Kİmyanin təDRİSİNDƏ İSTİfadə oluna biLƏCƏk maraqli təCRÜBƏLƏR Ə. B. Şərbətov




Yüklə 46.97 Kb.
tarix10.04.2016
ölçüsü46.97 Kb.

Kimya məktəbdə




KİMYANIN TƏDRİSİNDƏ İSTİFADƏ OLUNA BİLƏCƏK MARAQLI TƏCRÜBƏLƏR
Ə.B. Şərbətov

Bakı şəhəri 308 saylı tam orta məktəbin kimya müəllimi

A.M. Tağıyeva

k.e.n, Təhsil Problemləri İnstitutunun doktorantı

F.İ. Sailova

290 saylı tam orta məktəbin kimya müəllimi
Son illərdə dünya pedaqoqları şagirdləri dərsə motivə etmənin və öyrənməyə istəkli olmalarını təmin etmənin təlim tədris prosesinin ən əsas hissəsi olduğunu vurğulayırlar. Xüsusən hazırkı dövrdə kimya fənninin qavranılmasında çətinlik yaradan amillərdən biri də ümumi olaraq şagirdlərimizdə psixoloji yöndən fobiya (hədəflə bağlı qorxu hissi) davranışının olması qeyd edilə bilər. Bu psixoloji baryeri aşmaq və həmçinin kimyaya yeni başlayan 8-ci sinif şagirdlərinə fənnin sevdirilməsi üçün onların alternativ akademik fəaliyyətlərə(dərs oxuma işgüzarlığı) cəlb olunmaları çox faydalıdır.

Bəs fənn necə sevdirilməlidir? Bilirik ki, dünyanın hər yerində olduğu kimi, bizim ölkədə də şagirdlər özlərinin gələcək karyera qurmalarında onların seçəcəkləri ixtisasa daha yaxın olan fənlərə daha çox diqqət edirlər. Bu zaman onların “lazım bilmədikləri fənlər” siyahısı meydana gəlir. Bir insanın ona lazım olmayan şeyə diqqət etməsinin mümkün olmadığını hər kəs təsəvvür edə bilir. Deməli tədris etdiyimiz fənnə şagirdin diqqətini cəlb etmək istəyiriksə onun maraqları çərçivəsindən biz də baxmağı bacarmalıyıq. Şagird fənnin onun sosial və ictimai həyatında faydalarını dərk etməlidir. Bu baxımdan fərdin spesifik inkişafı üçün fənn dərslərinin, nəzəri biliklərlə deyil, praktik öyrətmə metodları ilə şagirdə verilməsi daha məqsədəuyğundur. Şagirdin ehtiyac hiss etdiyi məlumatları əldə etməsi üçün onun da iştirak etdiyi, məsuliyyətli vəzifə daşıdığı müəyyən praktik fəaliyyətlər, proqramlar həyata keçirmək lazımdır. Əslində nəzəri olaraq öyrənilən kimyəvi anlayışların çoxu gündəlik həyatımızda, məişətdə, ətraf mühitdə baş verən hadisələri izah edir. Nəzəri biliklərlə gündəlik həyatımızda baş verən hadisələr arasında əlaqə qurularsa, şagird fənnin onun həyatında nə qədər əhəmiyyətli olduğunu hiss edər və onu sadəcə imtahana hazırlıq üçün əzbərləməyə çalışmaz, əksinə sevə-sevə öyrənməyə, anlamağa, hadisələri öyrəndiyi biliklər əsasında analiz etməyə başlayar.

Bu məqsədlə məqalədə həyata keçirilə biləcək fəaliyyətlərdən birini təqdim edirik. Şagirdlərə müstəqil olaraq apara biləcəkləri təcrübələr təqdim etmək lazımdır. Bu təcrübələr heç bir xüsusi kimyəvi laboratoriya avadanlığı tələb etməyən, təhlükəsiz və çevrəmizdə rast gəldiyimiz, mətbəximizdə və gündəlik həyatımızda istifadə etdiyimiz əşya və maddələrlə həyata keçirilə bilən olmalıdır. Təcrübənin xarakterindən asılı olaraq şagirdlər fərdi, ya da qruplar şəklində fəaliyyət göstərə bilərlər.

Bu fəaliyyət növü şagirdlərə nə qazandıracaq?

1. İlk dəfə verilən tapşırığı həyata keçirmək istəməyən şagirdlər ola bilər. Bu şagirdlər daha çox özünə inamsız, psixoloji olaraq qapalı olan şagirdlərdir. Təcrübə üçün lazım olan əşya, detal və ya maddələri tapmaq onlara çətin, hətta mümkün olmayan bir şey kimi görünür. Amma müəllim israrlı olarsa, eyni zamanda təşviq üçün təcrübəni aparan şagirdləri xüsusi qiymətləndirəcəyini elan edərsə bütün maneələrin aşılacağını öz təcrübəmizdə müşahidə etmişik.

Birinci təcrübədən sonra hər kəsdə, xüsusən də qeyd etdiyimiz zəif xarakterli şagirdlərdə yüksək dərəcədə özünə inam yaranır. Şagirdlər onlara verilə biləcək istənilən işin öhdəsindən gələcəklərinə güvənirlər.

2. Onlarda müəyyən bacarıqlar formalaşır. İnamla yanaşı praktiki iş görmək qabiliyyəti qazanır ki, bu da yaradıcı şəxsiyyət profilini ortaya qoyur.

3. Bir təcrübəni həyata keçirmək üçün ona lazım olan əşyaları axtarıb tapmalıdır, bəzilərini satın almalıdır. Həll edə bilmədiyi problem yaranarsa alternativ yollar axtarıb tapmalıdır. Bütün bunlar onun araşdırma və problemi müstəqil həll etmə qabiliyyətlərini inkişaf etdirir.

4. Proses zamanı şagirdlər bir-biri ilə əməkdaşlıq edir, dərsdən sonra mövzuyla bağlı maraqlı müzakirələr edirlər. Nəticə etibarilə şagirdlərdə sosial və şəxsi ünsiyyətin yaranmasına səbəb olur.

5. Uşaqların araşdırma və maraq içində olduğunu görən valideynlər onlara böyük diqqət və qayğıyla yardım edirlər. Bu da valideynlərlə uşaqlar arasında münasibətlərin qurulması üçün müsbət bir zəmin yaratmaqla şagirdlərdə psixososial (yaş psixologiyası) inkişafa yol açmaqdadır.

Bütün bunları nəzərə alaraq müstəqil aparıla bilən bir neçə təcrübə nümunələri göstərək:

Təcrübə-1

XROMOTOQRAFİYA

Yarpaq suyunun tərkib hissələrinə ayrılması.

Ləvazimatlar:


  • Ağac yarpaqları

  • Süzgəc kağızı

  • Pipet

  • Nəlbəki

Təcrübənin həyata keçirilməsi:

Bir neçə ağac yarpağı əllə əzilərək içərisindəki yaşıl maye çıxarılır və nəlbəkidə toplanır. Sonra bu mayedən pipetlə süzgəc kağızının üzərinə aramla bir neçə damcı əlavə edin. Bu zaman kağızın üzərində iki rəngli ləkənin alındığını müşahidə edəcəksiniz. Mərkəzdə sarı rəng, onun ətrafında isə yaşıl rəng əmələ gəlir.



Nəticə:

Deməli yarpaqdan çıxarılan yaşıl mayenin tərkibində iki müxtəlif maye maddə var. Bu maddələrin adsorbsiya qabiliyyətlərinin müxtəlif olması hesabına onları bir-birindən ayırdıq. Daha asan adsorbsiya oluna bilən maddə (sarı) ilk anda, yəni pipetdən düşdüyü nöqtədə kağız tərəfindən uduldu, digər (yaşıl) maddə isə kənarlara yayılmağa imkan tapdı, çünki onun udulması nisbətən çətindir.



Təcrübə-2

XROMOTOQRAFİYA

Mürəkkəblə qarışmış suyun təmizlənməsi

Ləvazimatlar:

  • Qələm içliyi

  • Stəkan

  • Kömür

  • Plastik su butulkası

  • Bıçaq

  • Su

  • Banka

  • Qaşıq

  • Pambıq

Təcrübənin həyata keçirilməsi:

Əvvəlcə bir stəkan su götürülür, onun içərisinə diyircəkliqələm içliyinin mürəkkəbi üflənərək boşaldılır. Qaşıqla qarışdırılır. Tünd göy rəngli məhlul alınır. Sonra plastik su butulkasından qıf düzəldilir. Qıf düzəltmək üçün 1 litrlik butulkanın yarısını bıçaqla kəsin, qapağını isə bir neçə yerdən deşin. Başıaşağı çevrilmiş butulkanın içərisinə bir az pambıq kip şəkildə yerləşdirin və onun da üzərinə bir az narın əsilmiş kömür tökün. Hazır olan bu qıfı bankanın üzərinə yerləşdirin. (Bankanın ağzının diametri butulkanın geniş hissəsinin diametrindən kiçik olmalıdır). Hazırladığınız məhlulu ehmalca qıfımıza(kömürün üzərinə) əlavə edin və gözləyin. Bir neçə dəqiqədən sonra qıfdan şəffaf su damcıladığını müşahidə edəcəksiniz.



Nəticə:

Qarışıqda olan maddələrin adsorbsiya olunma qabiliyyətlərinin müxtəlifliyinə əsaslanaraq onları kömür vasitəsilə bir-birindən ayırdnız.



Təcrübə-3

KORROZİYA

Korroziyadan necə qorunmaq olar?

Ləvazimatlar:

  • Dəmir mismar

  • Sumbata kağızı(korund)

  • Müxtəlif bitki yağları və ya mineral yağlar(mühərrik, sürtgü, transformator yağları və s .)

  • Müxtəlif mənbələrdən götürülmüş su nümunələri

  • 3 ədəd stəkan

Təcrübənin həyata keçirilməsi:

3 stəkan götürün. I stəkana yarıya qədər su tökün (mismarın olçüsünün yarısı qədər), II stəkanı tam doldurun, III stəkanı isə bitki yağı ilə doldurun. Stəkanların hər birinə sumbata kağızı ilə təmizlənmiş bir mismar qoyun. Bunları toxunulmaz bir yerə qoyub 10(on) gün gözləyin. Vaxt bitdikdən sonra mismarların paslanmasını müşahidə edin.



Qeyd: Şagirdlərin yaşadıqları ərazidə olan müxtəlif sulardan istifadə etmələri daha məqsədəuyğundur. Belə ki, müxtəlif suların tərkibindəki maddələrin miqdarı və xarakteri bir-birindən fərqləndiyi üçün metalın korroziyasına da müxtəlif cür təsir edəcəklər. Ona görə müşahidə etdikləri bu müxtəlif nəticələri qeydə almaları və səbəbləri izah etməyə cəhd etmələri onların apardıqları bir araşdırma nəticəsidir.

Təcrübələdə istifadə olunan bitki yağlarını mineral yağlarla da əvəz edib nəticələr izlənməlidir.



Nəticə:

Qablarda gedən proseslər zamanı istifadə edilən sudan, yağdan asılı olaraq qablardakı mismarların paslanma sürəti də müxtəlif olacaq. Şagirdlər hansı qabda korroziyanın daha çox, hansı qabda isə heç getmədiyini müşahidə edib təqdimat hazırlamalıdırlar. Bu təqdimatları hazırlayarkən ya həmin məhsulları olduğu kimi sinfə gətirə bilərlər, ya da müşahidələrinin fotoşəkillərini çəkərək təqdimatlarını zənginləşdirə bilərlər.


Təcrübə-4

H2 və O2-nin alınması

Yanğınsöndürən maddə olan sudan yanğın törədən maddələrin alınması

Ləvazimatlar:

  • 9 voltluq batareya və ya işlənmiş akkumulyator

  • Izolə lenti

  • 2 ədəd 50 sm uzunluqda mis məftil

  • Karandaş

  • 1 litrlik banka

  • Elektrolit (H2SO4 və ya NaOH) əlavə edilmiş su

Təcrübənin həyata keçirilməsi:

Mis məftillərin hər bir ucuna adi karandaşdan çıxarılmış qrafitiçliyi(təxminən 3-4 sm) bərkitməli, digər uclarını isə izolə lenti ilə batareyanın müsbət və mənfi qütblərinə bərkidin. Məftilə bərkidilmiş qrafit ucluqlar elektrod rolunu oynayır. Sonra elektrodları yarıya qədər su ilə doldurulmuş bankaya salın.



Diqqət!

Qrafit elektrodlar bir-birinə toxunmamalıdır. Əks halda elektrik boşalması baş verər və təcrübə alınmaz. Qrafitlərin bankanın içində bir-birilə toxunmaması üçün onların arasına plastik bir əşyadan arakəsmə qoymaq olar.



Nəticə:

Bankaya salınmış elektrodların hər ikisinin ətrafında qaz qabarcıqlarının çıxdığını müşahidə edəcəksiniz. Mənfi qütbə bərkidilmiş qrafitin ətrafından çıxan qabarcıqlar H2 qazının, müsbət qütbə bərkidilmiş qrafitin ətrafından çıxan qabarcıqlar isə O2 qazının qabarcıqlarıdır.



Alternativ variant:

Əgər akkumulyator varsa batareya əvəzinə ondan istifadə etmək olar.

Əgər şagirdin evində 9 voltluq deyil, daha kiçik, məsələn 1,5 voltluq batareya varsa, onlardan 4 və ya 6 ədədini bir-birinə baş-başa bərkitsin, ən sondakıların başına isə məftilləri bərkitsinlər. 4 və ya 6 ədəd batareya bir-birinə elə kip bərkidilməlidir ki, kontakt pozulmasın. Bunun üçün onları stolun üstündə baş-başa olmaqla düzün, yan tərəfdən onlara bir taxta çubuq söykəyib sonra izolentlə möhkəmcə sıxaraq bağlayın. Prosesin davamını yuxarıda olduğu kimi aparın.
Təcrübə-5

ƏHƏNG

Suyun südə və südün yenidən suya çevrilməsi

Ləvazimatlar:


  • Sönməmiş əhəng-100q (təsərrüfat malları satılan mağazalardan alına bilər)

  • Su

  • 2 ədəd 1 litrlik banka

  • Plastik boru (meyvə şirələrində istifadə olunur). Plastik boru olmazsa qələmin içliyini çıxarıb özundən boru kimi istifadə etmək olar.

Təcrübənin həyata keçirilməsi:

Mağazadan alınmış sönməmiş əhəng (CaO) su ilə doldurulmuş bankaya əlavə edilir. Əhəngin söndürülməsi prosesi bitdikdən sonra bir neçə dəqiqə bulantının çökməsini, həm də soyumasını gözləyin. Sonra qarışığın şəffaf hissəsindən (əhəng suyu) bir az digər bankaya əlavə edin. Plastik borunun bir ucunu su kimi şəffaf görünən bu mayenin içərisinə salın, digər ucunu isə dodaqlarınıza söykəyib üfürün. Məhlulun bulandığını müşahidə edəcəksiniz. Yenidən üfürməyə davam etsəniz, məhlulun da yenidən şəffaflaşdığını görəcəksiniz.



Nəticə:

Üfürmə zamanı nəfəsimizdən ayrılan karbon qazı əhəng suyu Ca(OH)2 ilə ağ rəngli çöküntü(bulantı) CaCO3 əmələ gətirir. Yenidən üfürmə zamanı həllolan turş duz (şəffaf) Ca(HCO3)2 alındığı üçün məhlul şəffaflaşır.

Belə təcrübələrin sayını artırmaq olar. Bir neçə təcrübədən sonra şagirdlər özləri təcrübələri aparmaq üçün alternativ metodlar və ya avadanlıqlar düşünüb istifadə edəcəklərinə əminik. Artıq onlarda yaradıcılıq qabiliyyəti inkişaf edir. Qarşılaşdıqları istənilən problemi həll etmək üçün mütləq alternativ yollar olduğuna inam yaranacaq.

İstifadə edilmiş ədəbiyyat:


1. И.Н. Путилова., А.Ф. Марченко., К.К.Никольский., Г.А.Райцын., Л.Д.Ра-зумов. «Коррозия и защита металлических сооружений средств связи», Типография Связьиздата, Москва-1962.

2. V.M. Abbasov, “Korroziya”. Bakı -2007.




Интересные опыты используемые в процессе преподавания химии

А.Б. Шербетов, А.М. Тагыева, Ф.И. Саилова


АННОТАЦИЯ
В результате исследований были выявлены что если востанавить связь между теоретической химией и явлениями происходяшими в нашей повседневной жизни у учеников возрастет интерес к науке химии и усвоение намного улучшитсья. С этой целью студентам были даны пробы опытов, которые они самостоятельно могут осуществить.


The interesting experiments which can be used in process of teaching chemistry

A.B. Sharbatov, A.M. Tagiyeva, F.I. Sailova


SUMMARY
At the result of research it was determined that if relation constructed between learned theoretical knowledges and the events which happen in our daily life, the students will perceive the importance of branch of science in them life and it will increase their interest in this subject. For this purpose some experiment examples are given in this article which the students can make by themselves very easily.


Açar sözlər: praktiki iş, araşdırma, kimyəvi təcrübələr, süzgəc kağızı, korroziya, sumbata kağızı, elektroliz.
Key words: practical work, investigation, chemical experiments, filter paper, corrosion, emery, electrolysis.
Ключевые слова: практическая работа, исследование, химический опыт, филтрная бумага, каррозия, наждачная бумага, электролиз.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə