Jan Pol Sartr Ürək bulantısı Roman




Yüklə 0.82 Mb.
səhifə6/12
tarix25.04.2016
ölçüsü0.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12


Every night i dream a little dream[i]

Birdən alçaq, xırıltılı səs çıxır və dünya itir, mövcudluq dünyası itir. Bu səs qadın bədəninə məxsus idi. Ən gözəl paltarını geyinərək plastinka qarşısında oturmuşdu və onun səsini yazırdılar. Qadın? Tamamlıq! O da mənim kimi, Rolbon kimi mövcuddur, onu tanımaq istəmirəm. Amma bir şey var ki, onun haqqında danışmaq olmaz: o mövcuddur. Fırlanan plastinka var, titrəyən səslə kəsilən hava var, plastinkada izlər qoyan səs mövcuddur. Mən dinləyiciyəm, mövcudam. Hər şey doludur, hər yerdə ağır, yumşaq mövcudluq var. Amma bütün bu  yumşaqlığın digər tərəfində, lap yaxında, aydın, yaşlı, amansız və sakit bir şey də var: bu… bu dəqiqlikdir.

 

Çərşənbə axşamı



Yenilik yoxdur. Mövcud oldum.

 

Çərşənbə.



 

Kağız süfrədə günəş halqası var. Halqa ilə əzgin milçək sürünür, özünü isidir, bir pəncəsini digərinə sürtür. Ona xidmət edəcəm, əzəcəm. Başının üstündə günəşdə parıldayan qızılı tükləri olan nəhəng baş barmağın olduğunu görmür,

-       Onu öldürməyin, müsyö- Oxucu qışqırır.

Parçalandı. Qarnından balaca, ağ içalat çıxır; mən onu mövcudluğundan xilas etdim.

-      Ona kömək etdim, – Oxucuya quru-quru cavab verirəm.

Mən niyə burdayam? Niyə də burada olmayım? Günortadır, gözləyirəm ki, yatmaq vaxtı gəlsin. (Xoşbəxtlikdən yuxusuzluğum yoxdu). Dörd gündən sonra Annini görəcəm; Bu gün üçün həyatımın yeganə mənası budur. Sonra nolacaq? Anni gedəndən sonra nolacaq? Çox əla bilirəm ki, əslində ümid edirəm o daha heç vaxt məni tərk etməyəcək. Amma əslində mən ki bilirəm Anni heç vaxt gözlərimin qabağında qocalmağa razı olmaz. Mən zəif və təkəm, ona ehtiyacım var. Əslində isə onun qarşısında bütün gücümlə dayanmaq istərdim. Yazıq zəiflərə qarşı Anni amansızdır.

-          Sizə nə olub müsyö? Özünüzü pis hiss edirsiniz?

Oxucu yanımdan mənə baxır, gözləri gülür. Ağzı açıqdır, təngnəfəs itlər kimi nəfəs alır. Etiraf edirəm bu səhər onu görəndə az qala sevinmişdim. Mənə söhbət edəcəyim adam lazım idi.

-     Mən çox xoşbəxtəm ki, mənimlə nahar edirsiniz, – o deyir. – üşüyürsünüzsə qızdırıcıya yaxın oturaq. Baxın, o cənablar artıq gedirlər, hesabı istədilər.

Kimsə mənim qayğıma qalır, üşüyüb-üşümədiyimi soruşur, mən başqa bir adamla danışıram, belə bir şey artıq neçə illərdir olmamışdı.

-       Onlar gedirlər. İstəyirsinizsə onların yerində oturaq?

İki cənab siqaret çəkirdi. Onlar çıxdılar, artıq təmiz havada, günəşdədirlər. Onlar iki əlləri ilə şlyapalarını tutub, geniş pəncərələrin yanından keçirlər. Gülürlər, külək plaşlarını şişirdir. Yox, yerimi dəyişmək istəmirəm. Niyə? Özü də şüşənin ardından hamam kabinetlərinin ağ damları arasından yaşıl, dalğalı dənizi görürəm.

Oxucu portmanetindən iki bənövşəyi, karton düzbucaqlı çıxardı. İndi onları kassaya verəcək. Birinin üstündən oxuyuram:

“Bottane firması, ev mətbəxi

Kompleks nahar 8 frank.

Qəlyanaltı seçimlədir.

Qarnirli ət yeməyi

Pendir və ya desert.

20 talon- 140 frank .”

İndi qapının yanında, yumru stolda oturan adamı tanıdım,- bu kommivoyajerdi, o tez-tez “Prentaniya” otelində qalır. Bəzən diqqətli, gülümsəyən nəzərlərini mənə zilləyir- amma o məni görmür, həddindən artıq yediyinə dalıb. Kassanın digər tərəfində qırmızı sifətli, yekəpər iki müştəri oturub, onlar ağ şərabla midiy yeyirlər. Sarı, incə bığlı, alçaq boylu olanı özünün xoşuna gələn hansısa hadisəni danışır. Arabir fasilə edib, gözqamaşdıran dişlərini göstərib gülür. İkincisi gülmür, baxışları sərtdir. Amma bəzən danışana tərəf baxıb, başı ilə təsdiq edir. Pəncərənin yanında arıq, qarabuğdayı, xeyirxah üzlü və alnından arxaya daradığı gözəl ağ saçlı adam fikirli- fikirli qəzet oxuyur.

Dəri portfeli yanındakı stulun üstünə qoyub. Vişi mineral suyunu içir. Bir az sonra bütün bu adamlar kafedən çıxacaqlar; yediklərindən ağırlaşmış, dəniz küləyi ilə sovrulub, yellənən ətəkli plaşları ilə, yüngülcə səs küy salıb, başlarında yüngül dumanla səki ilə gedəcəklər, sahildəki uşaqlara, dənizdəki gəmilərə baxacaqlar, onlar işə gedəcəklər. Mən isə heç yerə getməyəcəm, mənim işim yoxdur. Oxucu sadəliklə gülür, günəşin şüaları onun çox az saçlarında oynayır.

-          Sifariş verərdiniz?

Menyunu mənə verur; bu qəlyanaltıların birini seçməyə haqqım var: beş dilim kolbasa və ya qırmızı turp, krevet və ya istiotlu souslu kərəviz salatı. Burqund üslubunda hazırlanmış ilbiz üçün ödəniş etməlisən.

-          Mənə kolbasa verin,- ofisianta deyirəm.

Oxucu kartı məndən alır.

-          Yəni daha yaxşı heç nə yoxdur? Məsələn, burqund formalı ilbiz?

-          Mən ilbiz xoşlamıram.

-          Aha! Bəs istridyə necə?

-          Onlar üçün dörd frank ödəməlisiniz, – ofisiant deyir.

-          Yaxşı, onda istridyə mademuazel, mənə isə qırmızı turp. – Qızararaq mənə izah edir: – mən turp çox xoşlayıram.

Mən də.

-          Sonra nə?- soruşur.



Ət yeməkləri menyusuna baxıram. Buğda bişirilmiş ət istərdim. Amma əvvəlcədən bilirəm ki, mənə cücə düşəcək, yeganə yeməkdir ki, onu ödəmək lazımdır.

- Cücə mənə isə buğda bişirilmiş ət, mademuazel.

Oxucu səhifəni çevirir, növbəti səhifədə şərab siyahısı var.

- Şərab içək- təntənsiz səslə deyir.

- Hey, sən,- ofisiant deyir. – bu gün gəzirsiz? Siz ki heç vaxt içki içmirsiz.

- Bir stəkan şərab istənilən halda xeyirdi. Zəhmət olmasa, mademuazel, bir bardaq çəhrayı anjuan.

Oxucu məni kənara qoyub, çörəkdən öz payını kəsir, xıra hissələrə bölür, öz boşqabını salfetlə silir. Sonra ağ saçlı, qəzet oxuyan adama baxır.

- Adətən, – o gülümsəyib mənə deyir, – bura kitabla gəlirəm. Düzdür, həkim məsləhət görmür, oxuyanda yeməyi çeynəmədən çox tələsik udursan. Amma mənim mədəm dəmirdəndir, hər şeyi həzm edə bilər. 1917-ci ilin qışında əsir düşəndə bizi o qədər pis yemləyirdilər ki, hamı xəstə idi. Mən də əlbəttə hamı kimi xəstə düşmüşdüm, amma əslində özümü lap əla hiss edirdim.

O müharibədə əsir olub. Heç vaxt bu barədə danışmayıb. Heç cür yadıma sala bilmirəm, mən onu ancaq Oxucu kimi təsəvvür edə bilirəm.

-          Harda əsir düşmüşdüz?

Cavab vermir. Çəngəlini kənara qoyub mənə qəribə baxışlarla zilləndi. İndi mənə öz problemi barədə danışacaq, yadıma düşdü ki, kitabxanada işləri nəsə düz gətirmir. Bütün diqqətimi cəmləmişəm: başqasının problemini hiss etmək, bundan yaxşı heç nə yoxdur, diqqətimi yayındırar. Mənim heç bir problemim yoxdur- rentaçı kimi zənginəm, rəhbərliyim yoxdur, arvadım uşaqlarım yoxdur; mən varlığam- yeganə problemim bax budur. Amma bu problem o qədər dağınıq, metafizik yayqındır ki, ondan utanıram.

Amma deyəsən Oxucu danışmağa hazırlaşmır. O mənə necə qəribə baxışlarla baxdı: bu baxış görmək üçün baxılan baxış deyil, daha çox ruhların əlaqəsi üçün vasitədir. Oxucunun ruhu düz gözəl gözlərinə qədər qalxdı və oradan baxır. Qoy mənimki də eyni cür davransın, burnunu şüşəyə söykəsin və hər ikisi maraqlarını bölüşsünlər.

Yox, mən ruhların münasibətini istəmirəm, hələ ora gedib çatmamışam. Mən geri gedirəm. Amma Oxucu baxışlarını məndən çəkməyib, bütün sinəsini stola söykəyib. Xoşbəxtlikdən ofisiant ona turp gətirdi. O yenidən stula söykəndi, ruhu gözlərində gizləndi və o sakitcə yemək yeməyə başladı.

-          Hə noldu, problemlərinizi həll etdiniz?

O diksinir.

-          Hansı problemlərim müsyö?- qorxu ilə soruşur.

-          Necə yadınıza düşmür, təzəlikcə mənə özünüz dediniz ki…

Yüngülcə qızarır.

-      Həəə, onu deyirsiniz, – quru-quru deyir. – Hə, doğrudan da demişdim. Hər şeyi korsikalı edir, müsyö. Kitabxanadakı korsikalı. – Bir anlıq inadkar keçi kimi dirənir.- bunlar hamısı dedi-qodudur, müsyö, sizi narahat etmək istəməzdim.

İnad etmirəm. Hədsiz sürətlə yemək yeyir, düzdür ona baxsan belə deməzdin. Mənə istridyə gətirəndə o artıq turpu bitirmişdi. Onun boşqabında yaşıl quyruqlar və nəm duz yığını qalmışdı.

Küçədə, menyu qoyulmuş vitrinin qarşısında cütlük dayanır- kartondakı aşbaz sol əli ilə menyunu göstərir ( sağ əlində tava tutub). Onlar qərar verə bilmirlər. Qadın donur, çənəsini xəz yaxalığına salır. Gənc kişi birinci qərar verir.  Qapını açıb, qadını içəri buraxır.

O daxi olur. Ətrafa mehriban baxış atıb, canlanır.

-          Necə istidir, – sinədən gələn səslə deyir.

Gənc kişi giriş qapısını bağlayıb deyir.

-          Salam.

Oxucu dönür və mehribanlıqla gəncin salamını alır. Digər müştərilər susurlar, amma xoşsimalı cənab yüngülcə qəzeti aşağı salıb gələnlərə baxır.

-          Təşəkkür edirəm, narahat olmayın.

Ofisiant qız paltolarını soyunmağa kömək etmək üçün gələnlərə tərəf atılanda gənc kişi artıq paltosunu yüngülcə soyunmuşdu. Pencək geyinməyib, əynində dəri kurtka var. Bir az narahat olmuş ofisiant qadına tərəf dönür. Burada da onu qabaqlamış gənc yüngül, xoş və dəqiq hərəkətlərlə yoldaşına paltosunu soyunmağa kömək edir. Onlar üzbəüz, bizim yanımızda otururlar. Deyəsən hələ təzə tanış olublar. Gənc qadının yorğun, təmiz və yüngülcə incimiz üzü var. Qəfil şlyapasını çıxarıb, gülümsəyərək qara saçlarını silkələyir.

Oxucu xoş baxışlarla uzun müddət onlara baxdı, sonra mənə tərəf dönüb göz vurdu, sanki demək istəyirdi: “Necə gözəl cütlükdür, elə deyil?”

Onlar çirkin deyillər. Susurlar, xoşbəxtdirlər ki, birlikdədirlər, xoşbəxtdirlər ki, onları birlikdə görürlər. Keçmişdə bəzən Anni ilə Pikkadillidə hansısa restorana girəndə hiss edirdik ki bizə mütəəssir baxışlar zillənib. Bu Annini əsəbləşdirirdi, amma düzünü desəm mən yüngülcə fəxr edirdim. Ən əsası təəccüblənirdim. Mən heç vaxt bu gənc kimi səliqəli və təmizkar olmamışdım, bu ona çox yaraşır. Heç kimisə mütəəssir edəcək qədər çirkin də deyildim. Sadəcə gənc idik, indi mən başqasının gəncliyindən riqqətə gəlmə yaşındayam. Amma mən mütəəssir deyiləm. Qadının yumşaq, qara gözləri var. Gəncin dərisi narıncıya çalır, bir az nahamardır və çox xoş, iradəli, balaca çənəsi var. Düzdür onlar məni təsirləndirir amma həm də haradasa onlardan iyrənirəm. Onlar məndən necə də  uzaqdadırlar, istidə dincəlirlər, ürəklərində ümumi, şirin arzu daşıyırlar. Özlərini yaxşı hiss edirlər, bu sarı divarlara, insanlara inamla baxırlar, onlar dünyanı olduğu kimi xoşlayırlar, hər biri hələ ki həyatının mənasını digərində görür. Tezliklə onların bir həyatı olacaq, sakit, isti, mənasız- amma onlar bunu hiss etməyəcəklər.

Bir-birinə qarşı hələ ki, cəsarətsizdirlər. Nəhayət gənc yöndəmsiz, qərarlı hərəkətlə rəfiqəsinin barmaqlarının ucundan tutur. O ürəklənir və hər ikisi menyuya tərəf əyilirlər. Hə, onlar xoşbəxtdirlər. Hə nolsun? Sonra?

Oxucu hiyləgərcəsinə və sirli görünüşlə özünə baxdı.

-          Mən sizi srağagün gördüm.

-          Harada?

-          Ha-ha,- şərəflə gülür.

Bir az fasilə verib,  izah edir.

-          Siz muzeydən çıxırdınız.

-          Həə, düzdür,- deyirəm. – Amma srağagün yox, şənbə günü.

Srağagün dəqiq muzeydə gəzəsi halda deyildim.

-          “Orsininin oğurlanması”- nın məşhur ağac surətini gördünüz?

-          Yox, bilmirəm.

-          Yəni bu ola bilər? O balaca zalda, girişdən sağ tərəfdədir. Kommunarın işidir, amnistiyaya qədər Buvildə yaşayıb, çardaqda gizlənirmiş. O ümid edirmiş ki, Amerikaya gedən paraxoda minər, amma buranın limanlarında polis öz işini bilir. Əla insandır. Darıxdığından böyük odunu yonmağa başlayıb. Heç bir aləti yox imiş- ancaq cib bıçağı və dırnaq üçün kiçik mişar. Odunun ölçüsü əlli metr olarmış, bütöv hissədən yonub. Orada yetmiş personaj çəkilib, imperatorun karetasına birləşdirilmiş iki atı saymasaq hər biri mənim ovcum boyda olar. Onların üzü isə, müsyö, dırnaqyonanla hamarlanıb, hər birinin öz ifadəsi var, elə bil ki, canlıdırlar. Üzr istəyirəm, müsyö, amma özümdə cəsarət tapıb deyirəm ki, bu yaradıcılığı görmək lazımdır.

Heç nə söz vermək niyyətində deyiləm.

-          Sadəcə bir dəfə də Bordyurenin şəkillərinə baxmaq istədim.

Oxucu birdən kədərləndi.

-          Portretlər hələ də böyük zaldan asılıb? Yazıq təbəssümlə soruşur. – mən yaradıcılıqdan heç nə anlamıram, müsyö. Əlbəttə bilirəm ki, Bordyuren böyük rəssamdır, fırça ilə davrana bilir, necə deyərlər, yaradıcı gözləri var, amma mən müsyö, estetik həzz almıram.

-          Bax, mən də heykəltəraşlığa qarşı soyuqqanlıyam, – deyirəm.

-          Ah, müsyö, eynən, mən də eləyəm. Musiqiyə, baletə qarşı. Axı mən heç də savadsız adam deyiləm.Başa düşmürəm, məsələ nədədir: mən gənclər görmüşəm ki, mənim bildiklərimin yarısını da bilmirlər, amma görünür ki, şəkil qarşısında dayananda həzz alırlar.

-          Yəqin özlərini elə göstərirlər, – onu sakitləşdirmək üçün deyirəm.

-          Ola bilər… Məni axmaq yerinə qoyurlar, – bir qədər fikirləşəndən sonra deyir.- əsas məsələ onda deyil ki, mən həzz almaqdan məhrumam, əsas məsələ odur ki, insan  fəaliyyəti mənə yaddır. Axı mən insanam, şəkilləri də insanlar çəkir…

-         Müsyö, – birdən dəyişmiş səslə deyir- bir dəfə mən fikirləşdim ki, gözəllik sadəcə zövq məsələsidir. Məgər hər bir dövr öz gözəllik üsullarını yaratmamışdı? İcazə verirsiniz, müsyö?

Təəccüblə cibindən qara dəri cildli qeyd kitabçasını çıxarmasına baxıram. Onu vərəqləməyə başlayır. Kitabçada çoxlu təmiz səhifələr var, amma arabir qırmızı mürəkkəblə yazılmış sətirlərə rast gəlmək olur. Oxucu təbaşir kimi ağdır.

Kitabçanı stolun üstünə qoyub, geniş ovcu ilə üstünü bağladı. Utancaq-utancaq öskürüb, dedi:

-       Bəzən mənim başıma müxtəlif- mən onları fikir adlandırmağa cəsarət etmirəm- qəribə şeylərr gəlir- baxın, otururam, oxuyuram birdən özüm də bilmirəm necə olur elə bil ki, beynim işıqlanır. Əvvəlcə buna fikir vermədim, sonra qeyd kitabçası almağa qərar verdim.

Səsini kəsib, mənə baxdı. Gözləyir.

-          Həəə, belə deyin!- deyirəm.

-    Əlbəttə bütün bunlar son deyil, müsyö. Mənim təhsilim hələ bitməyib.- Əlləri əsə-əsə kitabçanı götürür, ürəyinin dərinliyinə qədər həyacanlanıb. – Bax elə bu da incəsənət haqqındadır. Oxumağa icazə versəniz çox xoşbəxt olardım.

-          Böyük məmnuniyyətlə,- deyirəm.

Oxuyur:

“Artıq heç kəs XVIII əsrdə həqiqət saydıqlarına inanmır. Axı niyə onların gözəl hesab etdikləri əsərdən biz hələ də zövq almalıyıq?”



Yalvarıcı baxışlarla mənə baxır.

-          Necədir, müsyö? Bəlkə bir az ziddiyyətlidir, hə? Amma fikirləşdim ki, öz düşüncələrimi sərt şəkildə verə bilərəm.

-          Hmm… necə deyim, məncə çox maraqlıdır.

-          Siz haradasa belə fikirlərə rast gəlmisiniz?

-          Əlbəttə ki, yox.

-          Doğrudan? Heç vaxt rast gəlməmisiniz? Bəlkə də, müsyö,- qaşqabaqlı deyir, – bu fikir düz deyil. Əgər düz olsaydı indiyə qədər kiminsə ağlına gələrdi.

-          Dayanın, deyirəm,- deyəsən yadıma gəlir ki, haradasa belə bir şey oxumuşdum.

Gözləri parıldayır, karandaşını çıxarır.

-          Hansı müəllifdə? – işgüzarcasına soruşur.

-          Hmm… Re…Renanda

Göyün yeddinci qatındadır.

-          Xahiş edirəm, mənə dəqiq deyin, harada deyilib,- karandaşın ucunu tüpürcəkləyib, soruşur.

-          İndi yadıma düşmür, – çoxdan oxumuşam.

-          Həə, eybi yoxdur, eybi yoxdur.

Kitabçasına Renanın adını yazır.

-          Həə, deməli mənim fikirlərim Renanla üst-üstə düşür. Hələ ki onun adını karandaşla yazdım, sevincək deyir,- amma axşam onu qırmızı mürəkkəblə yenidən yazacam.

Bir dəqiqəlik kitabçasını nəzərdən keçirir, gözləyirəm ki, onun daha bir aforizmini eşitməli olacam. Amma ehtiyatla kitabçanı örtüb, cibinə qoyur. Şübhəsiz, hesab edir ki, bir dəfəlik xoşbəxtliyi tamamilə kifayətdir.

- Arabir bax belə ürəkdən söhbət etmək,- inamlı tonla danışır,- necə də xoşdur.

Bu ifadə, bildiyim kimi onsuz da ölmüş söhbətimizi təmiz bağladı. Uzun səssizlik çökür.

Gənc cütlük restorana gələndən buranın havası dəyişmişdi. İki qırmızısifə gənc susmuşdular: onlar sakitcə gənc qadının gözəlliyini seyr edirdilər. Xoşsifət cənab qəzeti kənara qoyub, gənc cütlüyə təkəbbürlü hətta bir az müttəfiq baxışlarla baxırdı. O düşünür ki, qocalıq müdriklikdi, gənclik gözəldir, arabir bic-bic başını yellədir: çox gözəl bilir ki, hələ də yaxşı görünür, yaxşı qalıb və qarabuğdayı üzü, boy-buxunlu fiqurası ilə hələ də cəlb edə bilir. Ata rolunu oynamaq xoşuna gəlir. Ofisiantın hissləri çox sadədir- gənclərin qarşısında ağzı açıq halda donub.

Gənc cütlük asta-asta danışırlar. Onlara qəlyanaltı  veriblər, onlar isə hələ heç toxunmayıblar. Diqqətimi cəmləyib danışdıqlarından qısa ifadələr tutmağa çalışıram. Sinədən gələn səslə danışan qadını daha yaxşı eşidə bilirəm.

-          Yox, Jan, yox.

-          Axı niyə, yox? – Ehtiraslı səbirsizliklə gənc pıçıldayır.

-          Mən artıq sizə demişəm.

-          Bu səbəb deyil.

Bir neçə söz buraxdım. Sonra gənc qadın möhtəşəm yorğun jest edir.

-          Mən çox çalışdım. Artıq o yaşda deyiləm ki, həyatımda hər şeyi yenidən başlayım. Başa düşün, mən artıq qocayam.

Gənc kişi istehza ilə gülür.

-          Mən bacarmaram- davam edir,- narahatlıq… gətirə bilmərəm.

-          İnanmaq lazımdır, – gənc əminliklə deyir.- siz axı indi yaşamırsınız.

-          Bilirəm,- qadın ah çəkir.

-          Janettaya baxın.

-          Hə,- üzünü turşudur.

-          Məncə o gözəl iş gördü. Əsl cəsarət göstərdi.

-          Mən isə hesab edirəm ki, – gənc qadın deyir,- o sadəcə şansını itirmək istəmədi. Düzünü desəm istəsəydim mənim əlimdə yüzlərlə belə şans ola bilərdi. Amma mən gözləməyi üstün tutdum.

-          Düz etdiniz,- kişi nəvazişlə deyir,- düz etdiniz ki, məni gözlədiniz.

İndi qadın gülür.

-          Necə də əminlik! Mən bunu heç də demədim.

Ardına qulaq asmadım. Onlar məni qıcıqlandırırlar. Onlar yatacaqlar. Özləri də bilirlər. Hər biri də bilir ki, digəri bunu bilir. Amma onlar gənc, əxlaqlı, ləyaqətli olduqlarına görə, hər biri özünə və qarşısındakına hörməti saxlamaq istədiyinə görə, sevgi nə isə böyük, şairanə bir şey olduğuna görə və ona görə ki, onu qaçırmaq olmaz, onlar həftədə bir neçə dəfə rəqsə gedirlər, restoranlarda hər kəsin gözünün qarşısında özlərinin balaca, adət etdikləri, mexaniki pa-larını göstərirlər.

Həm də  axı necəsə vaxtı öldürmək lazımdır. Onlar hələ gəncdirlər, yaxşı qalıblar, hələ otuz il də bunu edə bilərlər. Onlar hadisələri tələsdirmirlər, mümkün olduğu qədər yubadırlar və haqlıdırlar. Sevişəndən sonra varlıqlarının vəhşi mənasızlığını gizlətmək üçün nə isə yeni bir şey tapmalı olacaqlar. Amma… yenə də özlərini bu qədər ələ salmağa dəyərmi?

Zala göz gəzdirirəm. Buna deyərəm səhnə! Bütün bu adamlar ciddi görünüşlə yerlərində oturub, yeyirlər. Yox, onlar yemirlər, sadəcə vacib öhdəliklərini yerinə yetirmək üçün güc yığırlar. Hər birinin öz yükü var, bu yük onlara varlıqlarını hiss etməyə imkan vermir; aralarında elə biri yoxdu ki, hesab etməsin onsuz kimsə və ya nəsə ola bilməz. Məgər bir dəfə Oxucu deməmişdi ki, “ Nusapyedən başqa heç kim ümumi yükü bu qədər uğurla qəbul edə bilməz”. Hər biri hansısa kiçik işlə məşğuldur, heç kim bu işi onlardan daha uğurlu edə bilməz. Heç kim bax o kommivoyajer kimi uğurla “Svan” diş pastasını sata bilməz. Heç kim bax o maraqlı gənc adam kimi qonşusunun yubkasının altında eşələnə bilməz. Məndə onlardan biriyəm, yəqin ki mənə baxanda fikirləşirlər heç kim mənim etdiyimi məndən daha uğurlu edə bilməz. Amma axı mən ki bilirəm! Mən özümü heç nə olmamış kimi aparıram, amma mən bilirəm ki varam və bilirəm ki, onlar var. Əgər kimisə əmin etmək məharətinə sahib olsaydım, bu ağsaçlı yaraşıqlının qarşısında oturub ona mövcudluğun nə olduğunu izah edərdim. Onun üzünün necə dəyişəcəyini təsəvvür edəndə məni gülmək tutur. Oxucu təəccüblə mənə baxır. İstəyirəm gülüşümü kəsim, amma bacarmıram, gözümdən yaş axana qədər qəhqəhə çəkirəm.

-          Siz şənlənirsiniz, müsyö,- Oxucu ehtiyatla deyir.

-   Yox, sadəcə düşünürəm,- gülə-gülə deyirəm- biz hamımız, olduğumuz kimi, yeyirik, içirik ki, qiymətli mövcudluğumuzu saxlayaq, amma mövcudluğun bir damcı da mənası yoxdur.

Oxucu ciddiləşdi, çalışır məni başa düşsün. O qədər möhkəm gülürdüm ki, hamı mənə tərəf döndü. Həm də peşman olmuşdum ki, artıq danışmışam. Əslində bunun heç kimə dəxli yoxdur.

Oxucu yavaş-yavaş təkrarlayır:

-          Mövcudluğun heç bir mənası yoxdur… Siz, əlbəttə demək istəyirsiniz ki, müsyö, həyatın mənası yoxdur? Deyəsən elə bunu pessimizm adlandırırlar, elə deyil?- bir az fikirləşib, yumşaqca əlavə edir: bir neçə il qabaq bir amerikalı müəllifin kitabını oxuyurdum, adı “Həyat yaşamağa dəyərmi?” Siz də eyni sualı verirsiniz, hə?

Açıq aydındır ki, mən özümə tamamilə başqa sual verirəm. Amma izahata girişmək fikrim yoxdur.

-          Müəllif öz fikirlərində şüurlu optimizm qənaətinə gəlir- təsəlli edici tonla Oxucu danışır.- Həyat məna ilə onda dolur ki, biz ona məna veririk. Əvvəlcə hərəkət etmək, nədənsə yapışmaq lazımdır. Nə barədə isə fikirləşməyə başlayanda, artıq təslim olmaq üçün gec olur, artıq bununla məşğul olursan. Siz nə düşünürsüz, müsyö?

-          Heç nə,-cavab verirəm.

Əslində isə düşünürəm ki, bu məhz kommivoyajerin, gənc cütlüyün və ağ saçlı cənabın həmişə özlərinə təlqin etdikləri yalandır. Oxucu bir az hiyləgərlik və təntənə ilə gülümsəyir.

-          Baxın heç mən də elə düşünmürəm. Fikirləşirəm ki: həyatın məna axtarışlarında çox uzağa getmək lazım deyil.

-          Doğrudan?

-          Həyatın mənası var, müsyö, məna var… insanlar var.

Həə, təmiz yadımdan çıxmışdı ki, o humanistdir. O susdu- ehtiyatla və amansıcasına buğlanmış ətdən bir parça və böyük parça çörəyi yemək üçün nə qədər vaxt lazımdırsa o qədər susdu.

“İnsanlar var”…  Həə, bu ağzının suyunu axıdan adam özünün möhtəşəm avtoportretini çəkdi, sadəcə o öz fikirlərini sözlə ifadə edə bilmir. Mübahisəsiz, ruhu hələ də gözlərinin kənarından axır, amma onun üçün bir ruh bəs etmir. Vaxt var idi, humanist-parislilərlə görüşürdüm, onlar mənə yüz dəfə yeridirdilər ki, “İnsanlar var”, amma o zaman başqa məsələ idi! Ən çox Virqanın tayı bərabəri yox idi. O eynəklərini insan bədənini soyunan kimi çıxarıb, mütəəssir gözlərini mənə zilləyib, insanlıq mahiyyətimi ortaya qoyarcasına ağır, yorğun gözləri ilə baxıb, musiqili səslə pıçıldayırdı: “Eh dostum, insanlar var, insanlar”, bu “var” sözünə hansısa qəribə güc verərdi, elə bil ki, onun insanlara sevgisi daim yenilənib, böyüyüb sehirli qanadları ilə uçurdu.

Oxucunun mimikası hələ işlənməyib, onun insanlara sevgisi safdır, ibtidaidir- bu humanist-əyalətçidir.

-          İnsanlar,- ona deyirəm, – insanlar… siz heç də onlarla çox maraqlanana oxşamırsınız. Siz həmişə təksiniz, həmişə burnunuzu kitaba salıb oturursuz.

Oxucu əllərini bir-birinə çırpıb, nadinc gülüşlə gülür.

-          Səhv edirsiniz. Ah müsyö, icazə verin deyim, siz səhv edirsiniz, həm də necə!

Bir anlıq diqqətini cəmləyib, nəzakətlə əti bitirir. Üzü şəfəq kimi parıldayır. Çiyninin arxasından gənc qadın sakitcə gülür. Yoldaşı ona tərəf əyilib, qulağına nəsə pıçıldadı.

-          Sizin fikirləriniz tamamilə təbiidir, – Oxucu deyir.- Gərək çoxdan deyəydim… Amma mən çox utancağam, müsyö. Lazımlı vaxtı gözləyirdim.

-          Bundan yaxşı vaxt ola bilməz,- ədəblə deyirəm.

-          Məncə də, müsyö. Məncə də! İndi sizə deyəcəyim şey…- Səsini kəsib, qızarır. – Bəlkə mən sizi bezdirdim?

Onu sakitləşdirirəm. Sevinib, cəsarətini yığır.

-          Müsyö, heç də hər gün sizin kimi geniş baxışlı, yüksək zəkalı adamla görüşmürsən. Baxın artıq neçə aydır sizə keçmişdə kim olduğumu, indi necə adama çevrildiyimi danışmaq istəyirəm.

Boşqabı təmizdir, elə təmizlənib ki, elə bil onu indicə gətiriblər. Özümünkünün yanında birdən qəhvəyi naxışlı, içində toyuq ayağı üzən boşqabı görürəm. Bunu da mən yeməliyəm.

-          Mən sizə elə indicə dedim ki, Almaniyada əsir düşmüşdüm. Hər şey onda başladı. Müharibəyə qədər mən tək idim və bunu başa düşmürdüm. Valideynlərimlə yaşayırdım, yaxşı adamlar idilər, amma bir-birimizi başa düşmürdük. İndi o illər haqqında düşünəndə… mən axı necə elə yaşaya bilirdim. Mən ölü idim müsyö, bunu başa düşmürdüm. Marka yığırdım. – mənə baxıb, hekayəsini dayandırır. – Sizin rənginiz ağardı müsyö. Yorğun görünürsünüz. Bəlkə mənimlə darıxdırıcıdır?

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə