«Kimin xoşuna gəlməz ki, onu xalq tanımasın»




Yüklə 68.56 Kb.
tarix23.02.2016
ölçüsü68.56 Kb.

«Kimin xoşuna gəlməz ki, onu xalq tanımasın»

Yaxın-uzaq adam

«Kimin xoşuna gəlməz ki, onu xalq tanımasın»

   Onun yaradıcılığını zəngin bir rəssam tablosuna bənzətsək orada hər rəngə rast gələrik. Kino, televiziya, radio, elm, ədəbiyyat, jurnalistika, pedaqoqika, dövlət qulluğu… Bu sima bir çox filmlərdə baş rollar ifa etsə də, nədənsə bu sərt xarakterli, prinsipial oğlan obrazı ilə yaddaşlara möhür vura bildi.

Uğurla başladığı kinoaktyorluq peşəsindən uzaqlaşıb özünü elmi-ədəbi fəaliyyətdə tapan, hazırda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. Amma azərbaycanlı tamaşaçıların sevimli kino qəhrəmanı olmuş bu insanın oxucularımız üçün də maraqlı həmsöhbət olacağını düşünüb onunla görüşməyə qərar verdik.

  Əksər insanlar sizi əvvəlcə kinoaktyor kimi tanıyıb, qəbul edib, sonra isə sırf ədəbiyyat adamı kimi tanınmısınız. Hətta elmi-pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Bəs sizə ən yaxını və özünüzü tapa bildiyiniz sənət hansıdı?

- Düz qeyd etdiniz, tale elə gətirib ki, bioqrafiyam ən müxtəlif yaradıcılıq sahələri üzrə inkişaf edib. Bu günün zirvəsindən baxanda hesab edirəm ki, bütün bu istiqamətlər nəhayətdə kompleks halında toplanaraq konkret öz obrazımda bir şəxs yaradır. Lakin elmi-ədəbi-bədii fəaliyyəti həmişə özümü ifadə etmək üçün daha məqbul forma saymışam.



- Gəncliyində kino ilə məşhurlaşan bir insan hazırda bu sahədən uzaqlaşıb… ilk addımınız- kino sənəti sizə nə verdi?

- İncəsənət İnstitutunun aktyorluq ixtisasından kəsilsəm də, “Azərbaycanfilm”də Adil İsgəndərovun məşhur kinoaktyor kursunda dinləyici kimi iştirak edirdim. Tale elə gətirdi ki, sonralar dalbadal bir neçə bədii filmdə baş rola dəvət aldım. Əgər bu gün yaddaşlarda qalan obrazlar yarada bilmişəmsə, bundan çox məmnunam və qürur duyuram.



- Akif Əli hansı məqamlarda özünü narahat hiss edir?

- İnsan faciəsi mənə daha çox təsir edir. Filmlərdən, efir məkanından canlı olaraq izlədiyimiz, insanların əlacsızlığı, məzlumluğu, kiminsə çarəsizcəsinə gözləriylə kömək diləməsi… bütün bunlar insanı kədərləndirən amillərdi. Düşünürəm ki, bu təkcə məni yox, duyğusu, ürəyində rəhmi olan hər kəsi narahat edər. Milyon-milyon illərlə var olan, dəyişmədən yaşayan gözəlliyə qıyıb, ülviliyə çirkab atıb, məsumluğa kölgə salıblar. İstər canlı varlıq olsun, istər təbiət… Axı bir ağacın budağının qırılması da cinayətdi. İnsan bir çox məqamlarda düşünmədən dünyaya ziyan vurur.



  Bu gün bir çoxlarına görə, müasir Azərbaycan ədəbiyyatı və kinosu öz dövründən geri qalır. KİV-də kifayət qədər müzakirə edilən bu rəyi necə xarakterizə edərsiz?

- Hesab edirəm ki, Azərbaycan ədəbiyyatı keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymaqdadır. Sovet dövrü ədəbiyyatından uzaqlaşmalıyıq. Əgər bu gün bir çox sahələrdə siyasi-sosial-iqtisadi islahatlar aparıb dünya arenasına çıxa bilmişiksə, təbii ki, ədəbiyyatda da bu çıxış olmalıdır. Forma və məzmunca da tamam yeni əsərlər lazımdı. Müasir kinomuz haqqında da tam deyə bilmərik ki, arzuladığımız səviyyədəyik. Bunun da bir çox səbəbləri var. Kino çətin sənətdir. Kinoya çox şey lazımdır: kinonu bilən istedadlı kadrlardan tutmuş müasir texnikaya, ciddi maliyyəyə və s.



  Postmodernist gənc yazarlara münasibətiniz necədi?

- Bu barədə yaşlı nəsil yazıçılarla bir çox mübahisələrimiz olubdur. Gənclərin özlərinin dünyagörüşü və təsəvvür dairəsi var, yaşlı nəslin də özünəməxsus. Əlbəttə, bu iki fərqli təfəkkür tərzi toqquşanda etiraz doğurur. Gənclərdən müxtəlif yönlü narazılıq edirlər. Amma mən gəncləri başa düşməyin tərəfdarıyam. Bəlkə də onlardan kimlərəsə sözünü deyə bilmədiyi üçün etiraz olaraq hətta kobud ifadələrə əl atırlar. Amma buna haqq qazandırmıram.



  Bəs siz necə, gənclik illərində etiraz səsinizi kobud ifadələrlə ucaltmısınız?

- Mən etiraz olaraq satirik əsərlər yazırdım. Əlbəttə ki, təhqir heç yerdə olmamalıdır. Belə yazıları oxucular sadəcə üstündən ötüb keçməklə oxumaya bilərlər. Amma gənclərin arasında maraqlı yazılar yazan çox istedadlılar da var.



  Gənc yazarlara tövsiyəniz

- Ən böyük tövsiyyəm odur ki, çoxlu mütaliə edib elmi biliklər əldə etsinlər. Bütün bunlar olmadan heç bir şey yazmaq olmaz. Kim ki deyir, mən fitri istedadam, gəzmədən, görmədən, mütaliə etmədən yazacağam, ola bilər həmin adam nəsə yazsın. Amma bu ciddi ədəbiyyat olmayacaq. Ümumiyyətlə böyük sənətin kökündə elmi baza dayanır. Hətta fantastik əsərlər yazanın belə elmi əsasları, bilikləri dərin olmalıdır. O cümlədən də kitab mütaliəsi inkişaf edib bir şəxsiyyət kimi formalaşmaq üçün çox ciddi amildi. İnsan kitab oxuduğu an əsl insanlığa daha sürətli addımlayar, nəinki televiziya və s. informasiya vasitələriylə. Bədii əsəri oxumaq tamam başqadı, həmin əsərin əsasında filmə baxmaq bir başqa.



  Azərbaycanda mütaliə problemi varmı?

- Oxucu sayı deyirlər, azalıb. Amma bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi I Beynəlxalq Kitab Sərgisi keçirdi. Siz orada adamların kitab uğrunda bir-biriylə mübarizəsini görəydiniz… Demək söhbət yaxşı kitabdan gedir. Yaxşı kitab təqdim olunsa oxucu oxuyar. O sərgidən özüm üçün nəticə çıxardım ki, oxucuya onu maraqlandıran mövzularda yaxşı kitab təqdim etmək lazımdı.



   – “Tütək səsi” filmindəki Tapdıq o dövrdəəyyən sayda tamaşaçıların ideallaşdırdığı azərbaycanlı gəncin obrazı idi. Bu uğurlu rola görə aktyor alqışlanmalıdır, yoxsa

- Bu rolun uğurlu alınmasında bir neçə səbəb var. Onlardan ən birincisi xarakterin kökündə güclü dramaturji materialın, İsa Hüseynov dühasının dayanmasıdır. İkinci səbəb ustad rejissor Rasim Ocaqovun film üzərində dərindən işləməsidir. Ən nəhayət üçüncü səbəb də görünür uğurlu aktyor seçimindədir. Orada baxın nə qədər gözəl obrazlar yaradan istedadlı aktyor ansamblı var. Təbii, mən də Tapdıq obrazının tam dolğun alınması üçün var qüvvəmlə çalışırdım.



   Sizi ictimaiyyətdə Tapdıq kimi tanıyanda, yaxud tanımayanda bu sizi sevindirir, yoxsanarahat edir?

- Kimin xoşuna gəlməz ki, onu xalq tanısın. Tapdığı adətən tanıyırlar. Bu, əlbəttə xoşdur. Amma müsahibələrimdən birində demişəm ki, mən kinoda məşhurlaşmağımın qarşısını aldım. Həqiqətən də o dövrdə SSRİ miqyasında kinoaktyor kimi məni qəbul edir, filmlərə dəvət edir, haqqımda məqalələr, müsahibələr hazırlayır, fotoşəkillərimi qəzet-jurnallar dərc edirdi. Halbuki kinoaktyorluq ixtisasım deyil. Hiss edirdim ki, ürəyimdə ədəbiyyata, elmi araşdırmalara, söz sənətinə daha böyük ehtiyac və həvəs var. Ona görə də çəkinmədən aktyorluq fəaliyyətimi dayandırdım, hətta yeni dəvətlər alsam belə…



   - Akif Əli kinodan getməyinə peşman deyil ki?

- Mən kinodan yalnız kinoaktyor kimi uzaqlaşdım. Kinodakı dostlarımla bu gün də əlaqəm var. Sonralar “Mozalan” satirik kino-jurnalı üçün, telefilmlər üçün ssenarilər yazdım. Lap bu yaxınlarda Qarabağ müharibəsinə dair bir kino-pritça yazmışam.



   Axtarış və ideallaşdırma: bu məncə, bütün insanlara xasdır. Sizin ideallaşdırdığınız insan və ya qadın obrazı necədi, onu görmüsünüzmü?

- Təbii ki, ailə qurduğum insanı bütün Azərbaycanı axtararaq bəyənib seçmişəm. Fəridəylə biz 1985-ci ildə Ağdamda qızlar üçün “Aygün” televiziya proqramının çəkilişlərində tanış olduq. O, Tibb Universitetinin tələbəsi idi. Verilişə tələbə qızları dəvət etmişdik. O da gəlmişdi. Mən də televiziyada baş redaktor işləyirdim. Əvvəlcə inanmadı ki, mən kinodakı həmin Tapdıqam. Bizim tanışlığımız orada oldu, sonra dostluğumuz davam etdi və bu gün artıq 25 ildir ki, biz bir yerdəyik. Ən çətin məqamlarımda Fəridə həmişə mənə arxa-dayaq olub. Bir neçə il bundan öncə ağır əməliyyat keçirdim. Bir həftə komada olmuşam. Həmin dövrdə həkimlərlə bərabər mənim həyatım uğrunda mücadiləni yoldaşım Fəridə xanım davam etdirib və məni də həyata qaytarıblar.



   Oynadığınız rollarda kifayət qədər sərt adam təsiri bağışlayırsız. Bəs ailədə?

- Bir məqamı etiraf edim. Dediyim əməliyyatdan öncə daha əsəbi, sərt idim. Ailədə uşaqların etdiyi hər hansı bir səhv hərəkətə acıqlı, qəzəbli reaksiya verirdim. Koma anında ən çox uşaqlarımı cəzalandırdığım üçün inciyir, böyük peşmançılıq duyğuları keçirirdim. Özümə gələndən sonra söz verdim və sonra heç vaxt onların xətrinə dəymədim. O vaxtdan 5-6 il ötüb. İndi demək olar ki, mən tam humanist və tolerant həyat tərzi yaşayıram. Görünür insan çətinliyə düşdüyü an dünyanı daha yaxşı dərk edir. Bəzən adamlar elə bilir ki, bu dünyada istədiklərini edə bilərlər. Yox, bu dünya ilə iş bitmir. Dünya mürəkkəbdi. Nizami Gəncəvinin belə bir misrası var: “Dünya könül dünyasıdır, bu dünyanı tanı sən”.



O sözlərin həqiqətini qəbul edirəm. Yer üzündə insanlar bir-birinə xoş münasibət, məhəbbət bəsləməlidir. Bu, daha yaxşı yaşam yoludur.

   Söhbətləşdi:

   Yeganə CANSAİL


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə