətini qazanmışlar. Belə kitabxanalara misal olaraq Assuriya carı Aşşurbanipalın öz fondunda 200 mindən artıq gil lövhəciklərdən ibarət kitabxanasını, dünyanın mədəni möcüzələrindən biri olan İsgəndəriyyə Kitabxanasını, Perqam padşahlığının kitabxanasını, orta əsrlərin ümumi kitabxanalarını, müasir dünyanın böyük dövlətlərinin milli kitabxanalarını göstərmək olar. Dünya tarixində bəşəriyyətə 5 min ildən artıq xidmət edən bu kitabxanalar elm və mədəniyyətin inkişafı zəminində daim inkişaf etmiş, “öz qiymətli yükünü” bəşəriyyətin inkişafı naminə irəliyə aparmışdır. Kitabxanaların daim inkişaf edən, təkmilləşən, daha həyati, səmərəli xarakter daşıyan tarixi missiyası xalqların yaddaşına həkk edilmişdir.
İlk kitabxanaların tarixindən 5 min il keçir. Bu beş min ildə milyonlarla oxucuya xidmət edən kitabxanalar öz ilk forma və strukturlarını əsasən saxlamış, ancaq daim təkmilləşmiş, dövrlə, zamanla ayaqlaşmağa çalışmışlar. Lap qədim zamanlardan kitabxanaların iki funksiyası fəaliyyət göstərməkdədir. Kitabxanaların ilk və ən mühüm funksiyası sənədləri (əlyazmaları, çap kitablarını və s.) toplamaq başqa sözlə, fond yaratmaq funksiyasıdır. Arxivdən fərqli olaraq kitabxana fondları həmişə oxucuların üzünə açıq olmuşdur. Bəzi vaxtlarda kitabxana fondlarının qapalı xarakter daşıdığı halda belə onlar müəyyən qrup oxuculara xidmət etmişdir. Kitabxanaların ikinci mühüm funksiyası oxuculara xidmət funksiyasıdır. Bu iki funksiyanın qarşılıqlı əlaqəsi, birləşdirilməsi və işlək vəziyyətə gətirilməsi kitabxanaçıların fəaliyyəti nəticəsində mümkün olmuşdur. Kitabxanaçılar tarixən kitabxana işinin hərəkətverici qüvvəsi olmaqla, cəmiyyətlə kitabxanalar arasında əlaqələndirici vasitə rolunu oynamışdır. Kitabsız, oxucusuz kitabxana olmadığı kimi kitabxanaçısız da kitabxana ola bilməz. Beləliklə, kitabxana bu üç sütun üzərində bərqərar olmaqla inkişaf edib zəmanəmizə gəlmişdir. Deməli, 5 min il tarixi olan kitabxanalar cəmiyyətin yaratdığı ən mühüm təsisatlardan (institutlardan) biri kimi daim onu yaradan cəmiyyətə xidmət etmiş, cəmiyyət kitabxanaların hamısı kimi çıxış etmişdir. Cəmiyyətlə kitabxanalar arasında olan bu üzvi bağlılıq kitabxanaların yaşamasını təmin emtiş, onun fəaliyyətindən cəmiyyət üzvləri elm, təhsil, mədəniyyət və tərbiyə sahəsində bəhrələnmişdir.
Ancaq çox təəssüflə qeyd etmək istəyirəm ki, müasir informasiya cəmiyyətində kitabxanalara münasibət hec də birmənalı deyildir. Bəzi informatika mütəxəssisləri, müasir elektron kitabxanaların, elektron kataloqların inkişafına daha çox diqqət yetirməyə, internetin fəaliyyətindən bəhrələnməyə və bütün informasiyaları elektron vasitələrlə əldə etməyə üstünlük verməklə ənənəvi kitabxanalardan tədricən əl çəkməyi məsləhət bilirlər.
Əgər kitabxanalar yalnız informasiya cəmiyyəti nəzəriyyəçilərinin öyrənmə obyekti kimi qalarsa, deməli, kitabxanaların uzun müddət əldə etdiyi təcrübə, ənənəvi kitabxanaçılığın bütün nailiyyətləri, biliklərin idarə edilməsi texnologiyası, oxucu və kitabxanaçı probleminin davamlı öyrənilməsi və proqnozlaşdırılması imkanlarından, müasir informasiya cəmiyyəti şəraitində kitabxanalarda aparılan yeniliklərin, yeni iş forma, metodlarından istifadə kitabxana informasiya və kommunikasiya texnologiyasının ənənəvi kitabxanaçılıqla əlaqələndirilməsi prosesindən istifadə etmək olduqca cətin olacaqdır. Bütün bunları nəzərə alan kitabxanalar və kitabxanaşünaslıq elmləri bu düzgün olmayan elmi, praktik və tarixi cəhətdən əsaslandırılmayan, səhv tendensiyaya qarşı çıxmalı böyük sosioloji tədqiqatlar, kitabxanaların 5 min illik təcrübəsinə əsaslanan informasiya cəmiyyətinin qarşıda qoyduğu aktual problemlərin öyrənilməsinə dair ciddi elmi araşdırmalar aparılmalı, əldə edilən nəticələri nəzəri cəhətdən əsaslandırmaqla müasir dövr üçün ciddi tövsiyələr hazırlamalıdır. Ancaq bundan sonra müasir kitabxana, onun quruluşu, strukturu, statusu, cəmiyyətdə tutduğu mövqe və onun vəzifələri haqqında elmi fikir söyləmək olar. Bunun üçün isə ölkənin kitabxana ictimaiyyəti ilə kitabxanaşünas alimlərin birgə fəaliyyətinin zəruriliyi ortaya çıxır.
Qeyd etdiyimiz kimi, son illərdə həm beynəlxalq, həm də regional səviyyədə mübahisələrin, müzakirələrin ardı-arası kəsilmir; kitabxanalar hamının vərdiş etdiyi kimi öz ənənəvi formasını (bina, kitabsaxlayıcı, kataloqlar, oxu zalları və s.) saxlayacaqmı? Və yaxud kitabxanalar yaşamağa qadirdimi? Müxtəlif fikirlərin ortaya çıxdığı belə bir şəraitdə kitabxana-informaisya texnologiyası sürətlə inkişaf edir, elektron kataloqlar, elektron kitabxanalar yaranır, kitabxanalar internetə qoşulur. Kitabxanalardan internetə çıxış yolundan oxucular müvəffəqiyyətlə internetdən istifadə edir. İnternet müstəqil informasiya vasitəsinə çevrilir. Həmçinin kitabxana fondlarında elektron kitabların və elektron jurnalların miqdarı artır. Tammətnli elektron nəşrlərə abunələrin genişlənməsi ənənəvi abunələri üstələyir və ona qalib gəlir. Gələcək elektron kitabxanaların əsasını təşkil edən bu ünsürlər getdikcə daha geniş meydan alır, sonra ənənəvi kitabxanalara “Mən sənin gələcəyinəm” deyir. Ancaq bu dediklərimiz və müasir dövrdə kitabxanaçılıq aləmində baş verən proseslər hec də göründüyü kimi deyil və mikrodaşıyıcılar, nə audio-video kasetlər, qrammofon valları, nə də CD-ROM-lar kitabxanaların bir institut kimi mövcudluğunu şübhə altına ala bilməz. Tarixə nəzər salaq: 5 min ildən artıq tarixi olan ənənəvi kitabxanalar bütün zamanlarda və dövrlərdə bəşəriyyətə uğurla xidmət edib, təkmilləşərək, yeniləşərək zəmanəmizə qədər gəlib çıxmışdır. Məhz buna görə də kitabxanaların gələcəyinə nəzər salarkən, kitabxana quruculuğunun gələcəyini proqnozlaşdırarkən keçmişi dərindən öyrənilməli, kitabxanaların 5 min illik təcrübəsi nəzərə alınmalıdır.
Beləliklə, elektron daşıyıcıların inkişafı ənənəvi kitabxanaların yaşamasına, fəaliyyət göstərməsinə, cəmiyyətin informasiya tələbatının ödənilməsində onların roluna heç bir xələl gətirmir, əksinə, onun daha da təkmilləşməsinə, oxuculara xidmət işinin daha səmərəli təşkilinə, operativliyinə kömək edir. İnformasiya cəmiyyətində kitabxana işi sahəsində sürətlə baş verən bu inqilabi dəyişikliklər, onların dərindən öyrənilməsi, ümumiləşdirmələr aparılması kitabxanaşünaslıq elmləri qarşısında olduqca mühüm vəzifələr qoyur. Məhz kitabxanaşünaslıq kitabxana işinin yeni şəraitə uyğunlaşmasına, informasiya elmi ilə inteqrasiyasına dair araşdırmalar aparmalı kitabxanalarımızı elmi-nəzəri müddəalarla silahlandırmalıdırlar.
Yadda saxlamaq lazımdır ki, axtarış məharətinin bütün növlərini məhz kitabxanalarda təkmilləşdirmək mümkündür. Bu baxımdan görkəmli Amerikan kitabxanaşünası Cessi Şiranın kitabxanaların gələcəyə yönəlmiş fəaliyyəti haqqında sözləri olduqca maraqlıdır. O yazır: “Fundamental sosial tələbatı təmin etməkdən ötrü cəmiyyətin yaratdığı kitabxana sivilizasiyanın nəhəng abidələri icərisində demək olar ki, yeganə abidədir ki, indi əvvəlkindən daha yüksəkdə durur və zülmətə qarşı çıxır. Onlar belə bir fikrin universal təsdiqidir ki, insan varlığının ulu sənədli sübutları yaşamaqda davam edir və bizə çox şey söyləyir, həm də hər biri ayrı-ayrılıqda yox, hamısı birlikdə və onlar buna ehtiyacı olan hər bir kəsin üzünə acıq olmalıdır”.
ƏDƏBİYYAT
-
Xələfov A.A. Kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir. - B., 2010.- 186 s.
-
Kitabxanalar biliklər cəmiyyətində (İkidilli Azərbaycan-Rusiya layihəsi). - B., 2006. - 516 s.
-
Библиотеки в обществе знаний (Двухязычный азербайджанско- российский проект). - Б., 2006. - 516 с.
-
Шрайберг Я.Я. Библиотеки элэктронная информация и меняющееся обшество в информационном веке.- М., 2006.- 35 с.
-
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. - B., 2001. - 398 s.
ИНФОРМАЦИОННОЕ ОБЩЕСТВО И СОВРЕМЕННЫЕ ПРОБЛЕМЫ БИБЛИОТЕКОВЕДЕНИЯ
А.А.ХАЛАФОВ
РЕЗЮМЕ
В статье рассмотрена актуальные проблемы библиотековедение в годы независимости Азербайджана. Информатизация традиционных библиотек и важность обеспечение современным библиотечно-информационной технологиями библиотек является основными проблемы библиотековедения и информатизации обшества.
modern problems of information seciety
and library science
A.A.KHALAFOV
SUMMARY
In the article is given about the actual problems of the library science library science during the independence years. The main problems of the library science and information is to secure the library information technology.
M.F.Axundov adına Azərbaycan Mİllİ
Kİtabxanası müstəqİllİk İllərİndə
K.M. TAHİROV
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
M.F.Axundov adına Milli Kitabxana Azərbaycanın müstəqilliyi illərində özünün inkişafının ən yüksək pilləsinə qədəm qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada başlanan möhtəşəm yenidənqurma prosesi Milli Kitabxananın fəaliyyətində də özünü biruzə vermişdir. Kitabxanada yeni iş üsulları, yeni iş metodları tətbiq olunmağa başlamış, mütərəqqi formalardan istifadə edilmişdir.
İlk növbədə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri əks etdirən kitabların təqdimat mərasimlərini qeyd etmək olar. Bu mərasimlərdə mərhum prezidentimiz Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Milli Kitabxananın fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirmişdir: “Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm” [1, 239].
Ulu öndərimizin 1995-ci ildə Milli Kitabxanada “Vətənə, Dövlətə, Xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirakı kitabxananın həyatında böyük bir hadisəyə çevrilmişdi. Bu mərasimdə iştirak edən ulu öndər Milli Kitabxananın fondunun xarici dillərdə ədəbiyyatla komplektləşdirilməsi üçün hər il əlavə 5 min ABŞ dolları vəsait ayrılması barədə göstəriş vermişdir.
1995-1997-ci illərdə ulu öndər Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanada 4 dəfə olmuşdur və onun kitabxanaya hər gəlişi bu elm məbədinə yeni bir abu-hava, təkmilləşmə gətirmişdir.
Milli Kitabxanada çıxışı zamanı “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyən ulu öndər Milli Kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxədən artıq qiymətli kitab bağışlamışdır [1, 239]. Ulu öndərin bu hədiyyəsi Milli Kitabxanaya öz şəxsi kitabxanalarından qiymətli kitab kolleksiyaları hədiyyə olunması kimi gözəl bir ənənəyə başlanğıc vermiş oldu. Bundan dərhal sonra Baş Nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, görkəmli akademikimiz Ziya Bünyadov və başqa ziyalılarımız Milli Kitabxanaya qiymətli kitab kolleksiyaları bağışladılar.
Prezident Heydər Əliyevin kitabxanaya hədiyyə etdiyi nəfis “Qurani-Kərim” bu gün də Milli Kitabxananın kolleksiyasının ən qiymətli nümunələrindən biri kimi mühafizə olunur.
90-cı illərdə Milli Kitabxanada işlərin təşkilində əsas istiqamət müstəqil Azərbaycanın nailiyyətlərinin geniş təbliğ edilməsinə və latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunan kitabların fondda ümumi çəkisinin artmasına gətirib çıxaran tədbirlərin görülməsindən ibarət olmuşdur.
İnformasiya cəmiyyəti quruculuğu şəraitində Milli Kitabxananın ən ümdə vəzifəsi müasir dövrün tələblərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi nəticəsində oxuculara kitabxana xidmətinin optimallaşdırılmasına nail olmaqdan və bütün kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində gərəkli addımların atılmasından ibarət olmuşdur.
Artıq 90-cı illərin sonundan başlayaraq Azərbaycan Milli Kitabxanasında informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinə başlanılmışdır. 1998-ci ildə Soros fondunun və Avrasiya fondunun qrantları əsasında İnternet zalının açılması ilə bu işə ilk addımlar atılmışdır. Respublikamızda kitabxanada ilk İnternet zalı məhz M.F.Axundov adına Milli Kitabxanada yaradılmışdır.
2000-ci ildə isə yenə də həmin ictimai təşkilatların qrant vəsaiti hesabına Milli Kitabxanada ilk Tədris Mərkəzi təşkil olunmuşdur. Bu mərkəzdə ilk dəfə olaraq respublikamızın kitabxana işçiləri üçün kompüter təlimi üzrə və İnternetdə axtarış aparmaq vərdişlərinin aşılanması üzrə treninqlər təşkil olunmuşdur.
Həmin ildə respublikamızda ilk dəfə olaraq avtomatlaşdırılmış kitabxana sistemlərinin tətbiqi istiqamətində ilk addımlar atılmışdır. ABŞ səfirliyinin, Soros və Avrasiya fondlarının maliyyə dəstəyi ilə ABŞ-ın VTLS korporasiyasının məxsusi kitabxanalar üçün işləyib hazırladığı VIRTUA proqramının tətbiqi ilə elektron kataloqun tərtibinə hazırlıq işlərinə başlanılmışdır. Bu layihənin kompüter avadanlıqları və texnoloji təminatı Soros Fondu tərəfindən, proqram təminatı isə Avrasiya Fondu tərəfindən həyata keçirilmişdir.
Üç illik hazırlıq işləri aparıldıqdan, beynəlxalq treninqlər keçirildikdən və lazımi mütəxəssislərin hazırlanması prosesi başa çatdıqdan sonra 2003-cü ildə elektron kataloqun tərtibi işlərinə başlanılmışdır. Milli Kitabxanada elektron kataloq beynəlxalq maşınla oxunan MARC-21 formatında işlənilmişdir.
2004-cü ilin martından Milli Kitabxanada digər kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işlərinə start verilmişdir. Lakin bütün bunlar külli miqdarda vəsait tələb etdiyindən müvəqqəti işlər dayandırılmışdır.
Xeyli hazırlıq və təcrübi işlər aparıldıqdan sonra 2006-cı ilin mayında Milli Kitabxananın veb-saytının və elektron kataloqunun təqdimat mərasimi olmuşdur [2, 5]. Respublikamızda ilk kitabxana saytı və elektron kataloqunun təqdimatı beynəlxalq ekspertlərin, respublika kitabxana ictimaiyyətinin və mətbuat nümayəndələrinin iştirakı ilə olmuşdur. 2006-cı ilin mayından Milli Kitabxananın saytı vasitəsilə bir sıra beynəlxalq məlumat bazalarında – ABŞ-ın Konqres Kitabxanasının və Rusiyanın Milli Dövlət Kitabxanasının elektron məlumat bazalarında birbaşa axtarış aparmaq imkanı əldə edilmişdir.
İnformasiya cəmiyyəti quruculuğu dövrünün tələblərinə müvafiq olaraq 2006-cı ildə Milli Kitabxananın strukturu yenidən işlənmiş və yeni şəraitdə və yeni tələblərə uyğun müvafiq struktur bölmələri yaradılmışdır. İlk növbədə kitabxananın elektron resurslarının yaradılmasına olan böyük ehtiyac nəzərə alınaraq yeni strukturda Elektron resursların yaradılması şöbəsi təşkil olunmuşdur. Yeni strukturda elektron kitabxana bölməsi yaradılaraq Milli Kitabxananın qiymətli fondlarının elektron daşıyıcılara köçürülməsi kimi mühüm bir prosesə başlanğıc verilmişdir.
Eyni zamanda kitabxananın yeni strukturunda Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi yaradılaraq bütövlükdə kitabxana işinin bütün istiqamətlərində qlobal avtomatlaşdırma işlərinə start verilmiş, digər iş istiqamətlərində də kompüter texnologiyaları tətbiq olunmağa başlanmışdır. Ədəbiyyatın komplektləşdirilməsi və kitabxana qaydası ilə işlənməsi, kataloq kartoçkalarının çap olunması prosesləri də kompüter avadanlıqları vasitəsi ilə həyata keçirilməyə başlanmışdır.
Bu gün Milli Kitabxananın fondlarında mühafizə olunan 250 min nüsxədən artıq ədəbiyyat artıq elektron kataloqun məlumat bazasında öz əksini tapmışdır. Kitabxanaya yeni daxil olan kitablarla yanaşı, əvvəllər kitabxananın fonduna daxil olan və oxucular tərəfindən daha çox istifadə olunan ədəbiyyat da oxuculardan qayıtdıqdan sonra elektron kataloqa daxil edilir. Bu qayda ilə dünya təcrübəsinə uyğun olaraq ilk növbədə oxucular tərəfindən daha çox istifadə olunan ədəbiyyatın elektron kataloqa daxil edilməsi təmin olunacaqdır. Hazırda Azərbaycan ədəbiyyatının arxivi, Not nəşrləri və səsyazmaları şöbələrinin fondlarındakı qiymətli nəşrlər də paralel olaraq elektron kataloqa daxil edilir.
Milli Kitabxanada elektron resursların yaradılması istiqamətində də uğurlu addımlar atılmışdır. Elektron resursların yaradılması və Elektron kitabxana şöbələri bu sahədə işləri iki istiqamətdə həyata keçirirlər: bir tərəfdən kitabxanaya yeni daxil olan və latın qrafikası ilə çap olunan kitabların elektron versiyaları yaradılır, digər tərəfdən isə ötən illərdə kiril və ya latın qrafikası ilə çap olunan və oxucular tərəfindən daha çox soruşulan kitablar skanerdən keçirilərək elektron kitabxanaya daxil edilirlər. Təbii ki, kiril qrafikası ilə çap olunmuş kitabların elektron versiyasının yaradılması daha çox vaxt tələb etdiyindən bu işlərin surətinə mənfi təsir göstərir.
Hazırda Milli Kitabxananın elektron kitabxanasının məlumat bazasında 10 mindən çox tammətnli nəşrlər oxucuların sərəncamına verilmişdir. Bu iş kitabxananın işçiləri tərəfindən adi skanerlərin köməyi ilə həyata keçirildiyindən hələ də bu sahədə lazımi operativliyə nail olunmamışdır. Göstərilən istiqamətdə köklü irəliləyişlərə nail olunmasında “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq düzəlişlər edilməsi və həmin qanuna Milli Kitabxanaya ölkədə dərc olunan bütün çap məhsullarının elektron variantlarının verilməsi barədə ayrıca maddə daxil edilməsi əhəmiyyətli rol oynaya bilər.
2008-ci ilin noyabr ayından Milli Kitabxanaya daxil olan 100 adda qəzet və digər dövri nəşrlərin də tammətnli elektron məlumat bazasının yaradılmasına başlanılmışdır. Başqa sözlə desək, alınan 100 adda nəşrdə çap olunan bütün materiallar skanerdən keçirilərək ayrı-ayrı mövzular və predmetlər üzrə qruplaşdırılaraq həmin gün saat 16-00-dək kitabxananın saytı vasitəsilə oxucuların və istifadəçilərin sərəncamına verilir. Nəticədə internetə çıxış imkanı olan hər bir ucqar kənd kitabxanası və yaxud onun oxucusu heç bir çətinlik çəkmədən və əlavə vəsait ödəmədən gündəlik dövri mətbuatı oxumaq imkanı əldə etmiş olur.
Digər tərəfdən dünya oxucuları da bu yolla hər gün operativ şəkildə Azərbaycan həqiqətləri ilə tanış ola bilir və onları maraqlandıran məsələlər üzrə hər gün Azərbaycan mətbuatında dərc olunan yazıları əldə edib onlardan operativ şəkildə bəhrələnə bilirlər. Bu da dünya informasiya məkanında Azərbaycan həqiqətlərinin lazımınca yer tutmasında və geniş təbliğində əhəmiyyətli rol oynayan amillərdən biridir.
Bu gün kitabxanalarımızda kifayət qədər dövri mətbuatın alınması və onların operativ şəkildə yerlərə çatdırılması problemi olduğu bir zamanda ayrı-ayrı mövzular üzrə dövri mətbuatın tammətnli elektron bazasının yaradılması xüsusi əhəmiyyət kəsb edən çox vacib bir məsələdir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikasının ən böyük dövlət kitabsaxlayıcısı, milli mətbuatımızın və kitabiyyatımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün kitabxanaları üçün elmi metodik mərkəz funksiyasını yerinə yetirən, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz rolunu oynayan və nəhayət, Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan elm məbədi və mənəviyyat xəzinəsidir.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundov adına Dövlət kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir [5, 1143]. Bu status kitabxananın qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş və ölkənin ictimai həyatında onun rolunu artırmışdır.
Son illərdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ölkənin baş kitabxanası kimi, respublikanın əsl mədəniyyət mərkəzinə, mədəni-kütləvi tədbirlərin, yeni kitabların təqdimat mərasimlərinin, kitab bayramlarının, müəlliflərlə oxucuların görüşlərinin keçirildiyi məkana çevrilib. Son illər ərzində elə bir ay olmamışdır ki, Milli Kitabxanada böyük bir tədbir keçirilməsin, ziyalılar, kitabsevərlər burada toplaşmasın.
2007-ci il ərzində Milli Kitabxananın fonduna 18 min yeni ədəbiyyat daxil olmuşdursa, [6, 3] 2008-ci il ərzində yeni alınan ədəbiyyatın sayı 25 min nüsxəni keçmişdir ki, bu da ötən illərlə müqayisədə xeyli artıqdır [7, 6]. Milli Kitabxanaya daxil olan yeni ədəbiyyatın sayının artmasında ölkədə nəşr olunan bütün çap məhsullarından pulsuz məcburi nüsxələrin alınması və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən latın qrafikası ilə çap olunan ədəbiyyatın mühüm rolu var.
Bütün bunlar isə oxucuların, kitabxanaya gələnlərin sayının xeyli artmasına səbəb olub. Ötən il ərzində Milli Kitabxananın daimi oxucularının sayı 38 min nəfər, virtual oxucuların sayı isə 80 mini keçmişdir, kitabxanaya gələnlərin sayı isə 230 min nəfərə çatıb.
Fərəhləndirici haldır ki, 60-70-ci illərdə Axundov adına Milli Kitabxanada mövcud olan zallarda oxumaq üçün növbələr bərpa olunub. Ilin bəzi aylarında şənbə və bazar günləri kitabxanaya gələnlərin sayı 1300-1500 nəfərə çatır və zallarda yerlər dolduğundan oxucuların qarşısını saxlamaq məcburiyyətində qalırıq. Oxucuların, kitabxanaya gələnlərin sayının artmasında ən vacib şərt yeni ədəbiyyatın artması və zallarda oxucular üçün hər cür şəraitin yaradılmasıdır.
M.F.Axundov adına Milli Kitabxana “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanunu ilə ona verilmiş milli çap məhsullarının arxiv fondunun yaradılması və Milli biblioqrafiya vəsaitlərinin tərtibi funksiyasını da müvəfəqiyyətlə yerinə yetirir. Artıq 2004-cü ildən başlayaraq kitabxana ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının dövlət qeydini aparır və il ərzində ölkədə nəşr olunan bütün materialları özündə əks etdirən "Birillik Azərbaycan kitabiyyatı"nı çap edir. Cari dövlət biblioqrafiyasının vacib atributu olan bu nəşrin artıq 10 buraxılışı çap olunub, 2 buraxılışı isə nəşrə hazırdır və bu günlərdə işıq üzü görəcəkdir.
Milli Kitabxana 2006-cı ildən öz fonduna daxil olan yeni ədəbiyyatın cari biblioqrafik göstəricilərini tərtib etməyə başlamışdır. «Yeni kitablar» adlı cari biblioqrafik informasiya göstəricisi hər rübdə bir dəfə nəşr olunur və həmin dövr ərzində Milli Kitabxananın fondlarına daxil olan bütün yeni ədəbiyyat orada öz əksini tapır. Burada Azərbaycan, rus və digər xarici dillərdə olan bütün nəşrlər əhatə olunur. Materiallar elm sahələri üzrə qruplaşdırılır və oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə hər bir kitabın şifrələri də verilir.
Hazırda Milli Kitabxanaya daxil olan dövrü mətbuatın əksəriyyətinin məzmunu açılır və orada gedən bütün vacib materialların analitik təsvirləri analitik elektron məlumat bazasında öz əksini tapır. Bütün bunlar Azərbaycan mətbuatının elektron məlumat bazasının yaradılması işinə xidmət edir və gələcəkdə fundamental milli biblioqrafiya vasitələrinin tərtibi və nəşri üçün əlverişli zəmin yaradılması üçün əsas olacaqdır.
Müasir dövr informasiya cəmiyyəti kimi xarakterizə olunur və sirr deyil ki, bu gün oxucular məhz yeni informasiya ardınca kitabxanalara müraciət edirlər.
İnformasiyanın, kompüterin insanların məişətinə daxil olduğu, onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda, oxucuların zaman və məkan problemi olmadan lazımi informasiyanı əldə etməsinə, müasir tipli informasiya texnologiyalarından istifadə etməklə bilavasitə iş və yaşayış yerlərindən dünyanın ən zəngin informasiya mənbələrinə daxil olaraq lazımi informasiyaları operativ şəkildə almalarına şərait yaratmaq istiqamətində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında son illər ərzində məqsədyönlü işlər görülür. Bütün bu işlərin nəticəsi otaraq Milli Kitabxananın veb saytının, elektron kataloqunun və elektron kitabxanasının yaradılması təmin edilib və oxucuların istifadəsinə verilib, kitabxanada məsafədən virtual kitab sifarişi sistemi tətbiq edilib, kitabxanalara virtual metodik xidmət metodundan istifadə olunur.
Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son yenilik onun lokal kompüter şəbəkəsinə daxil olan kitabxanaların oxucularına kitabxanaçıların sifarişi əsasında milli kitabxananın fondunda olan kitabların müəyyən hissələrinin elektron çatdırılması sisteminin tətbiqindən ibarətdir. Belə ki, Əhmədli massivində yaşayan hər bir oxucu Xətai rayon Mərkəzi kitabxanasına müraciət edərək Milli Kitabxananın fondunda olan hər bir kitabın müəyyən hissələrinin elektron variantını alıb oxuya biləcəkdir. Həmin materialların adi printerlə çap olunaraq kitabxanada saxlanılması isə onlardan digər oxucuların da təkrar istifadə edə bilmələrinə imkan yaradır.
Artıq bu gün kitabxanamızın oxucuları və eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və elektron kataloqu vasitəsilə zaman və məkan problemi olmadan milli kitabxananın nəinki kataloq və fondlarına daxil olaraq ondan sərbəst istifadə edə bilirlər, hətta onun tammətnli elektron məlumat bazalarından da bəhrələnirlər. Kitabxananın elektron kataloqunda 1990-2008-ci illəri əhatə edən 65 200 adda 207 800 nüsxədən artıq kitab öz əksini tapmışdır [7, 7]. Maraqlı haldır ki, kitabxananın saytına xarici ölkələrdən oxucular daha çox müraciət edirlər. Bu gün oxucular və respublikanın ən ucqar kəndində belə INTERNET-ə çıxışı olan hər bir vətəndaş nəinki Milli Kitabxananın fond və kataloqlarında, hətta ABŞ-ın Konqres Kitabxanasının və Rusiya Dövlət Milli Kitabxanasının (keçmiş Lenin kitabxanası) fond və kataloqlarında da birbaşa axtarış aparmaq imkanına malikdir.
Bu ilin mayından Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazası Avropa Elektron Kitabxanasına daxil edilmişdir. Yəni kitabxananın oxucuları Avropanın 47 kitabxanasının fondlarında və kataloqlarında birbaşa axtarış aparmaq imkanı əldə ediblər. Eyni zamanda 47 Avropa ölkəsinin milli kitabxanasının oxucuları da Azərbaycan kitabxanasının fond və kataloqlarından istifadə etmək imkanı qazanıblar. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm bir vasitədir. Artıq bu gün kitabxanaya gələn oxucular sayı yüzlərlə olan ənənəvi kataloq və kartotekalarda saatlarla axtarış aparmaq əvəzinə, kitab verilişi məntəqəsində quraşdırılan kompüterlərə yaxınlaşaraq 2-3 dəqiqə ərzində Milli Kitabxananın elektron kataloqunda olan istədikləri kitabı tapa bilir və sifariş edirlər. Oxucular elektron kataloqa o dərəcədə öyrəşiblər ki, bəzən köhnə ənənəvi kataloqda axtarış aparmağa tənbəllik edirlər.
Keçən ilin mart ayından Milli Kitabxanada oxuculara virtual kitab sifarişi imkanı da yaradılmışdır. Yəni internetə çıxışı olan hər bir oxucu yaşayış və yaxud iş yerindən kitabxananın saytındakı “virtual xidmət” bölməsinə girərək istənilən kitabı sifariş edə bilər və dərhal ona həmin kitabın kitabxanada olub-olmaması barədə məlumat verilir, lazım gəldikdə onu sifariş edir və artıq oxucu kitabxanaya gələrkən kitab rəfdə onu gözləyir. Beləliklə kitabı kataloqda axtarmaq və sifariş edib bir saat gözləməyə ehtiyac qalmır. Əgər oxucunun istədiyi kitab kitabxanada yoxdursa, heç vaxt itirib gəlməyə ehtiyac qalmır. Bu müddət ərzində 260 nəfər oxucu yüzlərlə kitab sifariş etmişdir. Bu prosesin davamı olaraq ötən ilin dekabrından virtual qaydada kitabın bir hissəsinin Milli kitabxananın lokal şəbəkəsinə daxil olan digər kitabxanaların elektron ünvanına göndərilməsi xidməti də həyata keçirilir.
Gələn ildən oxucuların qeydiyyatı və kitab verilişi proseslərinin də kompüterlər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Əlbəttə, bütün bunlar yeni avadanlıqların alınıb quraşdırılması ilə bağlıdır.
Milli Kitabxanada dünyanın ən böyük və zəngin kitabxanalarında daha çox tətbiq olunan VTLS-VIRTUA sistemi üzrə həyata keçirilən kitabxana proseslərinin avtomatlaşdırılması, oxucu sorğularının virtual rejimdə ödənilməsinə və ödənilən arayışların tam şəkildə məlumat bazasında saxlanmasına şərait yaradan və onların təkrar istifadəsinə imkan verən avtomatlaşdırılmış sistem tətbiq olunur.
VIRTUA avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında oxuculara operativ məlumatın verilməsi məsələsini də həll etmişdir. Bu gün külli miqdarda vəsait sərf edərək yeni ədəbiyyat bülletenləri çap etməyə artıq ehtiyac yoxdur. Çünki kitabxanaya müxtəlif mənbələrdən daxil olan bütün ədəbiyyat Milli Kitabxananın saytındakı “Yeni ədəbiyyat” bölməsində əksini tapıb və oxucular həmin düyməni basmaqla hər gün kitabxanaya daxil olan yeni ədəbiyyat barədə məlumat ala bilirlər.
Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə dair xeyli miqdarda vəsaitlər nəşr edir və kitabxanalara göndərir. Bunların içərisində 60-70-ci illərdə çap olunan və müəyyən səbəblərdən uzun müddət çap olunmayan “Əlamətdar və tarixi günlər təqvimi”ni xüsusilə qeyd etmək lazımdır. 2004-cü ildə bu vəsaitin nəşri yenidən bərpa olunmuşdur və həmin ildə 2005-ci ili əhatə edən ilk buraxılış işıq üzü görmüşdür. 2006-2009-cı illərə aid buraxılışlar çap olunmuşdur və hazırda isə 2010-cu ili əhatə edən 6-cı buraxılış nəşrə hazırlanır.
Son dövrdə Milli kitabxana tərəfindən bir sıra vəsaitlər çap olunaraq ölkə kitabxanalarına və oxuculara təqdim olunmuşdur. Bunların içərisində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin I-X cildlərinin köməkçi göstəricisi”ni, Azərbaycan Respublikası Prezidentinin “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na dair ədəbiyyatı əks etdirən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” adlı biblioqrafik göstəricinin iki buraxılışını, “Heydər Əliyev Fondu 5 il” biblioqrafiyasını, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunan “Mir Cəlal: Biblioqrafiya”, “Qara Qarayev: Biblioqrafiya”, “Fikrət Əmirov: Bibloqrafiya” və “Üzeyir Hacıbəyli: Biblioqrafiya”, “Səttar Bəhlulzadə: Biblioqrafiya” kimi fundamental biblioqrafik vəsaitlərini, “Azərbaycan Xalq Cümhuriyyəti-90”, “Şəhidlər” biblioqrafik göstəricilərini və s. qeyd etmək olar.
Hazırda bir sıra sanballı vəsaitlər üzərində iş yekunlaşmaq üzrədir və ilin sonunadək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin XI-XXVIII cildlərinin köməkçi göstəricisi”, Azərbaycan xalçaları və tarixi abidələrimiz haqqında biblioqrafiyalar və s. fundamental göstəricilər çap olunaraq oxucuların ixtiyarına veriləcəkdir.
Son illərdə Milli Kitabxana tərəfindən bir sıra metodik materiallar da tərtib olunaraq yerlərə göndərilmişdir. Bunların içərisində 2004-cü ildə çap olunan “Kitabxana işinə dair normativ aktlar” adlı vəsait, “İkirəqəmli müəllif işarəsi cədvəlləri”ni xüsusilə qeyd etmək lazımdır. 2006-cı ildə kitabxanaların xahişi ilə təkrar çap olunan bu vəsaitlər qısa bir zamanda bütün kitabxanaçıların stolüstü kitabına çevrilmişdir.
Milli Kitabxana tərəfindən nəşr edilən bütün vəsaitlər mütəmadi olaraq yerlərdəki və Bakı şəhərindəki kitabxanalara göndərilir. Lakin bu vəsaitlərin nəşrinə və yerlərə göndərilməsinə xeyli vəsait və zaman sərf olunduğundan bu işin də təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bu məqsədlə avtomatlaşdırılmış sistemin tətbiqi nəticəsində kitabxananın nəşrlərinin tam elektron mətnləri kitabxananın saytının “Kitabxanamızın nəşrləri” bölməsində yerləşdirilir və istənilən kitabxana saytın həmin bölməsinə daxil olaraq onlardan bəhrələnə bilər. Yəni onlar çap olunmazdan və yerlərə göndərilməzdən xeyli əvvəl virtual rejimdə bütün respublika kitabxanalarının və kitabxanaçılarının sərəncamına verilir.
Milli Kitabxana 70-80-ci illərdə “Azərbaycan mədəniyyəti və incəsənəti haqqında yeni ədəbiyyat” adlı cari biblioqrafik informasiya göstəricisi nəşr edirdi və maliyyə problemləri ilə əlaqədar neçə illərdən bəri bu vəsaitin nəşri dayandırılmışdı. Avtomatlaşdırılmış sistem tətbiq olunduqdan sonra bu cari biblioqrafik vəsaitin nəşri bərpa olub və onun tam mətni kitabxananın saytında müvafiq bölmədə yerləşdirilib. Həmin vəsait nəşr olunaraq Mədəniyyət və Turizm Nazirliyinin işçilərinə və sahənin aparıcı mütəxəssislərinə çatdırılır. Eyni zamanda ayda bir dəfə çap olunan bu vəsaitdə müvafiq mövzuya dair qəzet və jurnal materialları əksini tapır və əhatə olunan materialların tam elektron mətnləri də saytın müvafiq bölməsində yerləşdirilir və istənilən oxucu kitabxananın saytının müvafiq düyməsini basaraq istədiyi materialın tam mətnini oxumaq və onu çap edərək istifadə etmək imkanına malik olur.
Bir neçə il bundan öncə Yaponiya hökuməti ilə Azərbaycan hökuməti arasında bağlanan müqaviləyə əsasən, Milli Kitabxanaya texniki yardım kimi verilmiş müasir tipli texniki avadanlıqların quraşdırılması həyata keçirilıb. Buraya qiymətli kitab fondlarının konservasiyasını həyata keçirmək üçün onların mikrofilmlərinin hazırlanması və mikrofilmləri oxumaq üçün avadanlıqlar, hələ keçən əsrin əvvəllərində buraxılan qiymətli qrammafon vallarının CD disklərə və audio kasetlərə yazılmasını təmin edən müasir tipli qurğular, CD disk, audio kaset, qrammafon valları oxumaq məqsədilə 15 nəfər fərdi yerlik fonoteka kabineti üçün avadanlıqlar, kitab təqdimatları və müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün, prezentasiya, səs-gücləndirici və akustika avadanlıqları daxildir.
Mikrofilmlərin mətninin xüsusi fayllar vasitəsilə kompüter yaddaşına köçürülməsinə imkan verən qurğu isə xüsusilə əhəmiyyətlidir və qiymətli kitabların və qəzet-jurnal dəstlərinin tam elektron mətnlərinin yaradılmasının sürətləndirilməsi işində böyük rol oynayır. Artıq bugünədək 450-dən çox qiymətli kitabın və 60-dan artıq dövrü mətbuat materialının mikrofilmləri hazırlanaraq oxucuların istifadəsinə verilmişdir, onların orginalları isə konservasiya olunaraq gələcək nəsillər üçün saxlanılır.
M.F.Axundov adına Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına nəşr olunmuş və alınmış kitabların da şəhər və kənd kitabxanalarına göndərilməsi ilə məşğul olur. Belə ki, nazirliyin mərkəzləşdirilmiş vəsaiti hesabına tariximiz, mədəniyyətimiz, incəsənətimiz, elmimiz üçün mühüm əhəmiyyət kəsb edən kitablar sifarişlə çap olunaraq Milli Kitabxananın ölkədaxili kitab mübadiləsi şöbəsi vasitəsilə şəhər, rayon və kənd kitabxanalarına, eləcə də beynəlxalq kitab mübadiləsi şöbəsi vasitəsilə dünya kitabxanalarına göndərilir.
2008-ci il ərzində bu yolla ölkə və dünya kitabxanalarına 45610 nüsxə latın qrafikası ilə çap olunmuş yeni kitab göndərilib [7, 9]. Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılmasında mühüm əhəmiyyət kəsb edən Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi belə kitabların sırasında Ə.Ələkbərlinin 5 xarici dildə çap olunmuş “Qərbi Azərbaycanın tarixi abidələri”, H.Məmmədovanın “Xocalı-şahidlər və şəhidlər” (rus və ingilis dillərində), “Azərbaycan milli geyimləri”, “Azərbaycan kinosunun tarixi” ikicildliyi, “Azərbaycan teatrının tarixindən”, “Molla Nəsrəddin” jurnalının latın qrafikası ilə çap olunmuş tam mətni, “Mədəniyyət” fotoalbomu (ingilis və azərbaycan dillərində), ayrı-ayrı mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş kitablar, fotoalbomlar və s. var. Hazırda nazirlikdə Qarabağ məsələsi ilə əlaqədar 10-dan çox adda kitabın bir neçə xarici dillərə tərcümə olunaraq dünya kitabxanalarına göndərilməsi istiqamətində ciddi işlər görülür.
Milli Kitabxananın strukturu da tamamilə yenidən qurulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan yeni strukturda müasir dövrün tələbləri ilə səsləşən bir sıra yeni şöbələr “Elektron informasiya xidməti”, “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasi və informasiya texnologiyaları”, “Elektron resurslarının yaradılması”, “Kitabxanaçıların təlim və tədris mərkəzi”, “Kitabxana siyasəti və metodiki rəhbərlik”, “Analitik elektron məlumat bazasının yaradılması”, “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə” şöbələri və bir sıra yeni bölmələr yaradılıb.
Milli Kitabxana bütün idarə və sistemlərin kitabxanalarına virtual rejimdə metodik xidmət göstərir. Belə ki, kitabxananın saytında “Virtual metodik xidmət” bölməsi yaradılmışdır və ölkənin istənilən nöqtəsindən hər bir kitabxana işçisi müxtəlif sorğularını sayt vasitəsilə Milli Kitabxanaya ünvanlayır və bir saat, yaxud yarım saat, yarım gün ərzində öz sorğularına cavab ala bilirlər.
2008-ci il M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası üçün çox əhəmiyyətli olmuşdur və bu il kitabxananın tarixinə möhtəşəm yubiley ili kimi daxil olmuşdur. Özünün 70, 75 və 80 illik yubileylərini lazımi səviyyədə keçirmək imkanı olmayan Milli Kitabxana məhz bu səbəbdən yaradılmasının 85 illik yubileyini yüksək səviyyədə qeyd etməyə çalışmışdır.
Milli mədəniyyətimizin və mənəvi dəyərlərimizin mühafizəsinə xüsusi qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının hədsiz diqqəti sayəsində Milli Kitabxananın 85 illik yubileyi xüsusilə təmtəraqlı keçmişdir. Hörmətli Prezidentimizin yubiley iştirakçılarına və qonaqlara ünvanladığı təbrik məktubu xüsusilə əhəmiyyətli olmuşdur. Burada Dövlətimizin başçısı elmimizin və mədəniyyətimizin inkişafında Milli Kitabxananın rolunu yüksək qiymətləndirərək onun hər bir azərbaycanlı, hər bir alim, hər bir ziyalı üçün qürur yeri olduğunu qeyd edərək kollektivin bütün üzvlərinə uğurlar arzulamışdır. Prezidentimizin bu müraciəti yubiley təntənələrinin bütün iştirakçıları, o cümlədən xarici qonaqlar tərəfindən Milli Kitabxananın fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi kimi qəbul olunmuşdur.
Eyni zamanda dövlət başçısının 17 noyabr 2008-ci il tarixli sərəncamları ilə Milli Kitabxananın inkişafında xüsusi xidmətləri olan, uzun müddət oxuculara xidmət işində fəal iştirak edən 11 nəfər işçiyə ölkənin yüksək mükafatlarının – fəxri adların və medalların verilməsi də yubiley təntənələrinə xüsusi rövnəq vermiş oldu, təntənələri daha da canlandırdı [8]. Bütün bunlar Milli Kitabxananın 85 illik yubiley təntənələrini Azərbaycanın kitabxana tarixində görünməmiş bir hadisəyə, onun şanlı səhifəsinə çevirmiş oldu.
Milli Kitabxananın 85 illik yubileyi təntənələrini tarixə çevirən amillərdən biri də yubiley günlərində eyni zamanda iki beynəlxalq konfransın–Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorlarının II konfransının və “Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaşlıq təşkilatının X ümumi iclasının Bakı şəhərində keçirilməsindən ibarət idi.
Heç təsadüfi deyildir ki, Prezidenti İlham Əliyev cənabları hər iki beynəlxalq konfransın iştirakçılarına göndərdiyi müraciətdə milli kitabxanaları xalqların, mədəniyyətlərin və nəhayət ölkələrin inteqrasiyasında əhəmiyyətli rol oynadıqlarını qeyd etmiş, kitabxanalararası əlaqələrin möhkəmlənməsinə, bu əlaqələrin əsas istiqamətlərinin müəyyən olunmasına öz töhfəsini verəcəkdir.
Yubiley tədbirlərinin və hər iki beynəlxalq konfransın keçirilməsinin ən mühüm cəhətlərindən biri də bu tədbirlərdə dünyanın 18 ölkəsindən 30-a yaxın xarici qonağın – Türkiyə, Rusiya, Ukrayna, Slovakiya, Estoniya, Latviya, Qazaxıstan, Belorus, Qırğızıstan və digər ölkələrin milli kitabxana direktorlarının və professional beynəlxalq kitabxana təşkilatlarının rəhbərlərinin iştirak etməsindən ibarət idi [7, 9].
Bakıda keçirilən Türkdilli ölkələrin Milli Kitabxanaları direktorlarının II konfransında Türkdilli ölkələrin milli kitabxanalarının toplu elektron kataloqunun tərtibi, vahid portalın təşkili, Türkdilli ölkələrin milli kitabxanalarında mühafizə olunan əlyazmalarının kataloqunun nəşri və tammətnli elektron versiyasının yaradılması məsələləri müzakirə olunmuşdur.
“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaşlıq təşkilatının X ümumi iclasında isə regional korporativ elektron kataloqların və tammətnli elektron resursların, analitik elektron məlumat bazalarının yaradılması, birgə regional kitabxana layihələrinin həyata keçirilməsi və s. məsələlər müzakirə olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Kitabxanasının hər iki konfransda müzakirə olunan məsələlərdə fəal iştirakı qloballaşan informasiya cəmiyyəti quruculuğu şəraitində bütün iş proseslərinin müasir dövrün tələblərinə uyğun yenidən qurulması və modernləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasında, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqində geniş imkanlar açacaqdır.
Əvvəlcə qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə və Şəhidlər Xiyabanına əklil və gül dəstələri qoymuşlar. Daha sonra qonaqlar Milli Kitabxanaya gəlmiş, kitabxana ilə yaxından tanış olmuşlar.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin və yubileyə dəvət almış qonaqların iştirakı ilə Milli Kitabxanada 8 adda - “Heydər Əliyev Milli Kitabxanamızda”, “Tariximizdən səhifələr”, “Azərbaycan xarici mətbuatda”, “Musiqi tariximizin qızıl fondundan”, “85 il xalqın xidmətində”, “Kitabxanamızın inciləri”, “Azərbaycanın kitab abidələri”, “Əməkdaşlarımızın yubiley töhfələri” sərgilərinin açılışı olmuşdur [7]. Sərgilər qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Kitabxananın işçilərinin əl işlərindən ibarət “Əməkdaşlarımızın yubiley töhfələri” sərgisinin eksponatları qonaqlar tərəfindən xüsusi maraq və diqqətlə qarşılanmışdır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev Milli Kitabxananın 85 illik yubiley tədbirlərinə gəlmiş qonaqları “Xarici ədəbiyyat zalı”nda qəbul etmişdir. O, Milli Kitabxananın tarixində yubiley mərasiminin ilk dəfə belə təntənəli keçirildiyini, digər ölkələrdən bu qədər qonağın iştirak etdiyini xüsusi vurğulamışdır.
“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının (BAE) prezidenti, Belorus Milli Kitabxanasının direktoru Roman Motulski, Türkiyə Milli Kitabxanasının direktoru Tüncel Acar, Qazaxıstan Milli Akademiya kitabxanasının baş direktoru Roza Berdiqaliyeva, Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova öz çıxışlarında yubiley tədbirlərinin belə yüksək səviyyədə qeyd edilməsi üçün cənab nazirə təşəkkürlərini bildirib, bu təcrübədən yararlanacaqlarını qeyd etmişdilər.
2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ötən ili xüsusilə yaddaqalan etmiş, mədəniyyət tariximizin şərəfli səhifəsinə çevirmişdir. “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində Milli Kitabxanada aprel ayının 20-21-də İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanalarının direktorları Şurasının II Konfransı keçirilmişdır. Konfransda Azərbaycan, Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan ölkələrinin Milli Kitabxana direktorları və İƏT Mədəniyyət İnstitutunun nümayəndələri iştirak etmişdir. Bakı konfransının əsas məramlarından biri bu təşkilatın nizamnaməsinin qəbulundan ibarət olmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransını açaraq 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasından, bu münasibətlə ölkədə keçirilən və planlaşdırılan möhtəşəm tədbirlərdən danışmışdır. Bakı şəhərinin son illərdə dünya əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin tərkib hissəsi olduğuna diqqəti çəkmiş, 9 İslam ölkəsinin milli kitabxanasının direktorlarının Bakıda toplaşmasında iştirakını mühüm hadisə hesab etmişdir.
Tədbir çərçivəsində Milli Kitabxananın sərgi zalında “İslam mədəniyyəti kitab səhifələrində” adlı geniş beynəlxalq kitab sərgisinin açılışı mərasimi də olmuşdur. Qonaqların, Milli Məclisin üzvlərinin, görkəmli ziyalıların və əksər İslam ölkələrinin Bakıdakı səfirlərinin iştirakilə açılışı keçirilən sərginin ekspozisiyasında 9 ölkənin Milli Kitabxanalarının fondlarından 600-ədək kitab nümayiş olunmuşdur və sərginin sonunda həmin kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuşdur.
Bakı konfransında İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının nizamnaməsi qəbul olunmuş, Azərbaycan Milli Kitabxanasının direktoru təşklatın sədri, İran İslam Respublikasının Milli Kitabxana və Arxiv təşkilatının direktoru Əli Əkbər Aşari isə Baş direktoru seçilmişlər. Konfransın işində İƏT-ə üzv ölkələrdən 16 xarici qonaq iştirak etmişdir.
13-15 iyul 2009-cu il tarixində Milli Kitabxanada İSESKO, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Milli Elmər Akademiyası ilə birgə “Bakı-İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirlər çərçivəsində “Asiyada İslam Tibbi əlyazmalarının vəziyyəti” adlı İSESKO-nun regional seminarı keçirilmişdir. Seminarda İSESKO-dan, Azərbaycan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Liviya Ərəb Cəmahiriyyəsi, Bəhreyn, Suriya, İran ölkəsindən nümayəndələr, AMEA-nın Əlyazmalar İnstitutunun və respublikanın əlyazmalar üzrə digər aparıcı təşkilatlarının mütəxəssisləri iştirak edirdilər.
Tədbir çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” mövzusunda geniş sərgi də nümayiş olundu. 3 gün davam edən seminarda xarici və Azərbaycan mütəxxəsisləri qədim tibbi əlyazmaların qorunub saxlanılması və konservasiyası haqqında problemləri araşdırıb və müzakirələr etdilər, sonda orta əsr tibb əlyazmalarının etibarlı mühafizəsini təmin etmək məqsədilə tövsiyyələr qəbul olundu.
10-12 sentyabr 2009 -cu il tarixində Azərbaycanın mədəniyyət, kitab və kitabxana işi tarixində ilk dəfə keçirilən I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında 20-dən çox xarici ölkənin nəşriyyat və poliqrafiya müəssisələrinin nəşrləri, Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap olunmuş kitablar, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondundan da kitablar nümayiş olunurdu.
Sentyabr ayının 12-də Milli Kitabxanada I Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak edən 10 xarici ölkə milli kitabxanalarının direktorlarının gətirdikləri kitabların Milli Kitabxanaya təqdimetmə mərasimi keçirildi. Tədbirdə Qazaxıstan, Belarus, Tacikistan, Estoniya, Latviya, Pakistan, Qırğızıstan, Türkiyə, Tatarıstan və Slovakiya Milli Kitabxana direktorları və digər qonaqlar iştirak edirdi.
Bu gün Milli Kitabxananın fondunda 4,5 milyon nüsxə ədəbiyyat saxlanılır. 2009-cu ildə kitabxanaya 20 min nüsxədən artıq yeni ədəbiyyat daxil olmuşdur.
İl ərzində kitabxananın daimi oxucularının sayı 38 666 nəfər, virtual oxucuların – elektron kataloqdan və elektron kitabxanadan istifadə edən oxucuların (saytdan istifadə edənlər istisna olmaqla) sayı 118 452 nəfər, virtual sifarişin xidmətlərindən istifadə edənlərin sayı 329 nəfər, Rusiya Dövlət Kitabxanasının virtual oxu zalından istifadə edənlərin sayı 447 nəfər olmuşdur. Orta illik davamiyyət 209 522 nəfər olmuş, kitab verilişi isə 746 648 nüsxəyə çatdırılmışdır.
Azərbaycan ədəbiyyatının arxivi şöbəsinin nəzdində fəaliyyət göstərən Mikrofilm bölməsində bu il 50 nüsxə kitab, 1923-1927-ci illəri əhatə edən “Mədəni maarif” jurnalı mikrofilmləşdirilib. 49 ədəd mikrofilm elektron kitabxanaya köçürülmüşdür.
Elektron resursların yaradılması şöbəsi tərəfindən 2009-cu ildə 32 986 adda Azərbaycan və rus dilində olan cari ədəbiyyatın biblioqrafik yazısı yaradılaraq elektron kataloqun məlumat bazasına daxil edilib. Ümumiyyətlə bu günə kimi 94 757 biblioqrafik yazı, 267 142 nüsxə ədəbiyyat elektron kataloqa daxil edilmişdir.
M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun saytı və elektron kataloqu M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır. 2009-cu ilin fevral ayından M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda Milli Kitabxanadan birbaşa elektron sənəd sifarişi bölməsi yaradılmışdır.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya texnologiyaları şöbəsi cari ildə 244 kitabın tam mətnini, 8 dövri mətbuat nömrəsini elektron kitabxanaya yerləşdirib. Hazırda bu iş müəlliflərin çoxsaylı müraciətləri əsasında davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq şöbə Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərancamı ilə nəşr olunan kitabların əksəriyyətinin elektron versiyasını hazırlanıb oxucuların istifadəsinə təqdim edib.
Kitabxananın saytında “Prezident İlham Əliyev və mədəniyyət” adlı 2 cildlik kitaba (I cild və II cild), Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında “Культура и культурные шедевры Азербайджана – уникальное послание будущим поколениям” adlı kitaba, “Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazasına, “Azərbaycan kitabı” adlı 3 cildlik biblioqrafik kitabın I və II cildinin elektron versiyalarına birbaşa keçid düymələri yerləşdirilib.
Ölkədaxili kitab mübadiləsi şöbəsinə cari ildə 37 989 nüsxə kitab daxil olub ki, bunlardan 15 674 nüsxə Mədəniyyət və Turizm Nazirliyinin xəttilə, 6600 nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap olunan, 1894 nüsxə müəllif hədiyyələri, 8470 nüsxə büdcə hesabına, 5351 nüsxə isə ayrı-ayrı təşkilatlardan daxil olan kitablardır. İl ərzində isə 28 348 nüsxə kitab Azərbaycanın şəhər və rayonlarının kitabxanalarına və dünya kitabxanalarına paylanıb.
2005-ci ildən başlayaraq Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri genişlənməyə başlamışdır. Kitabxananın ilk beynəlxalq əlaqəsi 1991-ci ildə Türkiyə Milli Kitabxanası ilə olmuşdur. Lakin sonralar bu istiqamətdə işlər zəifləmişdir. Yalnız 2005-ci ildən beynəlxalq əlaqələr sahəsində səmərəli işlər görülmüşdür. Həmin ildə Rusiya Milli Dövlət Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq kitab mübadiləsi sahəsində fəaliyyəti istiqamətində də xeyli işlər görülmüşdür. 2000-ci ildə kitabxana beynəlxalq kitab mübadiləsi yolu ilə cəmi 145 nüsxə ədəbiyyat almış və bir nüsxə də kitab göndərməmişdirsə, [3, 7] 2006-cı ildə Milli Kitabxana beynəlxalq kitab mübadiləsi yolu ilə 1296 nüsxə kitab almış və 900 nüsxə kitab göndərmişdir [4, 5].
Bu gün Azərbaycan Milli Kitabxanası elmimizin, mədəniyyətimizin və iqtisadiyyatımızın inkişafında mühüm və aparıcı rol oynayan elmi mərkəzə çevrilmişdir. Ölkə çap məhsulatının arxiv fondunun yaradılması və etibarlı mühafizəsinin təmin olunması istiqamətində apardığı məqsədyönlü işlər onun bu şərəfli missiyanı bacarıqla yerinə yetirməsinə əyani sübutdur.
|