Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə23/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

REJİSSURA (producing/production)Obrazlı tam kimi filmin estetik məna təşkilinə yönəlmiş peşəkar fəaliyyət sahəsi. Kinoda TV-də R. çəkilən filmin, verilişin məzmun formalarının bütün komponentlərinin həmtabeçiliyi şəklində həyata keçirilir.


REQLAMENT (regulations/time-limit) – TV və radioda (eləcə də iclas, elmi toplantı və s.) çıxış üçün müəyyən edilmiş vaxt; iclas, müşavirə, konfrans, qurultay və s. keçirilməsi haqqında qəbul edilmiş qayda; hər hansı bir iş, fəaliyyət qaydasını müəyyən edən xidmət nizamnaməsi, qaydalar məcmucu.

REKLAM (reclaim)Hərfi mənada: qışqırıram, çağırıram. Elan, plakat; istehlakçıları, alıcıları cəlb etmək üçün hər hansı bir mal haqqında mətbuat, TVR ilə geniş kütləyə xəbər, məlumat vermə; xarici ticarət dövriyyəsinin, iqtisadi və texniki əməkdaşlığın inkişafı məqsədi ilə malların məşhurlaşdırılması; kimi və ya nəyi isə tanıtmaq üçün məlumat yayma. Uğurlu satışa nail olmaq üçün məhsullar və xidmətlər haqqında cazibədar informasiya; kommersiyalaşdırılmış KİV-in mühüm sahəsi. Mətbuat, TV və radio üçün R., ilk növbədə, maliyyə dəstəyini, ticarət-iqtisadi və ictimai həyatın digər sahələri ilə daxili qarşılıqlı səmərəli əlaqələri təmsil edir. R. həmçinin kütləvi auditoriyanın psixologiyasının, düşüncəsinin, həyat tərzinin formalaşmasına və ictimaiyyətlə əlaqə sistemlərində informasiya təşkilatlarının fəaliyyətinə yardım edir. R. əmtəələrin istehlak xüsusiyyətləri və müxtəlif xidmət növləri haqqında informasiya verməklə onları realizə etmək və onlara tələbat yaratmaq, habelə şəxsi müəssisələri, ədəbiyyat və incəsənət əsərlərini və s. populyarlaşdırmaq məqsədi güdür. Müasir dövrdə reklamın əsas vasitələri mətbuat (qəzet, jurnal, afişa, bülleten və s.), radio, TV, kinematoqraf, həmçinin vitrin, lövhə işıq elanları, əmtəə bağlamaları, əmtəə və firma nişanları və s.-dir. R.-ın son məqsədi bazar və azad rəqabət şəraitində mal və xidmətlərin satışını genişləndirməkdir. Yayım üsuluna, nəzərdə tutulmuş auditoriyasına, məqsədinə və s. göstəricilərə görə təsnif olunur. Müasir reklam "ticarətin mühərriki" rolunu oynamaqla yanaşı, artıq incəsənətin də bir növünə çevrilib. Müvafiq ədəbiyyatda və izahlı lüğətlərdə R. "istehlakçıların diqqətini müəyyən mala və ya şirkətə yönəltmək üçün müxtəlif vasitələrlə verilən informasiya" kimi izah olunur. Lakin R.-ın ən dəqiq tərifini professor F.Kotler (ABŞ) vermişdir: "Maliyyələşdirmə mənbəyi dəqiq göstərilməklə pullu informasiya yayımları vasitəsilə həyata keçirilən qeyri-şəxsi kommunikasiya forması".

REKLAM ÇARXI (advertise roller) – Dəfələrlə ekranda nümayiş etdirilmək üçün nəzərdə tutulan və qruplaşdırılaraq ayrıca kasetə yazılan reklam, yaxud reklamlar bloku.

REKLAMDAN YAYINMA (zapping) – Veriliş və ya filmlərin nümayişi zamanı göstərilən reklamlara baxmamaq üçün tamaşaçının pult vasitəsilə başqa kanallar arasında dolaşması.

REKLAM ETMƏK (publicise/advertising/reclamation) – 1) Kimi, nəyi isə məşhurlaşdırmaq, təbliğ etmək məqsədi ilə tərifləmək; 2) Bir şeyi, yaxud bir şəxsi həddən artıq çox tərifləmək.

REKLAM FASİLƏSİ (advertizing break/commercial break/plug) – R və TV verilişlərini kəsən, auditoriyanın diqqətini kommersiya informasiyasına cəlb edən vasitə. Lakin filmlərin, konsertlərin, oyunların və digər janrların tam mənimsənilməsinin pozulması reklam fasilələrinə və bütövlükdə reklam yayıcılarının qıcıqlandırıcı fəaliyyətinə mənfi münasibət yaradır.

REKLAM KOMPANİYASI (advertising company) – Müəyyən ərazidə və müəyyən zaman kəsiyində bir və ya bir neçə vasitə ilə mal və xidmətlər bazarını yaratmaq, yaxud genişləndirmək məqsədi ilə qabaqcadan düşünülmüş reklam aksiyaları.

REKLAM VAXTI (inventory) – Reklam məlumatı üçün ayrılan vaxt. TV-nin xarakterindən (kommersiya, dövlət, ictimai) asılı olaraq R.v. müxtəlif ölçüdə olur. Məs., Qərbin bəzi teleşəbəkələri reklama hər saat ərzində 6 dəqiqə (filmlərin nümayişi zamanı saatda 7 dəq.) vaxt ayırır. Gündüz saatlarında isə reklama 12 dəqiqə ayrılır. Yerli telestansiyalar reklam üçün axşam proqramlarında saatda 12, gündüz proqramlarında isə saatda 18 dəqiqə vaxt ayıra bilərlər.

REKORDER (recorder) – Video və səsyazma aparatlarında səsi və təsviri mexaniki olaraq audio-videolentə, yaxud kompakt diskə yazan videoqurğu, yaxud videomaqnitofonda yazma funksiyasını yerinə yetirən xüsusi düymə.

REKVİYEM (requiem) – Orkestrli xor üçün yazılmış matəm xarakterli musiqi əsəri; ekrandan görkəmli şəxsin xatirəsinə həsr edilmiş veriliş, mətbuatda vida məqaləsi.

REKVİZİT (properties/props) – 1) Tamaşa, bədii veriliş və ya kinofilm çəkilişində işlədilən əşyalar; 2) Saziş və ya sənəd üçün lazım olan şərtlər; 3) Rekvizitlər – bir sənəddə qanunla müəyyən edilmiş şərtlər. Sənəddə R.-dən ən azı birinin olmaması onun sahibini bu sənəddən istədiyi məqsədlə istifadə hüququndan məhrum edir.

RELE (relay) – Elektrik dövrəsini avtomatik olaraq bağlayan və açan cihaz; əsasən avtomatika, teleidarə sistemlərində və rabitə aparatlarında istifadə olunur.

REMARKA (stage direction) – Pyesin mətninə müəllifin verdiyi izahat (adətən, mətndə mötərizə daxilində verilən, dramaturji vəziyyət, məkan, xarakterlərin, surətlərin edəcəyi jestləri, intonasiyanı, səhnəyə gəlişini və səhnədən gedişini rejissorsayağı izah edən qeydləri). Teleradio tamaşalarında R.-dan istifadə olunur.

REMİKSİNQ (remuxing) – Bütövlükdə "qarışdırmaq" sözündən əmələ gələn "muxing" termini "Re" sözönünü qəbul edərək təkrarlanan hərəkətin dəfələrlə olması mənasını verir. R. musiqidə səslərin, yaxud mətbuatda, R və TV verilişlərində müxtəlif elementlərin "qarışması", kombinasiyası proseslərini bildirir.

RENDER (rendering) – Göstərmə, vizuallaşdırma. 3 ölçülü qrafikada fotorealistik təsvirin yaranması prosesini bildirir. Obyektin və ya 3 ölçülü karkas modelinin əsasında yaradılan animasiya. Bu məqsədlə əks etdirilən obyektlərin işıq mənbələrinin və kameraların riyazi yazılış üsullarından istifadə olunur.

REOSTAT (rheostat) – Elektrik cərəyanının şiddətini və onun gərginliyini nizama salan cihaz. Metallik, maye və kömür R.-ları olur.

REP (rap/rapping) – Pop-ulduzların çıxışlarını müşayiət edən rok musiqinin dəbdə olan üslublarından biri. R. üçün dinləyicilərin diqqətini cəlb edərək onları özləri ilə birgə həyəcanlanmağa, ("rep" sözünün mənalarından biri – dərdə şərik olmaq, səmimi danışmaqdır), "ürəkləri riqqətə gətirən" mahnı şousunun iştirakçısı olmağa məcbur edən xüsusi ritm səciyyəvidir.

REPERTUAR (repertoire/repertory) – 1) Teatrda, estradada, konsertdə, TVR-də ifa olunan dramaturji, musiqi və s. əsərlərin məcmusu; 2) Bir aktyorun ifa etdiyi rolların, müğənninin oxuduğu, çalğıçının çaldığı havaların ümumi toplusu; siyahı, təsnifat.

REPLİKA (cue/retort/rejoinder) – 1) Danışanın, natiqin, həmsöhbətin çıxışı və ya tamaşa zamanı atılan söz, atmaca, edilən etiraz; 2) Səhnədə artistin tərəf müqabilinin sözlərinə cavabı, habelə personajın axırıncı sözləri (həmin sözlərin ardınca o biri personajın sözləri gəlir); 3) Musiqi frazasının başqa pərdədə və ya səslə təkrar edilməsi.

REPORTAJ (report/reporting) – 1) Olayın işindən xəbərləmə; xəbər vermək; baş verən hadisələr haqqında dolğun, operativ informasiya. Olayın başvermə zamanı ilə həmin olayın xəbərlənməsi üst-üstə düşür, yaxud olayı baş verdiyi zamanda izləyən jurnalist gördüklərini sonra xəbərləyir. 2) Daxili və beynəlxalq həyatda baş verən hadisələr haqqında məlumat toplanması və verilməsi (mətbuat, radio, TV vasitəsilə); 3) Jurnalistlik fəaliyyətinin bir növü; 4) Müxbirin şahidi olduğu hadisə barədə mətbuat, radio, TV üçün verdiyi operativ məlumat; jurnalistikanın xəbər janrlarından biri. R.-da hadisənin, təzahürün, müəllif tərəfindən faktların seçilməsinin fərdi mənimsənilməsi ön plana çəkilir. Kinoreportaj müəllifin şahidi olduğu faktların özünün maraq doğurduğu informasiya xarakteri daşıyır. Xronikal kinojurnallar buna nümunə ola bilər. Yaxşı kinoreportaj yaratmağın çətinliyi ondadır ki, bəzən həyatda baş verən hadisələr ekranda tamamilə başqa cür görünə bilər.

REPORTYOR (reporter) – Ən yeni, ən qaynar xəbərləri axtarıb-tapan və operativ şəkildə hazırlayıb efirə verən TV və radio müxbiri. Qəzet, jurnal, radio, TV redaksiyasının, habelə məlumat agentliyinin həmin təşkilatlara lazım olan məlumatı operativ və dolğun şəkildə toplayıb xəbər verən əməkdaşı. R. hadisə mərkəzində birinci olub hər şeydən xəbər tutmağa, məlumat toplayıb efirə verməyə çalışır. R.-un işinə verilən əsas tələblər vacib və aktual informasiyanın tez toplaması, operativlik, materialın emosional tərzdə verilməsi və dəqiqliklə bağlıdır.

REPRİZ (reprise) – Sirk və estradada məzhəkəçinin və ya artistin səslə, yaxud pantomim vasitəsilə ifa etdiyi məzhəkə, oyun, incə zarafat; teleradio verilişlərində (əyləncəli) istifadə olunan gülüşyaratma vasitələrindən biri.

REPRODUKSİYA (reproduction) – Yenidən çap olunmuş, yaxud üzü çıxarılmış şəkil, rəsm və s. R. poliqrafik və ya fotoqrafik üsulla şəkil, rəsm, çertyoj və çap olunmuş mətnin, hər hansı bir sənət əsərinin surətinin istənilən sayda çıxarılması deməkdir.

REPRODUKTOR (loudspeaker) – Radio verilişlərini ucadan səsləndirən cihaz, ictimai yerlərdə quraşdırılan səsucaldan qurğu.

RESİPİYENT (recipientis) – Məlumatı, informasiyanı, xəbəri qəbul edən adam; hər hansı məsələ barədə rəyi soruşulan şəxs.

RETRANSLYASİYA (retransmission) – İstifadə edilən texniki vasitələrdən asılı olmayaraq yayımçının qeyri-məhdud sayda şəxsə eyni zamanda çatdırdığı teleradio proqramlarının, teleradio verilişlərinin qəbulu və tam, həm də dəyişmədən ötürülməsi.

RETRANSLYATOR (retransmitter) – Radio və TV verilişlərini qəbul edib müəyyən məsafəyə ötürən qurğu.

RETROSPEKTİV (retrospective) – Keçmişə müraciət, keçmişə dönüş, keçmişi təsvir edən.

RETUŞ (retouch) – Rəsmlərin, fotoqrafiya neqativlərinin, şəkillərin (orijinalını) çapdan qabaq şüşə, plyonka və s. üzərində düzəldilməsi üsulu; ekranda göstəriləcək fotoşəkildə cizgilərin dəqiqləşdirilməsi.

REVERBASİYA (SONRADAN SƏSLƏNMƏ) (reverberation) – Mənbə söndürüldükdən sonra otaqda səsin intensivliyinin azalması prosesi. R.-nın səbəbi səsin mənbəyinin söndürülməsindən sonra otaqda müşahidə olunan inikas edən səs dalğalarının qalmasıdır.

REYD (raid) – İctimai təşkilatların tapşırığı ilə və bəzən KİV, xüsusən TV çəkiliş qrupunun iştirakı ilə aparılan ani və qəfil yoxlama, təftiş.

REYESTR (list/roll/register) – Görülən işlərin və sənədlərin yazıldığı kitab; ümumi siyahı.

REYTİNQ (rating) – Konkret proqramın (bəzən ayrı-ayrı aparıcıların) tamaşaçı auditoriyasının müxtəlif sosial təbəqələri arasında populyarlığını təsbit və əks etdirən statistik informasiya. Daha çox reklam sifarişçisinin istifadə və istinad etdiyi R. hər hansı telekanala, yaxud konkret verilişə baxan tamaşaçı sayının faizlə ifadəsidir. KİV sahəsində R. vasitəsilə bu və ya digər verilişə baxanların sayı müəyyənləşdirilir. Adətən, populyarlıq indekslərində ifadə olunan R. məsələləri ilə xüsusi xidmətlər və şirkətlər məşğul olur. Analitiklər R. məlumatları əsasında KİV sahəsində əsas tendensiyaları tədqiq edir, media bazarında onların rəqabət qabiliyyətini yüksəldən proqnozlar və məsləhətlər hazırlayırlar.

REYTİNQ XALLARININ CƏMİ (cross rating points) – Mövcud bazarda toplanan və reklam roliklərinin efirdə nümayiş etdirmə cədvəlinin tərtibi zamanı istifadə olunan reytinq xallarının məcmusu.

REZONANS (resonance/echo/response) – 1) Adətən, qapalı hava mühitində (ağız və burun boşluğu) baş verən hadisə; 2) Hər hansı hadisənin, verilişin, fərmanın, faktın doğurduğu geniş ictimai reaksiya.

REZYÜME (resume/summary) – Çıxışın, məqalənin, mətnin məzmununu əks etdirən qısa çıxarış; ümumiləşdirilmiş nəticə.

RƏQƏM-ANALOQ ÇEVİRİCİSİ (digital analog converter) – İkilik kodunda diskret formada yazılmış siqnalları analoq formasına çevirən elektron qurğu.

RƏQƏMLİ ANALOQLU DƏYİŞMƏLƏR (digital analog conversion) – Analoqlu siqnalların kodlaşdırılmış söz ardıcıllığı ilə bərpa edilməsi. Hazırda efirə rəqəmli formada yazılış və şüalanma da daxil olmaqla səs və təsvir siqnallarının hazırlığını gerçəkləşdirmək üçün geniş texniki imkanlar var. Lakin siqnalvericilər kimi hələlik analoqlu qurğulardan istifadə olunur.

RƏQƏMLİ ANALOQLU TƏNZİMLƏMƏ (digital analog control) – Analoqlu tənzimləmələr, məsələn, televizorlarda parlaqlığı, dəqiqliyi tənzimləmək üçün rəqəmli çıxışlardan istifadə.

RƏQƏMLİ DİAPOZİTİV (digital slide) – Rəqəmli videodiskə yazılmış hərəkətsiz təsvir.

RƏQƏMLİ XÜSUSİ EFFEKTLƏR (special digital effects) – Xüsusi effekt generatorlarının (XEG) köməyi ilə yaradılan effektlər. XEG sıxışdırma siqnallarını yaratmaq üçün rəqəmli metodlardan yararlanır. Yayılmış dinamik xüsusi effekt fiqurları arasında, məsələn, «səhifələmə» ritminin modifikasiyasının (ekrandakı görüntülər albom vərəqləri kimi səhifələnir, sanki təqvim yarpaqları kimi qopur və s.) və görüntünün kürəyə, fırlanan kubun bir üzünə və s. çevrildiyi silsilə tutum effektlərini qeyd etmək olar. R.x.e.-in digər yayılmış növü sıxma (buna kompressor da deyilir) və yayma üsullarıdır. Həmin üsullara görüntünü şaquli və ya üfüqi xətt üzrə sıxmaq, yaxud genişləndirmək nəticəsində nail olmaq mümkündür. Sıxma yolu ilə bütün ekranı tutan görüntünü istənilən ölçüyədək kiçiltmək və ekranın hər hansı hissəsində yerləşdirmək olar. Yayma yolu ilə ekranın bir hissəsini tutan kiçildilmiş görüntünü bütün ekranı tutunca böyütmək mümkündür.

RƏQƏMLİ KAMERA (digital camera) ­– İnformasiyanın rəqəmli texnologiya sistemi ilə işləyən rabitə xətləri ilə verilməsi prosesini asanlaşdırmaq məqsədi ilə videosıranın da bilavasitə rəqəmli formada yazılışı üçün aparat.

RƏQƏMLİ KOMPRESSİYA (digital compression) – Yaddaşa qənaət və verilişin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə saxlanılan informasiyanın itkisinə yol vermədən məlumatın yığcam rəqəmli formaya keçirilməsi üsulu. Kompressiyanın müxtəlif üsullarının və formalarının işlənib hazırlanması həm İSM-in, həm də bütövlükdə digər ən yeni rabitə vasitələrinin fəaliyyətinin yaxşılaşdırılması üçün aktual əhəmiyyət kəsb edir.

RƏQƏMLİ MONTAJ (digital editing) – Təsvirin kompüter avadanlığına köçürülərək xüsusi proqrama əaslanan rəqəmli üsullarla montaj edilməsi. Bax: K o m p ü t e r m o n t a j ı.

RƏQƏMLİ SƏS LENTİ (digital audio cassette) – Üzərinə səs siqnallarının yazıldığı lent kaseti. Ölçüsünə görə adi audio kasetlərdən kiçikdir. İki DAT formatı vardır. Biri sabit başlıqda (stationary head), digəri isə çevirən başlıqda (rotary head) işləyir. Sabit başlıqda işləyən S-Dat-lar lenti saniyədə 4,75 sm sürətlə çevirir. Yazma başlığı 22 ayrı hissəyə bölünmüşdür.

RƏQƏMLİ SİQNALLARIN REGENERASİYASI (digital regenerative repearter) – Rəqəm axını impulslarının forma, amplituda və zaman vəziyyətinin bərpası. Regenerasiya kanal kodlaşdırılması ilə birlikdə rəqəmli siqnalların maneələrə davamlılığının artmasına kömək edir.

RƏQƏMLİ SKANER (digital scanner) – Məsafədən idarəetmə (Mİ) pultlarında videomaqnitofonlarda ştrix kodlar tətbiq etməklə taymerin operativ proqramlaşdırılması üçün tətbiq olunan rəqəmli hesablayıcı qurğu.

RƏQƏMLİ TELEVİZİYA (digital television) – Rəqəmli texnologiya əsasında işləyən sistem, teleavadanlıq. Rəqəmli texnologiya ilə yayım aparan şirkətlər bir peyk retranslyatoru kanalında dörd proqramın (hər biri 8 Mbit/san.) rəqəmli kodlaşdırılmasını həyata keçirə bilir. Müasir R.t. sistemləri radioyayım şirkətlərinə bir peyk kanalında 16 proqram yayımlamağa imkan verir.

RƏQƏMLİ VİDEOPROSESSOR (digital picture processor) – Videosiqnalın işlənməsinin rəqəmli qurğusu.

RƏQƏMLİ VİDEOYAYIM (digital video broadcasting) – Multimedianın: video, audio və məlumatların rəqəmli ötürülməsinin ümumi beynəlxalq standartı.

RƏQƏMLİ YAZILIŞ (digital recording) – İnformasiya siqnalının yazılış kanalında rəqəmli formaya keçməsi, yaxud informasiyanın bir rəqəmli formadan digərinə keçərək kodlaşması.

RƏQƏMLİ YAYIM (digital audio broadcasting) – Rəqəmli siqnalların radio vasitəsilə yayılması.

RƏQƏM SÜZGƏCİ (digital filter) – Girişində və çıxışında diskret siqnallara təsir göstərən süzgəc.

RƏMZ (symbol) – Kommunikasiyada ünsiyyətin bütün iştirakçıları üçün anlaşıqlı mənaya malik, sözdə, hərəkətdə, yaxud predmetdə təqdim olunan standartlaşdırılmış şərti işarə növü.

RƏNG (color) – Görüntü aparatına təsir göstərdikdə spesifik psixofizioloji hiss doğuran, əşyanın buraxdığı, yaxud əks etdirdiyi şüaların hansısa spektral tərkibinin işıq axınının keyfiyyəti; kinoda, TV-də və təsviri sənətdə insanın, gerçəkliyin boyalarını bütün zənginliyi ilə qavrama qabiliyyətinin bədii ifadəsi. R. kompozisiya, kolorit, məkan, faktura və s. bədii forma elementləri ilə əlaqədar meydana çıxır. Ekran əsərlərində əsas təsvir vasitələrindən biri işığın köməyi ilə nəzərə çarpdırılan R.-lərdir. Rejissor və operatorlar insan hisslərinin, emosiya və ovqatının təsvirini vermək üçün R.-lərdən istifadə edirlər. Ekranda da obyektin uzaqlıq dərəcəsini (rəng perspektivi), onun başqa obyektlər və ətraf mühitlə əlaqəsini, ayrı-ayrı obyektlərin, yaxud onların hissələrinin maddi xüsusiyyətlərini, bədii obrazın ümumi emosional quruluşunu bir çox hallarda məhz R.-lər xarakterizə edə bilir.

RƏNG BARI (baars) – Betacam və digər professional kameralarda çəkilişdən öncə kasetin əvvəlinə yazılan 20-30 saniyəlik ştrix təsvir.

RƏNG GÖRÜNTÜSÜ (color vision) – Müşahidəçinin xromatik rəngləri mənimsəmək qabiliyyəti.

RƏNGİN DƏRİNLİYİ (bit color) – Əsas rəng kanallarında piksellərlə verilən rəng parlaqlığının artma dərəcəsi. Əgər hər rəng kanalında bir pikseli təsvir etmək üçün bir bayt miqdarından istifadə etsək, onda RGB modeli üçün rəngin 24 bit dərinliyi alınacaq. R.d.-nə görə təsvirdəki rənglərin maksimal miqdarını hesablamaq mümkündür.

RƏNGİN DOYUMLULUĞU (color saturation/chroma) – Müəyyən bir rəngin tonunun ifadə edilməsi dərəcəsi. Eyni rəng tonuna malik olan iki rəngdən biri doyumluluq baxımından digərindən fərqlənir. Məs., iki qırmızı rəngli müxtəlif cisim götürək. Bunlardan biri açıq, digəri tünd-qırmızı rəngdə ola bilər, başqa sözlə, birincisi daha az, ikincisi daha çox doyumlu ola bilər.

RƏNGLİ AŞKARLAMA (colored developing) – Gizli, fotoqrafik təsvirin halogenid gümüş təbəqələrində kimyəvi aşkarlama prosesi. Bu zaman fotoqrafik təbəqədə gümüşü təsvirlə yanaşı, boyadıcıdan ibarət təsvir də əmələ gəlir.
1   ...   19   20   21   22   23   24   25   26   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə