KİMYƏVİ elementləRİn döVRİ qanunu və DÖVRİ Sİstem




Yüklə 93.03 Kb.
tarix22.04.2016
ölçüsü93.03 Kb.

Kimya məktəbdə




KİMYƏVİ ELEMENTLƏRİN DÖVRİ QANUNU VƏ DÖVRİ SİSTEM” MÖVZUSUNA AİD KİMYA GECƏSİNİN KEÇİRİLMƏSİ
C.B. Musayev

ADPU-nun dosenti, k.e.n.

V.H. Əsgərov

Lənkəran Dövlət Universiteti
Dərsdən və məktəbdənxaric işlərin təşkili və keçirilməsi haqda Azərbaycan dilində ədəbiyyatın az olduğunu nəzərə alaraq, yeni fəaliyyətə başlayan gənc kimya müəllimlərinə kömək məqsədilə kimya gecələrinin keçirilməsinə aid aşağıdakıları dərc etdirməyi lazım bildik.

Gecənin keçirilməsi məqsədilə əvvəlcə plan tərtib edilməlidir. Belə plan təxminən aşağıdakı kimi ola bilər:


I. GECƏNİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ

1. Mövzunun seçilməsi;

2. Gecənin keçiriləcəyi vaxtın təyini və onun məktəbdə elan edilməsi;

3. Gecəyə həsr olunmuş “Kimya bülleteni” adlı divar qəzetinin hazırlanması;

4. Proqramın tərtibi və gecədə iştirak edəcək şagirdlərin seçilməsi, məşqlərin aparılması.

II. GECƏNİN KEÇİRİLMƏSİ


  1. Gecənin açılması;

  2. Mövzuya aid məruzənin edilməsi;

  3. Mövzuya aid viktorinanın həlli;

  4. Maraqlı təcrübələrin aparılması;

  5. Maraqlı hekayə-tapmacanın həlli;

  6. Görkəmli ictimai xadimlərə və ya kimyaçı alimlərə həsr edilmiş kimyəvi krossvordun həll edilməsi;

  7. Kimyaya aid maraqlı səhnəciklərin göstərilməsi, yaxud, maraqlı suallardan ibarət kartların həll edilməsi.

  8. Düzgün cavabların elan edilməsi və qaliblərin mükafatlandırılması.


I. GECƏNİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ

1. MÖVZUNUN SEÇİLMƏSİ

Kimya gecələri kimya elmi ilə bağlı, yaxud, onunla bağlı olmayan hər hansı əlamətdar hadisə ilə əlaqədar keçirilir. Məs., görkəmli ictimai xadimlərin, yaxud, kimyaçı alimlərin yubileyi ilə əlaqədar, ölkəmizin əlamətdar günləri, yaxud, hər hansı kimyəvi kəşfin yubileyi ilə əlaqədar keçirilə bilər.

Kimya gecələri ya ayrı-ayrı sinif şagirdləri ilə, ya da kimya fənni keçən bütün sinif şagirdləri ilə keçirilə bilər. Gecə valideynlərin iştirakı ilə keçirildikdə daha effektiv olur.

Gecənin mövzusu həsr olunduğu hadisəyə uyğun olsa daha yaxşı olar. Məs., dövri sistemin və dövri qanunun kəşfinin yubileyi ilə əlaqədar “Kimyəvi elementlərin dövri qanunu və dövri sistem” adlı kimya gecəsinin keçirilməsi yerinə düşər. Gecə VIII-XI sinif şagirdlərinin köməyi ilə keçirilə bilər.


2. GECƏNİN KEÇİRİLƏCƏYİ VAXTIN TƏYİNİ VƏ ONUN MƏKTƏBDƏ ELAN EDİLMƏSİ

Bir ay əvvəl məktəb dəhlizinin gözə görünən yerindən gecənin keçirilməsi barədə səliqə ilə tərtib olunmuş elan asılır. Elanda gecənin keçiriləcəyi gün və saat qeyd edilir.


3. GECƏYƏ HƏSR OLUNMUŞ “KİMYA BÜLLETENİNİN” HAZIRLANMASI

Elanla yanaşı çox səliqə ilə tərtib edilmiş “Kimya bülleteni” asılır. Bülletendə “Kimyəvi elementlərin dövri qanunu və dövri sistemini kim yaxşı bilir?” mövzusu altında viktorina sualları dərc edilir və sonda qaliblərin kimya gecəsində mükafatlandırılacaqları qeyd edilir. Bundan əlavə bülletendə “Bilirsinizmi?”, “Hər şeydən bir az” başlıqları altında kimyaya aid bir sıra maraqlı faktlar göstərilir.

Viktorinanın sualları təxminən aşağıdakı kimi ola bilər:

1. D.İ.Mendeleyevə qədər hansı alimlər elementlərin təsnifatını vermək üçün cəhd etmişdilər?

2. Hansı iki elementin bir-birinə əks olan xassələri daha parlaq ifadə olunur?

3. Sərbəst halda ən ağır qaz əmələ gətirən element hansıdır?

4. Hansı elementlər ölkə adları ilə adlandırılmışdır?

5. Hansı elementlərin təbiətdə mövcud olduğunu D.İ.Mendeleyev qabaqcadan söyləmişdi?

6. Yerin latınca və Ayın yunanca adı ilə adlandırılmış iki element hansılardır?

7. Hansı üç metal maqnit xassəsinə malikdir və dövri sistemin hansı qrupunda yerləşir?

8. Görkəmli alimlərin adı ilə adlandırılan elementlər hansılardır?

9. Hansı elementin adı kimyanın inkişafında böyük əməyi olan fizik-alimin soyadı ilə eynidir?

10. Planet adı ilə adlandırılan elementlər hansılardır?

11. Sərbəst halda müxtəlif bəsit maddələr şəklində mövcud olan elementlər hansılardır?

12. Hansı 2 element Yer qabığı kütləsinin ¾ hissəsini təşkil edir?

13. Adi şəraitdə sərbəst halda maye kimi mövcud olan 2 element hansıdır?

14. Əvvəlcə Günəşdə, sonra isə Yerdə kəşf edilən element hansıdır?

15. Qitələrin adı ilə adlandırılan elementlər hansılardır?

16. Hansı elementlər lantanoidlər adlanır və niyə elə adlanır?

Viktorinanın düzgün cavabları belədir:



  1. İ.Debereyner, V.Odlinq, B.Şankurtua, C.Nyulends, L.Meyer;

  2. Fluorda (tipik qeyri-metal) və Fransiumda (tipik metal);

  3. Radon;

  4. Rutenium (latınca Ruthenia-Rusiya), Fransium və Qallium (Fransanın şərəfinə), Germanium (Almaniyanın şərəfinə), Polonium (Polşanın şərəfinə), Skandium (Skandinaviyanın şərəfinə);

  5. Ekabor (skandium), ekaalüminium (qallium), ekasilisium (germanium);

  6. Tellur (tellus – latınca Yer deməkdir), Selen (Selena – yunanca Ay deməkdir);

  7. Fe, Co, Ni – VIII qrupda yerləşir;

  8. Kürium (Cm) – Pyer və Mariya Küri, Fermium (Fm) – Enriko Fermi, Eynşteynium (Es) – A.Eynşteyn, Mendeleyevium (Md) – Mendeleyev;

  9. Bor (N.Bor);

  10. Uran (U), Neptunium (Np), Plutonium (Pu);

  11. O, P, C, S, As, Si, Sn, Se;

  12. O (49%); Si (26%);

  13. Hg və Br;

  14. He;

  15. Yevropium və Amerisium.

  16. Lantandan sonra gələn 14 element. Xassələri lantanın xassələrinə çox oxşadığına görə.

Bülletendə “Bilirsinizmi?” başlığı altında aşağıdakıları yazmaq olar:
METALLAR BAĞI

Hasardakı kiçik qapıdan keçən kimi əfsanəvi bir bağa düşəcəksiniz. Yox, yox, elə zənn etməyin ki, burada meyvələr, giləmeyvələr becərilir. Qəribə də olsa bu bağda metallar: litium, sirkonium, hafnium və s. yetişdirilir. Gəlin bu sehirli bağın xiyabanlarını gəzək. Budur, tezboyatan birilliklər, yanında isə çoxillik kolların qatı pöhrələri görünür. Günəşin bərəkətli şüaları altında onlar gövdələrində və yarpaqlarında ən ətirli və şirin meyvələrdən də qiymətli sərvətlər toplayırlar. Payızda bu bitkilərin külündən nadir metallar alırlar...

Həqiqətdə belə qəribə bağ hələlik yoxdur, amma onu təsəvvür etmək olar. Ona görə ki, elə bitkilər vardır ki, onlar ömürləri boyu sink, mis, uran, selen toplayırlar. Bənövşənin, yarğanotunun çiçəklərində Cu və Zn tapılmışdır. Bəzi qabığı tüklü bitkilər səylə Ni yığırlar. Bəzi yosunlarda isə 0,032% titan vardır.

Bitkilərin, miqdarları heç bir həssas cihazlarla, incə analiz üsulları ilə təyin edilməsi mümkün olmayan nadir kimyəvi elementlər seçmək və toplamaq kimi qəribə qabiliyyətləri vardır.

Bir çox əsrlər ərzində insanlar bitkilərə hər şeydən əvvəl, müxtəlif qida məhsulları mənbəyi kimi baxırdılar. Tədqiqatlar nəticəsində məlum oldu ki, bitkilər insana ancaq meyvə verməklə kifayətlənmir, onların yeni xassələri aşkar edildi. Ola bilsin ki, biz adı hələ dünən cəfəngiyat hesab edilən, “botaniki metallurgiya” elminin qapıları qarşısında dayanmışıq. Əlbəttə bu, gələcəyin işidir. Amma onun haqqında fikirləşməyə dəyər.

Bülletenin “Hər şeydən bir az” bölməsində aşağıdakı məlumatları yerləşdirmək olar. Bütün halogenlərin adları onların daha çox xarakterik olan xassələri ilə bağlıdır:

Flüor – yunanca “flüoros” sözündən götürülüb, “dağıdıcı” deməkdir;

Xlor – yunanca “xloros” sözündən götürülüb, “yaşıl” deməkdir;

Brom – yunanca “bromos” sözündən götürülüb, “üfunətli” demədir;

Yod – yunanca “yodes” sözündən götürülüb, “bənövşəyi” deməkdir;

Astat – yunanca “astatos” sözündən götürülüb, “davamsız” deməkdir.
4. PROQRAMIN TƏRTİBİ, GECƏDƏ İŞTİRAK EDƏCƏK ŞAGİRDLƏRİN SEÇİLMƏSİ VƏ MƏŞQLƏRİN APARILMASI

Elan və “Bülleten” asıldıqdan sonra gecənin proqramı tutulur və iştirakçılar müəyyənləşdirilir. Gecəni aparmaq üçün fəal şagirdlər işə cəlb olunur və onlarla gecənin keçiriləcəyi günə qədər məşqlər aparılır. Gecə təxminən aşağıdakı proqram üzrə aparıla bilər:

1. Gecənin açılışı;

2. Elementlərin dövri qanunu və dövri sistemin kəşfi tarixinə aid 10-15 dəqiqəlik məruzə;

3. Viktorinanın həlli;

4. Əyləncəli təcrübələrin aparılması;

5. Maraqlı, əyləncəli məsələ-hekayələrin oxunması;

6. Görkəmli ictimai xadimlərə (məs., ümummilli lider H.Ə.Əliyevə) və ya kimyaçı alimlərə (məs., Y.Məmmədəliyevə, yaxud, D.İ.Mendeleyevə) həsr edilmiş krossvordun həlli.

7. “Məişətdə kimya” adlı səhnəcik, yaxud, “Məişətdə kimya” mövzusuna aid maraqlı suallardan ibarət kartların həlli:

8. Düzgün cavabların elan edilməsi və qaliblərin mükafatlandırılması.



II. GECƏNİN KEÇİRİLMƏSİ

Gecə elementlərin dövri qanunu və dövri sistemin kəşfi tarixinə həsr edilmiş məruzə ilə başlanır. Məruzədən sonra şagirdlərdən viktorinanın suallarına yazılı şəkildə olan cavablarını münsiflər heyətinə təhvil vermələri xahiş olunur. Bundan sonra isə aktiv şagirdlərin iştirakı ilə kimyaya dair maraqlı və əyləncəli təcrübələr göstərilir1. Təcrübələrdəki hadisələrin səbəbinin izah edilməsi şagirdlərdən xahiş edilir. Təcrübələr aparıldıqdan sonra maraqlı hekayə-tapmacalardan biri oxunur və şagirdlərdən oradakı hadisələrin izahı tələb olunur. Məs., Y.V.Xodakovun “Tilsimlənmiş almazlar”, “Qara maqneziya”, V.İ.Levaşovun “Qalay taunu”, “Kim haqlıdır?”, “Kimyəvi xameleon” hekayələrini göstərmək olar. Belə hekayələr şagirdlərin müəyyən elementlər və onların birləşmələri haqda biliklərini möhkəmləndirir və dərinləşdirir. Aparıcı şagird hekayəni axıra qədər ucadan oxuyur. Onun əhəmiyyətli cümlələrini isə vurğu ilə iki dəfə ucadan təkrar edir. Belə hekayələrdən biri olan “Kimyəvi xameleon” aşağıdakı kimidir:

- Bir dəfə dostum bizə qonaq gəlmişdi. Anam, kiçik bacım, qardaşım, atam, nənəm evdə idilər. Dostum gələn anda atam almazla pəncərə üçün şüşə kəsirdi. Anam kitab oxuyurdu. Bacım karandaşla şəkil çəkməklə məşğul idi. Qardaşım əlindəki əleyhqazı sökür, təzədən yığır, sabahkı mülki-müdafiə dərsinə hazırlaşırdı. Nənəm isə corab toxuyurdu. O, tez samovara kömür ataraq, onu qaynatmağa çalışdı. Mən dostumun darıxmaması üçün onunla söhbətə başladım:

“Bəzi adamlar müxtəlif situasiyalarda öz mənliklərini gizlətməyə və müxtəlif cildlərə girməyə çalışırlar. Lakin onlar hansı cildə girsələr də həmişə eyni adamdırlar. Kimyəvi elementlər arasında da elələri vardır. Onlar öz-özlüyündə həmişə olduqları kimi qalmaqla sərbəst halda müxtəlif bəsit maddələr əmələ gətirirlər”. Evdə hamı maraqla məni dinləməyə başlamışdı. “Bəli” – deyə mən davam etdim. “Nümunə üçün uzağa qaçmaq lazım deyil. Sizin hər birinizdə hal-hazırda elə elementlərdən biri var və hər birinizdə o, müəyyən maddə adı altında maskalanıb gizlənmişdir”. Bu sözləri eşidəndə atam işini dayandırdı və təəccüblə mənə baxdı. Anam kitabı kənara qoyanda barmağının üzüyündəki brilyant bərq vurdu. Şəkil çəkən balaca bacım da heç nə başa düşməsə də, karandaşını kənara atdı və əllərini bir-birinə vuraraq dedi: “Oy, necə də maraqlıdır. Məndə də ondan varmı?”.

- Bəli, səndə də var. Nənə də indi həmin elementlə iş aparır. Bu anda nənəm də səsləndi: Oy, tamam yadımdan çıxmışdı. Peçdə odunlar tamam yanıb, təkcə kömürləri qalıb.

Qardaşım isə inamsız baxışlarla mənə baxıb, çiyinlərini çəkdi.

- Bəli, bəli – dedim. Bu elementin əleyhqazda rolu çox böyükdür.

Bu, hansı elementdir və o, sərbəst halda hansı bəsit maddələr şəklində mövcuddur? Bundan başqa sərbəst halda bir neçə bəsit maddə şəklində mövcud olan hansı elementləri tanıyırsınız. Elementlərin bu qabiliyyətləri necə adlanır?

Şagirdlər cavablarını münsiflər heyətinə təqdim etdikdən sonra aparıcının təqdimatı ilə aşağıdakı krossvordu həll edirlər:







1.İlk dəfə Günəşdə sonra Yerdə tapılan element (Helium)

2. Yerin latınca adını bildirən VI qrup elementi (Tellur)

3. Qızdırıldıqda ərimədən buxara çevrilən qeyri-metal (Yod)

4. P.Küri tərəfindən kəşf edilən radioaktiv metal (Radium)

5. Tərkibi SiO2·nH2O-dan ibarət mineralın adı (Əqiq)

6. Qitənin adı ilə adlandırılan element (Amerisium)

7. Tərkibi SiO2-dən ibarət mineralın adı (Yəşəm)

8. Planetin adı ilə adlandırılan element (Plutonium)

9. Sıra nömrəsi 49 olan element (İndium)

10. Qitənin adı ilə adlandırılan element (Yevropium)

11. Ölkə adı ilə adlandırılan element (Germanium)

12. Ən çətin əriyən metal (Volfram)



H

























E



















Y



















D
















Ə






















R






















Ə



















L




























İ






















Y































E




























V






















Hər bir şagird nəticəsini münsiflər heyətinə təqdim edir.

Çox hallarda şagirdlər, hətta kimyanı yaxşı bilən şagirdlər, məişətdə rast gəldikləri kimyəvi proseslərin və hadisələrin mahiyyətini izah etməkdə çətinlik çəkirlər. Ona görə də hər hansı kimya gecəsinə “Məişətdə kimya” mövzusunun daxil edilməsi maraqlı və məqsədəuyğun olar.

Krossvord həll edildikdən sonra şagirdlərə “Məişətdə kimya” mövzusuna aid suallardan ibarət kartlar paylanır. Kartlara aşağıdakı suallar daxil edilir:



  1. Nə üçün çaydanda ərp əmələ gəlir və onu necə təmizləmək olar?

  2. Niyə xörək bişirən qazanlarda ərp çaydandakına nisbətən az əmələ gəlir?

  3. Nə üçün mis qab-qacağın səthində uzun müddət işlətdikdən sonra yaşıl rəng əmələ gəlir? Yaşıl rəngli maddə nədən ibarətdir?

  4. Nə üçün çatlamış yumurtanı duzlu suda bişirəndə zülal yumurtadan suya axmır, duzsuz suda isə axır?

  5. Əgər tavada yağ alışıbsa, onu necə söndürmək olar?

  6. Necə etmək lazımdır ki, təzə bişirilmiş süd isti yay günündə turşumasın və soyuq qalsın (əgər soyuducu yoxdursa)?

  7. Kərə yağını uzun müddət saxladıqda, onda hansı turşu əmələ gəlir?

  8. Sındırmadan yumurtanı qabığından necə təmizləmək olar?

  9. Qida üçün işlədilən yağdan hansı məişət əşyaları hazırlamaq olar?

  10. Məsəl var ki, hər hansı bir adamı tanımaq üçün onunla birlikdə 1 pud duz yemək lazımdır (Pud – qədim rus kütlə vahididir (1 pud = 16 kq). Görəsən buna nə qədər vaxt lazımdır?

  11. Hansı “şəkər” zəhərli olduğuna görə yeyilmir?

  12. Hansı “süd” içilmir?

  13. Hansı “kələm” yeyilmir?

  14. Hansı “yağı” suya tökdükdə onu qaynamasına qədər qızdırır?

“Məişətdə kimya” mövzusuna aid sualların cavabları:

1. Çaydandakı ərp suyun qaynaması nəticəsində çökən CaCO3 və MgCO3-dır. Çaydanı onlardan təmizləmək üçün üzərinə xlorid turşusu tökmək lazımdır:


Ca(HCO3)2 CaCO3+H2O+CO2;

CaCO3+2HCl CaCl2+H2O+CO2
2. Qazanlar çaydanlara nisbətən tez-tez yuyulduğuna görə onlarda ərp az olur.

3. Mis məmulatın üzərində aşağıdakı reaksiya nəticəsində yaşıl rəngdə əsasi mis (II) karbonat əmələ gəlir:


2Cu+O2+CO2+H2O (CuOH)2CO3
4. Ona görə ki, NaCl yumurta ağına koaqulyant kolloid məhlula göstərdiyi kimi təsir edir. Nəticədə yumurta ağı dəliklərdə bərkiyir.

5. Əgər tavada yağ alışıbsa, tez onun ağzını qapağı ilə kip bağlamaq lazımdır ki, yağın hava ilə əlaqəsi kəsilsin.

6. İsti yay günündə təzə bişmiş südün soyuq qalması və turşumaması üçün onu içərisində su olan ləyənə qoymaq və süd olan qabı salfetka ilə örtmək lazımdır. Çalışmaq lazımdır ki, salfetkanın ucları suya dəysin. Su plitə ilə qalxdığı kimi, salfetka ilə də yuxarı qalxacaq və buxarlanaraq ətrafını soyudacaqdır. Çünki, suyun buxarlanması üçün lazım olan istilik ətraf mühitdən alınır. Su nə qədər çox buxarlansa, südün temperaturu o qədər aşağı olacaqdır.

7. Yağ turşusu.

8. Qabığını sındırmadan bişmiş yumurtanı təmizləmək üçün onu qısa müddət ərzində duru xlorid turşusu məhlulu içərisində saxlamaq lazımdır. Qabıq CaCO3-dən ibarət olduğuna görə asanlıqla xlorid turşusu ilə reaksiyaya daxil olaraq yoxa çıxır.

9. Yağdan şam, sabun, qliserin hazırlamaq olar.

10. İki adamın birlikdə 16 kq duzu qəbul etməsi üçün bir ildən çox vaxt lazımdır. Çünki bir adam gündə 17-20 q, bir ildə isə 7 kq duz (qida ilə) qəbul edir.

11. Yeyilməyən şəkər “qurğuşun şəkəri”dir ((CH3COO)2Pb).

12. İçilməyən süd “əhəng südü”dür. O, sönmüş əhəngin (Ca(OH)2) suda asılqanından ibarətdir.

13. “Yeyilməyən kələm” laminariya adlanan “dəniz kələminə” deyilir. Onun külündən yod istehsal edilir.

14. “Kuporos yağını”. Bu, sulfat turşusunun köhnə adıdır. O, əvvəllər dəmir kuporosunun (FeSO4·7H2O) qızdırılmasından alınan yağlıtəhər maye olduğuna görə “kuporos yağı” adlanırdı Onun suda həll olmasından külli miqdarda istilik ayrılır. Bəzən hətta su qaynayır.

Şagirdlər “Məişətdə kimya” mövzusuna aid cavablarını da münsiflər heyətinə təqdim edirlər.

Gecənin sonunda münsiflər heyəti tərəfindən şagirdlərin hər bir bölmə üçün (cəmi 5 bölmə) cavabları müzakirə edilir və qiymətləndirilir. Bütün bölmələr üçün sualların düzgün cavablarının ətraflı izahı verilir. Cavablar 50 bal sistemi üzrə qiymətləndirilir. Hər bir bölmə üçün düzgün, ətraflı cavaba 10 bal, düzgün, ancaq o qədər də hərtərəfli olmayan cavab üçün 9 bal və s. bu qayda ilə cavablar qiymətləndirilir. Bütün bölmələrdən ən çox bal toplayan şagird qalib hesab edilir. Sonda qaliblər (1-ci; 2-ci və 3-cü yer tutanlar) yüngülvarı hədiyyələrlə (kitabla, məktəb ləvazimatı ilə) mükafatlandırılır.
İstifadə edilmiş ədəbiyyat:


1. R.Y.Əliyev, Ş.Ə.Əliyeva., Ə.Q.Əhmədov. Kimyadan test sualları (həlli ilə) və maraqlı təcrübələr. Bakı, “Maarif” nəşriyyatı, 1998.

2. Ə.Xəlilov., Y.Abışova. Kimyadan əyləncəli təcrübələr və söhbətlər. Bakı, “Maarif” nəşriyyatı, 1997.

3. Ə.Əbdürrəhimov., R.Əbdürrəhimova. Kimyadan əyləncəli təcrübələr. Bakı, “Maarif” nəşriyyatı, 1979.

4. Ю.В.Ходаков. Рассказ – задача по химии. Учпедгиз, 1957.



5. В.И.Левашов. Вечер занимательной химии в школе. Изд. АПН РСФСР, 1958.


Дж.Б.Мусаев, В.Х.Аскеров

Проведение вечера химии на тему «Периодический закон и периодическая система химических элементов»
АННОТАЦИЯ
В статье речь идёт об организации и проведении вечера химии, посвящённого теме «Периодический закон и периодическая система химических элементов Д.И.Менделеева».

J.B.Musayev, V.H.Askerov
Holding of the Chemistry Event dedicated to the topic “Periodic law and periodic

system of chemical substances”
SUMMARY
The Article is dedicated to organization and holding of Chemistry Event in relation to topic “Periodic law and periodic system of the chemical substances by D.I.Mendeleyev”.

Açar sözlər: kimyanın tədrisi metodikası, dərsdən xaric işlər, kimya gecələri, elementlərin dövri qanunu və dövri sistemi

Ключевые слова: учебная методика по химии, внеклассные работы, вечера химии, периодический закон и периодическая система элементов

Key words: teching methods of chemistry, out-class works, chemistry events, periodic law and periodic system of elements


1 Təcrübələri R.Y.Əliyev, S.Ə.Əliyeva və Ə.Q.Əhmədovun “Kimyadan test sualları (həlli ilə) və maraqlı təcrübələr” adlı kitabdan götürmək olar: 1) səh. 121. “Kəsilmiş əlin sağaldılması”; 2) səh. 123. “Suyun südə və südün suya çevrilməsi”; 3) səh. 126. “Kimyəvi vulkan”; 4) səh. 127. “Yanan dəsmalın salamat qalması”; 5) səh. 118 “Kimyəvi ilan” və s.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə