Iv fəSİl bədii – estetik GörüşlƏri




Yüklə 409.55 Kb.
səhifə4/6
tarix22.02.2016
ölçüsü409.55 Kb.
1   2   3   4   5   6

Dram əsərlərində konfliktin tə‘sirli çıxması hər şeydən əvvər orada təsvir olunan qəhrəmanlardan, əsərdə qoyulmuş problemdən çox asılıdır. O əsərdə konflikt qüv­vətli olur ki, orada xarakterlərin güclü və gərgin mü­barizəsi təsvir edilir. Hacı Qara da, Şeyx Nəsurullah da, Hacı Əhməd, Elxan və Vaqif də, Hamlet və Yaqo da ona görə əbədi yaşayacaqlar ki, müəlliflər onların özünə məxsus, təkrarsız xarakterlərini açıb göstərə bilmişlər. İ.Əfən­diyev məqaləsinin sonunda dramaturgiyamızda mövzu məhdudluğundan söhbət açdıqdan sonra, digər bir, ça­tış­mazlığı da yada salır. Müəllif göstərir ki, kənd klubları üçün qısa formalı səhnə əsərləri azlıq edir. Z.Xəlilin kənd həyatından bəhs edən «Ağ çiçəklər arasında», İ.Qa­sımovun neft mövzusunda yazdığı «Xoşbəxt gün» əsər­lə­rindən, Səttar Axundovun bir-iki pyesindən başqa az-çox diq­qətəlayiq kiçik formalı dram əsərlərinin yazılmaması ən mühüm nöqsanlarımızdan biridir.

«Yenilik duyğusu» məqaləsində20 Azərbaycan şe‘rinin müasir mənzərəsinə bir nəzər salan müəllif ədəbiyyata ye­ni iste‘dadların gəldiyini, zəmanəmizin tələblərinə uyğun yeni şe‘r və poemaların yarandığını böyük fərəh hissi ilə qeyd edir. Lakin bunların arasında gözəl sənət nümunələri ilə yanaşı bayağı, vulqar duyğular, bəsit fikirlər və mü­lahizələr əsasında yazılmış əsərlər də vardır. Müəllif göstərir ki, elələri də var ki, necə deyərlər hər şeyi vəzni də, qafiyəsi də öz yerindədir, hətta içində müəyyən bir fikir də vardır. Ancaq sənət əsəri deyil, quru taxta kimi taqqıldayır.21 «Şe‘r çox yazıla bilər, amma pis yazıla bil­məz! Pis şe‘r nifrətə layiqdir! Çünki o, həqiqi şe‘riyyətin müqəddəs gözəlliyini ucuzlaşdırır, hazırlıqsız oxucunun zövqünü korlayır… hansı formada yazırsansa yaz, lakin sənətkarlıqla, ürəklə yaz! Həyatı, onun doğurduğu psixo­logi­yanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz!»22


İ.Əfəndiyevin gənc şairlər qarşısında qoyduğu tələblər belədir.

Tənqidçiyə görə poeziyada zəif, nöqsanlı əsərlərin meydana gəlməsi, hər şeydən əvvəl, tələsikliklə əlaqədardır, əsərin üzərində inamla, səbrlə işləməmək­dən, mövzunu dərindən düşünüb aydınlaşdırmamaqdan irəli gəlir. Gənclər bə‘zən çox tələsirlər, əsərlərin mürəkkəbi qurumamış çap etməyə can atırlar. Gözə çarpan digər nöq­sanı İ.Əfəndiyev gənc şairlərin əksəriyyətinin iri həcm­li əsərlər yazmağa, poema yaratmağa həvəs göstərmələri ilə əlaqələndirir. Məqalədən oxuyuruq: «Doğrudur, poema yaz­mağı heç bir şairə qadağan etmək olmaz. Lakin yüz dəfə işlənilmiş süjetləri hissiz və duzsuz təkrarlayan dayaz müşahidələrin nəticəsi olan, fikri sərrast ifadə etmə­yən poema kimə lazımdır. Bə‘zən görürsən ki, otuz qırx misralı şe‘rdə asanlıqla ifadə oluna biləcək bir mətləb sü­n‘i surətdə uzadılaraq üç-dörd min misralıq «poemaya» çevrilir». Müəllif fikrini belə davam etdirir: «Qə­ribədir ki, hətta nəşriyyat orqanları da çox zaman uzun­çuluğa göz yumur, yarıdan çoxu «su» olan əsərləri çap edir­lər» Nöqsanların aradan qaldırılmasında ədəbi tənqidə böyük ümid bəsləyən İ.Əfəndiyev şe‘rin texnikasından, vəznindən, dilindən tez-tez yazmağın vacib bir məsələ olduğunu yada salır.

İ.Əfəndiyev şe‘rdən başqa ədəbiyyatın bütün janr­larında əsərlər yaratmışdır. Lakin o, şairlər qarşı­sın­da çox ciddi tələblər irəli sürür, oxucuya təqdim edilən hər bir yeni əsərdə, təzə bir fikir, yeni hisslər, maraqlı sujetlər olmasını arzu edir. Tənqidçi göstərir ki, M.F.Axun­dov da, M.Ə.Sabir də, Mirzə Cəlil də, C.Cabbarlı da, S.Vurğun da novator sənətkarlardır.Mirzə Fətəli Mol­yerin yazı tərzini, üslubunu təkrar etmədiyi kimi, C.Cab­barlı da Mirzə Fətəlini təkrar etməmişdir. Ədəbiyyata novator bir şair kimi gələn Rəsul Rzanın yaradıcılığı ona görə tənqidçiyə xoş gəlir ki, o daim axtarışda olan sənətkardır. R.Rza şe‘rimizə yeni hava, yeni məzmun gə­tirmişdir. Tapdanmış yolla getməyi sevməyən şair çey­nənmiş söz və ifadələrdən də həmişə qaçmışdır. B.Vahab­zadənin şe‘rləri xalq arasında ona görə şöhrət qazan­mışdır ki, şair həmişə təzə sözün sorağındadır, o, hər yeni əsərində təzə duyğular tərənnüm etməyə can atır.

Müasir mövzuda yazılmış hər əsəri müasir əsər adlandırmaq olmaz… çünki bu əsərlərin qəhrəmanları ilə iyirmi, iyirmi beş il bundan qabaqkı dövrün adamları arasında heç bir fərq yoxdur. Onların iş üsulları əsərdən-əsərə dəyişsə də, özləri olduğu kimi qalırlar.23

İ.Əfəndiyevin ədəbiyyat haqqındakı fikirləri ilə tanış olmaqda bizə kömək edən məqalələr arasında Azər­baycan Respublika Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizə olunan bir əlyazması24 diqqəti cəlb edir. Gənc na­sirlərin yaradıcılığından bəhs edən bu məqalədə İ.Əfən­diyev ədəbiyyata gəlməkdə olan gənclərin yaradı­cı­lığında gözə çarpan uğurları və çatışmazlıqları təhlil edir, nöqsanları aradan qaldırmaq üçün onlara yol göstərir və xeyirli məsləhətlər verir. İ.Əfəndiyevə görə gənc nasirlərin yaradıcılığında gözə çarpan nöqsanları aşa­ğıdakı kimi qruplaşdırmaq olar:


  1. Həyatın dərindən öyrənilməməsi və adamların ötəri, səthi göstərilməsidir. Bunu, hər şeydən əvvəl ya­zıçılıq müşahidələrinin zəif olması ilə izah edən tən­qidçi göstərir ki, gənc nasirlər adamların ancaq işlərini, istehsalatdakı fəaliyyətini verməklə kifayətlənirlər, onların daxili aləminə nüfuz etmirlər, obrazların xa­rakterik cizgilərini tapıb göstərmirlər. Ona görə də surətlər bir-birinə oxşayır, yeknəsəkliyə səbəb olur.

  2. Əsərdə verilmiş hadisələrin çox zaman tipik yüksəkliyə qaldıra bilməmələridir. Bə‘zən görürsən ki, gənc nasir çoxdan hamıya mə‘lum olan, ədəbiyyatda dəfələrlə qələmə alınan əhvalatları təkrar təsvir edir. Əlbəttə, bir mövzunu bir neçə adam yaza bilər. Lakin əsas məsələ nədən yazmaqda yox, necə yazmaqdadır.

  3. Tənqidçi göstərir ki, nəzərə çarpan nöqsanlardan biri də əsərlərdə yazıçının özünəməxsus üsulubunun, öz dəst-xəttinin az duyulmasıdır. Halbuki, bizim indi tanınmış nasirlərimizdən Əbülhəsən, S.Rəhimov, Mir Cəlal və b. lap ilk hekayələrindən öz yaradıcılıq xüsu­siyyətlərini göstərmişlər. Onların əsərlərini bir-biri ilə qarışıq salmaq çətindir.

  4. Gənclərin yaradıcılığında təsadüf edilən dör­düncü nöqsan onların quru və maraqsız yazmalarıdır. Bə‘zi nasirlər hədsiz-hesabsız iş sahələrini təsvir edir, in­sanların taleyindən, həyəcan və iztirablarından, sevinc və kədərlərindən yazmağı lazım bilmirlər.

Əsərin maraqla oxunması, oxucunun qəlbinə tə‘sir et­məsi isə həyatın düzgün əks etdirilməsindən çox asılıdır.

İ.Əfəndiyev burada Qafqaz xalqlarının həyatından əsər yazmış L.N.Tolstoy və B.Marlinskinin yaradı­cılı­ğın­dan misal göstərir.

B.Marlinskinin əsərlərindəki şirinliyə, lirizmə baxmayaraq zaman keçdikcə onlar unudulub gedir, çünki ora­da təsvir zahiri idi, həyat həqiqətləri dərindən və realis­tcəsinə qələmə alınmamışdı.

Tolstoyun əsərlərində isə əksinə idi.



  1. Gənc nasirlər bə‘zən bilmədikləri, yaxından ta­nış olmadıqları sahələrdən yazırlar. Əlbəttə, hər hansı bir yazıçı istədiyi ölkədən, məsələn, Hindistandan əsər yaza bilər. Lakin yazıçının orada olub-olumamasından asılı olmayaraq biz onun əsərində Hindistana məxsus atmosferi, oraya aid xüsusiyyətləri hiss etməliyik.

  2. Tənqidçi gənc nasirlərin yaradıcılığında hiss etdiyi növbəti nöqsanı əsərin dili ilə əlaqələndirir. O, göstərir ki, İ.Hüseynovun, H.Seyidbəylinin, S.Qədirzadənin dili aydın və bədiidir. Lakin bunları bütün gənclərə şamil etmək olmaz. 25

İ.Əfəndiyevin bir ədəbiyyatşünas-tənqidçi kimi bə­dii- estetik fikirlərinə, yuxarıda göstərdiyimiz bə‘zi ümumi xarakterli əsərlərilə bərabər, ayrı-ayrı yazıçılar haqqında yazdığı məqalələrdə də, o cümlədən «Onu xatır­larkən» (S.Vurğun), «Mübariz şair» (S.Rüstəm), «Yeri gö­rü­nən adam» (M.Hüseyn), «Sənətkarın ömür qüdrəti» (C.Cab­bar­lı), «Parlaq iste‘dad» (S.Rəhimov), «Dostumuzu xatır­layar­kən» (Ə.Vəliyev), «Vətəndaşlıq ləyaqəti»(Mir Cəlal), «Dos­tum haqqında söz» (H.Abbaszadə) və s. rast gəlmək mümkündür.

Düzdür, İ.Əfəndiyev həmin yazıçılar haqqında peşəkar tən­qidçilər kimi elmi monoqrafiyalar yazmamış, xüsusi tədqiqatlar aparmamışdır. Lakin yaradıcılığının müxtəlif dövrlərində qələmə alınmış bu məqalələrdə yığ­cam və qısa, həm də əhəmiyyətli mülahizələr irəli sür­müş­dür. Səməd Vurğun haqqında yazdığı «Onu xatırlarkən»26 məqaləsini nəzərdən keçirək: «O, hər nə dedisə, qəlbinin gözü ilə görən homer kimi aydın və sadə dedi, hər nəyi qələmə aldısa Nizamitək fikrin, şüurun dərinliklərinə dalaraq yazdı. Hansı eşqin hekayətinə başladısa, Füzuli kimi ürəkdən yanan bir aşiq oldu… Ü.Hacıbəyov da, S.Vurğun da məhz mənsub olduqları xalqların qəlbindən xəbər verdikləri üçün, onun arzu və xəyallarını duyub dərk edərək, bütün dünyanın başa düşəcəyi yeni sənət dilində ifadə etməyi bacardıqları üçün böyükdürlər. Səkkiz-doqquz əsr bundan sonraya təkcə bir «Azərbaycan» şe‘ri qalsaydı, yenə də oxuyub deyərdilər: -Bunu yazan həqiqi sənətkarmış!»

İ.Əfəndiyev S.Vuğunun tarixi xidmətlərindən birini də onun şe‘r dilimizi yeni yüksək mərhələyə qaldırmasında görürdü: «Səməd Vurğun ədəbi dilimizə yeni təravət, yeni gözəllik gətirmişdir… Səmədin dili sanki Vətənimizin hər gülündən bir rəng, hər çiçəyindən bir ətir almışdır, sanki suların almaz parıltısından, dağların əzəmətin­dən, Azərbaycan günəşinin həyatverici istisindən gözəllik və qüvvət almışdır».

İ.Əfəndiyevin bir şəxsiyyət və yazıçı kimi hörmət etdiyi iste‘dadlardan biri də Mehdi Hüseyndir. Bu iki sənətkar arasında 30-cu illərdən başlanmış dostluq və yaradıcılıq əlaqələri uzun illər davam etmişdir. İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf edib formalaş­masında M.Hüseynin mühüm xidməti olmuşdur.İ.Əfəndiyev bir sıra məqalə və çıxışlarında, eyni zamanda «Yeri görünən adam»27 adlı xatirəsində qələm dostunu belə xa­rakterizə edir: «M.Hüseyn Azərbaycanda çapdan çıxan ədəbi əsərlərin, demək olar ki, hamısını diqqətlə oxuyardı, qeydlər edərdi… hər hansı ədəbi əsərə də düzgün-dürüst qiymət verməkdə çətinlik çəkməzdi, hər cür ədəbi mübahi­səyə hazır olardı. Mən zarafatla ona deyərdim: Napaleon hər davaya hazır olduğu kimi, sən də bütün mübahisələrdəki vuruşlara qabaqcadan hazır olursan… O, doğrudan da, bütün ömrü boyu böyük ədəbiyyat uğrunda vuruşurdu. Hansı janrda olursa - olsun, ədəbi-bədii əsərin yaxşı və pis cəhətlə­rini görməkdə müstəsna iste‘dada malik idi…»

Doğrudan da, İ.Əfəndiyevin qeyd etdiyi kimi, bu bir inkaredilməz həqiqətdir ki, müasir Azərbaycan ədəbiyya­tın­da dünyagörüşünün genişliyi, intellektual səviyyəsi, dünya ədəbiyyatı klassiklərinin yaradıcılığına bələd olması, təşkilatçılıq,bacarığı və s. qabiliyyətinə görə iki böyük sənətkar - M.İbrahimov və M.Hüseyn o biri yazıçılardan fərqlənirdilər.

İ.Əfəndiyev M.Hüseynin yaradıcılığına qiymət verər­kən onun yüksək elmi və bədii keyfiyyətlərə malik olduğunu oxuculara çatdırmağa çalışır. Tənqidçi qeyd edir ki, M.­Hüseyn bədii əsərin dilinə birinci dərəcəli məsələ ki­mi baxır, dilin təmizliyinə, onun yeni ifadələrlə zən­gin­ləş­mə­sinə ciddi fikir verirdi. M.Hüseynin çox maraqlı və ori­jinal, heç kəsdən çəkinməyən, heç kəsə əyilməyən, sözü şax üzə deyən, qılınc kimi kəskin; prinsipial bir şəxsiyyət ol­duğunu yazan məqalə müəllifi göstərir ki, ədəbiyy­a­tımızda, incəsənətimizdə baş verən müvəffəqiyyətsizlik­lər, geri­lik əlaməti onu əsəbiləşdirib özündən çıxa­rırdı… O nöq­sanlara qarşı amansız olduğu qədər də mü­vəffəqiyyətlərə sevinirdi. Salyeri paxıllığı ondan uzaq idi.28 M.Hüseyinin xarakterik cizgilərini açıb göstərən İ.Əfəndiyev qələm dostu haqqındakı xatirəsini belə yekunlaşdırır: «Mən bu gün Mehdi haqqında düşünərkən ədəbiyyatımızda onun yerini boş görürəm. Nasirlərdən Ə.Vəliyev də, M.Hüseyin də, S.Rəhimov da o şəxslərdi ki, o zamankı ədəbi gənclik (o cümlədən mən də) onlara güvə­nərdik, onları özümüzə kömək, arxa hesab edərdik. Bir çətinliyimiz olanda onlara müra­ciət edirdik, kişilik, kömək görürdük».29

İ.Əfəndiyevin qələmə aldığı, həcmcə o qədər də böyük olmayan müxtəlif məqalələrində yığcam bir formada C.Cab­barlı, S.Rüstəm, Ə.Vəliyev, S.Rəhman, Mir Cəlal, S.Rə­himov, O.Sarıvəlli, H.Abbaszadə, N.Həsənzadə və b. yazı­çılar haqqında fikirlərini oxucularla bölüşür, hər bir yazıçı üçün xarakterik olan xüsusiyyətləri tapmağa çalı­şır, həm də onların yaradıcılıq uğurlarından söhbət açar­kən nöqsan və çatışmazlıqları da göstərməkdən çə­kinmir. Yazılarında uzunçuluqdan qaçan tənqidçi sözə qəna­ət edir, yersiz tə‘riflərə, gəlişi gözəl sözlərə, gurultulu cümlələrə qeyri-səmimi fikirlərə yol vermir. Mülahizə və düşüncələrini aydın və sadə ifadə etməyə çalışır.

«Parlaq iste‘dad» məqaləsində İ.Əfəndiyev yazır: «S.Rə­himov bizim nəsrimizdə orijinal bir sənətkardır. Onun özünəməxsus təsvir və tənqid vasitələri vardır. Mövzu dairəsi olduqca geniş və rəngarəngdir. Müşahidə bacarığı güclü və dəqiqdir. Buna görə də yazarkən çətinlik çəkmir. Təbii və emosional yazır. O, hər nə yazırsa duyaraq, hiss edərək, mütəəsir olaraq yazır, bu isə yazıçı üçün bi­rinci məziyyətdir, onun iste‘dadının əsas əlamətidir».30

Bədii yaradıcılığında olduğu kimi, tənqidi əsər­lərində də İ.Əfəndiyevin fikir genişliyi və sözə qənaət əsas keyfiyyət kimi nəzər-diqqəti cəlb edir. Mir Cəlal Haqqında yazdığı məqalələrində biz bunun şahidi oluruq: «Mir Cəlal nədən yazırsa yazsın, daim səmimi olmuş, daim özünə, öz məslək və vicdanına sadiq qalmışdır. Mir Cəlalın əsərlərindəki səmiiyyət, doğruçuluq və ilıq həyati yumor həmişə məni cəlb etmişdir… onun yaradıcılığında hər şey eyni ilə həyatda olduğu kimi təbiidir. O, həqiqi iste‘dad sahibi kimi insan təbiətində yaxşını da, pisi də olduğu kimi duyur və həmişə də yaxşının tərəfində durur».31 Tənqidçinin Mir Cəlal haqqında yazdığı başqa bir yazısında oxuyuruq: «O, heç bir zaman oxucunun «hey­rətə» salan «mürəkkəb» süjetlər qurmağa cəhd etmir, «föv­qəl‘adə» əhvalatlar quraşdırmır… İnsanların əhval-ruhiyyəsi haqqında cansıxıcı, uzun mühakimələr yürütmür. Onların psixoloji aləmini hərəkətdə, fəaliyyətdə açmağa çalışır. Onun zəif əsərlərində belə sün‘ilik yoxdur. O, bütün yazılarında səmimidir, təbidir! Onun əsərlərində şəffaf bir lirizm, xoş bir yumor vardır ki, bu da hər yazıçıya nəsib olan səadət deyildir. Bu iste‘dadın bariz bir əlamətidir».32

Öz yaradıcılıq metoduna sadiq qalan, bütün «ömrüm boyu oxumaqdan yorulmamışam» deyən İ.Əfəndiyev təkcə Azərbaycan klassiklərindən deyil, eyni zamanda dünya ədəbiyyatı korifeylərindən öyrənmişdir, onların mütaliəsin­dən usanmamışdır. Yazıçının elmi-nəzəri məqalələrində biz Dostoyevski və Şekspir, Tolstoy və Remark, M.Tven və E.Heminquey haqqında da maraqlı fikirlərlə rastlaşırıq.

O, böyük rus ədibi L.N.Tolstoy haqqında yazdığı məqa­ləsində fikrini lakonik şəkildə belə ifadə etmiş­dir: «L.N.Tolstoy yaradıcılığa başlayanda dünya bədii nəsrində Flober, Dikkens, Tekkerey, Viktor Hüqo kimi yazıçılar var­dı. Lakin yeni zühur eyləyən rus dahisi öz yolu ilə irəli­ləyərək bütün dünyada məşhur oldu. Onun nəsrində yalnız özünəməxsus bir qüdrət vardı. O, insan qəlbinin, insan hisslərinin fövqəl‘adə dərəcədə güclü bir tərcümanı kimi meydana çıxmışdır… İnsan təbiətinin ən fırtınalı, ən dramatik anlarında baş verən çox mürəkkəb psixoloji an­ları belə, o, olduqca dürüst təsvir edirdi. Tolstoy bütün ömür boyu despotizmə, zorakılığa, çar çinovniklərinin na­danlığına nifrət etmişdir. Tolstoy bütün əsrlərin böyük sənətkarıdır!»33 İ.Əfəndiyev digər bir məqaləsində yazır­dı: «Öz klassiklrimizi çıxmaq şərti ilə mənə bu ya di­gər dərəcədə tə‘sir göstərən sənətkarlardan biri, bəlkədə yeganəsi Heminquey olubdur. Bir çox sənatkarlar kimi ondan da öyrənmişəm, amma heç vaxt Heminquey kimi yazmağa yox, yaxşı pis fərqi yoxdur, məhz İ.Əfəndiyev kimi yazmağa çalışmışam. Məncə dünyada bir Heminquey kifayətdir».34

İ.Əfəndiyevin ən çox hörmət və pərəstiş etdiyi, ya­radıcılığından bəhrələndiyi sənətkarlardan biri də C.Cab­barlıdır. Yazıçının onlarla məqaləsində, müxtəlif mə‘ruzə və çıxışlarında, eyni zamanda C.Cabbarlının həyat və yaradıcılığından bəhs edən «Azadlıq carçısı», «Sənətkarın ömür qüdrəti» və s. əsərlərində onun yaradı­cılığına yüksək qiymət verilir.

«Böyük ilhamla, sənətkarlıqla…» adlı məqaləsində İ.Əfəndiyev yazır: «Açıq e‘tiraf etmək lazımdır ki, müasir mövzunu işləmək sahəsində S.Rəhman, M.İbrahimov, M.Hüseyn, Ə.Məmmədxanlı və b. yazıçılarımızın dəyərli xüsusiyyətlərinə baxmayaraq C.Cabbarlının gətirdiyi yeni­lik­lərdən sonra dramaturgiyamıza istər məzmun, istərsə də forma e‘tibarilə çox az şey əlavə olunmuşdur. C.Cabbar­lı­nın vəfatından sonra keçən illər ərzində müasir mövzuda xeyli pyeslər yazılmışdır. Lakin bunların içərisində müəyyən bədii qiymətə malik dəyərli əsərlər az olmuşdur».35

Bütün yaradıcılığı ilə vətəni Azərbaycana bağlı olan, onu bütün varlığı ilə sevən C.Cabbarlıya xalqımız öz qəlbində əbədi heykəl ucaltmışdır. Bunun təsadüf olmadığını qeyd edən İ.Əfəndiyev göstərir ki, həqiqi iste‘dad heç bir zaman öz xalqına bağlı olmadan yaşayıb yar­ada bilməz.Səhnəmizə yeni canlı obrazlar, müasir intel­lektual qəhrəmanlar gətirmiş C.Cabbarlıya el mə­həbbəti Oqtay Eloğlu, Aydın, Gültəkin və Firəngizlə başla­mışdır. Çünki uşaq kimi pak, təmiz və sadədil olan bu obrazlar öz xalqının kədər və iztirablarını, çıxılmaz vəziyyətini dərindən təmsil edirdilər. C.Cabbarlı üzdə bir cür, dalda isə başqa cür olanlara nifrət edirdi. O, belə ikiüzlülüyü balaşların şəxsində amansızlıqla ifşa etmişdi. Mənliyini, milli simasını itirən Balaşları, vətənini və xalqını pula, şöhrətə, medal və ordenlərə satan Salamovları, Dövlətbəyləri, Əbdüləli və Məm­mədəli bəyləri qəzəblə damğalayırdı.C.Cabbarlı göstərir ki, bizim babalarımız yadelli qəsbkarlara heç vaxt boyun əyməmişlər. Azərbaycan tarixi həmişə mərd və cəsur bir xalqın tarixi olmuşdur. Elxan kimi igidlərimiz öz qılıncları ilə bu tarixə ölməz qəhrəmanlıq səhifələri yazmışlar.36 Tənqidçi daha sonra qeyd edir ki, bütün həqiqi sənətkarlarda olduğu kimi C.Cabbarlının da qəhrəmanları öz dövrü ilə bərabər çıxıb getməmişlər. İmamyarlar da, Mirzə Səməndərlər də, Edilyalar da bizimlə birlikdə yaşayırlar.Əlbətdə, bunlar zəmanəyə görə cildlərini xeyli dəyişmişlər. Lakin cəmiyyətin inkişafına az mane olmurlar. Əvvəlki kimi əl-qol aça bilməsələr də hər halda hərəkət edirlər.

İ.Əfəndiyev dramaturgiya, ədəbi janrlar, teatr tari­xi və s. mövzularda yazdığı əsərlərində ədəbiyyatımızın digər böyük satirik sənətkarı C.Məmmədquluzadənin yaradı­cılı­ğından ürək dolusu söhbət açır, ədəbi gənclik, yeni-yeni nəsillər onun yaradıcılığından bəhrələndiyi, onu özlərinə ustad hesab etdikləri üçün Mirzə Cəlili xoşbəxt sənətkar adlandırır. “Həyatın, dövrün yaramazlıqlarına yalnız qrafoman, cırtdan yazıçılar göz yuma bilərdi, o,isə nəhəng idi. Puşkin kimi,Tolstoy kimi … Yüksək rütbəli çar çinovnik­lərindən tutmuş cahil, zülmkar İran şahlarına qədər - onun gülüşü belə bir miqyası əhatə edirdi… Sabir böyük satiranı dünyada misli olmayan yeni formada Azərbaycan şe‘rində yaratdısa, o da eyni vüsətlə, eyni yeniliklə Azərbaycan nəsrində yaratdı. Onun felyetonları satiranın yeni yazı tərzi idi. Onun adı dünyanın Rable, Svift, Mark Tven kimi böyük sənətkarları ilə yanaşı durmağa layiqdir»- deyən tənqidçi məqaləsində bir məsələni də vurğulayır ki, bə‘zi müasir yazıçılar xalqımızın keçmişini elə qələmə verirlər ki, guya adamların hamısı geridə qalmış, savadsız, xalqa,vətənə biganə olmuşlar. Ölkədə ancaq cəhalət, nadanlıq hökm sürürmüş… Bu fikir­lə heç cür razılaşmayan İ.Əfəndiyev üzünü o yazıçılara tutub belə bir sual verir ki, «elə isə bəs doqquz əsrə yaxın bundan qabaq Nizami Gəncəvini, neçə yüz il qabaq Füzulini, Nəsimini, təmiz Azərbaycan dilində yazan Vaqifi, Xətaini, Nəbatini, Mirzə Fətəlini, nəhayət Molla Nəsrəddini, Sabiri hansı mühit yetişdirmişdir? Hər halda bu böyük simalar göydən düşməmişdir! Onları dünya mədəniyyəti ilə təmasda olan Azərbaycan xalqı, Azərbaycan ictimai fikri yaratmışdır».37

İ.Əfəndiyevin, yaradıcılığını diqqətlə izlədiyi, haqqında bir neçə məqalə yazdığı sənətkarlardan biri də S.Rüstəmdir. «Ələmdən – nəş‘əyə», «Mübariz şair», «İs­te‘­da­­dın sönməzliyi» və s.əsərlərində İ.Əfəndiyev XX əsr Azərbaycan şe‘rinin görkəmli nümayəndələrindən biri olan şairin yaradıcılığını təhlil edir, gənclərin tərbiy­yə­sində onun mühüm rol oynadığını qeyd edir, 30-cu illərdə çap olunmuş hər yeni şe‘rinin əldən-ələ gəzərək tezliklə əzbərləndiyini, ədəbi məclislərdə onlar haqqında danışıldığını göstərir. Şair bu ədəbi parçalarda «yeni ruh, yeni gözəllik» təbliğ edir, sanki bu misraları alov saçan qaynar poladdan tökür.38 Digər bir məqaləsində39 tənqidçi onu Azərbaycan şe‘rinin ilk nəğmələrini yaradan cəsarətli və coşğun bir şair adlandırır. Onun əsərlərində mübariz ruhla bərabər, yeni və güclü bir həyat eşqi, «xoşa gələn bir yumor və kəskin satira» olduğunu göstərir, eyni zamanda təəssüf edir ki, «mübarizənin ön xəttində gedən S.Rüstəm öz güclü satira fırçasını az işlədir, satirik şe‘rləri az yazır». «Şair sənət aləminə hansı temperamentlə, hansı atəşlə daxil olmuşdusa, indi də eyni temperamentlə, eyni atəşlə irəliləyir». «İste‘dadın sönməzliyi»40 adlı məqaləsində isə tənqidçi S.Rüstəm yaradıcılığında yeni bir keyfiyyəti də qeyd edərək yazır: «Böyük poeziyada odla bərabər həmişə bir mərdanəlik, bir dönməzlik də hakim olur. S.Rüstəm şe‘rinin qəhrəmanı sevəndə də, nifrət edəndə də eyni dərəcədə qızğın, eyni dərəcədə dönməzdir…Şairin yaradıcılığında mühüm yer tutan Cənub şe‘rlərinə yüksək qiymət verən tənqidçi göstərir ki, bu əsərlər ədəbiyyat tariximizin unudulmaz səhifələridir. O şe‘rlərdəki sərt lirizm, qılınc kimi kəskin pafos xalqın azadlığını hər şeydən üstün tutan şairin ürək yanğısıdır».

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında az-çox özünəlayiq yer tutmuş elə bir yazıçı tapmaq olmaz ki, İ.Əfəndiyev özünün çoxsaylı məqalələrində, mə‘ruzə və çıxışlarında həmin sənətkar haqqında müəyyən fikir yürütməmiş olsun.İ.Əfəndiyevin bir ədəbiyyatşünas- tənqidçi kimi fikirlərinə ayrı-ayrı əsərlər haqqında yazdığı məqalə və resenziyalarda da, o cümlədən «Müsibəti Fəxrəddin», «Fər­yad», «Müharibə», «Həyat», «Böyük dayaq», «Kəndçi qızı», «Gənc­lik», «Mənim analı dünyam», «Zümrüd quşu» və digər əsərlər haqqındakı yazılarda da rast gəlmək mümkündür. Tənqidçi bir qayda olaraq, bu səpgili məqalələrində bəhs etdiyi əsərin məziyyətlərindən, ideya və məzmunundan, obrazların xarakterik cizgilərindən, əsərdə gözə çarpan nöqsan və çatışmazlıqlardan müfəssəl mə‘lumat verir, özünün elmi-nəzəri mülahizələrini təsdiq və sübut etmək üçün müxtəlif misallar, əsərlərdən sitatlar gətirməklə fikirlərini ümumiləşdirir.
2. Teatr vƏ sƏhnƏ problemlƏri

60 ildən artıq məhsuldar yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev istər bəddi yaradıcılığında, istərsə də ədəbi-tənqidi fəaliyyətində teatr və səhnə sənətinə aid çoxlu əsərlər yazmış və bu haqda müxtəlif fikirlər söyləmişdir. İyirmidən artıq pyesin müəllifi olan ədib bədii-estetik mülahizələrində də bu sahəyə geniş yer vermiş, ədəbiyyatımızda teatr meylli və səhnə həvəsli bir sənətkar kimi tanınmışdır.40-cı illərdən teatra gəlmiş İ.Əfən­diyev sonrakı illərdə bu sənətlə dərindən maraqlanmış, ömrünün sonuna qədər teatr və səhnə problemlərini peşəkar bir sənətkar kimi tədqiq etmiş, əsərdən-əsərə , tamaşadan-tamaşaya püxtələşərək teatr sənətinin zirvəsinə yüksəlmişdir. M.F.Axundov, C.Məmmədquluzadə və C.Cab­barlı irsindən bəhrələnən yazıçı müasir Azərbaycan dra­maturgiyasını zənginləşdirməklə bərabər, bu sahəyə aid çoxlu elmi-nəzəri fikirlərilə dramaturgiya və teatrşünaslıq elmimizin inkişafına xidmət göstərmişdir.

Dramaturq teatr və səhnə sənəti haqqındakı fikirlərini «Yüksək səhnə əsərləri uğrunda» (1952), «Drama­tur­giyamızın bə‘zi məsələləri haqqında»(1953), «Həyat» yeni qu­ru­luşda» (1954), «Gözəl tamaşalar yaradın» (1958), «İs­te‘­dad və mövzu» (1971), «Mərdlik ocağı» (1974), «Teatr qayğ­ı­ları» (1985), «Teatr və dramaturgiya məsələləri» (1986), «Əsə­ri də,tamaşanı da iste‘dad yaradır» (1987) və s. əsə­r­lə­rində irəli sürdüyü mülahizələrilə peşəkar teatrşünas səviyyəsinə yüksəlmiş bir sənətkar olduğunu sübut etmişdir.

Yazıçı həmin məqalələrində teatr və səhnə sənəti ilə bağlı bir sıra aktual problemlərə, o cümlədən dramaturq və teatr, rejissor sənəti, teatr tənqidi, aktyor ifası, tamaşanın məşqi, rol bölgüsü, səhnə texnikası, tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə münasibətini bildirmiş, təklif və arzularını söyləmişdir.Teatrla sıx bağlı olan yazıçı bu sahədəki mülahizələrini vaxtaşırı oxucularla bölüşmüşdür. İ.Əfəndiyevin teatr və səhnə haqqındakı nəzəri-estetik görüşləri bugünkü teatrşünaslıq elmi üçün də böyük əhəmiyyət kəsb edir. Peşəkar teatrşünaslar və yüksək ixtisaslı mütəxəssislər tərəfindən yazıçıya verilmiş «görkəmli teatrşünas», «ikinci rejissor», «səhnə bilicisi», «tanınmış teatr xadimi» kimi adlar heç də təsadüfi deyildi. İ.Əfəndiyev bu adlara,bir tərəfdən, teatr sənəti haqqında yazdığı elmi-nəzəri məqalələrə, çıxış və mə‘ruzələrə görə layiq görülmüşsə, digər tərəfdən, bu, onun teatrdakı fəaliyyəti, pyeslərinin tamaşaya hazırlanması prosesindəki fəal iştirakı, sənət məsələlərinə aktiv müdaxiləsi ilə bağlıdır.

Yazıçının teatr sənəti ilə əlaqədar fikirləri çoxdur. Onların ciddi tədqiqat və elmi araşdırma mövzusu olduğunu irəli sürən sənətşünaslar da vardır. Görkəmli teatrşünas, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov məqalərinin birində yazmışdır: “Məlumdur ki, İlyas Əfəndiyev heç bir zaman rejissorluq etməmiş, tamaşalara quruluş verməmişdir… Deyə bilərik ki, İ. Əfəndiyevdə güclü rejissor duyumu, rejissor qabiliyyəti və bacarığı vardı. Görkəmli ədib tamaşaya qoyulan hər bir yeni əsərinin rol bölgüsündən başlamış son məqama qədər əsas məşqlərdə iştirak edir, əsərdə irəli sürülən fikrin tamaşada düzgün açılmasına, ideya məzmunun dolğun olmasına, obrazların dəqiq səhnə şərhinə, eləcə də bədii tərtibata, musiqiyə diqqət yetirir, rejissorlarla polemikaya girir, özünün tutarlı fikirləri ilə həm rejissoru, həm də ifaçıları yeni axtarışlara, sənət cəsarətinə sövq edir ki, bu da yaradıcı kollektivə müsbət tə‘sir göstərər, onlara sənət uğurları gətirərdi. 41

Teatr və səhnə İ. Əfəndiyev üçün böyük elm və mədəniyyət ocağı, müqəddəs sənət mə‘bədi, yaradıcılıq laboratoriyası və ikinci ev idi. Özünün onlarla məqalə, çıxış və mə‘ruzələrində teatrın əhəmiyyətini, xalqın mədəni səviyyəsinin yüksəlməsində onun rolunu qiymətləndirən dramaturq məqalələrinin birində yazmışdır ki, teatr tariximizin, mədəniyyətimizin böyük bir hissəsidir. Xalqın intelektual səviyyəsinin əsas me‘yarlarından­dır.42 Respublikamız­da ictimai fikrin inkişafında, xalqın bədii zövqünün tərbiyəsində əvəzsiz xidməti olan teatrın əhəmiyyətindən danışan İ. Əfəndiyev göstərir ki, istər milli ədəbiyyatın, istərsə də xarici yazıçıların yaradıcılığı ilə yaxından tanış olmaqda teatr mühüm rol oynamış və indi də bu vəzifəni uğurla yerinə yetirir. Digər tərəfdən teatr iste‘dadlı aktyor və rejissor nəslinin formalaşmasında da həlledici rol oynayır, həm də görkəmli dramaturqları «kəşf edir». «Akademik teatrımız bu gün dünyanın ən yaxşı teatırları sırasındadır». Onun sənətində yüksək mədəniyyət, böyük və sağlam ideyalar, təmiz və ülvü hisslər hakimdir. Onun əsas və istəkli qəhramanı həmişə xalqın yük­səlişi, səadəti uğrunda mübarizə aparan həqiqi insan ol­muşdur və həmişə xalqımızı daha yüksəklərə qaldırmış­dır. Ona görə də biz öz teatrımızla fəxr edirik. Onun hər bir iste’dadlı sənətkarı bizim üçün əzizdir.43 – deyən dra­maturq teatrın keçdiyi şərəfli yolla fəxr edir, onun uğur­ları ilə ürəkdən sevinir. Lakin İ. Əfəndiyev teatr və səh­nə sənətində rast gəldiyi nöqsanların üzərindən heç vaxt sükutla keçməyib, yazılarında onları ciddi tənqid etməklə bərabər, aradan qaldırmaq yollarını da göstərmişdir.

Teatr sənətində İ. Əfəndiyevi maraqlandıran məsələlər çox olsa da bunlardan ən başlıcası teatr tənqidi idi. Teatr sahəsində və ümumiyyətlə dramaturgiyada gözə çarpan nöqsanların aradan qaldırılmasında teatr tənqidinə böyük ümid bəsləyən, onun əvəzsiz rolunu təsdiq edən yazıçı «Dramaturgiyamızın bə’zi məsələləri haqqında»44 məqaləsində göstərirdi: «Bizdə teatr tənqidi zəif inkişaf edir. Bir sıra məqalələrdə, tənqidi mülahizələrdə köhnəlik, səthilik hiss olunur. Bə’zən çoxdan köhnəlib getmiş fikirlər «təzə bir söz kimi» təkrarlanır. Dərin, müasir və həssas teatr tənqidinə böyük ehtiyac duyulur. Biz iste’dadlı gənc qüvvələrdən teatr tənqidçiləri yetiş­diril­məsinə ciddi diqqət yetirməliyik. Ədəbiyyatımızda belə gənc qüvvələr vardır. Onların fəaliyyətinə, tez-tez çap olunmalarına imkan yaratmaq lazamdır». Bu problem heç vaxt yazıçının nəzər-diqqətindən yayınmamışdır. Tamaşaya qoyulan hər bir yeni əsərə həqiqi estetik qiymət verə bilən, dramaturgiyanın inkişafını mütəmadi izləyən teatr tən­qidçilərinin azlığından giley-güzar edən ədib göstərir ki, teatrşünas imzası ilə dövrü mətbuat səhifələrində tez-tez dərc olunan teatr tənqidinə aid çox dayaz, hətta bisavad məqalə və rə’ylərə rast gəlirik. Hiss olunur ki, bu məqalə müəllifləri dünya ədəbiyyatına, dünya teatr sə­nətinə nabələd olduqları kimi, səhnə sənətinin qanun­larından da xəbərsizdirlər… İ. Əfəndiyev, son illərdə teatr tən­qidində boşluğu nəzərdə tutaraq yazır: «Teatr sənətimizin hal-hazırda dərin düşüncəli, geniş dünya görüşlü, savadlı, namuslu ədəbi tənqidə son dərəcə ehtiyacı var».45

Dramaturq teatrımızın müvəffəqiyyətlərini və qüsur­larını dərindən və vicdanla təhlil edən bir sıra müəl­liflərin, o cümlədən M. Arif, M. Hüseyn, M. Cəfər, Ə. Sultanlı, A. Zamanov və Ə. Ağayevin adlarını çəkir, qeyd edir ki, iste’dadlı, cəsarətli tənqidçilər keçmişdə olduğu kimi indi də vardır. Lakin İ. Əfəendiyev təəssüflə qeyd edir ki, onlar teatr aləminə az müdaxilə edirlər, meydanı zəif, səthi, saxta resenziyalara verirlər. Nəticədə zəif, sün’i pyeslər haqqında tə’riflərlə dolu təəccüblü məqalələr meydana çıxır.46 «Bu cür məddahlar başa düşmürlər ki, quru ağac calaq götürməz».47 Dramaturq rast gəldiyi belə bir «məntiqlə» də heç cür razılaşmır ki, tamaşa tənqid edilərkən əsərdəki bütün qüsurlar aktyorların üstünə atılır. Rejissorun fikrinin nədən ibarət olması barədə nədənsə bir kəlmə də yazılmır. Elə bil müəlliflər unudurlar ki, axı, bu aktyorların ifa etdikləri obrazların estetik şərhini rejissor verir.48 Yazıçının teatr tənqidi haqqındakı müxtəlif xarakterli mühakimələri arasında belə bir fikri də diqqətdən yayınmır: «hər özünü «teatrşünas» e’lan edib Əlinin papağını Vəlinin başına qoyan yalançı tənqidçinin yazısını çap etmək də lazım deyil».

Yaradıcılığı uzun illərdən bəri teatrla bilavasitə əlaqədə olan, səhnə sənətinin sirrlərini dərindən mənimsəmiş dramaturq tənqidçilərə müraciətlə yazır: «Teatr tənqidçilərimiz özlərinin vətəndaşlıq missiy­asını itirməməli, hər hansı bir problemə, tamaşaya mün­asibətində obyektivliyi, prinsipiallığı, eyni zamanda cəsarəti, kəskinliyi unutmamalıdırlar. Kimliyindən asılı olmayaraq hamıya və hər şeyə böyük sənət mövqeyindən, müasir tələblər baxımından ürək yanğısı, qayğı ilə yanaşmalı, ümumi işin xeyrinə çalışmalıdırlar».

Bir sıra yazılarda teatrşünas kimi çıxış edən İ. Əfəndiyev səhnə sənətinin müxtəlif nəzəri prob­lemlərinə də öz münasibətini bildirmişdir. Məq­alələrinin birində çoxsahəli teatr aləminin əsas kom­ponen­tlərindən olan «dramaturq», «teatr» və «tamaşaçı» anlamlarına toxunan müəllif, bir-birilə sıx əlaqədə olan bu üçlüyün hərəsinin öz yeri, öz çəkisi olduğunu vurğuladıqdan sonra, belə bir həqiqəti də qeyd edir ki, dramaturqsuz əsər, əsərsiz teatr, teatrsız isə tamaşaçı yoxdur və ola da bilməz. Mədəniyyətin inkişafı, həyatın dəyişməsi prosesi ilə paralel olaraq dramaturq da, tamaşaçı da dəyişir və inkişaf edir. Ona görə də tamaşaçının tələbi, zövqü ilə hesablaşmaq birinci dərəcəli məsələdir. Bədii əsəri tamaşaçıya bağlayan sirr birinci növbədə yazıçının, dram­aturqun səmimiyyəti və iste’dadıdır. Bunlarsız pyes cansız bir şeydir.

İ. Əfəndiyev teatr üçlüyündə ən başlıca amilin drama­turq olduğunu vurğulayaraq göstərir ki, bu barədə düşünəndə məni ilk növbədə şərəfli, şöhrətli bir tarixə malik Akademik Dram Teatrımızın bugünkü vəziyyəti narahat edir. Fikirləşirəm nə vaxta qədər Akademik Teatrın yükünü bir neçə yaşlı və orta nəslə mənsub dramaturq daşıyacaq? Nə üçün Akademik Teatra yeni, gənc dramaturq nəsli gəlmir?49 Bu çatışmazlığı aradan qaldırmaq üçün yazıçı Akademik Teatrın nəzdində gənc dramaturqlar studiyasının yaradılmasını təklif edir. Hətta işinin çox olmasına baxmayaraq belə bir studiyanın rəhbərliyini də öz boynuna götürməyə söz verir.

Tənqidçi , səhnəyə ayaq açan hər bir təzə əsərdən novatorluq, yeni fikir, bu vaxta qədər deyilməmiş orijinal təqdimat, insan mə’nəviyyatının psixoloji çarpıntılarının zövqlə, ilhamla təsvirini görmək istəyir. «Nə üçün tamaşaçı yüz dəfə görüb şahidi olduğu hadisəyə səhnədə yenidən baxmalıdır? Əgər müəllif bu hadisədə tam­a­şaçıya mə’lum olmayan, onu dərindən düşünməyə vadar edən yeni fikir, yeni bir vacib psixoloji kəşf etsəydi tamaşaçı əsərdən mə’nəvi qida alar, ona baxanda yorulmazdı».50 İ. Əfəndiyev fikrini davam etdirərək yazır ki, bə’zi pyeslərdəki qəhramanların hiss və düşüncələri son dərəcə bəsit olur. Onlar xırda, gülünc məsələlər üstündə çənə-boğaz olurlar, əsərdəki konflikt sabun köpüyünə bənzəyir, səhnədə danışan müsbət və mənfi obraz­ların sadəlövhlüyünə, avamlığına təəccüb edirsən. Bütün bunların səbəbini tənqidçi müəlliflərin öz üzərində az işləməkdə, dünya dramaturgiyasının təcrübəsini yaxşı mənimsəməməkdə görür.

Yazıçı teatrla bağlı problemlərdən, səhnə qayğıları­ndan söhbət açarkən bu sahədə aparıcı qüvvə olan rejissor məsələsinə də toxunur. İ. Əfəndiyevə görə iste’dadlı, ağıllı və yaradıcı rejissor teatr üçün hər şey deməkdir. Rejissor işində orijinallıq, novatorluq, müasir həyatın psixologiyasını qavrayıb onu sərrast ifadə etmək bacarığı mühüm keyfiyyətlərdəndir. Azərbaycan teatrının ink­işa­fı­nda böyük xidmətləri olan Rza Təhmasib, İsmayıl Hidayətzadə, Adil İsgəndərov, Məhərrəm Haşımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Tofik Kazımov kimi iste’dadların adlarını böyük iftixarla çəkirik. Bu da inkaredilməz bir həqtqətdir ki, bizim rejissorlarımız dünya teatr sənətinin ən yaxşı ən’ənələrini dərindən mənimsəyib yaşatmış, onu Azərbaycan xalqının temperamenti ilə, Azərbaycan koloriti ilə birləşdirərək inkişaf etdirmişlər. Həmin rejissorlar dünya dramaturqlarının və Azərbaycan yazıçılarının ən yaxşı əsərlərini tamaşaya qoymaqla xalqın ruhunu, xarakterini, azadlıq uğrunda mübarizəsini ön plana çəkmiş, milli şüurun oyanmasına, milli dirçəlişin inkişafına təkan vermişlər. Aydın məsələdir ki, quruluşçu rejissorun vəzifəsi təkcə pyesi olduğu kimi səhnəyə köçürməkdən ibarət deyildi. Rejissorun vəzifəsi daha geniş və məs’uliyyətlidir. Həqiqətəndə o, hər şeydən əvvəl, yaradıcı sənətkar olduğu kimi, həm də pyes müəl­lifinin yaxın köməkçisidir. Tamaşanın yaxşı çıxmasına nail olmaq üçün rejissor axtarış aparmalı, əsərin daha parlaq, orijinal və tə’sirli alınmasına xidmət edən detallarla, mizanlarla əsəri zənginləşdirməli, onun uzun­ömürlü olmasına çalışmalıdır.

Düz əlli il teatrla sıx əlaqədə işləmiş İ.Əfəndiyev rejissorluq sənətinin bütün sirlərini öyrənə bilmişdi. Mə’lumdur ki, onun teatrla əlaqəsi 1944- cü ildən, «İntizar» pyesinin tamaşası ilə başlanmışdır. Əsərin rejissoru Ə.H.Ələkbərov və S.Turabov olmuşlar. Bundan sonra dramaturq Adil İsgəndərov , Tofiq Kazımov, Əşrəf Quliyev, Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov kimi rejis­s­o­rlarla çiyin-çiyinə işləmiş, 19 pyesini tamaşaya qoymuşdur.

Dramaturqun Milli teatrın səhnəsində oynanılmış «İşıqlı yollar» /1947/ və «Bahar suları» /1948/ pyeslərinə Adil İsgəndərov, «Atayevlər ailəsi» /1954/, «Sən həmişə mənimləsən» /1964/, «Unuda bilmirəm» /1968/, «Məhv olmuş gündəliklər» / 1969 /, «Bağlardan gələn səs» /1975/ əsərlərinə Tofiq Kazımov, «Natəvan» /1981/, «Büllur sarayda» /1983/ «Şeyx Xiyabani» /1986/, «Bizim qəribə taleyimiz» /1988/, «Sevgililərin cəhənnəmdə vüsalı» /1989/, «Tənha iydə ağacı» /1991/, «Dəlilər və ağıllılar» /1992/, «Hökmdar və qızı» /1994/ pyeslərinə isə iste’dadlı rejissor Mərahim Fərzəlibəyov quruluş vermişdir. Dramaturq bir sıra rejissorlarla işləməsinə baxmayaraq üç sənətkarın – A.İsgəndərov,M.Məmmədov və T.Kazımovun fəaliy­yətindən daha geniş söhbət açır, onların yaradıcılığından böyük iftixarla danışır. Bu, o rejissorlardandır ki, onların hər biri Azərbaycan milli rejissurasında öz dəsti-xətti olan , yaradıcılıqları ilə xüsusi məktəb yaradan, yüksək səviyyəli tamaşaları ilə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tanınmışdır. İ.Əfəndiyev özünün müxtəlif məqalələri və çıxışlarında bu sənətkarların iste’dadından söhbət açmış, özünün bir dramaturq kimi formalaşmasında həmin rejissorların müsbət tə’sirini və həlledici rolunu göstərmişdir. Bu səpgidə yazılmış əsərlər arasında «Sənətkarın taleyi» və «Tofiq Kazımovu xatırlayarkən…» məqalələri daha çox diqqəti cəlb edir. Müəllif burada həmin rejissorların yaradıcılıq yoluna bir nəzər salır, quruluş verdikləri əsərləri təhlil edir, eyni zamanda özünün teatr və səhnə sənəti ilə əlaqədar nəzəri mülahizələrini irəli sürür. «Rejissura barədə düşünəndə gözümün qarşısında Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov canlanır. Adil İsgəndərovun, Tofiq Kazımovun Akademik Teatrda fəaliyyəti ayrı-ayrılıqda hərəsi bir mərhələdir. Əgər Adil İsgəndərov geniş miqyaslı, geniş diapazonlu, epik səpgili tamaşalar ustası kimi parlamışdısa, Tofiq Kazımov lirik-psixoloji tamaşaların həssas, emosional , iste’dadlı bir quruluşçusu kimi tanınmışdı…»51

İ.Əfəndiyev pyesin müəllifi ilə əsəri tamaşaya hazırlayan rejissorun bir-birini başa düşmələrinin vacib olduğunu məqalə və çıxışlarında dəfələrlə qeyd etmişdir. Bu iki sənətkar arasında qarşılıqlı anlaşma və əlaqə olmazsa tamaşanın uğurundan da söhbət gedə bilməz. Bu haqda yazıçının fikri belədir: «Dramaturq rejissoru tapdığı kimi, rejissor da dramaturqu tapır. Mənə elə gəlir ki, lirik-psixoloji tamaşaların yaranmasında biz bir-birimizi tamamlayırıq…biz bir-birimizin dilini başa düşmüşük. Mən bu əməkdaşlığı hər ikimizin yaradıcılıq uğuru sayıram. Adil İsgəndərovun da, Tofiq Kazımovun da böyük üstünlüyü onların güclü rejis­sor­luq iste’dadına malik olmalarında idi». İ.Əfəndiyev daha sonra yazır ki, bu rejissorların ikinci böyük üstünlüyü isə tamaşaya «nəyi və necə» qoyacaqlarını, tamaşaçıya nə çat­dırmaq istədiklərini özləri üçün dərindən aydınlaş­dırma­ları idi.

İ.Əfəndiyevə görə rejissorun üstünlüklərindən biri də aktyorun daxili imkanlarını kəşf edib üzə çıxarmasından ibarətdir. Əlbəttə, rejissor hər bir aktyorun yaradıcılıq qabiliyyətini, potensial imkanlarını bilməli, onun daxili qüvvəsini, «gizli» bacarığını üzə çıxarmağı bacarmalıdır.

Adil İsgəndərovda belə bir qabiliyyətin olduğunu əya­ni şəkildə görmüş dramaturq xatırlayır ki, «Bahar su­ları»-nda Alxan obrazını Ələsgər Ələkbərova tap­şıra­nda mən buna çox təəccüb edib e’tirazımı bildirdim. Axı, biz Ə.Ələkbərovu əsasən tragik bir aktyor kimi tanıyırdıq. Lakin A.İsgəndərov mənimlə razıla­şmayıb dediyinin üstündə möhkəm dayandı və məni arxayın etdi ki, hər şey yaxşı olacaq…Doğrudan da «Bahar suları» tam­­aşa­sının ən uğurlu yeri Ə.Ələkbərovun Alxan obrazı oldu: «Ələsgər Ələkbərovun yaratdığı Alxan surəti nəinki məni, bütün tamaşaçıları mütəəssir edirdi, heyran qoyurdu…Tamaşaçı onun bütün varlığında, bütün dav­ranışında ata-babaları­mı­zın əzəmətini, mərdanəliyini hiss edirdi».52

Rejissor qarşısında böyük tələblər qoyan İ.Əfən­di­yev qeyd edirdi ki, Akademik Teatrın rejissoru dövrün ən mədəni, mə’lumatlı və qabiliyyətli ziyalısı olma­lıdır. O, yalnız milli ədəbiyyata deyil, həm də dünya dramat­ur­gi­yasına yaxından bələd olmalıdır. «Teatrı xaltura oca­ğına çevirmək sənətə xəyanətdir!»- deyən məqalə müəllifi teatr səhnəsinə zəif əsərlərin gəlməsinin qəti əleyhinə çıxış edirdi. Dramaturqa görə bu, bir tərəfdən teatrı nüfuzdan salırdısa, digər tərəfdən iste’dadlı aktyorların vəziy­yətini ağırlaşdırırdı. Müasir tələblərə cavab verməyən, sənətkarlıq baxımından zəif pyeslərin səhnəyə yol tap­ma­sına rejissor özünün e’tiraz səsini ucaltmalıdır. Zəif əsər lap ilk oxunuşdan müəllifinə qaytarılmalıdır.53

Adil İsgəndərov haqqında yazılmış «Sənətkarın ta­leyi»54 əsərinin əvvəlində oxuyuruq:… «Mənim ürəyimdən qəmli bir hiss keçir ki, nə üçün vaxtilə insanlara dünyanın sevincini də, ali kədərini də hiss etdirən o sənətkardan bu qədim binada heç bir iz qalmamışdır? Axı Azərbaycan teatrının 30 illik parlaq bir dövrü onun adı ilə bağlı olmuşdur». Sonra yazıçı, dramaturgiyaya gəlməsində A.İs­gən­dərovun əvəzsiz xidmətlərini, ona göstərdiyi maddi və mə’nəvi köməyi böyük məmnuniyyətlə yada salaraq fikrini belə davam etdirir: «Mənim düşündüyüm, qısa ştrixlərlə təsvir etdiyim surətləri onun dərhal necə aydın duyduğunu, hətta bə’zən necə vəcdə gəldiyini hiss edirdim. Və bu cəhət, yaradıcılıqda təbiətən vasvası olan məni ruhlandı­rır­dı. Mən onun necə gözəl tamaşalar verdiyini görmüşdüm. Buna görə də indi fikirlərimin onu necə maraqlan­dır­dığını hiss etməyim məni dramaturgiya sahəsində özümə inamımı artırırdı…Mən hiss edirdim ki, o, insan tə­biətinə, sevgi və kədər çalarlarına vaqif bir rejis­sor­dur. O, mənim düşündüyüm surətlər haqqında elə təbii, real qeydlər edirdi ki, onunla razılaşırdım».

Ümumiyyətlə, Adil İsgəndərovu tanıyanlar yaxşı bi­lir­lər ki, onun sənətkar zövqü çox yüksək idi. Aktyorlara qar­şı son dərəcə tələbkar olan rejissor səhnədə baş verən ən xırda detalları, hadisələri belə nəzərdən qaçırmır, onlara qarşı biganə qala bilmirdi. Obrazların dilinə, aktyorların ifa tərzinə xüsusi diqqət yetirirdi. Aktyor ifa­sında saxta bir ştrixi belə dərhal hiss etmək iste’­dadı onda son dərəcə güclü idi. 55

Tənqidçi göstərir ki, Azərbaycan dramaturgiyasının inkişafında da Adil İsgəndərovun xidmətlərini unutmaq olmaz, çünki S.Vurğun, S.Rəhman, M.Hüseyn, M.İbrahimov və başqa azıçıların teatrla ünsiyyətinin yaranmasında əsas səbəbkar A.İsgəndərov olmuşdur.

İ.Əfəndiyev A.İsgəndərovu «nöqsansız rejissor» ad­lan­dırır və onun yaradıcılığındakı bir sıra müsbət key­fiyyətləri qabarıq şəkildə ön plana çəkirdi. Burada əsas məqsəd, onsuz da yüksək iste’dada malik və geniş şöhrət qa­zanmış Adil İsgəndərovu tə’rifləmək deyil, onun iş üsu­lu­nu başqa rejissorlara nümunə göstərməkdən ibarət olmuş­dur.

Məqalə müəllifi özündə olan bir sıra yaxşı keyfiy­yət­lərin formalaşmasında A.İsgəndərovun rolunu qeyd edərək yazırdı: «Əvvəllər məşqlərdə çox oturmağa hövsə­ləm gəlmirdi, ancaq məhz Adilin sayəsində mən məşqlərdə oturmağa nəinki adət etdim, hətta bu mənim üçün mə’nəvi bir tələbə çevrildi. Ona görə də sonralar mən Akademik Te­a­trda oynanılan pyeslərin hamısının məşqlərində əv­vəl­dən axıra qədər müntəzəm surətdə iştirak etmişəm. Aktyor­lar zarafatla məni ikinci rejissor adlandırırdılar».

Maraqlı cəhət odur ki, səhnəmizin korifeyləri M.A.­Əli­yev, S.Ruhulla, Ə.Ələkbərov, H.Qurbanov, İ.Osmanlı, F.Qədri, B.Şəkinskaya, M.Sən’ani və b. sənətkarlar da sənət aləmində qazandıqları uğurlarında A.İsgəndərovun xid­mət­lərini dəfələrlə qeyd etmişlər.

İ.Əfəndiyev A.İsgəndərovun bir üstün cəhətini də qeyd edir ki, o, bə’zi rejissorlardan fərqli olaraq, tamaşanı təhvil verdikdən sonra arxa plana çəkilmir, axıra qədər onun taleyi ilə maraqlanır, onu izləyirdi.

İ.Əfəndiyev Adil İsgəndərovu oxuculara, yalnız ömrü­nün 30 ilini səhər saat ondan gecə saat birə-ikiyə qədər teatrda keçirən görkəmli rejissor, iste’dadlı teatr xadi­mi kimi deyil, eyni zamanda, xeyirxah, mehriban, xoşxasiyyət bir insan, dost kimi təqdim edir və onun haqqındakı xatirəsini belə yekunlaşdırır: «Bə’zən bizlərdən birimiz ürəyimizdən şikayət eləyəndə Adil zarafatla deyirdi: -Qa­dam, ürək adamın harasında olur? Özü isə heç gözlənil­mədən ürəyindən öldü…O, çox sağlam adam idi».

Ömrünün ən kamil dövrünü teatrda keçirən, onun şöh­rətini geniş bir ərazidə yayan, qüdrətli aktyor və iste’­dad­lı dramaturqlar nəslinin yetişməsində əvəzsiz xidmət­lə­ri olan Adil İsgəndərovun vaxtsız ölümünün səbəbi İ.­Əfən­diyevin «…çox sağlam adam idi, ürəyindən öldü» - qı­sa cümləsindəki sətiraltı mə’nada gözəl ifadə olunmuşdur.

Bu da bir həqiqətdir ki, Azərbaycan səhnəsində A.İs­gən­dərovun yaratdığı qayda-qanun, ən’ənə ondan sonra gələn iki böyük sənətkar Mehdi Məmmədov və Tofiq Kazımov tərəfindən uğurla davam etdirilmişdir. Düzdür, bunların özlərinin bədii-estetik görüşləri, dramaturji materialı tamaşaçıya təqdim etmə prinsipləri, aktyorlarla iş metodu bir-birindən fərqli idi. Lakin istər Mehdi Məmmədovun, istərsə də Tofiq Kazımovun səhnə fəaliyyəti Azərbaycan rejissurasında parlaq bir mərhələ təşkil edir.

İ.Əfəndiyevin pyeslərinin tamaşaya qoyulmasında böyük xidməti olan rejissorlardan biri də T.Kazımovdur. Moskvada ali rejissorluq təhsili aldıqdan sonra Bakıya gələn iste’dadlı gənc T.Kazımov 1951-ci ildə Azərbaycan Dövlət Dram Teatrı səhnəsində «Ailə namusu» tamaşa­sını hazırlayır. O, ilk işində parlaq, inandırıcı səhnə­lər və mizanlar yaradaraq iste’dadlı bir sənətkar olduğunu sübut etdi. Bunun ardınca o, «Məzəli hadisə» «Lənkəran xa­nının vəziri», «Sevilya ulduzu», «Vassa Jeleznova» tama­şalarına quruluş vermişdir. A.İsgəndərov, M.Məm­mədov, Ə.Şərifov kimi təcrübəli rejissorlardan sonra Akademik Teatrda işləmək və özünü təsdiq etmək, öz dəst-xətti və iş metodu olan, rejissura sənətinin nəzəriyyə və təcrübəsini mükəmməl öyrənmiş T.Kazımov üçün o qədər də çətin olmadı. 1965-ci ildə tamaşaya hazırladığı «Antoni və Kleopatra» faciəsinin Respublika Dövlət mükafatına layiq görülməsi dediklərimizi bir daha təsdiq edir.

T.Kazımov tarixi mövzulara meyl etsə də müasir pyes­lər üzərində böyük həvəslə işləyirdi.

«Atayevlər ailəsi» T.Kazımovun İ.Əfəndiyevlə ilk bir­gə işi idi. Əsər böyük uğurla tamaşaya qoyulmuş, ədəbi ictimaiyyət tərəfindən hörmətlə qarşılanmışdır. İ.­Əfən­diyev yazır: «Atayevlər ailəsi»nin quruluşu üzə­rin­dəki işdə Tofiqin ilk müvəffəqiyyəti rolları aktyorlar ara­sında çox sərrast bölməsindən başladı. Hansı rolu hansı aktyorun daha təbii ifadə edə biləcəyini düzgün tə’yin etmək hissi, yaradıcılıq intuisiyası Adil kimi, To­fiqdə də çox güclü idi. O, rol bölgüsünü rejissor işində mühüm məsələ hesab edirdi».56

İ.Əfəndiyevin yaradıcılığına T.Kazımovun ikinci mü­raciəti, rejissora daha çox hörmət qazandıran «Sən həmişə mənimləsən» pyesi olmuşdur.

Hər bir aktyorun nəyə qadir olduğunu yaxşı bilən T.Kazımov teatrda Nargilə obrazını oynayacaq bir aktrisa tapa bilmədiyi üçün İncəsənət institutunun tələbəsi Ama­liya Pənahovanı teatra də’vət edir. Bu haqda İ.Əfəndiyev yazır ki, Amaliyanı bir aktrisa kimi Tofiq kəşf etmişdir. Bu onun sənətkarlıq zövqünün yeni bir təzahürü idi və Amaliyanın sonrakı lirik-psixoloji rolların ifasın­dakı müvəfəqiyyətlərində də, bir sənətkar kimi yetiş­məsin­də də Tofiqin əməyi böyükdür.57

«Unuda bilmirəm», «Möhv olmuş gündəliklər», «Bağ­lar­dan gələn səs» pyeslərinin tamaşaları da Tofiq Ka­zımovun yeni yaradıcılıq qələbəsi idi. Akademik teatrın tanınmış aktyorlardan A.Pənahova, H.Turabov, V.Fətul­la­e­va, S.Rzayev, Ş.Məmmədova, F.Poladov və başqa aktyorların iste‘dadlarının parlaq təzahüründə də T.Kazımovun əvəz­siz xidməti vardı. Demək olar ki, bu gənclərin hamısı T.Ka­zımovun rejissor sənətindən bəhrələnərək, onun ta­maşalarında rəngarəng obrazlar yarada-yarada püxtələşib aparıcı aktyor səviyyəsinə yüksəlmişlər.

İ.Əfəndiyev qeyd edir ki, T.Kazımov orijinal, heç ki­mi təkrar etməyən, yaradıcılığı, bədii-estetik duyumu olan, aktyorlarla iş üsulu, personojlara münasibəti xoşa gələn sənətkarlardandır.

T.Kazımov İ.Əfəndiyevin təsvirində, təbiətən şaira­nə və olduqca həssas bir şəxsiyyət idi. İstər əsərdə, is­tərsə də aktyor oyununda psixoloji məqamları dərindən du­yurdu. Yalançı pafosdan, zahiri təmtəraqdan, saxta hərə­kətlərdən bərk acığı gəlirdi və özü də həyatda belə idi. O, həqiqi sənət üçün yaranmış bir iste‘dad idi.

İ.Əfəndiyev uzun illər teatrda müxtəlif rejis­sor­lar­la işləyərkən bu qənaətə gəlmişdi ki, rejissor tama­şaya qoyduğu əsəri dramaturqun özü qədər dərindən duyub hiss etməlidir. Əks təqdirdə, heç vaxt əsər tamaşaçının ürəyinə yol tapa bilməz.


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə