İyirminci yüzilliyin sonunda Avropa qarşısında həqiqi sülh və sabitlik yolu açılmışdır




Yüklə 134.86 Kb.
tarix20.04.2016
ölçüsü134.86 Kb.



4-3. QLOBALLAŞMA VƏ SÜLH MƏDƏNİYYƏTİ


İyirminci yüzilliyin sonunda Avropa qarşısında həqiqi sülh və sabitlik yolu açılmışdır.

Heydər ƏLİYEV

Üçüncü minilliyin başlanğıcında, beynəlxalq iqtisadi inteqra­si­ya və qloballaşma şəraitində, iki dünya sisteminin qarşıdurma­sın­dan qüvvələr nisbətinin yenidən bölüşdürülməsinə keçid şərai­tin­də kiçik bir ölkənin yüksək müstəqillik dərəcəsini qoruyub sax­la­ması olduqca çətindir. Məhz bu kritik zamanda keçidlər və tə­bəd­dülatlar dövrünü yaşayan Azərbaycan üçün bu, ikiqat çətindir. La­kin təcrübə göstərir ki, düzgün siyasət yürüdüldükdə bu çətin və­zifənin öhdə­sindən gəlmək mümkündür.

Azərbaycan rəhbəri 90-cı illərin əvvəllərində yaranmış bey­nəl­xalq maraqlar və beynəlxalq-ictimai rəy mənzərəsini dəyiş­dir­mə­dən Dağlıq Qarabağ probleminin ədalətli həllinin mümkün ol­ma­dığını vaxtında görərək, bu mənzərənin dəyişdirilməsi isti­qa­mə­tin­də məqsədyönlü və gərgin fəaliyyətə başladı. Kiçik, regional prob­lemlərə bö­yük coğrafi-siyasi xəritələr kontekstində baxa bil­mə­yənlər bu gün də Heydər Əliyev siyasətini anlaya bilmirlər...

“İpək yolu”nun bərpası, Bakı-Ceyhan neft kəməri layi­həsi, GUÖAM-ın yaradılması, Qafqazda Təhlükəsizlik Paktı ideyası və s. Heydər Əliyevin coğrafi-iqtisadi siyasətin prio­ri­tetliyini nəzərə almaqla dün­yanın coğrafi-siyasi mənzərə­sini dəyişdirmək, regio­nun maraqlarını və regionda Azər­baycanın maraqlarını beynəlxalq si­yasətin mərkəzinə çəkmək istiqamətində atdığı mühüm addımlar idi.

Bəli, Heydər Əliyevin siyasəti sülh siyasəti idi. Bu gün Pre­zi­dent İlham Əliyev də bu siyasəti davam etdirir. Lakin hər şey “sülh” anlayışını necə başa düşməkdən asılıdır. Sülh siyasəti heç də mübarizənin dayandırılması kimi başa düşülməməlidir, əksinə, qarşıdurmanın bəsit, primitiv həll üsulu olan və əslində heç vaxt, heç bir məsələni tam həll edə bilməyən müharibə yolundan fərqli olaraq, sülh yolu çox çətin və mürəkkəb bir yoldur. Burada siyasi konsepsiyaların, ideologiyaların mübarizəsi gedir.

Müasir dövrdə müharibədə qaliblər olmur. Daha doğru­su, müharibə edən tərəflərdən hər hansı biri qalib olmur. Qələbə an­caq başqalarını müharibəyə təhrik edən qüvvələrin siyasi qələbəsi şəklində olur. Əgər biz ordunu möhkəmləndiririksə, bunu da ilk növbədə ədalətli sülhə nail olmaq üçün, sülh danışıqlarında daha inamlı olmaq üçün edirik.

Təsadüfi deyildir ki, BMT XX əsrin son ilini “Sülh mədəniy­yə­ti” ili elan etmişdi. Nədir “sülh mədəniyyəti”? Sülhü passiv möv­qe kimi, milli maraqlar uğrunda müba­ri­zədən əl çəkilməsi, təslim­çi­lik əhvalı kimi başa düşənlər səhv edirlər. Daha doğrusu, belələri “sülh mədəniy­yəti”ndən uzaq olanlardır. “Sülh mədəniyyəti” sül­hün mürəkkəb daxili quruluşunu, dinamikasını, dramatizmini dərk etmək, incə yollarla, qansız-qadasız mübarizə üsul­larına yi­yə­lən­məkdir. Coğrafi-iqtisadi siyasət də, coğrafi transsiyasət də, azad ti­carət və iqtisadi məkan uğrunda mübarizə də “sülh mədə­niy­yə­ti”nin tərkib hissələridir.

Müharibə qılınc-qalxandan topa-tüfəngə, top-tüfəngdən ra­ke­tə, bombaya doğru böyük bir təkamül yolu keçmiş, XX əsrin ortalarında öz inkişafının apogeyinə çatmışdır. Əsrin sonunda bəşəriyyət kütləvi qırğın, qlobal faciə qarşısında dayandığını dərk edərək mübarizənin yeni, daha çətin, daha kəskin, bəlkə hətta daha kütləvi, lakin bütövlükdə bəşəriyyətin taleyi üçün təhlükəsiz olan yollar arayır.

Müharibə də səfərbərlik tələb edir, sülh də. Lakin sülh daha ge­niş miqyasda, daha böyük qüvvələrin səfərbər olunmasını tələb edir.

Ancaq hərbi potensialın səfərbərliyi hətta müharibə üçün də kifayət deyil. Çünki millətin, xalqın gücü-qüdrəti olduqca müxtəlif sahələrə paylanmış olur ki, bunların da içərisində iqtisadi poten­sial, intellektual potensial, mədəni-mənəvi potensial heç də hərbi poten­sialdan az əhəmiyyətli deyildir.

İlk növbədə məhz mənəvi-psixoloji enerjinin məqsədyönlü su­rətdə səfərbər olunması lazımdır. Söhbət insanların duy­ğu­la­rı­nın, məqsədlərinin, bütün mümkün və ilk baxışda qeyri-mümkün nə­zəri və əməli fəaliyyət imkanlarının səfərbər olunmasından ge­dir. Söhbət bütün sahələrdəki yaradıcı potensialın vahid isti­qa­mət­də, vahid məqsəd ətrafında səfərbər olunmasından gedir. Ancaq bu halda iqtisadi gücün də intensiv surətdə artırılması, mü­təşək­kil­lik dərəcəsinin yüksəldilməsi, intellektual poten­sialın siyasi və hü­quqi müstəvilərdə nisbi çəkisinin məq­səd­yönlü surətdə artı­rıl­ması və s. mümkündür. Ancaq bu halda informasiya müba­ri­zə­sin­də, təbliğat kampani­yasında əsrlər ərzində buraxılanları qısa müd­dət ərzində kompensasiya etmək mümkündür.
* * *
Müharibə və sülh probleminin konturları XX əsrin ortala­rı­na qədər əsasən ağ və qara rəngdə görünürdü. Müharibə bir döv­lətin hərbi güc tətbiqi ilə öz iradəsini başqa dövlətə qəbul etdirməsi və bir qayda olaraq ərazi işğalı ilə bağlı idi. Sülh isə münasibətlərin müharibə vəziyyətinədək gərginləşdirilmədən qurulması idi. Yəni, iki dövlət arasındakı sülh heç bir ziddiyyətin olmaması halından baş­layaraq ziddiyyətlərin tarım çəkilmiş vəziyyə­tinə qədər bütöv bir gərginlik spektrini əhatə edirdi. İkinci Dünya müharibəsindən son­ra beynəlxalq hüquq nor­malarının siyasi münasibətlərə təsir et­məsi, böyük dövlətlərin və dövlətlər birliyinin (məsələn, Birləş­miş Millətlər Təşkilatı, ATƏT və s.) ölkələr arasındakı müna­sibəti nə­zarətə götürməsi sülhün strukturunda da xeyli dəyişiklik yaratdı.

Əvvəla, qeyd etmək lazımdır ki, müasir dövrdə sülh heç də tam qarşılıqlı anlaşma və maraqların uyğunluğu demək deyil. Ölkə­lər arasında hər hansı bir ziddiyyət nəticəsində hərbi təca­vü­zün qarşısı beynəlxalq qüvvələr tərəfindən alındığına görə, əvvəllər mü­haribəyə gətirən münasibətlər indi daxili gərginliyi artmış di­namik müva­zinət halı ilə əvəz olunur. Bu halı “əsəbləri tarıma çəkilmiş”, yüksək daxili gərginlikli sülh kimi qəbul etmək olar. Baş­qa baxımdan yanaşdıqda, bu, sülhdən daha çox konflikt vəziy­yə­tidir; lakin hərbi müdaxilə və müharibə səviyyəsinə çatmamış bir konflikt.

Əslində müasir dövrdə maraq dairələri az-çox dərəcədə kəsi­şən dövlətlərin çoxu ya gərgin sülh, ya yumşaq konflikt vəziyyə­tin­də­dir. Belə ki, ölkələr arasındakı münasibətlər heç də sadəcə olaraq maraqların qarşılıqlı surətdə ödənməsi, ikitərəfli qazanc şəklində qurulmur. İstər-istəməz maraqların kəsişməsi halları olur ki, bu da konflikt vəziyyətinin miqyaslarını genişləndirir.

Tarixi salnamələrlə tanış olarkən çox vaxt belə təsəvvür yara­nır ki, bəşər tarixi elə müharibələr tarixi olub. Bəzi filosoflar mü­ha­ribəni hətta cəmiyyət inkişafının hərəkətverici qüvvəsi kimi izah edir­lər. Tarixdə ən çox nəzərdən qaçırılan müharibəsiz pe­riod­­lar­dır. Halbuki məhz bu dövrdə ölkələrin maddi sərvətləri və insani po­tensialı, insanların enerjisi və şüuru insan-təbiət mü­nasibətlə­ri­nin, sosial-iqtisadi problemlərin həllinə yönəl­dilib, elm və təhsil in­ki­şaf edib. Düzdür, elm və texnolo­giyanın inkişafı da çox vaxt mü­ha­ribələrlə əlaqələndirilir. Guya yeni hərbi texnikanın yaranması və s. elmi-texniki tərəqqinin əsas şərtlərindən biridir. Lakin yeni hərbi texnika heç də yalnız bilavasitə müharibə şərai­tin­də yaran­mır. Əksinə, müharibə başlanandan sonra ancaq əvvəl­dən məlum olan texnologiyaların reallaşdırılması müm­kündür. Ye­ni tex­no­lo­gi­yaların, nou-xauların yaran­ması, xüsusən funda­men­tal elmlərin inkişafı əsasən dinc dövrdə həyata keçir. Hərbi texnikaya sosial si­fa­riş isə həmişə olur. Belə ki, müharibələrsiz dövr­lərdə də ölkə­lər­ara­sı münasibətlərdə həmişə müəyyən bir gər­gin­lik olub. Qeyri-bərabər inkişaf şəraitində iqtisadi potensiallar ara­sındakı nisbətin dəyişilməsinə uyğun olaraq siyasi nüfuz dairəsinin də yenidən müəyyənləşdirilməsi tələbi, milli və dini eqoizmdən irəli gələn dözümsüzlük faktoru və s. bu kimi səbəblər gərginliyi daha da ar­tı­rır. Və bu gərginlik daim silahların təkmil-ləş­­dirilməsini tələb edir. Lakin tarazlayıcı amil olaraq beynəlxalq sazişlər, beynəlxalq hü­quq normaları, beynəlxalq təşkilatların qə­rar­ları və s. açıq mü­ha­ribələrin qarşısını almağa yönəldilmişdir. Və nə­ticədə bir tə­rəf­dən ölkələrarası münasibətlərdə gərginlik artır, di­gər tərəfdən də bu gərginliyin müharibə vaxtında aradan gö­tü­rül­məsinə yol verilmir.

Beləliklə, ölkələr ara­sındakı münasibətdə sülh və­ziyyəti müt­ləq yox, nisbi anlayışdır. Müharibədən fərqli olan bütün vəziyyət­lə­ri “sülh” vəziyyəti kimi qiymətlən­dirsək bir-birindən fərqli müx­tə­lif “sülh”lərdən danışmaq olar.

Əvvəla, beynəlxalq miqyasda maraqların tamamilə üst-üstə düşməsi mümkün deyil. Əgər belə olardısa iki müxtəlif dövlətin mövcudluğuna ehtiyac qalmazdı – onlar birləşərdi. Dövlətlər ara­sın­da hansı isə müstəvidə: ya etnik-milli, ya iqtisadi, ya tarixi-siyasi (bir dövlətin başqa ölkələrlə tarixən artıq qərarlaşmış və müqavilələrlə təsbit edilmiş münasibətləri), ya ideoloji aspektlərdə və buna uyğun milli maraqlarda fərqlərin olması labüddür.

Söhbət maraqların bu və ya digər müstəvidə əsasən üst-üstə düşməsindən, qismən üst-üstə düşməsindən və köklü surətdə fərq­lən­məsindən gedə bilər. Belə olduqda ölkələr arasındakı müna­si­bət­də sülhün daya­nıqlığı və daxili gərginlik dərəcəsi də bu maraq­la­rın eyniy­yət və fərq dərəcələrinə uyğun olaraq formalaşır.

Tarixi-siyasi müstəvidə əsas gərginlik mənbəyi bir qayda olaraq keçmişdə iki ölkə arasında baş vermiş müharibələr, ənənəvi ərazi iddialarıdır. Buraya çox vaxt etnik-milli və dini müstəvidəki problemlər də əlavə olunur. “Ənənəvi dostluq və “ənənəvi düş­mən­çilik” münasibətləri çox vaxt üçüncü ölkə ilə münasibətlərə də təsir edir. Belə ki, üçüncü ölkələrin ənənəvi dost ölkə ilə konfliktə gir­məsi və ya ənənəvi düşmənlə dostluq münasibətləri qurması münasibətlərdə gərginlik yaradır və sülhün dayanıqlıq dərəcəsi azalır (kövrəklik dərəcəsi artır). Belə ənənəvi münasibətlər müasir şəraitdə çox vaxt real maraqlarla üst-üstə düşmür. Məsələn, Rusiyanın iqtisadi maraqları Türkiyə və digər türkdilli dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasını tələb etsə də, Türkiyə ilə ənə­nə­vi düşmənçilik hələ də ön plana çəkilir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları onun iqtisadi maraqlarına heç cür uyğun gəl­mir. Azərbaycana və Türkiyəyə qarşı ənənəvi düşmənçilik mövqe­yi, müntəzəm olaraq “erməni genosidi” mövzusunun müxtəlif öl­kə­lərin parlament müzakirəsinə çıxarılması Ermənistanın qonşu döv­lətlərlə münasibətlərini daha da gərginləşdirir və regionda sül­hün sarsılmasına səbəb olur.

Ümumiyyətlə, müasir dövrdə sülhün dayanıqlılığının art­ma­sı, (beynəlxalq münasibətlərdə stabilliyin möhkəmlənməsi), iqtisa­di maraqların ön plana çəkilməsindən, etnik-milli və tarixi-siyasi müs­təvilərdəki ənənəvi düşmənçilik mövqelərinin iqtisadi ma­raq­la­rın xeyrinə tədricən aradan götürülməsi prosesindən asılıdır. La­kin təəssüf ki, iqtisadi maraqlar qarşılıqlı surətdə nəzərə alınma­dıqda, milli eqoizm özünü göstərdikdə – bu müstəvidə də sülhə əks-təsir çoxala bilər, sülhün daxili gərginliyi artar. Belə gərginlik, adətən, iki ölkə arasında deyil, üç və daha artıq ölkə arasında yaranır. Yəni bir ölkənin başqa bir ölkədə iqtisadi maraqlarının ödənilməsi üçüncü ölkənin həmin ölkədəki planlarına uyğun gəlmədikdə iqtisadi qarşıdurma siyasi müstəviyə keçə bilər. Hazır­da Xəzər regionunda böyük neft yataqlarının olması və bunun istismarı uğrunda mübarizədə bir sıra böyük dövlətlərin maraqları toqquşur. Rusiya Xəzər neftinin çıxarılması, emalı və daşınması üçün investisiya imkanları olmadığından siyasi təzyiqlərə əl atır, o cüm­lədən, regiondakı konfliktlərdən, ilk növbədə Dağlıq Qarabağ konfliktindən və Ermənistan ərazisində hərbi bazaların olmasın­dan bir faktor kimi istifadə edir. Dünya birliyi hərbi təcavüz edən öl­kəyə nəinki silah satılması, hətta hər hansı bir sahədə kömək göstərilməsi əleyhinə çıxır, belə ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq olunur. Lakin Rusiya Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş olan Ermənistana külli miqdarda hərbi yardım göstərir və bu regionda destabilizasiyanın əsas səbəblərindən biridir. Maraqlıdır ki, regionda həm iqtisa­di, həm də siyasi maraqları olan ABŞ-da bu məsələdə anlaşılmaz (izah oluna bilməyən) mövqe tutur. ABŞ konqresi işğalçı dövlət olan Ermənistana qarşı deyil, işğala məruz qalan Azərbaycana qarşı yardımın məhdud­laşdı­rıl­ma­sı barədə qərarlar qəbul edir.

Lakin bu cür ilk baxışda anlaşılmaz və paradoksal görünən qərarlar əslində böyük dövlətlərin regionda gərginliyi saxlamaq istəyinin təzahürüdür.

Beləliklə, iqtisadi müstəvidə problemlər siyasi müs­tə­viyə ke­çir və regionda hərbi güc potensialı da bura əlavə olunur. Kiçik döv­lətlər arasında sülhün kövrək olması, münaqişə ocaqlarının, ya­rı sülh, yarı müharibə şəraitinin saxlanması böyük dövlətlərə re­gion­da öz geosiyasi planlarını həyata keçirmək sahəsində ma­nevr-lər etmək üçün imkan yaradır.

Hazırda planetimizin etnik münaqişələr baxımından ən qız­ğın regionlardan biri keçmiş SSRİ məkanıdır. SSRİ vahid güclü döv­lət olduğu vaxtlarda heç bir xalq üçün müstəqillik imkanı ol­ma­dığından və daxili sərhədlər rəmzi səciyyə daşıdığından burada etnik zəmində hər hansı münaqişəyə zəmin yox idi. Lakin elə ki, SSRİ dağıldı və bir çox milli dövlətlər yarandı, separatizm meylləri gücləndi.

Bu gün dünyada sülhün təmin olunması xeyli dərəcədə keç­miş SSRİ məkanındakı vəziyyətdən asılıdır. Və ilk növbədə SSRİ-nin hərbi varisi kimi Rusiyanın seçdiyi inkişaf yolu bütövlükdə Av­ra­siya regionunda təhlükəsizliyin səviyyəsinə böyük təsir gös­tərə bilər. Belə ki, Rusiya iqtisadi cəhətdən geri qalsa da, böyük nü­və potensialına malikdir və bu fakt dünyada sülh üçün təhlükə olaraq qalır. Demokratik ölkələrdə nüvə poten­sialının olması o dərəcədə təhlükəli deyil, nə dərəcədə ki totalitar rejimli dövlətlər­də. Ona görə də, Rusiyanın məhz bir demokratik ölkə olması re­gion­da və dünyada sülhün təmin olunması üçün ən mühüm fak­tor­lardan biridir.

Regionda sülhün xeyli dərəcədə iqtisadi amillərdən və bey­nəl­xalq ticarət əlaqələrindən asılı olması dünyanın geopolitik xəri­tə­sində iqtisadi faktorun nəzərə alınmasını tələb edir. Bu baxım­dan, regiondakı dövlətlərin Qədim İpək Yolunun bərpası haqqında qəbul etdikləri qərarın təkcə iqtisadi yox, həm də böyük siyasi əhəmiyyəti vardır.

Hətta etnik zəmində yaranan münaqişələrin də sülh yolu ilə həll olunması üçün iqtisadi faktorun böyük rolu vardır. Etnik zə­min­də yaranmış ən mürəkkəb münaqişələrdən biri Dağlıq Qa­ra­bağ problemidir. Artıq neçə ildir ki, bu problemlə bağlı Azər­bay­canla Ermənistan arasında müharibə, sülh vəziyyəti davam edir. Lakin tərəflərin maraqları arasında balans yaradıl­ma­sı, etnik mə­nafelərlə iqtisadi mənafelərin ortaq məxrəcə gə­tirilməsi isti­qa­mətində axtarışlar aparılır. Bu baxımdan sülhün yeni kon­sep­siyası, maraqların tarazlaşdırılmasına əsaslanan dinamik sülh ideyası xüsusi əhəmiyyətə ma­likdir.

Sülh vəziyyətinin dinamik strukturunun araşdırılması böyük dövlətlərin iqtisadi-siyasi və mədəni-mənəvi maraqlarının planetin geosiyasi xəritəsində bir fon kimi götürülməsini və müna­si­bət­də olan dövlətlərin öz maraqlarının bu fonda, bu kontekstdə ikinci qat kimi yerləşdirilməsini nəzərdə tutur. Bu struktura habelə hər bir ölkənin milli-mənəvi dəyərləri, din faktoru da daxil edil­mə­li­dir. Nəticədə sülhün strukturuna iqtisadi, siyasi, mədəni, milli-mə­nəvi və dini faktorların daxil edilməsi lazım gəlir. Buraya bey­nəl­xalq hüquqla, ümumbəşəri dəyərlərlə və böyük dövlətlərin ma­raq­ları ilə şərtlənən infrastruktur da əlavə edildikdə sülhün əslində necə mürəkkəb struktura malik olduğu ortaya çıxır.


Dağlıq Qarabağla bağlı məsələyə səthi yanaşdıqda belə təsəvvür yarana bilər ki, siyasət müstəvisində neçə illik gərgin mübarizədən sonra ortada heç bir real nəticə yoxdur. Lakin böyük siyasətdən başı çıxanlar bilirlər ki, son nəticəyə gedən yolda neçə-neçə görünməyən vəsilələr vardır. Hadisə müstəvisində məqsədə nail olmaq üçün əvvəlcə ideya müstəvisində ona ardıcıl surətdə yaxınlaşmaq, beynəlxalq ictimai rəyi, geosiyasi iqlimi, sosial-psixoloji infrastrukturu əlverişli vəziyyətə gətirmək tələb olunur.

Siyasət hadisələrin görünən tərəfi ilə yanaşı böyük zaman və məkan kəsiklərindəki proyeksiyalarını, aysber­qin alt qatını da nəzərə almağı tələb edir. Nə qədər paradoksal görünsə də, kiçik ölkə­lərin siyasət müstəvi­sindəki problemləri böyük ölkələrin­kin­dən böyük olur. Güc çox olan yerdə siyasət bıçağı korş halda da kə­sir. Güc az olanda, ölkə kiçik olanda və öz istəyindən asılı olma­dan böyük geosiyasi oyunların mərkəzinə cəlb olunanda ağırlıq siyasətə, siyasi liderin üzərinə düşür. Məhz bu zaman siyasətdə yeganə düzgün olan gedişləri tapmaq, böyük dövlətlərin bizim üçün hazırladığı qıl körpüsündən keçmək, hələ üstəlik koru da körpüdən keçirmək lazım gəlir. Real həyatda, praktik fəaliyyətdə qəti addım atmaq, bir dəfə düzgün biçmək üçün fikir dünyasında bütün mümkün variantları yüz dəfə ölçmək lazım gəlir.

Taleyin qismətindən biz yeni, hələ tarixin sınaqlarından çıx­ma­mış yollarla gedirik. Bir tərəfdən, imperiyanın rəsmi buxov­la­rın­dan azad olsaq da, hələ onun iqtisadi və siyasi təzyiq dai­rə­sin­dən tamamilə çıxmamış müstəqil dövlət qurmaq sınağından keçi­rik. Digər tərəf­dən, içərisində yetişdiyimiz sosializm cəmiyyətindən azad iqtisadi münasibətlərə, vətəndaş cəmiyyətinə doğru yol tutmuşuq. Bunların hər ikisi çətin sınaqdır. Lakin vəziy­yət onunla mürəkkəbləşir ki, biz bu ağır yolu çiynimizdə Dağlıq Qarabağ problemi deyilən bir yüklə keçməliyik.

Dağlıq Qarabağ problemi xüsusi, spesifik, dünyada analoqu olmayan mürəkkəb problemlərdən biridir. Ona görə yox ki, bu­ra­da ədalətli həll yolu tapmaq çətindir. Xeyr, əksinə, ədalət möv­qe­yin­dən yanaşıldıqda burada əslində heç problem də yoxdur. Çə­tinlik də elə problem olmayan yerdə problem yaradılmasın­da­dır. Və haqsız bir iddianın beynəlxalq problem səviyyəsinə qaldı­rıl­ma­sında maraqlı olan tərəflərin mövqelərini tarixi və hüquqi ədalət mövqeyi ilə bir araya sığışdırmaqdadır.

Dağlıq Qarabağ probleminə və onunla bağlı beynəlxalq miqyasda qəbul olunan sənədlərə üç müstəvidə yanaşmaq olar:

1) Əxlaqi müstəvidə və ya “adi şüur” səviyyəsində;

2) Hüquqi müstəvidə; formal məntiq səviyyəsində;

3) Siyasi müstəvidə; praqmatik təfəkkür səviyyəsində.

Birinci mövqedən yanaşdıqda Ermənistan silahlı qüvvələri­nin törətdiyi cinayətlərə görə gərək bütün dünya birliyi təcavüzkar bir dövlət olan Ermənistana qarşı ən ciddi sanksiyalar tətbiq edəy­di, onu faşizmdə, genosiddə günahlandıraydı, lənətlə damğala­yay­dı.

Əsasən ancaq bizə məlum olan faktlar mövqeyindən, haqq-ədalət mövqeyindən yanaşdıqda Ermənistana nə cəza verilərsə verilsin, yenə də azdır, onun günahına adekvat ola bilməz.

Müxalifət məsələyə birinci mövqedən yanaşdığına görə dün­ya birliyinin Dağlıq Qarabağ probleminə münasi­bə­tindəki təka­mü­lü görə bilmir və ya görmək istəmir.

Ancaq siyasətdən xəbərsiz adamlar, sadəlövhlər, diletantlar siyasi mübarizə meydanına əxlaqi kateqoriyalarla, yalnız özlərinə məlum faktlara söykənən haqq-ədalət ideyaları ilə çıxırlar.

Lakin hətta “adi şüur” səviyyəsində, ictimai rəyin haqq-ədalət tərəzisində də hadisələri beynəlxalq aləmə olduğu kimi deyil, ermənilərin xeyrinə təhrif olunmuş şəkildə çatdırıldığı faktı ilə hesablaşmalı və nə qədər gec də olsa informasiya mübarizəsindəki boşluqları doldur­mağa çalışmalıyıq. Sumqayıt hadisəsinin iç üzü dün­yaya açılmadan, Xocalı faciəsi dünyaya çatdırılmadan biz əx­laq müstəvisində də “günahkar” obrazında qalacağıq.

Hüquqi müstəvidə yanaşdıqda, yenə də ərazi bütövlüyünün to­xunulmazlığı prinsipinə görə dünya ictimaiyyəti Ermənistanı tə­ca­vüzkar bir ölkə kimi pisləməli, ona qarşı sanksiyalar tətbiq olun­malı idi. Lakin ermənilər burada da manevr edərək millətlərin öz müqəddəratını həll etmək hüququ ilə fikirləri çaşdırır, guya vaxtilə Dağlıq Qarabağda ermənilərin hüquqlarının tapdalandı­ğı­nı, onla­rın milli məninin təzyiq altda qaldığını və xilas üçün müs­tə­qil­liyin yeganə vasitə olduğunu “isbat” etməklə ərazi toxunul­maz­lı­ğı ilə mil­li özünütəsdiq hüququ arasında paritet yaratmağa çalı­şır­lar. Digər tərəfdən də, ərazinin əslində guya ermənilərə məxsus olma­sı və qırmızı inqilabın ədalətsiz qərarı ilə Azərbaycana ve­ril­mə­si və in­di tarixi səhvləri düzəltməyin labüd­lü­yü barəsindəki həd­yan­larla avropalıları “çaşdı­rırlar”. Əlbəttə, Av­ro­panı çaşdırmaq o qə­dər də asan de­yil. Onlar həqiqəti bilməmiş ol­mazlar. Lakin, görünür, məhz həqiqəti görməkdə maraqlı ol­ma­dıq­larından həqi­qətə bənzədilmiş versiyaları həqiqət kimi qəbul et­mə­yə hazırdırlar.

Beləliklə, hüquqi müstəvidə də ermənilər böyük səylərlə tarix və ictimai rəylə manipulyasiya edərək müəy­yən paritet yaratmağa nail olublar.



Siyasi müstəviyə gəldikdə isə, burada həqiqət daha az rol oynayır.

Siyasəti fəlsəfədən fərqləndirən də budur ki, o, hadi­sələrin özündən çox, onların dünya birliyinə necə təqdim olunmasına, ar­tıq formalaşmış ictimai rəyə, döv­lətlərin daha qlobal mənafelərinə söykənir.


* * *
Bu gün reallıq bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğal olunmuşdur. Bir milyon nəfərədək qaçqın və məcburi köçkün vardır və onlar ən ele­mentar insan hüquqlarından belə məhrum olmuşlar. Nə biz, nə də insan hüquqlarına hörmətlə yanaşan is­tə­ni­lən beynəlxalq təşkilat, tərəqqipərvər qüvvələr yüz minlərlə insa­nın belə acınacaqlı vəziyyətinin uzun müddət davam etməsinə razı ola bilmərik.

Lakin reallıq həm də bundan ibarətdir ki, Cənubi Qafqazda sabitlik olmadan və qonşu dövlətlərlə iqtisadi əlaqələr qurmadan Ermənistan iqtisadi cəhətdən inkişaf edə bilmir, iqtisadi çətinliklər keçirir. Bu cür yaşamaq onlara da sərf etmir. Avropa və Amerika Ermənistanı bu vəziyyətdən çıxarmaq və Qafqazdakı iqtisadi la­yi­hə­lərdə onların iştirakını təmin etmək məqsədi ilə bizə təzyiq gös­tə­rirlər. Lakin təəssüf ki, bunun müqabilində onlara BMT-nin qərar­larını yerinə yetirmək istiqamətində heç bir təzyiq gös­tərilmir. Münaqişənin həlli üçün heç şübhəsiz, ilk növbədə böyük dövlətlərin mövqeyi daha rasional olma­lıdır.

Yeni əsr yeni meyarlar, yeni mübarizə üsulları ilə səciyyə­lə­nir. XXI əsrdə sərhəd rolunu tikanlı məftillər deyil, gömrük mən­tə­qələri əvəz edir. İnkişaf etmiş ölkələrdə torpaq uğrunda mü­ba­ri­zə iqtisadi ma­raqlar və nəqliyyat dəhlizləri uğrunda mübarizə ilə əvəz­lənir. Yeni əsrdə isə istilanın yeni formulu mədəni-mənəvi sədləri keçmək, öz mənəvi prinsiplərini daha böyük ərazilərə yaymaqdan ibarətdir.

Bu gün başımızı keçən əsrdən qalan problemlərlə qatmaqla mənəvi sərhədlərimizi keçmək istəyənlər az deyil. Heç olmazsa, bu dəfə vaxtında sayıqlıq göstərmək lazımdır.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə