Jan Pol Sartr Ürək bulantısı Roman




Yüklə 0.82 Mb.
səhifə8/12
tarix25.04.2016
ölçüsü0.82 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Onlara arxamı çevirib, hər iki əlimlə hasardan yapışıram Əslində dəniz- soyuqdur, qaranlıqdır, onda heyvanlar qaynayır, o zərif, yaşıl örtüyə bürünüb, ona görə yaranıb ki, insanları aldatsın. Ətrafımdakı pərilər bu tələyə düşüblər- onlar ancaq bu maskanı görürlər, məhz o Allahın varlığını sübut edir! Amma mən astarını görürəm! Rənglər axır: möhtəşəm, şaftalı kimi gözəl dərili allahın xeyirxah məxluqları hər yerdə baxışlarımın qarşısında tərpənirlər, parıldayırlar. Bu da Sent-Elemirə gedən tramvay, fırlanıram, mənimlə birlilkdə ilbiz kimi solğun, yaşıl hər şey də fırlanır. Boş yerə, tamamilə boş yerə tramvaya tullandım, axı heç yerə getmək istəmirdim.

Tramvayın pəncərələrində mavi, balaca əşyalar parıldayır. İnsanlar, divarlar, bütün pəncərələri açıq hansısa ev öz qaranlıq daxilini göstərir; tramvay şüşələrində qara təmin olunub, maviyə çevrilir, sarı kərpicli böyük bina maviləşir, yaxınlaşır, dalğalanır və birdən burnunu yerə dayayıb, dayanır. Hansısa cənab tramvaya minib, qarşımda oturur. Sarı bina yenidən yoluna davam edir, birdən tramvay pəncərəsinin iki addımlığında peyda ollur, elə yaxındır ki, indi ancaq kiçik hissəsi görünür, bina qaranlığa qərq oldu. Şüşələr əsdi. Bina böyüyür, o qədər böyük oldu ki, artıq görünmür, yüzlərlə açıq pəncərə qara içalatını göstərir; bina vaqonun yanından şütüyür, az qala onu əzmişdi: əsən şüşələr arasına qaranlıq düşdü. Bina dayanmadan yeriyir, palçıq kimi sarıdır, şüşələri mavi səma kimidir. Birdən bina itdi, ancaq vaqon qaldı, vaqon canlı boz işıqla doldu, işıq dayanmadan genişlənir- bu səmadır; şüşənin içindən yeni, yeni səma hissələri görünür; tramvay Elifar təpəsinə qalxır, hər iki tərəfdən geniş mənzərə açıldı: sağ tərəfdə dənizə qədər, sol tərəfdə hava limanına qədər. Siqaret çəkmək qadağandır, hətta “Qitana” siqaretlərini də çəkmək olmaz.

Əlimi oturacağa söykəyirəm, amma o dəqiqə də çəkirəm, bu da mövcuddur. Oturduğum, əlimi söykədiyim əşya oturacaq adlanır. Onlar bilə-bilə hər şeyi belə ediblər ki, oturmaq olsun: dəri, yay, parça götürüb işə başlayıblar, istəyirdilər ki, oturacaq düzəltsinlər amma bitirəndə bu alındı. Onu bura, bu vaqona gətirdilər, indi vaqon yellənir, yellənir, şüşələri əsir, öz bətnində isə bu qırmızı əşyanı daşıyır.

Hətta bu oturacaq, pıçıldayıram, elə bil ki lənətdir. Amma söz ağzımda qalır, əşyalara yapışmaqq istəmir. Əşya isə olduğu kimi minlərlə balaca qırmızı ayağın, ölü ayaqların asılı qaldığı qırmızı paltarında qalır. Çevrilmiş böyük qarın, qanlı, şişmiş, bütün ölü ayaqlarını ağardan, qarın vaqonda, bu boz səmada üzür, bu ümumiyyətlə heç oturacaq da deyil. Eyni müvəffəqiyyətlə bu məsələn ölü eşşəl də ola bilərdi, ölü eşşək böyük, enli çayda qarnı yuxarıda üzür, böyük, boz, sürətli axan çayda üzür, mən isə eşşəyin qarnında oturub, ayaqlarımı işıqlı suya salmışam. Əşyalar adlarından azad olublar. Budur onlar, möhtəşəm, böyük, düz, onları oturacaq adlandırmaq, onlar haqqında nəsə demək axmaqlıqdır. Mən Əşyaların arasındayam, heç bir adı qəbul etməyən əşyaların arasında. Onlar məni- yalnız, sözsüz, müdafiəsiz məni əhatə ediblər, mənim üstümdə, altımdadırlar. Onlar heç nə tələb etmirlər, özlərini sənə bağlamırlar, onlar sadəcə var. Oturacağın balışı ilə taxta divar arasından nazik, qara xətt gedir, oturacaq boyunca sirrli, nadinc halda qaçır, təbəssümə oxşayır. Mən çox gözəl bilirəm ki, bu təbəssüm deyil, amma o var, o solğun divarlar boyunca, əsən şüşələrlə qaçır, pəncərələrdə dayanıb, sonra yoluna davam edən mavi şəkillərin altında inadla dayanır, o inadla təbəssüm haqqında dumanlı xatirə kimi qalır, yarımçıq söz kimi, ondan yadında ancaq ilk heca qalıb və ən yaxşısı gözlərini çevirib başqa bir şey haqqında düşünmək lazımdır, məsələn elə mənimlə üzbəüz oturacaqda yarıuzanmış adam haqqında.

Onun başı gil rəngindədir, mavi gözləri var. Bədəninin bütün sağ tərəfi yumşalıb, sağ əli bədəninə yapışıb, sağ tərəfi az qala ölüdür, çətinliklə yaşayır, tamahla yaşayır, elə bil ki, onu iflic vurub. Amma sol tərəfində o kiçik, tez inkişaf edən möcudluq yarasını göstərir; budur əli əsdi, qalxdı, əlinin sonluğunda gərilmiş bilək var. İndi də bilək tərpəndi, kəllləsi ilə yeni bərabərə çatanda barmaqlarından biri qalxdı və dırnağı ilə saçlı dərini qaşıdı. Ağzının sağ tərəfində şirintəhər mimika peyda oldu, sol tərəf ölü kimi qalır. Şüşə tərpənir, əl tərpənir, dırnaq qaşıyır, tərpənməyən gözlərin altındakı ağızda təbəssüm oynayır və insan dözür, sağ tərəfində şişən kiçik məxluqu hiss etmir, məxluq ifadə olunmaq üçün sağ əli və sağ yanağı ilə əlaqəyə girib. Konduktor qabağımı kəsir:

-          Dayanacağı gözləyin.

Mən onu itələyirəm və tramvay gedə-gedə tullanıram. Daha dözə bilmirdim. Əşyaların yaxınlığına dözə bilmirdim.

Kiçik qapını itələyib, girirəm, mövcudluğun yumşaq tükləri uçub, budaqlara qonurlar. İndi mən bilirəm haradayam, şəhər parkındayam. Nəhəng, qara gövdənin, göyə can atan qara əllərin arasındakı oturacağa atıram özümü. Ağac ayaqlarımın altında qara dırnaqları ilə yeri qaşıyır. Unutmağı, dincəlməyi və yatmağı o qədər istərdim ki. Amma bacarmıram: boğuluram, mövcudluq hər yerdən daxilimə girir, ağzımdan, burnumdan, qulaqlarımdan…

Sonra birdən örtük yırtıldı. Başa düşdüm, gördüm.

 

[i] Hər gecə ay çıxanda, öz kiçik arzumu düşünürəm.

Axşam saat altı

Deməzdim ki, bu mənim fikrimi dağıtdı, indi rahatam, əksinə mənə zülm etdi. Amma əvəzində mən məqsədimə çatdım, indi nəyi bilmək istədiyimi bilirəm, hər şeyi, yanvardan bəri mənə nə olduğunu anladım. Ürək bulantısı keçmədi, çətin tezliklə keçə, amma mən artıq buna görə əzab çəkmirəm- bu xəstəlik deyil, bu qısa müddətli tutmadır, necə ki, mən özüm də qısa müddətli tutmayam.

Hə, deməli elə indicə parkda idim. Oturduğum oturacağın altında şabalıd ağacının kökləri yerə girdi. Amma indi yadıma düşmür ki, bu kök idi. Elə bil ki, itdi, onunla birlikdə əşyaların mənası, onların təyinatı, insanların ağacın üstünə vurduğu solğun nişanlar da itdi. Belimi büküb, başımı aşağı salmışdım, məni qorxudan bu qara, düyünlü kütlənin ibtidai görünüşü ilə birlikdə tənha oturmuşdum. Birdən hər şeyi başa düşdüm.

Az qala nəfəsim kəsildi. Bu son günlərdə heç vaxt başa düşməmişdim ki, “mövcud olmaq” nədir. Mən də yaz paltarlarında sahildə gəzən başqa adamlar kimi idim. Mən də onlar kimi deyirdim: “dəniz yaşıldır, yuxarıdakı ağ nöqtə qağayıdır”, amma hiss etmirdim ki, hər şey mövcuddur, o qağayı “mövcud qağayıdır”. Adətən olduğu kimi mövcudluq gözlərdən gizlənir. O buradadır, ətrafımızdadır, içimizdədir, o bizik, onun olmadığı iki söz danışmaq mümkün deyil, amma ona toxunmaq olmaz. Onun haqqında fikirləşdiyimi hesab edəndə, əslində mən heç nə haqqında fikirləşmirdim, başım boş idi, bəlkə də orada bircə, yeganə söz var idi “mövcud olmaq”. Bəlkə düşünürdüm.. necə ifadə edim? Mən məxsusluq kateqoriyasından düşünürdüm. Özümə deyirdim: “ dəniz yaşıl rəngli şeylər siyahısına daxildir və ya yaşıl rəng dənizin xarakterindən biridir”. Hətta mən şeylərə baxanda onların mövcud olmalarını düşünmürdüm, onlar qarşımda bəzək əşyası kimi dayanırdılar. Onları əlimə götürüb, işlədirdim, necə müqavimət göstərəcəklərini əvvəlcədən hiss edirdim. Amma bütün bunlar üzdə baş verirdi. Əgər məndən soruşsaydılar ki, mövcudluq nədir, təmiz vicdanla cavab verərdim ki: heç nə, boş forma, xaricdən qoşulan bir şey, əşyaların mahiyyətində heç nəyi dəyişməyən bir şey. Və birdən budur, hər şey gün kimi aydındır; mövcudluq birdən örtüyünü atdı. O artıq mücərrəd kateqoriyanın zərərsizliyini xərcləyib: o əşyaların mahiyyəri idi, kök mövcudluqdan ibarət idi. Və ya daha doğrusu, kök, parkın hasarı, oturacaq, qazon, çəmənlik- hər şey itdi; əşyaların müxtəlifliyi, fərdin rəngarəngliyi sadəcə görünüş idi, lak idi. Lak əridi, dəhşətli, qatı və qarışıq kütlə utanmaz və qorxunc çılpaqlığı ilə qaldı.

Tərpənməyə qorxurdum, amma tərpənmədən də arxada mavi sütunları, musiqi pavilyonunun işıqlarını və lavr kolluğu arasında Velledanı görürdüm. Bütün bu əşyalar... necə deyim? Onlar mənə mane olurdular. İstərdim ki onlar belə sırtıqcasına deyil, daha mücərrəd, daha zəif, daha təmkinli mövcud olsunlar. Şabalıq gözlərimi ağrıdırdı. Gövdəsinin ortasına qədər yaşıl ləkə ilə örtülüb; qara köpmüş qabıq suluqlamış əli xatırladırdı. Maskere fontanının suyunun yavaş şırıltısı qulaqlarıma girib, yuva qururdu, onları nəfəsi ilə doldururdu; burun deşiklərimi çürük yaşıl iy doldurmuşdu. Hər şey sakitcə razılaşıb, necə yorğun qadınlar gülüb, yumşalmış səslə “gülmək yaxşıdır” deyirsə eləcə özünü mövcudluğa vermişdi. Əşyalar bir-birinə özlərini göstərirdilər, bir-birini, mövcudluqlarının iyrəncliklərini yoxlayırdılar. Başa düşdüm ki, yoxluqla bu yumşaq bolluq arasında oxşarlıq yoxdur. Əgər mövcudsansa deməli bu cizgilərə, bu kiflənmişliyə, köplüyə, ədəbsizliyə qədər olmalısan. Başqa bir dünya da var, orada dairələr və musiqilər öz təmiz, ciddi cizgilərini saxlayırlar. Amma mövcud olmaq təslim olmaq deməkdir. Ağaclar, mavi gecə sütunları, fontanın şən xırıltısı, canlı qoxular, soyuq havada bir az istilik, oturacaqda yediklərini həzm edən kürən adam- bütün bu ümumi mürgüdə, bütün bu ümumi həzm edilmədə gülməli nəsə var idi. Gülməli...yox, hələ o dərəcədə yox; mövcud olan nə isə gülməli ola bilməz; amma bunda nə isə qeyri-müəyyənlik, vodevil vəziyyəti ilə güclə sezilən oxşarlıq vardı. Bizdə bir xeyli mövcudluq vardı, özümüz özümüzə mane olurduq, özümüz özümüzdən utanırdıq; heç birinin burada olmağa səbəbi yox idi, hər varlıq utanırdı, sakit narahatlığı ilə özünü digərlərinin yanında “artıq” hesab edirdi. Artıqlıq- bu ağaclar, hasar, daşlar arasında gördüyüm yeganə bağlantı idi. Boş yerə şabalıdları saymağa, onları Velleda ilə bir məkana salmağa, hündürlüklərini söyüdlərin hündürlüyü ilə müqayisə etməyə çalışırdım, hər biri əlaqədən qaçırdı, nə qədər birləşdirmək, qruplaşdırmaq istəsəm də hər biri şəxsi sərhədlərini aşırdı. Əlaqənin bütün şərtlərini hiss edirdim (say, ölçü, istiqamət), çalışırdım bu şərtləri saxlayım ki, insanlıq dünyasının vaxtını uzadım, indi insanlar əşyalar tərəfindən işğal edilmişdilər. Şabalıq məndən bir az qabaqdadır, artıqdır, Velleda bir az soldadır, artıqdır.

Mən də, əzgin, sakit, həyasız, yeyilmiş naharı həzm edən, pis-pis şeylər fikirləşən mən də artıq idim. Xoşbəxtlikdən bunu hiss etmirdim, daha çox ağlımla başa düşürdüm, özümü yaxşı hiss etmirdim, çünki bunu hiss etməkdən qorxurdum (indi də bundan qorxuram, qorxuram ki, bu mənə arxadan, boynum tərəfdən yaxınlaşar, qaldırıb dalğa dərinliyində yerə çırpar). Fikirləşirdim ki, həyatla vidalaşmaq lazımdır, ya da bu lazımsız varlıqların heç olmasa birini qırmaq lazımdır. Amma ölüm də artıq şey idi. Bu gülümsəyən parkın dərinliyində mənim cəsədim, daşların üstündə və bitkilərin arasında qanım artıq olardı. Çürümüş cəsədim onu qəbul edən torpaqda artıq olardı, ən axırdı gəmirilmiş, təmiz və diş kimi parıldayan sümüklərim də artıq olardı, mən haradan baxsan artıq idim.

İndi qələmim yeni sözü yaratdı- mücərrədlik, bu yaxınlarda onu parkda tapdım, amma mən onu axtarmırdım, o mənə lazım deyildi: mən əşyalarla əşyalar haqqında sözsüz düşünürdüm. Mücərrədlik beynimdə yaranan fikir deyildi, səs deyildi, ayaqlarımın altında uzun, ölü, ağac ilan idi. İlan və ya heyvan dırnağı, kök və ya qrif caynağı, nə fərqi var. Heç nəyi dəqiq formalaşdırmağa çalışmadan başa düşmüşdüm ki, mən mövcudluğuma, ürək bulantısına, şəxsi həyatıma açarı tapmışam. Əslində sonra hər şeyi aydınlaşdıranda görmüşdüm ki, bu mücərrədliyin əsasları ilə uyğunluq təşkil edir. Mücərrədlik daha bir sözüdür, sözlərlə mübarizə aparıram: elə sözlərlə də əşyaların özünə toxunmuşdum. İndi isə mücərrədliyin tam xarakterini təsvir etmək istəyirəm. İnsanların balaca rəngli dünyalarında hər hansı hərəkət və ya hadisə onların çərçivəli şəraitlərində ancaq mənfi mənada mücərrəd ola bilər. Məsələn elə dəlinin çıxışı danışdığı cəfəngiyyata görə yox onun yaşadığı şəraitə uyğun mücərrəddir. Amma elə indicə mütləqiyyətlə mücərrədliyi başa düşdüm. Bax elə bu kök, dünyada elə bir şey yoxdur ki, ona münasibətdə kök mücərrəd olmasın. Off, bunu sözlərlə necə izah edim? O daşlara, saralmış otlara, qurumuş palçığa, ağaca, səmaya, yaşıl oturacaqlara qarşı mücərrəddir. O qədər amansızcasına mücərrəddir ki, hətta təbiətin dərin, sirli cəfəngiyyatı da onu izah edə bilmir. Əlbəttə ki, mən hər şeyi bilmirdim, ailənin necə böyüməsini, ağacın necə qocalmasını görmürdüm. Amma bu xəbərsizliyin nəhəng pəncəsi göstərirdi ki, izahatlar və məntiqli nəticələr dünyası ilə mövcudluq dünyası iki fərqli dünyadır. Dairə mücərrəd deyil, bir nöqtədən başlayıb sonluqlarından birinə qədər fırlanmaqla onu izah etmək asandır. Amma axı dairə həm də mövcud deyil. Amma bu kök əksinə, mövcud idi, o qədər mövcud idi ki, onu izah edə bilmirdim. Nazik, tərpənmədən məni heyrətə gətirirdi, gözümə girirdi, dayanmadan mənə mövcudluğunu yeridirdi. Boş yerə “Bu kökdür” deyə təkrarlayırdım, sözlər daha təsir etmirdi. Başa düşürdüm ki, funksiyası yerdən su çəkmək olan bu köklə bu möhkəm dəri, yağlı, mozollu, möhkəm görüntü arasında hansısa bağlantı qurmaq mümkün deyil. Funksiya heç nə izah etmirdi, o kökün ümumiyyətlə nə olduğunu ümumi cizgilərlə başa salırdı, amma bu kökü izah etmirdi. Bu kök.. rəngi, forması, hərəkətsizliyi ilə heç cür izah edilə bilmirdi..bir səviyyə yuxarı idi. Onun hər bir üzvü ayrı-ayrılıqda itirdi, çölə axırdı, yarısı möhkəmlənirdi, az qala əşyaya çevrilirdi, amma kökün özündə hər biri artıq idi və indi mənə elə gəlirdi ki, bütün gövdə özü-özündən çıxırdı, özünü inkar edirdi, qəribə artıqlıqda itirdi. Ayaqqabımın dabanı ilə qara caynağı cızdım, istəyirdim onu yüngülcə didəm. Elə belə, sadəcə istəyirdim odun dəridə mücərrəd, çəhrayı cırmaq yeri yaransın, sadəcə dünyanın mücərrədliyi ilə oynayırdım. Amma ayağımı qaldıranda gördüm ki, caynaq yenə də qara qalıb.

Qara? Hiss edirdim ki, söz necə nəfəs alır, necə mənasını itirir. Qara? Kök qara deyildi, bu balaca tikədə qaralıq yox idi, nəsə başqa bir şey var idi. Qara da dairə kimi mövcud deyildi. Kökə diqqətlə baxdım, o qaradan daha artıq idi ya elə qara idi? Amma elə o dəqiqə özümə belə suallar verməyi dayandırdım, başa düşdüm ki, dərk etmə sahəsinə girirəm. Mən artıq adlandırılmağı mümkünsüz əşyaları hiss etməyə cəhd etmişdim, amma onlar haqqında fikirləşəndə hiss etmişdim ki, onların soyuq, cansız xüsusiyyətləri əl çatan deyil, barmaqlar arasından sürüşür. Bax elə məsələn “Dəmiryolçuların sığınacağında” Adolfun aşırmaları. Onlar bənövşəyi deyildilər. İndi də gözümün qabağında köynəkdəki iki heç cür lmüəyyənləşdirilməyən ləkə canlanır. Və bütün bu hadisələrin başladığı pis daş, o nə deyildi, necə olmaqdan imtina etmişdi, dəqiq xatırlamıram. Amma onun passiv müqavimətini unutmamışam. Və ya Oxucunun əli, bir dəfə kitabxanada onu sıxmışdım, sonra məndə elə bir hiss yaranmışdı ki, elə ki o heç də əl deyildi. Onda ağ, yağlı soxulcan haqqında fikirləşmişdim, amma o soxulcan deyildi. Və ya “Mabli” kafesindəki pivə stəkanının ikibaşlı şəffaflığı. İkimənalı- bax bütün bu səslər, dadlar, iylər ikimənalı idilər. Bəzən onlar burnunun altında yuvalarından qovulmuş dovşanlar kimi sıçrayanda onlara elə də fikir vermirsən, adi, etibarlı görünürlər, fikirləşirsən ki, dünyada həqiqətən də əsl mavi, əsl ağ rəng, əsl badam, əsl bənövşə iyi var. Bircə anlıq onları saxlasan əminlik və rahatlıq hissi dəhşətli narahatlığa çevrilir: rənglər, iylər, dadlar heç vaxt həqiqi olmurlar, onlar özləri olmurlar. Ən adi, tam tərkibli xüsusiyyət özündə, daxilində özünə qarşı artıqlıq daşıyır. Məsələn elə ayaqlarımın yanındakı bu qara, elə bil ki bu əslində qara rəng deyil, qaranı heç vaxt görməmiş kimsə qaranı yaratmağa cəhd edib, vaxtında özünü saxlaya bilməyib və rəngdən kənara çıxaraq şübhəli bir şey yaradıb. Bu rəngə oxşayırdı amma həm də göyərtiyə, çürüntüyə bənzəyirdi, başqa şeylərlə də - nəm torpağın, isti və nəm ağacın iyi ilə qarışmış qoxusuyla, lifli ağacı lak kimi örtmüş qara qoxuyla, çeynənmiş lifin şirin dadı ilə oxşarlıqları vardı. Deyə bilmərəm ki, mən sadəcə qaranı görürəm- görmək mücərrəd uydurmadır, təmizlənmiş, sadələşdirilmiş ideya, insan tərəfindəm yaradılmış ideya. Bu qaralıq, bu formasız, cansız həqiqət özünü görüntü, qoxu və dad ilə doldurmuşdu. Amma bu bolluq qarışmışdı, nəticədə heç nəyə çevrilmişdi, çünki artıq idi.

Möhtəşəm dəqiqə. Tərpənmədən, donub qalıb qəribə ekstaza girmişdim. Amma ekstazın ən qaynayan vaxtında yeni nə isə yarandı, mən ürək bulantısını başa düşdüm, ona sahib oldum. Düzünü desəm öz kəşfimi formalaşdırmağa çalışmırdım. Amma məncə bundan sonra onu söz halına salmaq mənim üçün çətin olmayacaq. Onun mənası- təsadüfdədir. Demək istəyirəm ki, yerinə görə mövcudluq zəruriyyət deyil. Mövcud olmaq burda olmaq deməkdir, vəssalam; mövcudluq birdən qarşına çıxır, onunla toqquşmaq olar, amma onda qanunauyğunluq yoxdur. Məncə bəzi adamlar bunu başa düşüblər. Amma onlar bu təsadüfü aşmaq istəyiblər, yeni zəruri və özünü idarə edə bilən məxluq yaradıblar. Amma heç bir zəruri məxluq mövcudluğu izah etməyə kömək edə bilməz, təsadüfilik zahiri bir şey, görüntü deyil, onu dağıtmaq olmaz, bu nə isə tam bir şeydir, daha doğrusu hansısa bütöv səbəbsizlikdir. Hər şey səbəbsizdir- bu park, bu şəhər, mən özüm. Bunu başa düşəndə hər şey bulanır, üzür, “Dəmiryolçuların sığınacağında” axşam belə olmuşdu, o ürəkbulantısı idi. Yaşıl təpədəki əclafların etdikləri budur, onlar və onlar kimilər öz ideya və hüquqlarının köməyi ilə bunu gizlətməyə çalışırlar. Alçaq yalan, heç kimin heç nəyə haqqı yoxdur, bu insanlar mövcudluğu səbəbsizdir, digərlərinin mövcudluğunun səbəbsiz olduğu kimi, onlar özlərini artıq hiss etmələrini dayandıra bilməyəcəklər. Ürəklərinin dərinliyində onlar gizlicə artıqdırlar, formasız, qeyri-müəyyən, qəmgindirlər.

Bu qarabasma nə qədər davam etdi? Mən şabalıdın kökü idim. Və ya daha doğrusu mən bütünlünlə onun mövcudluğunun şüuru olmuşdum. Onunla bir olmuşdum, o olmuşdum. Bu bütün etibarsız ağırlığı ilə bu hərəkətsiz ağaca çökmüş qeyri müəyyən şüur idi. Zaman ayaqlarımın altındakı balaca qara gölməçədə dayanmışdı, bu andan sonra artıq heç nə baş verə bilməzdi. Bu ağır hissdən qurtulmaq istərdim, amma bunun mümkün olacağını təsəvvür edə bilmirdim. Mən daxildə idim: qara kök keçib getmirdi, olduğu yerdə dayanmışdı, çox böyük tikə boğaza necə ilişirsə eləcə gözlərimə ilişmişdi. Onu nə qəbul edə, nə də ondan imtina edə bilirdim. Gözlərimi qaldırmaq mənə nəyin bahasına başa gəldi? Mən onları qaldırdımmı? Məncə bir neçə anlıq özüm özümü məhv etmişdim. Bir neçə an sonra yenidən doğulanda başım arxaya əyilmişdi, gözlərim yuxarı baxırdı. Düzünü desəm bu keçidi xatırlamıram. Amma birdən kökün mövcudluğu haqqında fikirləşmək mənə mümkünsüz göründü. Varlıq itdi, boş-boşuna təkrarlayırdım ki, kök mövcuddur, hələ də burada, oturacağın altında, sağ ayağımın yanındadır- boş sözlər idi. Mövcudluq elə bir şey deyil ki, onun haqqında kənardan fikirləşəsən, o birdən axmalı, içinə dolmalı, bütün ağırlığı ilə böyük, tərpənməyən vəhşi heyvan kimi ürəyinə çökməlidir- və ya heç nə yoxdur.

Daha heç nə olmadı, baxışlarım boşaldı, xoşbəxt idim ki azad olmuşam. Sonra birdən gözlərimin qabağında nə isə tərpənməyə, yüngül, qeyri müəyyən hərəkətlər etməyı başladı- bu ağacların başını yellədən külək idi.

Deyəsən hətta sevindim ki, gözlərimin qabağında nəsə tərpəndi, artıq çoxlu tərpənməyən, donuq baxışlarını üzümə zilləyən əşyalardan dincələ bilərdim. Budaqların necə tərpənməsinə baxarkən öz-özümə dedim ki, hərəkət heç vaxt tam olmur, o keçid dövrüdür, bölünmüş zamanın iki varlığı arasında vasitədir. Özümü hazırlayırdım ki, hərəkətin yoxluqdan necə yaranmasını, necə az-az böyüməsini, çiçəklənməsini görəcəm, nəhayət varlığın doğulmasına baxa biləcəm. Amma heç üç saniyə keçmədi ki, bütün ümidlərim məhv oldu. Kor kimi ətrafda tərpənən budaqlarda varlığa “keçidi” tuta bilmədim. Keçid ideyası özü də insanlar tərəfindən düşünülüb. Çox müəyyən ideyadır. Bütün bu kiçik titrəyişlər bir-birindən fərqli idilər, öz-özlərinə inkişaf edirdilər. Onlar hər tərəfdən budaqların ətrafında qaynaşırdılar. Onlar bu quru əllərin ətrafında sovrulub, onları kiçik tufana qərq edirdilər. Əlbəttə ki, hərəkət ağacdan tamam fərqli bir şeydir. Amma bu da tamlıq idi. Əşya idi. Gözümə dəyən hər şey dolu idi. Budaqların sonluqlarında varlıqlar dəstələnmişdi, onlar fasiləsiz yenilənirdilər amma heç vaxt doğulmurdular. Mövcud külək böyük milçək kimi ağacda oturmuşdu və ağac titrəyirdi. Amma titrəmə doğulan xüsusiyyət deyildi, şəraitdən hərəkətə keçid də deyildi, bu əşya idi, əşya-hərəkət ağaca yayılırdı, ona sahib olurdu, onu silkələyirdi və birdən tərk edib, gedirdi ki, öz ətrafında fırlansın. Hər şey dop-dolu idi, hər şey hərəkət idi, bölünmüş zaman yox idi, hər şey, hətta ən kiçik tərpəniş belə varlıqdan ibarət idi. Ağacın ətrafında yanıb-sönən bütün varlıqlar isə heç yerdən yaranmırdılar və heç yerə də getmirdilər. Birdən görürdün ki, o var, sonra birdən görürdün ki, artıq yoxdur. Mövcudluğun yaddaşı yoxdur, gedəndən heç nə saxlamır, hətta xatirələr belə. Mövcudluq hər yerdə sonsuzluq qədər artıqdır, hər yerdə və həmişə. Mövcudluq həmişə ancaq mövcudluqla məhdudlaşır.

Başlanğıcı olmayan varlıqların bolluğunda əzilirdim, başım fırlanırdı, oturacağa söykənmişdim. Bütün ətraf yayılırdı, çiçəklənirdi, qulaqlarımda mövcudiyyət cingildəyirdi, bütün bədənim əsirdi, açılırdı, ümumdünya tumurcuqlanmasına təslim olurdu, bu iyrənc idi. “Axı bu varlıqlar hamısı bir-birinə oxşayırlarsa onda nəyə lazımdır bütün bunlar?” Nəyə lazımdır bu qədər eyni ağaclar? Nə qədər varlıq uğursuzluğa düçar olur amma sonra yenidən yaranır, arxası üstə çevrilmiş böcəyin inadkar cəhdlərini xatırladaraq yenidən və yenidən uğursuzluğu yaşayır. (Mən özüm də belə cəhdlərdən biriyəm). Bu bolluq səxavət deyildi- əksinə. O qaşqabaqlı, əzgin idi, özü-özünü əzirdi. Ağaclar, nəhənglik, yöndəmsiz bədən... Birdən xatırladım ki, kitablarda möhtəşəm baharın gəlişi qəfil partlayış, coşğun çiçəklənmə kimi izah edilir, güldüm. Hakimiyyət iradəsindən, yaşamaq mübarizəsindən danışan axmaqlar da var. Yəni onlar heç vaxt heyvanlara və ya ağaclara baxmayıblar? Bax elə bu keçəl ləkəli çinar, bu irinləmiş kötük- məni inandırmaq istəyirlər ki, bunlar gəncdirlər və göylərdən gələn güclə dolublar? Və ya bu kök? Aydındır, gərək onu özünü yemləmək üçün yeri qazan acgöz caynaq kimi təsəvvür edim.

Yox, mən əşyalara belə baxa bilmərəm. Hə, boşluq, zəiflikdir. Ağaclar yırğalanırlar. Bu o deməkdir ki, onlar göyə can atırlar? Xeyir, onlar daha çox solublar, hər dəqiqə gözləyirdim ki, gövdələri yorğun fallos kimi qırışacaq, yumşaq, qara bir şeyə çevriləcəklər, qırışmış sinələri ilə yerə çökəcəklər. Onlar mövcud olmaq istəmirdilər, amma mövcud olmaya da bilmirdilər- bütün çətinlik bundadır. Onlar sakitcə, həvəssiz öz kiçik aşlarını hazırlayırdılar: şirə yavaş-yavaş, istəmədən yuxarı qalxırdı, köklər isə yavaş-yavaş torpağa enirdi. Amma hər dəqiqə elə görünürdü ki, indi hamıya tüpürüb, yox olacaqlar. Yorğun, qoca halları ilə faydasız varlıqlarını davam etdirirdilər, çünki ölməyə gücləri çatmırdı, ölüm onlar üçün xaricdən gəlməli idi: ancaq musiqi melodiyaları qürurla daxili zərurət kimi özlərində ölümü daşıyırlar, amma axı onlar mövcud deyil. Hər bir varlıq səbəbsiz yaranır, gücsüzcə davam edir və təsadüfən ölür. Arxaya söykənib, gözlərimi yumdum. Amma çaxnaşan obrazlar o dəqiqə irəli atılıb, yarıyumulu kirpiklərim arasındakı bütün ərazini varlıqla doldurdular. Hər şey varlıqla doludur, insan ondan qaça bilməz.

Qəribə obrazlar. Onlar müxtəlif əşyalara oxşayırdılar. Əsl şeylərə deyil, oxşarlarına. Ağac əşyalar stula, ağac başmaqlara uyğunlaşırdı, digər əşyalar isə bitkilərə. Və daha iki üz: bir dəfə bazar günü mənim yanımda “Vezeliz” pivəxanasında nahar edən cütlük. Yağlı, isti, hissiyyatlı, mənasız, qırmızı qulaqlı. Mən qadının çiynini və boynunu görmüşdüm. Çılpaqlığındakı mövcudluğu. Başıma gələn fikir məni dəhşətə gətirdi- bu ikisi hələ də Buvildə mövcuddurlar; hansısa iylərin arasında- yumşaq sinə sərin parçaya sürtünməyə davam edir, rahatca krujevaların arasına yerləşib və qadın hiss edir ki, onun sinəsi korsajda mövcuddur və fikirləşir: “Mənim döşlərim, mənim şirəli almalarım” və sirli-sirli gülümsəyir, sinəsinin necə şişməsini dinləyir, qıdıqlanır və birdən qışqırdım, gördüm ki, gözlərim açıqdır.

Yəni mən bu dəhşəti həqiqətən görmüşəm? O burada parkda idi, ona axmışdı, mürəbbə kimi şirəli, yapışqan, sıx idi, ağaclara yapışmışdı. Yəni bütün parkla birlikdə mən də onun içindəyəm? Qorxdum, amma həm də hirsləndim, bu elə axmaq, elə ədəbsiz idi ki, bu iyrənc marmelada nifrət edirdim. Hər yerdə var idi. O göyə qədər qalxdı, genişləndi, hər şeyi öz həlməşik gücsüzlüyü ilə doldurdu, dibsiz dərinliklərini görürdüm, onlar bağdan, Buvil evlərindən uzağa getdilər, mən artıq Buvildə deyildim, başqa heç bir yerdə də deyildim, uçurdum. Təəccüblənmədim, başa düşürdüm ki, bu Dünyadır, bütün çılpaqlığı ilə qarşımda dayanan dünya və mən bu nəhəng mücərrəd varlığın görünüşünə baxanda hirsimdən boğulurdum. Hətta sual da vermək olmurdu ki, hər şey haradan yaranır, necə yaranır, niyə hansısa dünya mövcuddur, başqa heç nə. Sualın heç bir mənası yox idi, dünya hər yerdə idi, arxada, qabaqda. Ona qədər heç nə olmamışdı. Heç bir şey. Elə bir an yox idi ki, o mövcud olmasın. Məni də bu qıcıqlandırırdı, axı aydın idi ki, bu üzün mövcud olmasında heç bir məna yoxdur. Amma o mövcud olmaya bilmirdi. Təsəvvür etmək olmur: yoxluğu yaratmaq üçün gərək burada, bu dünyanın sıxlığında, açıq gözlü olasan; yoxluq sadəcə mənim başımda bir fikir idi, bu fikir bu böyüklükdə mövcuddur, yoxluq varlığı qabaqlaya bilməz, o da digərləri kimi bir varlıq idi və çoxlarından gec yaranmışdı. “İyrənc!İyrənc!” – qışqırdım və silkələndim ki, bu yapışqan iyrənclikdən qurtulum, amma ondan can qurtarmaq asan iş deyildi, o çox idi, başlanğıcsız və sonsuz tonlarla, tonlarla varlıqlar var idi, və mən bu ucsuz-bucaqsız kədərin içində boğulurdum. Birdən park boşaldı, elə bil ki, hər şey dibsiz çuxura yuvarlandı, dünya yarandığı kimi də yox oldu və ya mən oyandım. Hər halda daha onu görmürdüm, ətrafımda ancaq saralmış torpaq, hər tərəfdə yırğalanan ölü, quru budaqlar var idi.

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə