Jan Pol Sartr Ürək bulantısı Roman




Yüklə 0.82 Mb.
səhifə11/12
tarix25.04.2016
ölçüsü0.82 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Ürəkbulantısı bir az fasilə verib. Amma bilirəm ki, qayıdacaq, o mənim həmişəki halımdır. Sadəcə bu gün fiziki olaraq çox yorulmuşam. Axı xəstələrdə də arabir xilasedici zəiflik olur, həmin vaxt onlar bir neçə saatlıq xəstəliklərini unudurlar. İndi darıxıram, vəssalam. Arabir elə güclü əsnəyirəm ki, yanaqlarımdan göz yaşlarım axır. Bu sıxıntı dərinlərin ən dərinidir, mövcudluğun dərin mənasıdır, mənim düzəldildiyim materiyanın özüdür. Ruhdan düşməmişəm, əksinə bu gün səhər çimmişəm, üzümü qırxmışam. Amma özümə əl gəzdirmək üçün etdiyim bütün kiçik işləri yadıma salanda başa düşə bilmirəm onları necə etmişəm, heç nəyə lazım deyillər. Yəqin sadəcə vərdiş etmişəm. Axı vərdişlər ölməyiblər, sakit yaşamağa davam edirlər, görünmədən işlərini görürlər- dayə kimi məni çimdirirlər, qurulayırlar, geyindirirlər. Məgər məni təpəyə onlar gətirmədi? Yadıma gəlmir bura necə düşdüm. Şübhəsiz, Dotri pillələri ilə qalxmışam. Yəni həqiqətən bir dəfəyə bütün yüz on pilləni qalxmışam? İndi tezliklə aşağı düşəcəyimi təsəvvür etmək daha çətindir. Amma mən bilirəm ki, bir anda Yaşıl Təpənin yamacında olacam, başımı qaldırıb uzaqlarda, indi isə iki addımlıqda olan evlərdə işıqların yanmasına baxacam. Uzaqlarda. Başımın üstündə. İçindən çıxa bilmədiyim, məni əsir alan, hər tərəfdən mühasirəyə alan bu andan, ibarət olduğum bu andan sadəcə dumanlı yuxu qalacaq.

Aşağı, Buvilin boz parıltısına baxıram. Balıqqularları, sümük qırıntıları, çınqıllar günəşdə parıldayırlar. Bu qırıntıların arasında itib-batmış kiçik şüşə və ya slyud parçaları arabir qısa parıltılarla qamaşırlar. Çayların arası ilə qaçan kiçik arxlar, gölməçələr, dar izlər bir saatdan sonra küçələrə çevriləcəklər və mən evlərin divarlarının yanı ilə gedən bu küçələrdə yeriyəcəm. Mən özüm də indi Bulibe küçəsində gördüyüm o balaca qara fiqurlara çevriləcəm.

Bu təpənin üstündə özümü onlardan çox uzaqda hiss edirəm. Elə bil ki başqa cinsə aidəm. İş günündən sonra kontorlarından çıxıb, özlərindən razı şəkildə evlərə və bağçalara baxıb, deyirlər: “Bu bizim şəhərimizdir, gözəl, burjua şəhərimiz”. Onlar qorxmurlar, öz evlərindədirlər. Onlar suyu krandan axan görürlər, işıq onlar üçün ancaq elektrik açarını buranda lampalarda yanandır, ağaclar hibridləşdiriliblər, əhliləşdiriliblər, onlara dirəklərlə dayaq veriblər. Gün ərzində dəfələrlə sübutlar gətirirlər ki, hər şey müəyyən olunmuş mexanizmlə işləyir, hər şey möhkəm, sarsılmaz qanunlara əsaslanır. Boşluğa atılmış bədənlər eyni sürətlə məhv olurlar, şəhər parkı qışda saat altıda, yayda saat səkkizdə bağlanır; qurğuşun 335 dərəcə tempraturda əriyir; sonuncu tramvay on ikiyə beş dəqiqə işləmiş Ratuşidən çıxır. Onlar soyuqqanlıdırlar, qaş-qabaqlıdırlar, onlar ancaq sabahkı günü düşünürlər, daha doğrusu növbəti sabahı düşünürlər: şəhərlərdə bircə, yeganə gün olur, hər səhər o dünən olduğu kimi qayıdır. Ancaq bazar günləri çalışırlar günü bir az bəzəsinlər. Kötüklər! Onların axmaq, özündən razı sifətlərini yenidən görəcəyimi fikirləşəndə iyrənirəm. Onlar qanun tərtib edirlər, populist romanlar yazırlar, evlənirlər və hətta axmaqlarını o nöqtəyə qədər inkişaf etdirirlər ki, evlənirlər. Hiss etmirlər ki, nəhəng, azğın təbiət onların şəhərinə girib, hər yerə soxulub- evlərinə, kontorlarına, onların içinə. O tərpənmir, gizlənib, adamlar onunla dolublar, onu yaşadırlar, amma hiss etmirlər, onlara elə gəlir ki, təbiət onlardan uzaqdadır, şəhərdən iyirmi lyö uzaqlıqdda. Amma mən, mən onu görürəm, bu təbiəti görürəm. Bilirəm ki, onun itaəti itaət deyil, tənbəllikdir, bilirəm ki, onun üçün qanunlar yazılmayıb. İnsanların təbiətin qanunu kimi qəbul etdikləri əslində... əslində sadəcə vərdişdir, sabah təbiət onu dəyişə bilər.

Bəs, birdən nəsə olsa? Birdən o silkələnib ayılsa? Onlar hiss edəcəklər ki, o buradadır, yaxında, ürəkləri dayanacaq. Onda onların bəndlərinə, elektrik stansiyalarına, evlərinə, mülklərinə nolacaq? Bu hər an baş verə bilər, lap elə indi, xəbərdarlıqlar çoxdur. Onda, məsələn ailənin atası gəzəndə görəcək ki, onun qabağına küləkdə qovulmuş kimi qırmızı cındır uçur. Cındır onun yanında olanda görəcək ki, bu əslində toza bulaşmış, çürümüş, gah sürünən, gah küləyin qaldırdığı, hansısa parçalanmış bədənin ətidir və bu ətdən qan fışqırır. Və ya hansısa ana uşağının yanağına baxıb soruşacaq: “Bu nədir?Sızaq?” – sonra görəcək ki, yanaq şişir, çatlayır və yarıqdan üçüncü, gülən göz baxır. Və ya onlar hiss edəcəklər ki, nəsə bütün bədənlərinə çay daşları üzgüçünün bədəninə sürtünən kimi yüngülcə sürünür. Başa düşəcəklər ki, paltarları canlanıb. Onlardan biri hiss edəcək ki, ağzında nəsə sürtünür. Güzgüyə yaxınlaşıb ağzını açacaq ki, dili böyük qırxayağa çevrilib, pəncələri ilə damağını eşir. O tüpürmək istəyəcək, amma bu onun bir hissəsidir, əlləri ilə dilini qoparmalı olacaq.

Çoxlu şeylər yaranacaq ki, onlara ad verməli olacaqlar: daş göz, böyük üç buynuzlu əl, ağac barmaq, hörümçək çənə. Rahat, isti otağında, yumşaq yatağında yatan biri bir gün ayılacaq ki, mavi torpaqda lütdür, səs-küylü cinsi orqanların arasındadır- onlar qırmızı, ağ rəngdədirlər, Jukstebuvil boruları kimi göyə qalxıblar, tüklü, soğancıq kimi böyük xayalar yarı torpaqdadırlar. Fallosların ətrafında quşlar uçur, onları dimdikləyirlər, onlardan qan çıxır. Yaradan həm də yavaş-yavaş, qanla qarışıq, tələbə sperması kimi, isti, xırda köpüklü sperma axır.

Ya da bunların heç biri olmayacaq, heç bir aydın işarə zad olmayacaq, amma insanlar bir gün səhər ayılacaqlar, pəncərələri açacaqlar, əşyalara qonub nəsə gözləyən qorxulu fikrə təəccüblənəcəklər. Vəssalam, amma bu bir az da davam etsə yüzlərlə adam intihar edəcək. Qoy olsun! Qoy nəsə dəyişsin, bundan yaxşı heç nə istəyə bilmərəm, baxaq görək nolacaq. Çoxları tənhalığa qapanacaqlar. Tək, tamamilə tək pis eybəcərlər küçələrdə qaçacaqlar, yanımdan bir nöqtəyə baxan gözləri ilə keçəcəklər, öz pisliklərindən qaçmağa çalışacaqlar amma onu da yanlarında daşıyacaqlar, ağızlarını açıb, qanadlarını çırpan böcək dillərini çölə çıxaracaqlar. Onda mən güləcəm, hətta bədənimi şübhəli çirkli, qaymaqçiçəyi, bənövşənin bitdiyi qotur bassa da güləcəm. Divara söykənib yanımdan qaça-qaça keçənlərə qışqıracam: “Öz elminizlə nəyə nail oldunuz?Humanizminiz nəyə yaradı? Haradadı sizin düşünən qamış qürurunuz?” Mən qorxmayacam, ən azı indi qorxduğum kimi qorxmayacam. Məgər bu mövcudluğun başqa forması olmayacaq? Yavaş-yavaş üzdə yayılan üçüncü göz, əlbəttə artıqdır, amma iki göz özü də artıqdır. Mövcudluq- mən bax ondan qorxuram.

Hava qaranlıqlaşır, şəhərin ilk işıqları yanır. Aman Allahım! Təbiət onu ram edib, böyük, geometrik xətlərinə baxmayaraq külək onu basır. Buradan belə görünür. Yəni bunu ancaq mən görürəm? Yəni heç bir yerdə başqa Kassandra yoxdur ki, burda- təpədə dayanıb ayaqlarının altında təbiətin bətni tərəfindən udulmuş şəhəri görməsin? Ümumiyyətlə mənimçün nə fərqi var? Nə deyə bilərəm ki?

Bədənim sakitcə şərqə tərəf dönür, bir az əsə-əsə aşağı düşür.
Çərşənbə. Buvildə sonuncu günüm.

Bütün şəhəri gəzib Oxucunu axtardım. Yəqin ki, evə getməyib. İnsanlar tərəfindən rədd edilmiş yazıq humanist, yəqin ki, indi utanc və dəhşətdən sarsılmış vəziyyətdə, yolları seçə bilmədən avaralanır. Düzünü desəm bu hadisənin baş verməsinə heç təəccüblənməmişdim, çoxdan bilirdim ki, onun balaca, qorxaq başına mütləq bir hadisə gələcək. Onun günahı o qədər azdır ki, əslində gənclərə bəslədiyi qorxaq, xəyalçı sevgidə heç bir hissiyyat yoxdur- bu da özünə görə humanizmin bir formasıdır. Amma onun üçün bir gözəl gündə tək qalmaq hazırlanmışdı. Müsyö Axill kimi, mənim kimi- o da mənim olduğum cinsdən-xeyirxah niyyətlilərdəndir. Amma bundan sonra onun taleyi yalnızlıqdır, özü də həmişəlik. Bir göz qırpımında hər şey məhv oldu: mədəniyyət haqqında arzuları, insanlar arasında razılıq arzuları. Əvvəl qorxu, dəhşət, yuxusuz gecələr gələcək, sonra uzun-uzun sürgünlər. Axşamlar İpoteka bankının həyətində gəzəcək, uzaqdan oxu zalının işıqlı pəncərələrinə baxıb, nəfəsini tutaraq uzun sıralı kitabları, onların dəri cildlərini, səhifələrinin iyini xatırlayacaq. Təəssüflənirəm ki, ona heç nə öyrətmədim, amma o özü istəmədi, tək qalmaq istədi və hər şeyi tənha, öz-özünə öyrənməyə başladı. Bu qeydləri “Mabli” kafesində edirəm. Bura elə girdim ki, elə bil hansısa ayini yerinə yetirirəm: sahibkara, kassir qadına baxmaq istəyirdim ki, bütün gücümlə onları sonuncu dəfə gördüyümü hiss edim. Amma Oxucunu unuda bilmirəm, dayanmadan gözlərimə dəyişmiş, tənəli üzü və qanlı yaxalığı görünür. Mənə kağız verilməsini xahiş etdim, indi onun başına gələni yazacam.

Mən kitabxanaya gündüz saat ikidə getdim. Öz-özümə dedim: “Bu da kitabxana. Ona sonuncu dəfə daxil oluram”.

Zal demək olar boş idi. Onu çətinliklə tanıdım, axı bilirdim ki, bir də bura qayıtmayacam. Zal tüstü kimi yüngül, az qala irreal idi və tamamilə kürən görünürdü, günbatanın işığında köməkçilərin işlədiyi stol, kitab yığını kürənləşmişdi. Bir anlıq mənə elə gəldi ki, mən qızıl yarpaqlar meşəsindəyəm. O qədər xoş idi ki, gülümsədim. Sonra düşündüm: “gör nə qədər vaxtdır gülümsəməmişdim”. Korsikalı əllərini belinə qoyub, pəncərədən baxırdı. Nə görür orada? Empetrazın kəlləsini? “Mən isə daha heç vaxt Empetrazın kəlləsini, silindirini, sürtüyünü (uzunətəkli kişi pencəyi) görməyəcəm. Altı saat sonra Buvildən çıxıb gedirəm”. Baş kitabxanaçının köməkçisinin qarşısına keçən ay götürdüyüm iki kitabı qoydum. O yaşıl, abunə kartını cırıb, parçalarını mənə uzatdı.



  • Buyurun, müsyö Rokanten.

  • Təşəkkür edirəm.

“İndi onlara heç nədə borclu deyiləm,- düşündüm. – Mən burada daha heç kimə heç nə borclu deyiləm. Tezliklə “Dəmiryolçuların sığınacağı”-nın sahibəsi ilə də vidalaşacam. Mən azadam”. Bir anlıq tərəddüd etdim: bu son dəqiqələrimi necə keçirim, bəlkə Buvildə uzun gəzintiyə çıxım, yenidən Viktor Nuar bulvarına, Halvani prospektinə, Turnebrid küçəsinə baxım? Amma bu meşəcik elə sakit, elə təmiz idi ki, elə bil heç mövcud deyildi, Ürəkbulantısı ondan yan keçirdi. Gedib sobanın yanında oturdum. Stolun üstünə “Buvil qəzeti” sərilmişdi. Əlimi uzadıb onu götürdüm.

“İti tərəfindən xilas edilib.

Cənab Dyubosk, Remiredondan olan ev sahibi dünən axşam Nojidəki yarmarkadan velosipedlə qayıdırdı...”

Sağ tərəfimdə kök qadın oturdu. Şlyapasını yanına qoydu. Burnu üzünə sancılmışdı, elə bil meyvə bıçağı almaya sancılıb. Burnunun altında isə balaca, ədəbsiz deşik həqarətlə əyilmişdi. Qadın çantasından cildli kitab çıxardı, stola söykənib, piyli əllərini başına dayadı. Düz qarşımda qoca kişi mürgüləyirdi. Onu tanıdım, çox qorxduğum həmin axşam o da kitabxanada oturmuşdu. Məncə o da qorxurdu. “İndi bunlar nə qədər uzaq”,- düşündüm.

Saat beşin yarısında Oxucu gəldi. Əllərini sıxıb sağollaşmaq istədim. Amma deyəsən sonuncu görüşdən pis təsirlənib: mənimlə soyuq görüşdü və içində yəqin ki, həmişəki kimi çörək tikəsi və şokoladın olduğu ağ paketi oturduğum yerdən kifayət qədər uzağa qoydu. Bir az sonra şəkilli kitabla qayıdıb onu da paketin yanına qoydu. “Onu sonuncu dəfə görürəm”,- fikirləşdim. Sabah axşam, birigün axşam və bütün sonrakı axşamlar o bu stolun arxasında oturacaq, şokoladla çörəyini yeyəcək və səbrlə, siçan kimi elm gəmirəcək, Nabonun, Nodonun, Nodyenin əsərlərini oxuyacaq, arabir fasilə verib, qeyd kitabçasında hansısa kəlamları qeyd edəcək. Mən isə Parisdə, Parisin küçələrini gəzəcəm, yeni üzlərlə rastlaşacam. O burda oturanda və lampa onun enli, düşüncəli üzünü işıqlandıranda görəsən başıma nələr gələcək? Vaxtında ayıldım, az qala macəra ümidinin illuziyasının təsiri altına düşmüşdüm. Çiyinlərimi çəkib, qəzetə qayıtdım.

“Buvil və onun ətrafı.

Monistye.

1932-ci il üçün polis briqadasını fəaliyyətinin nəticələri. Monistye briqadasının komandiri, böyük serjant Qaspar və tabeçiliyində olan dörd polis, Laqutu, Nizan, Pyerpon və Qilyu 1932-ci ildə boş oturmayıblar. Əslində bizim polislər bu müddət ərzində 7 qətl işini, 82 qayda, 159 qanun pozuntusunu, 6 intihar hadisəsini, 3-ü ölümlə nəticələnən 15 avtomobil qəzasını protokollaşdırıblar.”

“ Jukstebuvil.

Jukstebuvil Boruçuları Dərnəyi.

Bu gün illik konsertin ümumi məşqləri və dəvətnamələrin verilməsi günüdür.”

“Kompostel.

İcra hakiminə Şərəf legionu ordeni verilib.”

“Buvil turisti (1924-cü ildə çıxan “Buvil boyskaut”-u əsasında).

Bu gün Ferdinand Biron küçəsi, 10, A zalında aylıq iclas olacaq. Gündəlikdə duran məsələlər: sonuncu protokolun oxunması; Məlumat, illik banket, 1932-ci il üçün üzvlük haqqının yığılması; mart ayı üçün tədbirlərin proqramı;yeni üzvlərin qəbulu və s.”

“Heyvanları müdafiə cəmiyyəti (Buvil şöbəsi).

Gələn cüməaxşamı saat 3-dən 5-ə qədər Ferdinand Biron küçəsi, 10, C zalında ictimai növbə. Məktub cəmiyyətin sədrinə- baş ofisə və ta Halvani küçəsi, 154 ünvanına göndərilməlidir”.

“Gözətçi köpəklərin Buvil klubu... Müharibə əlillərinin Buvil assosiasiyası... Taksi sürücülərinin həmkarlar ittifaqı... Buvil pedoqoji institutlarının dostluq komitəsi”...

Zala iki, portfelli yeniyetmə daxil oldu. Lisey tələbələridirlər. Korsikalı onları çox sevir, çünki onların üzərində atalıq nəzarətini həyata keçirir. Kefini açmaq üçün tez-tez yeniyetmələrin stulda yellənib, söhbət etmələrinə şərait yaradır, sonra birdən sakitcə yaxınlaşıb onların arxalarında dayanır və bişirməyə başlayır: “Bu nəyə lazımdır axı, məgər böyük gənclər özlərini belə aparırlar? Əgər özünüzü yaxşı aparmasanız baş kitabxanaçı direktorunuza şikayət edəcək”. Əgər yeniyetmələr onunla mübahisə etsələr onlara hədələyici baxışlarla baxıb deyir: “Familyanız necə oldu?”. Onların mütaliəsi ilə də məşğul olur, kitabxanada bəzi kitablar qırmızı xaçla nişanlanıb- bunlar cəhənnəmlik kitablardır: Jidanın, Didronun, Bodlerin əsərləri və tibbi əsərlər. Lisey tələbəsi bu kitablardan hansısa birini istəyəndə korsikalı işarə ilə onu yanına çağırır, künçə çəkib, haqq-hesab çürüdür. Bir neçə dəqiqə sonra daha özünü saxlaya bilməyib bütün zal boyu qışqırır: “Axı sizin yaşınıza daha uyğun kitablar var. Öyrədici kitablar. Yaxşı yadıma düşdü, dərslərinizi oxuyub bitirmisiz? Neçənci sinifdə oxuyursuz? İkinci?i Dörd saatdan sonra bütün dərsləri bitirmisiz? Sizin müəlliminiz tez-tez burada olur, onunla sizin barənizdə danışacam”.

Hər iki yeniyetmə sobanın yanında dayandılar. Kiçiyin gözəl qara saçları, hətta hədsiz zərif dərisi və hirsli, özündən razı, kiçik dodaqları vardı. Onun dostu, dodağının üstündə balaca bığları olan yoğun şişman onu qolunun altına salıb, nəsə dedi. Balaca cavab vermədi amma hiss edilmədən, təkəbbürlə və özündən razı gülümsədi. Sonra hər ikisi rəfdən saymazyana hansısa lüğəti götürüb yorğun baxışlarını onlara zilləyən Oxucuya tərəf getdilər. Özlərini elə aparırdılar ki, guya onu görmürlər, amma məhz Oxucunun yanında oturdular, qara saçlı balaca onun solunda, yoğun şişman isə balacanın solunda. Hər ikisi lüğəti vərəqləməyə başladılar. Oxucu çaşqın baxışlarını zalda gəzdirib, yenidən oxuya daldı. Heç vaxt oxu zalı belə sakit görünüşlü olmamışdı, kök qadının tövşüyən nəfəsindən başqa səs yox idi, yalnız böyük inoctavo lüğətinin üstünə əyilmiş başları görürdüm. Amma məhz həmin anda hiss etdim ki, nəsə pis bir şey olacaq. Bütün bu çalışqan görünüşlə baxışlarını aşağı salmış adamlar sanki hansısa komediya oynayırdılar: bir neçə saniyə qabaq elə bil ki, üstümüzə qəddarlıq əsmişdi.

Oxunu bitirmişdim, amma getmək istəmirdim: özümü elə göstərirdim guya qəzet oxuyuram, əslində gözləyirdim. Mənim marağımı və həyacanımı digərlərinin gözləməsi daha da alışdırırdı. Mənə elə gəldi ki, yanımda oturan qadın kitabın səhifələrini daha tez-tez çevirir. Bir neçə dəqiqə sonra pıçıltı eşitdim. Ehtiyatla başımı qaldırdım. Yeniyetmələr lüğəti bağlamışdılar. Qara saçlı balaca susurdu, sağ tərəfə çevrilmişdi və üzü hörmət və maraq ifadə edirdi. Çiyninin arxasında yarıya qədər gizlənmiş digəri qulaqlarını şəkləyib, astadan gülürdü. “Kim danışır axı?”- fikirləşdim.

Oxucu danışırdı. Gənc qonşusuna tərəf əyilib, baxışlarını onun gözlərinə dirəyib gülümsəyirdi. Dodaqlarının necə tərpəndiyini, uzun kirpiklərinin əsdiyini görürdüm. Cavanlaşmış üzünü az qala tanımayacaqdım, hətta üzü cazibəli olmuşdu. Bir anlıq susub, qorxaq-qorxaq ətrafı nəzərdən keçirdi. Yeniyetmə elə bil ki, onun sözlərini udurdu. Bu kiçik səhnədə qeyri-adi heç nə yox idi, yenidən oxuya qayıtmaq istəyirdim ki, balacanın əlinin stolun kənarı ilə yavaş-yavaş sürüşdüyünü gördüm. Oxucunun görmədiyi yerə çatana qədər o yavaş-yavaş irəlilədi, şişmanın dirsəyinə çatanda möhkəm çimdiklədi. Şişman Oxucunun sözlərinə o qədər diqqətlə qulaq asırdı ki, dostunun əlinin ona çatdığını hiss etməmişdi. Stulda tullanıb, ağzını həyacan və gözlənilməzlikdən geniş açdı. Qara saçlı oğlanın üzündə isə bayaqki diqqət və maraq var idi. Nadinc əlin ona məxsus olduğuna inanmaq çətin idi. “Onlar nə etmək istəyirlər?”- fikirləşdim. Başa düşürdüm ki, hansısa vicdansızlıq olacaq, həm də bilirdim ki, buna mane olmağa vaxt var. Amma nəyə mane olmalıyam bax bunu tapa bilmirdim. Bir anlıq ağlıma fikir gəldi ki, ayağa qalxıb Oxucuya yaxınlaşım, çiynini şappıldadıb söhbət edim. Amma elə bu vaxt baxışlarımız toqquşdu. O həmin an susdu və əsəbi halda dodaqlarını sıxdı. Utandığımdan tez baxışlarımı yığışdırdım və görüntü üçün yenidən qəzeti əlimə aldım. Kök qadın kitabı itələyib, başını qaldırdı. O cadulanmış kimi idi. Açıq-aydın hiss edirdim ki, o bu dəqiqə partlayacaq, onlar hamısı partlayışın olmasını istəyirdilər. Nə etməli? Yandan Korsikalıya baxdım- o artıq pəncərədən baxmırdı, bizə tərəf yanpörtü dayanmışdı.

On beş dəqiqə keçdi. Oxucu yenidən pıçıldayırdı. Ona baxmağa cəsarət etmirdim, amma açıq-aydın mehriban, cavanlaşmış üzünü, ona istiqamətlənmiş hiss etmədiyi ağır baxışları təsəvvür edirdim. Birdən cingilitili uşaq gülüşü ilə güldü. Ürəyim sıxıldı, elə bil ki, nadinc cavanlar pişiyi batırmaq istəyirlər. Sonra pıçıltı kəsildi. Sükut mənə faciəli göründü, bu ki sondu, ölüm hökmüdür. Qəzetin arxasında gizlənib özümü elə göstərdim ki, guya oxuyuram, amma oxumurdum, qaşlarımı qaldırıb, çalışırdım gözlərimi daha yuxarı qaldırım ki, məndən iki addımlıqda bu sakitlikdə baş verənləri görə bilim. Yüngülcə başımı çevirdim və gözümün qırağı ilə stolun kənarı ilə sürüşən ağ, balaca ağ əl gördüm. İndi əl ovcu yuxarı uzanmışdı, incə, hissiyyatlı idi, dənizdən çıxıb günəşədə qızınan qadının çılpaqlığını xatırladırdı. Ona tərəf ehtiyatla qara və tüklü nəsnə irəliləyirdi. Bu kök, tütündən saralmış barmaq idi, bu əlin yanında o bütün yöndəmsizliyi ilə kişi cinsi orqanına oxşayırdı. Bir anlıq dik, incə ovuca istiqamətlənib dondu, sonra kobudcasına onu sığallamağa başladı. Təəccüblənmədim, Oxucuya hirsləndim, özünü saxlaya bilmədi axmaq! Yəni o təhlükəni hiss etmir? Onun hələ də kiçik şansı var, əgər indi əllərini kitabın iki tərəfinə qoyub, sakit otursa bəlkə bu dəfə ona hazırlanmış oyundan qaça bilər. Amma bilirdim ki şansını itirəcək. Barmaq incə-incə, ürkək hərəkətlə tərpənməyən ovuca toxunub, möhkəm basmağa cəsarət etmədən onu sığallayırdı, bəlkə də bütün iyrəncliyini hiss edirdi. Qəfil başımı qaldırdım, daha bu inadkar irəli-geri hərəkətinə dözə bilmirdim, Oxucunun baxışını tutmağa çalışdım, öskürdüm ki, ona xəbərdarlıq edim. Amma o gözlərini yumub, gülümsəyirdi. Digər əli stolun altında itdi. Oğlanlar daha gülmürdülər, rəngləri ağarmışdı. Qara saçlı balaca dodaqlarını sıxmışdı, qorxurdu, deyəsən o hadisələrin belə inkişafını gözləmirdi. Amma əlini götürmürdü, əli hələ də stolun üstündə tərpənmədən qalmışdı, yüngülcə gərilmişdi. Dostu axmaqcasına, qorxmuş halda ağzını aralamışdı.

Və budur, korsikalı bağırdı. O eşidilmədən yaxınlaşıb, Oxucunun stulunun arxasında dayana bilmişdi. Göyərmiş üzündə gülüş mimikası var idi, amma gözlərində ildırım çaxırdı. Stuldan sıçradım, amma bir az da rahatlanmışdım, gözləmək əzab verirdi. Çox istəyirdim ki, hər şey nəhayət bitsin, lap əgər istəyirlərsə Oxucunu qapının ağzında qoysunlar, təki hər şey bitsin. Təbaşir kimi ağarmış yeniyetmələr çantalarını qapıb, yox oldular.



  • Mən hər şeyi gördüm,- qəzəbdən keflənmiş korsikalı qışqırırdı,- bu dəfə gördüm, cəsarət edib deməyin ki, bu düz deyil. Cəsarət edib deməyin ki, heç nə olmayıb. Elə bilirsiz sizin zibillərinizi görmürdüm? Mənim gözlərim var, adam. Səbr,- öz-özümə deyirdim,- səbr, onu bir gün tutacam və bu ona baha başa gələcək. Hə, Hə, baha. Familyanızı və ünvanınızı bilirəm, haqqınızda sorğu göndərmişdim. Sizin rəisiniz müsyö Şyuyeni də tanıyıram. Sabah baş kitabxanaçıdan məktub alanda təəccüblənəcək. Nə? Susursuz? – gözlərini fırladıb davam etdi.- Amma elə bilməyin ki, iş bununla bitəcək. Sizin kimilər üçün Fransada məhkəmə var. Müsyö oxu ilə məşğul imiş! Müsyö dünyagörüşünü genişləndirirmiş! Müsyö mənə rahatlıq vermirdi- sorğu göndər, kitab gətir. Amma məni aldada bilməzsiz.

Deyəsən Oxucu təəccüblənməmişdi. Yəqin artıq uzun illərdir belə bir şey gözləyirmiş. Yəqin ki, yüzlərlə dəfə korsikalının sakitcə arxadan yaxınlaşıb, qəzəbli səslə qulaqlarına qışqıracağını təsəvvür edirmiş. Amma buna baxmayaraq o hər axşam bura qayıdırmış, əsəbi şəkildə kitabları səhifələyirmiş, arabir oğru kimi ağ əlləri və ya bəlkə də hansısa oğlanın ayağını sığallayırmış. Oxucunun üzündən daha çox taleyinə boyun əymək oxunurdu.

  • Başa düşmürəm, nə demək istəyirsiniz,- kəkələdi.- Mən bura uzun illərdir gəlirəm...

O təəccüblənmiş, acıqlı görünmək istəyirdi amma inandırıcı alınmırdı. Bilirdi ki, gözlədiyi baş verib, hadisələrin gedişatını artıq saxlamaq olmaz, hər şeyin hər dəqiqəsini yaşamalı idi.

  • Ona qulaq asmayın, mən hər şeyi gördüm,- qonşu qadın danışdı. Ağır-ağır yerindən qalxdı...- Hə, hə, özü də birinci dəfə görmürəm. Keçən həftənin bazar ertəsi elə bu vaxt mən artıq onu görmüşdüm, amma heç nə deməmişdim, gözlərimə inana bilməmişdim: insanların elm öyrənməyə gəldikləri belə ciddi yerdə, kitabxanada belə hadisələrin olması üz qızardır. Mən özüm uşaqsız qadınam, amma analara yazığım gəlir, oğlanlarına bu zalda məşğul olmağa icazə verirlər, fikirləşirlər ki, burada onlara heç kim toxunmayacaq, heç kim incitməyəcək amma həm də belə şərəfsizlər var ki, onlar üçün müqəddəs heç nə yoxdur, uşaqlara dərslərini hazırlamağa mane olurlar.

Korsikalı Oxucuya yaxınlaşdı.

  • Eşidirsiz xanım nə deyir? – düz üzünə bağırdı.- Komediya oynamaq lazım deyil. Sizi cinayət başında yaxalayıblar, çirkin alçaq.

  • Müsyö, nəzakət qaydalarına əməl edin,- Oxucu qürurla dedi.

Rollar belə bölünmüşdü. Bəlkə də Oxucu hər şeyi boynuna alıb, qaçmaq istərdi amma o rolunu sona qədər oynamalı idi. O korsikalıya baxmırdı, gözləri yarıaçıq idi. Əllərini bir-birinə hörük kimi keçirmişdi, dəhşətli dərəcədə ağarmışdı. Birdən üzünə qan vurdu.

Hirsindən korsikalının nəfəsi kəsilirdi.



  • Nəzakətli? Əclaf! Elə bilirsən heç nə görmürdüm? Deyirəm də, səni izləyirdim. Mən artıq neçə aylardır səni izləyirəm.

Oxucu çiyinlərini çəkib, özünü elə göstərdi ki, guya oxuyur. Al-qırmızı idi, gözləri dolmuşdu, amma bütün görünüşü ilə çalışırdı dərin həvəs və diqqətlə Bizans mozaikalarına baxan adam kimi görünsün.

  • Və o oxumağa davam edir! Necə də sırtıqdır,- qadın korsikalıya baxa-bax dedi.

Korsikalı qərarsız idi. Həmin anda korsikalının qorxduğu baş kitabxanaçının köməkçisi, ciddi və xoş niyyətli gənc stolunun arxasından qalxıb, qışqırdı: “Paoli, nə baş verir?”. Bir anlıq səssizlik oldu, ümid edirdim ki, bu belə də bitəcək. Amma korsikalı yəqin ki, kənardan özünə baxıb gülməli olduğunu gördü.

Əsəbdən qızararaq, dilsiz qurbanına daha nə deyəcəyini bilmədən bütün balac boyu ilə gərilib, boşluğa yumruq atdı. Qorxmuş Oxucu döndü. Ağzını açıb korsikalıya baxdı, gözlərində dəhşətli qorxu var idi.



  • Məni vursanız sizdən şikayət edəcəm- gərgin halda dedi,- mən özüm gedirəm.

Mən də qalxdım, amma artıq gec idi: korsikalı qısa, dəhşətlə inildəyib Oxucunun burnuna yumruq atdl. Bir anlıq ancaq Oxucunun gözlərini gördüm, ağrıdan və utancdan böyümüş gözəl gözlərini, onların altında isə qol və qarabuğdayı yumruq. Korsikalı yumruğunu çəkəndə Oxucunun burnundan qan açıldı. O əlləri ilə üzünü bağlamaq istədi amma korsikalı onu ikinci dəfə ağzının küncündən vurdu. Oxucu qorxaq baxışlarla qarşısına baxaraq stulda donmuşdu. Burnundan paltarına qan damlayırdı. Sağ əli ilə paketini xışmalayır, solla burnundan axan qanı silirdi.

  • Mən gedirəm,- o öz-özünə danışırmış kimi dedi.
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə