Iv fəSİl bədii – estetik GörüşlƏri




Yüklə 409.55 Kb.
səhifə1/6
tarix22.02.2016
ölçüsü409.55 Kb.
  1   2   3   4   5   6


IV FƏSİL
BƏdii – estetik GörüşlƏri

Böyük iste‘dada, geniş dünyagörüşə və intellektual səviyyəyə malik olan İlyas Əfəndiyev əlinə qələm aldığı 30-cu illərdən ta ömrünün son günlərinə qədər, bədii əsərlər yazmaqla yanaşı, publisistik məqalələrlə, klassik və müasir yazıçılarımızın yaradıcılığı haqqında ədəbi-tən­qidi yazılarla, yeni kitablar və kino filmlər haqqında resenziyalarla, ədəbiyyat və incəsənətin digər sahələrinə aid sanballı əsərlərlə dövri mətbuat səhifələrində mün­təzəm çıxış etmişdir. Bədii yaradıcılığında olduğu kimi ədəbi-tənqidi fəaliyyətində də janr və mövzu məhdudluğunun nə olduğunu bilməyən İ.Əfəndiyev klassik yazıçılarımızla bərabər gənc ədəbi qüvvələr haqqında, həm poeziya nümunələri, eyni zamanda, həm də nəsr əsərləri barədə də fikirlər söyləmişdir. O, musiqi və kinonun, teatr və rəssamlığın müxtəlif sahələri haqqında məqalələr yazmaqla bərabər, günün vacib məsələlərinə öz münasibətini bildirmiş, aktual mövzulardan heç vaxt yan keçməmişdir. Onun maraq dairəsi çox geniş idi. Pambıq yığan tarla zəhmətkeşlərinin, neft çıxaran fəhlələrin, yeni binalar ucaldan inşaatçıların fəaliyəti yazıçının diqqət mərkəzində olmuşdur. Şuşanı və Göy gölü tərənnüm etməklə yanaşı, Quba və Lənkəran əməkçilərinin vəziyyətinə laqeyd qala bilməyən yazıçı, onların əməyini də bir publisist kimi yüksək qiymətləndirmişdir. Lakin bütün bu mövzu müxtəlifliyinə baxmayaraq, İ.Əfəndiyev bir yazıçı kimi ədəbiyyat və sənətin aktual problemləri ilə daha çox maraqlanmışdı.

Ümumiyyətlə, ədəbiyyat və sənət bir tədqiqat obyekti və yaradıcılıq meydanı olmaq e’tibarilə yazıçı üçün müx­tə­lif istiqamətli, zəngin mövzulu və predmetli, elmi-nəzəri mülahizələr söyləməyə imkan verən çoxcəhətli tədqiqat sahəsi idi. Ədib bu «obyektin» bütün predmet və sahələri ilə dərindən maraqlanmış, onları dərindən tədqiq etməyə, haqqında fikir söyləməyə həmişə ehtiyac duymuşdu. Yazıçı hər şeydən əvvəl, bir nasir və dramaturq kimi bu janrların nəzəri və praktiki məsələləri ilə maraqlanmış, daha sonralar mədəniyyət və sənətin başqa sahələri də onun diqqətini cəlb etmişdir.

Azərbaycan ədəbiyyatının ümumi inkişaf problem­lə­ri, nəsr, dramaturgiya və poeziyanın vəziyyəti, ədəbiyyatın yüksək ideyalılığı uğrunda, müsbət qəhrəman, konflikt­siz­lik nəzəriyyəsi, müasirlik və tarixilik, sənətkarlıq və s. mövzularda məqalələr yazmış ədib, eyni zamanda Nizami və Füzuli , M.F.Axundov və C.Məmmədquluzadə, C.Cabbarlı və S.Vurğun, M.Hüseyn və Ə.Vəliyev haqqında qiymətli fikirlər söyləmiş, həm də yazıçılarımızın «Müsibəti Fəxrəddin», «Fəryad», «Kəndçi qızı», «Böyük dayaq», «Qara daşlar», «Mə­nim analı dünyam», «Zümrüd quşu» və digər bədii əsər­lərindən söhbət açmışdır.

Yazıçının tədqiq və tənqid obyekti yalnız Azərbaycan ədəbiyyatı və mədəniyyəti olmamışdır. Öz üzərində mün­təzəm işləyən və bunu qələm dostlarına da tövsiyə edən İ.Əfəndiyev dünya ədəbiyyatının ən görkəmli nümayəndə­lərinin yaradıcılığı ilə tanış idi. Onun müxtəlif xa­rakterli məqalə və çıxışlarında Şekspir, Dostoyevski, Tolstoy, Heminquey, Remark və digər klassiklər haqqında qiymətli mülahizələrə rast gəlmək mümkündür.

Bir tənqidçi və ədəbiyyatşünas kimi İ.Əfəndiyev yalnız bədii ədəbiyyatla deyil, həm də, yeri düşdükcə, musiqi , kino, rəssamlıq, rejissor və aktyor sənəti, tə’lim və tərbiyə problemləri v s. haqqında orijinal fikirlər irəli sürmüş əsərlərinin əhəmiyyəti və aktuallığı bu gün də azalmamışdır.

Əlbəttə, İlyas Əfəndiyevin ədəbi-tənqidi və estetik görüşlərindən söhbət açmadan onun çoxsahəli yara­dıcı­lığı haqqında tam və ətraflı təsəvvür əldə etmək qeyri mümkündür. Çünki yaradıcılığının ilk illərində «Yeni yol», «Kommunist», «Ədəbiyyat qəzeti»ndə bir publisist kimi fəaliyyətə başlayan, ilk məqalə, hekayə, oçerk və resen­zi­yaları ilə oxucuların diqqətini cəlb edən yazıçının bə­dii yaradıcılığı ilə ədəbi-estetik görüşləri biri di­gərilə sıx bağlı olub eyni bir təfəkkür sahibinin, bir mü­əl­lifin yaradıcılıq məhsuludur və onlar bir-birini tamamlayır.

İ.Əfəndiyevin yaradıcılığının ilk illərində qələ­mə aldığı «Buruqlar arasında», «Bataqlıq saldatları», «Aşağı mətbuata rəhbərliyi canlandıraq», «Berlində bir gecə», «Vətən sevgisi», «Namuslu fəhlələrin sayını çoxal­daq», «Azərbaycan uşaq yaradıcılıq olimpiadası», «Özbək musiqi, mahnı və rəqs ansamblı Bakıda» kimi yazılarının mövzu və janr müxtəlifliyi diqqəti cəlb edir. 1940-cı ilə qədər yazılmış bu ədəbi-publisistik parçalarda gənc yazıçı günün aktual problemlərinə toxunur, ədəbiyyat və mədəniyyətin ayrı-ayrı məsələlərindən söhbət açırdı.

Təbii ki, bu yazılar, yaradıcılıq yollarında ilk ad­dımlarını atan gənc yazıçının hələ tam püxtələşməmiş qələminin məhsulu idi, orada qoyulan məsələrin sadəliyi, informatik səciyyəsi nəzərə çarpsa da, müəllifin təzə söz deməyə çalışması, oxucu ilə ünsiyyət yaratmağa can atması da diqqəti cəlb edir.

Sənət yollarında hələ öz yerini tapmayan, bu yolda axtarışlarını uğurla davam etdirən İ.Əfəndiyevin həmin yazılarında diqqəti cəlb edən əsas cəhətlərdən biri insan amilinin ön plana çəkilməsi, yazıçı dilinin sadəliyi, eyni zamanda maraqlı peyzaj və canlı həyat lövhələri yarada bilmək bacarığıdır.

Unudulub yaddan çıxmış həmin yazılardan danışarkən bir məsələni də qeyd etmək lazımdır ki, İ.Əfəndiyev ilk qələm təcrübələrinin heç birini sonrakı illərdə nəşr etdirdiyi kitablara daxil etməmiş, onların ayrıca bir kitab halında çapına da s’əy göstərməmişdir. Yəqin bu sə­bəbdəndir ki, həmin yazılar unudulub yaddan çıxmış, ədə­bi-tənqidin nəzər-diqqətindən yayınmışdır. İ.Əfən­di­yevin həyat və yaradıcılığı haqqında tədqiqat əsərləri və kitab­lar yazmış müəlliflərin heç biri yazıçının ilk hekayəsi, oçerki, məqaləsi və resenziyasını tədqiqata cəlb etməmiş, onlar haqqında heç bir fikir söyləməmişdir.

Yazıçının ilk mətbu əsəri, oxucularla birinci ünsiy­yəti olan «Buruqlar arasında» oçerkində İ.Əfəndiyev Bakı neftçilərinin fədakar əməyindən söhbət açmazdan əvvəl Bakı səhərini belə təsvir edir: «Sularda səhər günəşinin qızıl saçları titrəyir, qara mazutlu kaçalkalar hey qalxıb enir… Bunların qaramtıl gövdələri sakit bir əzəmətlə dayanmışdır. Ara-sıra avtomobil tırıltısı eşidilir. Bu­ruqlar arasında gülər üzlü insanlar görünür, şən söh­bətlər eşidilir. Hər gülər üzdə zəhmətə dərin sevgi hissi duyulur. Qalibiyyət eşqilə ürəklər döyünür. Burada həyat bu­laq kimi qaynayır».1 Yazıçı sonra, vətənə çoxlu neft ve­r­mək üçün vicdanla çalışan «mərd ürəkli»“ fəhlə­lər­dən, təbiətin hər cür şıltaqlıqlarına sinə gərən, onu özlərinə tabe edən Fərmanov, Ağasıyev, Kulikov kimi gənclərdən söhbət açır.

«Xalq işinin yetirmələri»2 adlı yazısında İ.Əfən­diyev Samur-Dəvəçi kanalında çalışan əmək qəhrəman­larının fədakarlığından söhbət açaraq, əməyin yenilməz­liyini böyük ilham və məhəbbətlə tərənnüm etmişdir. Ya­zıçı burada çalışan fəhlələrin yaradıcı əməyini M.Qor­kinin «Artamonovların işi», «Foma Qordeyev», «Tunel» əsərlərinin qəhrəmanlarının əzablı və yorucu zəhməti ilə müqayisə edir. Yazıçı qardaş Dağıstanın sərhəddindən Abşerona axıdılacaq Samur sularının gözəl nətic­ələ­rini, şoran çöllərdə yaşıl çəmənliklərin yaradılacağı günlərin uzaq olmadığını söyləyir. Müəllif göstərir ki, böyük Fərqanə kanalı və bizim Samur - Dəvəçi kanalı indiyə kimi tanış olmayan yüzlərlə, minlərlə əmək bahadır­larını üzə çıxartdı və onlar indi bədii əsərlərin qəhrə­manlarına çevrilmişdir.

Əməyin tərənnümünə həsr olunmuş «Xalqın böyük hü­nəri»3 adlı iri həcmli məqaləsində yazıçı 30 minlik əmək ordusunun torpağa hücum etməsindən söhbət açır, min illərlə suya həsrət qalmış insanların təbiətlə mübari­zə­sinin hələ çox qədimlərdən başlandığını qeyd edir, acı yovşanlar bitən, zəhərli ilanların yatağı olan bu çöl­lər­də suyun gəlməsi ilə təbiətin dəyişiləcəyi, şoran tor­paqların əlvan bir xalıya çevriləcəyi, yaşıl ağaclarda oturmuş bülbüllərin şən mahnılarının eşidiləcəyini yada salan yazıçı xalqın yaradıcı əməyini ilhamla təsvir və tərənnüm edir.

«Vətən sevgisi»4 yazısında isə ədib tamam başqa bir məsələyə-vətəni müdafiə etmək üçün yola düşən gənc ça­ğırışçıların müqəddəs hisslərinə münasibətini bildi­rir. Müəllif qeyd edir ki, vətənin müdafiəsi gənclərin qarşısında duran ən ali, ən müqəddəs vəzifələrdən bi­ridir. Oğul böyüdən hər bir ailə ən əvvəl onu başa sal­malıdır ki, sənin birinci borcun vətəni müdafiə etməkdən ibarətdir. Yazıçı bunu da yada salır ki, əsgərlərimiz fiziki cəhətdən sağlam olmaqla bərabər, Həm də silahla, hərbi texnika ilə yaxşı davranmağı bacarmalıdır. Yola düşməyə hazırlaşan «üzü gülər», «ürəkləri sevinclə dolu» gənclərin ülvi hisslərini tərənnüm edən İ.Əfəndiyev vətən sevgisinin müqəddəsliyindən söhbət açır, məqaləsini bir bəndlik şe’rlə bitirir:

Gözəl vətən, gözəl ana!

Sən çıraqsan, mən pərvanə!

Döşlərindən süd əmmişəm,

Qurban olsun ömrüm sənə!

İ.Əfəndiyevin Ə.Bəbirlə birlikdə yazdığı «Bataqlıq saldatları»5 məqaləsi o illərdə Bakı kino-teatrlarında nümayiş etdirilən və tamaşaçıların maraqla baxdıqları eyni adlı filmə həsr olunmuş resenziyadır, Alman fa­şist­lərinin ağlasığmaz vəhşiliklərinə, gestapo zülmünə qarşı mübarizə aparan alman zəhmətkeşlərinin düşmənə nifrətini əks etdirən bu filmdə cərəyan edən hadisələr yazıçını da qəzəbləndirmişdir. Kino sənətinin imkan­larından, filmin tamaşaçılara etdiyi tə’sirdən söhbət açan resenziyada yazıçı, güllələnməyə məhkum olunmuş fəhlə Paulun həbsxana divarları arasında apardığı mübarizəsini qələmə alır və tamaşaçılarda 3-cü Reyxə qarşı nifrət oyadır.

İ.Əfəndiyevin mədəniyyətin və incəsənətin müxtəlif sahələrindən bəhs edən «Azərbaycan respublika uşaq yara­dı­cılığı olimpiadası» 6 və «Özbək musiqi, mahnı və rəqs ansamblı Bakıda»7 məqalələri diqqəti cəlb edir.

Bakıda təşkil edilmiş birinci Respublika uşaq yara­dıcılığı olimpiadasının yekun konsertindən söhbət açan məqalədə müəllif, rəngarəng çıxışları ilə zəhmətkeş­ləri heyran edən uşaqların uğurlarından bəhs edir, bu toplantının geniş təsvirini verir, Göyçay, Zaqatala, Salyan və s. rayon məktəblərinin qələbəsini göstərməklə bərabər, olimpiadanın təşkilində və gedişində rast gəldiyi bə’zi nöqsan və çatışmazlıqları da göstərir.

Bə’zi rayonlarda uşaq yaradıcılığına soyuq münasibət bəslənildiyi, bu işə lazımı fikir verilmədiyi müəllif tərəfindən tənqid edilir, uşaqların həyatından bəhs edən şe’rlərin azlığı pislənilir. Azyaşlı uşaqların ifa et­dikləri şe’r və mahnıların, onların yaşlarına uyğun gəl­məməsi, aşıq mahnılarının aşağı səviyyədə ifası, bə’zi kollektivlərin səviyyəsiz çıxışları müəllifi razı sal­mır.

«Özbək musiqi, mahnı və rəqs ansamblı Bakıda» yazı­sında qardaş özbək xalqının incəsənətinə münasibət, gö­zəl sənəti ilə Bakı əhalisinin zövqünü oxşayan, geniş şöhrət qazanmış dörd yaşlı ansamblın çıxışlarına yük­sək qiymət verilir. «İstər mahnılarda, istərsə də rəqs­lərdə biz özbək xalqının milli ruhunu, onun ürək çır­pıntılarını, nəcib duyğularını, kədər və sevincini hiss edirik»- deyən yazıçı nikbin ruhlu mahnıları «insanın qəlbini sevinc və fərəh duyğuları ilə qanadlandırdığını» göstərən ayrı-ayrı nömrələr haqqında öz fikrini bildirir, özbək xalqının musiqi alətləri üzərində dayanır, insan mənəviyyatına musiqinin müsbət tə’sirini göstərir. Məqalənin sonunda, xalqların bir-birinə yaxınlaşmasında incəsənətin rolu və əhəmiyyəti qed edilir.

İlyas Əfəndiyevin 40-cı illərə qədər yazdığı məqalə­lərini nəzərdən keçirərkən belə bir qənaətə gəlmək olar ki, yazıçı ilk yaradıcılıq illərində ədəbiyyatda öz yerini tapmaq üçün ciddi axtarışlar aparmış, jurnalist kimi fəa­liyyətə başlamış, söz sənətinin hekayə, oçerk, məqalə , reseziya növlərinə müraciət etmiş, onları dövri mətbuat səhifələrində dərc etdirərək sözünü oxuculara çatdır­mış­dır.

Ümumiyyətlə, uzun yaradıcılıq yolu keçmiş, ədəbiyyat, teatr, kino, rəssamlıq, dil, tə’lim-tərbiyə və s. məsələlərə aid 400-dən çox elmi – nəzəri və publisistik məqalə yazmış İ.Əfəndiyevin ədəbi-estetik görüşlərini təxminən aşağı­dakı üç əsas bölmədə qruplaşdırmaq olar: a/ Bədii ədə­biyyat haqqında düşüncələr; b/teatr və səhnə sənəti; v/ elm,mədəniyyət və incəsənətə dair fikirləri.

Ədib bu sahələrin hər biri haqqında onlarla məqalə yazmışdır.Müxtəlif illərdə və müxtəlif elmi səviyyədə yazılmış bu əsərlərin hamısını indi yüksək sənət nümunəsi hesab etmək olmaz. Çünki bunların bir qismi hər hansı bir ictimai-siyasi hadisə ilə əlaqədar yazılmış, bə’ziləri yubiley xarakteri daşıyır, digərləri isə öz elmi və siyasi dəyərinə görə köhnəlmişdir və s. Lakin, bütün bunlara baxmayaraq, həmin yazıların hər birində yazı­çının ədəbiyyat və incəsənətin ayrı-ayrı problemlərilə əlaqədar fikirlərinə rast gəlmək mümkündür.

Mə’lumdur ki, H.Araslı, M.Arif, M.Cəfər, F.Qasım­za­də, M.Rəfili, Ə.Ağayev, Ə.Mirəhmədov, K.Talıbzadə, B.Nə­biyev, Y.Qarayev v s. peşəkar tənqidçilərlə bərabər M.Hüseyn, M.İbrahimov, Mir Cəlal, B.Vahabzadə, Q. Qasımzadə, İ.Şıx­lı və b.yazıçılar da ədəbi-tənqidlə məşğul ol­muş­lar. İlyas Əfəndiyev də ədəbi tənqidin inkişafında müəyyən xidmətləri olan yazıçılardan biridir. «Hər nə yazmı­şamsa səmimi yazmışam» - deyən ədib tənqidçi kimi də ob­yektiv olmağa çalışmış, haqqında fikir söylədiyi əsər­lərin yaxşı və pis tərəflərini dəqiq şərh etməyi özünün əsas vəzifəsi hesab etmişdir. İ.Əfəndiyev məqalələrinin birində yazırdı: «Tənqidçinin həqiqi sənətkarı kəşf etməsi Kolumbun Amerikanı kəşf etməsi qədər maraqlı bir hadisədir…Lakin bir həqiqət də vardır ki, bə’zən elə tənqidi yazılara rast gəlirik ki, orada zəif yazılar, heç bir bədii dəyəri olmayan əsərlər tə‘riflənir… Sənətin amansız bir qanunu var: zəif əsər, pis əsər nə qədər tə‘riflənirsə-tə‘riflənsin, nə qədər qaldırılır-qal­dı­rıl­sın, kimsəyə lazım olmayan, cansız bir şey olaraq qalır».8 Yazıçı İ.Əfəndiyev həmişə sənət həqiqətlərinə söykənən tənqidçi kimi çıxış etməyə üstünlük vermişdir.

Lakin bir həqiqəti də açıqca e’tiraf etməliyik ki, İ.Əfəndiyevin yaradıcılığının ilk mərhələsinə aid bədii-estetik fikirlərinin ümumi miqyası və elmi dəyəri bə’zi hallarda M.Hüseyn, M.İbrahimov, Mir Cəlal kimi yazıçı-tənqidçilərin, yazıçı- araşdırıcıların nəzəri müla­hizə­ləri səviyyəsində olmurdu.

Bununla belə müxtəlif illərin yaradıcılıq məhsulu olan həmin nəzəri-tənqidi məqalələr İ.Əfəndiyevin ədə­biyyat və sənət dünyası haqqında doğru-düzgün təsəvvür əldə etmək üçün ilk mənbə olmaq e’tibarilə əhəmiyyətlidir.



1. ƏdƏbiyyat haqqında düşüncƏlƏr

İ.Əfəndiyevin ədəbiyyat haqqındakı mülahizələri tək­cə Azərbaycan söz sənəti ilə məhdudlaşmır. Lakin o, yaxın və uzaq xarici ölkə xalqlarının ədəbiyyatı haqqında da müəyyən qiymətli fikirlər söyləmişsə də, daha çox milli ədəbiyyatımız haqqında yazmışdır. Bu sahədəki ilk ad­dımlarını yazıçı 1940-cı ildə Cahanbaxşın “İntiqam” və Ə.Məmmədxanlının «Əfsanəli dağlar» kitablarına yazdığı resenziyaları ilə başlamışdır. Bu məqalələr, hər şeydən əvvəl, ədibin Azərbaycan ədəbiyyatı haqqında ilk fikirləri olmaq nöqteyi-nəzərindən diqqəti cəlb edir.

Əfəndiyev «İntiqam» adlı məqaləsində9 Cahan­bax­şın eyni adlı əsərinə yüksək qiymət verir, kitabın bir sıra məziyyətlərini göstərir. «Uşaqlar üçün yazılmış bə‘zi baş­qa kitablarda olan hadisələrin mürəkkəbliyi, ifadə ağır­lığı bu əsərdə yoxdur. Əsərin dili sadə, şirin və uşaq­ların ifadə tərzinə uyğundur… həcmcə çox kiçik olmasına baxmayaraq «İntiqam» uşaqlar üçün yararlı, tamamlanmış bir əsərdir» -deyən yazıçı əsərin qısa məzmununu ver­dik­dən sonra kitabın xoşa gələn cəhətlərini açıb göstərir, «əsərin maraqlı və yığcam bir süjet üzərində qurulduğunu», «hər iki qəhrəmanın-Əhməd və Kaştanın xarakterik xü­su­siyyətlərə malik olduğunu» qeyd edir. Uşaqların tərbiy­yə­sin­də əsərin rolundan danışan İ. Əfəndiyev məqaləni belə yekunlaşdırır: «Cahanbaxş yoldaş, bu əsərlə uşaq psi­xo­lo­giyasına, dilinə bələdliyini, uşaqlar üçün yazmaq baca­rığına malik olduğunu göstərmişdir. Görünür ki, Cahan­baxş uşaqlar üçün yaxşı əsərlər yaza bilər».

Ə.Məmmədxanlının «Əfsanəli dağlar» kitabı haqq­ın­da yazdığı rə‘yində10 isə İ.Əfəndiyev əsəri ciddi tənqid edir, «orada real həyatın olmadığını», ictimai həyatdan ay­rılıb əfsanəvi dağlarda yaşayan qəhrəmanların həyatı «bir günlük ömür sürən alabəzək kəpənəklərin həyatına bən­zəyir, onlar göyərçin kababı yeyib sevgi nəğmələri oxumaqdan başqa heç nə etmirlər» -deyərək əsəri tənqid edir.Əsərin sonluğu da tənqidçiyə xoş gəlmir, müəllif hekayənin axı­rına qondarma bir parça əlavə etmişdir, əsərin qəh­rə­man­larından biri olan ovçu çoxlu kitab götürüb «bunları mən əfsanəvi dağlara aparmalıyam, orada kitab yoxdur» -deyir



30-40-cı illərin tələblərindən doğan, hər bir bədii əsərdə ictimai pafos axtaran məqalə müəllifi yazır: «Ən­vər yoldaşın hekayəsindəki emosiya ancaq və ancaq formaya xidmət edir. O dərin, ictimai analizdən, obyektiv varlığın hərtərəfli düzgün qələmə alınmasından doğmur. Buna görə də belə emosiya ucuz effektlidir… Yazıçı hekayənin xarici görünüşünü bəzəməyə çalışaraq, məzmun dərinliyini, ide­ya sağlamlığını unudur, təmtəraqlı ifadələr quraşdır­mağa başlayır, mümkün qədər gurultulu sözlər seçməyə çalışır».
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə