Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə32/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

VİDEOFİLM (video film) Kinolentə deyil, videomaqnitofon lentinə yazılmış film. 20-ci əsrin 70-ci illərində TV-də yaranan V. kinofilmlərin əksər üslubi əlamətlərini əxz edib. V.-lərin janrları rəngarəngdir: bədii, elmi-kütləvi, sənədli-publisistik, xronikal və s.


VİDEOFONOQRAMIN SƏS CIĞIRI (audio track) – Videofonoqramda səsin yazılışı, səsləndirilməsi, pozulması cığırı.

VİDEOFONOQRAMIN SƏSİ HAQQINDA MƏLUMAT SEKTORU (audio sector) – Rəqəmli videofonoqram sahəsi. Həmin sahədə formata uyğun olaraq proqramın səs siqnalları yerləşdirilir.

VİDEOGÜCLƏNDİRİCİ (video amplifier) – TV, radiolokasiya və s. qurğularda videosiqnalın (TV borusuna verilməzdən əvvəl) genişzolaqlı (10 MHs-ə qədər tezlikləri ötürən) gücləndiricisi; tranzistorlu, yaxud lampalı ola bilir. Bir və ikikaskadlı V. sxemindən daha çox istifadə olunur. V.-lərin gücləndirmə pilləsinə müqaviməti az olan rezistorla birgə induktivlik sarğacları və kondensatorların müxtəlif birləşmələri qoşulur. Onların nisbəti elə seçilir ki, yüksək və alçaq tezliklərdə gücləndirmə mümkün olsun. Bu, tezliklərin daha geniş zolağında siqnalları müntəzəm gücləndirməyə imkan verir və faza təhriflərinin azalmasına səbəb olur.

VİDEOİMPULS (videopulse) – Bax: V i d e o s i q n a l.

VİDEOİSTEHSALAT (electronic teleproduction) – Telekamera və videomaqnitofon, yaxud videokamera vasitəsilə TV proqramlarının istehsalı.

VİDEOKAMERA (video camera) – Təsviri və səsi maqnit lentinə köçürən, yaxud birbaşa efirə verən çəkiliş aparatı. V.-nın stasionar (studiya üçün, təkərli, hidravlik qaldırıcı ştativlərdə) və mobil (çiyində, əldə işlətmək üçün) növləri mövcuddur.

VİDEOKASET (video tape cassette) – Videoyazı üçün maqnit lenti olan kaset, yaxud maqnit lentində videofonoqramı olan kaset.

VİDEOKİTAB (video book) – Evdar qadınlara məsləhətdən tutmuş bədii, yaxud mifoloji-dini ədəbiyyata qədər rəngarəng mövzulu kitab mətnlərinin videoyazısı. V. bəzən öz kitab-çap variantlarına münasibətdə reklam funksiyasını, bəzən də müstəqil informasiya-maarifçilik, yaxud əyləncə funksiyasını yerinə yetirir.

VİDEOKİTABXANA (video library) – Qərb ölkələrində İSM xidmətləri sayəsində fərdi kompüterin ekranında baxılmaq üçün istənilən filmin seçilməsi imkanını bildirən anlayış.

VİDEOKLİP (video clip) Hərfi mənada: sürətli gediş. Qısa süjetli (yaxud süjetsiz) musiqili videoəsər.

VİDEOKONFRANS (videoconference) – Bir-birindən uzaqda olan adamlar arasında elektron texnikasının köməyi ilə ünsiyyətin gerçəkləşdirilməsi. Konfrans salonu iştirakçıları birləşdirdiyi kimi ekran da sanki bu kommunikasiya prosesi iştirakçılarını birləşdirir. İnteraktiv TV-dən fərqli olaraq V. böyük informasiya həcminə və kanalları buraxmaq qabiliyyətinə malik, öz mahiyyətinə görə multimedia rabitə xidmətinin bir növü kimi eyni zamanda hər iki istiqamətdə görüntülərin və səslərin çatdırılması funksiyasını yerinə yetirir. Lazımi avadanlıq və proqram vasitələri olduqda V.-ı İnternet vasitəsilə də təşkil etmək olur.

VİDEOMAQNİTOFON (videorecorder) – TV verilişlərində təsvirin elektrik siqnallarını və müşayiət edən səsi maqnit lentinə yazan, sonradan nümayiş etdirən aparat. V.-da, adətən, eni 12,7; 25,4 və 50,8 mm olan maqnit lentlərindən istifadə olunur. İş prinsipinə görə adi maqnitofona oxşayır. Lakin 6-7 MHs-ə qədər tezlik zolağında yerləşən videosiqnalların yazılması üçün lentin maqnit başlığa nisbətən hərəkət sürəti xeyli böyük olmalıdır. Bir qayda olaraq 4 fırlanan başlığa malik V. daha keyfiyyətli hesab edilir. TV verilişlərində məhz bu V.-dan istifadə olunur. 1 və 2 başlıqlı V.-lar isə qapalı TV sistemi və həvəskarlar üçündür.

VİDEOMAQNİT YAZISI (videomagnet recording) – Elektrik siqnallarına çevrilən təsvirin və səsin maqnit lentinə köçürülməsi. V.y.-nin sayəsində film, proqram və s. ekran əsərləri kasetə yazılır.

VİDEOMƏTN (videotext) – 1) Məlumat xarakterli videoqrafik informasiyanı televizor, yaxud kompüterin ekranına çıxaran sistem; 2) Terminalların telefon şəbəkələrindən istifadə olunmaqla məlumat bazalarına çıxış xidməti. İşin dialoq rejimi müxtəlif müəssisələrlə əlaqə saxlamaq və məhsullar, hava, idman və s. barədə məlumat almaq üçün rahatdır. Dünyanın müxtəlif ölkələrində informasiyanı mətnlər və qrafika şəklində məişət televizoru (klaviaturalı), yaxud kompüter tipli qəbuledici qurğulara ötürən əlverişli məlumat vasitəsi kimi fəaliyyət göstərir.

VİDEOMİKŞER (video mixer) – Görüntü və səslərin kombinasiyasını yaratmaq üçün bir neçə TV vericisinin siqnallarını birləşdirən qurğu. V. postmodernizm ruhunda fantaziyalı reklam kliplərinin yaradılması da daxil olmaqla e k r a n d i z a y n ı n d a müxtəlif məqsədlər üçün istifadə edilə bilər.

VİDEOMONTAJ (video editing) – Videofonoqramın elektron üsulla montajına əsaslanan sistem. Videomaqnitofonların yarandığı ilk illərdə videoyazını səs yazılışına uyğun şəkildə, yəni mexaniki həyata keçirirdilər. V.-ın köməyi ilə artıq çoxdan videofonoqramları lentin kəsilib yapışdırılması üsulu ilə deyil, ilkin fraqmentləri müəyyən ardıcıllıqla bir videomaqnitofonda yazmaq yolu ilə montaj etmək mümkündür.

VİDEOOYUNLAR (video games) – Fərdi kompüterlərin ekranlarındakı oyunlar. Bunlar O.Tofflerin üçüncü dalğa nəzəriyyəsinə görə elektron informasiya mədəniyyətinin kütləviləşdirilməsinin vacib formasıdır, çünki istifadəçiləri fəal şəkildə informasiya mətnlərini mənimsəməyə alışdırır.

VİDEOPLATA (video card) – Videosistemdə və kompüterin sistem blokunda mühüm tərkib hissəsi olan, görüntü ilə bağlı bütün resursları özündə cəmləşdirən, məlumatların işlənməsini təmin edən hissə. Tutumundan və işləmə sürətindən asılı olaraq V.-lar müxtəlif kateqoriyalara bölünür.

VİDEOPROQRAMLAMA SİSTEMİ (Video programming system VPS) – TV-dəki bir proqramın başlanğıcından sonuna qədər gerçəkləşməsinə imkan verən sistem. Bunun üçün TV ötürücüsünün xüsusi bir siqnal göndərməsi lazımdır. Bu siqnalı qəbul edən videocihaz avtomatik yazma vəziyyətinə keçir. Yayımın sonunda göndərilən başqa bir siqnal videocihazı avtomatik söndürür.

VİDEOPROYEKTOR QRUPU (video projector group) – Nisbətən iri həcmli ekran əsərlərinə kollektiv baxışı təmin edən çoxsaylı videoproyektorlar. Xüsusi baxış otaqlarında qurulan bu V.q. təsvirin ekrana frontal əks etdirilməsi zamanı tamaşaçılar tərəfdə yerləşdirilir.

VİDEOREKLAM (video advertisement) – Ekranda nümayiş etdirilmək üçün videolentə çəkilmiş reklam. Təsviri reklam, görüntülü reklam.

VİDEOROLİK (video roller) – Qısa, adətən, bir dəqiqədən çox çəkməyən reklam filmi. Bəzən kinolentə də çəkilir. V.-lər, yaxud reklam videofilmləri, bir qayda olaraq, çoxlu sayda tez-tez dəyişən ritmik kadrlardan ibarət olur. Əksər hallarda populyar TV verilişlərinə daxil edilir.

VİDEOSIRA (video row) – Videoyazıya alınmış süjetdəki təsviri materiallar. Dünya standartlarına görə 1 dəqiqə 40 saniyəlik telereportajda, adətən, 15-20 V. olur. Buraya, habelə, 2-3 statik qrafik material və 18-19 saniyəlik müsahibə də daxildir.

VİDEOSİQNAL (video signal) – Ekranda təsvir yaradan və ötürən elektrik siqnalı. V. işıq-elektrik çeviriciləri (TV-də – superortikon, vidikon və s., fototeleqrafiyada – fotoelementlər, fotoçoxaldıcı) ilə və ya radiolokatorun qəbul etdiyi elektromaqnit dalğalarının tutulması nəticəsində yaranır. V.-ın verici TV borusunun çıxışındakı ani qiyməti optik təsvirin işığahəssas səthinin ayrı-ayrı sahələrinin parlaqlığı ilə mütənasibdir. TV verilişi sistemlərində V. spektri təqr. 50 Hs-dən 6,5 MHs-ə qədərdir. Fototeleqraf qurğularında V. spektrinin ən böyük tezliyi təsvirin açılış sürətindən asılı olub, geniş hüdudda (80 Hs – 6 kHs) dəyişir. Radiolokasiyada V. impuls şəklində (50 Hs – 10 MHs) olur.

VİDEOSİSTEM (video system) – Fərdi kompüterin monitor (displey), videoadapter nəzarətçisi (kart, plata) və bir qayda olaraq, adapterin komplektinə və ya tətbiqi paketlər tərkibinə daxil olan müəyyən proqram təminatından ibarət sistem.
1   ...   28   29   30   31   32   33   34   35   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə