Jan Pol Sartr Ürək bulantısı Roman




Yüklə 0.82 Mb.
səhifə5/12
tarix25.04.2016
ölçüsü0.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Bəlkə onda özümə gələrəm. Tələsik paltomu götürdüm, geyinməyib çiynimə atdım və çölə çıxdım. Şəhər bağında, həmin skamyada yenə də həmin pelerinli adamı gördüm: soyuqdan qızarmış iki qulağı arasında böyük, ölü üz ağarırdı. Uzaqdan “Mabli” kafesinin işıqları parıldayırdı- deyəsən bu dəfə bütün on iki lampanı yandırmışdılar. Addımlarımı yeyinlətdim, bu hadisənin axırına çıxmaq lazım idi. Əvvəlcə böyük pəncərədən kafeyə baxdım, zal boş idi. Nə kassir, nə ofisiant nə də müsyö Faskel.

Böyük əzab əziyyətdən sonra özümdə cəsarət tapıb içəri girdim; oturmadım. “Ofisiant”- qışqırdım. Cavab yoxdur. Stollardan birində boş stəkan var. Boşqabda qənd qırıntısı görünür.

-          Kimsə var?

Asılqandan palto asılmışdı. Dairəvi masada qara karton qovluqlarda jurnallar səpələnmişdi. Nəfəsi tutub, çalışdım ki, heç olmasa kiçik səs tutum. Yaşayış otaqlarında pilləkənlər yüngülcə cırıldayırdı. Küçəsən paraxodun fit səsi gəlirdi. Gözlərimi pillələrdən çəkmədən arxaya yeriyib, kafedən çıxdım. Hər şeyi başa düşürəm: saat ikidə müştəri az idi, müsyö Faskelə soyuq olub, ofisiantı hansısa iş üçün, bəlkə də həkim dalınca göndərib. Hər şey qaydasındadır, amma yenə də müsyö Faskeli görməliyəm. Turnebrid küçəsinin tinində döndüm, nifrətlə adamsız kafenin parlayan işıqlarına baxdım. İkinci mərtəbənin pərdələri aşağı salınmışdı.

Mən həqiqi panikaya düşdüm. Daha bilmirdim hara gedirəm. Dokların yanından sürətlə keçdim. Bovuazi kvartalının boş küçələrini döndüm- evlər qaşqabaqla mənim qaçan fiquruma baxırdılar. “Hara gedim? Hara?- dayanmadan təkrarlayırdım. Hər şey baş verə bilər. Arabir döyünən ürəyimlə qəfil arxaya dönürdüm. Arxamda nə baş verir? Bəlkə bu mənim arxamda başlayacaq mən dönəndə isə artıq hər şey üçün gec olacaq? Nə qədər ki, əşyaları nəzərimdə saxlayıram heç nə baş verməyəcək, bax budur körpünü, evləri, qaz borularını gözlərimlə yeyirəm; baxışlarım bir əşyadan digərinə sürətlə keçirdi ki, onları çevrilmələrinin ən qızğın çağında gözlənilmədən yaxalayım. Görünüşləri qeyri-təbii idi, amma mən dayanmadan özümü əmin edirdim: “ Bax bu qaz borusudur, bu su paylaşdıran kolonkadır” və çalışırdım baxışlarımın gücü ilə onları həmişəki vəziyyətlərinə qaytarım. Tez-tez yolumun üstünə barlar çıxırdı: “Breton kafesi”, “Dənizçi barı”. Onların çəhrayı tül pərdələri qarşısında tərəddüdlə dayanırdım: bəlkə metamarfoza bu möhkəm pərdələnmiş pivəxanalardan yan keçib, bəlkə onlarda hələ də dünənki dünyadan çəpərlənmiş, unudulmuş hansısa hissə qalıb. Amma buna əmin olmaq üçün qapını açıb, içəri girmək lazımdır. Buna qərar verə bilmirdim və yoluma davam edirdim. Məni daha çox evlərin qapıları qorxudurdu. Qorxurdum ki, onlar öz-özünə açılarlar. Axırda küçənin düz ortası ilə addımlamağa başladım.

Qəfildən Şimali Dok sahillərinə çıxdım. Balıqçı gəmiləri, balaca yaxtalar. Ayağımı daş yuvadakı buxtanın (səliqə ilə burulub yığılmış kanat) üstünə qoydum. Burada, evlərdən, qapılardan uzaqda bir dəqiqəlik nəfəs ala bilərdim. Sakit, qara noxud dənələri ilə çirklənmiş suda tıxac üzürdü.

“Bəs suyun altında? Heç suyun altında nə ola bilər fikirləşmisən?”

Deyək ki, hansısa heyvan. Yarısı palçığa batmış qabıq. On iki cüt ayaq yavaş-yavaş lehmədə eşələnirlər. Arabir heyvancıqlar yüngülcə yuxarı qalxırlar. Suyun dərinliyində yüngülcə titrəyiş ya dalğa əlamətləri tapmaq üçün yaxınlaşıb baxdım. Amma tıxac qara noxud dənələrinin arasında sabit dayanmışdı, tərpənmirdi.

Elə bu  vaxt səs eşitdim. Elə bil vaxtını gözləyirmiş. Fırlanıb yenidən qaçmağa başladım.  Kastilyon küçəsində öz aralarında söhbət edən iki kişiyə çatdım. Addımlarımın səsindən ikisi də diksinib geri baxdılar. Mən onların əvvəl mənə sonra da arxamca baxan həyacanlı gözlərini gördüm- başa düşməyə çalışırdılar ki, arxamda məni qovan nəsə var ya yox. Bəlkə də onlar da mənim kimidirlər, qorxurlar. Onlara çatıb, keçəndə bir-birimizə baxdıq. Bir az dayansaydım danışardıq da. Sonra birdən gözlərimizdə inamsızlıq baş qaldırdı- belə gündə ilk rast gəldiyin adamla söhbət etmək olmur.

Bulibe küçəsində özümə gəldim, təngnəfəs olmuşdum. Yaxşı, qərar qəbul edildi, kitabxanaya qayıdacam, hansısa roman götürüb oxumağa çalışacam. Parkın hasarının yanından keçəndə yenə də pelerinli adamı gördüm- əvvəlki yerində adamsız parkda oturmuşdu; burnu da qulaqları kimi qızarmışdı.

Elə darvazanı açıb, parka girmək istəyirdim ki, onun üzündəki ifadəni görüb yerimdə dondum; gözlərini qıyıb, dodaqlarını axmaqcasına aralamışdı, zəif-zəif gülümsəyirdi. Eyni vaxtda qabağında mənim görə bilmədiyim nəyəsə elə gərgin, sərt baxışlarla baxırdı ki, qəfil arxaya döndüm.

Onun qabağında bir ayağı üstündə, ağzı açıq, təxminən on iki yaşlı qız dayanmışdı, cadulanmış kimi adama baxıb, sərt üzünü qabağa uzadıb, əsəbi şəkildə baş yaylığını dartışdırırdı.

 

Adam öz-özünə gülümsəyirdi, elə bil ki yüngül zarafat etməyə hazırlaşırdı. Birdən əllərini dabanlarına çatan pelerinin cibində saxlayıb, ayağa qalxdı. İrəli iki addım atdı, gözləri fırlanırdı. Elə bildim indi yıxılacaq. Amma o hələ də azad şəkildə gülümsəyirdi.



Birdən başa düşdüm: hər şeyin səbəbkarl pelerinadır. Ona mane olmaq lazımdır. Öskürüb, darvazanı açdım. Qızın üzündəki ifadədən donub qaldım. Üzü qorxudan uzandı, deyəsən ürəyi möhkəm döyünürdü, amma bu siçan üzdə eyni vaxtda həm hökmranlıq həm də arsızlıq oxudum. Bu maraq deyildi, özünəməxsus əminliklə gözləmək idi. Hiss etdim ki, gücsüzəm- mən çöldə, bağın hasarından, onların arasındakı kiçik dramdan kənarda idim; onları bir-birinə arzularının qaranlıq hakimiyyəti bağlayırdı, onlar cütlük idilər. Nəfəsimi tutdum, arxamdakı adam pelerininin yaxasını açanda bu qəribə üzün nə ifadə alacağını görmək istəyirdim.

Amma birdən özünə gələn qız başını silkələyib, qaçmağa başladı. Pelerinli adam məni görmüşdü, onu bu dayandırmışdı. Bir saniyə xiyabanın ortasında tərpənmədən dayandı, sonra belini büküb yavaş-yavaş getdi. Pelerinanın ətəkləri topuqlarına vururdu.

Darvazanı çırpıb bir addımda yanına çatdım.

-          Hey, qulaq asın!- mən qışqırdım.

O əsdi.

-          Şəhərdə dəhşətli təhlükə var,- yanından keçəndə nəzakətlə dedim.



 

Oxu zalına girib, stolların birindən “Parma iqamətgahı”nı götürdüm. Fikrimi oxuya verib, Stendalın işıqlı İtaliyasında sığınacaq tapmağa çalışdım. Bəzən təxəyyülün qısa parıltılarında buna nail olurdum, amma sonra yenidən bu günün təhlükəli atmosferinə girirdim. Qarşımda oturan balacaboy qoca boğazını arıtlayırdı, hansısa gənc stuluna yayxanıb xəyal qururdu.

Vaxt gedirdi, şüşələr qaranlıqlaşmışdı. Biz kontorunda kitabxanaya gələn yeni kitabları peçatlayan korsikalını saymasaq dörd nəfər idik. Balacaboy qoca idi, sarışın gənc, dissertasiya hazırlayan qadın və mən idim. Arabir aramızdan biri başını qaldırıb, tələsik şübhəli nəzərlərini digər üçündə gəzdirirdi, elə bil ki onlardan qorxurduq. Bəzən qocanı gülmək tuturdu, gənc qadın yarpaq kimi əsirdi. Mən bir az əvvəl qocanın oxuduğu kitabın adını tərsinə oxuya bilmişdim- bu gülməli roman idi.

Yeddiyə on dəqiqə qalmışdı. Yadıma düşdü ki, kitabxana yeddidə bağlanır. Yenə də şəhərə çıxmalı olacam. Hara gedim? Nə edim?

Qoca romanı oxuyub, qurtardı. Amma getmədi. Fasilə ilə, ritmik şəkildə barmaqlarını stola vururdu.

-          Cənablar,- korsikalı elan etdi. – Tezliklə bağlanırıq.

Gənc diksindi, mənə əyri-əyri baxdı. Gənc qadın korsikalıya tərəf döndü, sonra yenidən kitabı götürdü, deyəsən oxumağa daldı.

-          Bağlayırıq,- korsikalı beş dəqiqədən sonra elan etdi.

Qoca başını qeyri-müəyyən yellədi. Gənc qadın kitabı kənara qoydu amma qalxmadı.

Korsikalı heç nə başa düşə bilmirdi. Tərəddüdlə bir neçə addım atdı, sonra işığı söndürdü. Stolüstü lampalar söndü. Ancaq yuxarı lampa yanırdı.

-          Getmək lazımdır? – qoca sakit-sakit soruşdu.

Gənc yavaş-yavaş, həvəssiz ayağa qalxdı. Hər birimiz paltomuzu ən axırıncı geyinməyə can atırdıq. Mən çıxanda qadın ovcunu kitabının üstünə qoyub, oturmaqda davam edirdi.

Çöl qapısında, aşağıda qaranlıq ağzını açmışdı. Gənc birinci gedirdi, döndü, yavaş-yavaş pilləkənləri endi, giriş zalını keçdi; bir dəqiqəlik qapının ağzında dayandı, sonra qaranlığa qarışıb, itdi. Aşağı pillələrdən yuxarı baxırdım. Bir az sonra oxu zalından paltosunu düymələyən qoca çıxdı. O ilk üç pilləni düşəndə bütün gücümü toplayıb, gözlərimi yumub, qaranlıqda itdim.

Üzümdə yüngül, təravətli sığal hiss etdim. Uzaqdan kimsə fit çalırdı. Gözümü açdım: yağış yağırdı. Sakit, isti yağış. Meydan qara fonarlarla işıqlanırdı. Əyalət şəhərinin meydanı yağışın altında. Gənc böyük addımlarla yeriyirdi- fit çalan o idi; istədim hələ heç nə bilməyən o biri iki nəfərə qışqırım ki, çıxa bilərlər, təhlükə yoxdu. Qapıda balacaboy qoca göründü. Karıxmış halda yanağını qaşıdı, sonra gülümsəyib çətirini açdı.

 

Bazar ertəsi



Mən daha Rolbon haqqında kitab yazmıram- daha doğrusu, yaza bilmirəm. Bəs öz həyatımı nə edim?

Saat üç idi. Stolun arxasında oturmuşdum, yanımda Moskvadan oğurladığım məktub yığını var idi, yazırdım:

“ Kimsə cidd-cəhdlə ən pis şaiyələr buraxırdı. Yəqin ki, Markiz de Rolbon bu qırmağa düşmüşdü, çünki 13 sentyabr tarixinə olan məktubunda bacısı oğluna vəsiyyət hazırladığını yazırdı”.

Rolbon burada idi: hələ heç onun tarixini yazmamış, markizlə həyatımı bölüşmüşdüm. Onu qarnımın içində bir ağrı kimi hiss edirdim.

Birdən fikirləşdim, görəsən mənə nə mane olur: “Rolbon heç də həmişə bacısı oğlu ilə açıq deyildi- danışıqlar uğursuz alınsa Rolbon onu I Pavlın yanında müdafiəçi şahid kimi istifadə etmək istəyirdi. Çox güman ki, markiz vəsiyyət hekayəsini uydurub ki, sadə və sadəlövh görünsün.

Mənə mane olan boş şey idi, o heç yeyilmiş yumurtaya da dəymirdi. Amma mən yenə də qaranlıq fikirlərə qərq oldum. Birdən qarşımda “Kamilya” kafesindəki gombul ofisiantı, müsyö Axillin çaşqın baxışlarını, özümü açıq-aydın indidə tərk edilmiş, atılmış hiss etdiyim zalı gördüm. Yorğun-yorğun öz-özümə dedim: “Axı necə, hətta öz şəxsi keçmişini saxlamağa gücü çatmayan mən, başqasının keçmişini xilas etməyə ümid edirəm?”

Qələmimi götürüb işə qayıtmağa cəhd etdim; daha bəsdir, keçmiş, indi, ətraf dünya barədə fikirləşdim. Bircə şey istəyirəm, mənə imkan versinlər sakitcə kitabımı bitirim.

Amma baxışlarım təmiz qeyd kitabçasına ilişəndə, onun görünüşü məni heyrətləndirdi və mən havada asılıb qalan lələyimlə bu gözqamaşdıran kağıza zilləndim. O necə də hamardır, təmizdir, onun buradakı iştirakı necə də hiss edilir. Onda bu anlıq həqiqilikdən başqa heç nə yoxdur. Yazdığım hərflərin mürəkkəbi hələ qurumayıb, amma onlar artıq mənə məxsus deyillər.

 

“Kimsə cidd-cəhdlə ən pis şaiyələr buraxırdı…”



Bu ifadəni mən fikirləşmişdim, əvvəlcə o mənim bir hissəm idi. İndi o kağızda yazılıb, onunla mənə qarşı birləşib. Mən daha onu tanımırdım. Mən hətta onu yenidən fikirləşə də bilmirdim. O orada – qarşımda idi, onda başlanğıc halından əlamətlər axtarmaq yersiz idi. Onu istənilən başqa adam da yaza bilərdi. Amma mən, mən özüm də əmin deyildim ki, onu mən yazmışam. Hərflər daha parıldamırdılar, onlar qurumuşdular. Bu da itdi, onların qısa ömürlü parıltılarından əsər-əlamət qalmadı.

Darıxıb, ətrafa baxdım, hal-hazırki həqiqilikdən başqa heç nə əsl deyil. Yüngül və ya böyük mebel öz həqiqiliyinə dalıb, stol, yataq, güzgülü şkaf və mən. Həqiqiliyin əsl təbiətini kəşf etdim, o mövcud olandır, həqiqətən olmayan heç nə mövcud deyil. Keçmiş yoxdur. Yoxdur. Ümumiyyətlə yoxdur. Nə əşyalarda, nə də mənim fikirlərimdə. Əlbəttə, keçmişimi itirdiyimi çoxdan başa düşmüşdüm. Amma indiyə qədər elə bilirdim ki, o sadəcə mənim baxış bucağımdan kənardadır.

Keçmiş mənim üçün istefaya çıxmaq kimi bir şey idi, mövcudluğun başqa forması- bayramlar, tətillər kimi bir şey idi, hər bir hadisə öz rolunu sona qədər oynayıb, öz təşəbbüsü ilə balaca qutuya yığışırdı, öz qardaş hadisələrinin birləşdikləri hansısa qrupun fəxri üzvü olurdu- mövcudsuzluğu təsəvvür etmək nə qədər əzablı idi. Amma indi bilirdim, dünyadakı hər şey əslində görüntüdür, arxasında heç nə yoxdur.

Bir neçə an bu fikrin təsirinə düşdüm. Sonra silkələnib, çiyinlərimi düzəltdim ki, ondan canımı qurtarım və qeyd kitabçasını qarşıma çəkdim.

 

“ …vəsiyyət hazırladığını yazırdı”.



Birdən özümü o qədər pis hiss etdim ki, qələm əlimdən düşdü, mürəkkəb sıçradı. Nə baş verir? Yenə də ürək bulantısı? Yox, bu ürək bulantısı deyildi, otaq hələ də öz adi, dostcanlı görünüşünü saxlayır. Sadəcə stol bir az daha ağır görünür, qələmim möhkəmlənib. Qısası, markiz de Rolbon elə indicə ikinci dəfə öldü.

Bir az əvvəl o burada, mənim içimdə idi, isti və sakit oturmuşdu, hətta arabir içimdə necə tərpəndiyini də hiss edirdim. Mənim üçün o canlı idi, Oxucudan, “Dəmiryolçuların sığınacağı”nın sahibəsindən daha canlı idi. Əlbəttə, onun da qəribəlikləri var idi, o bir neçə gün ümumiyyətlə görünməyə bilirdi, amma tez-tez hava onun üçün hansısa halda yaxşı olanda o meteohissiyyatlı bitki kimi çölə çıxırdı- mən onu, solğun üzünü, göyümtül yanaqlarını görürdüm. Amma heç onda da görünmürdü, sadəcə hiss edirdim ki, ağırlığı ilə ürəyimi sıxır- mən onunla dolu olurdum.

Budur, heç nə qalmadı. Eləcə də qurumuş mürəkkəbin əvvəlki parıltılı izləri də getdi. Özüm günahkar idim: mən deməli olmadığım o yeganə sözü dedim, – dedim ki, keçmiş mövcud deyil. Və bir anda, tamamilə səssizcə markiz de Rolbon yoxluğa getdi. Əlimə məktubu aldım, peşmanlıqla xışıldatdım.

“ Amma axı – özümü əmin etməyə çalışdım- o özü bir –birinin ardınca işarələr verib. O bu kağızı sıxıb, barmaqları ilə səhifələri tutub ki, onlar qələmin ucundan qaçmasınlar”

Gecdir- bu sözlər mənalarını itiriblər. Sadəcə əlimdə tutduğum bir bağlama saralmış səhifələr mövcuddur, vəssalam. Əlbəttə onların da tarixi var idi: Rolbonun bacısı oğlu 1810-cu ildə çar polisi tərəfindən öldürüldü, kağızları qeydiyyatdan keçirildi və gizli arxivə qoyuldu,  yüz on il sonra hakimiyyətə gələn Şura tərəfindən Dövlət kitabxanasına verildi, mən də 1923-cü ildə onları oğurladım.Amma bütün bunlar qeyri-real görünürdü, törətdiyim bu oğurluq haqqında heç bir həqiqi xatirəm qalmayıb. Bu kağızların otağımda olması barədə yüzlərlə digər həqiqətə uyğun hekayələr uydurmaq çətin deyil, amma onlar bu səhifələrlə üzləşəndə boş, yüngül, sabun köpüyü kimi mənasız görünərdilər. Rolbonla əlaqə saxlamaq istəsəm bu kağızlara arxalanmaqdansa ruh çağırmaqla məşğul olmaq yaxşıdır. Rolbon itdi. İzi-tozu da qalmadı. Əgər ondan hansısa sür-sümük qalıbsa onlar öz-özləri üçün mövcuddurlar, heç nədən asılı deyillər, onlar sadəcə fosfat, əhəngdaşı, su və duzdan ibarət bir şeydilər.

Son dəfə cəhd etdim, madam Janlisin sözlərini təkrar etməyə başladım, adətən onların köməyi ilə markizi canlandırırdım: “onun çiçək xəstəliyindən sonra yaranmış çopurlarla dolu təmiz, qırışlı üzündə markiz onu nə qədər gizlətməyə çalışsa da gözəgirən fırıldaqçı ifadəsi yazılmışdı”.

Markizin üzü gözümə göründü: iti burun, göyümtül yanaqlar, təbəssümü. Nə qədər istəsəm onun cizgilərini canlandıra bilərdim, hətta əvvəlkindən daha asan. Məsələ ondadır ki, bu sadəcə mənim yaratdığım obraz idi, təsəvvürlərimin məhsulu. Ah çəkib, dözülməz itki hissi ilə stula söykəndim.

Saat dörd oldu. Artiq bir saatdır stula söykənib, əllərimi bayramsayağı sallatmışam. Hava qaralır. Daha otaqda heç nə dəyişmədi: ağ kağızlı qeyd kitabçam, qələmim, mürəkkəb qabı əvvəlki kimi stolun üstündədir… Amma daha heç vaxt ilk səhifədə heç nə yazmayacam. Daha heç vaxt Müharibə Əlilləri küçəsinə, La Redur bulvarına- kitabxanaya onun arxivlərində işləmək üçün getməyəcəm.

Çölə çıxmaq, nə olur olsun başımı qarışdırmaq istəyirəm ki, unudum. Amma əgər barmağımı tərpətsəm, tamamilə sakit oturmasam başıma nə gələcək bilirəm. Amma mən hələ bunun olmasını istəmirəm. Bu nə qədər gec olsa o qədər yaxşıdır. Tərpənmirəm- dayanmadan qeyd kitabçasındakı yarımçıq abzası oxuyuram:

““ Kimsə cidd-cəhdlə ən pis şaiyələr buraxırdı. Yəqin ki, Markiz de Rolbon bu qırmağa düşmüşdü, çünki 13 sentyabr tarixinə olan məktubunda bacısı oğluna vəsiyyət hazırladığını yazırdı”.

Rolbon adlı böyük iş bitdi, necə ki, böyük ehtiras bitir. Başqa nəsə fikirləşmək lazım gəlir. Bir neçə il əvvəl, Şanxayda müsyö Mersyenin kabinetində qəfil silkələnib, yuxunu qovmuşdum, ayılmışdım. Amma başqa yuxu başlamışdı: çar sarayında yaşayırdım, köhnə sarayda, orada elə soyuq olur ki, qışda qapı aralarında buzlu sırsıralar yaranır. Bu gün qeyd kitabçamın ağ kağızı qarşısında ayıldım. Məşəllər, buzlu evlərdə bayramlar, mundirlər, gözəl titrəyən çiyinlər- hər şey itdi. Onların əvəzində isti otağımda Heç Nə qaldı və mən bu heç nəni görmək istəmirəm.

Markiz de Rolbon mənim müttəfiqim idi, onun mənə ehtiyacı var idi ki mövcud olsun, mənim də ona ehtiyacım var idi ki, öz mövcudluğumu hiss etməyim.  Mənim işim xammal vermək idi, xammalı satmaq idi, mövcudluğum idi, Mənim mövcudluğum. Onun işi həyata keçirmək idi. Qarşımda dayananda həyatımın sahibi idi, həyatım onun idi ki, məndən keçib özünü yaratsın. Və mən artıq hiss etmirdim ki, mövcudam, mən artıq özüm kimi mövcud deyildim, markiz kimi mövcud idim.

Onun xətrinə yeyirdim, nəfəs alırdım, hər bir hərəkətim məndən asılı olmayaraq mənalı olurdu- bax, orada, qarşımda idi, artıq kağız üstündə gəzən əlimi görmürdüm, hətta yazdığım ifadələri də görmürdüm. Kağızın o tərəfində haralardasa markizi görürdüm, markiz məndən hərəkət tələb edirdi, bu hərəkət onun mövcudluğunu uzadırdı, möhkəmləndirirdi. Mən sadəcə onu həyata çağırmaq üçün bir vasitə idim, o mənim mövcudluğumun təsdiqi idi, məni özümdən xilas edirdi. İndi mən nə edəcəm?

Ah, bircə tərpənmək lazım deyil- lazım deyil… Ah!

Dayana bilmədim, çiyinlərimi tərpətdim.

Mən gözlədiyim nəyisə oyatdım, içimdə yarandı, su kimi axır, mən onunla doluyam. Xüsusi heç nə yoxdur: bu nə isə mən özüməm. Azad edilmiş mövcudluq içimə axdı. Mən mövcudam.

Mövcudam. Bu yumşaq bir şeydir, çox yumşaq və çox yavaş. Və o qədər yüngüldür ki, havada uçur. Hərəkətlidir. Bu hansısa toxunuşlardır- gah burada, gah orada yaranır itirlər.  Yumşaq və hiyləgərdirlər. Ağzımda köpüklü maye var. Uduram, boğazımdan keçir, mənə nəvaziş göstərir, budur yenidən ağzımda yarandı. Ağzımda dayanmadan ağ maye yaranır, dilimi qucaqlayır. Bu maye də mənəm. Dil də mənəm. Boğaz da mənəm.

Ovcumu görürəm. O stolun üstünə söykənib. O yaşayır- o mənəm.

Açıldı, barmaqlarımı uzatdım, tərpənirlər. Əlimi çiynimə qoymuşam. Mənə yağlı qarnını nümayiş etdirir. Arxasıüstə  çevrilmiş heyvana oxşayır, barmaqlar pəncələrdir. Əyləncə üçün onları tez-tez tərpədirəm. Bu arxasıüstə çevrilmiş xərçəng ayaqlarıdır. Bax, xərçəng öldü, pəncələr  yığıldı, ovcumun içində yumuldular. Dırnaqlarımı, özümün yeganə cansız hissələrimi görürəm. İndi nə olacaq? Ovcum çevrildi, üzüüstə uzandı, indi mənə kürəyini göstərir. Gümüşüdür, barmaq sümüklərimdən başlayan kürən tüklər olmasa balıqlardakı kimi parıldayan kürəyi var. Ovcumu hiss edirəm. Əllərimdə tərpənən iki heyvan mənəm. Əlim digər əlimi dırnağı ilə qaşıyır. Stolun üstündə mənim olmayan ağırlığını hiss edirəm. Bu ağırlıq hissi dayanmadan davam edir, heç cür keçmir. Niyə də keçsin. Amma bu dözülməzdir. Əlimi qaldırıb, cibimə soxuram. Amma elə o dəqiqə parçanın içindən belimin istiliyini hiss edirəm. Əlimi cibimdən çıxarıb, stulun söykənəcəyinə qoyuram. İndi onun ağırlığını biləklərimdə hiss edirəm. O yüngül, yumşaq, süst tərpənir, o mövcuddur. Təslim oluram, onu hara qoysam da mövcud olmaqda, mən isə onun mövcudluğunu hiss etməkdə davam edirəm. Ondan, bədənimin digər hissələrindən, köynəyimə sürtünən yağlı tərdən, qaşıqla götürülən kimi tənbəlcəsinə axan isti piydən, eləcə də daxilimdə gəzən, gələn, gedən, əzələlərimlə qalxan ya da səhərdən axşama qədər həmişəki künclərində donan bütün digər hisslərdən canımı qurtara bilmirəm.

Qəfil silkələnirəm, əgər fikirləşməyi dayandırsam daha rahat olaram. Fikirlər, adamı ən çox onlar dilxor edir. Onlar bədənimdən daha pisdirlər. Dayanmadan, qəribə dad qoyub irəliləyirlər. Fikirlərin daxilində isə söz, yarımçıq söz, yarımçıq ifadələr var, onlar dəfələrlə qayıdırlar: “Dayandırmaq laz…Mən möv..Ölüm…Markiz de Rol öldü…Mən…Mən mövc…”. Təkrar olunurlar və bunun sonu yoxdur. Bu hər şeydən pisdir, çünki burada mən günahkaram, müttəfiq deyiləm. Məsələn, elə bu əzablı saqqız fikri: “Mən mövcudam”, onu özüm çeynəyirəm. Özüm. Bir dəfə yaşamağa başlayan bədən, öz-özünə yaşayacaq. Fikir isə yox, onu mən davam etdirirəm, inkişaf etdirirəm. Mən mövcudam. Mən mövcud olmam haqqında fikirləşirəm! Bundan canımı qurtarmağa çalışıram… elə bil ki başım dumanlanıb… budur yenə də başlayır: Duman… fikirləşmək lazım deyil… Fikirləşmək istəmirəm. Mən fikirləşirəm ki, fikirləşmək istəmirəm. Çünki bunun özü də fikirdir”. Yəni bu heç vaxt bitməyəcək?

Mənim fikrim, mənəm: Buna görə də fikirləşmədən dayana bilmirəm. Mən mövcudam, çünki fikirləşirəm, fikirləşməyə mane ola bilmirəm. Bax elə bu dəqiqə necə dəhşətlidir, mən mövcudam, mövcud olmağım məni dəhşətə gətirir. Bu mənəm, mən özüm can atdığım yoxluq uydururam, mənim nifrətim, mövcudluqdan iyrənməm hamısı məni mövcud olmağa məcbur etmək üçün vasitələrdir.

Fikirlər baş fırlanması kimi haradasa yaranırlar, onların boynumun arxasında doğulmalarını hiss edirəm… bir  dəfə təslim olsam onlar qarşımda, gözlərimin arasında olacaqlar və mən həmişəlik təslim olacam, fikir şişəcək, şişəcək, çox nəhəng olacaq, məni dolduracaq, mövcudluğumu yeniləyəcək.

Tüpürcəyim şirindir, bədənim istidir, mən özüm özümə dilxoram. Stolun üstündə cib bıçağım var. Açıram. Niyə də yox? Elə ya da belə bu haradasa fərqlilik ola bilər. Sol əlimi qeyd kitabçasının üstünə qoyub, çalışıram ki, bıçağı ovcuma batırım. Hərəkət çox əsəbi alındı, bıçaq dərimin üstündən sürüşdü, yüngül çapıq. Çapıq qanayır. Bəs indi nə? Nə dəyişdi? Amma yenə də ağ vərəqə, bayaq yazdığım sətirlərin üstünə qan damcılarının düşməsinə məmnuniyyətlə baxıram.  Axır ki, onlar mən deyiləm. Ağ səhifədə dörd sətir, qan damcıları və budur, əla xatirələr artıq hazırdır. Aşağı yazmaq lazımdır: “Bu gün mən markiz de Rolbon haqqında kitab yazmaq fikrindən imtina etdim”.

Əlimə yod sürtüm? Bilmirəm. Baxıram, qan damcıları necə də yeknəsaq axır. Amma bax, qan dayandı. Bitdi. Çapığın ətrafında dəri qırmızı görünür. Dərinin altında o birilərdəki kimi yüngül hissiyyat, daha çox dilxorçuluq var.

Saat beşin yarısı  oldu. Qalxıram, soyuq köynək bədənimə yapışıb. Küçəyə çıxıram. Niyə? Ona görə ki,evdə qalmaq da mənasızdır. Hətta evdə qalsam, sakitcə küncdə otursam yenə də özümdən heç hara qaça bilməyəcəm. Həmin küncdə mövcud olacam, öz ağırlığımı döşəməyə salacam. Çünki artıq varam.

Yolda qəzet alıram. Sensasiya. Balaca Lyusenin cəsədi tapılıb! Çap rənginin iyi, kağız barmaqlarımı döyəcləyir. Şərəfsiz qatil gizlənib. Qızı zorlayıblar. Cəsədi tapılıb- gərilmiş barmaqlar palçığa batıbmış. Qəzeti bükürəm, barmaqlarım qəzetdən yapışıb: çap rənginin iyi. Aman Allah, bu gün hər şey necə sırtıqcasına mövcuddur! Balaca Lyuseni zorlayıblar. Boğublar. Onun bədəni hələ də mövcuddur, gövdəsi parçalanıb. Lyusen daha mövcud deyil. Onun əlləri. O daha mövcud deyil. Ev. Evlərin arası ilə gedirəm, mən evlərin arası ilə varam, körpünün üstü ilə gedirəm, körpü ayaqlarımın altında mövcuddur, evlər su kimi, kağız üstündə durna qanadları kimi ayaqlarımın altında birləşir, mən mövcudam. Mən varam, mən mövcudam, mən fikirləşirəm, daha doğrusu mən mövcudam çünki fikirləşirəm, yaxşı bəs niyə fikirləşirəm?



Daha fikirləşmək istəmirəm, çünki mövcud olmaq istəmədiyimi fikirləşirəm, fikirləşirəm ki mən…çünki… Off! Qaçıram, əclaf qaçıb, qıza təcavüz edilib. O bədəninə digər bir bədənin daxil olduğunu hiss edib. Mən…indi də mən…təcavüz edilmişəm. Zorakılığa meylli hiyləgər qüvvə mənə arxadan yaxınlaşır, haradasa qulaqlarım tərəfdədir, qulaqlarım mənim arxamca sürünür, kürən saçlarım başımda kürənləşir, nəm ot, kürən ot- yoxsa bu da mənəm? Bəlkə elə bu qəzet də mənəm? Qəzeti tutmaq iki varlığın üz-üzə olmasıdır, əşyalar üz-üzə mövcud olurlar, qəzeti atıram. Budur, ev, ev mövcuddur. Divardan irəli addımlayıram, uzun divardan irəli addımlayıram, mən varam, mən divarın qarşısında mövcudam, bir addım daha, divar var, o məndən irəlidədir, daha bir addım, daha bir, indi mənim arxamdadır, barmaqlarım şalvarımdan yapışıb, şalvarımı qarışdırır, qarışdırır, oradan balaca qız barmağı çıxarır, barmaq palçığa batıb, mənim barmağım palçığa batıb, elə həmin çirkli gölməçənin palçığına, barmağım sakitləşir, yumşalır, daha əvvəlki kimi qaşımır, həmin boğduqları qızın barmağı kimi gərilməyib,əclaf, palçıqdan yapışıb, torpaqdan yapışıb, barmağım sakitcə sürüşdü, barmağım yumşaq- yumşaq, mehribanlıqla budumu sığallayır; mövcud olmaq yumşaq, üzü yola bir şeydi, avara-avara evlərin arasında fırlanır, mən varam, mən mövcudam, mən fikirləşirəm, mən avaralanıram, mövcudluq- yıxılmaq deməkdir, yıxılacaq, yıxılmayacaq, barmaq pəncərəni dırnaqlayır, mövcudluq natamamdır. Budur kişi. Yaraşıqlı kişi mövcuddur. O hiss edir ki, var. Yox, elə yox, yanımdan keçən, qürurlu, bağ quşları  kimi incə yaraşıqlı kişi mövcud olduğunu hiss etmir. Dönmək, çiçəklənmək, kəsilmiş əlim ağrıyır, mövcuddur, mövcuddur, mövcuddur. Yaraşıqlı kişi, Fəxri legion ordeni, bığlar mövcuddur, bu qədər. Yəqin ancaq Fəxri legion ordeni almaq və bığları olmaq nə böyük xoşbəxtlikdir. Başqa heç nəyi heç kim görmür. O ancaq burnunun hər iki tərəfindən bığlarının iki iti ucunu görür. Mən düşünmürəm. Deyəsən mən bığam. O nə özünün arıq bədənini, nə şalvarından çıxan iri ayaqlarını görmür, əlbəttə iki balaca, boz şiş tapmaq olar. Onun Fəxri legion ordeni var. Əclafların mövcud olmağa haqları çatır: “ Mövcudam, çünki buna haqqım var”. Mövcud olmaq haqqım var, düşünməmək haqqım var, barmağım qalxır. Yəni mən… mən işıqlı, ağ döşəkağı üstündə, sakit-sakit aşağı əyilən ağ bədəni sığallaya biləcəm? Qoltuqaltlarının nəmliyinə toxuna biləcəm? Canlı bədənin suyunu, şirəsini hiss edib, başqa bir bədənə, qırmızı, nəm qişaya,mövcudluğun boğucu, incə qoxusuna daxil ola biləcəm? Hiss edə biləcəm ki, mən nəm, yumşaq, solğun qandan qırmızılanmış, əsən, parçalanmış, mövcudluğun nəmliyi ilə qidalanmış dodaqların arasında mövcudam? Hiss edə biləcəm ki, mən şirin, nəm, göz kimi yaşaran dodaqların arasında mövcudam? Mənim bədənim ətdən ibarətdir, ət yaşayır, ət qurdalanır, sakitcə şirəni, kremi çəkir, mənim ətim bədənimin yumşaq, şirin suyunu qarışdırır, əlimin qanı, yaralı ətimin şirin ağrısı, o gedir mən də gedirəm, mən qaçmaqla xilas oluram, mən yaralı bədənli alçağam, bu divarların varlığı ilə yaralanmışam. Mənə soyuqdur, addım, mənə soyuqdur, digər addım, sola dönürəm, o sola döndü, o düşünür ki, sola döndü. Ağlımı itirmişəm? Bəlkə mən ağlımı itirmişəm? O deyir ki, ağlını itirməkdən qorxur, mövcudluq, varlıqda toz dənəsi, o dayanır, onun bədəni dayanır, o düşünür ki dayanır, bu haradan çıxdı? O nə edir? o yenidən gedir. Qorxur, çox qorxur, alçaq, arzu duman kimidir, arzu iyrəncdir, o deyir ki, mövcud olmaqdan iyrənir, iyrənir? O mövcud olmağın iyrəncliyindən yorulub. O qaçır. Nəyə ümid edir? O qaçır, qaçıb suya atılmaq istəyir? O qaçır, qaçır, ürəyi döyünür, döyünən ürək bayramdır. Ürəyi mövcuddur, ayaqları mövcuddur, nəfəsi mövcuddur, onlar qaçışda, nəfəsdə, ürək döyüntüsündə, sakitcə, sakitcə mövcuddurlar, nəfəsim kəsilir, o deyir ki, nəfəsi kəsilir; Mövcudluq mənim arxa fikirlərimi tutur, onları sakitcə arxada qarışdırır. Məni arxadan tuturlar, arxadan məcbur edirlər ki, fikirləşim, daha doğrusu özümdən arxadakı, mövcudluğun yüngül köpükləri ilə nəfəs alan kimsə olmağa məcbur edirlər, arzuların dumanlı köpükləri, güzgüdə solğundur, ölü kimi, Rolbon öldü, Antuan Rokanten ölmədi, heç olmasa hisslərini itirəydi- o deyir ki, o istərdi ki, hisslərini itirsin, o qaçır, arxadan yapışır, balaxa Lyusenə arxadan hücum etmişdilər, mövcudluq ona arxadan hücum edib, zorlamışdı, o aman diləyir, utanır ki, aman diləyir, yazığınız gəlsin, kömək edin, kömək edin, deməli mən varam, o “Dənizçi barına” daxil olur, balaca güzgü, balaca bordel, balaca bordelin balaca güzgüsündə solğun, əzgin, kürən yekəpər əks olunur, özünü kiçik kreslonun üstünə atır, qrammafon çalınır, mövcuddur, hər şey fırlanır, qrammafon mövcuddur, ürək döyünür- fırlanın, fırlanın, həyat şirələri, fırlanın, jele, bədənimin şirələri, şirniləri… qrammafon.

 

When the low moon begins to beam,

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə