İsmayıllı İlkin Qrup: 402 Konstitusiya anlayışı və onun hüquqi xüsusiyyətləri İstifadə olunmuş ədəbiyyatlar




Yüklə 21.58 Kb.
tarix20.04.2016
ölçüsü21.58 Kb.
İsmayıllı İlkin Qrup:402

Konstitusiya anlayışı və onun hüquqi xüsusiyyətləri
İstifadə olunmuş ədəbiyyatlar:
1. Bəxtiyar Atakişiyev – Azərbaycan Respublikasının konstitusiyası və hüququn əsasları
2. Ziyafət Əsgərov - Azərbaycan Respublikasının konstitusiyası və hüququn əsasları
3. İlqar Məmmədov – Dövlət və hüquq nəzəriyyəsi
Konstitusiya latınca “constitusio” sözündən olub mənası “quruluş”, “təsisat qurmaq” və “təsis etmək” mənasında işlədilir. Bu söz ilk dəfə Qədim Romada isperator dekretlərindən birisinin adı kimi işlənmiş və konstitusiya sözü buradan meydana gəlmişdir.

Dünyada ilk yazılı konstitusiya 1787-ci ildə ABŞ-də, Avropada isə ilk yazılı konstitusiya 1789-cu ildə Fransada qəbul olunmuşdur.

Normasından asılı olaraq konstitusiyaların iki növü mövcuddur: yazılı və şifahi. Şifahi konstitusiyalara Böyük Britaniyanın, Yeni Zelandiyanın, Mərakeşin konstitusiyaları misal ola bilər. Şifahi konstitusiya müxtəlif qanunların, məhkəmə presidentlərinin, adətlərin məcmusundan ibarət olur. Buraya adətlər daxil olur və konstitusiya şifahi xarakter daşıyır.

Müasir elmdə “Konstitusiya” termini iki mənada işlədilir:

1. Faktiki Konstitusiya;

2. Hüquqi Konstitusiya.

Faktiki konstitusiya Azərbaycan Respublikasında ictimai quruluşun faktiki əsaslarını və şəxsiyyətin həqiqi real vəziyyətini ifadə edir. Faktiki konstitusiya cəmiyyətdəki real münasibətləri əks etdirir. Bu münasibətlər müəyyən sənədlərdə ifadə olunaraq hüquq normaları ilə tənzimlənir.

Faktiki və hüquqi konstitusiyaların nisbət dinamikası mürəkkəbdir.Hüquqi konstitusiyanın mahiyyəti, onun məzmunu faktiki konstitusiya ilə cəmiyyətin və dövlətin inkişafının müxtəlif mərhələlərində sosial-iqtisadi və ictimai prosesdə müəyyən olunur. Konstitusiya Azərbaycan Respublikasının Əsas Qanunudur. Ona görə ki, hüquqi konstitusiyada ifadə olunan normalar real həyatda dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin daha vacib və zəruri sahəsini qaydaya və nizama salır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin Əsas Qanunu olması ilə bərabər yüksək hüquqi qüvvəyə malikdir. Maddi mənada konstitusiyanın ali hüquqi qüvvəsi ondadır ki, digər normativ hüquqi aktlar mahiyyət etibarilə konstitusiyanın normalarına uyğun olmalıdır. Buna görə də həm qanunlar, həm də qanunqüvvəli sənədlər kontitusiyaya uyğun gəlməli, ona zidd olmamalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə Konstitusiya ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir.Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və kontitusiyon müddəalar birbaşa praktikada tətbiq edilir. Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunma imkanına malikdir.

Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, konstitusiya quruluşunun sistemli baxışına əsas verir, dövlət institutları sistemində balans yaradır, konstitusiya quruluşunun sabitliyini təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyası dedikdə, Azərbaycan respublikasının əsas qanunu sayılan, ali hüquqi qüvvəsi olan xüsusi qaydada qəbul edilən və dəyişdirilən elə bir sənəd başa düşülür ki, bu sənəd sosial-iqtisadi quruluşun,siyasi sistemin və cəmiyyətin mənəvi həyatının əsaslarını,vətəndaşların (şəxsiyyətini) hüquqi vəziyyətini, dövlət quruluşunu və idarəetmə formasını, dövlət hakimiyyəti orqanlarını müəyyən edir.

Konstitusiyanın özünəməxsus xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1) Konstitusiyanın xalq tərəfindən qəbul edilməsi. Qəbul edilmə qaydasına görə konstitusiyalar bəxş edilmiş və referendumla qəbul olunmuş konstitusiyalara bölünür. Azərbaycan Konstitusiyası referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul olunmuşdur. Mütləq monarxiyalarda konstitusiya yuxarıdan bir növ bağışlanır.

2) Konstitusiya Əsas Qanun kimi başqa qanunlardan fərqlənir. Konstitusiya üstün qüvvədə olmaqla ictimai münasibətlərin geniş dairəsini, bütün cəmiyyət üzvlərinin maraqlarını ehtiva edən daha vacib məsələləri həll edir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşların başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli ərazi quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir. Konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları daha yüksək hüquqi qüvvəyə malikdir.

3) Konstitusiya bütün hüquq sisteminin başlanğıcı kimi hüququn əsas mənbəyidir. Cari qanunvericilik konstitusiyaya əsaslanır və cari qanunvericilikdə konstitusiya müddəaları əsas götürülür.

4) Konstitusiya yüksək hüquqi qüvvəyə malik olan Əsas Qanundur. Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir tərəfdə insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir.

Müasir elmdə konstitusiya 3 mənada nəzərdən keçirilir: hüquqi sənəd mənasında; siyasi sənəd mənasında; ideoloji sənəd mənasında.

Azərbaycan Respublikasının hüquqi sənəd mənasında Konstitusiyası dedikdə, ali hüquqi qüvvəyə malik olan, xüsusi qaydada qəbul edilən və dəyişdirilən, ölkənin sosial-iqtisadi quruluşunun, siyasi sisteminin və s. əsaslarını, şəxsiyyətin hüquqi statusunu müəyyən edən sənəd başa düşülür. Göründüyü kimi, hüquqi sənəd mənasında Konstitusiya hüquqi konstitusiyaya verilən anlayışda nəzərdə tutulan mahiyyəti və keyfiyyətləri əks etdirir. Hüquqi sənəd kimi Konstitusiya elə özünün hüquqi mahiyyətini ifadə edir.

Azərbaycan Respublikasının siyasi sənəd mənasında Konstitusiyası dedikdə, cəmiyyətdə siyasi qüvvələrin nisbətini əks etdirən, sosial qüvvələrin bir-birinə münasibətini ifadə edən və siyasi prosesləri nizama salan sənəd başa düşülür. Siyasi sənəd kimi Konstitusiya hüquqi cəhətdən cəmiyyətdəki siyasi qüvvələrin mənafe balansını möhkəmləndirir, cəmiyyətin inkişaf yolları haqqında proqram müddəaları müəyyənləşdirir. Siyasi sənəd kimi Konstitusiya elə onun siyasi-sosial mahiyyətini ifadə edir.

Azərbaycan Respublikasının ideoloji sənəd mənasında Konstitusiyası dedikdə, plüralizm ideologiyasını tanıyan sənəd başa düşülür. İdeoloji sənəd kimi bizim konstitusiya hər hansı rəsmi, dövlət ideologiyasını, sosial-siyasi doktrinanı qəbul etmir. Respublikamızda hər hansı ideologiyanın rəsmi dövlət ideologiyası kimi əhəmiyyəti yoxdur. Köhnə Sovet konstitusiyaları isə marksizm-leninizmi rəsmi dövlət ideologiyası hesab edirdi. Çin dövlətinin Konstitusiyasında (1982) da marksizm-leninizm rəsmi ideologiya kimi nəzərdə tutulur. Zair dövlətinin Konstitusiyasında (1980) prezident Mobutunun adından götürülmüş mobutizm ideologiyası rəsmi ideologiya kimi müəyyənləşdirilir. Bizim Konstitusiya isə hər hansı bir rəsmi dövlət ideologiyasını tanımır və qəbul etmir.

Azərbaycan Respublikasının Konstitusiyasının məzmunu bir qayda olaraq iki mənada başa düşülür: hüquqi mənada (hüquqi məzmun); siyasi-sosial mənada (sosial məzmun).

Konstitusiyanın hüquqi mənada məzmunu (hüquqi məzmunu) dedikdə, onun ibarət olduğu hüquq normalarının məcmusu başa düşülür. Bu normalar tənzim edir:



  • İctimai-iqtisadi quruluşun əsaslarını (iqtisadiyyatın təşkilinin bazar iqtisadiyyatı adı formasınımülkiyyət formalarını və s. );

  • Dövlət quruluşunun əsaslarını (idarəetməyə və quruluşuna görə dövlətin formalarını,dövlətin təşkil olunma əsaslarını və s. );

  • Cəmiyyətin mənəvi həyatının əsaslarını (din, ailə, təhsil və s. );

  • Şəxsiyyətin hüquqi statuslarının əsaslarını, yəni vətəndaşların əsas hüquq və vəzifələrini (mülkiyyət hüquqi, əmək hüququ, əqli mülkiyyət hüququ, vergi ödəmək vəzifəsi və s. ).

Konstitusiyada ifadə olunan normalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri nizama salır. Bütün ictimai münasibətlər yox, yalnız mühüm və vacib əhəmiyyətə malik olan ictimai münasibətlərin əsasları məhz bu normalarla tənzimlənir. Həmin normalar cəmiyyətdəki əsas ictimai-iqtisadi və siyasi proseslərin tənzimləyicisi kimi çıxış edir.

Konstitusiyanın siyasi-sosial mənada məzmunu (sosial məzmunu) dedikdə, cəmiyyət və dövlət quruluşunun prinsipial məsələləri barəsində razılığa gəlmiş sosial qüvvələrin nisbətinin və bir-birinə münasibətinin, onların ictimai mənafe balansının Konstitusiyada idarə olunması başa düşülür. Konstitusiyamız müəyyən sinfin və sosial qrupun siyasi hakimiyyətini əks etdirmir. Onda sinfi mənafelər yox, xalq mənafeyi ifadə edilir. Bizim konstitusiya Azərbaycan xalqının yüksək səviyyədə siyasi-hüquqi həmrəyliyini əks etdirən sənəddir.

Konstitusiyamız quruluşca bölmələrə, bölmələr fəsillərə, fəsillər isə maddələrə bölünür. Ona 5 bölmə, 12 fəsil və 158 maddə daxildir. Birinci bölmə Konstitusiya quruluşunun əsaslarına (xalq hakimiyyəti və dövlətin əsasları), ikinci vətəndaşların hüquqi statusuna, üçüncü dövlət hakimiyyətinin təşkili və fəaliyyətinə, dördüncü yerli özünü idarəyə, beşinci bölmə isə hüquq və qanun kimi məsələlərə həsr olunur. Konstitusiya keçid müddəaları ilə bitir. Bu müddəalar keçid dövrü üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası 4 əsas məsələni həll edir:



  1. İctimai quruluşun, dövlətin ərazi-siyasi quruluşunun və idarəetmə formasının mahiyyəti məsələsini;

  2. Dövlət hakimiyyətinin təşkili məsələsini;

  3. Şəxsiyyətin hüquqi statusu məsələsini;

  4. Yerli özünüidarənin mahiyyəti məsələsini.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə