Jan Pol Sartr Ürək bulantısı Roman




Yüklə 0.82 Mb.
səhifə10/12
tarix25.04.2016
ölçüsü0.82 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

  • Sus. Hə, tamamilə düz xatırlayırsan, mən o cildi çardağa qaldırırdım. Orada çox az şəkil var idi, hər cilddə üç-dörd şəkil. Amma hər biri bütün səhifəni tuturdu, arxa tərəfi isə təmiz idi. Bu məndə digər səhifələrdən daha çox təəssürat oyadırdı, yerə qənaət etmək üçün yazını iki sütuna yığmışdılar. Mən həmin şəkilləri çox sevirdim, onların hamısını əzbərdən bilirdim və hər dəfə Mişlenin hansısa cildini oxuyanda hələ şəklə əlli səhifə qalmış onun görünməsini gözləyirdim, hər dəfə şəklin yerində olması mənə möcüzə kimi görünürdü. Orada başqa bir incəlik də var idi, şəkildə təsvir edilən səhnə heç vaxt yaxın səhifələrlə üst-üstə düşmürdü- hadisənin təsvirini tapmaq üçün otuz səhifə qabağa getmək lazım gəlirdi.

  • Yalvarıram, gəl möhtəşəm anlardan danışaq.

  • Mən isə sənə seçilmiş vəziyyətlərdən danışıram. Məhz onlar həmin qravyuralarda təsvir edilmişdi. Mən onları seçilmiş adlandırırdım. Əgər məhz onları belə çoxsaylı illustrasiyaların predmeti etməyə qərar veriblərsə deməli onlarda nə isə qeyri-adi xüsusiyyət olmalı idi. Başa düşürsən- məhz onları seçmişdilər, baxmayaraq ki, rəssam üçün daha rahat və ya tarix üçün daha vacib çoxsaylı epizodlar vardı. Məsələn, bütün XVI əsrə üç şəkil düşmüşdü: II Henrinin ölümü, Hersoq de Qizanın qətli və IV Henrinin Parisə səfəri. Və budur, mən təsəvvür edirdim ki, bu hadisələr digərlərindən nə iləsə fərqlənir. Həm də qravyuralar mənim fikrimi möhkəmləndirirdi- şəkillər yöndəmsiz idilər, əllər və ayaqlar bədənə pis oturmuşdu. Amma onlar böyük idilər. Məsələn hersoq de Qiz öldürülüb- bütüb şahidlər dəhşətə gəliblər və hiddətlə əllərini qabağa uzadıblar, başlarını isə arxaya çeviriblər: bu çox gözəldir, xor kimi. Elə bilmə ki, şəkillər maraqlı yaşayış detallarından məhrum edilmişdilər. Onlarda atlardan yıxılan pajları ( orta əsrlərdə saraylarda xidmət edən zadəgan nəslindən oğlan) və ora-bura qaçan balaca itləri, taxtın pillələrində oturan təlxəkləri görə bilərdin. Amma bütün bu detallar o qədər böyük və yöndəmsiz çəkilmişdi ki, digərləri ilə möhtəşəm harmoniya yaradırdılar, heç vaxt birliyin belə qorunduğu şəkillərə rast gəlməmişdim. Bax hər şey də elə burdan başladı.

  • Seçilmiş vəziyyətlər?

  • Hər halda, mən onu belə təsəvvür edirdim. Bu vəziyyətlər nadir, qiymətli xüsusiyyətlərə, belə desək stilə malik idilər. Məsələn, səkkiz yaşım olanda elə bilirdim ki, kral olmaq- seçilmiş vəziyyətdir. Və ya həm də ölmək. Gülürsən, amma şəkillərdə ölüm anında çəkilmiş o qədər adam vardı və o qədər adam həmin anda uca sözlər deyirdilər ki, mən səmimi olaraq inanırdım...qısası düşünürdüm ki, əzab anında insan özündən də üstün olmağa qadirdir. Ölünün olduğu otaqda olmaq kifayət idi: ölüm seçilmiş vəziyyətdir, ondan elə bir şey çıxırdı ki, ətrafdakı hər kəsə keçirdi. Hansısa böyük bir şey. Atam öləndə mənə dedilər ki, yuxarı, onun otağına qalxıb sonuncu dəfə görüm. Pillələri qalxarkən özümü o qədər bədbəxt hiss edirdim ki, həm də hansısa qeyri-adi vəcdə gəlmişdim- nəhayət seçilmiş vəziyyətə düşəcəm. Divarlara söykənib, çalışırdım ki, özümü həmin dəqiqə üçün hazırlayım. Amma yatağın yanında anamla xalam dizi üstə durmuşdular, hönkürtüləri ilə hər şeyi pozdular.

    Sonuncu sözləri Anni hirslə deyir, elə bil ki, xatirələr onun üçün hələ də əzablıdır. Fasilə edir, bir nöqtəyə baxıb qaşlarını qaldırır, həmin səhnəni yenidən yaşamaq üçün fürsətdən istifadə edir.

    • Sonralar mən bu anlayışı genişləndirdim, məsələn seçilmiş vəziyyətlərə həm də sevgini əlavə etdim (sevişməyi nəzərdə tuturam). Hə bir də, əvvəllər başa düşmürdün niyə bəzi xahişlərindən imtina edirdim, indi başa düşəcəksən, mən nəyisə qorumağa çalışırdım. Sonra qərar verdim ki, deyəsən seçilmiş vəziyyətlər saya biləcəyimdən daha çoxdurlar, ən sonra başa düşdüm ki, onlarım sayı yoxdur.

    • Yaxşı, axı onlar nədir?

    • Mən ki sənə izah etdim,- təəccüblə deyir.- budur on beş dəqiqədir bunu sənə izah edirəm.

    • Deməli belə, axı vacib olan nədir, insanın hansısa deyək nifrət və ya sevgi kimi güclü ehtirasa tutulması və ya lazımdır ki, hadisənin içində böyüklük olsun, yəni biz gördüyümüz tərəfində?

    • Həm də həm də bu,- həvəssiz cavab verir.

    • Bəs möhtəşəm anlar? Onların nə əlaqəsi var?

    • Onlar sonra gəlir. Əvvəl xəbərləri gəlir. Sonra insanların həyatında yavaş-yavaş seçilmiş vəziyyətlər yaranır. Bax burada sual yaranır, sən onu möhtəşəm anlara çevirmək istəyirsən ya yox?

    • Başa düşdüm,- deyirəm. – Hər bir seçilmiş vəziyyətdə müəyyən addımlar atmaq lazımdır, deyək ki, müəyyən vəziyyətlər almaq və ya müəyyən sözlər demək lazımdır, digər vəziyyətlər, sözlər isə tamamilə qadağan edilir. Elədir?

    • Hə...

    • Deməli seçilmiş anlar əslində xammaldır, onları işləmək lazımdır.

    • Tamamilə, - deyir.- Əvvəlcə hansısa xüsusi şəraitdə olmalısan, sonra hiss etməlisən ki, onları qaydaya salırsan. Əgər bütün şərtlər qorunubsa həmin an möhtəşəm olur.

    • Qısası incənət əsəri kimi.

    • Bunu artıq mənə demisən, - qıcıqlanıb deyir. – Yox...bu...bu borc idi. Seçilmiş vəziyyətləri möhtəşəm anlara çevirməyə məcbursan. Bu əxlaq məsələsi idi. Nə qədər istəyirsən gülə bilərsən, amma məhz əxlaq məsələsi. Mən gülmürəm.

    • Qulaq as,- qəfil deyirəm. Mən də etiraf etmək istəyirəm. Mən heç vaxt səni başa düşməmişəm, sənə kömək etməyə cəhd etməmişəm. Əgər bilsəydim...

    • Sağ ol, çox sağ ol,- istehza ilə deyir. Ümid edirəm bu gecikmiş etirafına görə təşəkkür gözləmirsən. Amma mən sənə hirslənmirəm, sənə heç vaxt heç nəyi başa salmamışam, sıxılmışdım, bu barədə heç kimlə danışa bilmirdim, hətta səninlə də,xüsusilə səninlə. Həmin anda həmişə saxta notlar üzə çıxırdı. Başımı itirirdim. Amma həm də elə hiss edirdim ki, edə biləcəyim hər şeyi etmişəm.

    • Yaxşı, nə etmək lazım idi? Özümü necə aparmalı idim?

    • Sən necə də axmaqsan! Məgər misal göstərmək olar. Bu şəraitə baxır.

    • Yaxşı danış görüm sən nə etməyə çalışırdın.

    • İstəmirəm. Sənə bir hadisə danışacam, mən hələ məktəbdə oxuyanda mənə pis təsir etmişdi. Bir kral döyüşdə məğlub olur və əsir düşür. Hansısa küncdə qalibi görür. Qızı və oğlunu gözünün qabağında zəncirə vururlar. Ağlamır, heç bir söz demir. Sonra gözünün qabağında qulluqçularından birini zəncirə vururlar. O vaxt kral ağlamağa, saçlarını yolmağa başlayır. Özün başqa misallar çəkə bilərsən. Başa düşdün, bəzən ağlamaq olmaz və ya sən sadəcə alçaqsan. Amma əgər ayağının altına kötük düşürsə nə istəyirsən edə bilərsən, ağlaya, hönkürə bir ayağının üstündə tullana bilərsən. Həmişə dözümlü adam olmaq çətindir, özünü boş şeylərə görə xərcləyirsən.- gülümsəyir, - Amma bəzən dözümlülükdən daha çox şey tələb olunur. Birinci dəfə səni necə öpməyim yəqin ki yadına gəlmir.

    • Çox əla xatırlayıram,- qələbə ilə elan edirəm,- Bu Temza çayının sahilindəki Kyu-Qardenzdə olmuş.

    • Amma heç vaxt bilmədin ki, gicitkənin üstündə oturmuşdum, paltarım cırılmışdı, gicitkən budlarıma batmışdı hər dəfə tərpənəndə daha çox yandırırdı. Bax görürsən, burada dözümlü olmaq kifayət etmir. Sən məni heç də həyacanlandırmırdın, səninlə öpüşmək kimi xüsusi arzum da yox idi, amma sənə hədiyyə etmək istədiyim öpüşün daha böyük mənası var idi- bu girov idi, danışıq idi. Özün başa düşürsən, bu ağrı elə yersiz gəlmişdi ki, həmin anda gicitkən haqqında fikirləşməyə haqqım yox idi. Ağrımı göstərməmək az idi, gərək onu hiss etməyəydim. – O mənə hələ də öz fədakarlığından təəccüblənərək qürurla baxırdı.- bütün iyirmi dəqiqə, məni razı salmağa çalışdığın iyirmi dəqiqə, düzü mən onsuz da səni həmin vaxt ərzində öpməyə qərar vermişdim, bütün həmin vaxt özümü sakitləşdirməyə çalışırdım- axı öpüş bütün qaydaları ilə olmalıdır- özümü tamamilə ağrısızlaşdırmışdım. Və allah şahiddir, mənim dərim hissiyyatlıdır. Amma mən biz qalxana qədər heç nə hiss etməmişdim.

    Hər şey tanışdır. Macəra yoxdur, möhtəşəm anlar yoxdur... biz eyni illuziyalardan keçmişdik, eyni yollarla getmişdik. Qalanını təxmin edirəm- hətta özüm onun yerinə deməli olduqlarını deyə bilərəm.

    • Və sən başa düşdün ki, həmişə ağlayan xalalar və ya kürən kişilər və ya kimsə hər şeyi pozacaq.

    • Əlbəttə,- sakitcə təsdiqlədi.

    • Məgər bütün məsələ bunda deyil?

    • Ah, bilirsən kürən tipin diqqətsizliyi ilə əvvəl axır barışa bilərdim. Ümumiyyətlə mən həmişə digərlərinin öz rollarını necə oynadıqları ilə maraqlanmışam....yox, məsələ bunda deyildi...

    • Məsələ onda idi ki, seçilmiş vəziyyətlər yox idi?

    • Bəli. Fikirləşirdim ki, sevgi və ya nifrət Ehtiraslı cümədə alov dilləri kimi üstümüzə yağmayacaq. Elə bilirdim ki, nifrət və ya sevgi ilə işıqlanmaq olar. Necə də səhv etmişəm! Hə, axı mən doğrudan da inanırdım ki, “Nifrət” var, insanlara dolur və onu özündən yuxarı qaldırır. Axı əslində bu mənəm- mən nifrət edirəm, mən sevirəm. Axı hər bir mən elə eyni şeydir, elə bir şeydir ki, dartınır, dartınır...hər şey elə oxşardır ki, insanlar sonra hamısına ad veriblər, fərqləndiriblər.

    Fikirlərimiz üst-üstə düşür. Elə bilirəm heç vaxt ayrılmamışıq.

    • Qulaq as, deyirəm.- Bax bir neçə dəqiqədir elə bir şey haqqında fikirləşirəm ki, mənə geniş ürəklə təyin etdiyin yol sütunu rolundan daha çox xoşuma gəlir: məsələ ondadır ki, biz eyni vaxtda eyni cür dəyişmişik. Bilirsən, bu mənim daha çox xoşuma gəlir, nəinki sən daha uzağa,daha uzağa gedəsənmən isə təyin etdiyin nöqtədə qalam. İndi mənə danışdığın hər şeyi mən sənə danışmaq istəyirdim- düz deyirəm, amma başqa sözlərlə. Bi eyni nöqtədə olmuşuq. Məni necə sevindirdiyini deyə bilmərəm.

    • Hə?- mehriban amma inadkarlıqla deyir. – Amma yenə də istəyərdim ki, dəyişməyəsən, belə daha rahatdır. Mən sənə oxşamıram, əslində kiminsə mənim kimi fikirləşməsi xoşuma gəlmir. Həm də səhv edirsən.

    Başıma gələnləri ona danışıram, mövcudluq haqqında danışıram, bir az yayğın danışsam da. Gözlərini geniş açıb, qaşlarını qaldırıb, sakitcə qulaq asır.

    Bitirdim- üzündə rahatlıq var.



    • Bax görürsən, heç də mənim kimi düşünmürsən. Sən narazısan, çünki istərdin ki, əşyalar ətrafında çiçək dəstəsi kimi yerləşsin, bunun üçünsə barmağını belə tərpətməyəsən. Mən heç vaxt bu qədər çox şey istəməmişəm- mən hərəkət etmək istəmişəm. Bilirsən, biz səninlə macəra axtaranları canlandıranda sən başına macəra gələn adam idin, mən isə macəranı çağıran. Mən demişdim ki, “Hərəkət adamıyam”. Yadına gəlir? Bax, indi isə mən sadəcə deyirəm : “Hərəkət adamı olmaq olmaz”.

    Deyəsən üzümdən gördü ki, məni inandıra bilmədi, çünki hirslənməyə başlayır və qərarla elan edir:

    • Həm də sənə danışmadığım çox şey var, çox vaxt lazımdır. Məsələn, hərəkət etdiyim vaxt özümə deməli idim ki, bu.... bu pis nəticələnə bilər. İzah edə bilmirəm...

    • Lazım da deyil,- inadkarlıq edirəm,- mən də belə fikirləşirdim.

    İnamsızlıqla mənə baxır.

    • Qulaq as, sən dünyadakı hər şey haqqında mənimlə eyni fikirləşmisən,- qəribədir.

    Onu inandıra bilmirəm, ancaq hirsləndirirəm. Susuram. Onu qucaqlamaq istəyirəm. Birdən mənə narahatlıqla baxır:

    • Yaxşı əgər bütün bunları sən də fikirləşmisənsə, nolacaq?

    Başımı aşağı salıram.

    • Yəqin mən... mən canlı ölüyəm? – ağır-ağır təkrarlayır.

    Ona nə cavab verə bilərəm? Məgər mən özüm bilirəm ki, niyə yaşayırıq? Onun kimi ruhdan düşmürəm, çünki heç bir ümidim də yox idi. Daha çox... daha çox mənə heç nə üçün verilən həyata təəccüblənirəm. Başımı qaldırmıram, bu an Anninin üzünü görmək istəmirəm.

    • Mən səyahət edirəm,- qaşqabaqla deyir. – İndi İsveçrədən gəlmişəm. Bir həftəlik Berlində qaldım. Həmin o məni təmin edən adam...

    Onu qucaqlamaq...Niyə? Onun üçün nə edə bilərəm? O da mənim kimi tənhadır.

    • Nə donquldanırsan?- indi daha şən tonla soruşur.

    • Heç nə. Sadəcə bir az fikirləşdim.

    • Aaa, sirli şəxsiyyət! Ya aydın danış ya da sus, ikisindən birini seç.

    Ona “Dəmiryolçuların sığınacağından” , həmişə qurmağı xahiş etdiyim köhnə reyqtaym olan valdan, dinləyəndə keçirdiyim qəribə xoşbəxtlikdən danışıram.

    O cavab vermir, deyəsən mənim sözlərim onu o qədər də maraqlandırmır.



    Yenə də bir azdan danışır- başa düşmürəm o öz fikirlərinə cavab verir yoxsa mənim dediklərimə.

    • Şəkillər, heykəllər- onlar kömək etmirlər. Bu mənim xaricimdə olan gözəllikdir. Musiqi isə...

    • Bəs teatrda?

    • Nə teatrda? İncəsənətin bütün növlərini saymaq istəyirsən?

    • Nə vaxtsa demişdin ki, teatrda oynamağı ona görə istəyirsən ki, onda möhtəşəm anları həyata keçirmək olur!

    • Hə, mən onları həyata keçirirdim, amma başqaları üçün.Özüm isə tozun içində, yeldə, korşalmış soffitlərin (teatr səhnəsinin yuxarısında və yanlarında üfüqi halda düzülmüş lampalar sırası) altında, karton dekorasiyaların arasında idim. Adətən mənim tərəf müqabilim Torndayk olurdu. Yəqin ki, onu “Kovent-Qarden”-də görmüsən. Həmişə qorxurdum ki, indicə üzünə qəhqəhə çəkib güləcəm.

    • Bu rol səni heç vaxt cəlb etmədi?

    • Bəzi anları hə, amma heç vaxt tamamilə. Bizim hamımız üçün əsas o idi ki, aramızda qara uçurum var idi. Uçurumun dərinliyində isə görmədiyimiz insanlar, onlar üçün biz həqiqətən möhtəşəm anları oynayırdıq. Amma başa düşürsən onlar bu anların içində yaşamırdılar, anlar onların gözlərinin qabağında açılıb-bağlanırdı. Elə bilirsən biz aktyorlar içəridə idik? Əslində möhtəşəm an heç yerdə deyildi rampanın (səhnəni işıqlandıran lampaları və s. cihazları tamaşaçılardan gizlədən uzun sipər) nə bu nə o üzündə- o yox idi, amma hamı onun haqqında düşünürdü. Bax ona görə mənim balam – sözləri darta-darta danışır, tonu az qala bayağıdır- hamını cəhənnəmə yolladım.

    • Mən isə kitab yazmağa çalışırdım....

    • Mən keçmişdə yaşayıram,- sözümü kəsir.- Başıma gələnləri yaddaşımda canlandırıram və qaydaya salıram. Əslində hər şey kənardan o qədər də pis görünmür, hətta buna inanmağa hazır olursan. Bax elə səninlə mənim hekayət heç də pis deyil. Bir az düzəldirəm və o möhtəşəm anlar zəncirinə dönür. Onda gözlərimi yumuram elə təsəvvür edirəm ki, hələ də onu yaşayıram. Başqa personajlarım da var. Sadəcə diqqətini cəmləməyi öyrənmək lazımdır. Bilirsən nə oxumuşam? Loyolun “Ruhi məşqlər”kitabını. O mənə çox kömək etdi. Belə bir vasitə var- əvvəlcə dekorasiyanı qurursan, sonra personajları canlandırırsan. Onda görə bilirən,- ovsunçu kimi sözünü bitirir.

    • Bu mənə qətiyyən bəs eləməzdi,- deyirəm.

    • Sən elə bilirsən mənə bəs edir?

    Susduq. Hava qaralır, üzündəki ağ ləkəni güclə seçirəm. Anninin qara paltarı otağı dolduran alaqaranlıqla birləşir. Qeyri-şüuri stəkanı əlimə götürürəm, dibində bir az çay qalıb, dodaqlarıma yaxınlaşdırıram. Çay soyuyub. Siqaret çəkmək istəyirəm amma qərar verə bilmirəm. Əzabla hiss edirəm ki, bir-birimizə deyəcək sözümüz qalmayıb. Hələ dünən ona çoxlu suallar fikirləşmişdim: harada olub, nə edib, kiminlə görüşüb? Amma bu mənə ancaq ona görə maraqlı idi ki, Anni hər şeyə bütün qəlbini qoymağa qadir idi. İndi isə vecimə deyil, Anninin olduğu ölkələr, şəhərlər, onu sevən bəlkə də onun da sevdiyi kişilər məni daha maraqlandırmır, indi bunlar onu da maraqlandırmırdı, ürəyinin dərinliyində soyuqqanlı qalmışdı: qaranlıq, soyuq dənizin üzərində bir anlıq solğun günəş işıqları. Qarşımda Anni oturub, bir-birimizi dörd ildir görmürük, və daha bir-birimizə deyəcək heç nəyimiz qalmayıb.

    • İndi isə,- birdən Anni deyir,- getmək vaxtıdır. Mən adam gözləyirəm.

    • Sən onu gözləyirsən?

    • Yox, bir alman rəssamı gözləyirəm.

    Gülür. Onun gülüşü qaranlıq otaqda qəribə səslənir.

    • Yeri gəlmişkən, bax bizə oxşamayan, hələ ki, oxşamayan adam. Hərəkət edir, özünü xərcləyir.

    Həvəssiz qalxıram.

    • Səni nə vaxt görəcəm?

    • Bilmirəm. Sabah Londona gedirəm.

    • Dyepdən keçəcəksən?

    • Hə, sonra yəqin ki, Misirə gedəcəm. Bəlkə gələn qış yenə də Parisə gəldim, sənə yazaram.

    • Sabah bütün gün boşam,- cəsarətsizcə deyirəm.

    • Hə, amma mənim çox işim var, - quru cavab verir. – Yox, mən səninlə görüşə bilmərəm. Sənə Misirdən yazaram. Mənə ünvanını de.

    • Yaxşı.

    Zərf qırığına qaranlıqda ünvanımı cızıram. “Prentaniya” otelindən xahiş etmək lazımdır ki, Buvildən gedəndən sonra mənə məktubları çatdırsınlar. Ürəyimin dərinliyində bilirəm ki, Anni mənə yazmayacaq. Bəlkə də on il sonra onu yenidən gördüm. Və ya bəlkə də sonuncu dəfə görürəm. Ancaq ondan ayrıldığıma görə sınmıram,- yenidən təklik barədə fikirləşəndə tüklərim ürpənir.

    Anni qalxır, qapıda tələsik dodaqlarımdan öpür.



    • Dodaqlarının dadını xatırlamaq istəyirəm, - gülümsəyərək deyir. Gərək “ruhi məşqlərim” üçün xatirələrimi cavanlaşdıram.

    Əlindən tutub, özümə tərəf çəkirəm. Müqavimət göstərmir, amma başını yellədir.

    • Yox. Bu daha məni həyacanlandırmır. Hər şeyi yenidən başlamaq olmaz. Əslində, insanlardan nəsə qoparmaq lazım gələndə məgər fərqi var ki, sən ya ilk qarşıma çıxan yaraşıqlı oğlan?

    • Axı sən nə etmək istəyirsən?

    • Dedim axı İngiltərəyə gedəcəm.

    • Yox, onu nəzərdə tutmurdum....

    • Deyirəm də heç nə!

    Əlini buraxmadan sakit danışıram.

    • Elə çıxır səni tapdım ki, yenidən itirim.

    İndi onun üzünü aydın görürəm. Bozardı və gərildi. Qoca qadın üzü, çirkin üz- əminəm ki, Anninin üzü həyata qayıtmaq istəmir, o Anni istəmədən bəlkə də Anninin iradəsinin ziddinə yaranıb.

    • Yox,- sakitcə deyir,- yox. Sən məni tapmadın.

    Əlimdən çıxır. Qapını açır. Dəhliz işıqla dolur.

    Anni gülür.



    • Yazıq! Bəxtin gətirmədi. Həyatinda ilk dəfə öz rolunu oynadın amma minnətdarlıq almadın. Yaxşı, çıx get.

    Qapı bağlanır.
    Bazar günü.

    Səhər qatarların cədvəlinə baxdım: əgər Anni düzünü deyibsə, Dyep qatarı ilə keçəcəksə onda qatar 5:38-də çıxır. Bəlkə “adam” onu maşınla aparacaq? Bütün səhər Menilmontan küçəsində, sonra da sahildə avaralandım. Sadəcə bir neçə addım, bir neçə divar məni ondan ayırırdı. Saat 5:38-də dünənki söhbətimiz xatirə olacaq, bir anlıq dodaqlarımdan öpən kök qadın keçmişdə Meknes və Londondakı arıq qızla birləşəcək. Amma hələ heç nə keçmişə getməyib, o hələ ki, buradadır, onu görmək olar, əmin edib, özümlə həmişəlik apara bilərəm. Mən hələ təkliyi hiss etmirəm.

    Anni haqqında fikirləşmək istəmirdim, çünki onun bədənini və üzünü təsəvvür edəndə öz üzərimdə hakimiyyəti itirirdim, əllərim əsirdi, bədənimdən üşütmə keçirdi. Bukinist piştaxtalarındakı kitabları vərəqləməyə başladım, özü də ən ədəbsizlərindən başladım- nə deyirlər desinlər adamın fikri dağılır.

    Orse vağzalının saatları beşi vuranda mən “Qamçılı həkim” adlı kitabın qravyuralarına baxırdım. Hamısı bir-birinə bənzəyirdi: çoxunda saqqalı bir adam dəhşətli çılpaq dallara qamçı vururdu. Saatın beş olduğunu təzə anlamışdım ki, kitabı piştaxtaya atıb, taksi tutub Sen-Lezar vağzalına qaçdım. İyirmi dəqiqə platformada fırlanandan sonra onları gördüm. Anninin əynində ona xanım görünüşü verən enli, xəzli manto var idi. Kişi bir az gündən qaralmışdı, gənc, çox hündür və çox yaraşıqlı idi. Şübhəsiz, xaricidir, amma ingilisə oxşamır- bəlkə də misirlidir. Onlar məni görmədən vaqona qalxdılar. Bir-biri ilə danışmırdılar. Sonra kişi çıxdı ki, qəzet alsın. Anni kupesindəki pəncərəni aşağı saldı və məni gördü. Uzun-uzun qəzəbsiz, heç nə ifadə etməyən baxışlarla baxdı. Sonra kişi vaqona qayıtdı və qatar tərpəndi. Həmin an açıq-aydın Pikkadillidəki nə vaxtsa nahar etdiyimiz restoranı gördüm, sonra hər şey itdi. Küçələrdə avaralanmağa getdim. Yorulub, hansısa kafeyə girdim və yatdım. Ofisiant məni oyatdı və mən hələ də yuxudan tam ayılmamış yazıram.

    Səhər gündüz qatarı ilə Buvilə qayıdacam. İki gündən çox qalmayacam- bu çemodanları yığıb, bankla haqq-hesab çəkməyə bəs edir. “Prentaniya” otelində yəqin ki, iki həftəni öncədən ödəməyimi istəyəcəklər, çünki əvvəlcədən gedəcəyimi xəbər verməmişdim. Kitabları da kitabxanaya qaytarmaq lazımdır. Elə ya belə, həftənin sonuna qədər Parisə qayıdacam.

    Bu dəyişiklikdən nə qazanacam? Guya nə fərqi var ki: biri çayın kənarında yerləşir, digərini dəniz əhatə edir- bunu saymasaq onlar oxşayırlar. İnsanlar xam, bəhrəsiz torpaqları seçirlər və onlara böyük, içi boş daşlar qalaqlayırlar. Bu daşlarda qoxu həbs olunub, qoxu havadan ağırdır. Bəzən onları pəncərədən çölə atırlar, onlar isə külək sovurmayana qədər orada qalırlar.

    Aydın günlərdə səs-küy bütün divarlardan keçib, şəhərin o biri üzündən çıxır, bəzən günəşdə qızıb, şaxtada çatlayan daşların ətrafında fırlanırlar.

    Mən şəhərlərdən qorxuram. Amma onlardan çıxıb getmək olmur. Onlardan çox uzağa qopmağa cəsarət etsən, Bitkilər aləmi ilə əhatə olunursan. Bitki aləmi kilometrlərlə, kilometrlərlə şəhərə tərəf sürünür. Gözləyir. Şəhərin ölümünü gözləyir. Bitki aləmi zorla soxulub, daşların üstünə dırmanacaq, onları aldadıb içlərinə girəcək, hər şeyi qara, uzun buynuzları ilə dağıdacaq; işıq deşiklərini bağlayıb, hər yerdən yaşıl pəncələrini sallayacaq. Nə qədər ki, şəhərlər yaşayır, onlarda qalmaq lazımdır, tək tənha şəhər darvazalarının yanındakı sıx çəngəsinə dalmaq olmaz, qoy öz-özünə dağılıb, çatlasın. Şəhərlərdə özünü ağıllı aparıb, heyvanların yediklərini həzm etdikləri və ya orqanik dünyanın məhsul qırıntılarından sonra sığınacaqlarında yatdıqları vaxtı seçə bilsən ancaq minerallarla rastlaşa bilərsən, onlar mövcud olan hər şeydən daha az təhlükəlidirlər.

    Gərək Buvilə qayıdım. Bitki aləmi onu ancaq üç tərəfdən mühasirəyə ala bilib. Dördüncü tərəf qara, tərpənən su ilə dolu böyük uçurumdur. Evlərin arasında külək fit çalır. Qoxular burada başqa yerlərdəki kimi çox qalmırlar: külək onları dənizə qovur, onlar da azdırıcı duman qırıntıları kimi qara suların altına sərilirlər. Yağış yağır. Dörd tərəfdən çəpərlənmiş sahədə insanlar bitkilər üçün yer ayırıblar. Amma onlar axtalanmış, əhliləşdirilmiş, ziyansız bitkilərdir- necə də piyləniblər hamısı. Onların böyük, qulaq kimi aşağı sallanmış ağımtıl yarpaqları var. Onlara toxunanda isə elə bil ki, qığırdaq əlləyirsən. Buvildə hər şey piylidir, ağdır, hamısı da göydən tökülən suya görə. Buvilə qayitmalı olacam.Dəhşət!

    Birdən ayılır. Gecə yarısıdır. Altı saat qabaq Anni Parisdən getdi. Paraxod artıq açıq dənizə açılıb. O kayutda yatır, gündən qaralmış o adam isə körpücükdə siqaret tüstülədir.


    Çərşənbə axşamı, Buvildə.

    Deməli azadlıq elə budur? Ayaqlarımın altında bağlar kədərli-kədərli şəhərə düşürlər, hər bağda da bir ev var. Mən ağır, tərpənməyən dənizi görürəm, Buvili görürəm. Hava gözəldir.

    Mən azadam: artıq həyatımda heç bir məna yoxdur- sadəcə yaşamağı sınadım, alınmadı, başqa heç nə gəlmədi ağlıma. Hələ gəncəm, kifayət qədər güclüyəm, yenidən başlaya bilərəm. Amma nəyi başlayım? İndi başa düşürəm, ən dəhşətli qorxularım, ürəkbulantısı tutmaları zamanı çox ümid edirdim ki, Anni məni xilas edəcək. Mənim keçmişim öldü, markiz de Rolbon öldü, Anni ancaq ona görə qayıtdı ki, bütün ümidlərimi əlimdən alsın. Mən bu ağ, bağlarla əhatələnmiş küçədə təkəm. Tək və azad. Amma bu azadlıq bir az ölümü xatırladır.

    Bu gün həyatım bitir. Sabah ayaqlarımın altına sərələnmiş, uzun müddət yaşadığım bu şəhərdən gedirəm. Mənim yaddaşımda ondan ancaq qısa, burjuy, Florensiya və ya Bağdad qədər zəngin olmayan, təmiz fransız adı qalacaq. Elə bir vaxt gələcək ki, özümdən soruşacam: “Buvildə yaşayanda bütün günü nə edirdim?” Bu günki günəşdən, bu günki axşam saatlarından heç nə qalmayacaq, heç xatirələr də.

    Bütün həyatım arxada qaldı. Onu tam görürəm, cizgilərini, məni bura gətirən ərincək hərəkətlərini. Nə deyə bilərəm, oyunu uduzdum, bu qədər. Üç il əvvəl təntənə ilə Buvilə gəlmişdim. İlk turda məğlub oldum. İkincini oynamaq istədim, ikincini də uduzdum. Bununla belə öyrəndim ki, məğlubiyyət həmişə qaçılmazdır. Ancaq alçaqlar udduqlarını düşünürlər. Bundan sonra Anni kimi mən də canlı ölü olaraq yaşayacam. Yemək, yatmaq, yatmaq yemək. Ərinərək mövcud olacam, sakit, ağac, gölməçə, tramvayın qırmızı oturacağı kimi.

  • 1   ...   4   5   6   7   8   9   10   11   12


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
    rəhbərliyinə müraciət

        Ana səhifə