İxtisas: Vergi işinin təşkili və idarə edilməsi Kurs: IV qrup: 154 Tələbə: Məmmədov Bəxtiyar Adil oğlu Fənn: Vergi işinin təşkili və idarə edilməsi




Yüklə 91.03 Kb.
tarix27.02.2016
ölçüsü91.03 Kb.
Azərittifaq
Azərbaycan Kooperasiya Universiteti
Fakültə: İdarəetmə
İxtisas: Vergi işinin təşkili və idarə edilməsi
Kurs: IV
Qrup: 154
Tələbə: Məmmədov Bəxtiyar Adil oğlu
Fənn: Vergi işinin təşkili və idarə edilməsi
Mövzu: Azərbaycan Respublikasında vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri

Kurs işi:



Rəhbər: B/M. A.A.Məmmədov

Bakı - 2008
Mövzu: Azərbaycan Respublikasında vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri

Plan



Giriş.
1. Vergi idarəçiliyi anlayışı
2. Azərbaycan Respublikasında vergi idarəçiliyini həyata keçirən dövlət orqanları
3. Vergi idarəçiliyinin təkmilləşdirilməsində vergi maarifləndirməsinin rolu


Nəticə və təkliflər

İstifadə edilmiş ədəbiyyatların siyahısı

Giriş
Dövlət vergi idarəçiliyinin mahiyyətini incələsək, onun ümumi idarəçilik nəzəriyyəsinin bir tərkib hissəsi olduğu qənaətinə gələrik. Dövlət vergi idarəçiliyi ictimai-siyasi, iqtisadi və sosial elmlərin müddəalarına əsaslanır. Onun əsasında ümumi prinsiplər, nəzəri və metodoloji qaydalar və sistemli yanaşma və təhlilin müddəaları durur.

Ümumiyyətlə, vergi idarəçiliyi idarəetmə fəaliyyətinin sosial cəhətdən ən gündəmdə olan sahəsidir. Vergi idarəçiliyindəki çatışmazlıqlar büdcəyə vergi daxilolmalarının həcminin kəskin şəkildə azalmasına səbəb olur, vergi hüquq pozuntuları ehtimalını yüksəldir, cəmiyyətdə sosial gərginliyi artırır. Vergi Məcəlləsində dəyişikliklər və ona əlavələr edilən zaman yol verilən səhvlər bu çatışmazlıqları daha da gücləndirir. Vergitutma prosesi, onun idarə edilməsi sistemi və vergitutma metodologiyası bir-birilə sıx əlaqədardır. Buna görə də vergi idarəçiliyinin bu fundamental qaydası vergitutmanın idarəetmə sistemi yaradılarkən mütləq nəzərə alınmalıdır. Kurs işinin birinci bəndində bu məsələlərə toxunulur.

Vergi idarəçiliyini yuxarı dövlət orqanları həyata keçirir. Bunlara vergi orqanları, gömrük orqanları, maliyyə orqanlarını misal göstərmək olar. Vergi idarəçiliyi sahəsində qanunvericilik bazası kimi isə Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və s. qanunlar toplusu çıxış edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi respublikanın vergi sistemini, vergiqoymanın ümumi prinsiplərini, vergilərin ödənilməsi qaydasını və s. müəyyən etməklə yanaşı, vergi orqanlarının və onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini müəyyən edən normaları da özündə əks etdirir. Həmin normalar vergi orqanlarının fəaliyyətinin hüquqi bazasını təşkil edir. İkinci bənddə isə bunların mahiyyəti və məzmununu izah etməyə çalışmışam.

Vergi idarəçiliyinin düzgün təşkili həm vergi orqanlarının, həm də vergi ödəyicilərinin savadından, dünyagörüşündən asılı olduğu üçün vergi maarifləndirməsinin genişlənməsi mühümdür. Vergi maarifləndirməsindən danışarkən həm vergi orqanına işə qəbul olmaq istəyən şəxslərin yüksək ixtisaslı kadr olmasının və yeni işçilərin ixtisasının artırılması, həm də vergi ödəyicilərinin qəzetlər, jurnallar, kitablar, televiziya verilişləri vasitəsilə məlumatlandırılmasını nəzərə almaq lazımdır.

Bütün bu məsələlər kurs işinin gedişində geniş şərh olunur.

1.Vergi idarəçiliyi anlayışı.
Vergiqoyma sahəsində idarəçilik və vergi nəzarəti dövlət idarəçiliyinin və maliyyə nəzarətinin tərkib hissəsi kimi digər idarəçilik və nəzarət formalarından fərqlənir. Belə ki, vergi idarəçiliyi və vergi nəzarətinin obyektini müxtəlif növ vergilər, vergi sistemi və bütövlükdə vergi hüquq münasibətləri təşkil edir.

Vergi idarəçiliyi vergiqoyma sahəsində səlahiyyətli dövlət orqanlarının həyata keçirdiyi idarəçilik fəaliyyətidir. Vergi idarəçiliyi iqtisadiyyatı idarəetmənin bir növü olub, idarəetmə prosesinin bir mərhələsidir. Müasir dövrdə idarəçilik, idarəetmə terminlərinin əvəzinə daha çox menecment, menecer kimi terminlər işlənir. Lakin bunlar arasında fərqli cəhətlər var. İdarəetmə termini menecment terminindən daha geniş anlayışdır. Onların mahiyyətini incələsək, sistemlilik cəhətdən idarəetmə termini müxtəlif növ sistemlərə (texniki sistemlərdə idarəetmə, bioloji sistemlərdə idarəetmə, iqtisadi sistemlərdə idarəetmə və s.), təsərrüfatçılığın müxtəlif sahə və səviyyələrinə (müəssisənin idarə edilməsi, nəqliyyatın idarə edilməsi, xarici iqtisadi fəaliyyətin idarə edilməsi, elmin idarə edilməsi və s.), ayrı-ayrı dövlət və ictimai idarəetmə orqanlarının fəaliyyətinə tətbiq edildiyindən menecment terminindən daha geniş anlayışdır.

Ümumiyyətlə, vergitutmanın idarə edilməsi vergiləri idarəetmə obyekti olmaqla yanaşı, həm də sosial-iqtisadi proseslərin tənzimlənməsi aləti kimi çıxış edən ümumi, kompleks anlayışdır. Vergi idarəçiliyi bir tərəfdən dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması prosesinin idarə edilməsi üzrə vergi aparatı işçilərinin məqsədyönlü fəaliyyəti, digər tərəfdən isə vergi münasibətlərinin iştirakçısı olan orqanların idarə edilməsidir. Bu fikirdən də anlaşılır ki, vergi idarəçiliyi ölkədəki vergi münasibətlərinin idarə edilməsini və maliyyə-vergi aparatının idarə edilməsini əhatə edir.

Vergi idarəçiliyi anlayışı iki cəhətdən açıqlanır. Əvvəla, vergi idarəçiliyi idarəetmə orqanları sistemidir. Növbəti il üçün vergi konsepsiyasına baxılması, onun müzakirəsi və qanunvericilik qaydasında tətbiqi onların vəzifəsidir. Bundan başqa, bu orqanlar vergi proqnozlarının yerinə yetirilməsinə dair hesabat tərtib etməli və onu hərtərəfli təhlil etməlidirlər. İkincisi isə o, vergi fəaliyyətini və konkret vergi texnikasını reqlamentləşdirən, həmçinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyət tədbirlərini müəyyən edən norma və qaydaların məcmusudur.

Vergi idarəçiliyindən danışarkən vergiqoyma səlahiyyəti anlayışının geniş izahına ehtiyac var. Vergiqoyma səlahiyyəti ölkə hüdudları daxilində dövlətin öz siyasi hegemonluğuna uyğun olaraq vergitutma sahəsində malik olduğu hüquqların məcmuu kimi səciyyələndirilir. Bu səlahiyyət dövlətin maliyyə sahəsində (büdcə quruculuğu, dövlət borcları və s.) malik olduğu səlahiyyətlərin ən mühümlərindən biridir. Konstitusiya ilə ona həvalə edilmiş ictimai xidmətlərin həyata keçirilməsi üçün dövlət ehtiyac hiss etdiyi maliyyə ehtiyatlarını vergiqoyma səlahiyyətlərindən istifadə etməklə təmin edir.

Vergiqoyma sahəsindəki səlahiyyətləri dar və geniş mənada qruplaşdırmaq olar. Dar mənada vergiqoyma səlahiyyəti dövlətin yalnız öz gəlirləri ilə əlaqədardır. Geniş mənada isə dövlətin səlahiyyəti ictimai məsrəfləri təmin etmək üçün fiziki və hüquqi şəxslər üzərinə qoyduğu bütün növ maliyyə mükəlləfiyyətləri ilə əlaqədar səlahiyyətləri əhatə edir. Buraya dar səlahiyyətlərlə, yəni dövlətin vergi qoymaq səlahiyyəti ilə yanaşı rüsum və yığımlar, sosial fondlar və s. qoyulması ilə əlaqədar səlahiyyətləri də aid edilir. Vergiqoyma səlahiyyəti dövlətin bilavasitə özü tərəfindən istifadə edildiyi kimi, yerli özünüidarə orqanlarına, federal dövlətlərdə isə federal qurumlara həvalə edilə bilər. Bütün bunlar konstitusiyada nəzərdə tutulur.

Vergiqoyma səlahiyyəti vergitutma prosesinə uyğun olaraq da qruplaşdırıla bilər. Hər şeydən əvvəl vergi qoymaq və vergi güzəşt və istisnalarını müəyyən etmək, dəyişdirmək və ləğv etmək səlahiyyəti adətən qanunverici orqanın səlahiyyətinə aiddir. Lakin, konstitusiyada nəzərdə tutulmuşdursa həmin səlahiyyətləri icra orqanı da yerinə yetirə bilər. Verginin tutulması və idarə olunması səlahiyyətləri də konstitusiya ilə müəyyən edilir.

Hüquq anlayışı cəmiyyətin idarə edilməsinin bütün sahələrinə nüfuz edir. Dövlətin vergi idarəçiliyindən də danışarkən vergi hüququndan danışmamaq olmaz. Vergi hüququ vergi idarəçiliyinin əsas obyektlərindən biridir. Vergi hüququ dedikdə vergi münasibətlərini tənzimləyən qanunların məcmusu başa düşülür. Vergi hüququnun predmeti vergilərin təyin edilməsi və tutulması zamanı dövlətlə vergi ödəyiciləri arasında yaranan münasibətlərdir. Vergilərin növlərini, onların tutulması qaydasını, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələrini müəyyən edən qanunlar və normativ sənədlər vergi hüququnun mənbələri kimi çıxış edirlər. Vergi hüquq münasibətlərinin subyektləri dövlət vergi orqanları və vergi ödəyiciləridir.

İdarəçilik mərhələsində əldə olunmuş nəticələr vergi sahəsində qüvvədə olan hakimiyyət göstərişlərinin tələbləri ilə müqayisə edilir. Həmin tələblərin pozulması hallarında onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür ki, buna da vergi nəzarəti nəticəsində nail olunur. Vergi nəzarəti öz növbəsində maliyyə nəzarətinin bir növüdür, deməli, ümumilikdə dövlət nəzarətinin mühüm növlərindən birini təşkil edir. Çünki vergi nəzarəti dövlətin fiskal siyasətinin həyata keçirilməsini təmin edir.

Vergi idarəçiliyinin və vergi nəzarətinin predmetini aşağıdakılar təşkil edir:

-vergilərin düzgün hesablanması;

-vergilərin tam ödənilməsi;

-vergilərin vaxtında ödənilməsi.

Vergitutmanın idarə edilməsi idarəetmənin ümumi nəzəriyyəsi və praktikasının tərkib hissəsi olan elmi-praktiki tədqiqatlar və metodiki fəaliyyətin mühüm sahəsidir.



2.Azərbaycan Respublikasında vergi idarəçiliyini həyata keçirən dövlət orqanları.
Vergitutmanın idarə edilməsinə bir sıra dövlət hakimiyyəti orqanları cəlb edilirlər. Azərbaycan Respublikasında vergilərin idarə edilməsi ali hakimiyyət orqanlarının-Milli Məclisin, Prezident Aparatının, Nazirlər Kabinetinin və hüquq-mühafizə səlahiyyəti istisna olmaqla, vergiqoyma sahəsində hakimiyyət səlahiyyətlərinə malik dövlət orqanlarının üzərinə qoyulmuşdur. Hazırda bu orqanlar aşağıdakılardır:

-dövlət vergi orqanları;

-maliyyə orqanları;

-gömrük orqanları;

-büdcədənkənar dövlət fondları.

Ali hakimiyyət orqanları vergitutmanın əsas prinsiplərini müəyyən edir, vergi siyasətini işləyib hazırlayırlar. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Milli Məclis vergilər haqqında qanuna baxır. Vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər və ona əlavələr barədə layihə hökumətin rəyi ilə Milli Məclisə təqdim olunur.Qəbul edilmiş qərarlar təsdiq edilmək üçün Respublika Prezidentinə göndərilir və Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında yalnız bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək və vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Vergi orqanları müvafiq hakimiyyət səlahiyyətləri ilə təmin edilmiş dövlət idarəçilik və nəzarət orqanlarıdır.

Azərbaycanda vergi orqanları 1992-ci ildən fəaliyyət göstərir. Bu orqanlar Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli “Dövlət vergi xidməti haqqında “ qanunu ilə təşkil olunmuşdur.

İdarəçilik iyerarxiyası üzrə vergi orqanları sistemi ikisəviyyəli quruluşa malikdir:

-respublika (habelə muxtar respublika) səviyyəsində;

-yerli səviyyədə, yəni şəhər və rayonlar üzrə.

Dövlət vergi orqanlarının hüquqi vəziyyəti Vergi Məcəlləsinin III fəslində təsbit edilmişdir.

Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamə təsdiq edilmişdir. Bu əsasnamə ilə dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti, hüquqi və sosial müdafiəsi tənzim edilir.

Vergi orqanlarının fəaliyyətinin ayrı-ayrı məsələləri isə Vergilər Nazirliyinin qəbul etdiyi normativ aktlarla da nizama salınır. Belə ki, həmin aktlar Vergi Məcəlləsi və vergi haqqında qanunvericiliyin müddəalarını konkretləşdirir və izah edir.

Qeyd etmək lazımdır ki, əksər dövlətlərdə vergi idarəçiliyi xüsusi səlahiyyətli dövlət orqanlarının – təşkilati strukturu bir birindən fərqlənən vergi orqanlarının ixtiyarındadır. Bir qism dövlətlərdə isə vergi idarələri həmin dövlətin maliyyə nazirliklərinin tərkibindədir və inzibati ərazi əlamətinə görə iyerarxik quruluşa malikdir. Məsələn, Böyük Britaniyada 15 vergi dairəsində 600 vergi rayonu birləşib, ABŞ-da Daxili Gəlirlər Xidmətinin mərkəzi aparatına 7 regional və 58 dairə vergi idarəsi tabe olur.

Bəzi orqanlarda vergi orqanlarının işinin təşkili maraqlı və özünəməxsus metodlarla həyata keçirilir. Danimarkada, məsələn, hər bir müəssisəyə vergi xidməti qruplarının təhkim edilməsi prinsipi mövcuddur. Bu qrup müəssisələrin yaradılmasından ləğv olunmasına qədər müəssisəyə təhkim edilir. Həmin qrup yoxlamadan başlayaraq verginin ödənilməsinə qədər müəssisəni vergi ilə bağlı məsələlərini həll edir. Xüsusi yardım qrupları da mövcuddur ki, onlar vergiqoyulma ilə əlaqədar problemlərin və mürəkkəb halların həllində istifadə olunurlar. Bu qruplarda ən təcrübəli mütəxəssislər çalışır.

Rusiya Federasiyasında 1991-ci ildən yaradılmış vergi orqanları maliyyə orqanları sistemindən ayrı, özünün xüsusi strukturuna malik olan vahid mərkəzləşdirilmiş orqanlar sistemidir. Bu orqanlardan başqa, Rusiyada vaxtilə hüquq-mühafizə orqanı statusu daşıyan vergi polisi də yaradılmışdı (hazırda belə orqan ləğv olunduğu üçün artıq fəaliyyət göstərmir) .

Azərbaycanda vergi orqanlarının mərkəzi orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyidir. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsaslanaraq vergi orqanlarının fəaliyyət prinsiplərini müəyyən etmək olar. Həmin prinsiplər aşağıdakılardır:

-vergi orqanları sisteminin vahidliyi prinsipi;

-vergi orqanlarısisteminin stabilliyi prinsipi;

-vergi orqanları sisteminin müstəqilliyi prinsipi;

-vergi orqanları sisteminin operativliyi (çevikliyi) prinsipi;

-vergi orqanlarının fəaliyyətində qanunçuluq;

-vergi orqanlarının fəaliyyətində məqsədyönlülük prinsipi.

Respublika və yerli vergi orqanlarının funksiyaları təbii ki, bir-birindən fərqlənməlidir. Lakin bütün vergi orqanları səviyyələrinin vahid vəzifəsi və məqsədi vergi qanunvericiliyinə əməl olunması üzərində nəzarətdirsə, deməli onların hamısı üçün ümumi funksiyalar müəyyən olunur:

1)vergi ödəyicilərinin uçotu;

2)vergi hüquq münasibətlərinin iştirakçıları tərəfindən qanunvericiliyə əməl olunması üzərində nəzarət;

3)vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli olan vergilərin məbləğinin müəyyən edilməsi;

4)vergi məbləğinin mühasibat uçotunu aparmaq;

5)vergi qanunvericiliyinin tətbiqi qaydaları haqqında vergi ödəyicilərini məlumatlandırmaq;

6)vergi qanunvericiliyini pozan şəxslərə qarşı məsuliyyət tədbirləri görmək;

7)vergi borclarını, cərimə və faizləri tələb etmək və s.

Yerli vergi orqanlarından fərqli olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi ümumi funksiyalarla yanaşı, digər vacib funksiyaları da yerinə yetirir:

-aşağı vergi orqanlarının fəaliyyətinin təşkili, əlaqələndirmə və onlara nəzarət

-analitik və statistik fəaliyyət;

-vergi qanunvericiliyinin tətbiqinə dair təlimat və metodiki göstərişlərin işlənib hazırlanması və nəşri;

-dövlətin vergi siyasətinin işlənib hazırlanmasında, vergiqoyulmaya dair qanunvericilik aktlarının, beynəlxalq müqavilələrin işlənib hazırlanmasında iştirak etmə;

-vergiqoyma sahəsində başqa dövlətlərlə əməkdaşlıq.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.1-ci maddəsinə əsasən vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər.Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı”na əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradılmışdır. Hüquq mühafizə fəaliyyəti həyata keçirilərkən, vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, “Əməliyyat-axtarış haqqında” Azərbaycan Respublikası qanunu və Azərbaycan Respublikası Cinayət prosessual Məcəlləsi ilə tənzim olunur.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vergi və yığımlar haqqında qanunvericilik ilə tənzimlənən münasibətlərin iştirakçısıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 10-cu maddəsinə əsasən Maliyyə Nazirliyi başda olmaqla Respublikanın maliyyə orqanları vergi münasibətlərində iştirak edir. Lakin, maliyyə orqanları Vergi Məcəlləsinin III fəslinə uyğun olaraq vergi orqanları hesab edilmir. Çünki həmin fəslin tələblərinə uyğun olaraq vergi orqanlarının üzərinə qoyulmuş hüquq, vəzifə və məsuliyyətlər maliyyə orqanlarına şamil edilmir. Vergi ödəyiciləri ilə münasibətlər sistemində nəzarət funksiyasını maliyyə orqanları deyil, vergi orqanları həyata keçirirlər.

Maliyyə Nazirliyi ölkənin sosial-iqtisadi vəziyyətinin təhlili əsasında büdcə mədaxilinin artırılmasına yönəldilmiş təkliflər hazırlayır. Büdcə gəlirlərinin əsas mənbəyi vergilərdir. Ona görə də Maliyyə Nazirliyi Vergilər Nazirliyi ilə birlikdə vergi siyasəti, vergi qanunvericiliyinin inkişaf etdirilməsi, vergi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlayır. Nazirlik büdcə-vergi proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi, habelə maliyyə ehtiyatlarının aşkara çıxarılması və səfərbər olunması üçün tədbirləri həyata keçirir. Maliyyə Nazirliyi aksiz markalarının hazırlanması barədə sifarişlər verir, onların satışı və uçotunu təşkil edir, həmçinin istehsalçıların və idxalçıların aksiz markası ilə təchiz olunmasını təmin edir.

Maliyyə Nazirliyi müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə gəlirlərə və əmlaka ikiqat vergitutmanın aradan qaldırılmasına dair hökumətlərarası sazişlərin bağlanması haqqında digər dövlətlərin müvafiq orqanları ilə öz səlahiyyətləri çərçivəsində danışıqlar aparır.

Maliyyə Nazirliyi dövlət büdcəsinin mədaxil hissəsini təmin edən mərkəzi icra hakimiyyəti orqanlarından, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyindən rəsmi məlumatlar almaq hüququna malikdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət gömrük orqanları vergi orqanları siyahısına daxil edilmişdir və göstərilir ki, Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları zamanı ƏDV və aksizlərin tutulması sahəsində gömrük orqanları həyata keçirir

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 25-ci maddəsinə əsasən, dövlət gömrük orqanları, mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində Vergi Məcəlləsi, habelə Gömrük Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər.

Gömrük orqanları tərəfindən vergi və rüsumların yığılması, gömrük ödəmələri üzərində nəzarət, gömrük orqanlarının hərəkət və ya hərəkətsizliyindən, aktlarından şikayət verilməsi, məsuliyyətə cəlb etmə zamanı baş verən münasibətlər kifayət qədər mürəkkəbdir və müxtəlif hüquq sahələri normaları ilə nizama salınır. Azərbaycan respublikasının Vergi Məcəlləsi bu münasibətlərə adı çəkilən halda, yəni vergi və gömrük rüsumlarının alınması zamanı müəyyən hallarda təsir edir. Məsələn, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması Vergi Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 123-cü maddəsinə əsasən, eyni cür həllini tapır, yəni bu məbləğlər ödəyicilərə qaytarılır. Vergilər barəsində bu hal olduqda, gömrük orqanları vergi orqanlarının səlahiyyətlərindən istifadə edirlər.

Beləliklə, vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə, gömrük və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər. Vergi Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar.



3. Vergi idarəçiliyinin təkmilləşdirilməsində vergi maarifləndirməsinin rolu.
Vergi ödəyicilərinin vergi qanunvericiliyinə könüllü əməl etmə səviyyəsinin artırılması hazırda bütün dünyada strateji məqsəd kimi qarşıda durur. Bu isə əslində vergi mədəniyyətinin yüksəldilməsi deməkdir.

Vergi mədəniyyəti anlayışı nisbətən müasir dövrdə yaranan termindir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında əlaqənin daha da genişləndiyi dövrdə bu terminin yaranması zəruri idi. Təbii ki iş təkcə terminin yaranması ilə bitmir. Termindən əvvəl insanların öz daxili mənəvi aləmində, düşüncə tərzində bu anlayış formalaşmalıdır. Bu həm vergi orqanları işçilərinin, həm də vergi ödəyicilərinin beynində formalaşmalı olan anlayışdır.

Vergi maarifləndirilməsi də vergi mədəniyyəti ilə sıx əlaqəlidir. Çünki həyatda hər bir insanın özünün daxili mədəniyyəti əsas sayılsa da, oxumaqla, təhsil almaqla, maariflənmə ilə bu mədəniyyət daha da təkmilləşir. Vergitutmanın, vergi idarəçiliyinin inkişaf etdiyi dövrdə maariflənmə problemi daha da aktuallaşır.

Bütün dünya ölkələrində dövlət mülkiyyət hüququnu qorumaqla bazar iqtisadiyyatının inkişafını təmin edir və bu işin yerinə yetirilməsi üçün vergilər yığılır. Hər bir şəxs ödəməli olduğu verginin məbləğini, ödənilmə müddətini dəqiq bilməlidir. Lakin vergi sistemi və vergi qanunvericiliyi müəyyən dövrdə ləğv olunmuş ölkələrdə bu sistem və qanunvericilik yenidən yaranmağa başlayan vaxtdan etibarən müvafiq informasiya əhaliyə çatdırılmalıdır və bu yalnız vergi ödəyicilərinə aid olmamalıdır. Hər bir məktəbli də potensial vergi ödəyicisidir və onun da vergilər barədə müəyyən məlumatının olması daha yaxşıdır.

Hətta bazar iqtisadiyyatı yüksək səviyyəyə çatmış ölkələrdə vergi təbliğatına xüsusi diqqət yetirilir, vergilər barədə kitablar, məcmuələr, dərsliklər, almanaxlar buraxılır, kütləvi informasiya vasitələrindən bu məqsədlə geniş istifadə olunur.

Respublikamızda da vergi maarifləndirməsi getdikcə genişlənir və indiyə qədər bu sahədə müəyyən işlər görülmüşdür.

Gənc nəslin, o cümlədən də orta məktəb şagirdlərinin vergilər barədə biliklərini artırmaq, gələcəyin vergi ödəyicilərinə vergi mədəniyyətini aşılamaq məqsədilə iki dərs vəsaiti nəşr edilmişdir. Bunlardan biri “Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı” adlanır və orta ümumtəhsil məktəblərinin III-V siniflərində tədris olunmaq üçün nəzərdə tutulmuşdur. Rəngli illüstrasiyalı, sadə və oxunaqlı dildə yazılmış, nəfis şəkildə tərtib edilmiş bu kitabda yeddi hissədən ibarət nağıl verilmişdir. Lakin bu nağıl adi nağıllardan fərqlənir. Burada ənənəvi formada cırtdan, div, ifritə şah, pəhləvan əsas personajlar olsa da, vergilər, dövlət xəzinəsinə gəlirlərin yığılması, vəsaitin necə xərclənməsi, büdcə, maliyyə, emissiya, inflyasiya və s. barədə uşaqların yaş səviyyəsinə uyğun məlumat da verilmişdir.

Orta ümumtəhsil məktəblərinin VI-VIII sinifləri üçün nəzərdə tutulmuş “Vergilər” dərs vəsaitində məktəblilər respublikamızda tətbiq olunan vergilər, onların hesablanması və ödənilməsi qaydaları ilə tanış olmaq imkanı qazanmışlar.

Respublikamızda uşaqların vergiyə dair biliklərini aşkara çıxarmaq məqsədilə 2003-cü ildə Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” qalereyasında Uşaqların Beynəlxalq müdafiə gününə həsr olunmuş “Vergi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.

Daha ardıcıl və mükəmməl təhsil ali məktəbdə verildiyinə görə bu təhsil ocaqlarında vergilər haqqında dərsliklərə, dərs vəsaitlərinə böyük ehtiyac hiss olunmaqdadır. Yaranmış boşluğu aradan qaldırmaq üçün respublikamızda mühüm işlər görülür, vergitutmanın və vergi sisteminin nəzəri məsələlərinə həsr olunmuş kitablar nəşr edilir. Bu kitablardan “Vergi sistemi” dərs vəsaitini, “Vergitutmanın nəzəri və metodoloji əsasları” , “Vergi və vergitutma”, “Vergi menecmenti” dərsliklərini və “Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr” monoqrafiyasını misal göstərmək olar.

Vergi ödəyicilərinin bir qismi qanunla müəyyən edilmiş vergiləri könüllü ödəməkdən yayınır. Lakin onların heç də hamısı bunu bilərəkdən etmirlər. Bütün ölkələrdə olduğu kimi, respublikamızda da onlar məlumatsızlıqdan, bəzən də təcrübəsizlikdən müəyyən çətinliklərlə qarşılaşırlar. Vergilərin hesablanması, bəyannamələrin tərtib edilməsi, ödəmələrin nə zaman və hansı formada həyata keçirilməsi, vergi güzəştlərindən istifadə və s. problemlər barədə vergi ödəyicilərinə məsləhət vermək vergi mədəniyyətinin yüksəldilməsinə səbəb olur.

Müasir dövrdə vergi idarəçiliyinin təkmilləşdirilməsinin mərkəzi hissəsini Məlumatların Emalı Mərkəzinin yaradılması təşkil edir ki, hansı ki, vergi orqanlarının böyük həcmdə informasiyanın daxil edilməsi, emalı, saxlanması və onlardan istifadə üzrə əsas ağırlıq onların üzərinə düşür. Məlumatların Emalı Mərkəzi vergi informasiyasının emalı üzrə ixtisaslaşdırılmış vergi orqanı kimi yaradılmalı və onun fəaliyyət zonasına Muxtar Respublika vergi orqanları da daxil olmaqla, bütün ərazi vergi orqanlarını əhatə etməlidir.

Vergi orqanlarının informasiya resurslarının mərkəzləşdirilməsi vergi ödəyicilərinə həm büdcə ilə hesablaşmaların vəziyyəti, həm də vergi qanunvericiliyinin müxtəlif məsələləri barədə operativ və tam informasiya xidmətinin göstərilməsi imkanını təmin etməlidir ki, bu da vergi ödəyicilərinin vergi öhdəliklərinin könüllü yerinə yetirilməsi səviyyəsinin yüksəldilməsinə imkan yaratmalıdır.

Respublikamızda son illərdə vergi sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri vergi ödəyiciləri ilə münasibətlərin yenidən qurulmasıdır. Vergi ödəyiciləri isə, məlumdur ki, üç cür olur:

-vergi öhdəliklərinə tam əməl edənlər;

-vergi öhdəliklərinə qismən əməl edənlər;

-vergidən yayınanlar.

Vergi qanunvericiliyinə könüllü əməl edilmə səviyyəsinin yüksəldilməsində vergi orqanlarının müsbət imicinin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Vergi orqanlarının müsbət imicinin formalaşmasına vergi ödəyicilərinə göstərilən xidmətin, onların operativ surətdə məlumatlandırılması sahəsində həyata keçirilən tədbirlərin təsiri böyükdür. Ödəyicilər fərqli vergi mədəniyyətinə malik olsalar da, onların hamısına münasibət ədalətli və qərəzsiz olmalıdır. Lakin verginin məcburi ödəmə olduğu heç vaxt unudulmamalıdır: vergi ödəyicilərinə xidmət və vergi sahəsində maarifləndirilmə səmərə vermədikdə, vergi məcburi qaydada alınmalıdır.

Vergi ödəyiciləri ilə əlaqələri tənzimləmək və inkişaf etdirmək məqsədilə respublikamızın Ərazi Vergi İdarələrində vergi ödəyicilərinin məlumatlandırılması və vergi təbliğatı işi yüksək səviyyədə təşkil edilmişdir. Ərazi Vergi İdarələrində digər işlərlə yanaşı vergilərin hesablanması və ödənilməsi, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarının, vergi ödəyicilərinin hüquq və vəzifələrinin izahı həyata keçirilir, vergi mədəniyyətinin və intizamının formalaşdırılması istiqamətində vergi siyasəti və vergi qanunvericiliyinin təbliği təşkil edilir. Vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə mütəmadi olaraq məlumat verilir.

2002-ci ilin dekabrında Vergilər Nazirliyinin mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət idarəsi, yerli vergi orqanlarında isə vergi ödəyicilərinə xidmət şöbələri yaradılmışdır. Məlumatlandırma və effektli nəzarət vergi intizamının yaranmasına vergilərin vaxtında ödənilməsinə səbəb olur; bu isə mədəni ölkədə yaşayan qanunlara riayət edən vətəndaşın həyat tərzinə çevrilir.

2003-cü ilin yanvar ayında Vergilər Nazirliyində ABŞ Dövlət Xəzinədarlığının vergi inzibatçılığı üzrə məsləhətçisinin iştirakı ilə “Vergi ödəyicilərinə xidmət işinin konsepsiyası” hazırlanmışdır və bu sənəd vergilər sahəsində xidmət işinin lazımi səviyyədə qurulmasına imkan vermişdir.

Respublikamızda vergi ödəyicilərinin operativ şəkildə məlumatlandırılması üçün informasiya bülletenləri və bukletlər nəşr edilir. Vergilər Nazirliyinin www.taxes.gov.az internet saytı yaradılmışdır və bu sayt məlumatlar əldə etmək, vergi qanunvericiliyinə aid suallar vermək imkanı yaradır ki, bunun nəticəsində ödəyicilər sorğularına dəqiq və operativ cavab alırlar.

Bunlardan əlavə vergi orqanları tərəfindən vergi qanunvericiliyinin izahı və tətbiqi ilə əlaqədar olaraq, seminarlar, məşğələlər, brifinqlər, səyyar məlumatlandırma xidməti tədbirləri təşkil edilir.

Vergi orqanlarında xidmət strukturları iş vaxtının istənilən anında vergi ödəyicilərini qəbul edir, lazımi izahat işləri aparır və yazılı müraciətlərə baxırlar.

Müraciətlər, şikayətlər dünyada həmişə olmuşdur və mədəni ölkələrdə onlara daha diqqətlə yanaşırlar. Respublikamızın vergi orqanlarının işçiləri də əsasən ödəyicilərə qanunların müddəaları barədə məlumat verir, öz məsləhətləri ilə onlara kömək göstərməyə çalışırlar.

Vergi qanunvericiliyi sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi, vacib xəbərlərin operativ və kütləvi şəkildə yayılması, vergi təbliğatının təşkili və digər məsələlərdə kütləvi informasiya vasitələrindən istifadə etmək çox böyük fayda verir. Bununla bağlı kütləvi informasiya vasitələri, o cümlədən televiziya ilə müntəzəm əməkdaşlıq artıq ənənə şəklini almışdır: dövri mətbuatda vergilər barədə məqalələr dərc olunur. Qısa operativ məlumatın çatdırılması üçün televiziya reklamları hazırlanır və efirə verilir.

Vergilər Nazirliyinin 12 fevral 2000-ci il tarixdən nəşrə başlamış həftəlik “Vergilər” qəzeti vergilərə dair yeniliklərin, xəbər və şərhlərin oxuculara çatdırılmasında səmərəli fəaliyyət göstərir.

“Azərbaycanın vergi xəbərləri” jurnalı Vergilər Nazirliyinin Kollegiyasının 14 aprel 2003-cü il tarixli qərarına əsasən təsis edilmiş və həmin ilin iyul ayından nəşrə başlamışdır. Aylıq buraxılan bu jurnalın əsas məqsədi vergi təbliğatı və maarifləndirmə işini gücləndirmək, vergi qanunvericiliyinin mahiyyəti və tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran məsələləri geniş işıqlandırmaq, vergi ödəmə mədəniyyətinin formalaşmasına yardım göstərməkdir.

Vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi işlərinin genişləndirilməsi və vergi orqanları əməkdaşlarının keyfiyyət tərkibinin daim yaxşılaşdırılması özünün ilkin nəticələrini verməkdədir. Belə ki, intizamlı vergi ödəyicilərinin sayı artmış və onların vergi qanunvericiliyinə əməl etmənin zəruriliyinə münasibəti müsbət istiqamətdə inkişaf edir.

Vergi idarəçiliyinin təkmilləşdirilməsi üçün vergi maarifləndirilməsi sahəsində bu işlər görülsə də, əhalinin özünün maariflənmə istəyinin artması əsas şərtdir.



Nəticə və təkliflər
Azərbaycan Respublikasında vergi idarəçiliyi əvvəlki illərə nisbətən xeyli təkmilləşdirilmişdir. Bunun təzahürü göz önündədir. Buna yüksək ixtisaslı kadrların hazırlanması ilə bağlı tədbirlər, hüquqi və fiziki şəxslərin vergi ödəyicisi kimi qeydiyyata alınmasının asanlaşdırılması üçün “Vahid pəncərə sistemi”nin tətbiqi, vergi ödəyicilərini maraqlandıran sualların cavablandırılması üçün operativ 195 telefon xidmətinin yaradılması, vergi sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatları və s. kimi misalları göstərmək olar.

Vergi orqanlarında işləyən işçilər dərin biliyə malik, xidmət şərəfini yüksək tutan mütəxəssislər olmalıdır. Bu cür mütəxəssislərin hazırlanması üçün respublikamızda müəyyən tədbirlər həyata keçirilir.

Məlumdur ki, insan bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün müvafiq təhsil almalıdır. Ona görə Vergilər Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin vəsatəti ilə Nazirlər Kabinetinin 9 yanvar 1997-ci il tarixli qərarında “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”na vergi sahəsində kadrların hazırlanması məqsədilə yeni ixtisaslar daxil edilmişdir. Ümumiqtisad istiqaməti üzrə “Vergilər və vergitutma”, “Vergi işinin təşkili” ixtisasları ali təhsilin bakalavr pilləsində nəzərdə tutulur. Həmin ilin may ayının 20-də imzalanmış qərarla təsdiq edilən “Magistr proqramlarının siyahısı”nda isə iqtisadiyyat istiqaməti üzrə yeni “Vergi və vergiqoyma” ixtisası vardır.

Lakin vergi idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bir çox problemlər hələ də özünün müsbət həllini gözləyir. Bunun üçün aşağıdakı təklifləri məqsədəuyğun sayıram:



  1. Ali məktəbdə verilən nəzəri biliklər praktikada sınaqdan keçirilməlidir;

  2. Vergi işçilərinin öz vəzifələrini qanunlara və verilmiş təlimata uyğun, peşəkar, nəzakətli və səmərəli şəkildə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi;

  3. Şəxsi və peşə maraqlarının toqquşduğu mərhələlərdə hər şeydən əvvəl peşə marağı öndə tutulmalıdır;

  4. İşçinin xidməti vəzifəsinə təsir göstərmək üçün ona hədiyyələrin təqdim olunması hallarının vaxtında aşkar olunub aradan qaldırılması üçün vergi orqanlarında xüsusi nəzarət şöbəsinin yaradılması;

  5. Maliyyə ili ərzində vergiqoymaya əlavələr və dəyişikliklər edilməsini məhdudlaşdırmaq, vergi sisteminin stabilliyini təkmilləşdirmək

  6. Vergi qanunvericiliyinin bilməyərəkdən pozulmasına görə tətbiq edilən vergi sanksiyalarını müəyyən qədər zəiflətmək.


İstifadə edilmiş ədəbiyyatların siyahısı

1. Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”. Bakı, “Hüquq ədəbiyyatı” 2008.

2. Afət Mirzəyeva-“Azərbaycan Respublikasının vergi hüququ”. Bakı, 2007.

3. Kəlbiyev Y. A.-“Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri”. Bakı, “Elm”, 2004.

4. Aydın Kərimov-“Mühasibat uçotu, vergilər”, Bakı, 2008.

5. Məmmədov F. Ə, Musayev A. F, Sadıqov M. M, Kəlbiyev. Y. A, Rzayev Z. N. “Vergilər və vergitutma”. Bakı, 2006.

6. Qarabalov E.M.-“Vergi hüququ”. Bakı, 2003.

7. Rzayev Z. H. “Vergi menecmenti” .Bakı, 2007.

8. Əyyubov V. S. “Büdcə və vergi sistemi”. Bakı, “Elm” , 2004.

9. Musayev A. F, Qəhrəmanov A. Q.-“Vergi mədəniyyəti”. Bakı, “Elm” , 2004.

10. Niftullayev Vaqif - “Sahibkarlığın əsasları”. Bakı, 2002.

11. Əlirzayev Əli - “İqtisadiyyat: düşüncələr, baxışlar. Bakı, 2002.



12. www.google.az






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə