Kamran imranoğlu z ə L i baki 2013 Kamran İmranoğlu. Zəli (povestlər)




Yüklə 0.66 Mb.
səhifə3/7
tarix22.04.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5   6   7

10

Hacı Murad xırmandan qayıdıb atı yorğa-yor­ğa sürərək Ağıl üstündən keçirdi. Ağıl üstündəki ot zəmilərinin sonuncu biçininə az qalmışdı. Elə zə­milərə axırıncı su da verilmişdi. Hiss olunurdu ki, atın ayağı hərdən palçığa batır.

«Bu il yaman ot-ələf oldu. İndiyəcən bu yer­lər­də belə ot bitməmişdi. Camaat da yaxşı işlədi. Deynən Hacı Murad olan bəndə, yaz açılandan bir adama dedin ki, çölə çıx! Kərəntisini, yabasını götürən gün doğmamış zəmidə peyda olurdu. Düz axşama qədər ağzına bir damcı su, dilinə bir tikə çörək dəydi-dəymədi qızmar günün altında işləyir­dilər. Axı, mən bu kəndin adamlarına nə pislik elə­mişəm ki, üzümə yaman olalar? Xeyir işləri olub əl tutmuşam, yasları düşüb çiynimi qabağa vermişəm. Odu eey, bu köpəkoğlu Həşimin Naznaz arvadı öləndə naxırdan bir yekə cöngə ayırdım, dedim, halal xoşu olsun. Qırxında da iki erkək kəsdirdim. Sabah da bir cöngə kəsdirəcəyəm. Salatının da halal xoşu olsun. Qardaşı Nəcəfalı da pis adam deyil. Rəhmətlik atası Kərbəlayi atamla dost idi».

Hacı Murad tək armuda çatanda qanrılıb geri­yə baxdı və atın cilovunu çəkdi. Gördü ki, cavanlar Ağıl üstünün altındakı cığırla qaça-qaça gedirlər.

Hacı Murad atdan düşdü. Atın cilovunu bu­rax­dı. At armudun kölgəsində yenicə göyərmiş ka­lışları yeməyə başladı. At da elə bil duyuq düş­müşdü: bir ağız kalışdan qoparır, sonra başını yuxarı qaldırıb yan-yörəsinə baxırdı.

Hacı Murad iri kötüyün üstündə oturub kürə­yi­ni armud ağacına dayadı.

«Bu cır armud olmasaydı, Ağıl üstündə işlə­yənlər harada dincələrdi. Yazıq Salatın, eşşək ara­basını gətirib həmişə burada saxlayardı. Arxın kə­nar­larındakı kol-kosdan biçib arabanın bir küncünə atar, məni də görəndə həmişə deyərdi: «İnək axşam evə qayıdanda qabağına bir çəngə ot atmasan, süd vermir ki, vermir». Mən də deyərdim: «Apar at inəyin qabağına südü çox olsun, balaların doyunca yesin, ay Salatın!» sonra da səsimi ucaldardım: «O köpəkoğlu Həşimi bit basıb, niyə buralara üzük­mür». Salatın da başını bulaya-bulaya gedər, dilinə bir söz alıb danışmazdı. İndi el, Həşim, görüm bundan sonra necə dolanacaqsan?»

Hacı Murad ayağa qalxdı. Baxdı ki, cavanlar hələ də Ağıl üstünün axırına çatmayıblar. Bir də kəndə tərəf boylandı. Uzaqdan öküz arabasının qaraltısı gəlirdi. Yenə kötüyün üstündə oturdu.

«Bu Nəcəfalının kiçik oğlu nə qanmaz adam­dı. Bir-iki ay olar ki, uşaqları olub. O günü yolda tutub deyirəm ki, ay bala, axşamlar Gəl bizə, bir qab süd doldur apar. Anasının südü çatmaz, uşaq sısqa böyüyər. Nə desə yaxşıdır: «Bizə süd-zad lazım deyil!» Yediklərin burnundan gəlsin, bəs sən mənim inəklərimin südü ilə böyüməmisən? Bəlkə qardaşların, bacıların sənin ananın südüylə böyü­yüb­lər? Rəhmətlik Salatın bibinin uşaqlarına gön­dərdiyim süddən bəlkə dadmamısan?

Hələ bu harasıdır? Mən soruşan günü gedər evə və Yetimin bacısını o ki var dəyər. Utanmaz-utanmaz da deyər ki, qancıq qızı qancıq, Hacı Murad hardan bilir sənin döşünə süd gəlmir? Gorun çatlasın, Məşədi Salman, gör oğlun nə günə qalıb?»

Birdən at şahə qalxıb fınxırdı, döndü Hacı Mu­rada tərəf. Hacı Murad da tez başını sola çe­virdi, qamışlığa tərəf baxdı. Qamışların arasından yalqu­zağın gözləri görünürdü. Yalquzaq az qalırdı gözləri ilə adamı yesin. Hacı Murad da gözlərini dikdi yal­quzağın gözlərinə, Hacı Muradın bədəni soyudu, tük­ləri biz-biz oldu. Gözünə qaranlıq çök­dü. «hələ yalquzağı bu qədər yaxından görməmişdim».

Yalquzaq gözlərini Hacı Muraddan yenə çək­mirdi. Elə bil bu an Hacı Muradın üstünə Cuma­caq­dı. Hacı Murad da gözlərini yalquzağın gözlərindən ayırmırdı. «Deyəsən axırındı, Hacı Murad».

Yalquzaq gözlərini Hacı Muraddan çəkib ya­vaşca qamışlığın arasına girdi. Hacı Muradın donu açıldı. Ayağa qalxdı. At da elə bil donmuşdu. «Nə yaxşı ki, fınxırıb qaçmadı, yoxsa göz qırpımında parçalayacaqdı atı».

Hacı Murad atın cilovundan yapışdı və aya­ğını üzəngiyə qoyub yəhərə qalxdı. «Cavanlar de­yə­sən Araza çatırlar».

Hacı Murad atı dəhmərləyib yola düzəldi.

«Yaman yalquzaq imiş, bu yalquzaq! Mal-heyvan bunun əlinə düşsə, diri qurtarmaz. Görəsən, doğrudan Tutu nənə bu yalquzağın ağzını bağlaya bilər. Daha inanmaram... Tutu nənənin bağladığı qurd ağzı başqa ağızdı. Buna Tutu nənənin duası kar eləməz. Qəssab Əlinin yekə-yekə malları yerə yıxıb başını kəsməyinə baxmayın, heç Qəssab Əli­nin də buna gücü çatmaz.

Bu yalquzağın əsl yemi Səttardı. Atasan qaba­ğına, leşini tökə, sən də kənardan baxasan. Zalımın balası, özünü incinar kimi aparır, nədi-nədi Gümüş­lüdə fəhlə işləyir, kəndə gələndə də qalstuk taxır. Böyük adamdı, ayda iki dəfə məvacib alır. Zatı qı­rıq oğlu zatı qırıq, heç o məvacibin südünə, qatı­ğına, pendirinə, yağına, bir də yoluna çatar? Evdə də ağzına çullu dovşan sığışmır: «Dədə, bundan sonra naxıra getməyəcəksən. Anam da getməni tullasın bir tərəfə. Daha özüm dolandıracağam sizi. Balaca qardaşımı da göndərəcəyəm oxumağa. Hacı Murada işlədiyimiz bəsdi».

Tünbətün oğlu tünbətün, Hacı Murada işləmi­siniz? Özünüzə işləyib özünüz də yeyibsiniz. Ağ­köynəkli də gələndən sonra bir sürü mal-heyvanımı aranızda böldü. Qazandığınızı da götürdünüz, daha Hacı Muraddan nə istəyirsiniz?»

Hacı Murad Arazın dayaz yerinə çatdı. Ca­van­lar səpələnib çayın içində daşların üstündə dur­muşdular. Salatının meyidi görünmürdü.

«Çayın ortasındakı cüllütboyun qanmaza bax, Səttarın kiçik qardaşıdı. Cüllüt kimi də başını üzüb atasan Araza, kəndin canı qurtara. Ağgöynəkli əmi­lə­rinə dil verəndi bunlar. Aqibətləri onsuz da elə olacaq. hərdən altdan-altdan fikir verib görürəm ki, cüllüt boynuynan oğru pişik kimi gəlinlərə, qızlara miyoldayır. Zatınıza tula bağlayım, bu kənddə indi­yə qədər gəlinə, qıza yanakı baxan olub? Qoy Ağ­köynəkli atını dördnala çapsın, onda görəcəyəm bu kəndin dirriyini, bu kəndin namusunu».

Hacı Murad gördü ki, daha səbri çatmır, atını Araz yuxarı sürməyə başladı.
11

Abbasəli həyət çəpərindən keçib atının hörü­yünü dəyişməyə gedirdi. Üç gün idi ki, hövsələsi özünə gəlməmişdi. Axşamlar arvadıyla diz-dizə oturur, ha dərdləşirdilərsə də, bir şey çıxmırdı. Abbasəlinin fikri yenə keçinin yanında qalmışdı.

«Əşi, bizdən qoyun-keçi yiyəsi çıxar? Yazıq Hacı Muradın sürüsünü yarılayıb camaata payladı­lar ki, sizin də var-dövlətiniz olmalıdır. Ay tifağı dağılmışlar, bizdən var-dövlət yiyəsi olar? Budu bax, hərəsinin əlinə bir-iki qoyun-keçi düşdü, baş­ladılar ki, «heyvanları otarmağa növbəylə gedəcə­yik. Nökərçilik qurtardı, bundan sonra heç kəs naxır otarmağa getməyəcək». Növbə mənə çatdı, apardım qoyun-quzunu otarmağa, yazıq qonşunun da keçisi yoxa çıxdı. Adamın üstündə Allah var, qonşu da bir söz demir. Amma Ağgöynəkli kişi gündə kəsir həyətimizi. Ağzını Allah yoluna qoyub qışqırır: «Ya keçini verməlisən, ya da baratasın! Bundan sonra qayda belədir».

Ay başınıza dönüm, əvvələn keçinin yiyəsi Hacı Muraddı, sonra da qonşu. Bunlardan heç birisi dillənmir. Yiyələr qalıb bir tərəfdə, yiyəsiz at oyna­dır. İndi başımıza haranın daşını salaq?»

Abbasəli atın yanına çatdı. Mıxı çıxardıb atı çəkdi arxa tərəf. At özünü vurdu arxın içinə, başını saldı aşağı, başladı çayın suyunu sümürməyə. Abbasəliyə elə gəldi ki, bu dəqiqə çayda bir damla su qalmayacaq.

«Binəva necə də yanıb eey! Bir az da gec gəlsəydim, ciyərləri kabab olacaqdı. Bu anasından əzən, dədəsindən təzənlərə də deyirəm ki, hərdən gedin o atın hörüyünü dəyişin, qabağına bir vedrə su qoyun, dolanışığımız ondandı. Kimə deyirsən? Kar mənəm, eşitməyən bunlar».

Abbasəli atı çəkib arxdan çıxartdı. At da din­məz-söyləməz başladı onun dalıyca getməyə. Bir­dən fınxırıb geri çəkildi. Abbasəli gördü ki, xallı bir ilan sürüşüb atla onun arasından keçdi.

«Yazıq uşaqları elə hey qınayıram. Onlar da qışqırırlar ki, bəs biz qorxuruq, atı hörüklədiyin yerdə ilan var. Biçarələr doğru deyirmişlər. Bura gəlib-eləsələr ilan sancar, qalarıq dizimizə döyə-döyə. Yox, bundan sonra uşaqları qoymaram. Hə­mi­şə özüm gələcəyəm».

Abbasəli atın mıxını başqa yerə sancdı. Yer­dən götürdüyü yekə daşla da üstündən bərk-bərk vurmağa başladı. Sonra əli ilə o tərəf-bu tərəfə tər­pətdi, gördü ki, at dartıb çıxara bilməz. Daşı mıxın dibinə tulladı, belini düzəltdi və ayağa qalxıb, evə tərəf getməyə başladı.

«Bu keçi məni lap zinhar eyləyəcək. Belə də iş olar? Nə öldüsü var, nə də qaldısı. Bəlkə yalquzaq yeyib? Onda baratası hanı? Üç gündür ki, «gördüm» deyən yoxdur.

Yoox! Qurd yeyə bilməz keçini! Elə həmin gün Tutu nənəyə ağzını bağlatmışam. Dünən get­miş­dim, dedim ki, ay Tutu nənə, bəlkə bir çarə qıla­san? Dedi ki, narahat olma, get əlini qoy ürəyinin başına, rahat yat! Keçidən xəbər çıxacaq.

Hanı bə xəbər? Bu gün də səs-səmir olmasa, balası yanında olan keçini zorla aparıb qatacağam qonşunun tövləsinə».

Abbasəli evə çatanda gördü ki, arvadı çaydan su daşıyıb tökür palçığın üstünə. Abbasəli vedrəni arvadının əlindən aldı:

– Vedrəni ver, mən su daşıyım, sən get saman gətir!

Arvadı ucadan qışqırıb nəsə deməyə ərindi, vedrəni verdi, özü də saman dalısınca getdi.

Arvad tayanın bir tərəfinə təllənmiş samandan götürmək istəyirdi ki, gözü fala sataşdı. Samanı bir az da itələyəndə falın yanında dörd-beş təzə yumur­ta gördü. «Mən də deyirəm, bu qıran qırmış azıb harda yu­murtdayır? Demə, özünü veribmiş saman­lığın üs­tü­nə. Yaxşı ki, pişiyə urcah olmayıb. Yoxsa, biri də qal­mazdı! Nə yaxşı ki, çaqqal da neçə gündü bu tərəfə üzükməyib. Bu çaqqallar da əllərinə ke­çəndə toyuq-cücə aparardılar, indi də yumurtalarına dadanıblar».

Yumurtaları götürüb bir tərəfə qoydu. Abba­səliyə bir söz də demədi. Abbasəliyə demək üçün gərək ucadan çığıraydı. Hövsələsi çatmadı. Sonra bir tabaq saman götürüb palçığın yanına gəldi. Samanı əliylə palçığın üstünə səpdi. Elə ki səpib qurtardı, ayaqqabılarını çıxarıb düşdü palçığın içi­nə. Başladı samanı palçığa qatmağa.

Abbasəli dilləndi:

– Yavaş ayaqla, ayağına çöp-zad batar!

Arvad yenə bir söz demədi.

«Mənimki daha çöpdən-zaddan keçib. Bu işi hər il görməliyəm. Yayda suvaq düzəldib ora-bu­ra­nı suvamasam, qışda heç biri ələ gəlməz. Görmür­sən, təndirəsərin bir divarının suvağı tamam sökü­lüb tökülüb. İndi o divara suvaq çəkməsən, qışda onun içində çörək yapmaq olar? Yel vurar, yengələr oynayar. Hərdən Qadoş da gəlib kömək eyləyir. Yazığın nə canı var, sətəlcəm olub getsin? Uşaq­larım Qadoşdan balacadırlar, yoxsa elə onu uşaq­lardan birinə gəlin eyləyərdim. Ev damının da qa­baq divarı o gündədi. Uçub dağılar, sonra evimiz yıxılar. Yenə artıq şey-şüyü ora yığırıq».

Abbasəli yenə dilləndi:

– Bu keçi məsələsinin axırı necə olacaq?

Arvad cavab verməyib, çiynini çəkdi.

«Gör mən nə haydayam, bu nə haydadı. Cə­hənnəmə olsun keçi də, yiyəsi də».

Suvaq hazır oldu. Başladılar təndirəsərin divarını suvamağa.

Xeyli keçdi. Birdən Abbasəli dilləndi:

– Ay arvad, danışmırsan, bəs bu keçinin məsələsini neyləyək?

Bu dəfə arvad ucadan qışqırdı:

– Axşam apar öz keçimizi bağla qapılarına, ney­nəyəcəksən? Gor qonşusuyuq, düşmən olmalıyıq?

Bu zaman uşaq qaça-qaça gəlib çıxdı və töyşüyə-töyşüyə dedi:

– Ay ana, Tutu nənə deyir ki, tez olsun gəlsin! Salatın xalaya su qoyuruq.

– Salatına nə olub ki?

– Bəs eşitməmisiniz, Salatın xalanı Araz aparıb.

Abbasəli ucadan qışqırdı:

– Anan kardı da, kar. Burdan bura kənd köçür, heç nədən xəbəri yoxdu.

Arvad öz-özünə dedi: «Karın könlündəki».

Abbasəliylə arvadı əllərindəki işi yarımçıq qoydular. Abbasəli uşağa tərəf çevrilib dedi:

– Barı sən yeri atı götür gəl! Başımız qarışar, at çöldə qalar, yalquzaq gəlib dağıdar. Tez gedək, görək nə kömək eyləyirik.

Uşaq qaça-qaça atın dalısınca getdi. Abbasəli əl-ayağını yuyub evə keçdi ki, paltarlarını dəyişsin. Arvad başladı çayın kənarındakı daşın üstə durub ayaqlarını yumağa. Bu vaxt uşağın çığırtısı eşidildi:

– Ay dədəəə! Ay anaaa!

Arvad tez durub Abbasəlini çağırdı ki, bəs uşaq qışqırır. Abbasəlinin ürəyinə pis şey gəldi:

– Uşağı ilan çaldı!

Hər ikisi çölə tərəf qaçmağa başladı. Bir az qaç­mışdılar ki, uşağın səsi aydın eşidilməyə başladı:

– Keçini tapmışaam! Keçini tapmışaam!

Arvad ayaq saxladı və qışqırdı:

– Abbasəli, Abbasəli, qaçma!

Abbasəli dayandı:

– Nə olub?

– Uşaq keçini tapıb!

Abbasəli qurudu. «Ay balam, mən neçə gün­dür atı aparıb oraya hörükləyirəm. Niyə mən gör­mədim onu? Yalquzaqdan bu təhər salamat qalıb?»

Uşağa çatdılar. Arvad soruşdu:

– Keçi hanı?

– Budu eey, quyuda! Mələrtisi dünyanı yıxırdı.

Abbasəli ilə arvadı gözlərinə inanmadılar. Köh­nə quyuya düşmüş keçi sağ-salamat idi. Ab­basəli əyilib keçinin buynuzundan tutub bayıra çıxartdı. Keçinin əti sümüyünə yapışmışdı.

Abbasəli ürəyində dedi: «Allah sənə yüz il ömür versin, ay Tutu nənə!»

Arvad da ürəyində dedi: «Allah sənə rəhmət eləsin, Salatın!»

Abbasəli yenə ürəyində dedi: «Ağgöynəklidən canım qurtardı».

Arvad da yenə ürəyində dedi: «Hacı Murad yerində deyir ki, bu Abbasəli kar oğlu kardı».
12

Tutu nənə, Süleymanın gəlini, bir də Zübeyda xala Həşimgilin darvazasının qabağına çatdılar. Gördülər ki, Abbasəli ilə arvadı da Hacı Muradın tayalarının yanından burulub gəlirlər. Tayaların bu başına çatanda Abbasəli ucadan qışqırdı:

– Ay uşaq, bəsdirin, gizlənqaç oynayıb yorul­madınız?

Uşaqlar bu səsi eşidib, tayaların o biri tərəfinə keçdilər. Abbasəlinin səsi çətin kar eyləyərdi.

Abbasəli ilə arvadı da Həşimin darvazasının yanına çatdılar:

– Allah rəhmət eləsin!

– Allah rəhmət eləsin!

Birinci Tutu nənə dilləndi:

– Ay Abbasəli, bu nə bəlaydı Həşimi tutdu? Abbasəlinin arvadı ucadan dedi:

– Deyir ki, bu nə bəlaydı Həşimi tutdu? Ab­basəli dilləndi:

– Nə bəla olacaq, Allahın işidi!

– Yoox, bu Allah işi deyil, kiminsə qarğışıdı! Abbasəlinin arvadı ucadan dedi:

– Deyir ki, bu Allah işi deyil, kiminsə qarğışıdı! Abbasəli dilləndi:

– Qarğış olsa da, Allahın əmrindən qaçmaq olmaz! Sonra da sevincək əlavə etdi:

– Tutu nənə, Allah canını sağ eləsin! Keçi tapıldı!

– Nə danışırsan? Gördün, mən demişdim tapılacaq! Abbasəlinin arvadı ucadan dedi:

– Deyir ki, gördün, mən demişdim tapılacaq! Abbasəli yenə dilləndi:

– Sənə ağır bir xələt göndərəcəm!

Bundan sonra heç kəs danışmadı. Darvazadan içəri keçdilər. On-on beş kişi, arvad yığılıb həyətdə ayaq üstə dayanmışdılar. Həşim də, uşaqları da gözə dəymirdilər. Tutu nənə Abbasəliyə üz tutdu:

– Yeri o kötüyü gətir, divarın dibinə qoy, mən oturum!

Abbasəlinin arvadı ucadan dedi:

– Deyir ki, yeri o kötüyü gətir, divarın dibinə qoy, mən oturum!

Abbasəli ədəb-ərkanla həyətə su gedən ot bas­mış arxın yanındakı kötüyü götürdü və gətirib diva­rın yanına qoydu. Süleymanın gəlini Tutu nənənin qolundan yapışıb, onu ehmalca kötüyün üstündə oturtdu. Tutu nənə rahat nəfəs aldı:

– Sağ ol, ay Abbasəli, səni görüm yüz yaşaya­san!

Abbasəlinin arvadı heç nə demədi.

Bu zaman evin qapısı açıldı. Əvvəlcə Həşim, sonra da uşaqları bayıra çıxdılar. Hamısının gözü qızarmışdı. Həyətdəkilər elə bil bir səslə dedilər:

– Allah rəhmət eləsin!

Həşim heç bir söz demədi, evin pəncərəsinin altında çöməlib, kürəyini divara dayadı. Heç kəs danışmırdı. Birdən Tutu nənə dilləndi:

– Ay Zübeyda, nəyə dayanmısan? Beş-altı iri daş tapıb gətirin. Düzün divarın dibinə!

Heç beş dəqiqə çəkmədi, divarın dibinə yed­di-səkkiz iri daş yığıldı. Tutu nənə dilləndi:

– Daşların hamar tərəfini yuxarı qoyun! Elə eləyin ki, iki daşın üstündə bir yekə qazan otura bilsin. Üç qazanlıq ocaq düzəltsəniz bəsdi.

Bu işi də görüb qurtardılar. Tutu nənə yavaşca ayağa qalxıb daşlara tərəf gəldi. Əlindəki ağacla daş­ların başına vurub taqqıldatdı. Yavaşca mızıldandı:

– Allah səni nə tez apardı, Salatın! Həmişə zarafatla deyərdin ki, Tutu nənə, sənin suyunu özüm qaynadacağam, özüm də səni yuyacağam.

Tutu nənə əli ilə gözlərini sıxdı və öz-özünə yavaşca dedi: «İndi öləndə məni kim yuyacaq?» Bu sözləri Tutu nənənin özündən başqa heç kəs eşitmədi.

Bir azdan Həşimin bacıları darvazadan içəri girdilər. Özlərini atdılar Həşimin üstünə. Elə bil ölən Salatın deyildi, Həşim idi. Böyük bacısı ağı deyə-deyə dizlərinə çırpırdı. Kiçik bacısı da Həşimi qucaqlayıb ağlayırdı. Amma böyük bacısı kimi hay-həşir salmamışdı.

Onlar da ağlayıb sakitləşdilər. Sonra evə ke­çib yır-yığış eləməyə başladılar.

Tutu nənənin səsi gəldi:

– Gedin qonşulardan iri qazan alıb gətirin, ay Zübeyda! Vedrələri də götürün, su daşıyın!

Zübeyda xala da üzünü Süleymanın gəlininə tutdu:

– Sən qızları da çağır, su daşıyın! Mən də qazanların dalınca gedim.

Bu vaxt qəbiristanlıqdan gələn Ağgöynəkli ki­şi də darvazadan həyətə girdi. Heç salam da ver­mədi. Həyətdə oyan – bu yana getdi, gördü ki, hamı öz işiylə məşğuldur. Gəldi Həşimin qarşısında da­yan­dı. Həşim çöməldiyi yerdən ayağa qalxdı. Üz-üzə dur­dular. Ağköynəkli kişi nəsə demək istəyirdi, amma dil­lənmədi. Qayıdıb darvazaya tərəf getdi. Darva­za­ya çatanda üzünü Abbasəliyə tutub lap ucadan dedi:

– Abbasəli, Müstəcəbi çağırın gəlsin, mağarı həyətdə qursun! Bundan sonra küçədə mağar qurul­mayacaq!

Bu sözü Həşim də, Tutu nənə də, Süleymanın gəlini də, Zübeyda xala da – hamı eşitdi. Elə Ab­basəli də eşitmişdi. Ona görə də, Abbasəlinin ar­vadı heç nə demədi.

Bir az da keçmişdi ki, Həsənqulu əlində bir uzun qamış darvazadan həyətə daxil oldu. Tutu nənəni görüb qamışı yavaşca onun yanına qoydu ki, barı Həşim görməsin. Amma Həşim görmüşdü. Elə Həşim də buna bənd idi ki, cəld ayağa qalxıb Hə­sənqulunun üstünə şığıdı:

– Adını Həsənqulu qoymusan, bir yalquzağı da öldürə bilmirsən! O yalquzaqdı bizim evə bəd­bəxtlik gətirən!

Naznazı da onun səsi öldürdü. Sabah özüm ge­dib o yalquzağı gəbərdəcəyəm!

Həşimi sakitləşdirdilər. Daha heç kəs dillən­mirdi.

13

Hacı Murad Araz yuxarı xeyli getmişdi ki, gözü çayın ortasında Salatının meyidinə sataşdı. Çay şaqqıldaya-şaqqıldaya Salatının meyidini üzüa­şağı aparırdı.

Hacı Murad atı saxladı. At yaman susamışdı, özünü az qalırdı Araza vursun. Amma bura yarğan idi, at su içə bilməzdi. Hacı Murad atın başını Araz aşağı döndərib, sağ ayağını qoyduğu üzəngini bərk­dən atın qarnına vurdu. Arazın sol sahilində Hacı Murad at üstündə gedirdi, Arazın ortasında isə Sa­latın suların qucağında .

Hacı Murad bir xeyli gözlərini Salatından ayır­madı. Amma nə iş idisə, Hacı Muradın gözlə­rinə Salatın Həşimlə birgə görünürdü. Düşündü ki, bəlkə Həşimlə Salatın Arazda çimirlər. Həşim də baş vurub suyun altına, indi hardansa çıxıb Salatını qucağına alacaq. Bir də düşündü ki, yox, bu həna o hənadan deyil! Həşim buralarda nə gəzir. Həşimin Salatınla çimmək vaxtı çoxdan keçib!

Hacı Murad gözünü Arazdan çəkdi. Əlini qoy­du atın yalına. At əməlli-başlı tərləmişdi. Su­suz­luq da onu lap əldən salmışdı.

Birdən Hacı Muradın ağlına gəldi ki, Arazda axan Salatın olmasaydı, onun arvadı Pakizə olsaydı, görəsən, onda da belə soyuqqanlı tərpənərdi?! Onda da Sadığa deyə bilərdimi ki, get Sultan kişini gətir! Onda da Hətəmi çığırardımı ki, öküzləri qoş, arabanı Ağıl üstünə apar!

Onda da ata minib Arazın kənarı ilə Pakizənin meyidinə baxa-baxa atı sürə bilərdimi?

Yenə Hacı Murad fikirləşdi ki, bəs bunlar har­dan onun yadına düşdü? Yazıq Pakizə neçə illərdir ki, xəstəhaldır. Yediyi süd, qatıq, pendirdi. Kefi durulanda da Hacı Murada zarafatla deyir ki, bu naxırı sən elə məndən ötəri saxlayırsan. Hacı Mu­rad da gülər, cavab verməzdi.

Hacı Murad bu qara fikirləri özündən qovmaq istəyirdi, amma bu fikirlər də ondan əl çəkmirdi. Birdən ucadan dedi:

– Lənət şeytana!

At bu səsdən hürkən kimi oldu, Hacı Muradın da yadından Pakizə çıxdı.

Amma nə faydası! Heç bircə an keçməmişdi ki, Hacı Muradın ağlına gəldi ki, bəlkə Arazda axan Salatın olmayaydı, ikinci arvadı Güllü olaydı. Hacı Murad həmən düşündü ki, Güllü olsaydı, qardaş-bacıları tökülüb gələcəkdi, hamısı da üzünü Hacı Murada tutub deyəcəkdilər:

– Ə, sən nə kişisən ki, arvadını buraxasan Arazdan su gətirməyə gedə, Araz da onu apara!

Hacı Murad atın Araza yenə biləcəyini gördü və hər şeyi unutdu. Atın başını döndərdi Araza tərəf. At da buna bənd idi ki, Arazın qırağına çatan kimi iki qabaq dizini yerə vurdu, başladı Arazın suyundan içməyə. Bir az içmişdi ki, Salatının meyi­dini gördümü, yoxsa nədən duyuq düşdüsə, başını sudan çəkib qabaq dizlərini qaldırdı. Hacı Murad nə illah elədi, at daha su içmədi ki, içmədi.

Yenə Hacı Murad atı Araz aşağı sürməyə baş­ladı. Yadına xırmandan taxılın oğurlanması düşdü. Fikrinə gəldi ki, bəlkə Sadıq yalan danışır, özü götürüb aparıb evə. Yenə düşündü ki, bu, olan iş deyil. Neçə illərdi ki, Sadıq xırmandadır, oradan bir vedrə də taxıl oğurlanmayıb. Kimə də lazım olub, taxıl əsirgəməmişəm. Sadığın da ehtiyacını həmişə ödəmişəm. Bir də düşündü ki, Sadıq demişkən, Ağköynəkli özünə yaraşdırarmı gecə qaranlıqda gəlib kisə-kisə taxıl oğurlasın. Sonra da öz-özünə dedi: «yoox, imanımı yandıra bilmərəm, çox da ki, mal-qaramın parasını aldı, torpaqlarımı bölüşdürdü, amma indiyə kimi taxıldan bir söz deməyib hələ. Hər halda insaf-mürüvvət yaxşı şeydir. Ağköynək­linin də vicdanı yəqin ona deyir ki, çox da ağ elə­mək olmaz. Hacı Murad da insandı axı, o da əziy­yət çəkib, bu kəndi çörək yiyəsi eləyib. Nə deyim, iman bir tərəfə gedir, güman bir tərəfə.

Bəlkə Nəcəfalının südəmərinin işidi. Axı, o, xırmana az-az gəlir. Bir də «Bizə süd-zad lazım deyil!» – deyənin Hacı Muradın xırmanında nə işi var? Vallah, Nəcəfalının südəmərinin də bu əməl­dən xəbəri yoxdur. O südəmər elə bir iş tutsa və Nə­cəfalı eşidib-bilsə, iflic-iflic yerindən qalxıb onun dərisinə saman təpər və itqusdu sürüyüb evdən bayıra atar».

Hacı Murad yenə Araza tərəf baxdı. Salatının meyidi onun bərabərliyində üzüaşağı gedirdi.

Birdən Hacı Muradın gözlərinin qabağında yalquzağın gözləri dayandı. Öz-özünə dedi ki, görəsən, bu yalquzaq haradan azıb ona tuş gəldi? Gör indiyə qədər bir adamın qabağına çıxıb? Heç kənddə «yalquzağı gördüm» deyən var? Vallah bu yalquzaq sirri-Xudadır!..


14

Müstəcəb günortadan bir az keçmiş qonşunun on-on iki yaşlı oğlan uşağını da götürüb Sulutəpəyə getmişdi. Hacı Muradın ot gətirən arabası tayaların yanına çatanda gizlənqaç oynayan uşaqlar qaçıb min­mişdilər arabadakı otun üstünə. Birdən qonşu­nun uşağı otun üstündən yıxılmışdı yerə və sol qolu yerindən çıxmışdı. Qonşu ilə də sınıqçı Hacının arasında xeyli vaxt olardı ki, umu-küsü var idi. Ona görə də Müstəcəbi çağırıb demişdi ki, uşağı sən apar Sınıqçı Hacıya. Mən aparsam, uşağın qolunu salmayacaq, başlayacağıq savaşmağa.

Müstəcəb də heç bir söz demədən atı minib, uşağı götürüb Sulutəpəyə Sınıqçı Hacının yanına get­mişdi. Kəndin ortasından keçəndə Hacı Muradla qar­şılaşmış, Hacı Murad əhvalatdan xəbər tutub demişdi ki, Sınıqçı Hacıya məndən salam söyləyər­sən!

Müstəcəb Sınıqçı Hacının həyətinə çatanda mıxda bağlanmış camışı gördü. Camışın da qaba­ğında bir təl ot var idi, amma camış dəli kimiydi. Hiss elədi ki, camış istinin altında susuz qalıb, ona görə anqırır. Ağlına gəldi, bəlkə camış yetirib doğa­caqdı. Evdə saxlayıblar ki, barı həyətdə doğsun. Amma qarnı-qarnına yapışırdı, camışın doğmağın­dan keçmişdi. Bu fikirlərlə uşağı atdan yavaşca dü­şürdü, özü də atdan enib cilovunu bağladı camışın yanındakı boş mıxa. Sonra da ufuldayan uşağı qu­cağına alıb, həyətin o başındakı arxın yanına getdi. Gördü ki, arxın o tərəfindəki tutun altında sərilmiş palazın üstündə Sınıqçı Hacıyla ikinci arvadı Şeyda oturub çay içirlər. Şeydanın gözü tez aldı:

– Ay Müstəcəb, körpüdən keçin bu tərəfə. Müstəcəb qucağında uşaq körpüdən keçib onlara tərəf yaxınlaşdı. Sınıqçı Hacı da dirsəkləndiyi yas­tıqdan qalxıb qəddini düzəltdi. Salam-kəlamdan son­ra Müstəcəblə uşaq durdular palazın kənarında. Müstəcəb öz-özünə fikirləşdi: «Ayağımı soyunub oturaram palazın üstə, Sınıqçı Hacı da ordan-bur­dan məni suala tutar, bilər ki, bu uşaq kimindi. Bi­ləndən sonra da uşağın qolunu salmaz, di onda qa­nıqara qayıt kəndə, görüm necə qayıdırsan?»

– Ay Müstəcəb, bu kimin uşağıdı?

– Qardaşımın uşağıdı, Hacı!

Müstəcəb fikirləşdi ki, Sınıqçı Hacı uşağı tanısa, biabır oldum. Birincisi, yalan danışmağım məni xəcalətli qoyar, ikincisi də yalanım cəhənnə­mə, uşağın qolunu salmaz, kəndə kor-peşman qayı­daram. Sınıqçı Hacı yenə soruşdu:

– Ay Müstəcəb, bu uşaq sizin tayfadakılara oxşamır, axı?!

Şeyda arvad məsələdən duyuq düşmüşdü. Müs­təcəb bu dəfə nəsə demək istəyirdi ki, Şeyda arvad dilləndi:

– Ay Hacı, nə uşaq-uşaq salmısan? Hər kimin uşağıdı, görmürsən zarıldayır, qolunu yerinə sal, bəlkə ağrısı kəsə!

Şeyda arvad Sınıqçı Hacıdan cavab gözləmə­miş, uşağı çağırdı yanına. Uşağın qoluna və boy­nuna bağlanmış yaylığı açdı. Sonra da Hacıya tərəf itələdi.

Sınıqçı Hacı da əlini uşağın qolunda gəzdirə-gəzdirə gözünü onun sifətinə dikmişdi. Bunu kə­nar­dan Müstəcəb də yaxşıca görürdü. Birdən Müstəcəb dilləndi:

– Mən gələndə Hacı Muradı gördüm. Hacı Murad sənə salam göndərirdi.

Sınıqçı Hacı olan bəndə, elə bil heç nə eşitmə­di.

Qəfil şaqqıltı gəldi. Uşağın səsi göyə ucaldı. Sı­nıqçı Hacı qənddandan bir qənd götürüb uşağa verdi:

– Al bu qəndi görüm!

Uşaq bir əli ilə gözünün yaşını silib, o biri əliylə qəndi aldı.

– Apar ağzına görüm!

Uşaq qəndi ağzına apardı. Sınıqçı Hacı indi də Müstəcəbə üzünü tutdu:

– Otur bir çay iç!

Müstəcəb fikirləşdi ki, indi oturub çay içmək olar. Şeyda arvad stəkan gətirmək üçün evə keçdi. Müstəcəb soruşdu:

– Ay Hacı, bu camışa niyə su vermirsən?

Sınıqçı Hacı gözü uşağın sifətində ola-ola ca­vab verdi:

– Bir arvadın ayağı ombadan çıxıb. Axşamüs­tü gətirəcəklər onu salam. Burada olsan, görərsən, nə dəstgah olacaq! Arvadı mindirəcəyəm camışın üstünə, ayaqlarını da camışın qarnının altından bağlayacağam. Sonra deyəcəyəm camışa vedrə-vedrə su daşıyın. Camış da on-on beş vedrə içəcək, qarnı şişəcək. Arvadın ayağı düşəcək yerinə.

Şeyda arvad gəlib Müstəcəbə də, uşağa da çay süzdü. Sonra da başladı bir-bir kənddəkiləri soruş­mağa. Söhbət xeyli uzandı. Bütün söhbət boyu sı­nıqçı Hacı gözünü uşağın sifətindən çəkmədi. Axır­da Müstəcəb dilləndi:

– Axşamın sərini düşür, durub yavaş-yavaş tərpənək. Müstəcəb ayağa qalxıb sağollaşdı, uşağın əlindən yapışıb arxın üstündəki körpünü keçdi. Ar­xadan Sınıqçı Hacının səsi gəldi:

– Hacı Murada məndən salam de!

– Salam göndərən sağ olsun!

Müstəcəb Sulutəpədən uzaqlaşıb kəndə tərəf gəlirdi. Tək söyüdün altında Sadıqla qarşılaşdı:

– Sadıq, bu axşamüstü hara belə?

– Bibimi Araz aparıb, gedirəm Sultan kişini gətirməyə!

– Vay, belin qırılsın, Həşim! Nə bədniyyət­li­ymişsən! Tez ol, mən də gedim mağarı qurum.

Müstəcəb ata bir qamçı çəkdi. At sürətini ar­tırdı. Elə bu vaxt uşaq dilləndi:

– Ay Müstəcəb əmi, bəlkə Sadıq yalan deyir?

– Nəyi yalan deyir, ay bala?

– Bəlkə Salatın xalanı Araz aparmayıb, yal­quzaq yeyib?

Müstəcəb heç bir cavab vermədi, ata yenidən bir qamçı çəkdi...

Tutu nənənin bir kəlmə sözü ilə Bikəxanım darvazadan dabanqırma çıxdı. Darvazanın ağzında az qala əri Müstəcəblə toqquşacaqdı. Müstəcəb dilləndi:

İmanın yansın, hara tələsirsən?

Bikəxanım da ərinin sualına cavab verməmiş güllə kimi açıldı:

– Bəs harda itib-batmısan? Sulutəpəyə gedib-gəlmək bir suiçimlikdi də? Gedirəm dükandan kəfənlik ağ alıb gətirəm.

Müstəcəb yenə dilləndi:

– Salatın öldü, canı qurtardı! Yazıq Həşim yaman günə qaldı!

– Bu kişilər də elə öz canlarının hayındadı! Yeri, yeri içəri, mağarı qur! Hamı səni gözləyir!

Müstəcəb darvazadan həyətə keçdi, Bikəxa­nım da dükana tərəf üz qoydu. Bikəxanım bir xeyli get­mişdi ki, Şahqulunun arvadını həyətlərindən çı­xan gördü. Bir az ayağını sürütlədi ki, Şahqulunun ar­vadı ilə üz-üzə gəlsin. Üz-üzə gələn kimi də soruşdu:

– Ay pinəçinin qızı, bəs səhərdən hardasan? Elə bil bu kənddə yaşayıb eləmirsən? Ya da təzə duvaqlı gəlinsən, hələ duvağını qaldırmayıbsan!

Şahqulunun arvadı da söz altında qalmadı:

– Ay qəssabın qızı, Müstəcəbin gözəlçəsi, sən səhərdən Həşimgildə olub nə qayırıbsan? Yoxsa Sa­la­tını Arazdan çıxarıb gətirən kimi dirildəcəksən?

Bikəxanım bir az yumşaldı:

– Yoox, deyirəm ki, səhərdən gəlsəydin, bir işin də qulpundan sən yapışardın! Axı, Salatın bu kənddə heç kəsə pis olmayıb! Hamının xeyrində-şərində qabaqda gedib!

Şahqulunun arvadı da bir az səsini aşağı saldı:

– Gecə ölürdüm, ay Bikəxanım! Yayın bu qız­ma­rında elə sətəlcəm olmuşdum ki, kürəyimə küpə qoy­masaydılar, səhərə salamat çıxmayacaqdım. Kü­rəyimi qaldırıb baxsan, dəli olarsan! Qapqaradır, kömür kimi!

– O günü mən də eləydim. Üç gün ağzı üstə yatdım. Bir qapını açıb soruşan da olmadı ki, ay Bikəxanım, qalırsan, ölürsən?

– Vallah, bu yay kəndi dərd götürüb başına! Bu qədər yaşın var, heç eşitmisən ki, yayda bu kənddə kimsə sətəlcəm olsun?

Bikəxanım keçdi zarafata və dedi:

– Aaz, bilmirsən, indiyə qədər arvadlar kişilə­rindən qorxurdu, indi də yalquzaqdan qorxurlar, ona görə sətəlcəm olurlar.

– Zarafatı qoy bir yana görüm eey! Niyə belə oldu, bu Salatın biçarə? Nə olacaq? Camaatnan Ara­za suya gedib, pilləkənləri də birinci o aşağı düşüb. Deyirlər axırıncı pilləkən palçıq imiş, səhən­gi suya basan kimi ayağı sürüşüb düşüb çaya.

– Ay Bikəxanım, mən bu qədər Araza suya getmişəm, bir dəfə də o axırıncı pilləkəni palçıq olan görməmişəm. Qızılgül açılanda, Araz daşanda da axırıncı pilləkən həmişə quru olub. Yadındadı, Hacı Murad da həmişə deyərdi ki, Araza düşən pilləkəni elə yerdən düzəltmişəm, heç vaxt oraya su qalxmaz!

– Həə, yadımdadı, ay pinəçinin qızı! Mən də səhərdən fikirləşirəm, ağlıma heç nə gəlmir.

Pinəçinin qızı, Şahqulunun arvadı ağzını qəs­sabın qızının, Müstəcəbin arvadının qulağına daya­yıb pıçıltı ilə nəsə dedi.

– Booy, biyabır olduq! Qulaqlara qurğuşun! Səsini çıxartma, yeri-yeri, mən də dükandan kə­fənlik ağ alıb gəlirəm!

Şahqulunun arvadı bir tərəfə, Müstəcəbin arvadı da o biri tərəfə üz qoydu.

Bikəxanım xeyli getdi və dükana az qalırdı çatsın ki, Qızbəslə qarşılaşdı. Qara paltarını geymiş Qızbəsin əlində tutduğu dəsmalın ucu görünürdü. Bikəxanım dilləndi:

– İndi yasa gedib gözünün qorasını tökəcək­sən! Allah səni elə bil ölü yeri üçün yaradıb! Gəl ge­dək dükandan kəfənlik ağ alım, bir yerdə qayıdaq!

Qızbəs də heç bir söz deməyib, düşdü Bikə­xanımın yanına, başladılar dükana tərəf getməyə! Bir-iki addım atmışdılar ki, yenə Bikəxanım dilləndi:

– Bu nə vırğın idi Salatını vurdu?

Qızbəsin yadına qardaşının ölümü düşmüşdü. Fikrində o idi ki, tez ölü yerinə çatıb ağılarını baş­lasın. Bikəxanım da bilirdi ki, Qızbəs bu axşam-axşam camaata qan ağladacaq!

Bikəxanım bir də dilləndi:

– Bu ölüm hardan tapdı Salatını?

Qızbəsdən yenə səs çıxmadı. Qızbəs ürəyində ağılarını dal-dala düzürdü.

Bikəxanım üçüncü dəfə dilləndi:

– Bu Salatın Əzrayilə neynəmişdi ki?

Elə bu vaxt Qızbəs də Əzrayıl barəsində dü­şünürdü. Bikəxanım da gördü ki, Qızbəs yaman do­luxub. Özü də gözləri dolub, ağlamaq istəyir. Düka­nın da lap yanına çatıblar. Ağzını dayayıb Qızbəsin qulağına Şahqulunun arvadının dediyini pıçıltıyla ona dedi. Qızbəs qorxan kimi oldu və səsi çıxdı:

– Booy, biyabır olduq! Qulaqlara qurğuşun! Sə­sini çıxarma, dükandan kəfənlik ağ alıb qayıdaq yasa!

Bikəxanımla Qızbəs dükana girdilər. Gördülər ki, dükançı oturub tut kötüyünün üstündə, kəfənlik ağı da ölçüb-biçib qoyub tərəzinin bir gözünün üs­tü­nə. Bikəxanım səs-səmirsiz əl atıb kəfənlik ağı götürdü:

– Yaz nisyə dəftərinə, Həşim gəlib sonra pu­lu­nu verər.

Bikəxanımla Qızbəs dükandan çıxırdılar ki, arxadan dükançının səsini eşitdilər:

– Naznazın da kəfənliyinin pulunu nisyə dəf­tə­rinə yazmışam. Həşim hələ də bu tərəflərə üzük­mür. Siqaret, qənd lazım olanda uşaqlarını göndərir.

Sonra da ayağa qalxıb yır-yığış eylədi ki, o da Həşimgilə getsin. Dükanın qapısını bağlayanda öz-özünə deyindi: «Yalquzağın ulamağı qurtaranda Həşim də gətirib borcunu verəcək».

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə