Karst relyef formalari




Yüklə 93.87 Kb.
tarix22.04.2016
ölçüsü93.87 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ
FİZİKİ COĞRAFİYA KAFEDRASI
Coğrafiya fakültəsinin Coğrafiya ixtisası üzrə I kurs əyani şöbəsinin 908-ci qrup tələbəsi Rüstəmova Vəfa Elbrus qızının Ümumi yerşünaslıq fənnindən

KARST RELYEF FORMALARI

mövzusunda
Kurs işi


Elmi rəhbər: Həsənəliyeva L.

Tələbə: Rüstəmova V.
BAKI-2006

PLAN.


  1. Karst haqqında anlayış.

  2. Karstın inkişaf şəraiti.

  3. Relyefin karst formaları:

      1. Karst və karst sahələri.

      2. Karst qıfları, nəlbəkiləri, quyuları.

      3. Karst çalaları.

      4. Tropik karstlar.

      5. Psevdokarstlar.

4. Karstın əsas yayıldığı rayonlar.

5. Karstın təcrübi əhəmiyyəti və rolu

YERALTI SULARIN FƏALIYYƏTI ILƏ ƏMƏLƏ GƏLƏN RELYEF FORMALARI
Yer səthinə düşən yağıntıların bir hissəsi yerə hopur, çat və məsamələr üzrə hərəkət edərək müxtəlif dərinliklərdə sirkulyasiya edir. Atmosfer sularının yerə hopma dərəcəsi sahənin relyefindən, suxurların litoloji xüsusiyyətindən və digər amillərdən asılıdır. Çatlarla çox parçalanmış məsaməli suxurlar yer səthinə yağıntı halında düşən və qarların əriməsindən əmələ gələn suları daha çox yerə hopdurur. Suların yerin hansı dərinliklərinə qədər süzülməsi ərazinin geoloji və geomorfoloji xüsusiyyətlərindən asılıdır.

Yerin altına süzülən sular, çatlar və məsamələr boyu hərəkət edərək müəyyən geoloji iş görür. Adətən, yeraltı suların sürəti səth sularının sürətindən azdır. Bunun əsas səbəbi yeraltı suların çox maneələrə rast gəlməsidir.

Məsamələr və çatlar üzrə hərəkət edən yeraltı suları müxtəlif dərinliklərdə yerləşən sulu təbəqə əmələ gətirir. Adətən, sulu təbəqənin altında sukeçirməyən laylar yerləşir. Sukeçirməyən laylara qədər yeraltı sular əsasən şaquli istiqamətdə, sukeçirməyən laylara çatdıqda isə üfüqi (maili) istiqamətdə hərəkət edir. Bu prosesin inkişafına bir çox amillərin, o cümlədən eroziya bazisinin dəyişməsinin böyük təsiri vardır. Sulu qatlar üzə çıxdıqda yeraltı sular da dərələrin yamaclarında bulaqlar şəklində səthə çıxır.

Məsamələr və çatlar üzrə hərəkət edən sular yerin altında müəyyən fəaliyyət göstərir. Yeraltı suların kimyəvi (həlletmə) və mexaniki fəaliyyəti nəticəsində yerin altında və səthində müəyyən relyef formaları yaranır və inkişaf edir.

Yeraltı suların fəaliyyəti ilə əlaqədar olaraq sürüşmə, suffoziya karst relyef formaları əmələ gəlir.

Karst. Həll olunan suxurlardan-əhəngdaşılardan və dolomitlərdən, bəzən də gillərdən və duzlardan təşkil olunmuş ərazilərdə özünəməxsus relyef əmələ gəlir. Axar suların hər yerdə adi eroziya fəaliyyəti burada onların həlledici təsirilə birləşir. Həll olunmuş suxurların aparılması nəticəsində relyefdə boşluqlar yaranır. Relyeflə birlikdə məhəllin hidroloji rejimi də dəyişir. Belə relyef və onunla əlaqədar olan hidrocoğrafi şəbəkə karst relyefi və ya sadəcə karst adlanır. Karst sözü həmin hadisənin ən tipik yayıldığı ərazilərdən biri olan Yuqoslaviyanın Adriatik dənizi sahilində yerləşmiş Karst yaylasından götürülmüşdür.


Karst massivi.
A-qalın karst; B-sukeçirməyən lay; C-qıflar və quyular; a-şaquli sirkulyasiya zonası; b-dərin üfüqi sirkulyasiya zonası; D-bulaqların səthə qalxdığı yerlər; E-kisəyəbənzər dərə
Yuxarıda qeyd etdiyim kimi karst başlıca olaraq əhəngdaşıları və dolomitlərdə əmələ gəlir. Bu suxurlar suyu keçirmir, lakin onlar həmişə müxtəlif ölçüdə çatlarla parçalanmış olur. Atmosfer suyu, yerüstü və yeraltı sular çatlara keçərək CaCO3-ü həll edir. Bu proses suda sərbəst karbon qazı olduqca güclənir.

CaCO3 + H2O + CO2 → Ca2+ + 2HCO3-
Əgər həll olan suxur layları üzdə yatırsa, karst açıq karst, səthi karst və ya Aralıq dənizi karstı adlanır. Müəyyən dərinlikdə olan və həll olunmayan qumdaşı-gil çöküntü qatı ilə örtülən karsta örtülü və ya Orta Avropa karstı deyilir. Örtülü karst açıq karsta nisbətən daha geniş yayılıb. Karstlaşan suxurlardan və onun dərinliyindən asılı olaraq dərin və dayaz karst növləri var.

Speliologiyanın müasir inkişafında karstın aşağıdakı əsas tiplərini ayırmaq olar: basdırılmış karst, örtülü karst, çılpaq karst, qalıq tropik karst, daimi donuşluq karstı.

Dağlıq və düzənlik ərazilərdə karstı əmələ gəlməsi və inkişafı çox fərqləndiyinə görə yuxarıda qeyd edilən tiplər dağlıq və düzənlik karstı siniflərində birləşir.

Basdırılmış karst—keçmiş geoloji dövrlərdə karstlaşan suxurların yer səthinə çıxdığı, yaxud səthə yaxın yerləşdiyi ərazilər sonrakı geoloji dövrlərdə ümumi tektonik çökməyə məruz qalmış və bütöv karst sahələri, onlara məxsus spesifik karst landşaftı ilə birlikdə müxtəlif qalınlığı olan dəniz çöküntü qatları ilə örtülmüşdür. Bu qazıntı karst adlanır. Qazıntı karst müxtəlif ölkələrdə basdırılmış Paleozoyun və Mezozoyun karstlaşan suxurlarında qazıntı və geofiziki tədqiqat üsulları ilə müəyyən edilmişdir. Bir çox yerlərdə (Preduralyedə, Uralda və s.) qədim karst boşluqlarında müxtəlif faydalı qazıntılar toplanmışdır. Basdırılmış karst yer səthindən bir neçə yüz metrə və ondan daha dərinliklərdə müəyyən edilmişdir. Basdırılmış karst formaları yer səthində yoxdur.

Örtülü karst—yağıntıları il boyu bərabər paylanan mülayim iqlim şəraitində inkişaf edir. Bu şəraitdə aşınma qabığı az və ya zəif yuyulur. Karstlaşan süxur massivi səthdən qalınlığı bir neçə metrdən tutmuş bir neçə on metrə qədər çatan yumşaq çöküntü, torpaq örtüyü və yaxşı inkişaf etmiş bitki örtüyü ilə örtülü olur (A). Dağətəyi və yamacın alçaq sahələrində bu örtüyü delüvial qat, buzlaq akkumulyasiyası rayonlarında isə moren çöküntüləri, su-buzlaq çöküntüləri, düzənlik çayları terraslarında alluvial çöküntülər örtmüşdür.

Basdırılmış karstdan fərqli olaraq örtülü karst yer səthi relyefində özünü göstərir. Örtülü karst yayıldığı rayonlarda karstlaşmayan çöküntü örtüyü çox qalın olmadıqda səthdə karst quyuları, qıfları və başqa formaları geniş yayılır. Orta Avropada, eləcə də Qafqazda örtülü karst geniş yayılmışdır.



Çılpaq karst—quru iqlim sahələri üçün daha xarakterik olaraq

Aralıq dənizi ölkələrində geniş yayılmışdır. Karstlaşan süxurların (onlar əsas əhəngdaşı və dolomitlərdən ibarətdir) səthi çılpaqdır, bəzi yerlərdə onlar nazik, skeletli torpaq təbəqəsi ilə örtülmüşdür (B). Bəzi tədqiqatçıların çılpaq karstın əmələ gəlməsini meşələrin məhv edilməsində, səthi eroziyanın intensiv inkişaf etməsində, il boyu yağıntıların niysan xarakterli olmasında, qeyri-bərabər paylanmasında görürlər.Qeyd edirlər ki, insan fəaliyyəti burada az əhəmiyyətli bir amil kimi meydana çıxır. Bir çox rayonlarda tipik və dərin karr çöllərinin yanması şübhəsiz insanın təsərrüfat fəaliyyətinin genişlənməsi dövründən çox əvvəllər inkişaf etməyə başlamışdır.


RELYEFIN KARST FORMALARI
Yer səthində karst relyefinin ən geniş yayılmış formaları karr və karr çökəklikləri, çökəklər (polya), karst qıfları, nəlbəkilər, quyular və təbii şaxtalardır. Bunlardan əlavə adi erozion dərələrdən fərqli olaraq karst sahələrində geniş yayılmış kor dərələr, əhəng daşında kanyonlar da relyefin karst formalarına aid edilir.

Karr və karr çökəklikləri. Karr əsasən çılpaq karstın mikrorelyef formalarına aid edilir. O, həll olan süxurların üzərində əmələ gələn kiçik qanov, deşik və başqa cür boşluqlarabənzər karst relyef formalarından biridir. Karrların dərinliyi bir neçə santimetrdən bir metrə, nadir hallarda iki metrə çatır. Karr relyef formaları əksər hallada süxurun üzərində qeyri-müntəzəm uyğunsuz halda olur. Süxurun bir hissəsi çox həll olunub yuyulur, burada əmələ gələn deşiklər və qanovlar dərin, əyri-üyrü olur. O biri hissədə isə bu formalar zəif inkişaf edir, sanki süxur həllolunma nəticəsində heç zədələnməyiblər. Süxurun üzərində karr əmələ gəlmiş sahəyə karr sahəsi deyilir. Karr formasının əmələ gəlməsi, əsasən, Atmosfer yağıntılarının süxura təsiri ilə bağlıdır.

Karst qıfları. Dünyanın müxtəlif karst sahələrində və xüsusilə mülayim qurşaq karstında ən geniş yayılmış karst formaları müxtəlif böyüklüklü çökəklərdir. Bunlardan karst qıfları daha geniş yayılmışdır. Karst qıfları əksər hallarda dairəvi və oval şəkilli, az hallarda isə qeyri-düzgün formada, en kəsiyi üzrə dik və düz yamaclı olur. Qıfın ağız hissəsinin eni dərinliyinə nisbətən iki dəfə artıqdır. Onun eni 10-200 m arasında dəyişir. Bir qayda olaraq tək qıflar morfoloji cəhətdən sadə olur.


Karst qıfı

Açıq karstda səthi yuyulma qıfları adi haldır. Qalın əhəngdaşı laylarında onlar düzgün qıf, boşqab və qazanaoxşar formada olur. Onların dibində dərin dəlik olur. Belə qıflar böyük deyil, az halda diametri 100 m-ə çatır. Uçqun qıfları böyük ölçüdə olur. Onlardan birini Balkan yarımadasının cənubunda Oxrid gölü tutur. Gölün uzunluğu 30, eni 15 km, dərinliyi 695 m-dir. Açıq karstda sızıb deşmə qıfları əmələ gəlir.

Bir-birinə yaxın yerləşən qıflar eninə inkişaf etdikcə onların yamacları tədricən birləşir və mürəkkəb morfoloji quruluşa malik olan çökəklərə çevrilir. Adətən, belə çökəklərin yamacları çox əyintili olaraq diametri 10-200 m-dən artıq olur. Karst qıfları yamaclarının morfologiyasına eyni zamanda ərazinin relyefi də təsir göstərir. Düzənlikdə qıflar düz qıfa oxşayır, meyilli yamaclarda isə onların yamacları assimmetrik quruluşda olur. Layların yatımı da qıflarım morfologiyasına təsir göstərir. Üfüqi yatan laylarda qıfların yamacları simmetrik, dik yatan yamaclarda isə asimmetrik quruluşda olur. Qıf ətraf sahələrdən əksərən yaxşı müşahidə edilən qaşla ayrılır. Qıfların dibində toplanan suyu udan və dərinliyə keçirən quyu yerləşir ki, bu ponor adlanır. Bəzən bir qıfın dibində bir neçə ponor yerləşir. elə qıflar var ki, onların dibi yumşaq çöküntülərlə dolur və düz olur. Karst qıfları müxtəlif mənşəli olur:


  1. Səthdə gedən korroziya qıfları

  2. Uçqun qıfları

  3. Sorulma qıfları

Birinci növ qıflar karstlaşan süxurun səthində gedən həllolma prosesi nəticəsində əmələ gəlir. Bu yolla müəyyən çat ətrafında karst çökəkliyi əmələ gəlir və inkişaf edərək genişlənir. Belə qıflar çox müxtəlif morfoloji quruluşda olur (simmetrik, asimmetrik).

Uçqun qıfları yer səthindən aşağıda olan yeraltı karst boşluqlarının tavanının yatması nəticəsində əmələ gəlir. Əksər hallarda bu mənşəli qıfların yamacları dik olur.

Uçqun qıfları Rusiya düzənliyində, Preduralyedə və digər ölkələrdə geniş yayılmışdır.

Sorulma qıfları əksər hallarda karstlaşan süxur qatları üzərində yayılmış yumşaq çöküntülərdə inkişaf edir. Həmin çöküntü qatları altında yerləşən karst formalarının boşluqları üzərində süxur hissəcikləri tədricən həmin boşluqlara tökülərək səthdə qıfabənzər çökək əmələ gətirir. Belə qıfların yamacları az maili və əksər hallarda simmetrik olur.

Karstın səth formalarında biri nəlbəkiyəoxşar çökəklərdir. Bunlar qıflara nisbətən çox dayaz və geniş olmaqla ətraflardan çətin seçilir. Nəlbəkiyəoxşar çökəklərin dibi yumşaq çöküntülərlə dolduğundan ponorların gözü tutulur. Buna görə də çökəklərin dibi düz və sukeçirməyən olur. Yağışlar yağan zaman nəlbəkiyəoxşar çökəklər su ilə dolaraq gölməçələrə çevrilir; dayaz olduğuna görə quraqlıq günlərdə onlar quruyur. Aralıq dənizinin çılpaq karst sahələrində nəlbəkiyəoxşar karst çökəklərinin dibindən ən yararlı sahələr kimi istifadə edilir.

Karst quyuları qıflara və nəlbəkiyəoxşar çökəklərə nisbətən az yayılmışdır. Karst quyularının yamacları dik və sıldırımlı olur, yamaclarda əhəngdaşı və başqa karstlaşan süxurlar görünür. Quyular qıflara nisbətən dərin və ensiz olur. Quyuların dibində ponor müşahidə edilir. Onların ağzı bağlandıqda quyu tədricən aşınma məhsulları ilə dolur. Çox hallarda karst quyuları aşağıda birbaşa yeraltı karst boşluqlarına açılır (Kunqurda və s.).

Təbii şaxtalar karst quyularına nisbətən yer səthində az yayılmışdır. Bunlar quyulara nisbətən dar və uzun olur. Təbii şaxtalar çox vaxt bir neçə şaquli və üfüqi hissələrdən ibarət olaraq ümumi uzunluğu yüz metrlərlə mürəkkəb formalı yeraltı boşluqlar əmələ gətirir.

Təbii şaxtaların diametri 5-10 metrə çatır. Qalın əhəngdaşı massivlərində və başqa karbonatlı qatlarda dərinliyi bir neçə on metrdən 500-600 metrə qədər çatır. Dinar dağlarının şimal-qərb dağətəyi karst sahəsində, Pireney dağlarında, Qara dəniz Qaqra sahilində yerləşən Arabika massivində dərinliyi 300 m-dək artıq olan mürəkkəb quruluşlu şaxtalar qalın karbonatlı qatlarda yerləşən mürəkkəb şaquli çatlar üzrə inkişaf edir.



Səthdən axarı olmayan çökəklər (polye) karstın başqa formalaına nisbətən az yayılmışdır. Dinar dağları karst sahəsi üçün xarakterik formadır. Polye müxtəlif böyüklükdə səthdən axarı olmayan qapalı çökəkdir. Kiçik polyelərin sahəsi 2-10 km2, ən böyük polyelərin sahəsi isə bir neçə yüz kvadrat kilometrə çatır. Məsələn, Qərbi Bosniyada yerləşən Levansko polyesinin sahəsi isə 181 km2 –dir. Polyelər əksərən uzunsov olurlar. Onların eni uzunluğuna nisbətən 2-3 dəfə az olur.

Polyelər çılpaq yamaclı əhəngdaşı və başqa karbonatlı süxurlardan təşkil olunmuş dağlarla əhatələnir. Polyelərin dibi çox hamar olaraq yumşaq çöküntülərdən ibarətdir. Hamar polye düzənliyində ara-sıra kiçik əhəngdaşı massivlərinə (qalıq təpələrə) rast gəlinir. Polyenin kənarında olan əhəngdaşı massivi ətəyində gur bulaqlar yer səthinə çıxaraq kiçik çaylar əmələ gətirir. Polyenin hamar dibi ilə əyri-üyrü yataqla (meandrlı) axan bu kiçik çaylar polyenin ən alçaq hissəsində yerləşən ponor vasitəsi ilə yer altına süzülür. Bəzi hallarda kənar çayların reqressiv eroziyası vasitəsi ilə polye açılır və polyedən kənara səth axarı əmələ gəlir.

1. Tektonik mənşəli polyelər, əsasən qırışıq dağlıq sahələrdə əmələ gəlməklə sinklinal çökəklərdən ibarət olur. Sonralar bu çökəklərin morfologiyası suların korroziya fəaliyyəti nəticəsində dəyişir. Karstlaşan süxurlarda olan sinklinal çökəklərdə toplanan sular çatlar və ponorlar vasitəsilə yerin altına keçir və sinklinal qapalı çökəkliyə çevrilir.

2. Başqa qrup polyelər karstla zəngin olan əhəngdaşı qatları arasında yatan karstlaşmayan (suda həll olmayan) çöküntülərin yuyulub yeraltı sular vasitəsilə kənara aparılması nəticəsində əmələ gəlir. Bu yolla əmələ gələn polyenin həcmi yuyulub aparılan süxur kütləsinin həcminə bərabər olur.

3. Karst sahəsində bir çox qonşu qıfların birləşməsindən əmələ gələn polyelər də vardır. Belə mənşəli polyelər adətən kiçik, həm də planda mürəkkəb formalı olur.

4. Uçqun polyeləri yeraltı çayların, maili şaxtanın və uzunsov mağaranın tavanının uçması nəticəsində əmələ gəlir.


KARST RELYEFİNİN YAYILDIĞI REGİONLAR
Alman tədqiqatçısı H.P. Kossak karst relyefinin aşağıdakı zona və regionlarını ayırır:

  1. Subtropik açıq karst zonası. Bu zona Alp-Aralıq dənizi qırışıq qurşağını əhatə edir.

  2. Florida, Yukatan və Kuba, Cənubi Çin, Malakka və Şimali Avstraliya karstının da daxil olduğu tropik zona. Açıq əhəngdaşılarında kegel-karst əmələ gəlir; onun relyefi “kəllə qəndi” xatırladan konusvari fomalardan ibarətdir.

  3. Mülayim enliklərin örtülü karst zonası. Bu zonaya Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubu daxildir.

Rus düzənliyində örtülü karst çox geniş yayılmışdır: Estoniyanın Oneqa gölünə qədər uzanmış silur əhəngdaşı platosu, Oneqa-Dvina suayırıcısı, Orta və Aşağı Zavoljye, Moskvaətrafı-Oka karst sahəsi, Don hövzəsi, Volın-Podol yüksəkliyi.

Yerin ən böyük karst sahələrindən biri Priuralyeni və Uralı əhatə edir; bir sıra karst rayonları Orta Sibir yaylasında, Zabaykaledə, Altayda, habelə Sixote-Alindir.

Avropanın mülayim enliklərinin ən böyük karst rayonları Krakov Yurası, Moraviya Karstı, Şvaba-Frank hövzəsi, Fransada Koss platosu, Pennin sıra dağları və İrlandiyanın Mərkəzi düzənliyidir.

Şimali Amerikada geniş karst relyefi sahələri vardır: Appalaç dağları, Texas, Nyu-Meksika.



  1. Səhra karstı. Səhra zonalarında yağıntının azlığı ilə əlaqədar olaraq karst prosesləri yavaş gedir, relyefin yerüstü karst formaları isə eol törəmələri altında gizlənir.

  2. Mərcan adaları və rifləri karst zonası. Bu zona yuyulma formalarının cavanlığı ilə səciyyələnir.


KARSTIN HİDROLOGİYASI
Karst hadisəsi yayılan ərazilər öz hidroloji və hidrogeoloji xüsusiyyətlərinə görə başqa rayonlardan kəskin fərqlənir. Bu fərqlənmə hidroqrafiya şəbəkəsinin inkişafında, çayların qidalanmasında, yeraltı suların rejimində və dinamikasında özünü göstərir. Karst sahələri səth hidroqrafiya şəbəkəsinin zəif inkişaf etməsi ilə səciyyələnir. Bu sahələrin kənarlarında müxtəlif tipli gur sulu bulaqlar olur. Çayların yox olması, yeraltı hidroqrafiya şəbəkəsinin yaxşı inkişaf etməsi və başqa belə əlamətlərə karstsız sahələrdə rast gəlinmir. Karst sahələrində düşən yağış suların və qarın əriməsindən əmələ gələn sular tamamilə yerin altına süzülür, orada karst sahələri üçün xarakter olan yeraltı suları əmələ gətirir.

Karst sahəsində yer altına keçən sular müəyyən dərinliklərdə yeraltı sular əmələ gətirir. Karst sahələrində yeraltı suların səviyyə tərəddüdü və onun yer səthindən olan dərinliyi bir çox amillərdən asılıdır. Bunlardan karst sahələrinin parçalanma dərəcəsini, karst sahələrinin istər yerli, istərsə də regional eroziya bazisinin dərinliyini, karstlaşan massivdə sukeçirməyən layların yer səthindən dərinliyini, karst sahəsinin iqlimini (xüsusilə yağıntıların miqdarı və il boyu paylanma rejimi), nəhayət karstlaşan massivdə çatlılığın dərəcəsini və çatların morfoloji xüsusiyyətlərini göstərmək olar. Bu amillər karst sahəsinin demək olar ki, bütün hidroloji və hidrogeoloji xüsusiyyətlərini müəyyən edir.

Karst sahəsinin yeraltı suları yerli və regional eroziya bazisindən və karstlaşan süxur qatlarının qalınlığından, eyni zamanda ərazinin hipsometriyasından asılı olaraq yer səthindən müxtəlif dərinlikdə yerləşir. Adətən, ovalıq düzənliklərdə karst sularının səviyyəsi yer səthinə yaxın olur. Dağlıq sahələrdə, yüksək yaylarda karstlaşan süxurlar çox qalın olduqda yeraltı sular səthdən daha çox dərinlikdə yerləşir. Bu xüsusiyyət eyni zamanda yeraltı suların səviyyəsinin relyefinə də təsir göstərir. Belə ki, düzənlik sahələrdə karstlaşan massivin mərkəz (daha yüksək) və kənar hissələrində yeraltı suların səviyyəsinin hipsometriyasında fərq az olur. Əksinə, yüksək sahələrdə əgər karst suları bütöv səviyyə əmələ gətirirsə, karstlaşan massivin mərkəzində və kənarlarında səviyyənin hipsometrik amplitidu çox böyük olur.

Yeraltı sular karstın inkişafının ilk mərhələsində bütöv (əlaqəli) səviyyə əmələ gətirə bilər.

Karst sahəsində, adətən, yeraltı suların bütöv səviyyəsi sukeçirməyən lay üzərində və hətta ondan müəyyən yüksəklikdə karstlaşan massiv çatlarla bərabər parçalandığı şəraitdə əmələ gəlir. Əks halda eyni karst massivində sukeçirməyən lay üzərində də əlaqəli (bütöv) yeraltı su horizontu əmələ gələ bilmir. Belə olduqda eyni karst massivində əlaqəsiz yeraltı su horizontları əmələ gəlir.

Hər bir karst massivində hidroloji rejiminə görə fərqlənən 3 zona vardır. Birinci zona suların şaquli sirkulyasiyası zonası adlanır. Bu eyni zamanda aerasiya zonası, yaxud epikarst adlanır. Bu zona yer səthi ilə yeraltı su aynası arasında yerləşir. Yer səthindən yeraltı su aynasına qədər şaquli və buna yaxın istiqamətdə qravitasion hərəkətdə olur. Bu zona, dövrü yeraltı sular zonası da adlanır. Burada su yalnız yağıntılı dövrdə və qar əriyən zaman əmələ gəlir. Bu hadisə çayların karst rayonlarına çatdığı və orada udulduğu sahələrdə müşahidə edilir. Karst sularının şaquli sirkulyasiyası zonasında yerləşən tək-tək çatların aşağı hissəsi dərələrin yamaclarına açıldıqda, dövrü və az hallarda isə daimi fəaliyyətdə olan bulaqlar yaranır.

Şaquli sirkulyasiya aşağıda dövrü tam doyma zonası yerləşir (bu zonanı V.A. Aprodov mezokarst adlandırır). Həmin zonada qrunt sularının səviyyəsi kəskin tərəddüd edir. Inkişaf etmiş karstda yağış suları tez bir zamanda çatlarla yerin altına keçir və yeraltı suların səviyyəsini qaldırır. Bu zonada karst suları maili və üfüqi istiqamətdə hərəkət edir. Karstın dərində yerləşən böyük yeraltı boşluqları, o cümlədən mağaralar bu zonada əmələ gəlir. Dövrü tam doyma zonasının üst sərhəddi qrunt sularının ən yüksək səviyyəsinə, aşağı sərhədi isə həmin suların ən alçaq səviyyəsinə uyğun gəlir.


Karst hidroqrafiyasının zonallığı (İ.K. Zaytsevə görə)
A-şaquli sirkulyasiya zonası; B-üfüqi sirkulyasiya zonası; C- sifon sirkulyasiya zonası.
Üçüncü zona tam doyma zonasıdır ki, bunun üst sərhədini qrunt sularının ən aşağı səviyyəsi, aşağı sərhədini isə karst massivinin əsasında yatan sukeçirməyən layların səthi təşkil edir. Bu zonanın suları karst massivi kənarlarında daimi fəaliyyətdə olan gur sulu bulaqları təmin edir. Burada mağaraların alt mərtəbəsi inkişaf edir. Lakin mağaraların mərtəbəli yerləşməsi bəzi karst sahələrinin geoloji-tektonik quruluşu və yeni tektonik hərəkətlərin təsiri ilə izah edilməlidir. Karst massivində tektonik qalxma getdikdə, yerli və regional eroziya bazisi dərinləşir, qrunt suları öz səviyyəsini həmin bazisə yaxınlaşdırmağa başlayır və nəhayət əvvəlkindən müəyyən qədər dərində yeni üfüqi sirkulyasiya zonasında alt mağaralar və yeraltı boşluqlar sistemi yaradır.

İ.K. Zaytsev, D.V. Rıjikov və başqaları karst sularının regional və yerli eroziya bazisindən aşağıda da hərəkətdə olmasını göstərir və bu zonanı sifon sirkulyasiyası zonası adlandırır. Sifon sirkulyasiyası zonası bulaqları çox təzyiqli, yaxud “qalxan bulaqlar” adlandırır və il boyu onların debiti dəyişir.


KARST SAHƏLƏRİNİN ÇAYLARI
Karst sahələrində olan səth sularını hidroloji xarakterinə və rejiminə görə aşağıdakı tiplərə bölmək olar:

1. Müvəqqəti axarlı çaylar. Bunlar karst sahəsinin dayaz dərələrində yalnız qüvvətli niysan yağışlardan və qarın əriməsindən sonra mövcud olur. Adətən, bu vaxt yaxşı inkişaf etməmiş karst rayonları dərələrində yerləşən ponorlar və çatlar gur səth sularını tamamilə uda bilmir, nəticədə ponordan aşağıda səth axını yaranır. Daşqın suları keçdikdən sonra azalmış səth suyu tamamilə ponor və çatlarla udulur və dərə susuz qalır.




Karst sahəsinə daxil olan çayın yox olması
1- karstlaşmayan süxurlar; 2- əhəngdaşları; 3- qumlu-gilli allüvium; 4- çayın dərəsi; 5- kor dərələrdə ponorlar; 6- qıflar.

2. Karst sahəsi qrunt suları səviyyəsindən yuxarıda yerləşən dərələrin axarlı çayları. Bu çaylar öz mənbəyini karst sahəsindən kənarda götürməklə çox sulu olur və buna görə də karst zonasından keçdikdə çox su itirməklərinə baxmayaraq ondan kənara müəyyən qədər su çıxara bilir.

3. Dərələri karstın qrunt suyu səviyyəsinə qədər dərinləşmiş daimi çaylar. Bunlar 2 yolla əmələ gəlir. Birinci yol yuxarıda göstərilən tipə aid olan çayların öz yataqlarını karst suları səviyyəsinə qədər dərinləşdirməsidir. Ikinci yol karst sahəsində mövcud olan yeraltı çayların yataqları üzərində tağbəndlərin uçması nəticəsində yeraltı çayların səth çaylarına çevrilməsidir. Axırınci yolla əmələ gələn çay yataqları üzərində təbii körpüləpin olması onlarin mənşəyini sübut edir. Belə çay dərələrinə Yuqoslaviyada rast gəlmək olar (Dunayın qolu Vratna çayı).

4. Karst massivinin altında yatan, sukeçirməyən qatlarda dərəsini dərinləşdirmiş çaylar.

5. Yeraltı çaylar. Dünyanın bir çox karst sahələrində yeraltı çayların olması müəyyən edilmiş və onlardan bir neçəsi örənilmişdir. Yeraltı çaylar öz mənbəyini karst sahəsindən kənarda başlayıb, bura çatdıqda ponor və çatlarla udulan çaylar və karst sahəsinə düşən yağıntılar hesabına yaranır. Onların əksəriyyəti yer altında bir neçə kilometr axdıqdan sonra yenidən yerin səthinə çıxır. Belə çaylara İmmendiqen şəhəri yaxınlığında Dunayın az sulu vaxtını, Qərbi Gürcüstanda Şoara, Çeşura və başqalarını misal göstərmək olar. Birinci 12,5 km, ikincisi isə 2 km yerin altı ilə axdıqdan sonra yenidən səthə çıxır. Kraynada Rieka çayı ilk dəfə yer altında gizlənir. Dinar dağlarında başqa bir çay— Piuka çayı karst sahəsinə çatdıqda (Postoyna şəhəri ətrafında) yerin səthindən yox olur və Postoyna qrotuna daxil olur, 9 km yeraltı ilə axdıqdan sonra yenidən səthə çıxır. Belə çaylara Pireney dağlarında və başqa yerlərdə təsadüf edilir. Məşhur spelioloqlardan E. Martel, D. Kastere və başqaları müəyyən etmişlər ki, yeraltı çayların dərəsi mürəkkəb olur. Onlar bəzən hündür astanalar, şəlalələr əmələ gətirir, bəzən qollara ayrılır və yenidən birləşir, bəziləri üzərində sifonlar yerləşir və s. Adətən, yeraltı çayların yatağı çox maili olur. Çaylar bəzən dar boru ilə, bəzən geniş mağaralar sisteminin dibi ilə axır.
KARST BULAQLARI
Karst sahələri hidroqrafiyasının xüsusiyyətlərindən asılı olaraq burada müxtəlif tipli bulaqlar yerləşir. Karst bulaqlarının qidalanması, sululuğu və su rejimi karstın hidroqrafiyası ilə sıx əlaqədardır. Karst bulaqlarının rejimi qida mənbəyinin xarakterindən, bulağın hansı zonanın karst suları ilə əlaqədar olmasından asılıdır.

Rejiminə görə karst bulaqlarını bir neçə növə (tipə) ayırmaq olar:



  1. Aerasiya zonası bulaqları. Müvəqqəti fəaliyyətdə olan bulaqlardır. Qarlar əriyən zaman və güclü yağışlardan sonra aerasiya zonasında yerləşən karst çatlarının və quyularının karst massivi yamaclarında yerləşən çıxışlarında gur sulu bulaqlar əmələ gəlir. Tez bir zamanda bu bulaqların suyu azalır və nəhayət, onlar tamamilə quruyur. Aersiya zonası bulaqlarını qidalandıran hövzənin sahəsi kiçik olur.

  2. Dövrü tam doyma zonası bulaqları. Bu zonada bulaqlar yeraltı suların yüksək səviyyəsi ilə əlaqədar olduğuna görə dövri fəaliyyətdə olan bulaqlar adlanır. Onlar adətən yağıntılı fəsillərdə mövcud olur, quraq aylarda quruyur.

  3. Daimi tam doyma zonası bulaqları. Belə bulaqlar Fransanın cənubunda olan məşhur Voklyuz bulağının adı ilə adlanır. Voklyuz bulaqları çox gur sulu olmaları və daimi fəaliyyət göstərmələri ilə yuxarıdakılardan fərqlənir. Bəzən Voklyuz bulaqlardan bir çoxu karst sahəsindəki yeraltı çayların səthə çıxdığı yerlərdə yerləşir. Voklyuz bulaqlar daimi tam doyma zonasında yerləşmələrinə baxmayaraq fəsillər üzrə onlarda su sərfi tərəddüd edir.

Yeraltı çayların dənizə töküldüyü yerdə bəzən “dəniz dəyirmanı” adlanan hadisə müşahidə olunur. Dəniz səviyyəsində və ondan bir qədər aşağıda yerləşən yeraltı çayın kanalına qovuşan ponor və çatlara dəniz suyu dolaraq yeraltı çayın suyuna qarışır və dənizin dibində gur bulaq əmələ gətirir. Karstın yerli şəraitindən asılı olaraq “dəniz dəyirmanlarının” müxtəlif tiplərinə rast gəlmək olar. “Dəniz dəyirmanlarına” ən çox Aralıq dənizi sahəsində, Fransanın cənubunda və başqa rayonlarda rast gəlinir.
KARST MAĞARALARI
Karstın yer səthində yayılmış formalarından fərqli olaraq mağaralar müxtəlif dərinliklərdə cərəyan edən karst sularının fəaliyyəti nəticəsində əmələ gəlir və dərinlikləri müxtəlif olur. Mağaralar karstlaşan süxur qatında müxtəlif formalı və müxtəlif ölçülü yeraltı boşluqlara deyilir. Mağaralar adətən, üfüqi istiqamətdə uzanaraq dibi bir tərəfə meylli olur. Karst massivinin geoloji xüsusiyyətlərindən və karstın inkişafından asılı olaraq mağaralar bir neçə mərtəbəli ola bilər.

Mağaralar müxtəlif yollarla əmələ gəlir. Dəniz və okean sahillərində yayılmış mağaralar dəniz dalğalarının dağıdıcı təsiri nəticəsində əmələ gəlir. Sahil mağaraları həm karbonatlı və həm də qeyri-karbonatlı süxurlarda əmələ gəlir. Bu tip mağaralar çox uzun olmur.

Səhralarda mağaralar səhra aşınması və deflyasiyasının təsiri nəticəsində yaranır. Vulkanik süxurlarda mağaralar çatlarla yer altına süzülən suların mexaniki fəaliyyətindən əmələ gəlir. Belə mağaralara bir çox vulkan rayonlarında, o cümlədən Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında rast gəlmək olar. Vulkanik sahələrdə başqa yollarla əmələ gələn mağaralar da məlumdur.

Bütün yuxarıda göstərilən və xüsusilə qeyri-karbonatlı süxurlarda yayılan mağaralar kiçik olur. ən böyük mağaralar isə suda həll olan karbonatlı süxurlarda və yer altına süzülən karst sularının uzun müddət həmin süxurlarda olan üfüqi və az meylli çatların divarlarını korroziyaya uğratması nəticəsində əmələ gəlir. Mağaralar 2 səviyyədə inkişaf edir. Birincini — müvəqqəti tam doyma zonası səviyyəsində, ikinci — daimi tam doyma zonasında. Karst massivi tektonik qalxmaya məruz qaldıqda eroziya bazisinin aşağıya düşməsi ilə əlaqədar olaraq karst suları da öz səviyyəsini yerli eroziya bazisinə uyğunlaşdırmağa çalışır. Buna görə yeni eroziya bazisindən xeyli yuxarıda yerləşən yeraltı çaylara və göllərə malik olan mağaralar həmin suların aşağı qatlara keçməsi ilə əlaqədar olaraq quruyur. Aşağı qatlara keçən karst suları artıq yeni səviyyədə yeraltı boşluqlar sistemi yaranır. Karstlaşan süxurlar altında karst suları əvvəlki kimi fəaliyyət göstərir və onlar dərənin yamacında üzə çıxaraq şəlalələr əmələ gətirir.

Yer altında üfüqi və meylli çatlar üzrə hərəkət edən sular karbonatlı süxurların kimyəvi tərkibindən və həmin süxurların çatlılıq dərəcəsindən asılı olaraq dar və geniş boşluqlar əmələ gətirir. Buna ğörə də yeraltı çayların axdığı boşluqlar bəzən çox daralır, bəzən isə çox genişlənir, eni hündürlüyü on metrlərlə ölçülür. Mağaraların daralan və genişlənən hissələrinin uzunluğu yüz metrlərlə ölçülür. Çox vaxt mağaralar olduqca mürəkkəb boşluqlar sistemi yaradır. Onlar dar və geniş yerləri olan bir çox qollara ayrılır.



Üfüqi və şaquli karst boşluqlarının yerləşməsi

(N. Lindsə görə)

Mağaraların mərtəbəli yerləşdiyi sahələrdə alt və üst mərtəbələr arasında şaquli quyular, şaxtalar yerləşir. Bəzən üst mərtəbə suları ensiz çatlarla alt mərtəbəyə süzülür.

Karst massivi kənarında, adətən, yamacın aşağısında mağaranın ağzı (yer səthinə çıxdığı hissəsi) yerləşir. Massiv daxilində mağara kiçik çatlarla qurtarır ki, buraya insan daxil ola bilmir. Belə mağaralar kor və ya kisəvari mağaralar adlanır. Bəzi mağaraların hər iki qurtaracağı yer səthində üzə çıxır. Bunlara keçidli mağaralar deyilir (Füzuli şəhəri yaxınlığında Azıx mağarası).

Karstın yeraltı suyu səviyyəsində yerləşən mağaralarda yeraltı çaylara və bəzən göllərə rast gəlmək olar.

Mağaraların maraqlı morfoloji xüsusiyyətlərindən biri stalaqtit və stalaqmitlərin olmasıdır. Mağaraların tavanında, döşəməsində və divarlarında karbonlu əhəngin çökməsi nəticəsində fantastik formalı çökmə törəmələr əmələ gəlir.

Mağaranın tavanından damcılayan sular tavanda karbonlu əhəngi çökdürərək, yuxarıdan aşağı sallanan stalaqtitləri, döşəməyə düşən damcılar isə aşağıdan yuxarı qalxan stalaqmitləri əmələ gətirir. Stalaqtitlərin mağaranın tavanından aşağı, stalaqmitlər isə yuxarıya doğru nazikləşir, bir qayda olaraq bir-birinin tuşunda yerləşir. Çökmə törəmələr yaxşı inkişaf edən mağaralarda, onlar çox mürəkkəb və zəngin “arxitekturaya” malik olan sütunlar əmələ gətirir.

Stalaqtit və stalaqmitlər çökmə törəmələrin ən geniş yayılmış formalarıdır. Zəngin “arxitekturaya” malik olan başqa formalar da inkişaf edir. Bu formalardan pərdələri və s. göstərmək olar. Bəzən mağaralarda olan çökmə törəmələr mifi heyvanlara və başqa canlılara, əşyalara oxşar formada inkişaf edir. Mağaranın döşəməsindən yuxarı ucalan və çox sıx halda yerləşmiş stalaqmitlər tropik ölkələrin quru iqlimində yayılmış sukkulent bikilər “meşəsini” xatırladır. Çökmə törəmələrlə zəngin olan mağaralar ən maraqlı karst boşluğu sayılır.

Mülayim qurşaqda yerləşən bəzi mağaralarda stalaqtitlər və stalaqmitlər buzdan əmələ gəlir. Belə mağaralar buzlu mağaralar adlanır. Adətən həmin mağaralarda temperatur çox vaxt 00 –dən aşağı olduğuna görə tavandan damcılayan su donur və getdikcə buz stalaqtiti böyüyür, tavana düşən damcılar isə donaraq buz stalaqmiti əmələ gətirir. Bir-birinin tuşunda yerləşən buz stalaqtitləri və stalaqmitləri birləşərək buz sütunları əmələ gətirir. Uralın qərb yamacındakı Kunqur mağarasındakı Qütb qrotu buna misaldır.


XARİCİ ÖLKƏLƏRDƏ OLAN MƏŞHUR MAĞARALAR
Mamont mağarası ABŞ-da Kentukki ştatında yerləşir. Bu mağara dünyada ən böyük və ən maraqlı mağaradır. Mamont mağarasının əsas qolunun uzunluğu 15 km-dir. Böyük qolların və qrotların bir yerdə uzunluğu isə 200 km-dən artıqdır. Mağaranın indiyə qədər tədqiq edilmiş hissəsində 225 qol, 47 hündür gümbəz (gümbəzvari boşluq) 23 dərin quyu və şaxta, 8 şəlalə, 3 çay, 2 göl və 1 “dəniz” olması müəyyən edilmişdir.

Nyu Meksika ştatında yerləşən Karlsbad mağarası da olduqca böyükdür. Bu mağaranın 11 km-dən artıq uzunluğu olan qolları, böyük salonları tədqiq edilmişdir. Bu mağarada olan salonlar Mamont mağarasında olan salonlardan böyükdür. Buradakı salonlardan birinin uzunluğu 1200 m, hündürlüyü 90 m, eni 200 metrə qədərdir.

Qərbi Avropada bir çox böyük və maraqlı mağarala var. Bunlardan Karst yaylasında yerləşən Postoynayama (Adelsberq) mağarası olduqca maraqlıdır. Onun qolları ilə birlikdə uzunluğu 15 km-dir. Burada olduqca zəngin “arxitekturalı” salonlar var.

Böyük mağaralardan biri də Macarıstanda Aqtelek mağarasıdır. Onun ümumi uzunluğu 22 km-dir. Mağarada bir çox qrotlar və uzunluğu 7 km olan Domitsa çayı vardır.

Xarici ölkələrdə olan mağaralardan biri də Avstraliyada Göydağlarda yerləşən Çenolan mağarasıdır. Bu mağarada zəngin çökmə törəmələr içərisində ən maraqlısı minayabənzər nəhəng stalaqmitdir.

Qərbi Avropa ölkələrindən Fransada, İspaniyada, Avstriyada, İngiltərədə və s. uzunluğu 10-15 km-dən artıq olan bir çox mağaralar vardır.


PSEVDOKARST (YALANÇI KARST)
Yer səthində asan karstlaşan karbonatlı süxurlardan və duz qatlarından başqa digər süxur qatlarında da xarici göünüşünə görə karst boşluqlarını xatırladan boşluqlar əmələ gəlir. Belə süxurlara gilləri, qum daşlarını, konqlomerat və brekçiləri, lyoss və lyosabənzər çöküntü süxurlarını, vulkanik süxurları misal göstərmək olar. Qırıntı çöküntülərdə yeraltı və eyni zamanda səth boşluqlarının əmələ gəlməsi tipik karstdan fərqli olaraq başqa yolla, əsasən həmin süxur qatlarına süzülən suların mexaniki fəaliyyəti yolu ilə əmələ gəlir. Buna görə də formaca karstı xatırladan boşluqlar mahiyyətcə onlardan fərqlənir və geomorfoloji ədəbiyyatda yalançı karst adı ilə məlumdur. Q.A. Maksimoviç qeyri-karbonatlı qırıntı süxurlarda yayılmış formaları klastokarst adlanır. Bu formaların əmələ gəlməsini bəzən suffoziya karst prosesi adlandırırlar. Son zamanlar qeyri-karstın müxtəlif süxurlarda yayılan formalarını psevdokarst mövhumu ilə ifadə edirlər.

Süxurların xüsusiyyətindən asılı olaraq psevdokarst müxtəlif yollarla əmələ gəlir. Konqlomerat və qumdaşında boşluqların əmələ gəlməsi başlıca olaraq həmin süxur hissələrini birləşdirən əhəngin sularla həll edilməsi ilə bağlıdır. Əhəng tədricən dağıldıqca konqlomeratı təşkil edən çaqıldaşları bir-bir süxurdan ayrılır və su ilə aparılır. Bu proses min və on min illər davam etdikcə yeraltı boşluq genişlənir.

Psevdokarst gilli çöküntülərdə daha geniş yayılmışdır. Bəzən ədəbiyyatda gilli karst, yaxud da yeraltı erozion formalar adlanan boşluqlar Orta Asiyada, Zaqafqaziyanın dağ ətəklərində və s. ölkələrdə geniş yayılmışdır. Psevdokarst Azərbaycanda (Qobustan, Ceyrançöl, Acınohurun cənubunda, Naxçıvan MR-da) üçüncü dövrün gilli qatlarında geniş yayılmışdır.
KARSTIN TƏCRÜBİ ƏHƏMİYYƏTİ VƏ ROLU

Karst yer səthində çox geniş yayılmış relyef formalarındandır. Ona bütün coğrafi enliklərdə karbonatlı süxurların yayıldığı sahələrdə rast gəlinir. Karstın istər çılpaq, istərsə də örtülü formalarının öyrənilməsinin elmi və təcrübi əhəmiyyəti olduqca böyükdür. Karst hadisəsinin öyrənilməsinin elmi əhəmiyyəti bu hadisənin inkişaf qanunauyğunluqlarından, müxtəlif coğrafi enliklərdə dəniz və kontinental iqlim şəraitində inkişafında intensivliyindən, arid və semiarid iqlim sahələrində karst massivinin suvarma üçün çox vacib olan yeraltı su ehtiyatlarının istifadəsindən, karstın proqnozundan və s. ibarətdir.

Dağ-mədən rayonlarında karstın inkişafı mədən-istismar işlərini çox çətinləşdirir. Belə hal Kizel daş kömür hövzəsində baş vermişdir. Burada məhsuldar kömür layları karst massivi altında yerləşir. Karst suları kömür şaxtalarına dolaraq işləri çətinləşdirir, şaxtalarda uçqun baş verir və onlar su ilə dolurdu. 1934-cü ildən bu rayonda karst hadisəsi hərtərəfli öyrənilməyə başlandı. Bu cür işlər həmçinin digər karst rayonlarinda da, xüsusilə Volqaboyu və digər böyük çaylar üzərində tikilən nəhəng hidrotexnikiqurğular sahəsində də apalınmağa başlandı.

Dağlıq ölkələrin karst rayonlarında olan yeraltı çaylardan hidroenerji mənbəyi kimi istifadə etmək, yeraltı boşluqları və orada ilan çayların xüsusiyyətlərini öyrənməyi tələb edir. Bu məqsədlə Fransada Piriney dağlari karstinda (Haronna çayının yaxınlarında) N. Kasterenin apardığı tədqiqatın böyük praktiki əhəmiyyəti vardır.



Hazırda ölkəmizdə karsta aid böyük tədqiqat işləri aparılır. Ölkəmizin ayrı-ayrı rayonlarında həyata keçirilən müxtəlif xarakterli nəhəng tikinti işləri layihələri, ərazinin digər təbii xüsusiyyətləri ilə birlikdə karst hadisəsinin də hərtərəfli öyrənilməsini nəzərdə tutur. Bu iş böyük enerji ilə geoloqlar və geomorfoloqlar tərəfindən həyata keçirilir.
Ədəbiyyat siyahısı


  1. Mehdiyev Ş.T. “Ümumi geologiya” Bakı 1997.

  2. Məmmədov T. “Ümumi və tarixi geologiya” Bakı 1981.

  3. Müseyibov M., Budaqov B., Şirinov N. “Ümumi geomorfologiya” Bakı 1967.

  4. Kalesnik S.V. “Ümumi yerşünaslığa giriş”

  5. Şubayev L.N. “Ümumi yerşünaslıq” Moskva 1989.

  6. Неклюкова Н.П. «Общее землеведение». Москва 1970.

  7. Калесник С.В.«Общие географические закономерности земли». Москва 1970.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə