Kamran imranoğlu z ə L i baki 2013 Kamran İmranoğlu. Zəli (povestlər)




Yüklə 0.66 Mb.
səhifə1/7
tarix22.04.2016
ölçüsü0.66 Mb.
  1   2   3   4   5   6   7


KAMRAN İMRANOĞLU

Z Ə L İ

BAKI - 2013


Kamran İmranoğlu. Zəli (povestlər). Bakı, Elm və təhsil, 2013, 233 səh.


Ə 4603000000 Ãðèôëè íÿøð

Í-098-2013


© Folklor İnstitutu, 2013


YALQUZAQ
PROLOQ ƏVƏZI
– Ay Məşədi Vəli kişi, bu nədi eey? Gecə sə­hərə qədər yata bilməmişəm.

– Nə olub, ay Baftalı Salahın nəvəsi?

– Gecə heç nə eşitmədiniz? Ağıl üstündəki yal­quzaq bütün gecəni ulayıb! Səsi indi də qulaqla­rımdan getmir.

Məşədi Vəli kişi gözünü Baftalı Salahın nə­vəsinin gözünə dikib dilləndi:

– Deyirlər, bir zamanlar səhər – səhər əli kə­rənti tutan Ağıl üstünə ot çalmağa gedirmiş. Bir də görürlər ki, Ağıl üstündəki iri bir çala doludu ilanla. İlanlar gecənin bir vaxtına qədər iki dəstə olub bir-birləri ilə o qədər vuruşublar ki, halsız-halsız hamı­sı böyrü üstü düşüb çalaya. Bir nataraz oğlu nataraz da tənbəllik eləməyib nəfit gətirib onların üstünə töküb, od vurub! İlanların naləsi göyə qalxıb! Sonra da hamısını çalaya doldurub üstünü basdırıblar.

– Axı nə olsun ki, ay Məşədi Vəli kişi?

– O olsun ki, həmin əhvalatdan sonra yalquza­ğın babası da, dədəsi də Ağıl üstündə ulayarmış! Bu yalquzaq da hələ çox ulayacaq! Bildin, ay Baf­talı Salahın nəvəsi?!

Baftalı Salahın nəvəsi gözünü Məşədi Vəli kişinin gözünə dikib dillənmədi.


1

Hacı Muradın Düyərli kəndinin ortasında yan-yana düzülən ot tayalarının başı köy üzünə dəyirdi. Bütün yayı araba-araba daşınıb gətirilən ot-ələfin hamısı Ənnağı kişinin yabasının ucundan keçib ta­ya olmuşdu. İndi bu ot tayalarına baxdıqca, Ənnağı kişinin səliqəsinə adam mat qalırdı.

Tək söyüdün kölgəsində kövşək vura-vura din­cələn öküzlər də hərdən gözlərini ot tayasına di­kir, hərdən fınxırır, hərdən də özlərindən razı-razı mürgüləyirdilər. Bu qədər otu Ağıl üstündən elə bil onlar arabada çəkib buraya gətirməmişdilər. Ya da öküzlər Ənnağı kişinin işinə heyran qalmışdılar.

Hacı Murad da çox insaflı adamıydı. Öküzləri yeri gəldi-gəlmədi hər ağır işə qoşmazdı. Kotana, xışa ayrı öküzləri qoşdurardı, samana, ota başqa öküzləri yollayardı. Yalnız möhrəlik palçıq qarış­dı­rı­landa öküzlər hamısı bir yerdə işləyərdi. Özü də elə canla-başla işləyərdilər ki, sanki Hacı Muradın öküzləri adam kimi dil qanırdılar.

Axşamın sərini kəndin hər tərəfini bürüyürdü. Kişilər həyətlərindəki ağacların altından küçəyə açı­lan darvazalarının qabağına çıxırdılar. Onlar dar­vazalarının yanında iki daşın üstünə taxta uzat­mış­dılar ki, axşamüstü orada oturub dincəlsinlər.

Yavaş-yavaş həmin oturacaqların üstündə adam­lar bitərdi. Kiminin əlində ağac, kiminin əlin­də çomaq, kiminin əlində çəlik, kiminin əlində təs­beh. Kənddə kişilərin axşamı belə başlayardı.

Bu vaxtlar kəndin arvadları əllərində vedrə, sə­həng Araza tərəf yollanardılar. Qadınlar gündə Arazdan bircə dəfə su gətirmək üçün Ağıl üstünə gedər və təpədən suya əl çatana qədər enən pillələri aşağı düşər, qab-qacaqları su ilə doldurub geri qayıdardılar. Qadınların da axşamı belə başlayardı.

Söyüdlərin kölgəsi bir az da uzandı. Salatın çiynində yekə səhəng darvazadan küçəyə çıxdı. Darvazanın yanındakı oturacaqda bitən əri Həşimə üzünü tutub deyinməyə başladı:

– Səninki elə budu, baax! Çomağı qıçlarına dayayasan, papirosu da əlindən ötürməyəsən! Daha nə iş görəcəksən? Qıç da məşğul, əl də məşğul!

Həşim də gözünü Salatının üzündən ayırma­dan əlini kəndin lap yaxınlığından axan Araza tərəf uzadıb guya hirslənirmiş kimi ucadan dedi:

– Beş addımlıqdan bir ovuc su gətirəcəksən, onu da bu axşam-axşam başıma qaxmasan olmaz? Arvadın ulğumu var ki, dili də dinc dursun! Yeri! Yeri! Boyuna qamış ölçüm!

Həşimin bu sözlərindən sonra Salatın dinməz-söyləməz Araza tərəf yola düzəldi.

Həşim peşmanladı ki, nə yaman pis dedim. Har­dan dilimə gəldi: «Boyuna qamış ölçüm!» Ya­zıq Sala­tı­nın bir əməlli-başlı günü-dirriyi də yoxdu. Sə­hərdən ax­şa­ma qədər işləməkdən gözü açılmır. Hələ bunlar bir tə­­rəfə qalsın, onsuz da iş-güc qurtaran deyil! Yazıq Sa­la­tın qalıb o iki yetimlə bu iki uşağın arasında. O ye­tim­lər­lə bu uşaqlar da bir-birləri ilə yola gedən zibil deyillər.

Mən Salatını alanda uşaq-zad istəmirdim. Gü­man eyləyirdim ki, Naznazın yetimlərinin əlindən tu­tub böyüdər, mənə də qulaq yoldaşı olar. Nə elə­məli? Vurdu Salatın da bu tərəfdən iki uşaq doğdu. Bu da Al­lahın işidi. Qurbanı olduğumun yazısına pozu yoxdu!

Yaxşı, Salatının nə günahı var idi ki, boyuna qamış ölçdüm?! Bu qədər Salatının üstünə qışqır­mışam, onu söymüşəm, döymüşəm, amma belə ağır söz deməmişəm. Deyəsən, dəli şeytan ağlımı da ya­vaş-yavaş əlimdən alır.

Həşim yenə Salatının dalısınca baxdı. Salatın uzaqdakı dənkəni burulub görünməz oldu.

Həşim fikirləşdi ki, bu Salatın da onun bəx­tiydi. Bir-iki adam istəmişdi, Salatın da heç birini yaxın buraxmamışdı. Sonra da daha istəyən olma­mış­dı. Yaşının ötməsinə baxmayaraq, vallah, Sala­tın mənə qır verməyəcəkdi.

Hələ Naznaz sağ olanda, eşitmişdim ki, Naz­na­zı qınayırmış ki, o təpərsiz kişini hardan tapmı­san? Bunu da Naznaz ağzında saxlaya bilməyib mənə demişdi. Ona görə düzdü ki, arvadın ulğumu olmaz, o da ağlına gələni yox, ağzına gələni danı­şar. Mən də indiyə qədər bu sözü Salatının üzünə vurmamışam. Nə olar? Deyib, deməmiş olsun!

Həşim beynində çox şeyi fırlatmaq istəyirdi ki, yenə qamış gəldi girdi beyninə. Düşündü ki, val­lah, bu Salatın boyuna qamış ölçüləsi arvad deyil!

Həşim şapqasını başından götürüb dizinə ke­çirdi. Yenə fikrə getdi. Həşimi fikirdən uşaqların səs-küyü ayırdı.

Elə bil bu işlərə bənd olan uşaqlar azadlığa çıxdılar. Beş-altısı bir yerə yığılıb Hacı Muradın ta­yalarının yanında hər gün olduğu kimi indi də giz­lənqaç oynamağa başladılar.

Kənddəki axşamçağının sakitliyini təkcə uşaq­­­ların hay-küyü pozurdu.

Qəflətən Araz tərəfdən vay-şivən qopdu. Ağız deyəni qulaq eşitmədi. Uşaqlı-böyüklü hamı Araza tərəf qaçmağa başladı. Hay-küyə itlərin də səsi qa­rışdı. Handan-hana bir uşağın bağırtısı aydın eşi­dil­di:

– Salatın xalanı Araz apardı!

Kəndin adamları bir-birinə dəydi. Həşim ar­vad­ların Araza düşüb su götürdükləri yerə çatanda Salatının suyun üzündə qalan çılpaq qarnını gördü. Şapqasını başından götürüb yerə çırpdı:

– Camaat içində biyabır olduq!


2

Salatın Həşimin ikinci arvadıydı. Birinci arva­dı Naznaz uşaq üstündə ölmüşdü. Cənazəni xəstə­xa­nadan gətirəndə qonşu kənddə at arabasının qa­ba­ğını qardaşları kəsib saxlamışdılar. Demişdilər ki, bacı­mızı öz kəndimizdə basdıracağıq. Orada çayçının qabağında iki kəndin adamları üz-üzə da­yanmışdılar. Bu vaxt haradansa Hacı Murad peyda olmuşdu:

– Ay bala, çəkilin görüm! Heç nə elədiyinizi bilirsiniz?

Hamı susmuşdu. Arabanın qabağından geri çəkilmişdilər. Hacı Murad yenə səsini qaldırmışdı:

Ay camaat, ölüyə əziyyət verməzlər. Belə iş heç Allaha da xoş getməz.

Sonra da üzünü Qəhrəman kişiyə tutmuşdu:

– Ay ağsaqqal, sizin kəndin camaatı qamışlıq­dan-zaddan çıxıb? Gəlin aparırsan, qabağını kəsir­lər. Ot daşıyırsan, arabanı saxlayırlar. Ölü gətirir­sən, onun da qibləsinə daş diyirlədirlər.

Təzəcə hər şey yat-yüt olmuşdu ki, iki qadın tindən çıxıb, əllərində yaylıqları, üzlərini cıra-cıra at arabasına tərəf cumdular:

– Verin ölümüzü! Ölümüzü heç kəsə vermə­yə­cəyik!

Camaatın halı bir az da qarışdı. Qardaşlar tə­zədən qabağa yeridilər. Hacı Murad gördü ki, Qəh­rəman kişidən bir səs çıxmır. Üzünü cavanlara tu­tub qışqırdı:

– O arvadları da basın arabaya, arabanı da sürün kəndə! Deyəsən, bu köpək uşağı ölüynən-dirinin nə olduğunu hələ bilmir.

Arvadlar özlərini ölünün üstünə saldılar, araba da kəndə yol aldı.

Bu əhvalat bir anda Həşimin xəyalından keçdi və gözləri Hacı Muradı axtardı. Axtaran kimi də Hacı Muradı gözünün qabağında at belində gördü. Hacı Muradın birinci sözü bu oldu:

– Papağın boş qalsın, ay Həşim!

Həşim oradaca yerə çöməldi. Taqətsiz-taqət­siz bir ah çəkdi. «İndi mən dörd uşağnan nə təhər dolanacağam. Haranın külünü başıma ələyim ki, Allaha xoş getsin!»

Həşim camaata üz tutanda gözü qaraldı: «Nə yaxşı ki, Hacı Murad vaxtında çatdı. Salatının me­yi­dini Hacı Muraddan başqa heç kəs o Arazdan çıxara bilməz! Təvəkkül Allaha!»

Bu vaxt Hacı Muradın səsi ucaldı:

– Ay cavanlar, özünüzü Ağıl üstünün aşağı­sına yetirin! Orada Arazın dayaz yeri var. Çıxın daş­ların üstünə gözləyin!

On-on beş cavan oğlan kəsə yolla qaçmağa başladı.

Hacı Murad üzünü kişilərə tutub dedi:

– Siz niyə dayanmısınız! Axşama hələ çox var, yeriyin qəbri qazın! Meyidi saxlamaq olmaz! Gün uzundu, dəfn edəcəyik! Özü də qəbri Naznazın ayaqlarının altına salın!

Bir də geriyə dönüb Hətəmi çağırdı:

– Ay Hətəm, sən də tez ol, öküzləri qoş ara­baya. Ağıl üstünə gətir.

Sonra özü də atı dəhmərləyib xırmana tərəf üz tutdu.


3

Bu gün səhər-səhər Hacı Murad xırmana gə­lən kimi səsini başına atmışdı. Hacı Muradı indiyə qədər belə qəzəbli görməmişdilər:

– Ə şil oğlu şil, gecə səhərə qədər xorhaxor ya­tırsan! Gecələr bir-iki dəfə durub xırmanın hən­də­vərinə fırlana bilmirsən? Sən də arvadsan, qor­xursan yalquzaq gəlib səni yeyər?

Hacı Murad bu sözləri Nəcəfalının böyük oğlu Sadığa dedi.

Sadıq da dinməz-söyləməz gəldi Hacı Mura­dın yanına:

– Nə olub, Hacı Murad əmi?

– Canına dərd olub, bir də azzar! Xırman so­vulandan sonra taxılı tay-tay götürüb aparacaqsan, yığacaqsan evin bir küncünə. Qışda da arvadınla ayaqlarını sallayacaqsan kürsünün altına, aşağıdan isti vuracaq, siz də mazaqlaşacaqsınız. Ununuz bol, odununuz bol, sizə nə lazımdır daha?! Nəcəfalının hesabına kef çəkirsiniz, o başını yerə qoyandan sonra nə eyləyəcəksiniz?

– Nə olub, ay Hacı Murad əmi?

– Sizi yüz kərə başa salmışam ki, kişi səhərə kimi yatmaz! Yatacaqsınız da! Torpağın altında o qədər yatacaqsınız ki, çabalasanız da çıxa bilmə­yə­cəksiniz! Odu eey, Əlirzanın da bir gözü həmişə sizə baxır! Gözləyir ki, birinizin canı çıxa, o dəqiqə basa qəbrə, üstünüzü də torpaqlaya. Eşitməmisiniz, özü də oturub-durub deyir ki, insan belədi ki, canını tapşırdı, o saat gərək qoyasan qəbrə, yoxsa bir az qaldı, üfunəti hər yeri bürüyəcək.

Sadıq bu dəfə heç nə demədi. Çənəsini dayadı əlindəki yabaya, başladı maddım-maddım Hacı Mu­rada baxmağa. Hacı Murad yumşaldı:

– Bala, əmanətə xəyanət olmaz! Kişi olan bən­dənin malına kəm baxmazlar. Odu eey, məndə neçəsinin əmanəti var, nə vaxt gəldilər götürüb apa­racaqlar. Bir də sizin nəyiniz var axı?! Quru çöpu­nüz də yoxdur ki, biləsiniz mal nədi, əmanət nədi?

Bu dəfə Sadıq da yavaşca dilləndi:

– Nə günahım var, Hacı Murad əmi?

– Gözün kordu, taxılı yarılayıblar!

Sadıq diksinən kimi oldu, tez yeridi taxıla tə­rəf. Doğrudan da, taxıldan beş-on kisə götürülmüş­dü. Sadıq ayaq üstə dura bilməyib yerə çöməldi. Gözləri bir addımlıqdakı taxılı seçə bilmirdi.

– Qalx ayağa, qalx! Ağzınızdan hələ süd iyi gəlir!

Sadıq ac adamlar kimi Hacı Muradın gözlə­ri­nin içinə baxdı. Sadığa qəfil elə gəldi ki, Hacı Mu­­­ra­dın gözləri yalquzağın gözləridi. Yavaşca dilləndi:

– Hacı Murad əmi, bu, Ağköynəklinin işidi. Axşam xırmanın başına fırlanırdı. Vallah, gecə yarısına qədər kiçik qardaşım da mənim yanımda olub. Durub evə gedəndə taxıla özüm baxmışam. Vallah-billah Ağköynəklinin işidi!

– Ağköynəklidi, qaraköynəklidi bilmirəm. Ki­şi­nin malını kişi kimi qoruyarlar! Amma bu barədə heç kəsə bir söz demə! Bir daş altda, bir daş üstdə!

Hacı Murad atını dəhmərləyib Ağıl üstünə tərəf yol aldı.

Sadıq özü də bilmədi ki, nə eləsin, başına nə çarə qılsın.

Sadıq neçə illər idi ki, Hacı Muradın xırmanı­nın keşiyini çəkərdi. Taxıl biçimi başlayanda, Sadıq da dinməz-söyləməz yabasını, belini, bir də kərənti­sini götürüb xırmana yollanardı. Əvvəlcə kərəntiylə süpürgə kollarına toxunmadan otları, tikanları bi­çər­di, yabayla daşıyıb onları xırmanın qurtaraca­ğın­da üst-üstə yığardı. Sonra da bellə çala-çuxurları düzəldərdi. Mal təzəklərini götürüb bir tərəfə atar­dı. Xırmanı əl içi kimi təmizləyərdi.

Sadığın gördüyü bu iş iki günə başa çatardı. Üçüncü günü Sadıq oraq, balta və mıxça gətirərdi. Başlayardı oraqla süpürgə kollarını bir-bir dibindən biçməyə. Sadıq ehmalca və elə səliqə ilə biçərdi ki, süpürgə kollarının ruhu da inciməzdi. Sonra süpür­gələri dəstələyib ayrı-ayrı yığardı. Sadıq yaxşı bilir­di ki, bu süpürgələr ilboyu onları görəcək. Hələ qo­num-qonşuya da hərdən pay göndərəcək. Düzü, Sa­dığın süpürgəsinin həsrətini çəkənlər az deyildi.

Sadıq bu il süpürgələri bağlayanda Hacı Mu­rad gəlib xırmana çıxmışdı. Atla xırmanın o tərəf-bu tərəfini gəzmiş, sonra da atını sürüb xırmandan uzaqlaşmışdı. Bu məqamda Sadıq da öz-özünə fi­kirləşmişdi ki, Hacı Murad olasan, bir kəlmə söz deməyib gedəsən, görünməmiş işdi.

Hacı Murad hər il bu vaxt xırmana gələndə hər şeyi yerli-yerində görmək istəyər və yüz cürə tap­­şırıq verərdi. İndi Hacı Murad heç bir söz de­mə­dən səssiz-ünsüz Ağıl üstünə tərəf yollanırdı. Elə Sadıq bunları fikirləşirdi ki, Hacı Murad atını geri döndərib təzədən Sadığın yanına qayıtdı:

– Bu xırmanda o qədər süpürgə bağladın ki, indi də Hacı Muradın dalınca süpürgə bağlayırlar!

Hacı Murad bu sözlərdən başqa heç nə demə­yib, yenidən yoluna düzəldi.

Sadığı təzədən fikir götürdü. Nə qədər fikir­ləş­di, tapa bilmədi ki, Hacı Muradın əhvalı niyə po­zulub?

– Görəsən, Hacı Muradın qanını kim qaraldıb?

Bu sözləri də Sadıq səsini içəri çəkərək öz-özünə ucadan dedi.

Sonra da Sadıq başladı işinə davam eləməyə. Baltanı və mıxçaları götürüb çardağa tərəf getdi. Əv­­vəlcə əliylə çardağın ayaqlarını yoxladı. Möh­kəm idilər. Taxtalara bir-bir əl atıb silkələdi. Sonra hərəsinə köhnə, paslı mıxçaların yanından par-par parıldayan təzə bir mıxça çalmağa başladı.

«Sabah gedib qamış biçib gətirmək lazımdır. Qar, külək çardaqdakı qamışları tamam korlayıb. Daldalanmağa yaramaz. Gün adamın başına elə vu­rar ki, xırmandan meyidi çıxar».

Sadıq əzilmiş, qırılmış qamışları yerə tulladı. Çardağın üstü və yanları açıq qaldı. Çardaq lüt-ür­yan olandan sonra bir də ona tamaşa elədi. «Bu çar­daq hara, Əsgər kişininki hara? Əsgər kişinin çar­dağı amanata bənddi. Amma bu çardaq neçə il­lərdi ki, qışı-yayı burada dözür. Əsgər kişi elə doğru de­yir ki, onun çardağı təndirlikdi».

İndi bütün bunlar Sadığın xəyalından keçdi və Hacı Muradın o vaxtkı sözü bir də yadına düşdü: «Bu xırmanda o qədər süpürgə bağladın ki, indi də Hacı Muradın dalınca süpürgə bağlayırlar!»

Bu süpürgə məsələsi axşamüstünə qədər Sa­dığın yadından çıxmadı və Sadıq yaxşı bilirdi ki, bu taxılın oğurlanmasının ona heç bir dəxli yoxdu.

Axşamüstü birdən Sadığı fikir götürdü: «Bu necə olan işdi, kəndin o başındakı bostanda qurulan çardağın yanında adam vurulur, bu başındakı xır­manda qurulan çardağın yanında taxıl oğurlanır?»

Sadıq ha eşələndi, bu sualın cavabını tapa bilmədi. Amma sual onu yaman tutmuşdu.

Birdən Hacı Muradın atının səsi eşidildi. Sa­dıq tez-tələsik çardaqdan yerə düşdü. «Yəqin oğru­nu tapıb! Yoxsa Hacı Murad bir gündə iki dəfə xırmana gəlməz!»

Hacı Murad atının cilovunu çəkib ucadan dedi:

– O südəmər qardaşını tap, gəlsin xırmandan muğayat olsun! Özün də tərpən Sulutəpəyə! Molla­nı götür gəl! Mollaya deynən sidr-kafir yaddan çıx­masın. Özü də Sultan kişini gətir, deynən Hacı Mu­rad tapşırıb. O mirzəliyi atıb mollalıq eyləyən zatı qırıq oğlu zatı qırıqdan bir kar aşmaz. Keçən dəfə görmədin, ölü qaldı bir tərəfdə, elə bütün yasda ikiarvadlılıqdan danışdı.

– Kim ölüb, ay Hacı Murad əmi?

– Tifağı dağılmış bibini, Salatını Araz aparıb!

Bundan sonra Hacı Murad Sadığın üzünə bax­madan atını Ağıl üstünə tərəf dəhmərlədi.
4

Sadıq heç nəyə əl vurmadı. Tez-tələsik çarda­ğın kölgə tərəfinə qoyduğu bardağı götürdü. Bür­mələyib bardağın ağzına basdığı tut yarpaqlarını çıxartdı və bardağı başına qaldırdı. Bardaqda bir içimlik su qal­mışdı, onun da hamısını içdi. Sol əlin­də bürmələnmiş tut yarpaqlarını yerə atdı, bardağı da götürdü və kən­də tərəf yola düzəldi ki, gedib paltarını dəyişsin.

Yolda onu fikir götürmüşdü ki, bibisinin ölü­mü­nü atasına necə deyəcək? Kişi də yaman əziyyət çəkir, nə sağalandan sağalır, nə də... Sadıq «ölüm» sözünü dilinə gətirmədi. Bir də fikirləşdi ki, atam kiminsə qarğışına tuş gəlib. Yoxsa bu kənddə bir kişi, bir arvad indiyə qədər şil olub, yorğan-döşək­də yatmayıb, cümə axşamı, orucluq bayramı, nə bi­lim hansısa xoş gündə canlarını tapşırıblar, mənim atama isə zillət qismət olub.

Sadıq bir az da getmişdi ki, qəfil ilan vurmuş adam kimi diksindi. Uşaqlığını xatırladı və atası ilə anasının dalaşması yadına düşdü. O vaxt nə üstündə dalaşdıqlarını Sadıq sonralar nə atasından, nə də anasından soruşmuşdu.

Sadıq gözlərini yolun ortasına dikib yeriyə-ye­ri­yə həmən dalaşmanı xatırladı. O vaxt anası otur­duğu döşəkçənin üstündən qalxıb qəzəblə ata­sına «səni görüm şil olub yerdə qalasan» dedi və ora­ğını götür­məyə getdi. Atası da onun arxasınca qışqırdı: «Arxa­yın ol, səni öldürüb basdırmayınca, ölməyəcəyəm».

Sadığa əyan oldu ki, atası dediyi kimi anasını çərlədib öldürdü, anasının da qarğışı atasını tutdu.

Sadıq yolunun səmtini dəyişib kənddəki kiçik arxlara suyun bölündüyü yerə – Suvata tərəf üz qoy­du. Suvat kəndin lap girəcəyindəydi, kiçik qar­da­şının da evi oradaydı. Fikirləşdi ki, kiçik qarda­şı­gildən bir paltar tapıb əyninə geyər, həm də Suvat­dan Sulutəpəyə yaxındır. Elə ordan da birbaşa Sul­tan kişinin dalısınca gedər, atasına da yalan deməz.

Sadıq kiçik qardaşıgilə çatanda gördü ki, qa­pı-baca bağlıdır, həyətdə də heç kəs yoxdur. Bildi ki, hamı Həşimgilə gedib. Bardağı qapının yanına qoydu. Qonşu Mustafanın həyətinə keçdi.

Mustafa it damının yanında öz-özünə danışır, nəsə qurdalanırdı. Sadıq Mustafanın başının qarış­dığını görüb ona yaxınlaşdı. Mustafanın atı da ça­yın başındaydı. Sadıq fikirləşdi ki, Mustafa nə əcəb atı həyətdə saxlayıb, aparıb çöldə hörükləməyib?

Sadıq it damının yanına çatdı, «salamə­leyk»­dən sonra Mustafa da ayağa qalxdı və Sadıqdan qabaq dilləndi:

– Bilirəm, ay Sadıq! Allah rəhmət eləsin! Nə­cəfalıya nə təhər dediniz?

Sadıq cavab verdi ki, atama deyən olmayıb, xəbəri yoxdur. Mən də ürək eləmədim evə gedəm. Elə xırmandan birbaşa buraya gəlmişəm ki, Sulu­təpəyə Sultan kişinin dalısınca gedəm. Sadıq sonra da it damının içindən mırıltını eşitdi və damın qa­bağındakı küçüklərə baxdı:

– Bu qancıq nə vaxt küçükləyib?

Salatının ölümü elə bil tamam yaddan çıx­mış­dı. Mustafa başladı şirin-şirin danışmağa:

– Ay Sadıq, axırıncı dəfə nə vaxt yuxu gör­mü­şəmsə, tamam yadımdan çıxıb. Mən lap gec-gec yuxu görürəm. Amma gecə yuxumu əməlli-başlı qa­­­­­rış­dırmışam. Görürəm ki, atı bağlamışam Hacı Mu­radın tayalarının yanına. At da elə bil aclıqdan çıxıbmış kimi tayaları söküb dağıdır. Mən də on-on beş metr kənarda oturmuşam tut kötüyünün üstün­də. Birdən yalquzaq çiynimin üstündən şığıdı ata tərəf. Başladı atı daldan parçalamağa. Qışqırdım, qışqırığıma da özüm oyandım. Tez-tələsik geyinib bayıra çıxdım. Gördüm ki, at yerindədir. Bir az tox­dadım. Sonra qancığın zingiltisi qulağıma dəydi. Elə zarıyırdı – elə zarıyırdı ki, hələ bu itin belə za­rıldadığını eşitməmişdim. Tez gəldim itin yanına. Ay işığıydı. Damın qabağında üç dənə küçük gör­düm. Bir az da yaxınlaşıb baxdım ki, üçü də ağap­paq, anası kimidi. İtin zarıltısından bildim ki, qar­nın­da yenə küçük var. Zəncirindən yapışıb onu ba­yıra çəkdim. Dördüncü küçüyü də mən zorla itin qarnından dartıb çıxardım. İnan ki, yuxudan durma­saydım, bu küçük elə qarnındaykən anasını çatda­da­caqdı. Özü də bax, axırıncı o qara küçükdür!

Sonra əlavə etdi:

– Atı da elə yuxuma görə aparıb çölə hörüklə­məmişəm. Demə bu da sənin bəxtin imiş! Yeri yə­hərlə, min get! Sulutəpəyə piyada getməyəcəksən ki?! Mən də gedirəm qəbir qazmağa.

Sadıq dinməz-söyləməz ata tərəf getdi, Mus­tafa da təzədən əyilib küçüklərə yal verməyə başladı.

Sadıq çoxdan kənddən uzaqlaşmışdı. Küçük­lər də yalı yeyib qurtarırdılar. Suvat tərəfdən səs gəldi:

– Ay Mustafa! Ay Mustafa!

– Həyətə gəl, buradayam!

Mustafa yenə başını aşağı saldı. Bir də başını qaldıranda gördü ki, ağ köynəkli kişi at belində ya­nında durub, gözü də qara küçükdədir. Ağköy­nəkli kişi Mustafaya aman vermədi:

– Ə, Misto, bəs sənə deməmişəm ki, qancıq küçükləyəndə mənə de, küçüklərin birini seçib mən götürəcəyəm?

– Vallah, gecə küçükləyib, səhər də kimdən so­ruşdum, dedilər vayenkomata getmisən!

– Bax, o qara küçük var haa, mənimdi! Bir-iki həftədən sonra gətirərsən bizə! Qulaqlarını da özüm kəsəcəyəm ki, əlimin dadını indidən bilsin, özü də qırımından görünür ki, qancıq deyil, köpəkdi.

– Hə, köpəkdi!

Ağköynəkli kişi bir də qara küçüyə göz ye­tirdi, sonra yenə üzünü Mustafaya tutdu:

– Kənddə kim ölübdü? Deyəsən, qəbir qazma­ğa gedirlər!

– Nəcəfalının bacısı Salatını Araz aparıb!

– Onlar da bir nəsil deyil! Hamısı giriblər Ha­cı Muradın qoltuğunun altına. Hacı Muradın qol­tu­ğunun altından çıxmaq da hər kişinin işi deyil! Nə­cəfalının da nəslini yaxşı tanıyırıq. Onların ara­sında bircə qeyrətlisi varsa, o da kiçik oğludur. O kiçik oğlu hələ bu küçük boyda olandan demişdim ki, bun­dan bir şey çıxacaq!

Mustafa dillənmədi. Ağköynəkli kişi yenə soruşdu:

– Sənin atını minib Sulutəpəyə gedən kim idi? Uzaqdan görüb tanımadım.

– Nəcəfalının böyük oğlu Sultan kişinin dalı­sıca getdi.

– Yenə bu Hacı Murad ikiarvadlının işidi, bax! Keçən dəfəki yasda hamıya demişəm ki, daha bu kəndə ölü götürməyə Sultan kişi gəlməyəcək! Nə olubdu təzə mollaya? Dünənə qədər mirzəlik eyləyirdi, hamınız da məktubunuzu aparıb ona oxut­­­dururdunuz! İndi də mirzəliyi yerə qoyub mol­lalıq eyləyir. Nə olub balam, məktubunuzu oxu­yan­da əl çəkmirdiniz, ölülərinizə Quran oxumağa baş­layandan bəyənmirsiniz? Yaxşı, Hacı Murad, Sul­tan kişiylə görüşün axırıncı olar! Mən getdim qə­biristanlığa, sən də belini götür, gəl ora!

Ağköynəkli kişi qəzəblə atına bir qamçı çək­di. Atı sürə-sürə bir də Mustafaya tərəf dönüb uca­dan dedi:

– Ay Misto, yadında yaxşı saxla, o yalquzaq var haa, onun qənimi bu qara köpək olacaq!..


5

Sadıq az qalırdı Sulutəpəyə yetişə, Ağköy­nək­li kişi də qəbiristanlığın girəcəyinə çatmışdı. Am­ma arvadlar Arazın qırağında qalmışdılar. Hələ kənd­dən də nə qədər adam axışıb bura gəlmişdi.

Gizlənqaç oynayan uşaqlar Arazın dəhşətini in­di görürdülər. Onların çoxusu barmaqlarını ağız­larına basıb ufulduyurdular. Elə bilirdilər ki, Araz­da boğulan Salatın deyil, onların özləridi.

Bir xeyli də keçdi. Arvadlar gördülər ki, bura­da dayanmaqla heç bir şey aşmaz. Ona görə də bir-birlərinə təsəlli verə-verə kəndə tərəf dönməyə baş­ladılar.

Səhəngini, vedrəsini dolduran – doldurmayan qadınlar da onlara qoşuldular.

Kənddəki birinci evə çatan kimi pota arvad bir qızın üstünə qışqırdı:

– Nə dayanmısın, yeri Tutu nənəni çağır gəlsin!

Tutu nənənin evi kəndin o başındaydı. Qocal­mağı bir yana qalsın, ayağı da möhkəm ağrıyırdı.

Ötən yay zəmilərdən taxıl təzəcə biçilib qur­tarmışdı. Kiçikli – böyüklü hamı başşağa getmişdi. Onlar zəmilərin kənarındakı arxların yanında yerə tökülmüş sünbülləri bir-bir yığıb, torbalara doldu­rurdular. Günorta çağı hamı evə qayıdanda Tutu nə­nə də arxada qalıb yavaş-yavaş gəlirdi. Səhəri gör­dü­lər ki, Tutu nənənin bir qıçı yerimir. Özü de­di: «Dü­nən başşaqdan gələndə qıçım burxulub yerə yı­xılmışam!» Tutu nənənin sol ayağı hələ də ağrıyırdı.

«Yer qulaqlı olar», – deyərlər. Qız uşağı Tutu nənə ilə yolda rastlaşdı. Uşaq tövşüyə-tövşüyə dedi:

– Tutu nənə, Salatın xalanı Araz apardı! Anam deyir ki, tez Həşim əmigilə gəlsin!

– Bilirəm bala, Allah dalısından saxlasın! Bu Həşimin başında nə qada varsa, o evdə bir arvad da salamat qalmır.

Tutu nənə əllərini dizlərinə qoyub daşın üs­tün­də oturdu. Qonşunun tövləsinin arxa divarı daşın üstünə kölgə salırdı.

«Dünən gecə Məşədi Cəfərin nəvəsi gəlmişdi. Necə yaxşı uşaqdı. Burnu yernən gedirdi. Naxır gələndə biliblər ki, inəkləri ayrılıb Ağıl üstündə qalıb. Yalvarıb-yaxardı ki, sən allah, Tutu nənə, qurdun ağzını bağla! Varımız-yoxumuz bir inəkdi, onu da qurd yesə, uşaqların üzünə necə baxacam! Evdə də ağartı olmadı, vay halımıza. Mən də qur­dun ağzını bağladım. Səhərisi qaça-qaça gəldi ki, bəs inək kəndin aşağısında bulağın yanındakı ağa­cın altında yatıb. Sağ – salamatdır! Ovcuma da bir şey basdı.

Ay evin yıxılsın, Həşim! Dünən sən də gələy­din, Salatının da əlacın qılaydım. İndi görərsən, Abbasəlinin keçi məsələsi də çin olacaq!»

Ay Tutu nənə, çox oturma, qalx gedək! Həşimin evi yıxıldı!

Tutu nənə səsdən ayılan kimi oldu. Qalxıb Süleymanın gəlininin qoluna girdi və yola düzəldi. Bu vaxt Abbasəlinin qızını görüb dedi:

– Tez ol, get anana de ki, gəlsin Salatının suyunu qaynadaq!

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə