Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə3/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   42

AKUSTİK MATERİALLAR(acousticmaterials) – Cəsi udan və yaxud onu izolyasiya edən materiallar. A.m.-dan səsyazma studiyalarının qurulmasında istifadə edilir.

AKUSTİK MƏKAN (acoustic space) – Qlobal-informasiya peyk-rabitə sistemlərinin ixtirası və bəşər sivilizasiyasının yeni eraya qədəm qoyması ilə bağlı fikri məhdud vizual məkandan (yəni yazı işarələri və çap formaları) fərqli olaraq informasiya vasitələrinin sərhəd bilməyən efirin dalğavari titrəyişinin akustik strukturlarının köməyi ilə yaratdığı qlobal informasiya meydanı.

AKUSTİK PERSPEKTİV (acoustic perspective) – Çəkiliş obyektindən kamerayadək olan məsafənin səs qaynağından mikrofonadək olan məsafəyə uyğunluğu effekti. Məsələn, uzaqdan işaran qatar ekranda balaca görünür və həmin qatarın səsi yavaş eşidilir. Qatar yaxınlaşdıqca onun ekrandakı görüntüsü tədricən böyüyür və səsi də buna uyğun şəkildə artır.

AKUSTİK SÜZGƏC (acoustic filter) – Mürəkkəb səsdən tezliyi müəyyən intervalda olan səs rəqslərini ayıran qurğu. A.s. buraxdığı səs tezliklərinə görə aşağı tezlikli, yuxarı tezlikli və zolaqlı olur.

AQRAMATİZM (agrammatism) – Danışıqda qrammatik qayda-qanunların olmamasını əks etdirən nitq pozğunluğu. A., adətən, psixi pozğunluğu olan şəxslərdə müşahidə edilir. Bu zaman xəstə ayrı-ayrı sözləri bəzən düzgün tələffüz edə bilirsə də, onları cümlədə düzgün birləşdirməyi bacarmır.

ALALİYA (alalia) – Dil, dodaq kimi danışıq üzvlərinin nöqsanlı olması, yaxud sinir yollarının pozulması nəticəsində səslərin düzgün tələffüz edilməməsi.

ALBEDO (albedo) – Cismin səthindən bütün istiqamətlərə inikas edən işıq axını həcminin həmin cismə düşən işıq axınının həcminə nisbəti.

ALEKSİYA (aliexion) – Psixi-fizioloji proseslərin pozulması ilə əlaqədar hərfləri seçə bilməmək, eləcə də onları birləşdirib oxuya bilməməkdən ibarət dil pozğunluğu.

ALQORİTM (algorythm) – Orta əsr riyaziyyatçısı əl-Xarəzminin latın adından götürülüb (Algorithmi); 1) Sərt və bəlli qaydalarla hesablamaq deməkdir; 2) Qarşıya qoyulan müəyyən vəzifələrin həlli üçün verilən və ya gerçəkləşən əməliyyatların kompüter qurğularında yerinə yetirilməsi qaydası. Kommunikologiyada bu termin variasiyalarla təkrar olunan və əsas struktur atributlarını dəyişməyən stereotip süjet-janr komponentlərindən müxtəlif informasiya mətnlərinin, yaxud proqramlarının modelləşdirilməsi qaydalarının təhlili zamanı istifadə olunur; 3) EE və səhnə əsərində dramaturji gərginliyi təmin edən plastik mizan. Əsərin ümumi strukturunda mühüm nüans olan A.-i bütövlükdə dramaturji nəbzin tutulması kimi də başa düşmək olar.

ALLEQORİYA (allegory) – Mücərrəd anlayışların konkret, həyati obrazlar vasitəsilə əks etdirilməsi. İncəsənət və reklamda işlənən məcaz növlərindən biri.

ALLİTERASİYA (alliteration) – 1) İfadəni təşkil edən sözlərin əvvəlindəki, yaxud ortasındakı samit səslərin, ya da səs qruplarının eyni və ya yaxın olması; 2) Reklam mətnində eyni samitin bir sətir, cümlə və ya ifadə daxilində təkrarı. İfadəyə musiqililik, ahənglik verən A. sabit söz birləşmələrinin və ya poetik mətnin təşkilində mühüm rol oynayır. Məs., «Bacarana baş qurban» misalında b (ba) səsinin, «Əldən qalan əlli il qalar» misalında l səsinin A.-sı özünü göstərir.

ALTERNATİV (alternative) – Xalq dilində "seçənək" kimi işlənir. Bir-birini qarşılıqlı istisna edən, bir-biri ilə uyğun gəlməyən iki, yaxud daha çox imkandan, nümunədən, yaradıcılıq (iş, montaj, veriliş) formasından birini seçmək zərurəti.

AMBİVALENTLİK (ambivalency) – Öz məzmunu daxilində bir-birinə əks mənaları ifadə edən əks dil faktı (söz, forma, cümlə və s.); hisslərin ikiliyi: bir obyekt insanda eyni vaxtda əks hisslər, məs., məmnunluq və narazılıq, simpatiya və antipatiya oyadır.

AMİDEL (amidel) – Kinolentin aşkarlanması zamanı istifadə olunan mürəkkəb kimyəvi tərkibli ağ, yaxud bozumtul iynəvari kristallar.

AMPLİTUD (amplitude) – Hərəkət edən cismin (rəqqasın) müvazinət vəziyyətindən ən çox uzaqlaşdığı məsafə.

AMPLİTUD XƏTASI (amplitude disparity) – Ölçü cihazının göstəricisinin ölçülən kəmiyyətin həqiqi qiymətinə uyğun gəlməməsi.

AMPLİTUD MODULYASİYASI (amplitude modulation AM) – Orta dalğa yayımlarının gerçəkləşdirildiyi tezlik.

AMPLİTUDMODULYASİYA YAYIMI (amplitude-modulation broadcasting AMB) – AM-ə əsaslanan yayım. A.m.y. daha çox maneəyə davamlılığına və xeyli sayda səs çalarları verilməsinin daha yaxşı imkanlarına malik olan tezlik modulyasiyalı (UQD) radiostansiyalarla rəqabət aparır.

AMPLUA (role part) – Müasir teatr, kino və TV-də aktyorun öz səhnə göstəricilərinə, qabiliyyət və istedadının diapazonuna görə ixtisaslaşması. Aktyorların A.-ya görə bölgüsü şərti xarakter daşıyır.

ANAFORA (anaphora) – Reklam mətnində eyni söz və ya ifadənin bir neçə cümlənin, misranın, yaxud hər hansı nitq parçasının əvvəlində təkrarlanması.

ANAXRONİZM (anachronism) – Zaman, vaxt; nəyinsə təsvirində digər zaman üçün səciyyəvi olan, özünü doğrultmayan cizgilərin, xüsusiyyətlərin yaranmasına gətirib çıxaran xronoloji dəqiqliyin pozulması.

ANAQRAMMA (anagram) – Yeni ifadə gətirmək məqsədi ilə bəzi sözlərdə hərflərin yerinin dəyişdirilməsi (söz oyunu növü). Məs., salat-atlas, norma-roman, ədəd-dədə.

ANALİTİK (analyst) – Siyasi və iqtisadi proseslərin təhlili ilə məşğul olan mütəxəssis.

ANALİTİK MATERİAL (analytical material) – Məzmunu və mahiyyəti konkret dəlillər əsasında təhlil olunan EE məhsulu.

ANALİZ SİNTEZ (analysis and synthesis) – 1) Təhlil; 2) Tamın fikri və ya faktik olaraq hissələrə bölünməsindən ibarət olan elmi-tədqiqat metodu. Bu metod analitik verilişlərdə də tətbiq edilir.

ANALOGİYA (analogy) – Mahiyyətcə eyniyyət təşkil etməyən hadisələr, əşyalar, məfhumlar və s. arasında oxşarlıq, bənzərlik, uyğunluq; müxtəlif cəhətlərdən bir-biri ilə əlaqədar olan veriliş ünsürlərinin bir-birinə təsirindən meydana gələn bənzəyiş.

ANALOQ RƏQƏMLİ ÇEVİRİCİ (analog-to-digital converter) – Analoq siqnalının ani amplitud qiymətlərinə mütənasib rəqəmli kod hazırlamaq üçün elektron qurğusu.

ANAMORF KADRLI GENİŞEKRANLI FİLM (anamorphic film) – 35 mm-lik kinolentə çəkilən film. Belə filmlərin kadrları anamorfot optika vasitəsilə eninə görə sıxılmış olur.

ANAMORFOT (anamorphotic) – Oxdan keçən iki kəsişmədən ölçüsünə (miqyasına) görə eyni olmayan təsvirlərin alınması üçün obyektiv. Çəkiliş aparmağa və mövcud kino avadanlığını azacıq dəyişməklə geniş ekranda göstərməyə imkan verir.

ANAMORFOZ (anamorphose) – Optik sistemlərin, yaxud obyektin və ya ekranın müstəvisinin maililiyinin köməyi ilə alınan hər hansı bir obyektin dəyişdirilmiş təsviri; A. bir üsul kimi kinotexnikada tətbiq olunur.

ANA PLATA (motherboard) – Kompüterin sistem blokunda informasiyanı qəbul edib işləyən ən mühüm tərkib hissə. A.p.-da mərkəzi prosessor, daxili yaddaş və s. yerləşir. Bax: S i s t e m b l o k u.

ANARTRİYA (unartria) – Nitq səslərini aydın tələffüz etmək qabiliyyətinin itirilməsi.

ANA SƏHİFƏ (home page) – İnternet resursda ilkin, əsas səhifə.

ANASTİQMAT (unastigmate) – Astiqmatizmin və bununla bağlı təsvir sahəsi əyintisinin aradan qaldırıldığı çəkiliş obyektivi. Adətən, A.-da digər aberrasiyalar da aradan qaldırılır. A. ən mükəmməl obyektivdir.

ANFAS (full face) – Ekrandakı fərdin (aktyor, aparıcı və s.) üzünün qabaqdan (öndən) görünüşü; əşyanın üz tərəfdən şəkli.

ANİ KOMMUTATOR (fast switch) – Standart, yaxud yüksək səviyyəli siqnallar seçimi üçün vacib olan qurğu.

ANİMALİST (animal painter/sculptor/animalist) – Əsərlərində heyvanı təsvir edən rəssam və ya heykəltəraş. Multiplikasiya filmlərinin çəkilişində peşəkar sənətkarların bu janrda əsərlərindən istifadə olunur.

ANİMASİYA (animation) – Canlanma, multiplikasiya. Videokameralarda istifadə olunan multiplikasiya funksiyası; ayrı-ayrı kadrlarla, yaxud müəyyən uzunluğu olan fraqmentlərlə çəkilişlər aparmağa imkan verən çəkiliş, yaxud montaj üsulu.

ANİMASİYA EFFEKTİ (effects animation) – Multiplikasiya vasitələri ilə personajların deyil, yağışın, tüstünün, işığın, suyun və s. hərəkətinin təsviri.

ANİMASTİK JANR (genre animastic) – Boyakarlıq, heykəltəraşlıq və qrafikada heyvanlar aləminin təsviri. Janr kimi Çində yaranmışdır (VIII əsr). Heyvanın təsvirində onun vərdişləri və yaşadığı mühit animalist rəssamın diqqət mərkəzində olur. İbtidai incəsənət nümunələrindəki heyvan və quş təsvirləri rəssam-ovçuların yüksək müşahidəçilik qabiliyyətini göstərir. Müasir kinoda və telefilmlərdə A.j.-ın elementlərindən istifadə olunur.

ANİMO (animo) – Cizgi filmi yaratmaq üçün peşəkar kompüter (bilgisayar) proqramı. A. vasitəsilə səhnə fonunu ara kəsilmədən, element-element sahmanlayıb izləmək (texniki dildə "daramaq" və ya "skanlamaq" deyilir) mümkündür. Fon çox böyükdürsə, onu hissə-hissə "darayıb" calamaq olar.

ANKORMAN (ancorman) – ABŞ və Avropa TV-lərində xəbər proqramlarının daimi aparıcısı.

ANQLİSİZM (anglicism) – İngilis dilindən götürülmüş söz və ifadələrə şamil edilir. Məs., kompüter, servis, taym-kod, şou, ankorman və s.

ANNOTASİYA (annotation/blurb) – İctimai maraq kəsb edən aktual kitabın, ədəbi-elmi mövzuda yazılmış materialın, əlyazmanın, teleproqramın, radio verilişinin, reklam predmeti, yaxud reklam mətninin və s. məzmunu, məqsədi haqqında qısa məlumat.

ANONİM (anonymous author/poison pen writer) – 1) Verilişlərində adını və üzünü gizlədən müəllif; 2) TV verilişlərində kimliyini gizlətmək üçün maska taxan şəxs.

ANONS (announce (ment)) – Yaxın müddətdə göstəriləcək teleməhsullar, eləcə də gələcək tamaşalar, konsertlər, filmlər, kinofestivallar, habelə yeni mallar və xidmətlər haqqında radio və TV vasitəsilə qabaqcadan verilən şərhsiz məlumat, elan xarakterli materiallar.

ANSAMBL (band/company/troupe/ensemble) – 1) Yaradıcı heyətdə və ya musiqi qrupunda bir neçə nəfəri birləşdirən dəstə; birgə çıxış edən ifaçılar qrupu (duet, trio, kvartet və s.); 2) Hər hansı bütöv əsəri yaradan ayrı-ayrı hissələrin qarşılıqlı uyarlığı, üzvi bağlılığı, uyumlu vəhdəti (tutalım, televerilişdə jurnalistin, kameranın, görüntü və səs rejissorunun birgə fəaliyyəti); 3) Vahid kollektiv kimi çıxış edən müxtəlif peşə mənsubları.

ANTENA (antenna) – Radiodalğaları şüalandıran və qəbul edən qurğu. Verici və qəbuledici A.-lar olur. Verici A.-lar generatordan (vericidən) ötürülən dəyişən cərəyan enerjisini elektromaqnit dalğaları (radiodalğaları) enerjisinə çevirir və ətraf mühitə yayır (şüalandırır). Dalğaların yayılma sürəti (atm.-də 300 min km/san.-yə yaxındır) mühitin elektrik və maqnit parametrlərindən asılıdır. Qəbuledici A. ətraf mühitdən radiodalğaları tutaraq qəbulediciyə ötürülən dəyişən cərəyan enerjisinə çevirir. Qəbul edilən enerjinin miqdarı A. ölçülərinin dalğa uzunluğuna nisbəti ilə mütənasibdir. Eyni antena həm verici, həm də qəbuledici kimi işləyə bilər. Radiostansiyanın təsir məsafəsi, maneələrdən mühafizə qabiliyyəti və səmərəliliyi, həmçinin obyektlərin bucaq koordinatlarının dəqiq təyin edilməsi A.-nın parametrlərindən asılıdır.

ANTİKOMETA PROJEKTORU (anti-comet-tail gun) – Təsvirin hərəkəti, yaxud ötürülməsi zamanı üzə çıxan təhriflərin aradan qaldırılması üçün istifadə olunan xüsusi projektor. Bəzən tərkibində parlaq obyektlər olan təsvirlərin (səthi parıltılı işıq mənbələri) çəkilişi zamanı, yaxud parıltılı obyektlərin təsvir sahəsində hərəkəti, və ya ötürücü kameranın panoramı zamanı TV təsvirində xarakterik təhriflər yaranır ("kometa quyruğu" və s.). Həmin təhriflərin əsaslı şəkildə zəiflədilməsi üçün A.p.-dan istifadə edilir.

"ANTİKOMMERŞL" TİPLİ ANTİREKLAM (anticommercial) – İnsanların sağlamlığı üçün təhlükəli olan malları (tütün məmulatı, alkoqollu içkilər və s.) tərifləyən reklama qarşı yönələn və ictimaiyyətin diqqətini cəlb edən cazibədar informasiya.

ANTİPATİYA (antipathy/aversion/dislike) – Hər hansı teleaparıcını, yaxud verilişi bəyənməmək; onu sevməmək.

ANTİTEZ (antithesis) – Nitqdə əlaqələnən, cəmləşən sözlərin bir-birinə antonimiya münasibətində olmasından ibarət üslubi fiqur. A.-in xüsusiyyəti belədir ki, bir-birinin əksini təşkil edən əlamətlər müxtəlif əşyalara aid olur, yəni müqayisə müvazi, paralel şəkildə aparılır, zidd, əks əlamətlər birlik yaratmır, bir-birinə qovuşmur.

ANTİVİRUS PROQRAMI (antivirus programs) – Kompüterə verilmiş (yığılmış) materialları məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqramlar. A.p.-nın filtr və ya keşikçi, detektor, həkimlər və ya faqi, müfəttişlər, immunizator və ya vaksinlər adlanan tipləri mövcuddur.

ANTOLOJİ SERİYALAR (anthology series) – TV-də əvvəllər efirə getmiş proqramlar əsasında yaradılan TV dramaturgiyası janrı. Əsasən ABŞ-da yayılmış A.s. mövzuların, süjetlərin rəngarəngliyi ilə fərqlənir, yeganə və bitkin süjetə əsaslanmır, əksinə, mozaiklik serialların süjet istiqamətləri üzrə inkişaf etməsi imkanı yaradır ki, bu da həmin telejanra həyatilik verir, auditoriyanın diqqətini ona yönəldir.

ANTURAJ (environment/ambient/entourage) – Ətraf şərait; yaradıcılıq prosesini müşayiət edən mühit.

APARAT (apparatus/machinery/staff) – 1) Cihaz, qurğu, texniki avadanlıq. Məs., radio A.-ı.; 2) Bir idarənin, təşkilatın, teleşirkətin inzibati işlərlə məşğul olan işçiləri.

APARAT OTAĞI (apparatus room) – Kinotexnoloji avadanlığın cəmləşdirildiyi və spesifik işlərin yerinə yetirildiyi məkan. Kinostudiyalarda səsyazma, səsköçürmə və kinoproyeksiya, TV-də bunlarla yanaşı efir aparat otaqları da olur, kinoteatrlarda isə otaq komplekslərindən ibarət kinoaparat otaqları mövcuddur.

APARAT-PROQRAM BLOKU APB (apparatus program block APB) – Əvvəlcədən hazırlanmış və yazılmış yayım verilişlərindən bitkin mətnli TV proqramlarının yaradılması və həmin proqramların TV yayımı şəbəkəsinə verilməsi üçün lazım olan otaqlar və avadanlıq kompleksi.

APARAT-STUDİYA KOMPLEKSİ ASK (apparatus studio complex ASC) – Səsli və TV yayımı proqramlarının formalaşdırılması mərkəzinin – radio və TV mərkəzinin əsas hissəsi. ASK-nın tərkibinə avadanlığı öz proqramlarının hazırlığı, formalaşdırılması və buraxılışı, eləcə də digər radio evləri ilə proqram mübadiləsi üçün nəzərdə tutulan bir neçə studiya və bir sıra aparat otaqları daxildir. ASK-nın studiyalarının və aparat otaqlarının sayı radio və TV-nin texniki bazasından, yayım gücündən, onun statusundan və əhəmiyyətlilik dərəcəsindən asılıdır ki, bu da öz növbəsində, əsasən yerli yayımın həcmi ilə müəyyənləşir.

APARICI (host/presenter) – Radio və TV ilə müxtəlif məlumatlar (xəbərlər) verən, söhbətlər, müsahibələr, yaxud müxtəlif tok-şoular aparan şəxs; habelə TV və radio verilişlərinin hazırlanmasında iştirak edən və onu EE-də auditoriyaya təqdim edən jurnalist. Bu terminin sinonimləri kommunikator (communicator) və ankorman (ancorman) sözləridir. A.-nın diktordan əsas fərqi onun efirəqədərki yaradıcılıq prosesində fəal iştirak etməsi, danışdığı mövzuya bələdliyi və müzakirə olunan hər hansı məsələyə biganə qalmamasıdır. Hər hansı verilişin uğuru çox vaxt A.-dan asılı olur. Ona görə də ekrana çıxarmaq üçün A. seçərkən ona xüsusi tələblər irəli sürülməlidir. Əsas tələblər sırasına – aparıcının yüksək peşəkarlığı, ünsiyyətcilliyi, auditoriyanı ələ almaq bacarığı, zahiri görünüşü, səsinin tembri və nəhayət, özünüifadə qabiliyyəti daxildir. Cəmiyyətdə nüfuz qazanmış şərhçilər, analitiklər və icmalçılar istisna olmaqla, A.-ların cəmiyyət üçün prinsipial sayılan məsələlərə öz şəxsi mövqelərindən qiymət verməsi məqsədəuyğun deyildir.

APQREYDİNQ (upgrading) – İnformasiya texnologiyasının əhəmiyyətli dəyişməsini, onun keyfiyyətcə yeni, başqa inkişaf mərhələsinə keçməsini bildirən anlayış. A. KİV-in fəaliyyəti, səmərəliliyi, onun cəmiyyətə təsiri, mətbuatla bağlı biznesin müəyyənləşdirilməsi barədə danışan nəzəriyyəçilərin leksikasında işlənir.

APOLOGİYA (apology/vindication) – Həddən artıq məddahlıq, şişirdilmiş tərif. EE-də hansısa vəzifəli şəxsi əsassız öymək.

APROBASİYA (approbation/approval) – Kino və teletamaşaya çəkilmək üçün sınaqdan, yoxlamadan sonra verilmiş müsbət rəy, razılıq; elmi işin müəyyən müddəalarını əks etdirən və elmi nəşrlərdə çap olunan məqalə.

ARALIQ POZİTİVİ (mid positive) – Neqativdən çap yolu ilə alınan və kontratip hazırlanması üçün lazım olan pozitiv.

ARANJİROVKA (arrangement) – 1) Hər hansı musiqi əsərinin digər musiqi alətlərində və ya digər səslərlə ifası üçün yenidən işlənməsi; 2) Eyni alətdə ifa olunmaq üçün musiqi əsərinin sadələşdirilmiş forması.

ARA PLAN (add-on plan) – Əsas mövzu ilə bağlı olan, lakin onun bilavasitə tərkib hissəsi sayılmayan hərəkət, yaxud predmet planı. Əsas hərəkətdən diqqəti müvəqqəti yayındırmaq, yaxud onu bir növ şərh etmək üçün istifadə edilir. Texniki baxımdan A.p. montaj zamanı faydalıdır. Adətən, rejissorlar operatorlara çəkiliş zamanı imkan daxilində A.p.-lar çəkmələrini tapşırırlar. A.p. kadrda məkan, mühit, psixoloji vəziyyət və s. haqqında əlavə informasiya verməyə də xidmət edir. Ən çox yayılmış A.p. nümunələrinə iri planda mikrofon, danışan adamın əli, stolun üstündəki yazı, qələm, zalda əyləşənlər, otaq əşyaları və s. aiddir.

ARBİTRON (arbitron) – Ayrı-ayrı TV verilişlərinin tamaşaçılar arasında populyarlıq dərəcəsini dərhal müəyyənləşdirməyə imkan verən sistem. Bunun üçün adekvat seçim üsulu ilə müəyyənləşdirilmiş tamaşaçıların evindəki televizorlara xüsusi elektron qurğular qoyulur və lazımi məlumatlar həmin qurğularla telekompaniyanın hesablama mərkəzinə ötürülür.

ARDICIL MONTAJ (consecutive editing) – Zaman və məkan baxımından təhrifə yol vermədən ekranda söz-təsvir vasitəsilə aparılan təhkiyənin axıcı inkişafı. Çəkiliş sonrakı işin xarakteri nəzərə alınmaqla «montaj axarında» aparılıbsa, videosıranın ardıcıl montajı asanlaşır. Ancaq studiyadankənar çəkilişdə montajın xarakteri nəzərə alınmasa belə, səmərəli ardıcıllığa nail olmağa kömək edən müxtəlif montaj üsulları mövcuddur.

ARXA İŞIQ (back light) – Bir cismin üst və ya alt tərəfinə arxadan verilən düz işıq.

ARXAİSTİKA (archaistics) – İncəsənətdə, kino, TV və radioda, həmçinin ədəbiyyatda qədim formalara, köhnə üslublara bənzətmə; təqlid.

ARXALIQ (backdrop)Üzərində şəkil çəkilmiş, yaxud foto qurulmuş kətan. Studiyada pəncərədən, qapıdan görünən mənzərənin təsviri üçün istifadə olunur.

ARXİTEKTONİKA (architectonics) – Verilişin, filmin (ayrıca süjetin, bədii əsərin) strukturunu, onun ayrı-ayrı elementlərinin ümumi harmoniyasını – uyumunu müəyyənləşdirən mühüm estetik kateqoriya. A. elementlərin sistem daxilində sənətkarlıq cəhətdən düzülüş nisbətinin səviyyəsini müəyyənləşdirir və diqqəti vahid tamın estetik planına yönəldir.

ARXİV (archieves) – Verilişlərin mikrofon qovluqlarının, mətnlərinin, pul sənədlərinin, məktubların saxlandığı yer, idarə.
1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə