Iv fəSİl bədii – estetik GörüşlƏri




Yüklə 409.55 Kb.
səhifə2/6
tarix22.02.2016
ölçüsü409.55 Kb.
1   2   3   4   5   6

Həmin resenziyaların yazıldığı illərdə «Ədəbiyyat qəzeti»ndə şö‘bə müdiri işləyən, sosialist realizmin tə­ləbləri və müasir ideologiya ilə «silahlanmış» gənc tənqidçi Ə.Məmmədxanlının əsərinə qiymət verərkən, onun məzmununa, qəhrəmanların xarakterinə zamanın ictimai tə­ləbləri prizmasından baxmış, əsərin sənətkarlıq məsə­lələrini bir tərəfə qoyaraq, orada ictimai mə‘na, inqilabi pafos və emosiya axtarmış, «yazıçı sevgidən yazanda da ictimai mə‘nanı unutmamalıdır» - tələbini ön plana çək­mişdir.11

Həmin resenziyalarda tənqidçinin irəli sürdüyü bir sıra fikirlərə bu günün ab-havası ilə qiymət versək, onda İ.Əfəndiyevin bir sıra iradları ilə razılaşmamaq olar; bə‘zi tələblərinə görə onu günahlandırmaq mümkündür. La­kin nəzərə almalıyıq ki, hər iki məqalə 1940–cı ilin əv­vəllərində, hələ qələmi püxtələşməmiş gənc bir tən­qidçi tərəfindən yazılmışdır. Bununla belə, təcrübəsiz və gənc olmasına baxmayaraq İ. Əfəndiyev özünün ilk tənqidi mə­qa­lələrində yazıçılar qarşısında bir sıra obyektiv və haqlı tələblər də irəli sürmüş, həmin əsərlərlə əlaqədar olaraq arzu və istəklərini bildirmişdir. «Uşaq yazı­çıla­rının xüsusi istedada malik olmaları», «az sözlə çox mə‘n­a ifadə etmək», «Uşaqlar üçün yazılmış əsərlərin sü­jetinin yığcam olması», «bədii əsərdə həyat hadisə­lərinin real əks etdirilməsi», «obrazların canlı təsviri və özü­nəməxsus xüsusiyyətlərinin verilməsi» və s. bu kimi məsə­lələrdə İ.Əfəndiyev haqlı idi. İlk qələm təcrübələrində irəli sürdüyü həmin mülahizələrini o, sonrakı illərdə yazdığı məqalələrində, çıxış və mə‘ruzələrində geniş­lən­dirmiş, onların elmi- nəzəri tutumunu daha da artır­mış­dır.

Ümumiyyətlə, İ.Əfəndiyev nəzəri- tənqidi məqalələr ya­zarkən, həmişə müasir tələblərə cavab verməyə çalışmış, dövrün nəzəri-estetik fikrinin ön cərgəsində getməyə sə‘y göstərmiş, «yazıçı zamanı, tənqidçi isə yazıçını qabaq­la­malıdır» prinsipinə əsaslanaraq nəzəri fikirdən geri qal­­mamağa çalışmışdır. O, bir tərəfdən Azərbaycan ədə­biyyatının ümumi inkişafından, yazıçıların həyat və ya­ra­dıcılığından, ayrı-ayrı əsərlərin sənətkarlığından söh­bət açmaqla yanaşı, eyni zamanda nəzəri məsələlər haq­qın­da da qiymətli fikirlər söyləmişdir.İ.Əfəndiyev bir ədə­biyyatşünas-tənqidçi kimi yazıçıların uğurlarından fə­rəhlə danışdığı kimi, gözə çarpan çatışmazlıq və nöq­san­lara da göz yummamış, onları ciddi şəkildə tənqid etmiş­dir.

Yaradıcılığının müxtəlif dövrlərində çap etdir­diyi «Azərbaycan sovet dramaturgiyası», «Nəsrimizdə isteh­salat sahələrinin təsviri», «Cavan dramaturqlar», «Sovet yazı­çılarının Üçüncü Ümumittifaq qurultayı və ədə­biy­ya­tımızın vəzifələri», «Geniş yaradıcılıq üfüqləri», «Ədə­bi tənqidimiz barədə bə‘zi fikirlər», «Yüksək bə­di­ilik və müasirlik» adlı məqalə və çıxışlarında İ.Əfən­diyev Azərbaycan ədəbiyyatının ümumi inkişaf mənzərəsini verməyə ça­lışır, çoxlu nəzəri mülahizələr irəli sürür, bədii əsərləri təhlil edir .

«Sovet yazıçılarının Üçüncü Ümumittifaq qurultayı və ədəbiyyatımızın vəzifələri» sərlövhəli, iri həcmli məqaləsi12 bu baxımdan nəzəri cəlb edir. Ədəbiyyatımızın son illərdə əldə etdiyi müvəffəqiyyətlərdən söhbət açan yazıçı bir sıra məsələlərlə bərabər, müsbət qəhrəman probleminə də toxunur. Yazıçıların bu sahədəki təqdirə­layiq əsərləri üzərində dayanan tənqidçi, ölkədə aparılan nəhəng quruculuq işləri müqabilində yaranmış tə‘sirli əsərlərin və müsbət qəhrəmanların kifayət qədər olma­dığını qeyd edir «son dövr ədəbiyyatımızda ürəkləri sar­sıdan, oxucunu valeh edən müsbət qəhrəman surəti çox az yaranmışdır». Məqalə müəllifi daha sonra qeyd edir ki, «istər nəsrimizdə və şe‘rimizdə, istərsə də dramatur­giyamızda elə müsbət qəhrəman surətlər vardır ki, sən onların işinə, xətt-hərəkətinə, həyata keçirmək istədiyi ideyaya heç bir irad tuta bilmirsən. Lakin bununla bərabər onu bizim arzu etdiyimiz həqiqi müsbət qəhrəman surəti hesab etmək mümkün deyil. Ona görə mümkün deyil ki, ürəyinə yatmır, səni özünə məftun edə bilmir, qəlbinin dərin­liklərində heç bir təlatüm yaratmır».13

Tənqidçi, ədəbiyyatımızda dolğun müsbət qəhrəman su­rə­tinin yaranmasına konfliktsizlik nəzəriyyəsinin mənfi tə‘sirindən söhbət açarkən bir məsələyə də diqqət yetirir ki, bu «nəzəriyyə» ifşa edildikdən sonra, bə‘zi yazıçılar xeyli ifrata vardı, onlar həddini aşaraq elə əsərlər ya­ratdılar ki, burada həyatda rast gəldiyimiz nöqsanlar üfü­rülüb şişirdildi, müsbət qəhrəmanlar isə kölgədə qaldı. Beləliklə, həyat həqiqəti yenidən və daha pis şəkildə təhrif olundu.

Tənqidçi belə bir tələb də irəli sürür ki, bədii surət olmaq e‘tibarilə mənfi obraz da güclü və dolğun təsvir edilməlidir. Lakin yazıçı müsbət qəhrəmanı daha qüvvətli, xeyirxah, bəşəri keyfiyyətlərin daşıyıcısı kimi göstər­məli, əsərdə ona daha geniş meydan verməlidir.

İ.Əfəndiyev ədəbiyyatımızda 50-ci illərdə yaranan bir sıra əsərlər üzərində dayanır, xüsusilə H.Seyid­bəy­linin «Telefonçu qız» povestinin qəhrəmanı Mehriban, B.Bayramovun «Mən ki gözəl deyildim» əsərindəki Qəndab, Əbülhəsənin «Tamaşa qarının nəvələri»ndə İkram surət­ləri ətrafında öz fikirlərini əsaslandırır.Bu obrazlar ona görə tənqidçinin diqqətini cəlb edir ki, onlar sanki xeyirxah arzular, nəcib əməllər üçün doğulmuşlar. Paxıl­lıq, ikiüzlülük, xudpəsəndlik onların təbiətinə yad­dır. Birgə yaşayıb yaratdıqları kollektiv onlar üçün nə qədər doğma, nə qədər əzizdir. «Bu əsərlərdə aktual mövzular, yeni konfliktlər təsvir edilmişdir.Qələmə alınmış obrazlar da ədəbiyyatımız üçün təzədir» - deyən yazıçı qeyd edir ki, bizim müsbət qəhrəmanlarımızın keçdiyi şərəfli yol xalqımızın mübarizə tarixidir. Ədəbiyyat heç vaxt xal­qımızın nəcib işlərindən kənarda qalmamışdır. Ona görə də ədəbi əsərlərimizin müsbət qəhrəmanları xalq içəri­sindən çıxmış sadə, nəcib, yüksək insani keyfiyyətlərə malik adamlar olmalıdır».

Lakin tənqidçi «Tamaşa qarının nəvələri» əsərin­dəki İkram kimi yüksək şüura malik bir obrazın oxuculara «tam hazır şəkildə» təqdim edilməsinə öz narazılığını bildirir, İkramın belə bir səviyyəyə çatana qədərki inki­şaf yolunun göstərilməməsi tənqidçini qane etmir. Tənqid­çi qeyd edir ki, İkram kimi obrazın varlığına, hərəkət­lərinin reallığına şübhə etməsən də, onu yetişdirən, daxili aləmini idarə edən, qüvvəni dərindən duyub dərk etmək istəyirsən. İ.Əfəndiyevə görə «Telefonçu qız», «Ta­maşa qarının nəvələri», «Mən ki gözəl deyildim» po­vest­lərinə təravət verən oradakı obrazların sadə, canlı təs­viridir.Tənqidçi yazır ki, göydəndüşmə mənfi tiplər, hə­yatımız üçün xarakterik olmayan qəhrəmanlar ədəbiyyata gətrilməməlidir, çünki biz oxucuları müsbət qəhrəmanlar, yaxşı nümunələr əsasında tərbiyələndirməliyik.

1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə