Izahlı lüğət




Yüklə 2.68 Mb.
səhifə13/42
tarix22.02.2016
ölçüsü2.68 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

KADRLAŞDIRMA (framing) Filmin kadrının daha mənalı həlli üçün seçilən təsvir kəsiyi, rakurs, plan. K.- çəkilişə hazırlıq prosesində, yaxud çəkiliş zamanı operator həyata keçirir. Operator K. vasitəsilə tamaşaçının diqqətini hadisənin inkişafının müəyyən mərhələsindəki mühüm detallara predmetlərə yönəldir. Buna görə K. prosesində əvvəlki sonrakı kadrlar mütləq nəzərə alınır.


KADR PƏNCƏRƏSİ (picture aperture) – Kinoproyektorun film kanalında kinolentə düşən işıq axınını məhdudlaşdıran müəyyən ölçülərə malik düzbucaqlı kəsik.

KAKOFONİYA (cacophony) – Sözün fonetik cəhətdən pis səslənməsi; səslərin (musiqidə, şerdə) qeyri-ahəngdar, xoşagəlməz birləşməsi.

KALAMBUR (calembour/pun) – İkimənalılıq, omonimlik və ya səslənmə oxşarlığına əsaslanmış, komik effekt yaradan, səs bənzərliyinə və məna müxtəlifliyinə əsaslanan söz oyunu,cinas.

KALLİQRAFİYA (calligraphy) – Gözəl, yaraşıqlı, aydın və səlis xətlə yazma sənəti. K.-nın tarixi həm şriftin və yazı vasitəsinin, həm də incəsənətin üslubi inkişafı ilə əlaqədardır. K.-da təkcə rahat oxumaq yox, həm də yazıya emosional ifadəlilik məqsədi güdülür.

KALSİUM TOZU (calcium sediment) – Cod suyun təmizlənməsi hallarında əmələ gələn karbon əhənginin ən xırda zərrəciklərindən ibarət olan və kinolentin səthində yaranan çöküntü.

KAMERA (camera) – 1) Xüsusi məqsədlə istifadə olunan otaq, qapalı yer;

2) Cihaz və aparatın qapalı hissəsi (məs., fotokamera, kinokamera). Bəzən cihaz, qurğu özü belə adlanır. Məs., kinoçəkiliş və ya fotoqrafiya K.-sı.



KAMERA İŞIĞI (camera light) – Bilavasitə kameraya bərkidilən və çəkiliş qrupunda işıq cihazını idarə edən adam olmayanda, çəkilişin xarakteri dönmə dayağına imkan verməyəndə, yaxud operator çəkiliş obyektinə sabit, həm də birbaşa işıq salmaq istəmədikdə işlənən işıq. K.i.-ndan videojurnalistikada çox istifadə edilir. Çəkilişi ev şəraitində, hər hansı binanın içərisində apararkən iri döşəmə dayaqlarından istifadə mümkün olmadıqda bu işıq çox faydalıdır.

KAMERA KANALI (camera chain) – Videotraktın TV kamerasından kommutasiya edən qurğuya qədər olan hissəsi.

KAMERA KANALI BLOKU (camera control unit) – Elektrik mənbəyini qoşan, videokameranın tənzimlənməsini və nəzarətini həyata keçirən qurğu kompleksi.

KAMERA MİKROFONU (mic/camera/line select switch) – İkinci səs kanalına girişi müəyyən etmək üçün istifadə edilən açar. Kameranın üzərinə quraşdırılan xüsusi mikrofon istifadə olunduğu təqdirdə açar Camera vəziyyətinə gətirilir. Bu vəziyyətdə mikrofonun çıxışı kameranın kabelinin üzərindən bilavasitə ikinci səs kanalına bağlanılır. Çünki ikinci kamera öz mikrofonu ilə deyil, başqa bir mikrofonla icra olunacaqsa, mikrofon kabeli ikinci səs kanalı girişinə bağlanılır və açar Mic. vəziyyətinə gətirilir. Yazma prosesi xarici bir mənbədən olacaqsa, açar Line vəziyyətinə gətirilir, səs kabeli ikinci kanalın girişinə qoşulur.

KAMERA MUSİQİSİ (chamber music) – Kiçik ifaçı heyəti (duet, trio, kvartet və s.) üçün nəzərdə tutulmuş vokal, yaxud instrumental musiqi. Solo musiqi əsərləri də (romans və s.) K.m.-nə aiddir.

KAMERA VASİTƏSİLƏ YARADILAN KEÇİDLƏR (camera edit shifting) – Çəkiliş prosesində yaradılan effektli və cazibədar montaj keçidləri. Məs., zəncirləmə, yaxud işarma effektinin fokusda çəkilməyən planlarını bir-birinə yapışdırmaqla imitasiya etmək olar. Montaj ardıcıllığına görə, 1-ci kadrda veriləcək planın çəkilişini qurtara-qurtara, görüntünü tədricən fokusdan çıxararaq, yayğın təsvir lentə alınır. Həmin montaj ardıcıllığı üçün növbəti planın çəkilişinə yayğın plandan başlanılır, tədricən plan fokusa gətirilərək kəskinləşdirilir. Kəskinləşdirmə ritmi fokusdançıxarma ritmi ilə yaxşıca uzlaşarsa və planlar yayğın görüntülərin bir-birini əvəzlədiyi nöqtədə dəqiq yapışdırılarsa, montaj calağı əslində nəzərə çarpmayacaq və belə keçidin effekti işarma effektinə oxşayacaq. Qaraltmaya keçid və qaraltmadan işarma effektlərini çəkiliş vaxtı diafraqmanı bağlayıb-açmaqla yamsılamaq olar.

KAMEYA (cameo) – Məşhur kinoulduzların filmin hər hansı epizodunda ani görünməsi. Çox vaxt onların adları titrlərdə verilmir. Bəzən rejissorların özlərinin də (məs., A.Xiçkok, E.Ryazanov, G.Daneliya və b. bu formadan istifadə etmişlər) ekranda görünməsi K. adlandırılır.

KAMKORDER (camcorder) – Özündə telekameranın və videomaqnitofonun funksiyalarını birləşdirən qurğu. Həm translyasiya telekamerası, həm də adi videokamerapleyer rejimində işləyə bilir. Rəngin verilməsinə görə ən yaxşı məişət kamkorderləri peşəkar aparat səviyyəsinə çatıb. Videojurnalistikada işlənən kiçik ölçülü videokameralarda istifadə edilən və spesifik quruluşa malik videomaqnitofon qurğusu. K. TV kamerası ilə kiçik ölçülü videomaqnitofonu konstruktiv şəkildə birləşdirir. Bu tip qurğularda siqnalların komponent yazılışı daha səmərəli istifadə olunur.

KAMPANİYA (campaign) – Hər hansı məqsədlə təşkil olunan tədbirlər və verilişlər silsiləsi.

KANAL (channel) – 1) İnformasiyanın mənbəyi və qəbul edəni – telefon, radioyayım, teletranslyasiya və s. arasında rabitə vasitələri kompleksi; istənilən informasiyaötürücü qurğu (vasitə); 2) Tezlik zolaqları, verilişin vaxtı və xəbərin verilməsi üçün rabitə sistemlərində ayrılan başqa efir ehtiyatları.

KANAL (XƏTTİ) KODLAŞDIRMASI (channel coding) – Analoq-rəqəm dəyişdiricisinin (ARD) çıxışında rəqəmli siqnalın əlavə dəyişməsi. Bu zaman alınan rəqəmli siqnallar elə bir şəklə düşür ki, onun parametrləri xəttin digər parametrlərinə daha artıq dərəcədə uyğunlaşır. K.k. bir qayda olaraq, səhvlərdən müdafiə rəmzlərindən istifadə hesabına müəyyən bolluğa malik olan xüsusi kodların köməyi ilə yerinə yetirilir.

KANOBEAM (CANOBEAM) – Optik şüalanma modulyasiyasından istifadə edən rabitə sistemi. Canon şirkətinin iri miqyaslı TV çəkilişləri, iki kilometr həddində 4-dən 8 videokanaladək və 9-dan 18 səs kanalınadək video və audio informasiya toplanması, habelə mübadiləsi üçün hazırlandığı sistem.

KANON (canon) – 1) Qayda, qanun; hər hansı ekran əsərini hazırlamağın əsas qaydası, ənənəyə əsaslanan, mütləq norma. Bədii üsul və ya qaydaların məcmusu; bədii əsərlərdə kompozisiya və kolorit normalarını, təsvirin nisbətlər sistemini, yaxud ikonoqrafiyasını müəyyənləşdirən sabit qaydalar məcmusu. Nümunəvi, normativ xarakter daşıyan əsərlərə də K. deyilir; 3) İki və ya artıq səs vasitəsilə eyni melodiyanın ardıcıl surətdə təkrarı; musiqi aləti. 4) Qədim yunan heykəltəraşı Poliklet tərəfindən yazılmış və bizə gəlib çatmamış nəzəri traktatın və kamil insanın nümunəsi kimi düzəldilmiş heykəlin adı.

KANOVİZİON (CANOVISION)Canon firmasının konkorderlər seriyasından istehsal etdiyi videokamera.

KANTATA (cantata) – Müğənni, solist tərəfindən, əsasən isə xorla, orkestrin müşayiəti ilə oxunan təntənəli və ya lirik-epik musiqi əsəri.

KAPELLA (choir) – 1) Əvvəllər kilsə xoru, sonralar, ümumiyyətlə, xor; bəzən nəfəsli orkestr, instrumental müşayiətsiz xor; 2) Katolik məbədində xor dəstəsi üçün yer.

KAPRİÇÇİO (capriccio) – Sərbəst və ya oynaq xarakterli, gözlənilməz effektlərlə zəngin instrumental musiqi əsəri.

KAPSUL-XƏBƏR (capsule news) – Radioda musiqi proqramları arasında verilən 4-5 dəqiqəlik ekspressiv xəbər buraxılışları. K.x., əsasən ABŞ radiolarında geniş yayılmış xəbər proqramı tipidir.

KARDEOİD YÖNƏLMƏ DİAQRAMLI MİKROFONLAR (cardiod directed microphone) – Öndən gələn səslərə son dərəcə həssas, ancaq yandan və arxadan gələn səslərə nisbətən az həssaslıq göstərən mikrofonun ürəkşəkilli yönəlmə diaqramı.

KARİKATURA (caricature/cartoon) – Bu janrda elə rəsmlər nəzərdə tutulur ki, insandakı hər hansı bir naqislik qəsdən şişirdilərək tənqid olunur. Adətən, islahı az mümkün olan insanları tənqid etmək, ələ salmaq məqsədi ilə onların K.-sı çəkilir. Satirik üslubda işlənilən belə şəkillərdə müəyyən cizgilər qabarıq verilməklə mütləq orijinala oxşadılmalıdır. TV-nin satirik proqramlarında K.-dan istifadə olunur.

KARKAS (frame)Bir şeyin skeleti, gövdəsi, əsası; binanın və s. dəmirdən düzəldilən skeleti; parça məmulatlarının məftil skeleti.

KARNAVAL (carnival) – 1) Açıq səma altında maskalı, xüsusi geyimli adamların iştirak etdiyi, teatrlaşdırılmış oyunlarla müşayiət olunan maskarad; 2) TV-nin xüsusi bayramlarda istifadə etdiyi kütləvi şənlik formalarından biri.

KARTOTEKA (card index) – 1) Müəyyən sistem üzrə yığılmış kartoçkalar; 2) Belə kartoçkaları saxlamaq üçün xüsusi yeşiklər.

KARYERA (career) – 1) İctimai, elmi, vəzifə və s. fəaliyyət sahələrində irəliləmə, şöhrət qazanma; şöhrətpərəstlik; 2) Məşğulluq növü. Məs., artistik karyera.

KASET (cassette) – Fotoplastinka və lenti qorumaq üçün işıq keçirməyən qapaqlı yastı qutu; 2) İçərisində maqnit lenti olan qutu; 3) Video çəkiliş aparmaq üçün lazım olan əsas istehsal vasitələrindən biri.

KASET ADAPTORU (cassette adapter) – VHS formatlı standart videomaqnitofonlarda Super VHS və digər formatlardan olan videokasetlərdəki çəkilişlərə baxmaq və başqa standarta çevirmək imkanını təmin edən vasitə.

KASETİN KORPUSU (cassette cover) – Korpusun hazırlanmasına sərf olunan plastmas antistatik xüsusiyyətə malik olmalıdır, əks təqdirdə kasetlər işləndikdə korpusda elektrostatik qüvvə yarana bilər.

KASETLİ KİNO (cassette TV) – Kinofilmlərin adi televizor ekranında nümayiş etdirilməsi üçün əlavə olaraq televizora qoşulan və içərisinə kinofilm yazılmış kaset (videokaset), yaxud disk qoymaqla işləyən müxtəlif sistemlər.

KASKADYOR (cascader) – 1) Silsilələrə əsaslanan sirk nömrəsi ifaçısı, hoqqası; 2) Film çəkilişində texniki cəhətdən çətin və təhlükəli yerlərdə (qatarın damında qaçış, yüksəklikdən tullanış, çaparaq ata qalxıb-düşmə və s.) kinoaktyorun xüsusi hazırlıq tələb edən mürəkkəb hərəkətləri yerinə yetirən əvəzedicisi.

KASSA FİLMİ "BLOKBASTER" (block-buster film) – Kütlənin geniş marağına səbəb olan mövzusu, təmtəraqlı quruluşu və gurultulu reklamı ilə fərqlənən kinofilm.

KASSA TELEVİZİYASI (boxoffice television) – Müştəriləri zövqünə görə idman, kino, teatr, musiqi və s. proqramlarla təmin edən pullu TV yayımı. Bu termin teatr və kino sahəsində həm də kassa uğuru, çoxlu pul toplanması mənasına malikdir. K.t.-si telebiznesə və abunə proqramlarında iştiraka cəlb edilə biləcək təşkilatlara sərfəlidir.

KAŞE (matte) – Kinoçəkiliş kamerasının obyektivi qarşısında qurulan, fiqurlu gözlüyü olan qeyri-şəffaf qapaq. K. istehsal şəraitində zağlı poladdan hazırlanır, formaca müxtəlif – binokl, açar dəliyi və s. şəkillərində ola bilər; TV kadrının ağ haşiyəyə alınmasından ibarət olan kinoeffekt.

KAŞELƏNMİŞ FİLMLƏR (matted films) – Adi, anamorflaşdırılmamış təsvirə malik filmlər, amma kadrın hündürlüyü kaşe-çərçivənin köməyi ilə azaldılır (çox vaxt kadrın hündürlüyü çəkiliş zamanı məhdudlaşdırılır). Təsvirin hündürlük üzrə kaşelənmə dərəcəsindən asılı olaraq təsvirin tərəfləri ekranda 1:1,65; 1:1,75; 1:1,85 nisbətini alır.

KAŞE VASİTƏSİLƏ KİNOÇƏKİLİŞ (matting shot) – Müəyyən effekt almaq, eləcə də kadra müxtəlif siluetlər daxil etmək üçün tətbiq olunan çəkiliş üsulu. Bu vasitə ilə çəkərkən kaşenin kənarlarının kəskin, yaxud qeyri-kəskin təsvirini almaq olar. Birinci halda kaşe obyektivin 8-10, ikinci halda 3-4 fokus məsafəsindən yaxında qurulmalıdır.

KATALOQ (catalogue)Müəyyən qaydada tərtib edilmiş, şeylərin tapılmasını asanlaşdıran kitab, əlyazma və s. siyahısı; belə siyahısı olan məlumat kitabçası (bəzən illüstrasiyalı). Məs., marka kataloqu.

KEYFİYYƏT TELEVİZİYASI (quality television) – Ciddi, dərrakəli tamaşaçı üçün nəzərdə tutulan, son dərəcə dəqiq jurnalistikanın növlərindən biri.

KƏNAR KÜY (tape noise) – Studiyadankənar çəkiliş zamanı səs yazarkən mikrofona düşən arzuolunmaz, kənar səs fonu. Kənar səslərin mürəkkəbliyi ondadır ki, bir qayda olaraq, onları öncədən müəyyənləşdirmək və nəzarətdə saxlamaq mümkün deyil. Əgər gələcək çəkiliş yerini əvvəlcədən diqqətlə gözdən keçirib akustika şəraitini aydınlaşdırmaq mümkün olsa, çətinliklərdən qaçmaq olar. Bundan başqa, mikrofonların düzgün seçilib yerləşdirilməsi də lentə düşən kənar səslərin miqdarını azalda bilər.

KƏNAR RADİOƏNGƏLLƏR (radio frequency interference) – Çəkiliş vaxtı, yaxud canlı efir zamanı elektromaqnit şüa qaynaqlarının doğurduğu əngəllər. K.r., ilk növbədə, studiyadankənar səsyazma üçün böyük çətinliklər törədir. Qeyri-simmetrik xətlər K.r.-ə meyllidir və bu əngəlləri yekun fonoqramdan silib götürmək son dərəcə çətindir. Simmetrik xətlər K.r.-i təcrid edir, ancaq bir şərtlə ki, gərək hər şey düzgün birləşdirilsin.

KƏNAR ŞÜALAR (side beams) – Obyektivin kənar zonalarından keçən və həmin obyektivin oxunun yanından ötən paraksial şüalardan fərqlənən şüalar. Sadə toplayıcı linzalarda K.ş. paraksial şüalara nisbətən daha çox yayınır ki, bu da sferik aberrasiyaya gətirib çıxarır.

KƏSKİNLİYİN DƏRİNLİYİ (depth of field) – Obyektivin müxtəlif məsafələrdəki əşyaları bir müstəvidə və praktik olaraq eyni kəskinlikdə təsvir etmək xüsusiyyəti. K.d. nə qədər güclü diafraqmalaşarsa, bir o qədər böyük, fokus məsafəsi böyük olduqca isə bir o qədər az olur. Praktik olaraq K.d.-ni cədvəllərdən, yaxud aparata və ya obyektivə bərkidilmiş K.d. şkalasından öyrənmək mümkündür.

KİBERNETİKA (cybernetics) – İdarəetmə məharəti; texniki qurğularda, canlı orqanizmlərdə və sosial strukturlarda proseslərin və sistemlərin ümumi cəhətləri haqqında elm.

KİÇİK EFİR (mid radiotract) – Səyyar TV stansiyası (STS) ilə TV Mərkəzi (TM) arasındakı radiotrakta deyilir.

KİNEMATOQRAF (cinematograph) – Hərəkət edən obyektlərin şəklinin işığahəssas lentə çəkiliş qaydası və ekranda nümayişini təsvir edən qurğular və üsullar kompleksi. K. termini ilk dəfə fransız variantında Lümer qardaşlarının işləyib hazırladıqları və filmin yaradılması, göstərilməsi sistemi mənasını verən sinematoqraf şəklində üzə çıxmışdır.

KİNEMATOQRAFİK PLAN (cinematic plan) – Kinokadrda təsvirin nisbi miqyası; obyektlərin təsvirlərinin miqyasına görə təsnifatı. Rejissor K.p. seçməklə epizodun, yaxud ssenari parçasının izahını verir, eləcə də hadisənin ritmini formalaşdırır. Hər bir kinofilm ayrı-ayrı müstəqil səhnələrdən ibarətdir. Həm də onların növbələnməsi çəkiliş və montaj prosesində müəyyən, kifayət qədər sadə qaydalara tabedir.

Səhnə, epizodların elə bir məntiqi ardıcıllığı ilə çəkilməlidir ki, hər bir epizod, yaxud növbələnmiş planlar ideyanı, fikri aydın şəkildə davam etdirsin.



KİNEMATOQRAF İŞIĞI (cinematograph lidht) – Hər dəfə kameranın vəziyyəti dəyişiləndə işığın da yerinin dəyişdirilməsi və hər plandan ötrü təzə işıq qurulması. K.i. telequruluşçuya imkan verir ki, istehsal prosesinin davam etdiyi bütün müddətdə işığa diqqətlə göz qoysun. Düzdür, belə diqqət ayrıca vaxt tələb edir. K.i.-nın qurulması uzun və əziyyətli bir prosesdir.

KİNEMATOQRAFİYA (cinematography) – Kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və iqtisadiyyat sahəsi. K. incəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir.

KİNESİKA (kinesics) – Kommunikativistikada xüsusi informativ-emosional diskurslar və incəsənətdə (rəqslərdə, dramda, kinoda) əlavə ifadə vasitələri kimi öyrənilən jestlərin, pozaların, bədən hərəkətlərinin dili.

KİNESKOP (kinescope/picture tube) – Televizor qəbuledicisi, televizor şüa borusu; TV elektrik siqnallarını görünən təsvirə çevirən qəbuledici TV borusu. Böyük ekranda TV təsviri proyeksiyalayıcı və işıqlandırma parlaqlığı yüksək olan K.-la əldə edilir. K.-un qara-ağ və rəngli təsvirlər, bilavasitə ekrandakı təsvirləri müşahidə (birbaşa görmə kineskopları) və təsvirlərin böyük ekranda göstərilməsi (göstərmə kineskopları) üçün növləri var. Göstərmə K.-ları olan qurğularda katod – lüminessent, yaxud lazer K.-larının ekranında alınan TV təsvirlərinin optik böyüdülməsi baş verir.

KİNO (cinema) – 1) Kinoincəsənətin, kinematoqrafiyanın və ya kinoteatrın ixtisar olunmuş şəkildə geniş yayılmış adıdır; 2) Kinematoqrafiya ilə bağlı sözlərin tərkib hissəsi. Məs., kinofilm, kinozal və s.

KİNOAKTYOR (film actor) – Yaradıcılığı kino ilə bağlı olan aktyor. Bax: A k t y o r.

KİNOÇƏKİLİŞ APARATI (shooting arrangement) – İşıq buraxmayan kameradan ibarət olan kinoçəkiliş cihazı həmin kameranın ön divarında – film kanalında sıçrayışvari hərəkət edən kinolentin işığahəssas səthində həqiqi təsvir yaradan obyektiv olur. İşığın obyektivdən günəhəssas təbəqənin səthinə çatması yalnız lentin kadr pəncərəsində hərəkətsiz qaldığı müddətdə obtyuratorla tənzimlənir. Lentin hərlədildiyi (kadrların əvəzlənməsi) müddət ərzində obtyurator işığın kinolentə yolunu kəsir. Lentin sıçrayışvari hərəkət mexanizmi də daxil olmaqla lenthərlətmə mexanizmi kameranın gövdəsinə bərkidilir. Mexanizm spiral yayla, yaxud elektrik mühərrikiylə hərəkətə gətirilir.

KİNOÇƏKİLİŞ APARATLARININ TƏRKİBİ (shooting apparatus content) – Konstruktiv quruluşundan asılı olmayaraq bütün lentötürmə mexanizmi obtyurator, optik hissə, mexanizmi hərəkətə gətirən mühərrikdən, köməkçi mexanizmlərdən və gövdədən ibarət olur.

KİNOÇƏKİLİŞ OBYEKTİVİNİN GİRİŞ BƏBƏYİ (objective lens diaphragm) – Diafraqma qarşısında yerləşən obyektivin bir hissəsinin əmələ gətirdiyi fəaliyyətdə olan diafraqmanın təsviri. Giriş bəbəyi obyektivə daxil olan şüa axınının diametrini, yəni obyektivin nisbi gözlüyünü müəyyənləşdirir.

KİNOÇƏKİLİŞ OBYEKTİVİNİN GÖRÜNTÜ SAHƏSİ (objective visional field) – Obyektivin təsvir sahəsi çərçivəsində göstərdiyi məkanın və predmetin bir hissəsi. Görüntü sahəsi, adətən, bucaq ölçüsündə ölçülür və ensiz lenit (8 və 16 mm) aparatlarının obyektivləri üçün 10-dən 30-dək (üfüqi) və 8-dən 20-dək (şaquli) təşkil edir.

KİNOÇƏKİLİŞ PROSESİ (shooting process) – Son nəticədə kinematoqrafik təsvirin alındığı yaradıcılıq prosesi. K.p.-ndə bütün texniki imkanlar təsviri düşüncənin yerinə yetirilməsinə xidmət etməlidir.

KİNOÇƏKİLİŞ ZAMANI EKSPOZİSİYANIN TƏYİN EDİLMƏSİ (determination of exposure) – Düzgün işləndikdən sonra lentdə təsvirin bu və ya digər sıxlığının alınması üçün kinoçəkiliş aparatının kadr pəncərəsində kinolentin lazımi işıqlanma miqdarının toplanması prosesi. Bu cihaz kino həvəskarları üçün bir qədər çətinlik törədir, belə ki, daimi açıq bucaqlı obtyuratoru olan aparatla kinoçəkilişin daimi tezliyi şəraitində ekspozisiya daimi qalır.

KİNOÇƏKMƏ (shooting/filming) – Filmin yaradılmasında ən mühüm mərhələ olub, bədii-yaradıcı və eyni zamanda istehsal-texniki proseslərin məcmusundan ibarətdir. Kinofilm K. aparatı, bəzən isə xüsusi tərtibatların köməyi ilə çəkilir. Görüntülərin lentə köçürülməsi, sonra isə kinoplyonkaların laboratoriya emalı nəticəsində çəkilən obyektin hərəkətinin, yaxud onun vəziyyətindəki dəyişikliklərin ardıcıl fazalarının neqativ təsvirlər seriyası alınır. Çəkiliş şəraitinin xarakterinə uyğun olaraq K.-nin bu növləri var: pavilyonda K., kinostudiyadan kənarda (interyerlərdə) K. və naturadan K.. Məkandan asılı olaraq K.-də işıqlandırma məsələlərinə xüsusi diqqət verilir. Texnoloji cəhətdən K. sinxron (eyni vaxtda səs də yazılır) və «səssiz» (qabaqcadan və ya sonradan yazılan fonoqram səsləndirilə də bilər) olmaqla iki qrupa bölünür.

KİNOÇƏKMƏ APARATI, k i n o k a m e r a (camera) – Obyektləri bərabər fasilələrlə ardıcıl təsvirlər (kadrlar) silsiləsi halında kinoplyonkaya çəkən optik-mexaniki qurğu. İstifadə olunan kinoplyonkanın ölçülərinə görə 70 mm-lik (genişformatlı filmlər), 35 mm-lik (adi və genişekranlı), 16 mm-lik (TV, elmi, tədris və həvəskar) və 8 mm-lik (tədris və həvəskar) K.a.-ları var. Hazırda kino çəkilişləri daha çox videokameralarla aparılır, yaxud montaj prosesini asanlaşdırmaq üçün filmlər həm kino, həm də videolentə çəkilir.

KİNODRAMATURGİYA (film drama) – Kinematoqrafiyanın ədəbi yaradıcılıq sahəsi. Bilavasitə söz formasında ortaya çıxan və dramatik, prozaik ədəbiyyatın bir çox vasitələrindən istifadə edən K. öz süjetlərini onların sonrakı ekran həyatının vəzifələrinə uyğun olaraq yaradır, işləyib-hazırlayır və əks etdirir, eyni zamanda kinonun spesifik xüsusiyyətlərini və imkanlarını nəzərə alır. K.-nın inkişafının bütün mərhələlərində əsas vəzifəsi ekran obrazlarını söz vasitəsilə yaratmaqdır.

KİNOFESTİVAL (film festival) – Kino əsərlərinin yaradıcılıq yarışı, baxış. K. ən yaxşı filmləri, kinematoqrafiyanın inkişaf meyllərini üzə çıxarmaq, kinematoqrafçılar arasında əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır. Bədii filmlər festivalları ilə yanaşı, xronika və sənədli, elmi-kütləvi, tədris, multiplikasiya filmləri K.-ları da təşkil olunur. Bəzən K.-lar dekada, kino aylığı, kino həftəsi, kino günləri və s. adlanır.

KİNOFİKASİYA (adaptation for the cinema) – Kinonu yaymaq, kino göstərmə işini genişləndirmək. Kinoteatrlar və səyyar kinolar təşkil etmək, kino şəbəkəsi yaratmaq üçün görülən tədbirlər, kinofilmlərin nümayişinin və kino avadanlığının keyfiyyətinin daima artırılması.

KİNOFİLM (taped film/notion picture) – 1) Ayrıca kino əsəri; vahid süjetlə bağlı olan, çəkilmiş obyektin ardıcıl mərhələlərinin fotoqrafiyalarının (kadrlarının) məcmusundan ibarət kinematoqrafiya əsəri; 2) Kinolentə ardıcıl köçürülmüş və ekranda göstərilmək üçün tematik tam halında birləşdirilmiş təsvirlər məcmusu.
1   ...   9   10   11   12   13   14   15   16   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə