Iv fəSİl bədii – estetik GörüşlƏri




Yüklə 409.55 Kb.
səhifə3/6
tarix22.02.2016
ölçüsü409.55 Kb.
1   2   3   4   5   6

Müəllif başqa bir məqaləsində göstərir ki, son il­lərdə müasir mövzuda yazılmış pyeslərdə güclü müsbət qəhrəman xarakteri az yaradılmışdır. «Çox az! Mən o müsbət qəhrəman xarakterindən danışıram ki, adı Koroğlu kimi, Qaçaq Nəbi kimi dillərə düşsün. Xalqın qəlbində əbədi yer tutsun. Gənclərimizin təmiz duyğularına, nəcib əməllərinə ilham versin. Axı, müasir həyatımızda belə qəhrəmanlar olduğuna yüzlərlə misal göstərmək olar».Çox hallarda yazıçı qəhrəmanı birtərəfli, sönük təsvir edir, onun daxili aləminə girə bilmir, sevinc və kədərini dərindən öyrənməkdə çətinlik çəkdiyi üçün müsbət qəhrəman quru alınır.İ.Əfəndiyevə görə bunun bir səbəbi də ondan ibarətdir ki, yazıçı qəhrəmanını ən adi, zəruri insani keyfiyyətlərdən məhrum edir, o, özünü işdə bir cür, evdə isə başqa cür aparır, arvadı, uşaqları ilə rəsmi iclas di­lində danışır, heç kimin evinə qonaq getmir, məclislərdə gülüb danışmır.14 İ.Əfəndiyev sonra yazır: «Müsbət qəhrəmanların Səməd Vurğunun dramaturgiyasındakı qədər səmimi və parlaq çıxması yazıçı üçün xoşbəxtlikdir».

Görkəmli bir dramaturq olmaq e‘tibarilə İ.Əfəndiyev bu janrın bir sıra nəzəri problemləri, bu sahədə dra­maturqlarımızın uğurları və çatışmazlıqlarından söh­bət açan əsərləri arasında «Azərbaycan sovet dramaturgi­yası»,15 «Teatr və dramaturgiya məsələləri»16 «Cavan dra­maturqlar»17 məqalələri öz dolğunluğu və elmi mülahi­zə­lərin zənginliyi ilə fərqlənir. Müəllif birinci məqa­ləsində yazır: «Müasir dramaturgiyamızdan danışarkən onun tarixi ən‘ənələrini xatırlamamaq mümkün deyil. Böyük Mirzə Fətəli Axundovun öz məşhur pyeslərini yazdığı vaxtdan yüz ildən artıq bir zaman keçir. Bizə ölməz sənət abidələri qoyub getmiş Nizamidən sonra, insan qəlbinin ən nəcib, ən gözəl hisslərini heyrətli dərəcədə dərin və həssas bir ilhamla tərənnüm edən o dahi nəğməkar Füzu­lidən sonra, şəffaf bulaqların incə şırıltısı kimi xoş ahəngli doğma Azərbaycan dilində xalqımızın nikbin ruhunu ifadə edərək ölməz şe‘r parçaları yaratmış o gülər üzlü Vaqifdən sonra Mirzə Fətəli, ictimai fik­rimizin üfüqündə doğmuş yeni və parlaq bir ulduz idi!».18 Tənqidçi böyük sənətkarlıqla və yığcam formada dahi dramaturqun yaradıcılığı ilə oxucuları tanış edir, pula bir büt kimi sitayiş edən Hacı Qara, öz «cinləri» va­sitəsilə Parisi bir anda «yerlə yeksan edərək» yazıq Şə­hrəbanuların ürəyinə vahimə salan Dərviş Məstəli şah, şarlatanlığın klassik nümunəsi olan Qulaməli, ölkəni qəribə bir nadanlıqda idarə edən Lənkəran xanı və bütün bunlarla bərabər Sona, Şahbaz kimi həyatı sevən, özlərinə görə sağlam düşüncəyə malik gənclər birinci dəfə idi ki, Azərbaycan səhnəsinə çıxırdı. İ.Əfəndiyev göstərir ki, M.F.Axundov xalqın inkişafına mane olan qara qüvvələri ədəbiyyatın satira silahı ilə atəşə tutmuşdur. Məqalədə daha sonra oxuyuruq ki, bizim ən yaxşı müasir pyeslərimiz M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi klassik dramaturqların yaradıcılığından qidalanaraq meydana gəlmişdir. Klassik dramaturqlar həqiqəti bəzəyib-düzə­mə­dən, olduğu kimi göstərdikləri, verdikləri dərmanların acı olmasından qorxmadıqları, dram sənətinə bir əyləncə kimi deyil, xalqın yaralarını, nöqsanlarını açıb göstərən müsbət vasitə kimi baxdıqları üçün tənqidçi tərəfindən dönə-dönə yüksək qiymətləndirilirdi. İ.Əfəndiyev klassik sənətkarlara yüksək qiymət verərkən müasir dramaturqları klassiklərə qarşı qoymaq fikrinə düşmür, gənc iste‘­dad­la­rın yaradıcılığı üzərinə qara pərdə çəkmək istəmir, əksinə, onları klassik yazıçılardan nümunə götürməyə ça­ğırır. Ürəkləri xalqla birlikdə döyünən M.F.Axundovun da, Mirzə Cəlilin də, Ə.Haqverdiyevin də pyeslərinin əsas mə­ziyyəti olan xəlqilik öyrənilməli, onlardan nümunə gö­türül­məlidir. Məqalə müəllifi bu fikri də irəli sürür ki, öz xalqının ruhunu ifadə etməyən əsər başqa xalqlara da tə‘sir edə bilməz.

Aydın məsələdir ki, İ.Əfəndiyev klassik yazıçıları gənclərə nümunə göstərərkən heç də onların bir ehkam, fetiş halına salınmasının, onların sənət etalonu hesab olunmasının tərəfdarı deyildi.

Lakin o, klassiklərdən öyrənməyin həmişə olduğu kimi bu gün də çox vacib məsələ olduğunu söyləyir və «Həyat» pyesinin müəllifi M.İbrahimovun adını çəkərək onun C.Cabbarlı ən‘ənələrini böyük bacarıq və yenilik hissilə davam etdirərək zamanın nəbzini tutduğunu qeyd edir. Bu­nunla belə, İ.Əfəndiyev çox haqlı olaraq, Azərbaycan dra­maturgiyasında C.Cabbarlı sənətindən sonra S.Vurğunun pyeslərini mühüm hadisə kimi ön plana çəkib «Vaqif» əsəri üzərində dayanır və onu dramaturgiyada tarixilik problemi ilə əlaqələndirir.

Mə‘lumdur ki, müasir Azərbaycan dramaturgiyasında tarixi mövzuya maraq C.Cabbarlı dövründə daha da art­mış­dır. Müasir mövzuda ölməz əsərlər yazmaqla bərabər, «Od gəlini», «1905-ci ildə», «Trablis müharibəsi», «Ədirnə fəthi» kimi tarixi pyeslər yaratmış C.Cabbarlıdan sonra bu yolu uğurla davam etdirən S.Vurğun olmuşdur. O, «Vaqif», «Xanlar», «Fərhad və Şirin» kimi əsərləri ilə dramatu­r­gi­yamıza yeni parlaq bir səhifə əlavə etmişdir.

İ.Əfəndiyev həmin məqaləsində S.Vurğunun əsərləri­lə yanaşı, tarixi mövzuda yazılmış «Qaçaq Nəbi», «Niza­mi», «Cavanşir», «Dumanlı Təbriz», «Qatır Məmməd», «Şər­qin səhəri», «Madrid», «Od içində» və s. pyeslərin geniş təhlilini verirsə də Azərbaycan xalqının qəh­rə­manlıq mübarizəsini yüksək vətənpərvərlik pafosu ilə əks etdirən «Vaqif» pyesinin üzərinə qayıdır.

Dramaturgiyanın ümumi inkişaf yoluna nəzər salan tənqidçi Azərbaycan yazıçılarının birinci və ikinci qurultayları arasında yaranmış yaxşı əsərləri göstərməklə bərabər, zəif pyeslərə də göz yummur. «Zərif tellər” (S.Axundov), «Çiçəklənən arzular» (M.H.Təhmasib), «Böyük mə­həbbət» (C.Məcnunbəyov) və s. pyeslərdə həyat həqiqət­lə­rinin sönük, birtərəfli təsvir olunduğunu qeyd edən tən­qid­çi sənətkarlıq məsələlərinə xüsusi diqqət yetirir, «nə üçün bir dəsmalın itməsi Otello ehtirasının o dərəcədə qüvvətli təzahür etməsinə dramatik səbəb ola bilir, amma, körpü tikən bir mühəndisin səhvi iclas zalından kənara çıxmır? Nə üçün kiçik bir ailəyə mənsub gilənar bağının satılması Çexov surətlərinin yaranmasına dramatik səbəb ola bilmiş, amma bütün bir kəndin həyatı ilə əlaqədar olan kanal çəkmək məsələsi adi istehsalat mübahisəsindən yuxarı qalxa bilməmişdir».19

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə