İstifadə olunmuş ədəbiyyat




Yüklə 126.31 Kb.
tarix20.04.2016
ölçüsü126.31 Kb.


Plan
Giriş

I fəsil Ərəb xilafətinin ictimai quruluşu

II fəsilƏrəb xilafətinin dövlət quruluşu

Nəticə

İstifadə olunmuş ədəbiyyat



Giriş

Ərəblərin vətəni Asiyanın cənub-qərbində olan böyük Ərəbistan yarımadası idi.Yarımadanın çox hissəsi quru çöllər və yarımsəhralardır.Köçəri ərəblər-bədəvilər dəvə,qoyun və at saxlayırdılar.Onlar öz sürüləri ilə birlikdə qaba otlar və kolluqlarla örtülü səhralarda köçəri həyat sürürdülər.

Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar.Tayfanın otlaq yeri ümumi idi.Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi.Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri –toqquşmaları olurdu.Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu.Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı.Hər bir tayfa öz allahına inanırdı , səcdə edirdi.Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi.

Hər bir tayfanın başçısı vardı,onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir,köç üçün yer seçir,nəsil üzvlərini mühakimə edirdilər.Bədəvi əyanlarının böyük mal-qara sürüləri vardı.Onların dəvələri və cins at ilxıları suya yaxın olan ən yaxşı örüşlərdə otlayırdılar.Tayfa başçıları və onların yaxın qohumları əsirləri qul kimi işlədirdilər.Onlar vahələrdə tarlaları suvarmaq üçün kəhrizlər və kanallar qazır,çöllərdə sürüləri otarırdılar.

VII əsrin əvvəlində ərəblərdə nəsil quruluşu dağıldı.Bu zaman əyanlar yoxsullar üzərində öz hakimiyyətlərini möhkəmləndirmək və qonşu ölkələrin işğalına başlamaq üçün ərəb tayfalarını birləşdirməyə çalışırdılar.Yeni din-islam dini ərəblərin birləşməsində kömək etdi.İslam dinin banisi Məhəmməd Peyğəmbər idi.O, kiçik yaşlarında yetim qalmışdı.Səyahətlər zamanı ticarət karvanlarına sarbanlıq etmiş, sonralar tacir olmuşdur.Məhəmməd Peyğəmbər iddia edirdi ki, hər şeyə qadir olan vahid allahdan başqa heç bir allah yoxdur.O, özünü “allahın elçisi” adlandırırdı.O, ərəbləri vahid dini qəbul edərək öz aralarındakı düşmənçiliyə son qoymağa və birləşməyə çağırırdı.Çox keçmədən onun ardıcılları da meydana gəldi.Yeni dini qəbul edənlər özlərini müsəlman ,yəni “allaha itaət edən” adlandırırdılar.

Təqribən 630-cu ildə ərəb tayfalarının çoxu İslam dinini və Məhəmmədin hakimiyyətini qəbul etdilər.İtaət göstərməyənlərin müqavimətini isə onlara qarşı göndərilən silahlı dəstələr qırdı. Məkkə İslam dininin mərkəzinə, müsəlmanların “ müqəddəs şəhəri”nə çevrildi.Məhəmməd Peyğəmbər dövlətin və müsəlman dininin başçısı oldu.

Beləliklə, bərabərsizliyin meydana gəlməsi və siniflərin yaranması ilə ərəblərdə dövlət yarandı.

Məhəmməd Peyğəmbərin ölümündən az sonra müsəlmanlar bütün Ərəbistanı özlərinə tabe etdilər.Ərəb dövlətini xəlifələr idarə edirdilər.

Ərəblər qısa müddət ərzində Bizansın ən zəngin əyalətləri olan Suriya və Misiri ələ keçirdilər,geniş ərazili İran şahlığını işğal etdilər.Bunun ardınca Zaqafqaziya və Orta Asiyanı öşğal edən ərəblər şimal-qərbi Hindistana soxuldular.

Beləcə ,VII əsrdə və VIII əsrin birinci yarısında ərəblərin çox böyük dövləti-Ərəb xilafəti meydana gəldi.Xilafətin torpaqları Atlantik okean sahillərindən Hindistan və Çin sərhədlərinə qədər uzanırdı.Suriyanın böyük şəhərlərindən biri olan Dəməşq bu dövlətin paytaxtı oldu.

Azərbaycanın dövlət və hüquq tarixinin çox böyük bir hissəsi məhz ərəb xilafəti ilə bağlıdır.İstər bu baxımdan ,istərsə də Ərəb xilafətinin dünya sivilizasiyasına təsiri baxımından bu dövlətin ayrı-ayrı xüsusiyyətlərini,o cümlədən ictimai və dövlət quruluşunun öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

I FəsilƏrəb xilafətinin ictimai quruluşu.


  • Ərəb dövləti qurulduğu zaman ölkədə feodal münasibətlərini hələ tam formalaşmamışdır, yəni qəbilə və quldarlıq münasibətləri hələ də qalmaqda idi.

Ərəb xilafətinin ictimai quruluşunda torpaqların bölüşdürülməsinə nəzər saldıqda dövlət mülkiyyətinin üstünlük təşkil etdiyi nəzərə çarpır.Bu torpaqlar xəlifənin mülkiyyətində idi.Xəlifə torpaq fondundan istifadə üçün ayrı-ayrı şəxslərə və kəndlilərə verirdi.Torpaqların böyük hissəsinin dövlətin əlində olması Ərəb xilafətinin mərkəzləşmiş ,güclü dövlətə çevrilməsində mühüm rol oynadı.

Zaman keçdikcə torpaq üzərində dövlət mülkiyyəti ilə yanaşı xüsusi mülkiyyət forması da yaranıb inkişaf edirdi.

Ərəb işğallarından sonra bütün becərilən torpaqlar müsəlman icmasının mülkiyyəti elan edilmişdi.Bu torpaqlar əvvəlki sahiblərinin əlində qalsa da ,onlar xəzinəyə vergi ödəyirdilər.İşğal zamanı sahibsiz qalmış torpaqlar (bu torpaqlar Savafi adlanırdı) xəlifənin ixtiyarına keçmışdi.Xəlifə də öz növbəsində bu torpaqların bir hissəsini vəzifəli şəxslərə ,döyüşçülərə paylayırdı.

Asiyada və Afrikada geniş torpaqlar zəbt etmələrinə baxmayaraq ərəblərin torpaq idarəçiliyində xüsusi qaydaları, ənənələri yox idi.Bu səbəbdən də işğal edilmiş ərazilərdə torpaqlar müxtəlif formada bplüşdürülürdü.Məsələn Sevadda (Cənubi İraq) işğaldan sonra 4 növ torpaqlar ərəblərin hakimiyyəti altına düşdü.Birinci kateqoriya torpaqlar yerli feodal-dehqanların əlində olan torpaq sahələri idi. Dehqanlar onlara məxsus olan torpaq sahəsində işləyən kəndlilərdən renta yığırdılar və dövlət vergilərini ödəyirdilər. Bundan əlavə onlar malik olduqları ərazilərdə bir sıra inzibati və məhkəmə funksiyalarını yerinə yetirirdilər. İşğalçılar bu torpaqları yenə də dehqanların mülkiyyətində saxladılar və onları keçmiş hüquqlarından məhrum etmədilər. Sevadda keçmişdə sasanilər nə qədər vergi yığırdılarsa əvəzində məhz həmin qədər vergi toplayırdılar. Vergi məbləğlərinin müəyyən edilməsi üçün sasanilərdən qalma kadastrlardan istifadə edilirdi. Bu işdə yerli dehqanlar onlara lazımi köməklik göstərirdi.

İkinci kateqoriya torpaqlara şahənşahın sərəncamında olan ( şah torpaqları) onun qohumlarına məxsus olan torpaqlar aid idi. Eyni zamanda vuruşmalarda həlak olmuş dehqanların, öz mülklərini tərk etmiş feodalların keçmiş torpaqları da bu kateqoriyaya aid edilirdi. Boş qalmış torpaqlar müsəlman icmasının başçısı olaraq xəlifənin mülkiyyətinə keçirdi. Bu torpaqlarda çalışan kəndlilər vergi ödəməli idilər.

Üçüncü kateqoriya torpaqlara yararsız torpaqlar(məsələn bataqlıqlar,şoranlıqlar) və suvarma kanallarının olmaması ucbatından istifadə edilə bilməyən torpaqlar aid edilirdi. Sasanı imperiyasının son dövrlərində arasıkəsilməz Bizans hücumları nəticəsində dambalar və suvarma qurğuları dağıdılmışdı. İdarəçiliyin zəifləməsi nəticəsində torpaqlara qayğı azalmışdı.Bu cür yararsız torpaqlar müsəlman hüququnda “ölü torpaqlar” adlanırdı-1. Ərəblər bu torpaqlardan daha səmərəli istifadə etməyə çalışırdılar.Bu səbəbdən də yenidənqurma işləri aparılır,bu torpaqları “ dirildərək” yararlı hala salmağa çalışırdılar.

Dördüncü kateqoriyaya şəhər əhalisinə məxsus torpaqlar daxil idi.Şəhər əhalisi hər il ərəblərə müəyyən qədər vergilər verməyə razılaşmışdı.Bunun müqabilində ərəblər onların həyatlarına və əmlaklarına toxunmamağı öhdələrinə götürmüşdülər.Şəhər əhalisi öz mülkləri üzərində hüquqlarını saxlamışdılar.Belə ki,onlar öz mülklərində olan torpaqları istədikləi vaxt sata ,dəyişdirə, bağışlaya bilərdilər.




1Грязневич П.А. «Проблеми изучения истории возникновения ислама» М.1984
Ərəb xilafəti dövründə torpaqlar işğal edilmiş bir çox ərazilərdə, o cümlədən Azərbaycanda beş koteqoriyaya bölünmüşdü


  • Xəlifə və ya sultan torpaqları.Bu torpaqlar vəfat etmiş və ya vəzifəsindən çıxarılmış məmurların mülklərinin müsadirəsi və ya satın alma yolu ilə artırılırdı

  • İqta.Adamlara onlardan əldə edilən gəlirlə birlikdə xidmət müddətinə və ya ömürlük verilir,yəni torpaq iqta sahibinin mülkinə çevrilirdi.

  • Mülk torpaqları yerli feodal əyanlarının irsi ixtiyarında olan və mülk adlanan xüsusi torpaq sahələri idi.Mülk torpaqlarını alıb satmaq,özgəyə bağışlamaq,irsən vermək olardı.Bu torpaqların sahibləri əlavə vergi ödəyirdilər,lakin hərbi xidmətdə olmurdular.

  • Vəqf torpaqları.Dini təsisatların ixtiyarında olan torpaqlar idi.Bu torpaqlar müqəddəs yerlər,qazilər ,məscid və qalaların və .s. tikilməsi üçün ayrılırdı.

  • İcma torpaqları kənd sakinlərinə məxsus olub,otlaqlar,örüş yerləri,yanacaq toplanan yerlər,qəbiristanlıq və .s. dən ibarət olurdu.

Əsas torpaq koteqoriyası olan dövlət və ya xəlifə torpaqları alqı-satqı yolu ilə , ya da ölən ,yaxud vəzifədən kənar edilən məmurların mülklərini müsadirə etmək ilə formalaşırdı.Çox geniş olub böyük gəlir verən bu torpaq sahələrini idarə etmək üçün bir neçə divan yaradılmışdı.

İqta koteqoriyalı torpaqlar da çox geniş yayılmışdı.Dövlət tərəfindən müvəqqəti vəya daimi istifadıyı verilən iqta torpaqlarının sahibləri hərbi mükəlləfiyyət daşımırdılar,lakin bunun əvəzinə vergi verirdilər.Onlar öz torpaqlarında olan kanal ,yol və körpüləri təmir etməyi öhdələrinə götürmüşdülər.

İqta koteqoriyalı torpaq sahələri sahiblik hüququna görə 2 yerə bölünürdü

Bağışlaqnan iqta.Şəxsin tam mülkiyyətinə verilir və irsi olaraq keçirdi.Bu iqta sahibi üşr verirdi.Bu növ iqta ,adətən becərilməyən torpaqlardan,ya da sahibi ölmüş vərəsəsi olmayan torpaqlardan verilirdi.

İcarə edilən iqta.İrsən keçmirdi.Yəni icarə xarakteri daşıyırdı.Adətən hərbiçilərə verilirdi.Xərac torpaqları da bunların sırasına aid idi.Sahibindən,daha doğrusu sahibinin torpağa münasibətinin hüquqi formasından asılı olaraq iqta torpaqlarını bir neçə növə ayırmaq olardımülki(şəxsi),xüsusi(xass), hərbi və xəlifə iqtaları.

Yüksək vəzifəyə təyin olunan mənmurların maaşlarından asılı olaraq onlara mülki iqta verilirdi.Bu torpaq sahələri onlar işdən çıxarılandan sonra əllərindən alınır,yerlərinə vəzifəyə keçən adama və ya adamlara verilirdi.Xüsusi iqta şairlərə, dövlət qarşısında xüsusi bir xidməti olanlara və ya xüsusi istedadı olan şəxslərə verilirdi.Onun sahibləri torpağın tam sahibləri olub, onu irsi olaraq verə bilərdi.

Xüsusi iqtaya aid edilən torpaqların bir hissəsi herik adlandırılırdı.Torpaq sahibi onu becərmək üçün kəndlilərə icarəyə verir,onları toxum,kənd təsərrüfatı alətləri ilə təchiz edirdi.Xəzinəyə hər il müəyyən məbləğdə pul ödəyən torpaq sahibi bunun əvəzində torpağa nəzarət etmək və onu irs olraq vermək hüququna malik idi.Bu cür iqta sahibləri başqa vergilərdən azad idilər.

Torpaq kateqoriyaları içərisində mülk torpaqları xüsusi yer tuturdu.Mülk torpaqlarının formalaşmasının müxtəlif tərəfləri mövcud idi.Bu ,bir tərəfdən yerli feodallara məxsus olan və nəsildən nəslə keçərək onların tam sahibliyində olan torpaqlar idi,digər tərəfdən müxtəlif şəxslərə və icmalara bağışlanan ,irsən keçən və “iqta təmlik”adlandırılan torpaqlar mülk hesab edilirdi,mülk torpaqlarının başqa bir mənbəyi mavat torpaqlarının canlanması, mərkəzi hökümətin həvəsləndirilməsi və köməyi ilə bataqlıqların qurudulması və bu torpaqların əkilməsi ilə həmin torpaq sahiblərinə tam sahiblik hüququnun verilməsi nəticəsində ortaya çıxırdı və “iqta əl-istiqlal” adlandırılırdı, nəhayət, həmin kateqoriyadan olan torpaqların digər bir mənbəyi dövlət torpaqlarının satınalınması idi. Mülk torpaqlarını alıb-satmaq ,özgəninkiləşdirmək və irs olaraq vermək olardı. Bu cür torpaq sahələrinə malik şəxslər hərbi xidmətdən azad idilər.

Vəqf torpaqları da geniş yayılmış mülkiyyət formalarından biri idi.Vəqf torpaqları dedikdə ,dinin təsisatlara təhkim edilən torpaq mülkləri nəzərdə tutulurdu.Bu torpaqlar müqəddəs yerlər üçün ,din uğrunda şəhid olanlar üçün,məscid və qalalar tikmək və digər ehtiyacların ödənilməsi üçün mövcud idi.Bu torpaqlar içərisində zorla tutulanlar ,yəni əvvəlik sahiblərinin əlində saxlanılmasından, zimmilərə verilməsindən asılı olmayaraq müsəlmanlar arasında bölünməyənlər,habelə dinc yolla əldə edilmiş torpaqlar da var idi.

Müsəlman dini idarələri vəqf torpaqlarına nəzarət edirdi. “Allahın mülkiyyəti” hesab edilən vəqf torpağı icarəyə verilsə də ,onun üzərində digər şəxsi hüquqların həyata keçirilməsinə icazə verilmirdi.Yəni vəqf torpaqları alqı-satqı predmeti ola bilməzdi,bağıçlana bilməzdi.İcarəyə verilmiş vəqf torpağı üç il əkilməyib istifadəsizqaldığı təqdirdə,torpaq həmin adamın əlindən geri alınırdı.

Nəhayət ,icma torpaqlarına gəldikdə isə kəndlərdə əhaliyə məxsus torpaqlar,biçənəklər, mal-qara otarılan,yanacaq toplanılan yerlər,qəbiristanlıqlar,meşələr və .s. icma torpaq sahibliyini təşkil edirdi.Xəzinə vergilərinin əsas hissəsi bu torpaqların hesabına ödənilirdi.


  • Ərəb feodal cəmiyyətinin digər xüsusiyyəti ondan ibarət idi ki, burada sözün əsl mənasında silki quruluş formalaşmadı.Hakim feodal sinfin müəyyən iyeyarxiya quruluşu yox idi.Onun yuxarı təbəqəsini müsəlman əyanları ,Məhəmmədin və onun nəslindən olanlar təşkil edirdi.Məhəmmədin nəslindən olan şəriflər və seyidlər ümumi müsəlman kütləsindən ayrıldı və bəzi imtiyazlar əldə etdi.

Ümumilikdə götürüldükdə isə bu dövrdə ölkənin sosial əsasını iri torpaq sahibləri olan ərəblər,hüquqları müəyyən dərəcədə məhdudlaşdırılan yerli əyanlar ,dini və hərbi feadallar,eləcə də aşağı təbəqəyə mənsub olan şəxslər-kəndlilərin müxtəlif qurupları və qullar təşkil edirdi.İşğal etdiyi ərazilərdə ərəblər böyük torpaq sahələri, mülklər ələ keçirmişdilər.Onların içərisində peyğəmbərlə qan qohumluğu olanları daha geniş imtiyazlara malik idilər.Onlar dövlətdən müəyyən məbləğdə pul alır və öz ailə üzvləri ilə birlikdə vergilərdən azad olunurdular.

Müsəlman dini rəsmi olaraq təbəqələr üzrə heç bir üstünlüyü tanımırdı,bütün müsəlmanların qardaş olmalarını elan edirdi,onların arasında bərabərliyi müəyyən edərək,bütün müsəlmanları bir vətəndaş cəmiyyətində birləşdirirdi.

Bütün bunlara baxmayaraq ,müsəlman hüququnda üç sosial qrup haqqında geniş mühakimə yürüdülür1.

Azad müsəlmanlar ,

Başqa dinə mənsub olanlar-zimmilər,

Azad olmayan əhali-qullar

Ərəblərin işğal etdikləri ərazilərin yerli əyanları əvvəllər olduğu kimi, qeyd-şərtsiz irsən keçə bilən mülkiyyət hüququ əsasında torpaq sahələrinə malik idilər.Lakin onların bir çox hüquqları məhdudlaşdırılmışdı. Bu, ilk növbədə ,həmin feodalların öz gəlirlərinin bir hissəsindən məhrum edilməsində ,idarəçiliyə yaxın buraxılmamalarında ifadə olunurdu.İşğal altında olan ərazilərdə yaşayan feodalların özləri də bir neçə qrupa bölünmüşdüBirinci qrupa daxil olanlar islamı qəbul edən,mövliya adlandırılan silkin nümayəndələri idi ki, onlar da Əməvilərin dövründə heç bir nüfuza malik olmasalar da ,ərəb əyanlarına bərabər tutulmasalar da,Abbasilər dövründə həmin yerli əyanlardan dövlət vəzifələrində istifadə edilirdi və Abbasilər onların vasitəsi ilə təbəələrə rəhbərliyi həyata keçirirdi.Digər tərəfdən ,islamı qəbul etmiş bu feodallar cizyəni-can vergisini ödəməkdən azad m olmaqla ,bir sıra digər imtiyazlara da malik idilər.

Islam dinini qəbul etməyən ,xristian dininə etiqad edən ,əksəriyyəti isə keşekliklə məşğul olan dindar feodallar isə digər bir qrupu təşkil edirdi.Xristianları itaətdə saxlamağa xilafətə kömək etdiklərinə görə,ilkin dövrlərdə ,keşişlər və kilsə vergidən azad edilir və dövlət tərəfindən himayə olunurdu.Əməvilərin hakimiyyəti dövründə rahiblər də vergilərə, o cümlədən cizyə vergisinin ödənilməsinə cəlb olunmuşdur.





1 Петрушевский И.П. «Исламы в Иране в VII-XV веках» Ленинград-1966

Təxminən IX əsrin birinci yarısında feodallaşma prosesinin sürətlənməsi nəticəsində mütəqəllib adlanan böyük bir feodal qrupu yaranmışdı.Onlar mərkəzi hakimiyyətin nümayəndələri ilə razılaşmır və xilafətdən tamamilə aqyrılmağa cəhd göstərirdilər

Bütün feodal dövlətlərində olduği kimi Ərəb xilafətində də istismar olunanların əsas hissəsini asılı kəndlilər təşkil edirdi.Kındlilər,müəyyən torpaq sahəsinə malik olan və yaxud icma daxilində ümumi torpaq mülkiyyətində payı olan kəndlilərə və süluklara,yəni torpaqsız kəndlilərə bölünürdülər.Birinci qrupa daxil olan kəndlilərin içərisində dağlıq və dağətəyi yerlərdə məskunlaşmış əhali çoxluq təşkil edirdi ki,onlar da öz hüquqi vəziyyətinə görə süluklardan fərqlənirdilər.Bu kəndlilər özlərinin əmək alətlərindən istifadə edərək torpaq sahələrini əkib becərir və dövlətə vergi ödəyirdilər.Bəzən vergilərin ağırlığına tab gətirməyib,kütləvi surətdə kəndliləri tərk edir və sülukların sırasına artırırdılar.Süluklar isə iri torpaq sahibləri və feodalların yanına muzdurluğa gedirdilər.

Xilafət dövründə yardarlıq icarəsi geniş yayılmışdı.Torpaq sahibləri torpağı xırda sahələrə bölür və bunları yardarlıq icarəsi şərtləri-müzaraə,müsqat,qəbalə və.s. əsasında yardarlara verirdilər.Yardarlara akkar,şərik ,amil,münasif və.s. deyirdilər.Torpaq məhsulun 1/6 və 1/7 hissəsinə müqabil icarəyə götürülürdü.

Ərəb işğalından sonra islamı qəbul etməyən qeyri-müsəlmanlar iki qrupa bölünürdülər.Birinci qrupa müqavimət göstərmədən tabe olanlar aid idi.Bunlara zimmilər deyilirdi.İkinci qrupu müqavimət göstərənlər təşkil edirdi.Onlar qul halına salınırdılar.

Zimmilərin icmalarına dövlət qarşısında onların mənafelərini təmsil edən və icma üzvlərinin üzərində geniş səlahiyyətlərə ,o cümlədən ədalət mühakiməsini həyata keçirmək səlahiyyətinə malik olan dini başçılar rəhbərlik edirdi.İcmanın fəaliyyəti öz dininin qanunları əsasında qurulurdu.



Əgər zimmi tərəfindən açıq şəkildə müsəlman şahidlərin yanında islam dini və Məhəmməd Peyğəmbər haqqında pis sözlər işlədilərsə,müqavilə pozulmuş hesab edilirdi.Bundan əlavə,zimmilər tərəfindən müqavilənin pozulmasının üç halı nəzərdə tutulmuşdu.

  • Cizyənin və xəracın ödənilməməsi,

  • Zimminin müsəlmanı vurması,

  • Zimminin müsəlman qadını ilə nikaha və ya sadəcə əlaqəyə girməsi.

Bu cür hallar olarsa edam olunma və ya köləliyə salınma növlərində cəzalar təyin olunurdu.Bundan əlavə zimmilərin üzərinə onların hüquqlarını məhdudlaşdıran bir sıra vəzifələr də qoyulmuşdu.Belə ki ,onlar öz evlərində səyahət edən müsəlmanlara yer verməil,qulluq göstərməli idilər,zimmilər müsəlmanlar kimi geyinə ,silah gəzdirə , at üstündə gəzə bilməzdilər.Eyni zamanda onların şəriət məhkəməsində şahid qismində çıxış etməsinə yol verilmirdi

Ərəb xilafəti dövründə qullardan ,ev köləliyindən geniş istifadə edilirdi.Köləlik,əsasən digər dinlərə mənsub olanlarala müqəddəs müharibələrdə əsir alınanların hesabına formalaşırdı.Müsəlmanın qula çevrilməsinə ,borcun ödənilməməsi ilə bağlı onu köləyə çevirməyə və müsəlmanların öz uşaqlarını qul kimi satmalarına yol verilmirdi,digər tərəfdən ,başqa dinə mənsub olan qulların islamı qəbul etməsi onları köləlikdən azad etmirdi.Bununla yanaşı ,islıam dini allaha xoş gedən ,ən xeyirxah işlərin sırasına müsəlman olan və bəzi hallarda müsəlman olmayan qulların azad edilməsini də aid edirdi.

Qanunvericilik qulların iki kateqoriyasını fərqləndirirdi


  • Sadə qullar.Onlara kinn deyilirdi.Onların üzərində ağaları qeyri-məhdud hakimiyyətə malik idi.

  • Imtiyazlı qullar-məzun ,müddəbər,mükətab və ümm vəlad.Bu qulların bir qismi öz ağasının razılığı ilə onun adından təsərrüfat işlərini aparır,xüsusilə ticarətlə məşğul olur,mülklərin idarəçilyi həyata keçirir,müqavilələr bağlayır(mazun),digər qismi öz ağasının vədinə və verdiyi qərara əsasən azadlıq əldə edir(müdəbbələr) və yaxud ağası ilə nağladığı müqaviləyə görə müəyyən məbləğ ödəməklə öz azadlığını satın alır(mükətab),başqa bir qismi isə öz ağasının qaravaşı-kənizi kimi (ümm vəlad) başqalarına satıla və ya bağışlanıla bilməzdi,ağasının ölümündən sonra isə ondan törəmiş uşaqlardan birinin belə sağ olduğu halda,dərhal şəxsi azadlıq əldə edirdi.

Həmin dövrdə azad əhali əsasən şəhərlərdə yaşayırdı.Şəhələrdə zadəganlarla bərabər “zadəgan olmayanlar” və “sadə” adamlar məskunlaşmışdılar.Bu kateqoriyalardan olanlar aeasında varlı ,xüsusilə tacirlər də var idi.Ayrı-ayrı peşədən olan sənətkarlar yalnəz özlərinin yaşadıqları ayrı-ayrı küçə və məhəllərdə yaşayırdılar.

  • Ərəblər vergi siyasətində öz sələflərinin yolu ilə gedirdilər.Vergilər ilk çağlarda müqavilələrə əsasən ,onun şərtlərinə uyğun alınırdı.Əsas vergilər torpaq vergisi -xərac ,qeyri-müsəlmanlardan alınan can vergisi -cizyə sayılırdı.

Xəlifə Hişamın hakimiyyəti illərində ərəblərin vergi siyasəti əsaslı dəyişikliyə uğradı. O vaxta qədər müsəlman hüququ cizyə ilə xərac arasında fərq qoymurdusa indi əməvi hakimləri xəracı xəzinəyə böyük gəlir gətirən əsas vergilərdən biri hesab etməyə başladılar.725-726-cı illərdə Hişamın sərəncamına görə əhali ,torpaq,mal-qara və hər cür digər əmlak yenidən siyahıya alındı.Siyahıya alınmadan sonra əhalinin üzərinə ağır vergi qoyuldu.Həmin sərəncamdan sonra tətbiq edilən yeni vergi sistemində əhalidən başqa ,rahiblərdən də vergi alınması nəzərdə tutulurdu.Mənbələr qeyd edirdi ki, xəlidfə əmr etdi ki, rahiblər siyahıya aldılar,onların hər birindən cizyə almağa başladılar və bu rahiblərdən alınan ilk cizyə oldu.Əhalinin üzərinə sənaye və sənət məmulatı vergisi ,həmçinin kəbin kağızı kimi əlavə vergilər də təyin edilirdi.

Bu dövrdə vergilərin nəzərəçarpacaq dərəcədə artırılması təkcə yoxsulları deyil,bir çox əyan və varlı adamlar da müflisləşdirirdi.Bu çətinlikləri zimmiloər daha çox hiss edirdi.Çünki onlar təkcə xilafətə deyil ,yerli feodallara da vergi verirdilər.Vergi verənlərdən alınan böyük məbləğlər xəlifə xəzinəsinə tam daxil olmurdu,çünki əyalətin əmiri və onun məmurları ,onlara tapşırılan əyaləti şəxsi varlanma üçün bir mənbə hesab edirdilər.Xəlifələr bu cinayətlərin qarşısını almağa cəhd və çox vaxt məmurlara qarşı çöx sərt tədbirlər görürdülər.Xəlifə I Müaviyə hətta xüsusi nəzarət orqanı-dar-əl-istixrac yaratmışdı,bu orqanın vəzifəsi hər hansı bir əyalətdə məmurlar arasında rüşvətxorluq hallarını aşkara çıxarmaqdan ibarət idi.Lakin bu tədbir az kömək edirdi.Dövlət xəzinəsi məmurların etdiyi cinayətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrə ərəblərin əvəzinə yerli feodalları təyin etməyə başladılar,çünki bunlar xəzinə işlərinə y6axşı bılıd idilər və gizlədilən məbləğləri verməyə onları asanlıqla məcbur etmək olardı.Lakin bu tədbir də nəticə vermədi ,çünki əksəriyyəti islam dinini yalnız zahirdə qəbul edən yeni məmurlar öz imtiyazlarını əldə saxlamaq üçün ərəblərə can-başla qulluq edib,onlarla əlbir olub öz keçmiş təbəələri olan kəndliləri qarət etməyə başladılar

Çoxlu ağır vergilərin qoyulması torpaq sahiblərini çox tez iflasa uğradırdı, buna görə də onlar məcbur olurdular ki, öz torpaqlarını ərəb tayfasının - ərəb iri torpaq sahibləri və dövlət qulluqçularının hamiliyinə versinlər. Bu torpaqlar hami və ya ilca kateqoriyasına aid edilib qeydə alınırdı.Torpağın əsl sahibləri məhsulun bir hissəsini hamilərə verirdilər ki,onlar torpaq sahibini məmurların zülmündən qorusunlar,torpağın özü isə sahibinin adına qeydə alınırdı1.

Əməvilərin hökmranlığının son dövründə,xilafətin əyalətlərində belə bir vəziyyət əmələ gəldi ki, ölkədə hər bir hakim öz bildiyi kimi ağalıq edərək,əhalini qarət edib sıxışdırır,onu müflisləşdirir və öz əməlləri üçün mərkəzi hakimiyyət qarşısında demək olar ki ,heç bir məsuliyyət daşımırdı.Əməvi xəlifələri və onların yerlərdəki ahkimləri əhalidən yalnız vergi toplamaqla məşğul olur,iqtisadi inkişafın artmasına qayğı göstərmirdilər.Əhali vergi təzyiqinin ağırlığına dözməyərək kütləvi surətdə kəndləri tərk eir,torpaqsız kəndlilərin sırasına qatılırdı.Feodallar kəndlilərin tərk etdiyi bütün torpaqları tutur və ya alıb tədricən öz torpaqlarına qatırdılar.Prosesin bu şəkildə getməsi yerli feodalların güclənməsinə səbəb olurdu.






1 Bünyadov Z.M. «Azərbaycan VII-IX əsrlərdə» B.1989

Belə ki , yerli iri torpaq süahibləri olan feodallar (mütəcəlliblər) daha mərkəzi hakimiyyətin nümayəndələri ilə hesablaşmır və tədricə müstəqilləşməyə can atırdılar.Lakin Abbasilər hakimiyyətə gəldikdən sonra belə separatizm hərəkətlərin qarşısı xilafətin silahlı qüvvələri tərəfindən dərhal alınırdı.

Abbasılər dövrünə Əməvilərdən fərqli olaraq vergilərin yalnız bir hissəsi nəqd pulla ödənilirdi.Torpağın əkilib-becərilməsindən asılı olmayaraq xərac nəqd pulla torpaq sahəsinə görə(misahə)alınırdı.Əl-Mənsuru əvəz edən xəlifə Mehdi vergilərin yığılması qaydasında dəyişiklik edərək misahə xəracı – nəğd pul vergisi əvəzinə müqasimə xəracını – kənd təsərrüfatı məhsulu ilə ödənolən vergini tətbiq etdi. Müqasimə xəracını məbləği torpaqların suvarılma dərəcəsindən və üsullarından asılı idi.Belə ki, suvarılan torpaqlardan məshsulun yarısı, girbə ilə suvarılan yerlərdən məhsulu üçdə biri,dula bilə suvarılan torpaqlardan məhsulu dorddə biri alınırdı.Bu dövrdə meyvə ağaclarına üzümlüklərə də xərac qoyulmuşdu.

VIII əsrin sonu IX əsrin əvvələrində - Xəlifə Harun Əl – Rəşidin hökmdranlığı döründə vergi sistemi daha dözülməz həddə çatdı. Bu dövrdə vergilərin miqdarını tənzimləmək üçün hüquqşunas Əbu Yusif xəlifə üçün xüsusi olaraq ,, xərac haqqında kitab” yazmışdı.Əbu Yusifin kitabında vergi sistemi tamamilə xilafətin mənafeyini ifadə edirdi.Əbu Yusif göstərir ki, çox vaxt əyalətlərin hakimləri bir adamdan tələb olunan xərc həddini açan bir məbləği təyin edirdilər,vergi odəyən şəxs bu artırılmış məbləği vermək iqtidarında olmadıqda onu döyür,sıxışdırırdılar,onu mal-qarasını aparırdılar.Bununla belə, əhalidən vergi və qalıqların alınması qaydaları barədə belə yazılır ki, cityə verməyə məcbur etmək məqsədilə zimmilərdən heç birini döymək olmaz,onları bu məqsedlə gnün altında saxlamaq və ya onlara başqa cəzalar vermək olmaz , ya da onların üstündə nifrət doğura biləcək şeylər asmaq olmazdı. Əslinndə isə vergi yığarkən adamları qızmar günəş altında saxlayır və başlarına yağ tökürdülər.

Bu dövrdə kəndlilərin vergi məbləğini vergi məmuruna verməsi üçün təhqiredici bir mərasim uydurulmuşdur.Zimmilər vergi odəmək tə’yin edilən gün şəxsən cityə almağa məmur məmur edilən əmrin yanına gəlməli idilər. Zimmi verəcəyi vergi məbləğini açıq ovuc içərisində saxladığı halda əmirə yanaşırdı.Əmir bu məbləğielə göturəri ki, əli vergi ödəyən şəxsin ovucunun üstündə olardı,zimminin əli isə altda qalardı.Sonra əmir onun peysərinə şillə vurardı, sonra isə kobud hərəkətlə qapıdan qovurdu.

Harun ər-Rəşidin hökmranlığı dövründə cizyə ildə bir dəfə kişilərdən alınardı,həm də bunun üçün əhalidən puldan başqa daşınan əmlak da qəbul edilirdi.Heç kəsin zimmiləri cityədən azad etməyə hüququ yox idi.Hətta vergi alınması vergi ödəyən silkin açıq təhqir olunması demək idi.Belə ki, zimmilərdən can vergisi alınanda,onların hamısı yoxlanmayınca boyunlarından qurğuşunu damğa asılmalı idi.

Bu dövrdə alınan vergilərdən biri də xüms idi.Bu vergi zəkatdan, yə’ni ,,islamdan əvvəlki vergilərdən gizlənmiş hesab edilən bütün əmlakdan”, mədənlərdən, kafirlərə salınan əsirlər də daxil olmaqla, qənimətdən,əsir qadın və uşaqlardan , habelə daşınan əmlakdan alınırdı.

Mal-qaradan ,əkin və meyvədən,qızıl-gümüşdən isə zəkat və ya sədəqə alınırdı.

Qeyri - müsalman tacirlərdən 2 – cür vergi alınırdı:Zimmilərdən ildə bir dəfə tacirin əmtəəsinin dəyəri 200 dirhəmdən artiq olardısa,bu dəyərin onda biri alınırdı.Xilafətdən kənar ölkələrdən gələn tacirlərdən əmtəələrinin dəyəri 200 dirhəmdən artıq olarsa , bu dəyərin onda biri alınırdı.

Ayrı-ayrı ölkələrlə ticarət münasibətləri xilafət üçün böyük əhəmiyyət kəsb edirdi. Hind okeanından Atlantik okeana qədər olan ərazidə,4 dənizdə( Aralıq dənizi,Qara dəniz,Qırmızı dəniz, fars körfəzi)ərəb tacirləri ticarətlə məşğul idi1.

Ərəb işğalının ilk illərində illərində əvvəlki dövrlərdə işlədilən pul sistemi saxlanılmışdı.Belə ki, işğaldan sonrakı ilk yarım əsrdə Sasani drahması ve bizans miliarisi qüvvədə idi.İlk pul islahatı 660-cı ildə xəlifə Müaviyənin adı ilə bağlı olsa da , teni pul vahidləri əhali arasında inam qazanc bilmədiyindən islahat cəhdi alınmadı.

Xəlifə Əbdülməlikin (685-705) dövründə həyata keçirilmiş yeni pul islahatı Xilafetin bütün ərazisində tətbiq edildi.Bizans (qızıl),Sasani (gümüş) sikkələri ərəblərin qızıl dinarları və gümüş dirhemləri ilə əvəz edildi.Laki,yeni pullar kifayət qədər olmadığından Sasani sikkələri hələ də istifadə edilirdi.






1 Беляев Е.А.Арабы, ислам и арабский халифат в раннoe средневековье.М,1965

II Fəsil:Ərəb xilafətinin dövlət quruluşu.

  • Özünün idarəetmə forması, sturukturu və rəsmi ideologiyası baxımından ərəb xilafəti teokratik monarxiya formalı feodal dovləti idi.

Ərəb dövlətinə ,, xəlifə” başçılıq edirdi. O özündə iki funksiyanı-ali əmir və baş əmir funksiyalarını birləşdirməklə , tam şəkildə yüksək dini və dünyəvi hakimyyətə malik idi.Bununla bərabər xəlifə bütün müsəlman icmasının hökmdarı-ümmət əl-islam,həmçinin dindar müsalmanların başçısı -əmirəl möminin titullarının daşıyıcısı idi. Öz əlində qanunverici,icra və məhkəmə hakimyətini bütünlüklə cəmləşdirən xəlifə,istila edilmiş bütün ölkələrin torpaq və sularının sahibi kimi onların idarə edilməsi üçün əmirlər təyin etmək və azad etmək , xarici ölkələrlə diplamatik əlaqələr qurmaq və s.hüquqlarına malik idi.

Xəlifətin əsas hüquqlarından biri dövlət xəzinəsinə sərəncam vermək idi. Əməvilər sülaləsinin hökmranlığı dövündə xəlifələr dini hakimiyyəti müsalman ruhanilərinə-şeyx ül-üslama güzəştə gedir,onların hakimyyəti isə dünyəvi xarakter daşımağa başlayırdı.

Ərəb xilafətinin idarə edilməsində, daxili və xarici siyasətlə bağlı mühüm məsələlərin həlli zamanı xəlifə özünün məsləhətçilərin-dən istifadə edirdi.Hələ xəlifə Ömərin vaxtında yaradılmış və baş vəzirin,şeyx ül-islamın, divanların bəzi əmirlərinin , habelə ordu başçılarının, bir sözlə, ərəb aristokratiyasının nümayəndələrinin

xəlifənin yaxınlarının daxil olduğu Şuşada ümumdövlət əhəmyyətli məsələlər müzakirə edilirdi,lakin bu məsələlər üzrə qəti qərar qəbul etmək hüququ xəlifəyə məxsus idi.

Şeyx ül-islam müsalman ruhanilərinə başçılıq edirdi. O , geniş dini hakimiyyətlə yanaşı, müəyyən dərəcədə dünyəvi hakimiyyətə də malik idi. Şeyx ül-islam xəlifənin baş məsləhətçilərindən biri olmaqla yanaşı, onun bu və ya digər mübahisəli məsələlərə dair verdiyi göstərişlər qanun gücünə malik idi.Bu da, əsas etibarı ilə,dini və mülki hakimiyyətin çulğalaşması nəticəsində dinin sosial həyatın bütün sahələrində-iqtisadi,hüquqi, siyasi və s . daxil olmaqla onların tam şəkildə qarşılıqlı uyğunluğunu təmin etməsi və öz qanunlarıa onları tabe etməsi zəminində mümkin olmuşdu.Ümumiyyətlə özünün daxili strukturuna görə müsəlman dini iyeraraxiyası hər biri ərəb feodal monarxiyasının siyası rejiminin möhkəmləndirilməsində öz funksiyasını icra edən tərkib hissələrindən ibarət idi.

Bu sistemdə aşağı dərəcəli mollalar təşkil edirdi.Mollalar məscidlərdə dinin əsəs postulatlarını təbliğ edir və dini məktəblərdə müəllimliklə məşğul olurdular.Qazılar məhkəmə hakimiyyətini həyata keçirir və bu zaman quranın və bütövlüklə şəriətin tələblərini rəhbər tuturdular.Onlar şəriət normalarinin təfsir edilməsində ən nüfuzlu şəxslər sayılırdılar.

Yüksək dərəcəli ilahiyyat alimləri olan üləmalar ali dini məktəblərdə müəllimlik fəaliyyəti ilə məşğul idilər.Dinin və hüququn ən mühüm məsələləri üzrə təhlil və izahin verilməsi bütünlükdə Ülamalar Şurasını funksiyalarına daxil idi.

Zaman keçdikcə xilafətin genişlənməsi və inkişafı ilə əlaqədar xilafətin ilkin dövrlərdəki primitiv və sadə dövlət aparatı mürəkkəb və çoxşaxəli bir mexanizmmə çevrilmişdi.Əsasən,ərəb aristokratiyasından formalaşdırılan bu məmurlar aparatı sonralar öz cərgələrinə işğal edilmiş ölkələrin də əyanlarını da qəbul etmək məcburiyyətində qaldılar.Çox güman ki,bu zaman Sasanilərin və digər ölkələrin dövlət idarəçiliyində toplanmış zəngin təcrübədən istifadə məqsədi güdürmüş.

Baş vəzir xəlifənin birincisi köməkçisi sayılırdı.O,divanların,eləcə də inzibati maliyyə orqanlarının işinə rəhbərlik etməklə yanaşı , dövlət nəzarət orqanları və orduya rəhbərliyi həyata keçirirdi.Baş Vəzirin fəaliyyəti yalnız xəlifənin iradəsi ilə məhdudlaşırdı.Bu dövrlərdə dövlət başçısı sənədləri şəxsən imzalamırdı.Bu işi baş vəzir xəlifənin möhürü ilə edirdi.O,sənədlərə möhür vurarkən xəlifədən soruşmurdu,yalniz sonradan bu barədə məruzə edirdi 1.

Xəlifə Ömərin idarəçiliyi dövründə yaradılmış nazirlər (divanlar) sistemi mərkəzi dövlət aparatının əsasını təşkil edirdi.Maraqlı cəhət bundadır ki,divanlar dövlət idarəçiliyinin sahələri üzrə deyil,istila edilmiş ölkələr üzrə təşkil edilirdi.Belə ki,hər bir istila edilmiş əyalət,onun işləri üzrə mərkəzdə fəaliyyət göstərən divana tabe idi.

İlkin dövrlərdə hər bir divan şöbədən- vergi və töyücülərin yığılması və bölgüsü ilə məşğul olan ,,əsas” şöbədən və maliyyə idarəsi zimam adlandrılan ikinci şöbədən ibarət idi.Bununla belə ,dövlət aparatının mərkəzləşdirilməsi siyasətini yenidən xəlifə Mü’tədid hakim sinfin yuxarı təbəqlərinin istəyini nəzərə alaraq,müxtəlif əyalətləri təmsil edən divanları saray idarəsi adlanan bir qrumda birləşdirmişdi.Saray idarəsi üç şöbədən ibarət tərkibdə təşkil edilmişdi.

-Divan əl –məşriq –Şərq əyalətlarinin işləri üzrə divan;

-Divan əl – məqrib -Qərb əyalətlərinin işləri üzrə divan;

- Divan əl –Səvad - Mərkəzi əyalətlərin işləri üzrə divan;

Ərəb xilafətində Abbasilərin hökmüranlığı dövründə inzibati aparat iki sahəvi divana-daxili işlər (,,üsul””)və maliyyə(,,azima”) idarələrinə aayrılırdı ki,onlar da öz növbəsində çoxsaylı divanlara bölünürdülər.Bütün sahələri əhatə edən belə divanların içərsində hərbi idarə-divan əl-ceyş,xərclər divanı –divan əl-nəfiqət,xeyriyyə idarəsi (divan əl birr və əs –sədəqə),dövlət bankı ( divan al –cəxbara),möhür idarəsi(divan əl-hətəm),xəlifətin kabineti(divan ət_təuki) və s. xüsusilə seçilirdi.



1 Беляев Е.А.Арабы, ислам и арабский халифат в раннoe средневековье.М,1965

Bu divanlardan bəziləri öz şöbələrinə malik idilər. Xəlifə tərəfindən təyin edilən divan başçıları özlərinin fealiyyətləri ilə bağlı vaxtaşıri baş vəzirə hesabat verirdilər.

Xəlifə və ərəb feodal aristokratiyasının səylərinə baxmayaraq,hərbi inzibati və siyasi baxımdan tam mərkəzləşdirilə bilməyəndövlətin,onun mərkəzi hakimiyyətinin bu və ya digər sahələrdə həyata keçirdiyi siyasət,geniş inzibati və maliyyə muxtariyyətinə malik olan əmirliklərin hakimlərinin və sərkərdələrinin ciddi müqaviməti ilə qarşılaşırdı.Ona görə də,müstəqilliyə və xəzinənin hesabına varlanmağa can atan yerli hakimlərin müqavimətini dəf etmək və onların tərəfindən vergilərin mənimsənilməsinin qarşısını almaq üçün ,mərkəzi aparat rabitə orqanları nəinki gücləndirilməyə ,hətta onlardan nəzarət və kəşviyat organları kimi istifadə etməyə çalışırdı.Bu məqsədlə Əməvi sülaləsindən olan xəlifələr hələ Bizans və İran hökmüdarları tərəfindən istifadə edilən poçt stansiyalarının fəaliyətini gücləandirməyə çalılmış və VIII yüzilliyin ikinci yarsında bərid adlanan xüsusi nidarə yaratmışdılar.O,yalnış mərkəzi hissədə təşkil edilməmişdi, həm də əyalətlərdə öz filiallarına malik idi.

Bərid çox geniş funksiyalara malik idi.Belə ki, onun rəisi – sahib əl–bərid xəlifə tərəfindən təyin olunurdu.Baş vəzirin tabeçiliyində olsa da , o , vəzirə xəbər etməkdən müstəqil surətdə xəlifəyə müraciət etmək hüququna malik idi.İmperiyanın bütün ərazisində çoxsaylı poçt stansiyalarina malik olan bərid, ölkənin siyasi və təsərüfat həyatı ilə bağlı mə’lumatları toplayaraq baş vəzirə və yaxud bilavasitə xəlifənin ozünə çatdırırdı.Bərid yalnız nəzarət orqanı deyil,həm də axtarış-təhqiqat idarəsi qismində də çıxış edirdi.

Bir müddətdən sonra poçt rəislərinin belə fəaliyyəti əyalət hakimlarinin onlardan ehtiyat etmələrinə gətirib çıxarırdı.Bu mənada bəridin fəaliyyəti Əhəmənilər və Sasanilər imperiyalarının dövründə mövcud olan və ,,hökmüdarın gözlari və qulaqları” adlandırılan nəzarət orqanlarının fəaliyyətini xatırladırdı.

Həmin dövrdə Bəridin müəyyən dərəcədə polis funksiyalarını həyata keçirməsinə baxmayaraq,ölkənin inkişafı və idarəçiliyin təkmilləşdrilməsi ilə əlaqədar daha bir idarə-polis idarəsi fəaliyyət göstərməyə başlamışdı.A.Massenin qeyd etdiyi kimi, Əməvilər təşkil etdiyi polis gücləndrilmiş,polis müdiri vəzifəsinə nəzarətçi vəzifəsi də əlavə Edilmişdi, mühtəsibin vəzifəsi yollara, insanların əxlaqına, habelə ölçü və çəkilərin düz olmasına nəzarət etmək idi.Polis müdirin sonradan vali adlanan sahib əş- şurta, yəni keşikçi rəislərinə çevrildilər 1 .






1 Masse A. “İslam” B.1992
Ərəb xilafətinin mərkəzində və yerlərdə məhkəmə hakimiyyətini xəlifələr tərəfindən təyin etdilən qazılar həyata keçirdilər.Xəlifə namaz qılınmasına rəhbərliyi əyalət inamının öhdəsinə verdiyi kimi, özünün məhkəmə hakimi olmaq salahiyyətini də qazıya tapşırırdı.Bu iki vəzifə gah əyalət hakiminin şəxsində birləşdirilirdi.,gah da xəlifənin özü tərəfindən təyin edilən ayrı-ayrı vəzifəli şəxslərə tapşırılırdı.

O dövrki təfəkkürə görə Qazı hərtərəfli ,oxumuş, düz adam olmalı və mənsub olduğu məzhəbin bütün qanunlarını yaxşı bilməli idi.Qazı məhkəmə işlərinə baxmaqdan başqa,həddi buluğa çatmamış uşaqların və işə bacarığı olmayanların əmlakını,həmçinin vərəsəsiz əmlakı idarə etməli ,bir sözlə bütün mülki iddialara,cinayət işlərinə baxıb həll etməli idi.Lakin islam aləmində məhkəmə orqanları felən ikitərəfli,yəni həm mülki,həm də dini olmuşdur.Dini qanunlar əsasında həll etdilməsi mümkün olmayan işlər qazının hüquqi səlahiyyətindən kənarda qalırdı.Qazı,eyni zamanda həbsxanaların üzərində nəzarəti həyata keçirirdı.

Ərəb xilafətinin ilk dövrlərində nizami ordu hələ formalaşmamışdı.Qoşun ,əsasən, köçəri ərəblərdən -könüllülər qismində çıxış edən bədəvilərdən ibarət idi.Onlar özlərini islamın Döyüşçüləri adlandırırdılar.Hərbi xidməti ərəblər özlərinin yeganə işi ,ancaq özlərinin hüququ hesab edirdilər.Ordunun zabit heyətini ərəb asristokratiyası təşkil edirdi.Onlar hərbi yürüşlərə “maula” adlandırılan nökərləri özləri ilə götürürdülər. “Maula” öz sahibinin qulluğunda durmalı ,ona hədiyyələr bağışlamalı ,habelə ona digər xidmətlər göstərməli idilər.

Ərəb ordusu atlılardan,qismən piyadalardan ibarət idi.Sonradan onun tərkibinə dəniz donanması da qoşulmuşdu.Ordu üç növ qoşuna bölünürdü ki ,hər qoşun növünə xəlifə tərəfindən təyin edilən baş hərbi rəislər rəhbərlik edirdilər.

Ərəblər tərəfindən işğal edilmiş ölkələrdə qoşun bir qayda olaraq yerli əhaliyə qarışmadan ayrıca hjərbi düşərgələrdə yerləşirdilər.Bu düşərgələrdə onlar öz ailələri və yerli əhalidən qopardıqları mal-qara ilə birlikdə yaşayırdılar.Qoşunun təminatı “müharibə özü yetişdirir” prinsipi əsasında həyata keçirilirdi.Yerli əhalidən qoşunun təminatı məqsədi ilə yığılan vergilər və digər yığımlar ,çox zaman hakim dairələrin nümayəndələri və hərbi rəislər tərəfindən mənimsənilirdi.

Elə hallar olurdu ki, qoşun başçıları zəbt edilmiş əyalətlərdə əmirlərin funksiyalarını yerinə yetirirdilər .Onlar vergi və töycüləri müəyyən edir,vəzifəli şəxsləri təyin və ya azad edir,həmçinin bir sıra dövləti və hüquqi məsələlərin həllində müstəqil fəaliyyəti həyata keçirirdilər.Lakin bununla yanaşı,onlar ən mühüm məsələlər haqqında xəlifələrə məlumat verməli idilər.

Beləliklə ,ərəblər işğal etdikləri ölkələrdə,o cümlədən də Azərbaycanda yerli idarəetmə orqanlarının tamamilə ləğv etməmiş və onları mövcud olduqları formada saxlamaqla öz məqsədlərinə uyğunlaşdırmışdılar.Hətta məhkəmə və polis orqanları da öz fəaliyyətlərini ərəblərdə olduğu kimi saxlamışdılar.

Xilafət ərazisində vergilərin yığılması daxil olan vergilərin qeydə alınması və onların bölüşdürülməsi ,həmçinin yolların çəkilməsi ,körpülərin salıənması ,su quyularının qazılması,yaşayış məskənlərinin,mədrəs ocaqlarının abadlaşdırılması və digər məsələlər yerli idarəçilik orqanlarının üzərinə qoyulmuşdu.Mərkəzdəki inzibati və hərbi aparatların vilayətlərdə və mahallarda öz şöbələri var idi.Bu şöbələrdə yerli əhalinin nümayəndələri qulluğa qəbul olunurdu.

Ərəblər tərəfindən işğal edilmiş ölkələri xəlifə tərəfindən təyin olunan və onun canişini hesab olunan əmir idarə edirdi. Əmir adətən hərbi rəislərin içərisindən təyin olunur və eyni zamanda həmin arazidə yərləşdirilən qoşunların komandanı sayılırdı.Digər tərəfdən o, vilayətin inzibati idarəsinə başçılıq edirdi.Bu baxımdan, əmir bütün mülki və hərbi hakimiyyəti öz əlində cəmləşdirmişdi. Əmirlərin və ümumiyyətlə əmirliklərin inzibati və maliyyə müstəqillikləri, hərdən onların mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək, müstəqil hakimlər kimi hərəkət etməsinə imkan yaradırdı. Əmir öz vilayətini həmin vilayətin baş şəhərində yerləşən divanın vasitəsi ilə idarə edirdi. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı.

Əsas funksiyası əhalidən vergi və töycülərinin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çöx zaman “vergi toplayan” adlandırılırdı.Öz funksiyalarını müstəqil olraq həyata küçirmələrinə baxmayaraq,amillər adətən ,əmirin tabeçiliyində olan şəxslər hesab edilirdilər.Əmirlər və amillər öz müavinlərinə və köməkçilərinə malik idilər ki, onların da vasitəsi ilə idarəçiliyi həyata keçirirdilər.

Vilayətlərdə məhkəmə funksiyasını əmirlərin idarəçiliyi altında olan qazılar həyata keçirirdilər.Məhkəmə idarəsinin rəisi ,yəni dini məhkəmə hakimi olan qazılar mülki və cinayət işlərinə baxmaqla yanaşı,vəqf işlərinə nəzarət edir və amilin hərəkətlərindən narazı olan şəxslərin işlərini ayırd edirdilər.Qazılar bir sıra hallarda səfir qismində də çıxış edirdilər.

Qazılar iri feodallar qurupuna daxil olmaqla müsəlman rühaniliyinin ali təbəqəsini təşkil edirdilər.Onlar iri mülk və vəqf torpaqlarına malik idilər.Öz şəxsi malikanə və torpaqlarından əldə etdikləri gəlirlərdən başqa ,onlar həm də yerinə yetirdikləri hüquqi hərəkətlərdən-sənədlərin tərkibində, müqavilə və əqdlərin bağlanmasından,mübahisələrə bağılmasından və .s. dan gəlirlər əldə edirdilər.

Vilayətlərdə rabitə və nəzarət funksiyalarını həyata keçirən bəridin işini yaxşılaşdıran bir sıra tədbirlər görülmüşdü.Poçt işində göyərçinlərdən istifadə olunurdu.Poçt işçisinin başçısı-sahib əl-bərid hər gön məhsulların qiymətləri barəsində məlumat verirdi.Stansiyalar bir-birindən bir bərid ,yəni dörd fərsəx məsafədə yerləşirdi ki, bu da qasidin bir mənzil at sürməsinə imkan verirdi.Hər bir stansiyada müxtəlif inzibati fəaliyyəti yerinə yetirən məmurlar ştatı var idi.

Yuxarılarda qeyd etdiyim kimi funksiyasına yalnız poçt idarəsinin rabitə fəaliyyətini həyata keçirilməsi deyil həm də canişinlər ,amillər,qazılar,hərbi rəislər və başçıların fəaliyyəti haqqında məlumat toplamaq ümumiyyətlə ,yerlərdəki hakimiyyət orqanlarının fəaliyyətinə göz qoymaq da daxil idi.A.Müllerin yazdığı kimi daimi olaraq yeni cari məlumat ehtiyyatından istifadə etmək üçün poçt məntəqələrinin müdirləri aydındır ki, hər yerdə casuslar qoymalı idilər.Beləliklə fəal işləyən əsl gizli polis əmələ gəlmişdir ki , bu da hər cür digər quruluşlardan daha artıq müstəbid üsuli-idarə üçün zəruri idi.

Ayrı-ayrı nahiyələr ,eləcə də digər inzibati ərazi vahidləri əmir tərəfindən təyin olunan rəislər tərəfindən idarə edilirdilər.Bu rəislərin hüquqları və səlahiyyət dairələri haqqında geniş tarixi məlumatlara rast gəlinməsə də güman etmək olar ki,onlar da canışınlər kimi təsərrüfat və maliyyə funksiyalarını həyata keçirir, vergi toplanışı liə məşğul olurdular.

Xilafət işğal etdiyi ərazilərdə ,mahallarda,şəhər və kəndlərdə olan inzibati aparatı birdən-birə öz kadrları ilə təmin edə bilməyəndə yerli məmur və əyanlardan bu məqsədlə istifadə edirdilər.Yerli məmur və əyanlar əhalinin aşağı təbəqələrindən fərqli olraq, əksərən könüllü surətdə islam dinini qəbul etmiş və xəlifəyə qulluq etməyə razı olduqlarını bildirmişdilər.

Regionların inzibati idarəçiliyində,əsas şəhər və məntəqələrdə ərəb hərbi qarnizonlarının-rəbatlarının təşkili əhəmiyyətli yer tuturdu.Revatlarda başlıca olaraq ,xəlifədən maaş almayan və “mütatəviyyə” adlanan qoşun toplanırdı.Rəvatların vəzifəsi müəyyən rayonlarda xilafət hakimiyyətin möhkəmləndərmək, sərhədləri qorumaq,yerli əhali tərəfindən baş verə biləcək çıxışları yatırtmaq və vergi toplanmasını təmin etmək idi..Rəbat komandirləri eyni zamanda həmin yaşayış məntəqəsində yerli haklimiyyət nümayəndəsi vəzifəsini icra edirdilər.

Hərbi qarnizonların şəxsi heyyəti yerli əhalinin hesabına mənzillə təmin olunmalı idi,yəni əhalinin bir hissəsi zorla öz mənzillərindən çıxarılırdı.Sonralar rəbat döyüşçüləri qulluq yerinə öz ailələri ilə birlikdə köçməyə başlamışdılar.Ümumiyyətlə hərbi qarnizonları saxlamaq xərcləri bütünlükdə yerli əhalinin üzərinə qoyulmuşdu.



Nəticə

Ərəb xilafətinin tarixi müəyyən dərəcədə Azərbaycanla da bağlıdır.Məlumdur ki, xilafətin tərkibinə yüksək inkişaf etmiş qədim mədəniyyəti olan Misir,Suriya,Fələstin ,Mesapatamiya,Orta Asiya kimi bir çox regionlar daxil idi.Ərəb dili bu ölkələrdə geniş yayıldı.Məhkəmə işləri bu dildə aparılır,məktəblərdə bu dil öyrənilirdi.Ərəb dili ədəbiyyat və elm dilinə çevrilmişdi. Suriya,İran,Orta Asiya ,eyni zamanda Azərbaycanın bir çox alim və yazıçıları öz əsərlərini bu dildə yazırdılar.Beləliklə,Xilafətin mədəniyyətinin təkcə ərəblər deyil,Ərəb xilafətinin tərkibinə daxil olan bütün xalqlar yaratmışlar.İstər bu cəhətdən ,istərsə də xilafətin tarixinin müasir sivilizasiyaya təsiri baxımından Ərəb xilafətinin ictimai və dövlət quruluşunun əsas xüsusiyyətlərinin öyrənilməsi ,elmi araşdırmaların aparılması böyük əhəmiyyət kəsbedir.

Kurs işi giriş,2 fəsil,nəticə və ədəbiyyat siyahısından ibarətdir.I fəsil “Ərəb xilafətinin ictimai quruluşu” , II fəsil isə “Ərəb xilafətinin dövlət quruluşu” adlanır.

I fəsildə VII-XI əsrlərdə Ərəb xilafətinin ictimai quruluşunun əsas elementləri-silki təbəqələşmə ,torpaqların bölüşdürülməsi,dövlətin pul ,vergi siyasəti ,ticarət və s. haqqında danışılır.

Ərəb xilafətinin dövlət quruluşuna aid məsələlər isə II fəsildə öz əksini tapmışdır.Bu fəsildə isə tədqiqat predmeti kimi mərkəzi idarəçilik aparatı ,məhkəmə orqanları ,ordu və yerlərdə idarəçiliyin əsas cəhətləri çıxış edir.


İstifadə edilmiş ədəbiyyat

1.Беляев Е.А. «Арабы ,ислам и арабский халифат в ранное средневековье» М.1965

2.Bünyadov Z.M. «Azərbaycan VII-IX əsrlərdə» B.1989

3.«Хрестоматия по истории государства и право зарубежных стран» под. ред. З.М.Черниловского М. 1984

4.Черниловский З.М. « История феодального государства и права» М.1959

5.Грязневич П.А. «Проблеми изучения истории возникновения ислама» М.1984

6.Masse A. “İslam” B.1992.

7. Сюкияйнен .Л.Р «Мусульманское право» М.1986

8.Петрушевский И.П. «Исламы в Иране в VII-XV веках» Л.1966

9.Vəlixanlı N. “Ərəb xilafəti və Azərbaycan” B.1997




Mündəricat
Giriş……………………………………………3

I fəsil Ərəb xilafətinin ictimai quruluşu……4

II fəsilƏrəb xilafətinin dövlət quruluşu….14

Nəticə………………………………………….20

İstifadə edilmiş ədəbiyyat............................21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə