Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə17/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

KOMPOZİSİYATƏNASÜBÜ(compositional proportion) – Kadrda qarşılıqlı əlaqədə olan obyektlərin proporsional şəkildə paylanması (kadrın hər hansı bir yerində yüklənmənin olmaması). K.t. təkcə kadrda obyektlərin paylanması ilə deyil, həm də rəngin, tonların uyğunlaşdırılması və işığın paylanması ilə əldə olunur.

KOMPOZİTOR (sompositor/composer) – 1) TV ekranında işarə və qrafik informasiyanın inikası üçün mini EHM-lərdən istifadə sistemi; 2) Musiqi bəstələyən şəxs, bəstəkar.

KOMPRESSİYA (sompression) – 1) Dinamik diapazonun avtomatik sıxılması; 2) Rəqəmli inteqral rabitə şəbəkələrində elə bir prosesdir ki, siqnalın gücləndirilməsi həmin siqnalın böyüklüyündən asılı olaraq dəyişir və güclü siqnallara nisbətən zəif siqnallar zamanı daha da böyüyür.

KOMPRESSOR, s ı x ı c ı (compressor) – Giriş siqnalının amplitudu artdıqca veriliş əmsalı azalan səviyyələrin avtomatik tənzimləyicisi (SAT).

KOMPÜTER (computer) – Bilgisayar, başqa sözlə, elektron-hesablayıcı maşınların (EHM) geniş yayılmış adı.

KOMPÜTER (BİLGİSAYAR) QRAFİKASI (computer graphics) – KİV-də, o cümlədən kompüter texnologiyalarının inkişafı ilə bağlı TV-də də geniş tətbiq edilən, bilgisayardan yararlanmaqla təsvirlərin formalaşdırılması və işlənməsi; tamaşaçıda əyani təsəvvür yaratmağa, təsvirin məzmun və anlaşıqlılığını artırmağa xidmət göstərən, proqramın bədii, texniki tərtibatını, dizaynını gözəlləşdirən keyfiyyət elementi.

KOMPÜTER ELMİ (computer science) – Avropa ölkələrində "informatika" termininin sinonimi kimi işlədilən anlayış. Bax: İ n f o r m a t i k a.

KOMPÜTERLƏŞDİRMƏ (computerization) – EHM-lərin (kompüterlərin) kino, teleradio yayımı və istehsalatının bütün sahələrinə, ümumiyyətlə, sosial-iqtisadi və mənəvi fəaliyyətin bütün sahələrinə geniş tətbiq edilməsi prosesi.

KOMPÜTER MONTAJI (computer editing) – Bax: Q e y r i – x ə t t i m o n t a j.

KONDENSATORLU (ELEKTROSTATİK) MİKROFON (electrostatic microphone) – Dəyişən cərəyanla, yaxud batareya ilə işləyərək siqnalı hazırlamaqdan ötrü kondensatorlardan istifadə edən mikrofon növü. Kondensator mikrofonun ön hissəsində yerləşdirilmiş mütəhərrik tənəkədən (yaxud lövhədən) və onun arxasına qoyulan tərpənməz tənəkədən ibarətdir. Hər iki tənəkə elektrik yükü daşıyır və səs ön tənəkəyə toxunan kimi gərginlik dəyişir. K.m.-un ən geniş yayılmış növü elektret mikrofonlardır.

KONFERANSYE (compere/master of ceremonies) – Konsert proqramının nömrələrini tamaşaçılara elan edən və nömrələr arasında cazibədar danışığı ilə tamaşaçıları əyləndirən aktyor (aparıcı).

KONFLİKT (conflict) – Kinonun (teatrın və s.) kompozisiyasında dramaturji elementlərdən biri; bir-birinə zidd mənafe, görüş və meyllərin toqquşması. Münaqişəyə gətirib çıxaran ciddi ixtilaf, kəskin mübahisə.

KONFRANS (conference) – Hər hansı elmi, təşkilati, yaradıcılıq və s. məsələnin müzakirəsi üçün hökumət, partiya, elm və ictimai təşkilatların nümayəndələrinin toplantısı.

KONSEPSİYA (conseption/idea) – Düşünülmüş sistem, geniş mənada hər hansı sistemli fəaliyyətin əsas istiqaməti; hər hansı predmeti, hadisəni, prosesi başa düşməyin, şərh etməyin müəyyən üsulu; predmetlər barəsində müəyyən nöqteyi-nəzər, onların sistemli izahında rəhbər ideya; ssenaristin, rejissorun, rəssamın, şairin, jurnalistin, alimin və s. yürütdüyü əsas fikir, ümumi ideya. K. anlayışı həmçinin elmi, bədii, texniki, siyasi və s. fəaliyyət növlərində əsas fikri, konstruktiv prinsipləri bildirmək üçün işlədilir.

KONSERT (concert) – 1) Musiqi və vokal əsərlərin, həmçinin müəyyən proqram üzrə estrada, dram, xor və s. nümunələrin geniş kütlə qarşısında ifası; 2) Orkestrin müşayiəti ilə tək bir çalğı alətinin, yaxud solistin ifa etdiyi böyük musiqi əsəri; 3) TV və radioda musiqi proqramlarrının geniş yayılmış forması.

KONSERT EFFEKTİ (simulation surround) – Səsin kinoteatrda və ya konsert salonunda eşidilirmiş kimi təəssürat yaratması. K.e. almaq üçün stereo səslərdən istifadə edilir.

KONSERVATİZM (conservatism) – Köhnə ənənəyə sadiqlik, köhnəni qoruyub saxlamağa cəhd; köhnəpərəstlik, yeniliyə qarşı çıxma.

KONSİTUASİYA (consituation) – Kontekst və situasiya sözlərinin birləşməsindən yaranan və TV nitqinin gerçəkləşməsinə imkan verən ekstralinqvistik amil. Müasir tədqiqatlarda K. çox geniş və differensiasiyaya uğramamış anlayış kimi qəbul edilir.

KONSPEKT (summary) – Hər hansı bir əsərin, mühazirə və s. xülasəsi, qısa şərhi, icmalı.

KONSTATASİYA (constatation) – 1) Bir şeyin doğruluğunun şəksizliyi; 2) Faktların heç bir şərhə yol vermədən sadalanması.

KONSTİTUTİV (constiutive) – Əsas, təyinedici.

KONSTRUKSİYA (construction) – 1) Predmetin ayrı-ayrı hissələrini birləşdirərək tam halda quraşdırılması. Əslində, texniki sahə (yəni maşın və mexanizmlərlə) ilə bağlı olan K. sözündən quruluşçu rəssamlar da istifadə edirlər. Rəssam təsvir edəcəyi predmeti təhlil edərkən onun quruluşunu, elementlərini dərk etməyə, mükəmməl surətdə öyrənməyə çalışır; 2) Çəkiliş, montaj, yayım qurğularının və s. quruluşu; 3) Bir sintaktik vahid kimi çıxış edən söz birləşməsi, tərkib, cümlə.

KONSTRUKTİV (constructive) – 1) Verimli, məhsuldar, qurucu; 2) Nəyə isə qurucu əsas yaradan; 3) Qurulan, düşünülüb tapılan, nəyə isə aid olan.

KONSTRUKTİV MONTAJ (constructive editing) – Kadrların lentə düşünülmüş, müəyyən və aydın, əlaqəli şəkildə birləşdirilib yapışdırılması.

KONTAKT (contact) – 1) Əlaqə, toxunma, sıx ünsiyyət; 2) İşdə, əməldə qarşılıqlı hərəkət, razılaşma.

KONTAKT MİKROFONLARI (contact microphones) – Təmas məqsədi ilə bilavasitə çəkiliş obyektinə (predmetinə) bərkidilən mikrofonlar. Məsələn, deyək ki, səs rejissoru motorlu qayığın səsini itiyönümlü mikrofonun qəbul zonasından kənarda baş verən hərəkətlə sinxron şəkildə yazmaq istəyir. Bu zaman mikrofon (çox güman ki, kondensatorlu balaca «ilgək» mikrofon) birbaşa qayığa bərkidilir. Hərəkət kameradan çox uzaq məsafədə baş versə də, onun səsi çox təmiz və aydın şəkildə qeydə alınır.

KONTEKST (context) – Birləşmə, bağlanma, əlaqə; mətn və ya nitqin mənaca qismən bitkin parçası. K.-dəki ayrı-ayrı söz, cümlə və ya sitat kimi götürülmüş ifadənin mənası yalnız həmin K.-də dəqiq və konkret şəkildə aydın olur. Adətən, dil vahidinin mənası «söz konteksti» ilə deyil, «real kontekst» ilə müəyyənləşdirilir.

KONTENT TƏHLİL (content analysis) – Sosial informasiyanın məzmununun dolayı yolla, yəni qəzet, radio, TV verilişləri vasitəsilə öyrənilməsi. Anket sorğularına açıq cavablar da K.t. növü sayılır. K.t.-in əsas mahiyyəti müəyyən məlumatlar toplusu içərisində jurnalisti, tədqiqatçını maraqlandıran məsələlərin necə əksini tapmasını öyrənməkdir. Bu üsulla mətnin mahiyyətini, naşirin, jurnalistin məqsədini, auditoriyanın maraqları ilə bağlı proqnozları öyrənmək mümkündür. K.t. mətnin, informasiya şəbəkəsinin bütöv təhlilini verməyə imkan yaradır.

KONTİNGENT (contingent/quota) – Hər hansı bir kollektivin (şirkət, idarə, müəssisə, təşkilat, ordu) tərkibi, heyəti, miqdarı; bir kollektivi təşkil edən adamlar heyəti; verilişdə iştirak edənlərin tərkibi, verilişin ünvanlandığı auditoriyanın sosial tərkibi.

KONTİNUUM (continuum) – Bir-biri ilə təkcə məzmunca deyil, həm də janr-üslub əlamətinə görə bağlı olan kinofilmdə kadrların əvəzlənməsinin ardıcıllığı; radio və TV ilə xəbərlər buraxılışında, yaxud digər verilişlərdə arasıkəsilməz yayım təzahürləri arasında proseslərin fasiləsizliyi və qırılmaz əlaqəsi. K. yayım hissələrini birgə davam edən informasiya prosesində birləşdirən ssenariləri, onların rejissor izahını, montaj vərəqələrini və diktor əlavələrini, yaxud elanlar seriyasını bildirən terminlərin tərkibinə də daxildir. Müvafiq olaraq bu cür verilişlər aparan diktor və ya şərhçi "əvəzsiz diktor" adlandırılır.

KONTRAJUR (counter light) – İşıq mənbəyinin çəkiliş obyektinin arxasında yerləşdirilməsi yolu ilə işıqlandırma. Müvafiq kinoçəkiliş zamanı işıq mənbəyi qeyri-şəffaf əşya ilə (ağacla, dekorasiya ilə və s.) örtülməlidir ki, birbaşa şüalar obyektivə düşməsin və təsvirlərdə reflekslər, ləkələr, halələr yaranmasın. Bu zaman diafraqmanı obyektin orta işıqlanmasına görə təyin edirlər ki, bu da gecə işıqlandırması effekti («gecəvari» kinoçəkilişi) almağa imkan verir, eləcə də əlavə olaraq ön plandakı obyektləri inikas etdirənlə işıqlandıraraq blendadan halə əleyhinə kinolentlərdən və neytral-boz kölgələnmiş filtrlərdən istifadə edirlər. Kontrajurdan istifadə etdikdə təsvir siluet şəkli alır.

KONTRAPUNKT (counter point)Hərfi mənası: «nöqtəyə qarşı nöqtə». 1) Polifoniya, başqa sözlə, iki və daha çox müstəqil melodiyanın (səsin) eyni zamanda uyumlu səslənişi və inkişafı, çoxsəslilik növü; 2) Başlıca melodik səsi izləyən melodiya; 3) K.-u çoxsəslilik biçimi kimi öyrənən fənn; 4) TV-də səs, söz və təsvirin tama çevrilməsi, uzlaşaraq vahid məzmun – harmoniya yaratması.

KONTRAST (contrast) – 1) Verilişlərin çəkilişi zamanı işıq və rənglərin gücünü, parlaqlığını artırmaq üçün əks rənglərdən istifadə olunması. Hər hansı bir əşyanı işıq mənbəyinə yaxınlaşdırdıqda onun işıq düşən tərəfi o biri tərəflərdən daha yaxşı, daha parlaq görünür. İşıq düşməyən tərəfdə cizgilər tutqun olduğundan o qədər də nəzərə çarpmır və ekranda kontrast yaranır; 2) Kinoda və digər incəsənət əsərlərində təsvir olunan predmet və hadisələrin keyfiyyətlərini (məs., həcmlərini, rənglərini) və xarakterlərini kəskin surətdə bir-birinə qarşı qoymaqdan ibarət olan, onların xüsusiyyətlərini daha aydın nəzərə çarpdıran bədii priyom. Təzadlılıq TV üçün xüsusilə səciyyəvidir.

KONTRATİP (counter type/duplicate) – Orijinal kinoneqativdən çıxarılan surət, dublikat. Böyük tirajlı film surətləri K.-dən çap olunduğu üçün orijinal kinoneqativ işlənib xarab olmur.

KONTRREKLAM «KONTRKOMMERŞL» (counter commercials) – Bu və ya digər kommersiya mallarının, məsələn, insanın səhhəti üçün zərərli olan tütün məmulatlarının reklamının qanuniliyinin inkar forması. ABŞ-da belə reklam ictimai qrupların, yaxud təşkilatların təşəbbüsü ilə əlaqələr üzrə Federal Komissiyanın icazəsi ilə yayılır və bəzən kontrreklam (counter advertising), yaxud düzəliş edən reklam (corrective advertising) adlanır.

KONTUR (outline/contour) – 1) Hər hansı predmetin əsas cizgilərinin çəkilməsi; obyektin bir və ya bir neçə xətlə (cızıqla) çəkilmiş ümumi təsviri; formanı ümumi şəkildə təsvir edən xətt (cızıq). İfadəli kontur xətlər üstünlük təşkil edən təsvirlər üçün xüsusi yığcamlıq və s. xarakterikdir; 2) Bir şeyin əksinə olan.

KOORDİNASİYA (co-ordination) – Çəkiliş, montaj işlərinin (istehsalat və yayımın) düşünülmüş şəkildə əlaqələndirilməsi; uyğunluq, əlaqə, uyğunlaşdırmaq.

KOPİRAYTER (copywriter) – Reklam mətninin tərtibçisi. K.-lərin əksəriyyəti jurnalist, yazıçı, şair olurlar. Onlar reklamın şüarını və mətnini işləyib hazırlayır, bəzən reklam xarakterli süjetlərin mətnlərini yazırlar.

KOPİREFFEKT (copyeffect) – Maqnit lentinin ayrı-ayrı burumlarının rulonda bir-birinə toxunaraq maqnitləşdirmə və qarşılıqlı təsir formasında üzə çıxan təzahür. Əgər maqnit lentinin bir burumu uzunluğunda sahədə hər hansı siqnalın yazılışı aparılarsa, rulonda bu yazının zəif nüsxəsi alınacaq. Yazının və onun nüsxəsinin səviyyələri arasındakı nisbət, yaxud onların arasındakı desibel fərqi K.-in həcmini ifadə edir.

KORREKS (correx) – Kinolenti qablarda hazırlayarkən onun qonşu burumlara yapışmasına yol verməmək üçün tətbiq edilən sellüloid lent. Lentin kənarlarında çıxıntılar olur. Kinolent K.-lə birlikdə sarınır. Lentin emulsiyalı tərəfi korreksin çıxıntılarının üstünə qoyulur. Bu çıxıntılar emulsiyalı tərəfin işlək hissəsini lentə toxunmaqdan qoruyur. Bu vəziyyətdə kinolnt K.-lə birlikdə çarxa salınaraq qutuya qoyulur. K.-in köməyi ilə 16 və 8 mm enində lentin kiçik parçalarını aşkarlamaq olar.

KOSMİK RABİTƏ (spatial correlation) – Yerdəki məntəqələrlə kosmik aparatlar arasında və kosmik aparat retranslyatorları vasitəsilə Yerdəki obyektlər arasında, həmçinin kosmik aparatlar arasındakı rabitə. Daim hərəkətdə və yerdəyişmədə olan K.r.-nin koordinatlarını təyin etmək üçün yerdəki qəbuledici və ötürücü antenalar K.r.-yə yönəldilir.

KOSMİK TV APARATLARI (space TV equipment) – Təyyarələrdə, vertolyotlarda, Yerin süni peyklərində və kosmik aparatlarda yerləşdirilən TV sistemi. K.T.A.-nın yerinə yetirdiyi funksiyalar son dərəcə rəngarəngdir. Fəzada uçan aparatlarda TV-nin tətbiqi, adətən, yer, yaxud dəniz səthində müşahidələr aparılması, ayrı-ayrı obyektlərin bu və ya digər parametrlərinin üzə çıxarılması və ölçülməsi, yaxud torpaq sahəsinin görünüşünü fəzadan çəkmək məqsədi daşıyır. K.T.A. aşağıdakı tətbiq sahələrini əhatə edir:

- kosmik videorabitə; kosmik məkan obyektlərinin elmi tədqiqi; Yerin bulud örtüyünü müşahidə və onun təbii ehtiyatlarının tədqiqatı; kosmik gəmilər sisteminin fəaliyyətinə videonəzarət və kosmik gəmilərin idarə olunması; hərbi obyektlərin aşkar olunması və müşahidə edilməsi.



KOSMİK VİDEORABİTƏ (spatial video correlation) – Kosmik gəmilər arasında Vİ mübadiləsini təmin edən sistem. K.v., ilk növbədə, kosmik gəmilərlə Yerdəki idarəetmə məntəqələri arasında rabitə yaradır.

KOSMOVİZİYA, k o s m i k t e l e v i z i y a (cosmovision/space TV) – Kosmik fəzada və ya planetlərdə olan kosmik aparatlardan təsvirlərin TV şəbəkəsi ilə bilavasitə Yerə verilməsi və qəbulu. Kosmik stansiyaların aparatlarından verilən təsvirlərin radio-siqnallarını Yerdəki radiorabitə stansiyaları qəbul edib TV Mərkəzinə ötürür, oradan da müxtəlif ölkələrin TV şəbəkələri vasitəsilə retranslyasiya edilir.

KÖLGƏ (shade) – Üçölçülü məkan illüziyasının yaradılması üçün istifadə olunan zəruri üslubi istifadə vasitəsi. Üçölçülü kompozisiyada göz görəsi, kölgələrin köməyi ilə üzə çıxan işıq mənbəyi tamaşaçı nöqteyi-nəzərini obyektin yox, sənətkarın nöqteyi-nəzərinə tabe etməklə, kətan üzərində öz fikrini əks etdirə bilir. Həm kinoda, həm də TV-də olduğu kimi, təsviri sənətdə, rəssamlıqda da işıq-kölgə tərəfi təkcə texniki yox, mühüm üslubi (spesifik mənada) əhəmiyyət kəsb edir. TV-də studiya şəraitində işləyən rejissor texnikanın özündə mövcud olan işıq sxeminə tabe olmalıdır. Kinoda isə əksinə, sənətkarın (operatorun, rejissorun) fərdiliyi işıq-kölgə ahəngdarlığını istədiyi kimi öz ritminə tabe edə bilər. TV üçün ideal «səthi» işıqlandırma, təbii səpələnmiş, açıqla tünd arasındakı kölgəsiz işıqlandırmadır. Obyektin səthi bərabər işıqlandırılmalıdır. TV işıqlandırma vəzifələri «işıq» ustasına keçir, işığın qurulmasına isə təkcə operator yox, həm də pultdakı, yaxud təsvirin qəbulu üzrə mühəndis nəzarət edir. İşıq işində rejissor və operator subyektivliyi elektrotexnikanın qanuniləşdirdiyi işıqlandırmanın prinsipial istehsalat sxemi ilə məhdudlaşdırılır.

KÖMƏKÇİ İŞIQ (auxiliary illumination) – Əsas işığa uyğun olaraq qurulan yardımçı, ikinci dərəcəli işıq.

KÖZƏRMƏ LAMPALARI (aeolights) – Vakuumlu, şüşə kolbada yerləşən və yanarkən közərən volfram naqilindən düzəldilmiş lampa. K.l. öz quruluşuna görə məişətdə işlədilən adi elektrik lampalarına bənzəyir.

KRAN (crane) – TV və kino çəkilişlərinin daha effektli nöqtələrdən (əsasən yuxarıdan) aparılması, təsirli çəkiliş rakursları yaratmaq üçün istifadə olunan səyyar qurğu.

KRAN-ARABA (mobile crane) – Bax: K r a n.

KRONŞTEYN (holder) – Detal və ya mexanizmləri şaquli səthə bərkitmək üçün işlədilən konusşəkilli dayaq. K. vasitəsilə transmissiya yataqları, elektrik mühərrikləri, metal konstruksiya hissələri bərkidilir. Tökmə çuqun, yaxud qaynaqlanmış poladdan hazırlanır.

KULMİNASİYA (culmination) – Xarakter və situasiyaların toqquşması anı; müəllif mövqeyinin həyata keçməsinin, düşüncənin, yaxud münaqişənin gərginliyinin ən yüksək nöqtəsi. Kinoda və ədəbiyyatda – bədii əsərin kompozisiyasının tərkib hissəsi; süjet xəttinin inkişafının ən gərgin anı, zirvəsi. K.-da konflikt həlledici dönüş nöqtəsinə çatır və açılış mərhələsinə daxil olur. K. əsərdə qoyulan problemi kəskinləşdirir, qəhrəmanın xarakterinin açılmasında həlledici rol oynayır.

KULUAR (lobby) – Parlamentdə, hökumət idarələri binalarında, teatr, konsert salonlarında, çəkiliş pavilyonlarında, videoyazı studiyalarında istirahət, qeyri-rəsmi görüşlər, söhbətlər və fikir mübadiləsi üçün əlavə otaq(lar).

KURATOR (curator) – Himayəçi, himayədar, bir işin gedişinə, icrasına nəzarət edən adam, təşkilat.

KURTAJ (courtage/brokerage) – Komisyon haqqı, reklam işində vasitəçinin (maklerin), o cümlədən reklam agentinin aldığı mükafat.

KÜLƏKDƏNQORUYAN (mike wind protector) – Mikrofonun başlığına geydirilən porolon köynək. Külək vıyıltısı naturada səs yazarkən ən çox rast gəlinən problemlərdən olduğundan, örtülü yerdən kənarda səs yazanda həmişə mikrofona K. köynək geydirilir. Köynək mikrofonu küləyin vıyıltısından və kənar səslərdən qoruyur. Əksər mikrofonlardan ötrü K. köynəkləri satışdan almaq olar. Hər hansı səbəbdən bu köynəklər olmazsa, onu mikrofon ölçüsündə kəsilmiş bir parça porolondan asanlıqla hazırlamaq mümkündür.

KÜPÜRLƏR (cut) – Ssenari mətnində və ya hazır filmdə ixtisarlar.

KÜTLƏ (mass) – Kommunikativistikada bu və ya digər sosial-demoqrafik təbəqələrə məxsusluq və yaş xüsusiyyətləri baxımından müxtəlif cinsli, amma zövqlərinə, maraqlarına, ən başlıcası, onlar üçün standart həyat və düşüncə tərzi formalaşdıran kütləvi mətbuata və kütləvi mədəniyyətə meyllərinə görə daha yekcins insan qruplarını bildirmək üçün işlədilən termin.

KÜTLƏVİ AUDİTORİYA (mass audience) – KİV kanalları ilə yayılan informasiyanın bütün istehlakçıları – qəzet, jurnal, kitab oxucuları, radiodinləyicilər, teletamaşaçılar, diskotekalara gələnlər, musiqi-mahnı əsərlərinin, audiokitabların və videokitabların, eləcə də kompüterlər üçün rəngarəng proqramların, səs və videoyazısı olan valların, disklərin alıcıları. Analitiklərin rabitənin və kütləvi mədəniyyətin müasir informasiya vasitələri sistemində ayrılmaz sahə kimi nəzərdən keçirdikləri bu auditoriyanın əsas atributu – kütləvilikdir. K.a. anlayışının müxtəlif konseptual izhları mövcuddur – bəziləri onu KİV-in təqdim etdiyi hər şeyi passiv həzm edən ətalətli, lal əksəriyyət kimi səciyyələndirir. Digərləri isə onu, əksinə, mass-mediaya fəal təsir göstərməyə və onlardan özlərinin (yaşa görə, peşə, etnik, mədəni) arzu və maraqlarının təminatçısı olan ictimai qüvvə hesab edir. Bu izahların əsaslandırılması K.a.-nın müxtəlif təbəqələrinin zövq səviyyəsini üzə çıxarmağa kömək edən kontent-analiz prosesində baş verir.

KÜTLƏVİ İNFORMASİYA (mass information) – Axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımı qanunvericiliklə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbu, audio, AV xəbər və digər məlumatlar.

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİKİV (Mass Media/Mass Communication Media) – Qəzet, jurnal, sənədli kino, radio və TV-dən ibarət sistem. Bütün bunlar geniş oxucu, dinləyici və tamaşaçı üçün nəzərdə tutulduğuna görə KİV adını almışdır.

KÜTLƏVİ İNFORMASİYA (VASİTƏSİNİN) MƏHSULU (mass media edition) – Mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi.

KÜTLƏVİ (İCTİMAİ) TELEVİZİYA (public television) – 1) İctimaiyyətin yaratdığı, maliyyələşdirdiyi və yönəltdiyi TV; 2) Hakimiyyətin, hər hansı siyasi partiyanın və ya iqtisadi qrupun (qruplaşmanın), inhisarçı qüvvənin müdaxiləsinə imkan yaratmayan, heç bir kommersiya marağı güdməyən TV; 3) Açıq və demokratik cəmiyyətlərin yaratdığı, müxtəlif qeyri-hökumət təşkilatlarının – birliklərinin, fondların, dərnəklərin, eləcə də ümumcəmiyyət maraqlarını güdən, plüralizmi, azad bazarı və insan haqlarını qoruyan ayrı-ayrı fərdlərin vətəndaş toplumunu inkişaf etdirmək istəklərinə cavab verən TV biçimi; 4) Hakimiyyətin fəaliyyətini açıqlığa qovuşduran, çox önəmli sosial olayları müstəqil xəbərləyən ekran jurnalistikası; 5) Cəmiyyət üçün açıq TV; 6) Açıq cəmiyyətlər inkişaf etdikcə "ictimai TV" anlayışı da məzmunca dərinləşib-dəqiqləşir.
1   ...   13   14   15   16   17   18   19   20   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə