Jan Pol Sartr Ürək bulantısı Roman




Yüklə 0.82 Mb.
səhifə7/12
tarix25.04.2016
ölçüsü0.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

-          Yox, sizinlə çox maraqlıdır.

-        Müharibə başladı, mən könüllü yazıldım, heç bilmirdim niyə. İki il bunu başa düşə bilmədim, axı cəbhədə fikirləşmək üçün vaxt azdır, əskərlər isə çox kobuddurlar. 1917-ci ilin sonunda əsir düşdüm. Sonra mənə dedilər ki, əsirlikdə olanda əskərlərin çoxdu uşaq inanclarına dönürlər. Mən, müsyö,- Oxucu gözlərini endirib, danışır,- Allaha inanmıram. Onun mövcudluğu elmlə inkar edilib. Amma islah düşərgəsində mən insanlara inamı öyrəndim.

-          Onlar öz talelərini kişi kimi qarşılayırdılar?

-      Bəli- qeyri-müəyyən şəkildə razılaşır. – Bu da var. Qısası bizimlə yaxşı davranırdılar. Amma mən başqa bir şey deyirdim. Müharibənin sonuncu aylarında bizi nadir hallarda işləməyə məcbur edirdilər. Yağış yağanda bizi böyük at damına salırdılar və haradasa iki yüz adam bir-birimizə yapışıb dayanırdıq. Qapını bağlayırdılar, hər tərəfdən bağlanmış bizi isə demək olar qaranlıqda qoyurdular. – O yadına salır.- bilmirəm, sizə izah edə bilirəm ya yox, müsyö. Bütün bu insanlar yan-yana dayanırdılar, onları güclə ayırırdın, amma hiss edirdin ki, səni necə sıxırlar, necə nəfəs alırlar… Bir dəfə- bizi dama salmağa başlamışdılar, hava elə pis idi ki, az qala boğulacaqdım, birdən məni qəribə sevinc doldurdu, az qala ürəyim gedəcəkdi- hiss etdim ki, bu adamları sevirəm, qardaşlarım kimi, onların hamısını qucaqlamaq istəyirdim. Ondan sonra hər dəfə o dama girəndə belə sevinc duyurdum.

Gərək cücəni yeyəm, yoxsa təmiz soyuyub. Oxucu çoxdan ətini yeyib, ofisiant boşqabları dəyişmək üçün gözləyir.

-          Həmin dam mənim üçün müqəddəs yerə çevrildi. Bir neçə dəfə gözətçini aldadıb, tamamilə tək o dama girdim, qaranlıqda damda keçirdiyim sevinci xatırlayırdım, az qala vəcdə gəlirdim. Saatlar gedirdi, amma mən hiss etmirdim. Arabir hətta ağlayırdım.

Deyəsən xəstəyəm. Yoxsa birdən birə əsəbləşməyimin başqa izahı yoxdur. Hə, məhz xəstə əsəb: əllərim əsməyə başladı, qan üzümə vurdu və bütün bunlar qurtarana yaxın artıq dodaqlarım da əsirdi. Ancaq ona görə ki, cücə soyumuşdu. Əslində mən özüm də soyumuşdum, bu ən pisi idi, demək istəyirəm ki, daxilimdə hər şey yarım gündəki kimi qalmışdı- tamamilə soyuq, buz kimi.

Qəzəb mənə ani, istiliyin aşağı düşməsi üçün mübarizə aparan şüurun cavab reaksiyası- titrəmə kimi gəldi. Boş şeydir, əlbəttə mən hansısa boş bir şeydən yapışıb Oxucunu və ya ofisiant qızı ayağımın altına salıb əzişdirə bilərdim. Amma həm də mən əslində oyunda iştirak etmirdim. Mənim əsəbiliyim üzdə idi, həm də qısa çəkdi, əzabla elə hiss edirdim ki, elə bil ocağa düşmüş buz parçası ya da omlet surprizəm. Üzdə olan əsəb keçdi getdi, indi Oxucunun səsini eşidirdim:

-        Hər bazar günü kilsəyə gedirdim. Mən heç vaxt Allaha inanmamışam, müsyö. Amma məgər danmaq olar ki, kilsənin həqiqi sirri insanları bir-birinə yaxınlaşdırmasıdır. Ayini bir qollu fransız-keşiş həyata keçirirdi. Bizim fisqarmoniyamız (körüklər vasitəsilə çalınan dilli musiqi aləti) da vardı. Biz ayaq üstə dayanıb, papaqlarımızı çıxarırdıq, fisqarmoniyanın səsinə dalırdıq, hiss edirdim ki, ətrafımdakı insanlarla vəhdət təşkil edirəm. Ah, müsyö, mən kilsəni necə də sevirdim. Və indi də arabir o günləri yada salmaq üçün kilsəyə gedirəm. Bizim Müqəddəs Çeçiliya kilsəmizdə möhtəşəm orqan çalan var.

-          Yəqin o həyat üçün çox darıxırsınız?

-     Bəli, müsyö. 1919-cu il. Həmin il məni əsirlikdən azad etdilər. Əzablı aylar yaşadım. Bilmirdim nə ilə məşğul olum, təmiz solmuşdum. Harada insan yığını görürdüm, özümü ora salırdım. Hərdən elə olurdu ki,- gülümsəyib davam edir,- yad adamın dəfn mərasiminə qatılırdım. Bir dəfə peşmançılıq sudurğasına düşüb marka kolleksiyamı yandırdım… Amma öz yolumu tapdım.

-          Doğrudan?

-          Bir nəfər mənə məsləhət gördü… Müsyö, bilirəm ki, sizin səssizliyinizə güvənə bilərəm. Mən… ola bilər ki, siz belə fikirlərlə razı deyilsiniz, amma siz əsl geniş düşüncəli insansınız. Mən… mən sosialistəm.

Gözlərini aşağı saldı, uzun kirpikləri əsirdi.

-          1921-ci ilin sentyabrında SFİO sosialist partiyasına üzv oldum. Mən bax bunu demək istəyirdim.

Qürurundan parıldayır. Başını dala atıb, yarıyumulu gözlərlə mənə baxır, ağzı yarımaçıqdır, əzabkeş, elə ancaq bundan ibarətdir.

-          Lap yaxşı, deyirəm.- lap gözəl.

-          Bilirdim müsyö, bilirdim ki, təqdir edəcəksiniz. Ümumiyyətlə sizə: mən həyatımı belə yaşamışam, indi belə yaşayıram və tamamilə xoşbəxtəm deyən adamı necə ittiham etmək olar?

Əllərini yana açdı, ovcunu mənə tərəf çevirdi, elə bil ki, elə indicə orada stiqmat peyda olacaq. Onun şüşəvari gözləri var, ağzında isə tünd-çəhrayı kütlə fırlanır.

-          Deməli belə! – deyirəm.- Nə edək, xoşbəxtsinizsə…

-         Xoşbəxt? – onun baxışları məni ağırlaşdırır, kirpiklərini qaldırıb, inadla mənə baxır. – Özünüz fikirləşin, müsyö. Bu qərarı verməmişdən qabaq özümü o qədər tənha hiss edirdim ki, intihar etmək istəyirdim. Məni ancaq o fikir saxladı ki, mənim ölümüm dünyada heç kimi, heç kimi kədərləndirməyəcək və mən ölümümdə həyatda olduğumdan daha tənha olacaq.

Dirçəlir, yanaqlarını şişirdir.

-          İndi isə, müsyö, mən daha yalnız deyiləm.

-          Həə! Tanışlarınız var?- soruşuram.

O gülümsəyir və o dəqiqə aydın olur ki, mən necə avamam.

-          Mən demək istəyirdim ki, mən daha özümü tənha hiss etmirəm. Amma əslində isə müsyö, bunun üçün kiminləsə görüşməyə ehtiyac yoxdur.

-          Amma yenə də,- deyirəm,- partiyanızdakı…

-    Oh! Orada hamını tanıyıram. Düzdür, çoxunun ancaq adlarını bilirəm. Müsyö,- dəcəlliklə deyir,- məgər dost seçimində özünü belə dar çərçivələrə salmağa məcbursan ki,? Mənim dostlarım- bütün insanlıqdır. Səhər işə, öz kontoruma gedəndə məndən qabaqda, məndən arxada digər insanlar da işə gecikirlər. Onları görürəm, cəsarətli olsaydım onlara gülümsəyərdim, düşünürəm ki, mən sosialistəm, onlar hamısı mənim  həyatımın, işimin məqsədləridir, amma hələ ki onlar bunu bilmirlər. Bu mənim üçün bayramdır, müsyö.

Mənə sual dolu baxışlarla baxır, başımla təsdiqləyirəm, amma hiss edirəm ki, bir az narahatdır, daha çox həyacan istərdi. Amma mən nə edə bilərəm? Mənim günahım nədir ki, onun danışdıqlarının hamısında ötəri olaraq əvvəllər eşitdiyim fikirləri, oxuduğum sitatları tanıyıram? O boşboğazlıq edir, mənimsə gözlərimin qabağından tanıdığım bütün humanistlər cərgə ilə keçir. Mən onlardan çoxunu görmüşəm!

Radikal humanist- ilk növbədə məmurun dostudur. “Sol” humanistin ilk növbədə qayğısı insanlıq dəyərini saxlamaqdır; o heç bir partiyaya üzv olmur, çünki insanlıq dəyərlərinə xəyanət etmək istəmir, amma onun yazıqlara simpatiyası var; bədbəxt insanlara xidmət üçün o özünün möhtəşəm, klassik mədəniyyətini həsr edir. Həmişə olduğu kimi bu gözəl, həmişə yaşlı gözləri olan dul- büyün yubileylərdə ağlayır. O pişikləri, itləri, bütün ali məməliləri sevir.

Yazıçı-kommunist insanları ikinci beşillik plan vaxtından sevir. O onlara cəza verir, çünki onları sevir. Güclü xarakterə məxsus utancaqlıqla öz hisslərini gizlədə bilir, amma ədalətin amansız müdafiəçisi, baxışları, intonasiyası ilə qardaşlarına, yoldaşlarına olan möhkəm, incə, ehtiraslı sevgisini hiss etdirir. Humanist-katolik humanistlər ailəsinin sonbeşiyidir, insanlar haqqında heyranlıqla danışır. İstənilən sadə həyat, o deyir, london gəmi sahibinin həyatı və ya ayaqqabı fabrikinin işçisinin həyatı- sehirli nağıldır! O mələk humanizmini seçib, mələklərin məsləhəti ilə uzun, kədərli və gözəl romanlar yazır, belə əsərlər tez-tez “Femina” mükafatına layiq görülür.

Bunlar baş rollardakı aktyorlardı. Amma həm də onların kölgələri olan başqaları var: filosof-humanist, qardaşlarının qayğısına böyük kimi qalır və öz məsuliyyətini dərk edir; insanları olduqları kimi sevən humanist və insanları olmalı olduqları kimi sevən humanist; onları razılıqları ilə xilas edən humanist və onları iradələrinin əksinə, məcburən xilas edən humanist; yeni miflər yaratmaq istəyən və köhnələrlə kifayətlənənlər; insanda ölümü sevənlər və insanda həyatı sevənlər; şən humanist, mütləq həmişə güləcəyi bir hadisə tapır və kədərli humanist, belələrinə tez-tez dəfn mərasimlərində rast gəlmək olar. Onlar hamısı bir-birinə nifrət edirlər, əlbəttə insan kimi yox, fərd kimi yanaşanda. Amma Oxucu bunu bilmir: o onların hamısını bir yığına saldı, pişik kimi ümumi dəri kisənin içinə tıxışdırdı,- onlar orada bir-birini qanları çıxana qədər cırmaqlayırlar, amma o heç nə hiss etmir.

O indi mənə əvvəlki inamını itirmiş halda baxır.

-          Siz mənim hisslərimi bölüşmürsünüz, müsyö?

-          Aman allah…

Onun həyacanlı, bir az pərt olduğunu görüb hansısa anda yazığım gəldi ki, incitdim. Amma o davam edir:

-          Mən bilirəm,- siz araşdırmalarınızla, kitablarınızla məşğulsunuz, hansısa mənada siz də elə bu işə xidmət edirsiniz.

Mənim kitablarım, mənim araşdırmalarım, axmaq! Bundan böyük giclik edə bilməzdi.

-          Mən bunun üçün yazmıram.

Oxucunun üzü bir anda dəyişdi: elə bil ki, düşmən iyini hiss etdi, mən onun üzündə belə ifadə heç vaxt görməmişdim. Aramızda nə isə öldü.

-          Amma..üzr istəyirəm, sualımı qeyri-ciddi hesab etməsəniz, bilmək olar niyə yazırsınız, müsyö? – riyakar təəccüblə soruşur.

-          Hmm… bilmirəm, sadəcə yazmaq üçün.

Ona gülümsəməyə səbəb verdim, fikirləşir ki, məni utandırıb.

-          Məgər siz heç kimin olmadığı adada yazardınız? Məgər insanlar onları oxusunlar deyə yazmırlar?

O sadəcə adətində olduğu üçün ifadəni sual formasında verdi. Əslində bu təsdiqdir. Onu rəng kimi bürüyən ürəksizlik və yumşaqlıq bir anda itdi, mən daha onu tanımıram. Cizgilərində ağır inadkarlıq peyda oldu- bu möhkəm özünə əminlikdir. Hələ də təəccübdən özümə gəlməmiş eşidirəm deyir ki:

-          Qoy mənə desinlər: mən müəyyən sosial əhatə üçün yazıram, mən dostlarım üçün yazıram. Bunu başa düşə bilərəm. Bəlkə siz gələcək nəsillər üçün yazırsınız…Belə ya elə, müsyö, özünüzü inkar edərək siz mütləq kiminçünsə yazırsınız. – O cavab gözləyir. Cavab olmadığına görə də zəif-zəif gülümsəyir. Bəlkə siz mizantropsunuz (insanlardan nifrət edən) ?

Bilirəm bu ikiüzlü barışıq cəhdinin altında nə var. Ümumiyyətlə, o məndən sadəcə kiçik bir şey istəyir, özümə etiket yapışdırmağım, vəssalam. Amma bu tələdir, əgər razı olsam Oxucu qalib gələr; məni elə buradaca dəyişdirəcəklər, üzərimdə işləyəcəklər, axı humanizm bütün mümkün nəzər nöqtələrini bir yerə yığıb, axıda bilir. Humanizmlə mübahisə etmək onun əllərində oynamaq kimi bir şeydir, o əleyhdarlarının hesabına yaşayır. Əgər dəstə inadkar, əsl döyüşçü insanlardan ibarətdirsə, onlar hər dəfə insanpərvərliyi udurlarsa-  humanizm də onların ən qəddar qəzəblərini bişirəcək, ağ, köpüklü limfaya çevirəcək. O artıq antiintellektualizmi, manixeyliyi, mistisizmi, pessimizmi, anarxizmi, eqotizmi bişirib, onlar hamısı yarımçıq formaları ilə fikir inkişafının müxtəlif etaplarına çevriliblər, bütün bəraətlər ancaq humanizmdə olur.

Bu isti kompaniyada mizantroplar üçün də yer tapılacaq; mizantropiya ümumi harmoniya üçün vacib olan dissonansdan (ahəngsizlik, qarışıqlıq, uyğunsuzluq) başqa bir şey deyil. Mizantrop insandır, elə çıxır ki, humanist də hansısa halda mizantrop ola bilər. Amma bu elmli mizantropdur, o öz nifrətinin dozasını müəyyənləşdirməyi bilir, əvvəlcə o başlanğıc üçün insana nifrət edir ki, sonra sevmək asan olsun.

Amma mən istəmirəm ki, məni belə bir şeyə çevirsinlər, istəmirəm ki, gözəl, qırmızı qanımda bu limfa vəhşisi axsın, axmaqlıq etməyəcəm və özümü “antihumanist” kimi göstərməyəcəm. Mən sadəcə humanist deyiləm, bu qədər.

-          Mənə görə, – Oxucuya deyirəm, insanları sevmək mümkün olmadığı kimi nifrət etmək də mümkün deyil.

Oxucu mənə kənardan, himayədar baxışlarla baxır. Özündən xəbəri yox kimi pıçıldayır:

-          Onları sevmək lazımdır, onları sevmək lazımdır..

-          Kimi sevmək lazımdır? Burada oturan insanları?

-          Onları da. Hamını.

O par-par yanan gənc cütlüyə tərəf dönür- onları sevmək lazımdır. Sonra ağ saçlı cənaba baxır. Sonra baxışlarını mənə çevirir, üzündə lal sual oxuyuram. İnkar edərək başımı fırladıram: “Yox”. Mənə təəssüflə baxır.

-          Axı siz özünüz də,- qıcıqla deyirəm,- siz özünüz də onları sevmirsiniz.

-          Doğrudan, müsyö? Bəlkə icazə verəsiniz sizinlə razılaşmayım?

O yenə də dırnaqlarının ucuna qədər hörmətli oldu. Amma baxışları istehza ilə doludur, elə bil ki, onu güldürüblər. O mənə nifrət edir. Boş yerə bu manyaka qarşı hissiyyatlı davrandım.

-          Yəqin ki, siz arxanızda oturan bu iki gənci sevirsiniz, hə? Öz növbəmdə soruşuram.

O yenidən onlara baxır və fikirləşir.

-          Siz istəyirsiniz ki,- inamsızca başlayır,- məni məcbur edəsiniz ki, onları sevdiyimi deyim, halbuki onları qətiyyən tanımıram. Bəli, müsyö, etiraf edirəm, mən onları tanımıram… Sevginin özü elə də çox bilik tələb etmir,- özündən razı halda gülərək əlavə edir.

-          Yaxşı siz onda nəyi sevirsiniz?

-          Görürəm ki, gəncdirlər, onlardakı gəncliyi sevirəm. Elə bu qaydada başqa şeyləri də.- susub, dinləyir.- eşidirsiniz nə haqqında danışırlar?

Eşidirəm ki! Gənc kişi ətrafdakıların onlara qarşı yaxşı olmasından ruhlanıb bütün səsi ilə keçən il komandasının Havr klubunu udduğu futbol oyunundan danışır.

-          O hansısa hadisə danışır, Oxucuya deyirəm.

-          Eləmi! Mən isə sözləri seçə bilmirəm. Mən səs eşidirəm, incə, uca səs. Bu… bu necə də yaxşıdır.

-          Amma mən isə bədbəxtlikdən onların nə barədə danışdıqlarını da eşidirəm.

-          Hə nolsun?

-          O olsun ki, onlar komediya oynayırlar.

-          Doğrudan? Bəlkə gənclik komediyası? – istehza ilə deyir. – İcazə verin müsyö, komediya xeyirli şeydir. Orada rol almaq kifayətdir ki, yenidən onların yaşında olaq?

Onun istehzasına qarşı karam.

-          Onlara arxanızı dönüb oturmusunuz,- davam edirəm,- nə danışdıqlarını eşitmirsiniz. Deyin görüm, qadının saçları nə rəngdədir?

Utandı.


-          Saçları…- cəld gənclərə tərəf dönüb, yenidən əminliklə deyir.- qara

-          Bax görürsünüz?

-          Nəyi?

-          Onu ki, siz əslində bu iki nəfəsi sevmirsiniz. Çətin onları küçədə tanıyasınız. Sizin üçün onlar sadəcə simvollardır. Sizi onlar mütəəssir etmir, sizi İnsanlıq Gəncliyi, Qadın və Kişi arasında sevgi, İnsan Səsi təsirləndirir.

-          Hə nolsun, məgər bütün bunlar yoxdurlar?

-          Əlbəttə ki, yox! Nə gənclik, nə qocalıq, nə yetkinlik, nə də ölüm var…

Oxucunun üzü heyva kimi sərt və sarıdır. Mən isə davam edirəm.

-          Məsələn elə arxa tərəfinizdə oturmuş, Vişi suyu içən qocanı götürək. Belə hesab edirəm ki, siz onda yaşlı İnsanı sevirsiniz. Yaşlı insan cəsarətlə günün sonuna doğru irəliləyir və özünə baxır ki, çox düşməsin.

-          Tamamilə doğrudur, – meydan oxuyarcasına deyir.

-          Bəs görmürsünüz ki, o əclafdır?

Gülür, məni dəli hesab edir, cəld ağ saçların çərçivəsindəki gözəl üzə baxır.

-          Qoy olsun, müsyö, deyək ki, o belə təəssürat oyadır. Amma axı siz bir insan haqqında üzünə görə necə danışa bilərsiniz? İnsan dincələndə onun üzü heç nə demir.

Kor humanistlər! Bu üz açıq aydın çox şey danışır- amma üzün mənası heç vaxt onların mücərrəd ruhlarına çatmır ki, çatmır.

-          Axı siz necə, – Oxucu davam edir,- insana baxıb deyə bilərsiniz ki, bu adam budur, ya budur? Kim insanı xərcləyə bilər? Kim onun bütün ruhi zənginliyini duya bilər?

İnsanı xərcləmək! Katolik humanizmi qarşısında şlyapamı çıxarıram, Oxucu özü də hiss etmədən bu formaya uyğunlaşıb.

-          Bilirəm,- deyirəm. – Bilirəm ki, bütün insanlar tərifə layiqdir. Siz də tərifəlayiqsiniz. Mən də tərifəlayiqəm. Əlbəttə, Allahın yaratdığı varlıqlar olaraq.

O başa düşməyib, mənə baxır.

-     Siz əlbəttə zarafat edirsiniz, müsyö,- bir qədər keçmiş bic-bic gülüb deyir. – Amma insanlar həqiqətən də tərifə layiqdirlər. Çətindir, müsyö, insan olmaq çox çətindir.

Özü də hiss etmədən İsanın simasında sevgidən uzaqlaşıb. Başını yellədir və mimikanın möhtəşən qanununa uyğun olaraq yazıq Heennoya oxşayır.

-       Bağışlayın,- deyirəm,- amma belə olan halda mən əmin deyiləm ki, mən insanam. Heç vaxt hiss etməmişəm ki, insan olmaq çətindir. Həmişə fikirləşmişəm ki, özün üçün yaşamaq lazımdır.

Oxucu ürəkdən gülür, amma gözləri hələ də acıqlıdır.

-    Siz həddindən artıq ciddisiniz, müsyö. Öz nəsibinizi- insanlıq nəsibinizi daşımaq üçün gərək digərləri, hamı kimi böyük cəsarət ehtiyatınız olsun. İstənilən an sizin ölüm anınız ola bilər, bunu bilərək siz gülümsəyə bilməlisiniz. Məgər bu tərifəlayiq deyil? Hər bir kiçik hərəkətinizdə, – acı-acı əlavə etdi,- eşidilməmiş qəhrəmanlıq yatır.

-          Desertdə nə olacaq, müsyö? – ofisiant soruşur.

Oxucu təbaşir kimi ağdır, donuq gözlərinin üstündəki göz qapaqları yarı açıqdır. O zəif-zəif əlini tərpədir, məni seçim etməyə dəvət edir.

-          Pendir, – öz qəhrəmanlığımı köməyə çağırıb qərar verirəm.

-          Bəs müsyö?

Onu silkələyirlər.

-          Nə? Hə- mənə heç nə. Yedim bitirdim.

-          Luiza!

İki kök kişi hesabı ödəyib gedirlər. Biri ayağını çəkir. Sahib onları qapıya qədər ötürür, onlar vacib müştərilərdir, onlara buzlu vedrədə şərab veriblər.

Vicdan əzabı ilə Oxucuya baxıram, bütün həftəni həvəslə bu naharı gözləyirdi ki, digərləri ilə insanlara olan sevgisini bölüşsün. O çox nadir hallarda danışır. Bu da ona nahar- bütün zövqünü pozdum. Mahiyyətinə görə o da mənim kimi yalnızdır,- heç kimin onunla işi yoxdur. Düzdür, o özünə yalnızlığını etiraf etmir. Amma nə edim, mən ki onun gözlərini açası deyiləm. Özümdə deyiləm, hirsliyəm, düzdür ona deyil, Virqana və onun kimilərinə ki, belə yazıq beyinləri zəhərləyirlər. İndi qarşımda olsaydılar deməli çox sözüm var. Amma Oxucuya heç nə deməyəcəm. Ona qarşı sadəcə simpatiyam var- o da bizim qardaşımız müsyö Axill kimidir, xeyirxahlıqdan, bilməməzlikdən belə edir!

Oxucunun gülüşü məni qaranlıq fikirlərimdən çıxarır.

-  Üzr istəyirəm, insanlara sevgimin dərinliyi haqqında, məni onlara necə möhkəm bağların bağladığı haqqında düşünəndə, sonra sizinlə burada ikimizin necə oturduğuna, mübahisə edib, sübut etdiyimizə baxanda… məni gülmək tutur.

Susuram, özümü gülümsəməyə məcbur edirəm. Ofisiant qız boşqabda kamamber təbaşirinə oxşayan pendir tikəsi gətirir. Zala baxıram və birdən məni  dəhşətli nifrət basır. Mən burada nə edirəm? Axı nəyə görə humanizm barədə mübahisəyə girdim? Bu insanlar niyə burdadırlar? Niyə yeyirlər? Düzdür, onlar bilmirlər ki, mövcuddurlar. Buradan getmək, öz yerimdə olmaq, öz yerim bildiyim bir yerə getmək istəyirəm. Amma belə bir yer yoxdur, mən artığam.

Oxucu yumşalır. Mənim tərəfimdən daha inadkar müdafiədən ehtiyat edir. Dediyim hər şeyi unutmağa hazırdır.

-  Qəlbinizin dərinliyində siz onları sevirsiniz, müsyö,- mənə tərəf inamla əyilib deyir,- onları mən sevdiyim kimi sevirsiniz. Biz sadəcə sözdə fərqlənirik.

Daha danışası halda deyiləm, başımı aşağı salıram. Oxucunun üzü mənimkinə yaxınlaşıb. Dəhşətli yuxularda olduğu kimi özündən razı halda düz üzümə gülümsəyir. Əziyyətlə çörək tikəsini çeynəyirəm, udmağa qərar verə bilmirəm. İnsanlar. İnsanları sevmək lazımdır. İnsanlar tərifəlayiqdirlər. İndi yəqin qusacam və birdən, budur o, ürək bulantısı.

Ağır sudurğa- hər yerim əsir. Artıq bir saatdır onun gəlişini hiss edirdim amma özümə etiraf etmək istəmirdim. Ağzımdakı pendirin dadı… Oxucu nəsə mırıldayır, onun səsi ağır-ağır qulaqlarımda uğuldayır. Amma daha nə danışdığını eşitmirəm. Avtomat kimi təsdiqləyirəm. Əlim desert bıçağını sıxır. Qara, taxta dəstəyi hiss edirəm. Onu mənim əlim tutub. Mənim əlim. Şəxsən bıçağa toxunmamağı üstün tutardım, axı niyə həmişə nəyəsə toxunmaq lazımdır? Əşyalar onlara toxunmaq üçün yaradılmayıblar. Gərək çalışasan onların arasından onlara toxunmadan, əzmədən sürüşəsən. Bəzən onlardan hansınısa əlinə alırsan və sonra tələsirsən ki, ondan canını qurtarasan. Bıçaq boşqaba düşür. Bu səsdən ağ saçlı cənab diksinib, mənə baxır. Yenidən bıçağı götürürəm, iti yerini stola sıxıram, qatlayıram.

Hə, deməli ürək bulantısı məhz bu imiş, deməli o gözlərdəki aydınlıq imiş? Mən isə baş sındırırdım! O qədər yazı da yazdım! İndi mən bilirəm: mən varam, dünya var, mən bilirəm ki, dünya var. Vəssalam. Amma bu vecimə deyil. Qəribədir ki, heç nə vecimə deyil, bu məni qorxudur. Bu isə çaydaşını suya atmaq istədiyim həmin pis gündən başlayıb. Mən daşı atmağa hazırlaşırdım, ona baxdım və hər şey başladı: hiss etdim ki, daş mövcuddur. Bundan sonra ürək bulantısı bir neçə dəfə təkrarlandı: bəzən əşyalar əlimdə mövcud olmağa başladı. Sudurğa “Dəmiryolçuların sığınacağında”, ona qədər bir dəfə gecə pəncərədən baxanda, sonra baxar günü şəhər parkında və daha bir neçə dəfə tutmuşdu. Amma bu günki kimi dəhşətli heç vaxt olmamışdı.

-… Qədim Romada.., müsyö

Deyəsən Oxucu nə isə soruşur. Ona tərəf dönüb gülümsəyirəm. Nolub? Ona nolub? Niyə stuluna qısıldı? Deməli artıq məndən qorxurlar? Bununla bitməli idi. Yenə də heç nə vecimə deyil. Yeri gəlmişkən, onlar məndən boş yerə qorxmurlar, mən nə desən törədə bilərəm. Məsələn, elə bu meyvə bıçağını Oxucunun gözünə soxa bilərəm. Bundan sonra ətrafdakı insanlar məni ayaqlamaq üçün qalxacaqlar, botinkaları ilə dişlərimi sındıracaqlar. Amma məni bu saxlamır, pendirin dadı əvəzinə ağzımda qan dadı hiss edəcəm ki, bunların arasında elə bir fərq yoxdur. Amma hansısa hərəkət etmək lazımdır, lazımsız hadisələri həyata çağırmalıyram- axı Oxucunun qışqırtısı, yanağından axacaq qan, insanların yerlərindən durmaları artıq şeydir, onsuz da mövcud olan əşyalar bəs edir.

Ətrafdakılar mənə baxırlar; iki gəncliyin tam səlahiyyətli nümayəndəsi incə söhbətlərini kəsiblər. Qadının açıq ağzı toyuğun götünü xatırladır. Eyni zamanda deyəsən başa düşürlər ki, heç bir təhlükə gözlənilmir.

Qalxıram, ətrafımdakı hər şey fırlanır. Oxucu deşmədiyim böyük gözlərini mənə zilləyib.

-          Siz gedirsiniz?- mızıldanır.

-          Bir az yorğunam. Yeməyə görə təşəkkür edirəm. Hələlik.

Elə buradaca hiss edirəm ki, sol əlimdə hələ də desert bıçağını tutmuşam. Onu boşqaba tullayıram, boşqab cingildəyir. Qəbir sükutu içində zaldan keçirəm. Onlar yeməklərini dayandırıblar, mənə baxırlar, iştahları qaçıb. Əgər gənc qadına yaxınlaşıb “uh!” qışqırsam o yəqin ki fəryad qoparar. Amma əziyyətə dəymir.

Amma yenə də çıxmamışdan qabaq üzümü onlara çevirirəm ki, yadlarında qalım.

-          Hələlik xanımlar və cənablar.

Onlar cavab vermirlər və mən çıxıram. İndi onların yanaqlarına qızartı qayıdacaq və dillərini işlətməyə başlayacaqlar.

Hara gedim bilmirəm. Kartondan aşbazın yanında dayanmışam. Dönməyə ehtiyacım yoxdur, belə də bilirəm ki, onlar şüşənin arxasından mənə baxırlar- təəccüb və iyrənərək kürəyimə baxırlar, onlar elə bilirdilər ki, mən də onlar kimiyəm, amma mən onları aldatdım. Birdən insanlıq görünüşümü itirdim, onlar geri-geri insanlıq zalından çıxan krabı gördülər. İndi yalançı insancığaz ifşa edilib və teatr davam edir. Kürəyimdə qorxmuş baxışlar və düşüncələr hiss edirəm və bu məni qıcıqlandırır. Küçənin o biri tərəfinə keçirəm. Bu səki çimərliyə və hamam kabinələrinə aparır.

Adamlar sahildə gəzilər, çoxdurlar, onlar dənizdə yaz, poetik sifət kimi baxırlar: günəşə görədir, bu onların bayramıdır. Bax o qadın, açıq rəngli, keçən yazdan qalma paltarını geyinib- uzun ağ fiqurlar dəri əlcəklərə oxşayır; bax oğlanlar, onlar ticarət məktəbinə gedirlər; bu da qocalar, sinələrinə orden lentlərini vurublar. Onlar bir-biri ilə tanış deyillər, amma bir-birinə müttəfiq kimi baxırlar, çünki hava yaxşıdır və onlar hamısı insanlardırlar. Müharibə elan olunanda tanış olmayan adamlar bir-biri ilə qucaqlaşırlar, yeni baharın gəlişi münasibəti ilə bir-birini təbəssümə qərq edirlər. Yavaş addımlarla keşiş yaxınlaşır, dua oxumağa başı qarışıb. Bəzən başını qaldırıb dənizə baxır: dəniz də duaçıdır axı, o Allahdan xəbər verir. Yüngül rənglər, yüngül ətirlər, bahar ruhları. “Hava gözəldir, dəniz yaşıldır, mənim üçünsə bax bu quru qoyuq nəmlikdən daha xoşdur”. Şairlər! Bir dəfə cəhd edib paltolarının ətəyindən yapışıb, desəm ki “Mənə kömək edin!”- düşünəcək ki: bu nə krabdır və paltosunu əlimdə qoyub gedəcək.

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə