İşğalının ildönümü ərəfəsində vətənimizin dilbər guşəsi Kəlbəcəri xatırlayarkən




Yüklə 22.83 Kb.
tarix09.03.2016
ölçüsü22.83 Kb.

Antik dövrün abidələr məskəni



İşğalının ildönümü ərəfəsində vətənimizin dilbər guşəsi Kəlbəcəri xatırlayarkən

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğal olunub. Rayonun  işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. 

Ağdaban soyqırımı 

Ağdaban soyqırımı - 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrımdır. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərkin salınmasıdır. Ümumilikdə  Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. Qeyd edək ki, hazırda Kəlbəcər rayonunda olan məcburi köçkünlər Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın 44 rayon və şəhərində məskunlaşıblar. Onlardan 116 ailə çadırda, 8988 ailə ictimai binalarda, məktəblərdə, 351 ailə yol kənarında və humanitar təşkilatlar tərəfindən tikilmiş müvəqqəti yaşayış yerlərində yerləşdirilib. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkib, onlardan 734 nəfəri yetim qalıb.

İlk insan məskəni

1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr - Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. 


Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı» və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır. 



«Türk qəbristanlığı» 

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib, bütün bunlar barəsində mətbuatda geniş yazılar dərc olunub. Ərazi demək olar ki, qəbirüstü at, qoç, sandıq fiqurları ilə, daş üzərinə həkk olunmuş yazı və rəsmlərlə doludur. Daş abidələr Şimali Azərbaycanda atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır. Atəşpərəstlik dövründə yaranmış bir daş abidə diqqəti daha çox cəlb edir: rəsmdə solda yuxarıda Günəş parlayır. Bir nəfər atı yedəkləyib Günəşə doğru çəkir, bir nəfər isə əlində qılınc atın arxası ilə addımlayır. Günəşə qurban aparırlar. Bu rəsmə baxdıqda «tarixin atası» Herodotun yazdıqlarını xatırlayırsan (b.e.ə.490-480-cı illər): «Onların sitayiş etdikləri yeganə Allah Günəşdir. Günəşə onlar atları qurban verirdilər. Onlar bu cür qurbanvermənin mənasını bunda görürdülər ki, ən sürətli Allaha dünyada mövcud olan ən sürətli canlını qurban vermək lazımdır». Rayonda «Türk qəbristanlığı» adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisidir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış forma və ölçü ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Bunlardan 20-dək kəndi əhatə edən Ayrım dərəsini, 10-dək kəndi əhatə edən Qılınclılar, 6-7 kəndi əhatə edən Alxaslı, 4 kəndi əhatə edən Qaraçanlı bölgələrini, eləcə də tayfa adı daşıyan Çıraq (Türkeşkənd), Qanlıkənd, Əsrik, Çovdar, Çorman, Təkəqaya, Barmaq, Çəpli, Zar, Zivel, Yanşaq, Söyüdlər (biz Seyidlər deyirik) və bir sıra yaşayış məntəqələrini, Çiçəkli, Söyüdlü, Abdal, Qaraxanlı, Bağırxan, Taxta və b.yaylaqları, Qaramanlı, Xəndək, Güzdək, Tələlər, Aluluq, Quturlu (Qoturlu kimi işlədirik), Tərtər, Dəlidağ, Keyti, Tamaşa, Qoçdaş, Dikyurd, Yellicə, Aydoğan, Qoşqar və s. dağ, dərə, əkin-biçənək adlarını - türkmənşəli toponimləri göstərmək olar.

Ağdaban kəndinin qədim alban tayfasının adını daşıdığı güman edilir. «Alban» adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.

XI əsrdən başlayaraq, bir sıra tarixi səbəblərdən, xarici təcavüzkarların basqınlarından oğuz türklərinin vaxtaşırı yerdəyişməsi baş vermişdir. Bu səbəbdən bir sıra tayfalar öz adlarını qonşu dövlətlərin ərazilərində də əbədiləşdirirmişlər. Buna görə də Kəlbəcərdəki toponimlərə ölkənin başqa rayonlarında, həmçinin qonşu dövlətlərin ərazisində də rast gəlinir. Kəlbəcərlilərin ulu babalarının bağlı olduqları köklər və məskənlər barədə yazılı məlumata malikdirlər. Onlar əsillərinin əsas aran və dağ Qarabağla, Cənubi Azərbaycanla, Zəngəzurla, Dərələyəzlə, Qazax-Tovuzla və s. bağlı olduğunu söyləyirlər. Ən qədim kökləri isə Cənubi Azərbaycana gedib çıxır. 


Dirilik suyu – İstisu 

Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu – İstisudur. İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 verstlik maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu çəkilmişdi. Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexoslovakiyadadır) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”. O, zamanın ən görkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu müalicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir. İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su havayı axıb gedir. Axan sular yığılıb satılsaydı ildə 630mln. 610min 560 manat gəlir əldə etmək olardı. İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Çexiyanın Karlovi-Vari və Ermənistanın Cermux mineral sularına yaxındır. Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və ondan vanna kimi istifadə edilir. İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olunurlar. 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə