Kamran əLİyev əDƏBİyyatşÜnasliq




Yüklə 1.93 Mb.
səhifə1/14
tarix20.04.2016
ölçüsü1.93 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_______________________________________________



KAMRAN ƏLİYEV

ƏDƏBİYYATŞÜNASLIQ



ƏDƏBİYYATŞÜNASLAR

BAKI – 2013
AMEA Folkor İnstitutu Elmi Şurasının

qərarı ilə nəşr olunur.
REDAKTORU: ARİF ƏMRAHOĞLU

Filologiya üzrə fəlsəfə doktoru

Kamran İmran oğlu Əliyev. Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar. Bakı, “Elm və təhsil”, 2013, 280 səh.
Kitabda müəllifin ədəbiyyatşünaslıq və ədəbiyyat­şü­nas­lar haqqında məqalələri toplanmışdır.

Ə 4603000000 Ãðèôëè íÿøð

Í-098-2013


© Folklor İnstitutu, 2013



NƏZƏRİYYƏ MƏSƏLƏLƏRİ
MİLLİ İDEYA:

MƏRHƏLƏ TƏSNİFATI VƏ SƏCİYYƏSİ
Keçid dövrünü başa vurduğumuz indiki şəraitdə digər ictimi, iqtisadi, mədəni, sosial məsələlərlə yanaşı, həmişə ak­tuallıq kəsb edən «milli ideya» anlayışına da müasir dövrün və müasir elmi-nəzəri səviyyənin tələbləri mövqeyindən yanaş­maq zərurəti meydana çıxmışdır. Mübahisəyə ehtiyac yoxdur ki, ayrı-ayrı dövrlərdə və ictimai-siyasi vəziyyətlərdə müxtəlif mövqeli insanlar üçün son dərəcə cəlbedici olan «millət», «mil­li münasibətlər», «milli ideya» terminləri və onların daşıdığı məna yükü ilə fəlsəfə tarixinin kateqoriyaları arasındakı təbii təmasların aşkarlanması, sadəcə olaraq, elm məsələsi deyil, bun­dan daha artıq dərəcədə dövlət və həyat məsələsidir. Bu ba­xımdan Azərbaycan Respublikası Prezidenti Administrasi­yası­nın rəhbəri, akademik Ramiz Mehdiyevin «Bakinski raboçi» qəzetindəki müsahibəsi yeni dövrümüzün mahiyyət və xarak­terini özündə ehtiva edən milli ideya anlayışına tam aydınlıq gətirir.

Bəri başdan qeyd edək ki, bu müsahibə sıradan biri deyil, sözün əsl mənasında mükəmməl elmi-fəlsəfi təcrübəyə əsasla­nan tədqiqatdır. Müsahibənin ana xəttini Azərbaycan milli ide­yasının inkişaf mərhələlərini müəyyənləşdirməklə onun ictimai xprakterini dünya humanitar elminin prinsipləri əsasında səciyyələndirmək kimi mühüm vəzifə təşkil edir. Həmçinin əhəmiyyətlidir ki, irəli sürülən mərhələ təsnifatı formal və sxematik xarakter daşımır, bu mərhələlərin hər biri özündə mədəniyyət tariximizin əsas meyil və istiqamətlərini cəmləş­dirən təbii elmi şərtlərə söykənir. Milli ideyanın təşəkkülü, formalaşması və inkişafı ilə bağlı bütün təmayüllər bir süjet ətrafına toplanaraq mühüm konseptual nəticənin əsası olur.

Akademik Ramiz Mehdiyev dünya xalqlarının millət və dövlətə bağlı düşüncələrinin millət və dövlət üçün əsas şərtlərdən biri olması tezisini irəli sürür: «Milli dövlətin dəyərini heç də bütün xalqlar obyektiv dərk edə bilmir. Bu isə nəticə etibarilə həmin xalqların yox olmasına və ya ümumdünya proseslərində onların əhəmiyyətinin heçə enməsinə gətirib çıxarır». Yəni milli dövlət anlayışı dərk olunan həqiqətə çevrilənə qədər insan şüurunda mücərrəd məfhum kimi mürgüləyir. Heç də asan olmayan bir təfəkkür hadisəsi – milli dövlət anlayışının öz mücərrəd qabığından çıxaraq konkretləşməsi çox böyük tarixi prosesin nəticəsi ola bilər. Şübhəsiz, bu proses maarifçilik dərslərindən, milli-mədəni dəyərlərdən, xalqın milli mənlik şüurunun artmasından keçib gedən canlı həyat hadisəsidir.

Müsahibədə milli dövlət anlayışının dərkindən sonrakı dövrə aid olan tələblərə də tam aydınlıq gətirilir: «Millətin öz strateji inkişaf proqrammı, milli ideyası – dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır». Bütün bunlar xalqların gələcəyə baxışlar sisteminin möhkəm təməl üzərində qurulmasını, inkişafın istiqamətlərini müəyyənləşdirməklə daima nəzarətdə saxlanılmasını, milli ideyanın nəzəriyyədən praktikaya yönəldilməsini zərurətə çevirən amllərdir.

Akademik Ramiz Mehdiyevin müəllifliyi ilə ortaya çıxan milli ideya təsnifatının birinci mərhələsi 1828-1875-ci illəri əha­tə edir. Türkmənçay müqaviləsindən başlayan bu mərhələ ta­rixi ərazilərin parçalanması nisgilinə dayanır və daha çox cə­miyyət daxilinə səpilmiş milli oyanış toxumları ilə səciyyələnir.

Müsahibədə deyilir: «Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmış, burada azərbaycanlıların tədricən həmrəy olması prosesi (qabartma bizimdir – K.Ə.) başlanmışdır». Şübhəsiz, birinci mərhələnin özünütəsdiqi həmrəylik təşəbbüslərinə borcludur. Bu təşəbbüslər ilk növbədə ədəbi məclisləri reallaşdırdı. Qubada, Şamaxıda, Gəncədə, Şuşada, Ordubadda, Lənkəranda – Azərbaycanın, demək olar ki, hər bölgəsində X1X əsrin sayılıb seçilən şairləri məclis formasında bir araya gəldilər. Həmin məclislərdə oxunan, müzakirə edilən şeirlərin qüvvətli, yaxud zəifliyindən asılı olmayaraq, fikir inkişafına güclü təkan verildi. Məclislərarasıü ünsiyyət formaları, xüsusilə məktublaşmalar və nəzirə yaradıcılığı fikir inkişafının sərhədlərini daha da genişləndirdi.

Birinci mərhələdə həmrəyliyin başqa bir reallıq faktı dramaturgiyanın yaranmasına söykənən teatr tamaşaları idi. Teatr ziyalı düşüncəsini, ziyalı fikrini xeyli dərəcədə kütlə­viləşdirdi və bu fikirlərin xalq nümayəndələrinə çatdırılmasının yeni və canlı forması kimi vətəndaşlıq hüququ qazandı.

Görkəmli alimin təqdimatında o dövr Azərbaycan ziyalılarının qabaqcı nümayəndələri olan Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazımbəy ədəbiyyat və dilçilik tarixinin sərhədlərindən çıxarılaraq milli ideyanın reallığa çevrilməsi yolunda əvəzsiz şəxsiyyət statusu qazanırlar. Həmçinin «Türk-tatar dilinin qrammatikası» kitabının müəllifi Mirzə Kazımbəyin adının ilk dəfə ədəbi-elmi və fəlsəfi-tarixi müstəvidə Azərbaycan yazıçıları ilə bir sırada çəkilməsi milli ideyanın ana dilindən təcrid edilmiş şəkildə formalaşmasının qeyri-mümkünlüyü barədə müddəaya işarədir.

1875-ci ildən XX əsrin əvvəlinə qədərki ikinci mərhələ­nin əsas istiqamətlərini dini-mistik poeziyaya qarşı atılan addımlar və elmi nailiyyətlərlə tanışlıq təşkil edir. Müsahibə­dən aydın olur ki, həmin nailiyyətlərin əsasında Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş «Əkinçi» qəzeti ilə başlayan mətbuat marafonunun genişlənməsi və yeni tipli məktəblərin açılması kimi mütərəqqi əməllər dayanmış, bunlar da öz növbəsində milli təfəkkürün inkişafına güclü təkan vermişdir.

Müsahibədə ikinci mərhələnin başlanğıc faktı və hərəkətverici qüvvəsi olan «Əkinçi» qəzetinin əhəmiyyəti yüksək səviyyədən dəyərləndirilir: «Maarifçilik ideyasının daşıyıcısı kimi «Əkinçi» qəzeti sayca çox olmayan Azərbaycan ziyalılarında milli mənlik şüurunun formalaşmasının təməlini qoymaqla tarixi rol oynamışdır». Beləliklə, Azərbaycan milli ideyasının formalaşmasında həmrəylikdən (ədəbi məclis və teatrdan!) mətbuata doğru hərəkət həm birinci mərhələdən ikinci mərhələyə keçidin təbiiliyini şərtləndirir, həm də milli ideya anlayışının tarixi kateqoriya olmasını təsdiq edir».

Türk mədəniyyəti ənənələrinin milli mənlik şüurunun tərkib hissəsinə çevrilməsi və «müsəlman milləti» anlayışı ilə yanaşı M.Şahtaxtinski tərəfindən «Azərbaycan türkləri» termininin dövriyyəyə çıxarılması milli ideyanın gerçəkləşməsi yolunda mühüm addım olmuşdur. Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə məhz bu dövrün yetişdirdiyi maarifçi şəxsiyyətlər idilər. Təadüfi deyil ki, onların əksəriyyəti Azərbaycandan kənarda təhsil almış və qabaqcıl ideyalara yiyələnmişlər. Azərbaycan milli ideyasının inkişafında ikinci mərhələnin uğurla başa çatmasının hərəkətverici qüvvələri də məhz mütərəqqi fikir cərəyanlarına söykənən həmin ziyalılar idi.

Müsahibə-tədqiqatdan aydın olur ki, milli ideyanın inki­şa­fında üçüncü mərhələ 1905-1907-ci illər inqilabından 1918-ci ilin mayınadək olan illərə aiddir və bu mərhələdə siyasi partiyalar yaranır, mətbuat orqanları isə kütləvi xarakter alır. Hər iki istiqamət – həm siyasi partiyaların təşəkkülü, həm də mətbuatın kütləviləşməsi ədəbi-bədii, elmi-fəlsəfi mübahisələri açıq müstəviyə keçirir. Beləliklə, zənginləşən polemik ruh hər şeyi üstələyir və milli ideyalarla demokratik dəyərlərin qovuşuğu üçüncü mərhələnin əsas xarakterinə çevrilir.

Akademik Ramiz Mehdiyev Azərbaycan milli ideyasının inkişafında üçüncü mərhələni səciyyələndirərkən mətbuatın rolunu belə dəyərləndirir: «Həyat» və «İrşad» qəzetlərinin və «Füyuzat» jurnalının nəşri milli ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün və milli azadlıq ideyasının formalaşmasına təkan verir». Əslində sovet dönəmində milli ideya barədə tam və obyektiv təsəvvür yaranmaması məhz bu mərhələnin qeyri-obyektiv şərhi ilə də bağlı olmuşdur. Reallıq isə belədir ki, həmin mətbuat orqanları, xüsusilə də «Füyuzat»ın baş redaktoru Əli bəy Hüseynzadə Azərbaycan milli-siyasi həyatında fəlsəfi cərəyanların oyanışına təkan vermişdi: elmi-nəzəri təhlillər aparmış, Avropa ilə bağlı bədii fikri istiqamətləndirmiş, bədii tərcümənin əhəmiyyətinə və roluna dəyər vermiş, elitar düşüncə sisteminin üstünlüyünə haqq qazandırmışdır. Təsadüfi deyil ki, Azərbaycan milli ideyasının istiqamətlərini özü üçün tam yəqinləşdirən Ə.Hüseynzadə «Füyuzat» jurnalını bu istiqamətin ana kitabı hesab etmiş və jurnalın bütün saylarını ardıcıl səhifələtmişdir.

Milli ideyanın tarixi kateqoriya olması üçüncü mərhələdə mətbuatın fikir plüralizminə geniş nəfəs verməsi ilə səciyyələnir. Şübhəsiz, milli ideya ilə bağlı ideoloji konsepsiyanın təşəkkülü də həmin fikir plüralizminə bağlıdır. Heç kəsə qəribə gəlməməlidir ki, üçüncü mərhələni hədəfə doğru aparan ən mühüm vasitə publisistikanın janrları olmuşdur. Amma bütün bunlara baxmayaraq, hədəf hələ də gözlənilən hədəf deyildi: «Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçir». Başqa sözlə, bu mərhələni milli ideyanın reallaşması yolunda ƏRƏFƏ də hesab etmək olar.



Dördüncü mərhələ 1918-ci il mayın axırlarından 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir və müsahibədə göstərildiyi kimi, tarixdə ilk dəfə Azərbaycan milli ideyasının həyata keçdiyi mərhələ sayılır. Lakin çox təəssüf ki, bu təcrübə az ömür sürmüş, uğursuz olmuş və hakimiyyət bolşeviklərə təhvil verilmişdir. Həmin mərhələdən bizə yadigar qalan milli ideya nişanəsi Azərbaycan Xalq Cümhuriyyətinin adı və şərəfidir.

Akademik Ramiz Mehdiyev bu dörd mərhələnin ümumiləşmiş yekunu haqqında bunları bildirir: «Millətin siyasi və sosio-mədəni baxımdan dəyişməsi ilə əlaqədar bütün təşəb­büslərin ideoloji əsaslarının yaranmasını yuxarıda göstərilən mərhələlərin əsas nailiyyəti hesab etmək olar. Özünüidentifika­siyanın kollektiv formaları – dini, etnik və sosio-mədəni (sivil) formaları vahid milli, dövlət ideyası şəklində kooperasiya edilmişdir. Beləliklə, «millət», «milli ləyaqət», «dövlət» kimi əsas anlayışların formalaşması və millətin gələcəyi barədə ayrı-ayrı baxışların müzakirə edilməsi üçün imkan yaranmışdır».

Başqa bir real nəticə də vardır. Belə ki, X1X əsr və XX əsrin əvvəllərində Azərbaycan bədii fikir tarixinin təhlilində həmişə ədəbi cərəyanların estetik prinsiplərinə istinad edilmişdir. Açığı, bu cür yanaşma bucağı bir çox yaradıcılıq məsələlərinin araşdırılması yollarını da xeyli asanlaşdırmışdı. Həmçinin etiraf etmək lazımdır ki, ədəbi cərəyanlar müstəvisi bəzi məhdudiyyətlər yaratsa da, ədəbiyyat nəzəriyyəsinin və ədəbiyat tarixçiliyinin inkişafında faydalı olmuşdur. Lakin ədəbiyyatşünaslıqda mövcud olan maarifçi realizm, tənqidi realizm, sosialist realizmi, romantizm kimi istilahlar və onların gətirdiyi fərqlilik amilləri Azərbaycan milli ideyasının forma və məzmun xüsusiyyətlərinin aydınlaşdırılması ilə bir araya sığmır. Akademik Ramiz Mehdiyev Azərbaycan milli ideyasının səciyyəsində elmi yaradıcılıq vərdişinə çevrilmiş «izm»ləri deyil, bütövlükdə milli mədəniyyət kontekstini əsas götürməklə yeni elmi-metodoloji prinsiplərə yol açır.

Apreldən sonrakı dövrdə (1920-1988) milli maraqlar ciddi zərbə almışdır. Azərbaycan xalqının sovet xalqının bir hissəsi kimi təmsil olunması, rus dilinin milltlərarası dilə çevrilməsi, kommunist ideologiyasında milli təfəkkürə yer verilməməsi, siyasi repressiyaların milli təfəkkürün bütün əlamətlərini məhv etməsi, milli siyasi təşkilatlar yaratmaq hüququnun olmaması, milli təfəkkür modelinin inzibati-amirlik idarə sisteminin təsirinə məruz qalması – bütün bunlar müsahibə-tədqiqatda real həyatı əks etdirən, lakin milli ideyanın xeyrinə olmayan müddəalar kimi səsləndirilmişdir. Bəs belə bir vaxtda cəmiyyət çıxış yolunu nədə görə bilərdi? Şübhəsiz, siyasi səhnəyə gələcək tarixi şəxsiyyətdə!

Akademik Ramiz Mehdiyev zəmanənin özünün kəşf etdiyi unudulmaz tarixi şəxsiyyətin - Heydər Əliyevin hakimiy­yətə gəlişini həmin zəmanənin real gerçəklikləri fonunda əsaslandırır. Başlıca fakt isə ondan ibarət idi ki, Heydər Əliyev «millətin inkişaf problemlərini və milli mənafeləri həyatının mənası hesab edirdi». Məhz buna görə də müsahibə-tədqiqatdan aydınlaşır ki, güclü iqtisadi bazaya əsaslanan aqrar-sənaye respublikası statusunun əldə edilməsi, kadr potensialının formalaşması üçün həyata keçirilən əməli işlər, dövlət idarəçiliyində fəaliyyətə başlamış milli kadrlar, yaradıcı ziyalılara, elm adamlarına qayğıkeş münasibət, milli maraq­ların ehtiyat və ardıcıllıqla reallaşdırılması, həmçinin milli təfəkkürün inkişafı, milli mənlik şüurunun artması, mənəvi dirçəliş üçün əsas olan təhsilin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş siyasət gələcəyə bağlı tədbirlər idi və 1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi üçün baza yaratmışdır.

Beşinci mərhələ 1987-ci ilin axırları-1988-ci ilin əvvəllərindən başlamış və 1990-cı ilini yanvarına qədər davam etmişdir. Bu qısa dövr milli ideyanın inkişafı baxımından apreldən sonrakı uzun sürən dövrün sükut buzunu əritdi, Azərbaycan xalqının siyasi oyanışı və siyasi proseslərdə fəal iştirakı tarixi reallığa çevrildi. Beləliklə, qeyd edildiyi kimi, beşinci mərhələnin əsas xarakterik xüsusiyyəti milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatının mövcudluğu idi.

Müsahibədə 1990-cı ilin yanvar hadisələrindən başlayan və 1993-cü ilin iyununadək davam edən altıncı mərhələ Azərbaycan millətinin müstəqil dövlət yaratmaq zərurətini dərk etməsi kimi səciyyələndirilir. Bu tezis tamamilə doğrudur ki, həmin mərhələdə türkçülük anlayışı daha qabarıq formada önə çıxır və milli ideyanın yeganə forması kimi özünü göstərir. Beləliklə, «Türk dili» adlı dərsliklərin nəşri və məktəblərdə istifadəsi məhz türkçülüyün müstəsnalığı barədəki təsəvvürlərin məhsulu idi. Bu mərhələni müstəqilliyin qorunması, möhkəmləndirməsi və inkişaf yolunda ƏRƏFƏ də hesab etmək olar. İndi artıq müqayisə aparmaq mümkündür ki, ikinci ƏRƏFƏNİN birinci ƏRƏFƏDƏN üstünlüyü milli ərazi muxtariyyəti ilə bağlı hədəfin müstəqil dövlət yaratmaq zərurətinin dərki ilə əvəzlənməsindədir.



Yeddinci mərhələ 1993-cü ilin yayından 2003-cü ilədək olan illəri əhatə edir və bu mərhələnin xarektirini ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi artımın və siyasi inkişafın əsaslarının yaradılması təyin edir. Milli müstəqillik – suveren dövlət formulu qəti inkişaf mərhələsinə çatır və «millət» anlayışı tam şəkildə yeniləşir, Azərbaycançılıq bütün etnik qrupların ideyasına çevrilir. Nəticə isə belədir ki, «Azərbayca­nın polietnik təbiəti bizim böyük sərvətimizə çevrilmişdir». Başqa bir mülahizə isə həmin fikrə söykənir: «Azərbaycan millətinin formalaşması təcrübəsinin vahid, bütöv sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin qarşısında duran ən mühüm vəzifədir». Bu mərhələ həm də milli ideyanın formalaşması prosesinin tam başa çatması ilə səciyyələnir.

Milli ideyanın səciyyəsinin azərbaycanlıların etnogene­zindən kənarda olmaması fikri də akademik Ramiz Mehdiyevin müsahibəsində tam və geniş şərh edilmişdir. Ən ciddi tezislərdən biri etnogeniz termininə aydınlıq gətirilməsi; onun mənşə ilə məhdudlaşdırılmaması və etnosun bütün ömür yolunu əhatə etməsi fikrinin irəli sürülməsidir. Etnogenezin ləng inkişafı, passionar təkandan asılılığı, təbii və ictimai proselərin təsiri altında olması, müəyyən transformasiyalardan keçməsi kimi məsələlərə də aydınlıq gətirilir. Azərbaycan millətinin bir çox ətraf etnoslardan təcriddə formalaşmasının qeyri-mümkünlüyü və burada müxtəlif layların olması qətiyyətlə bildirilir: «Hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin varisidir». Həmçinin göstərildiyi kimi, etnosların Azərbaycan milləti şəklində birləşməsində türk elementi aparıcı rol oynamışdır.

Müsahibədə Azərbaycan xalqının vahid etnogenez siste­minin təhlilində materialla zəngin olan Azərbaycan tarixi­nin öyrənilməsi tövsiyə olunur, etnogenezin öyrənilmə metodika­sı­nın əsas prinsipi – etnogenezin tərkib hissələri olan antropo­genez, qlottogenez, kulturogenez komponentlərinin vahid halda araşdırılması alternativi olmayan prinsip kimi irəli sürülür.

Eyni zamanda akademik Ramiz Mehdiyev tərəfindən «millət» anlayışına tam aydınlıq gətirilir, onun dinamik xarakterə malik olması, daim inkişaf etməsi, yeni məzmun və çalarlar qazanması bütün spesifik cəhətləri ilə birgə araşdırılır. «Millət» anlayışının X1X əsrdə dini kontekstlə bağlı olması, sonralar etnik məzmun daşıması, XX əsrin əvvəllərində milli azadlıq hərəkatının proqramına daxil edilməsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə siyasi məzmun qazanması, XX əsrin axırlarında – müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması zamanında millət-dövlət vəhdətinin önə çıxması kimi əsaslandırılmış fəlsəfi tezislər həm «millət» anlayışının, həm də millətin özünün yüksələn xətlə inkişafına realist elmi baxışın təzahürüdür.

Azərbaycanlıların milli ideyasının formalaşmasında ayrı-ayrı etnosların iştirakı daxili imkanların nəticəsidirsə, həmin ideyanın tam şəkildə bərqərarının digər şərtlərindən biri milli ideyanın xarici təsirlərdən qorunmasıdır. Çox təəssüf ki, uzun illər boyu Azərbaycan milli ideyasının formalaşmasında erməni amili maneə faktoru kimi tarixə düşmüşdür. Ermənilərin tarixi əyləncə mövzusuna çevirmələri, onların süni dövlətçilik tarixinə malik olması və arxeoloji tədqiqatlara söykənməyən fərziyyələri heç bir elmi əhəmiyyət daşımır və müsahibədə də söyləndiyi kimi «Milli dövlətçiliyin dərk edilməsində onlar hələ də XX əsrin əvvəllərindəki şəraitdə ilişib qalmışlar».

Azərbaycan milli ideyası XX1 əsrdə, şübhəsiz, demokratikləşmədən keçir. Müsahibədə deyilir: «Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusuluğu qoruyub saxlamağı ehtiva edir».

Bu, bir həqiqətdir ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və sivill ölkələrində demokratiya və demokratikləşmə geriyə dönməz prosesdir. Müstəqil Azərbaycan həyatı və cəmiyyəti də ən yeni uğurlarına məhz demokratiyanın dərinləşməsi ilə nail olacaqdır. Müsahibədən aydınlaşır ki, bizim ölkəmizdə demokratikləşmə milli potensialın əsası olacaq, milli potensial isə öz növbəsində yeni sivlizasiyanı bərqərar edəcəkdir. Deməli, demokratikləşmə, milli potensial və yeni sivilizasiya bir-birinin davamı olan və bir-birini tamamlayan anlayışlardır. Ona görə də akademik Ramiz Mehdiyevin Azərbaycan milli ideyası ilə bağlı elmi-nəzəri araşdırmasının aktuallığını və müasir əhəmiyyətini təyin edən cəhətlərdən biri də həmin araşdırmanın keçmişə deyil, məhz gələcəyə doğru istiqamətlənməsindədir.


MİR CƏLAL PAŞAYEV –

TƏNQİDÇİ VƏ NƏZƏRİYYƏÇİ ALİM
Mir Cəlal müəllimin tələbəsi olanlar, onun ədəbiyyatşü­naslığın əsaslarına dair mühazirələrini diqqətlə dinləyənlər, məncə, bir fikri heç zaman unutmazlar. Bu fikir ondan ibarətdir ki, Mir Cəlal müəllim həmişə deyərdi: ”Elm də, sənət də-hər ikisi məfkurədir”. Yazıçı və alimin söylədiyi bu tezis onun bədii və elmi yaradıcılığının aparıcı tezisi də ola bilər.

Azərbaycan elmi-tənqidi fikrinin ən möhkəm və ən parlaq özül daşları XIX əsrin ortalarında Mirzə Fətəli Axundov tərəfindən qoyulmuşdur. Elə həmin əsrin axırlarında və yeni əsrin əvvəllərində bu daşlar üzərində tənqid və ədəbiyyatşü­naslığın kövrək və xəlqi heykəlciklərə bənzər nailiyyətləri ucaldı. Firudunbəy Köçərlinin simasında Azərbaycan tənqidi özünün yeni əvəzedilməz şəxsiyyətini tapdı. Demək olar ki, onun ədəbiyyatşünaslıq elmi sahəsindəki bütün tədqiqatları və bütün arzuları sonralar sistemli forma aldı.

Məzmunca sosialist ədəbiyyatının yaradılması uğrunda elan olunmuş ədəbi öhdəçiliklər yerinə yetirildikcə öz addımlarını böyüdən tənqid də ondan geri qalmırdı. Bəlkə də, ağıllı “Siyasətçilər” tənqidin özündən bu yeni ədəbiyyatın yaradılması işində daha səmərəli istifadə edirdilər. Bu tənqidin 20 ilə yaxın arasıkəsilməz “ifşa meyli” bir çox sovet yazıçılarında yeni sosialist həyatı mövzularına inadkarlıqla həvəs də yaratdı. Amma nəzərə alınmırdı ki, sovet adamının formalaşmasına hər hansı bitkinin əkilib-becərilməsi kimi baxmaq olmazdı. Kənd təsərrüfatı işi ilə cəmiyyət həyatının mürəkkəblikləri arasında az qala bərabərlik işarəsi qoyan “elm” özünün ilk tərəfdarlarını ədəbiyyatda tapdı.

İctimai həyatdakı gərginliyin ölçüyəgəlməz miqyasını və xarakterini dəqiq təhlil etməkdənsə, yaradıcı qüvvələri bir yerə toplayıb doğru nəticələrə gəlməkdənsə, ”qarayaxdılar” daha böyük üstünlük qazandı. Əsl ədəbiyyat bunlara cavab vermək, yoxsa yeni bədii nümunələr yaratmaq dilemması qarşısında qaldı. Əslində isə hər iki istiqamətdə çəkilən zərər xalqın xeyrinə olmayan eksperimentlər doğurdu.

Lakin tarixin təkəri həmişə onun irəliləyişini hesablayanları qabaqlamaqla fərqlənmişdir. Bu mənada həyat öz axarında davamlı mövqe tutdu. Mühit özünün xəcalət təri içərisində boğuldu. Ədəbi-bədii fikir öz ənənələrini ötərək daha geniş mövqelərə qalxdı. Beləliklə, bu mövqelərdən birini bədii yaradıcılıqla elmi-ədəbi yaradıcılığın indiyə qədər görünməmiş səviyyədə yanaşı inkişafı təyin edir.

Ümumiyyətlə, Azərbaycan ədəbi tənqidinin yaradılışının ilk dövrlərində tənqidlə bədii yaradıcılığın müqayisəsi az qala heç mümkün deyildi. Bədii irsin zəngin tarixi qarşısında tənqid və ədəbiyyatşünaslıq görünməz olmuşdur. Lakin sovet dövründə bunlara tam yanaşı inkişaf edən qollar kimi baxmaq lazım gəlir. Bu mənada yazıçı Mir Cəlal Paşayevi tənqidçi və ədəbiyyatşünas kimi öyrənmək təbii və qanuna uyğun görünür.

Bir məsələyə də tam aydınlıq gətirmək lazımdır. Belə ki, sovet dövründə elə bir yaradıcılıq prosesi getmişdir ki, az qala bir şəxsiyyətin simasında tənqidçini və yazıçını ayırmaq çətin olmuşdur. Əvvələn, həmin adamların özləri bədii yaradıcılıqla ədəbi-tənqidi yaradıcılıq arasında elə bir fərq qoymamışlar. Digər tərəfdən də yaradıcılığın iki müxtəlif sahəsi ilə məşğul olmağı da qanunauyğun hesab etmişlər.

Azərbaycan sovet ədəbiyyatşünaslığının inkişafında, Azərbaycan tənqidinin yeniləşməsində xüsusi xidmətləri olan Mir Cəlalın bu prosesdəki yerini necə qiymətləndirmək olar? Yəqin ki, bu suala cavab vermədən onun elmi yaradıcılığının mahiyyətini də düzgün şərh etmək mümkün deyildir.

Mir Cəlal Nizami və Füzuli haqqında ən qiymətli məqalələrin müəllifidir. “Nizaminin müsbət obrazları”, “Əsrlərdən gələn dostluq səsi”, “Məhəbbət və sənət”, “İnsanlıq fəlsəfəsi”, “Füzulinin bir alleqoriyası” məqalələri və fundomental “Füzuli sənətkarlığı” monoqrafiyası.

Mir Cəlal XIX əsr və XX əsrin əvvəlləri ədəbiyyatımız barədə böyük səbr və təmkinlə tədqiqat apararaq, ən mühüm nəticələrə gələn tədqiqatçıdır. “Nəriman Nərimanovun yaradıcılığı haqqında”, “Anamın kitabı»nda vətənpərvərlik”, “Əbdürrəhimbəy Haqverdiyevin yaradıcılığı”, “Cəlil Məmmədquluzadənin sənətkarlıq xüsusiyyətləri”, “Sabirin yaradıcılığında bədii sənətkarlıq”, “Kiçik hekayənin böyük ustası”, “Cəlil Məmmədquluzadə yaradıcılığında xəlqilik” və s. məqalələri, “Cəlil Məmmədquluzadə realizmi haqqında” kitabı, 1946-cı ildə yazdığı “Azərbaycanda ədəbi məktəblər / 1905-1917 /”doktorluq dissertasiyası, Firudin Hüseynovla birlikdə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi onun bu sahədəki fəaliyyətini tam aydınlığı ilə işıqlandırır.

Mir Cəlal müasir ədəbiyyatın gözəl bilicilərindəndir. Müasir ədəbiyyat nümunələri barədə yazdığı saysız-hesabsız məqalələri onun cari ədəbiyyatla necə məşğul olduğu barədə aydın qənaət yaradır.

Aydın məsələdir ki, Mir Cəlal Paşayev Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının görkəmli simalarından olduğu kimi Azərbaycan bədii fikrinin də aparıcı şəxsiyyətlərindən biridir. Buna ona görə xatırladırıq ki, ədib bir çox yazıçıların yaradıcılığından bəhs edəndə müəyyən qədər öz yaradıcılıq təcrübəsindən çıxış edirdi. Yəni bədii yaradıcılıq prosesində özü hansı məsələlərə daha çox diqqət yetirirdisə, tədqiq etdiyi sənətkarların da yaradıcılığında məhz həmin cəhətləri izləyirdi.

Və yaxud da belə ola bilər ki, M. Cəlal müəyyən yazıçının yaradıcılığını tədqiq edərkən bu yaradıcılığa müsbət təsir göstərən amilləri müəyyənləşdirir, eyni zamanda bunu müsbət yaradıcılıq, sənətkarlıq faktı kimi əsərlərində əsas amil kimi götürürdü. Hər iki halda belə bir nəticəyə gəlmək olar ki, Mir Cəlal bədii yaradıcılıqla elmi yaradıcılığı ustalıqla əlaqələndirirdi.

Bu baxımdan ədəbiyyatşünas alimin bədii sənət sistemində həyat həqiqətinə geniş əhəmiyyət verməsi onun əsərlərində tez-tez nəzərə çarpır. O, böyük rus yazıçısı Qoqolun yaradıcılığına həsr etdiyi ”Böyük realist” məqaləsində həmin məsələyə üstünlük verərək yazırdı: “Qoqolun dərin məzmunlu əsəri humanizm və patriotizm pafosu ilə doludur. Qoqolda sənət üçün ən zəruri olan fərdiləşdirmə və ümumiləşdirmə qüdrəti çox böyükdür. Onun həm əsas, həm epizodik tiplərindən hər birinin xüsusi bioqrafiyası, siması və taleyi vardır. Böyük ədib tiplərin həm daxili – mənəvi aləmini, həm də zahiri əlamətlərini elə diqqət və dürüstlüklə əks etdirir, həyat və münasibətlərin məhz xarakter cəhətlərini elə ayıq gözlə seçir, adi baxışda seçilə bilməyən, gözdən qaçan təfsilatı elə məharətlə tutur, elə qabarıq, əyani bir şəkildə göstərir ki, oxucu bu tipləri şəxsən gördüyünə inanır”.

Tənqidçi bədii yaradıcılığın daxili məzmunundan çıxış edir. Həyat həqiqəti ilə bədii həqiqət arasındakı əlaqələrin Qoqol yaradıcılığında necə mütənasibliklə ifadə olunduğunu yüksək professionallıqla meydana çıxarır.

Yaxud tənqidçi M.F.Axundova həsr olunmuş “Yeni realist ədəbiyyatımızın banisi” məqaləsində yazır: “M.F.Axun­dov, ümumən, ədəbiyyatda olduğu kimi bədii nəsrdə də həyat həqiqətinə qızğın tərəfdar idi. Onun hekayəsində uydurma, süni, inandırmaz bir səhnəyə rast gəlmək olmaz. Əsrin əsasına qoyulan məfkurə xəlqidir, mütərəqqidir. Hadisənin cərəyanı təbii, surətlər canlı, təsvir real və tipikdir”.

Yenə tam aydın olur ki, M.Cəlal, M.F.Axundov bədii irsindən danışarkən əyani faktlara istinad edir. Onun dediyi hər hansı bir cümlə real əsasa malikdir. Bu əsasla birgə o, həyat hadisələrinə istinadən yaradılmış təbii əsərlərə üstünlük verdiyini bütün çılpaqlığı ilə ifadə etmişdir.

Və yaxud da Ə. Haqverdiyevə həsr olunmuş “Böyük ədib” məqaləsində oxuyuruq: “Haqverdiyevin hekayəyə gətirdiyi ən mühüm şey həyat həqiqətidir. Haqverdiyev həqiqətin gözünə dik baxan, həyati hadisələri cəsarətlə qələmə alan, özünün və xalqının nöqsanlarına ayıq baxan, tənqiddən qorxmayan yazıçılardandır”.

Göründüyü kimi burada da həyat həqiqəti məsələsinə tam üstünlük vermişdir. Bütövlükdə bunlar isə tam aydınlığı ilə sübut edir ki, Mir Cəlal ədəbi tənqiddə və ədəbiyyatşünaslıq fikrində realizmin tərəfdarı idi.

Mir Cəlal Paşayev geniş erudisiyaya malik tədqiqatçı idi. Onun ədəbi məsələlərə münasibəti obyektiv və prinsipial xarakter daşıyırdı. M. Cəlalın klassik irsə münasibəti bu həqiqətləri bütün aydınlığı ilə təsdiq edə bilər.

Belə bir məlum cəhət vardır ki, Azərbaycan ədəbiyyatşü­nasları bütün dövrlərdə Nizami Gəncəvi yaradıcılığına müra­ciət etmiş, bu böyük və klassik irsin bir çox xüsusiyyətlərini araşdırmışlar. Hətta müəyyən dövrlərdə Nizami Gəncəvi yaradıcılığından məqalələr və kitablar yazmaq bir növ yarış xarakteri almışdır. Bu mənada M.Cəlalın müxtəlif vaxtlarda Nizamiyə həsr etdiyi məqalələr bu gün də öz elmi əhəmiyyətini saxlamaqdadır. Onun 1939-cu ildə qələmə aldığı «Nizaminin müsbət surətləri haqqında» və 1947-ci ildə yazdığı “Əsrlərdən gələn dostluq səsi” məqalələri ədibin bir ədəbiyyatşünas kimi yaradıcılığının mühüm cəhətlərini öyrənməyə imkan verir.

Hər şeydən qabaq bu məqalələr Mir Cəlalın geniş biliyə malik olduğunu göstərir. Onun Şərq ədəbiyyatına, Şərq mədəniyyətinə, Şərq poetikasına bələdliyindən xəbər verir. Bunun təsdiqi üçün ədibin Nizamini Firdovsi ilə müqayisə etməsinə diqqət yetirmək kifayətdir. O yazır: “Şahnamə”də Bəhram, dörd böyük şah nəslindən olan əlliyə qədər adamın sərgüzəşti əsasında yazılmışdır. Nizami isə “Yeddi gözəl” əsərini ancaq Bəhrama həsr etmişdir”.

Yaxud: “Əgər Firdovsidə Bəhram İran tarixi, milli xüsusiyyət çərçivəsində verilmişdirsə, Nizamidə bu obraz ən çox ümumi, bəşəri bir sima olmuşdur”.

Biz nümunələrin sayını artırmadan da belə bir nəticəyə gələ bilərik ki, Mir Cəlal bir tənqidçi və ədəbiyyatşünas kimi ədəbi faktlara daha çox üstünlük verirdi. O, müəyyən məsələlərin təhlili zamanı bədii əsərin və yaxud da bədii yaradıcılığın öz faktlarından çıxış edirdi. Uydurmağa çalışmır və bir növ bədii yaradıcılıqda olduğu kimi ədəbiyyatşünaslıq işində də realist idi.

Digər tərəfdən yuxarıdakı müqayisələr də göstərir ki, M.Cəlal ümumiləşməyə doğru gedən və ümumiləşən obrazları yaratmaq istəyən yazıçılara daha çox üstünlük verirdi. Bu mənada Nizaminin Bəhram obrazındakı bəşəriliyin seçilib qabardılması heç də təsadüf deyildir.

Yeri gəlmişkən qeyd edək ki, M.Cəlal müasir yazıçılara da bu etalonla yanaşırdı və deməli, sənətin əsas prinsiplərindən biri kimi ona üstünlük verirdi. Məsələn, S.Vurğun haqqında aşağıdakı sözləri yazmışdır: “Vurğun şeirində xarakter xüsusiyyətlərdən biri də, yeri gələndə, qüvvətli, ümumiləşdirici fikirlər, mülahizələr yeritməkdir. Şair bunu həm özünün, həm də müəyyən qəhrəmanlarının dilindən deyir:

Məhəbbət böyükdür əzəldən bəri,

Həyat aşiqidir eşqi bilənlər,

Anar həsrət ilə küçən günləri,

Sevib yaşayanlar, sevib ölənlər...

Belə bir ümumi hökm, aforizim halında deyilmiş parça həmin mətndən kənarda, müstəqil halında da qüvvəsini, mənasını saxlayır. Doğrudur, bəzən mücərrəd görünür, ancaq mənasını itirmir, boş söz deyildir. Vurğun mütəfəkkir bir şairdir. O yalnız qəlbin müğənnisi deyil, həm də böyük fikirlərin, ideyaların carçısıdır”.

Göründüyü kimi, M.Cəlalın ədəbiyyatşünaslıq kredosu­nun mühüm prinsiplərindən biri bəşəriliyə, yüksək ideyalara meyllə izah olunmalıdır. Məhz buna görə də ədəbiyyatşünas alım yenə Nizami Gəncəvinin Bəhram obrazı barədə bu sözləri yazmışdır: “Şair, Bəhramın simasında ideal bir hökmdar, onun sayəsində ideal bir ictimai həyat yaratmışdır.”

M.Cəlal N.Gəncəvi yaradıcılığını tədqiq edərkən onun yaradıcılıq sirlərini aşkarlamağa səy göstərir. Bir növ böyük mütəfəkkir şairin yaradıcılıq laboratoriyasına nüfuz edir. Biz elmi ədəbiyyatda az-az təsadüf etmirik ki, bir çox tənqidçilər bədii materialın zahiri tərəflərinə daha çox diqqət yetirərək, öz nəticələrini də bunlara əsasən müəyyənləşdirirlər. Bu isə səhv nəticələr çıxarmağa daha çox imkan verir. Onların əksinə olaraq M.Cəlal hadisələrin mahiyyətinə daha dərindən varmağa və həqiqəti meydana çıxarmağa daha çox səy göstərir. Bu mənada o həm müasirlərinə, həm də bugünkü xələflərinə örnək ola bilər. Məsələn, o, Bəhram haqqında yazır: “Bəhramı oxucuya sevdirən, əlbəttə, onun şahlığı, taxt-tacı deyildir. Nizaminin yaratdığı bədii aləmdə Bəhramı camaata, rəiyyətə sevdirən nə idisə, oxuculara da sevdirən o surətdir. Bəhramın məhəbbəti, ədaləti həyat eşqidir. Bu hisləri böyük şair çox zəngin boyalarla, çox təbii və inandırıcı bir qələm ilə vermişdir. Bu hislər Bəhramın şahlığının da, dövlətinin də, qələbəsinin də, həyatının da baisidir”.

Fitnə haqqında da deyilən mülahizələr müasir səslənir: “Fitnə kəniz olsa da, bir qədər məğrur qızdır. Mənliyini yüksək tutan, yalvarmağı özünə ar bilən, boyun əymək istəməyən, izzəti-nəfsini sevəndir”. Hər iki halda M.Cəlal obrazı dəqiq səciyyələndirir və sənətkarla obraz arasındakı münasibətləri də, əsasən, düzgün müəyyənləşdirir.

M.Cəlal Nizami Gəncəvini yalnız klassik, yəni özündən əvvəlki klassik Şərq bədii irsi ilə əlaqəsindən deyil, həmçinin doğma xalq ilə bağlı sənətkar kimi təqdim edir. Başqa sözlə, onun real zəmində yetişməsini göstərir. O, “Əsrlərdən gələn dostluq səsi ” məqaləsində “Yeddi gözəl ” poemasındakı hekayətlərdən birini nəzərdə tutaraq yazır: “Uzun bir zaman, səkkiz əsr bizi bu hekayənin yaranmasından ayırır. Bu əhvalat o zaman nağıl şəkilində Azərbaycan kəndlilərinin, əsnafların, dünyagörmüş adamların dilində gəzirdi. Nizaminin qüdrətli sənətkar qələmi bunu daha da canlandırıb yazıya salmış, ona əbədi rövnəq, həyat vermişdir“.

Ədəbiyyatşünas Mir Cəlalın klassik irsi mənalandırmaq baxımından Füzuliyə həsr etdiyi yazılar da diqqəti cəlb edir. Hələlik onun Füzuli haqqındakı fundamental əsərinə toxunma­dan qeyd etmək lazımdır ki, o, “Klassik nəsrimiz haqqında” adlı məqaləsində böyük Azərbaycan şairinin nəsrinə yüksək qiymət vermişdir. Alimin 1939-cu ildə çap olunmuş bu məqa­ləsində bu gün üçün son dərəcə mənalı və əhəmiyyətli bir cəhə­tə diqqət yetirək. O, məqalənin bir yerində yazır: “Hədiqətüs-süəda”nı nəsrimizdə birinci böyük tarixi povest saymaq olar. Mövzusunun dini mahiyyəti, qəhrəmanlarının çoxunun dini-tarixi simalar olması, heç vaxt bizə, əsərin gözəl sənətkarlıq xüsusiyyətlərini, səlis stilini, qüvvətli dilini, mülayim təhkiyə, coşqun tərənnüm üsullarını diqqətdən qaçırmağa haqq vermir”.

Göründüyü kimi, hələ 30-cu illərdə, yəni dinin yasaq olunduğu, o barədə danışanların həyatının təhlükə qarşısında qaldığı bir vaxtda M.Cəlal çox böyük cəsarətlə həqiqəti deyir və milli bədii fikri təqiblərdən qoruyurdu.

Bundan başqa M.Cəlal həmin məqaləsində M.Füzulinin “Şikayətnamə” əsərinin xüsusiyyətlərini, ədəbiyyat tariximizdəki yerini təhlil edir. Ədib bu əsərdən danışarkən füzulişünaslara məlum və aydın olan məsələlərə deyil, onlar üçün maraqlı və qaranlıq olan problemlərə toxunur. Bunu dəqiq duymaq üçün aşağıdakı fikri xatırlamaq yerinə düşər: “Bir sıra ədəbiyyat alimləri Füzuli sənətinin qüvvətli ümumiləşdirmə hünərindən yanlış nəticə çıxarırlar. Buradakı eşq, yar, vəsl, məhbub, hicr, didar, camal sözlərinə dini rəng verilir və hətta bu yanlış hökmdən doğan nəticələrə bəraət qazandırırlar. Nəsr içində belə rumuz və obrazlarla verilən şeirlərin obyekti, məqsədi müəyyəndir və konkretdir. Aydın olur ki, şair “eşq” sözünü yalnız oğlan və qız arasında yox, ümumiyyətlə, insanlar arasında, insani ülfət, təmiz məhəbbət mənasında işlətmişdir”.

M.Cəlal “Klassik nəsrimiz haqqında” məqaləsində bu nəsrin bir çox nümayəndələri və nümunələrinə də toxunmuşdur ki, təhlil zamanı çıxarılan nəticələr bugünkü ədəbiyyatşünaslıq üçün də aktualdır. Alim, İsmayıl bəy Qutqaşınlının, A.Bakıxanovun, M.F.Axundovun nəsr əsərlərindən bəhs açır, onların əhəmiyyətini göstərir. “Rəşid bəy və Səadət xanım” hekayəsi barədə deyilən aşağıdakı mülahizə yalnız bu əsərin, yalnız Qutqaşınlı yaradıcılığının xarakterini deyil, həmçinin dövrün bütün ədəbiyyatının mahiyyətini nümayiş etdirir. O yazır: “Bu hekayədə diqqəti cəlb edən cəhət, Avropa romantik stili ilə Şərq nağıl və əfsanələrinə məxsus olan bakirliyin, spesifikanın, nəzarət qaydaları təsvirinin qəribə birliyidi”. Bundan başqa məqalədə klassik nəsrimizin sənətkarlıq məziyyətləri də müəyyən qədər öz təhlilini tapa bilmişdir.

Mir Cəlalın klassik ədəbiyyata münasibətinin mahiyyə­ti­ni dərindən duymaq üçün onun Füzuliyə həsr edilmiş funda­men­tal monoqrafiyasını nəzərdən keçirmək lazımdır. Təbii ki, əsərin yazıldığı vaxtdan əvvəl də, ondan sonra da böyük Azərbaycan şairi Füzuli haqqında müxtəlif tədqiqatlar meydana çıxmışdır. Mir Cəlalın 1958-ci ildə çap olunmuş “Füzuli sənətkarlığı” monoqrafiyası füzulişünaslıqda mərhələdir.

Mir Cəlalın Füzuliyə münasibətinin nüvəsində nə dayanır? Bu suala aydın və tam cavab vermək üçün alimin öz dediyi fikri xatırlayaq: “Füzulinin böyük sənətkarlıq hünəri orasındadır ki, o, işlənmiş söz, ifadə formalarına da tamam yeni, orijinal şəkil, yəni məna, yəni məzmun və xarakter verir. Predmetə, obyektə, həyati hadisəyə heç bir şairin yanaşmadığı bir dəqiqliklə yanaşır. Predmetə yanaşanda onun kölgədə qalmış, bədii fanarla hələ indiyə qədər işıqlandırılmamış tərəfini işıqlandırır”. Bütün bunlar alim tərəfindən sözgəlişi deyilməmişdir. Yuxarıdakı tezisi Mir Cəlalın kitabının epiqrafı da hesab etmək olar. Çünki alim monoqrafiyanın ayrı-ayrı fəsillərində Füzuli yaradıcılığının məhz orijinal cəhətlərini işıqlandırmağa səy göstərmişdir.

Məlum məsələdir ki, Azərbaycan ədəbiyyatşünaslığında bəzi sənətkarların bədii yaradıcılığı ilə estetik baxışları vəhdətdə təhlil olunmuş və indi də təhlil olunmaqdadır. Belə bir nümunəni Mir Cəlalın Füzuliyə münasibətində də aydın görmək olar. O, monoqrafiyada şairin şeir haqqında olan mülahizələrini diqqətlə araşdırmış və obyektiv nəticələrə gəlmişdir. Müəllifin qeydinə görə, “Füzuli də bir sıra böyük sənətkarlar kimi elm ilə sənəti həmişə bir əlaqə və vəhdətdə alıb qiymətləndirmiş, bunların bir-biri ilə möhkəm bağlı olduğunu söyləmiş, hər ikisini insan şüuruna və qəlbinə mənəvi qida olduğunu göstərmişdir”.

Monoqrafiyada şairlik üçün lazım olan bilik və elm konsepsiyasının Füzuli tərəfindən formalaşdırılmış məzmunu hərtərəfli şərh edilmişdir. Elm və sənət arasındakı əlaqələr, eyni zamanda, elm və sənətin bir-birindən fərqli xüsusiyyətləri aydınlaşdırılır, Füzuli dühasının incəlikləri meydana çıxarılır. Poetika və estetika anlayışlarının hələ orta əsrlərdə Füzuli tərəfindən necə yüksək professionallıqla qoyulduğunu Mir Cəlal heyranlıqla bildirir. Bu mənada Füzuli düşüncələrini izah edən müəllif yazır: “Füzuli elm və sənət sahələrinin birlik və yaxınlığını göstərməklə kifayətlənmir; həm də fərqini və xüsusiyyətini nəzərə alaraq, bunların başqa-başqa aləmlər olduğunu göstərir. O qeyd edir ki, eyni zamanda bu “iki aləmi” seyr etmək çox çətindir. Ona görə də şair, həm şairliyi, həm də alimliyi peşə etməməlidir”.

Mir Cəlal Füzuli estetikasının bəzi cəhətlərini araşdırar­kən onun söz barədəki mülahizələri, daha doğrusu, görüşləri üzərində ayrıca dayanır. Sözün mahiyyəti və rolu barədəki Füzuli konsepsiyasını alim özünəməxsus təmkin və ardıcıllıqla şərh edir. Bu konsepsiyanın mahiyyətini daha dərindən açmaq üçün Nizami ilə müqayisəyə də müəyyən yer ayırır.

Monoqrafiyada Füzulinin şeir sənətinə məsuliyyətli mü­na­sibəti barədə də aydın qənaətlər vardır. Yalnız lirik şeirlə­rin­dən deyil, “Leyli və Məcnun” poemasından da gətirilmiş nü­mu­nələr Füzulinin bu barədəki fikirlərini tam aydınlığı ilə nü­mayiş etdirir. Qəzəlin rolunu və qəzəllə Füzuli dühasının yaxınlığını mənalandıran müəllif yazır: “Füzuli, seir janrları içərisində ən üstün tutduğu qəzəli “Hünər bağının gülü” adlandırır. Qəzəli belə yüksək qiymətləndirməsi, şairin lirikanı, qəlb seirini, insanın mənəvi aləmini tərənnüm edən şeiri daha artıq sevdiyindəndir”.

M.Cəlal araşdırmasından belə aydın olur ki, Füzuli yalnız şeir sənətini, onun ümdə xüsusiyyətlərini qiymətləndirməklə kifayətlənmir, həmçinin şairin şəxsiyyəti barədə də müəyyən mülahizələrini bildirirdi. Təbii ki, qədim zamanlardan istər şairlər, istərsə də ədəbiyyatşünaslar şairin şəxsiyyətinə böyük əhəmiyyət vermişlər. Bu isə şəxsiyyətlə yaradıcılıq arasındakı əlaqələrin əsas məzmununu təşkil edən mühüm cəhətlərdəndir. M.Cəlal qeyd edir ki, Füzuli azadlığı və cəsarəti şairin əsas xüsusiyyəti kimi təbliğ edirdi.

Ümumiyyətlə, M.Cəlal bir ədəbiyyatşünas kimi müəyyən məsələlərin təhlilinə başlayarkən, ilk növbədə onun ümumi cəhətlərini araşdırmağa üstünlük verir. Yəni bir növ təhlil olunan problemə giriş verir, yaxud da öyrənilən məsələnin ümumi xarakterini səciyyələndirir. Məsələn, o, Füzulinin qəzəlləri haqqında yazmağa başlayarkən belə bir haşiyə çıxma­ğı zəruri hesab edir: “Füzulinin ayrı-ayrı qəzəllərini təhlilə keçməzdən, şairin seirində təsvir etdiyi eşq məfhumunun, məhəbbətin xarakteri haqqında bir neçə söz demək lazımdır.

Bu eşqin mahiyyəti nədən ibarətdir?

Bu eşq real, insani eşqdir, yoxsa, bəzilərinin düşündüyü kimi mistik təsəvvüfi eşqdir?”

M.Cəlal “Füzuli sənətkarlığı” monoqrafiyasında böyük Azərbaycan şairinin, demək olar ki, bütün yaradıcılığını nəzər­dən keçirir, bu yaradıcılığın ən qabarıq poetika xüsusiyyətlərini təhlil edir. Poetika komponentlərinə belə geniş şəkildə müraciətin özü 50-ci illərin axırlarında novator bir addım idi. Çünki hələ də elmi ədəbiyyatşünaslığın və tənqidin sosioloji təhlillərdən ayrılmadığı və hətta bu məsələyə üstünlük verildiyi bir vaxtda belə bir addım, sözün həqiqi mənasında, cəsarət idi.

M.Cəlal monoqrafiyada Füzulinin dil xüsusiyyətlərinə dair tezisləri ilə bu sənətin spesifikasını açmağa cəhd göstərir. Alim, Füzuli qəzəllərində işlənən sözlərin ifadə gücünü ön plana çəkir. Surət, ney, sayə, şəm, bülbül, fəryad və s. kimi sözlərin poetik mətndə tutduqları yer, onların məna çalarları barədəki mülahizələr Füzuli şeirlərindəki qayənin və estetik idealın müəyyənləşdirilməsinə xidmət göstərir. Eyni zamanda M.Cəlal Füzulinin bəzi misralarını izah edərkən keçmişdəkiləri təkrarlamır, həmişə öz orijinal münasibətini ifadə etməyə səy göstərir.

M. Cəlal Füzulinin yalnız sözə məna verməsindən deyil, sözdən ustalıqla istifadə etməsindən də yazır: “Söz, Füzulinin əlində əşyanı işıqlandıran çıraq kimidir. Həmin əşyaya hər tərəfdən yanaşmağa, onun bütün daxili, zahiri, məna xüsusiy­yətini işıqlandırmağa imkan verir. Eyni zamanda söz, onun zəngin mənalarının açılması şairin qələm qüdrətini nümayiş etdirir. Şair sözü məqsədə müvafiq şəkildə alır, istədiyi surət və mənanı almaq üçün sözü təsəvvürə gəlməz bir ustalıq, incəlik və dəqiqliklə cürbəcür mənalarda işlədir. İlk baxışda yalnız bir məna verən sözü şair elə bir tərkibdə, elə bir ibarə və quruluşda işlədir ki, oxucu heç bir çətinlik çəkmədən həmin sözün, yerinə görə ayrı-ayrı mənalarda işləndiyini seçir”.

Monoqrafiyada Füzuli şeirinin vəzni, rədifi və qafiyəsi barədə də maraqlı mülahizələr irəli sürülmüşdür. Doğrudur, müəllif bunları Füzulinin bütün yaradıcılığında izləmir. Bəzi səciyyəvi nümunələri götürür və Füzuli şeirinin texnikası, arxitektonikası barədə aydın təsəvvür yaradır. Onun bu sahədə də böyük örnək olduğunu sübut edir.

Monoqrafiyada Füzuli yaradıcılığındakı bədii məntiq, təbiət təsvirləri, lirik vüsət məsələlərinə də toxunulmuş, onun bəzi iri həcmli əsərləri təhlildən keçirilmişdir. M.Cəlal ədəbiy­yatşünas və tənqidçi kimi, həmişə məsələləri ardıcıl qoymuş və onun tam həllinə səy göstərmişdir. Belə bir cəhd isə onun ədəbiyyatşünas simasını bütün tərəfləri ilə inikas etdirə bilir.

M.Cəlal bizim elə ədəbiyyatşünas alimlərdəndir ki, o yazdığı məqalələrdə müəyyən problemləri izləməyi üstün tutur. Yəni tədqiqatçı istər klassik ədəbiyyat, istər müasir ədəbiyyat nümunələrindən yazanda, lap elə istərsə də başqa xalqların ədəbiyyatından yazanda ədəbiyyatşünaslıq problemlərini ön plana çəkir. Beləliklə, yalnız ədəbiyyat tarixinin deyil, həmçinin ədəbiyyat elminin də qayğısına qalır.

Mir Cəlalın öz məqalələrində tez-tez toxunduğu məsələlərdən biri xarakter məsələsidir. Məlumdur ki, Azərbaycan ədəbiyyatşünaslığının istər 30-40-cı, istərsə də 50-60-cı illərində bədii obrazın xarakterini açmaq meyli tənqiddə güclü olmuşdur. Son on illiklərdə isə ədəbiyyatda psixologizmin güclənməsi xarakterlərin təhlilində yeni bir mərhələnin də mövcudluğunu təbii formaya salmışdır.

Mir Cəlal “Ədəbi söhbətlər” adlı irihəcmli məqaləsində müasir nəsrimizlə bağlı bir neçə yazıçının yaradıcılığını diqqətlə izləmiş, onların bədii xarakter yaratmaq ustalıqlarını və bəzən də bu sahədəki qüsurlarını açıb göstərmişdir. Məsə­lən, M.Hüseynin “Qara daşlar” romanının təhlili zamanı müəl­lif yazır: “Romanın kəndə aid səhnələrində də iki barışmaz qüvvənin – cani Dilman ilə namuslu kolxoz sədri İmran kişinin çarpışmasını görürük. İmran kişi nə qədər təmiz adamdırsa, Dilman o qədər saxtadır. İmran nə qədər inkişafa çalışırsa, Dil­man o qədər təxribata çalışır. İmran xalqa, Dilman Mollayevə arxalanır”. Göründüyü kimi, yalnız əsəri diqqətlə araşdıran bir tənqidçi belə konkret fikirlərə gələ bilərdi. Həm də bu fikirlər sadəcə olaraq əsərdəki iki obrazın müqayisəsi deyildir. Bu mü­la­hizələr iki xarakterin fərqli cəhətlərinin açılıb göstərilməsidir.

Aydındır ki, bədii yaradıcılıqda xarakter yaratma yolları müxtəlifdir. Yazıçının fərdi yaradıcılıq psixologiyasından asılı olaraq onların xarakter yaratma üsulları da müxtəlifdir. Yəni bu, rəngarənglik, bir də təbii və canlı yaradıcılıq prosesidir. Tənqidçi də öz növbəsində yazıçının yaratdığı xarakterin səciyyəvi cəhətlərini ortaya çıxarmaq istəyir, təbii ki, o da öz yanaşma üsullarından istifadə edir. Yuxarıda gördüyümüz müqayisə üsulu M.Cəlal tənqidinə xas xüsusiyyətlərindən biridir və yazıçı yaradıcılığındakı xarakterlərin dəqiq və elmi şəkildə əsaslandırılmasında inanılmış və sınanmış metodlardandır. Tənqidçi bu üsuldan yalnız bir əsər daxilindəki obrazları fərqləndirmək üçün deyil, həmçinin bir yazıçını başqa yazıçıdan fərqləndirmək istədikdə də istifadə edir. Məsələn, o, elə həmin məqaləsinin bir yerində yazır: “İsa Hüseynov xarakterlərin daxili aləminə, qəlbin həyatına, məna aləmindəki ziddiyyət və konfliktlərə çox diqqət verirsə, Bayram Bayramov təbiətə, kənd sahələrinə artıq meyl edirsə, Salam Qədirzadə gülüşə, yumora ailə, məişət aləmindən yazdığı lövhələrdə daha çox müvəffəq olur”.

Bizcə, bu nəticə də yaradıcılığa ciddi bələdlikdən irəli gəlir. Belə ki, istər İsa Hüseynovun, istər Bayram Bayramovun, istərsə də Salam Qədirzadənin yaradıcılığını dərindən öyrən­mə­yən bir alim bu cür yekun fikir söyləməkdə tam çətinlik çəkər.

M.Cəlal ədəbi faktlara hərtərəfli yiyələnməyə səy göstə­rən alimlərdəndir. Onun bədii ədəbiyyatın problemləri barədə söylədiyi mülahizələr “yüz ölç, bir biç” prinsipinə əsaslanır. Ona görə də M.Cəlalın yazdığı bir çox məqalə və kitablar ilindən asılı olmayaraq hələ də öz əhəmiyyətini saxlamaqdadır.

M.Cəlal xarakter problemindən yazarkən ona moda xətrinə yanaşmırdı. Gizli deyil ki, ədəbiyyatşünaslıq tarixində populyar olmaq naminə istənilən problemdən yazan tənqidçilər az deyildir. Onlar özlərini məşhurlaşdırmaq naminə bəzən bu cür düşünülməmiş addımlar atmış və elmi həqiqətin də aşkarlanmasına son dərəcə mane olmuşdular. Amma Mir Cəlal xarakter məsələsini bədii yaradıcılığın mühüm tərkib hissəsi kimi qavrayır və ona yüksək tələblər səviyyəsindən yanaşırdı. Belə ki, müəyyən məqamlarda bədii təsnifatı xarakter yaratmaya görə aparırdı.

Məsələn, ədəbiyyatşünas alim Ə.Haqverdiyevin yaradıcı­lı­ğın­dan bəhs edərkən, belə bir ümumiləşməni zəruri hesab edir: ”Haqverdiyev hekayələrindəki adamları bədii xarakter və ictimai mövqelərinə görə üç dəstəyə bölmək olar. Birincisi, Fazili-dərbəndlilər, Hacı Mirzə Əhməd ağalardan ibarət olan istismarçı, zalım, mənfəətpərəst adamlardır. Bunları ədib şid­dətli satira süngüsünə tutur. İkinci və əksəriyyət təşkil edən surətlər köhnə dünyanın məzlumlarıdır ki, istismarçıların qapa­zal­tısı olmuşlar. Bunlara nümunə olaraq Fərmanı, Gövhərtacı, Süleyman əfəndini, Əkbəri, Gülsüm nənəni göstərmək olar. Bu adamlar böhtana düşmüş günahsız müqəssirlərə oxşayırlar. Bunlar döyülür, qovulur, məhrum edilir, həbsə alınır, nəhayət, məhv edilirlər. Bu adamların günahı nədir? Bu adamların günahı odur ki, köhnə zülm və zülmət dünyasında təmiz, sağlam, həqiqi insani hiss sahibidirlər. Bunlar mərhəmət və nəvaziş gördükləri ana qucağından ayrılanda ictimai mühitdən də həmin hörməti gözləyirlər. Öz həmcinslərinə də belə sadə baxırlar. Halbuki dərəbəylik mühiti və bu mühitin qaynar qazanında yetişmiş vəzifə, mənsəb, dövlət sahibləri, yüzbaşılar, pristavlar, qazılar - bu adamların taleyini öz əllərinə almış, öz mənfəətləri üçün bir alət etmişlər.

Ədibin üçüncü növ surətləri mənəviyyat etibarilə daha qüvvətli adamlardır. Bunlar gələcəyə baxan və yüksək ideallardan ruhlanan, ona görə də zülmə boyun əymək istəməyən fəal adamlardır. Bunlara misal olaraq saatsaz Zeynalı, Mirzə Səfəri və başqalarını göstərmək olar”.

Mir Cəlal ədəbiyyat faktlarına və hadisələrinə elmi həqiqətin gözü ilə baxır. O, bədii yaradıcılığın kamilləşməsində xarakter yaratmağın mənasını və rolunu yaxşı başa düşür və göründüyü kimi, eyni bir prinsipə söykənməklə Ə.Haqverdiyev bədii irsini, demək olar ki, bütünlüklə əhatə edə bilir.

Böyük xarakterə malik olan obrazlar əsərin süjet və kompozisiyasında da aparıcı mövqedə dayanırlar. Bunu öz tədqiqatlarında tez-tez nəzərə çarpdıran Mir Cəlal “Bədii nəsrimizin yeni mərhələdə” adlı məqaləsində Mirzə İbrahimovun “Böyük dayaq” romanından bəhs edərkən yazır: “Romanda bir neçə xətt üzrə inkişaf etdirilən əhvalat bu mərkəzi sima ətrafında dolaşır. Rüstəm kişi tam və güclü xarakterdir. O həm dostlar /Şirzad, Nəcəf, Qızyetər, Şərəf oflu, Qara kişi/, həm çirkinliklərini sonra dərk etdiyi tüfeylilər /Yastı Salman, Yarməmməd, Lal Hüseyn, Kələntər Lələş/ arasında, həm də kolxozda və ailə ixtilafında möhkəmliyini saxlayır, əyilmir, cəbhəsini asanlıqla vermir”.

M.Cəlal yalnız nəsrdə deyil, poeziyada da üstünlüyü xarakter yaratmaya verir. O, “Yeni şeirin manifesti” məqalə­sində Səməd Vurğunun “Komsomol poeması”nı təhlil edərkən belə bir maraqlı nəticəyə gəlir: ”Əsərdə verilən mübarizənin məz­mun və mənası daha genişdir. Yalnız cəbhə mübarizələrini yox, yalnız gənclərin həyatını yox, yalnız Sovet hökuməti uğrunda mübarizələri yox, daha geniş, daha mürəkkəb, daha zən­gin bir mənəvi aləmi, mürəkkəb xarakter aləmini əhatə edir”.

Alim Humay obrazı haqqında isə konkret olaraq belə nəticəyə gəlir: “Humay nə Tatyanadır, nə də Ofelya! Bu fərq onun ictimai vəziyyəti və ya təhsilinə görə əsla qabardılmır. Humay iki dünya, iki aləm arasında yetişmiş bir gəncdir. O, köhnə dünyanın, ata-baba xanimanlarının sarsılıb töküldüyü, yeni münasibətlərinsə hələ yaranıb müəyyənləşmədiyi bir dövrdə göz açmışdır.

Humay bu keşməkeşli günlərin övladıdır. O, ictimai mənşəyi ilə keçmişə, qədəm qoyduğu təşkilata münasibətlə gələcəyə bağlıdır, ancaq nə keçmişin, nə də gələcəyin mahiyyətini lazımınca dərk etməmişdir. O, uşaq sadəliyindən hələ ayrılmamış, həyata şairanə baxan bir kənd qızıdır. Ona görə də Humay nəinki valdeynini, nəinki sevgilisini, həmdə oxucusunu düşündürən qızdır”.

Bizcə, Humay obrazının mənəvi aləmi, daxili düşüncələri, psixoloji sarsıntıları, əxlaqi bütövlüyü tənqidçi tərəfindən tam ciddiyyəti ilə nəzərə alınmışdır. Bu mülahizələr əsəri oxuyarkən bizim tanıdığımız Humayı daha dərindən tanımağa kömək edir. Əsl tənqid odur ki, yazıçıya kömək edə bilməyəndə, heç olmazsa, oxucuya kömək edə bilsin.

Mir Cəlal S.Vurğun yaradıcılığından bəhs edəndə yalnız onun yaratdığı ayrı-ayrı obrazların xarakter xüsusiyyətlərindən danışmaqla kifayətlənmir. O, faktlar əsasında ümumiyyətlə Səməd Vurğunun xarakter yaratmaq ustalığından söhbət açır: “Səməd Vurğun sənətinin ən güclü tərəflərindən biri xarakter yaratmaq, insan mənəviyyatının bütün daxili, zəngin, mürəkkəb aləmini qabarıq göstərə bilməsidir. Onun surətləri, xüsusən müsbət qəhrəmanları tamamilə canlı, həqiqi insanlardır. Biz onların həyat və hərəkətlərində qeyri-təbii, süni heç bir cizgiyə rast gəlmirik”.

Həmin məqalənin başqa bir yerində Mir Cəlal deyilmiş bu fikirləri bir az da dərinləşdirir: “S.Vurgunun xarakter yarat­maq təcrübələrində daha bir xüsusiyyət vardır. O, xarakterin kamilliyinə, həqiqiliyinə, təsirli olmasına diqqət yetirməkdən başqa, bir də ümumi həyat və ictimai inkişaf nöqteyi-nəzərindən mənalandırılmasına, bir növ yüksəldilməsinə, hissi aləmdən təfəkkür göylərinə qaldırılmasına səy edir”.

Burada yenə bir cəhəti təkrar etmək istəyirik ki, Mir Cəlal yaradıcılığı üçün müəyyən bir məsələnin tədqiqində tam ardıcıllıq müşahidə olunur. Bu ardıcıllıq həmçinin təhlil olunan problemin daha da dərinləşməsinə təkan verir. Sonuncu fikir barədə deyək ki, Mir Cəlal tədqiqatlarında xarakter barədəki anlayış geniş bir məzmuna malikdir. Tənqidçi-ədəbiyyatşünas xarakter məsələsində yalnız insan obrazlarından danışmır. Məsələn, L.Tolstoy haqqında yazdığı “Dahi söz ustası” məqaləsinin bir yerində o belə bir fikir irəli sürür: “Sənətdə xarakter yaratmaq qüdrəti eyni dərəcədə Tolstoyun peyzajlarına şərait və əşya təsvirinə aiddir. Onun dolu yağmasını təsvir edən səhifələrini oxuyanda adam özünü dolu altında, bahar təsvirini oxuyanda adam özünü baharda, matəmi təsvir edəndə oxucu özünü matəm məclisində hiss edir. Bu, Tolstoy sənətinin böyük qüdrətidir”.

Beləliklə, bunlar göstərir ki, Mir Cəlal tənqidi, Mir Cəlalın ədəbiyyatşünaslıq sənəti ədəbiyyatın öz daxili qanunları üzərində nəşət tapmışdır. Mir Cəlal qondarmanın və süniliyin əleyhinədir. Eyni zamanda sənət meyarının da nədən ibarət olduğunu dəqiq bildiyinə görə ədəbi əsərləri düzgün mövqedən şərh edir.

Hətta belə demək mümkünsə, Mir Cəlal bir çox məsələlərdə öz müasirlərini həmişə qabaqlamışdır. Yaxşı məlum olduğu kimi uzun illər ədəbi-elmi fikrimizdə sosioloji təhlillərə üstünlük verildiyi bir zamanda, Mir Cəlal bədii əsərə bədiilik tələbləri ilə yanaşırdı. O, 1958-ci ildə yazdığı bir məqaləsində S.Rüstəmi seirlərinin ideyasına görə yox, məhz bədii zəifliyinə görə tənqid edirdi: “Moskva haqqında yazdığı bir şeirdə bu böyük şəhərə, inqilab və səadət yurduna öz məhəbbətini ifadə üçün şair belə bir sözlər işlədir:

Onun kərpicinə, onun daşına,

Öz ürək qanımla çəkmişəm suvaq...

Şairin məqsədi, əlbəttə, bizə məlumdur. O, Moskvaya, bu inqilab yurduna olan məhəbbətimizin, fikrimizin, hissimizin necə bağlı olduğumuzu göstərmək istəyir. Ancaq gətirilən bədii vasitələr bu məzmunu vermir: “Kərpicə, daşa ürək qanı ilə suvaq çəkmək...”. Aydın bədii lövhə deyil və nəzərdə tutulan təsiri bağışlamır”.

Ümumiyyətlə, Mir Cəlal yaradıcılığında sənətkarlıq məsələlərinə dair onlarla fakt və mülahizələrə rast gəlmək çətin deyildir. Bu isə onun sənəti duymaq və təhlil etmək bacarığını nümayiş etdirir. Hərgah “Füzuli sənətkarlığı” kitabını da nəzərə alsaq, belə demək mümkündür ki, Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslığı tarixində tənqidçi və ədəbiyyatşünasların diqqətini sənətkarlıq məsələlərinin təhlilinə yönəltməkdə mühüm xidmətləri olan böyük simadır.



1981
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə