İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının tənzimlənməsi




Yüklə 293.25 Kb.
səhifə1/3
tarix26.04.2016
ölçüsü293.25 Kb.
  1   2   3


İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının tənzimlənməsi.
PLAN:

Giriş


  1. İşçi qüvvəsinin miqrasiyası beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri kimi.

  2. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının müasir vəziyyəti.

  3. Əmək miqrasiyasının tənzimlənməsi problemləri.

  4. Azərbaycanın beynəlxalq miqrasiya proseslərində iştirakı və milli səviyyədə miqrasiyanın tənzimlənməsi xüsusiyyətləri.

Nəticə

Ədəbiyyat siyahısı




Giriş.
Müasir dövrdə bazar sistemini qurmağa çalışan ölkələrin iqtisadiyyatlarının inkişafı beynəlxalq iqtisadi münasibətlərin bir forması olan əmək miqrasiyası proseslərindən səmərəli surətdə istifadə edilməsi və onun tənzimlənməsi ilə sıx əlaqədədir. Bu baxımdan, işçi qüvvəsinin beynəlxalq miqrasiyasının, xüsusilə də onun tənzimlənməsinin öyrənilməsi mühüm aktuallıq kəsb edir.

İnformasiya mənbəyi kimi mövzu ilə əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və xarici alimlərin və mütəxəssislərin araşdırmalarından istifadə edilmişdir.

Kurs işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdırılmışdır. Kurs işi girişdən, dörd sualdan və nəticədən ibarətdir. Kurs işində 2 cədvəl və 8 mənbədən istifadə edilmişdir.

Kurs işinin birinci sualı “İşçi qüvvəsinin miqrasiyası beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri kimi” adlanır. Bu sualda beynəlxalq əmək miqrasiyası beynəlxalq iqtisadi münasibətlərin bir hissəsi kimi nəzərdən keçirilir, miqrasiyaya təsir edən amillər, miqrasiyanın formaları tipləri araşdırılır.

“İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının müasir vəziyyəti” adlanan ikinci sualda işçi qüvvəsinin miqrasiyasının müasir vəziyyəti, müasir dövrün bir sıra xüsusiyyətləri araşdırılır.

Üçüncü - “Əmək miqrasiyasının tənzimlənməsi problemləri” sualında əmək miqrasiyasının tənzimlənməsi ilə məşğul olan təşkilatlar və qurumlar araşdırılır və onların bu zaman qarşılaşdığı problemlər aydınlaşdırılır. Sualda həmçinin, dövlətin əmək miqrasiyasını tənzimləmə siyasəti də nəzərdən keçirilir.

Dördüncü sual “Azərbaycanın beynəlxalq miqrasiya proseslərində iştirakı və milli səviyyədə miqrasiyanın tənzimlənməsi xüsusiyyətləri” adlanır. Sualda Azərbaycanda əmək miqrasiyasının vəziyyəti, onun tənzimlənməsi və bu zaman qarşılaşılan problemlərə diqqət yetirilir.

Kurs işi nəticə ilə tamamlanır.



1. İşçi qüvvəsinin miqrasiyası beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri kimi.
XX əsrin ikinci yarısında dünya ictimaiyyətinin həyatında müşahidə edilən xarakterik meyllərdən biri də əhalinin kütləvi miqrasiyasıdır. Əmtəə, xidmət və kapital bazarları ilə yanaşı işçi qüvvəsinin beynəlxalq bazarı da mövcuddur. Bir ölkədən digərinə hərəkət edən işçi qüvvəsi özünü əmtəə kimi təqdim edir və beləliklə də, beynəlxalq iqtisadi münasibətlər sisteminin tərkib hissəsinə çevrilmiş beynəlxalq əmək miqrasiyası baş verir.

Ölkələr arasında ictimai-ərazi əmək bölgüsünün ən yüksək səviyyəsi olan beynəlxalq əmək bölgüsü müxtəlif əmtəələrin istehsalının müxtəlif ölkələrdə təmərküzləşməsini, müxtəlif ölkələrdə müxtəlif həcmdə və fərqli ixtisas səviyyələrində əmək resurslarının olmasını nəzərdə tutur. Beynəlxalq əmək bölgüsü çərçivəsində kooperasiya həyata keçirilərkən bu iki formada baş verir: əmək bölgüsü əsasında istehsal edilən əmtəələrlə beynəlxalq mübadilə (beynəlxalq ticarət) və ya əməyin ölkələrarası hərəkəti əsasında beynəlxalq əmək miqrasiyası.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyası muzdlu əməyin ixracı və idxalından ibarətdir. İşçi qüvvəsinin daxili miqrasiyasını (bir ölkənin regionları arasında) və xarici miqrasiyasını (bir neçə ölkəyə aid olan) fərqləndirirlər.

Əmək miqrasiyası beynəlxalq iqtisadi münasibətlərin bir hissəsidir.

İşçi qüvvəsinin miqrasiyasının formalarını aşağıdakı kimi təsnifləşdirmək olar:


  1. istiqamətinə görə:

    • inkişaf etməkdə olan ölkələrdən və keçmiş sosialist ölkələrindən sənayecə inkişaf etmiş ölkələrə miqrasiya;

    • sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya;

    • inkişaf etməkdə olan ölkələr arasında miqrasiya;

    • yüksək ixtisaslı işçi qüvvəsinin sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə miqrasiyası;

    • inkişaf etməkdə olan ölkələrdən keçmiş sosialist ölkələrinə miqrasiya.

  2. ərazi əhatəsinə görə:

    • qitələrarası;

    • qitədaxili.

  3. miqrantların ixtisas səviyyəsinə görə:

    • yüksək ixtisaslı işçi qüvvəsi;

    • aşağı ixtisaslı işçi qüvvəsi.

  4. müddətinə görə:

    • birdəfəlik (bir qayda olaraq qitələrarası);

    • müddətli (bir qayda olaraq qitədaxili);

    • mövsümi (gəlir əldə etmək üçün hər il edilən səfərlər);

    • gündəlik (öz ölkəsində yerləşən yaşayış məntəqəsindən digər ölkədə yerləşən iş yerinə gündəlik edilən hərəkət).

  5. qanuniliyinə görə:

    • leqal;

    • qeyri-leqal.

Beynəlxalq Əmək Təşkilatının təsnifinə görə, müasir beynəlxalq miqrasiyanın 5 əsas tipi fərqləndirilir:

      1. daimi yaşayış yerini dəyişən köçkünlər;

      2. müqavilə üzrə işləyənlər (müqavilədə işçinin ölkədə işləmə müddəti dəqiq şəkildə göstərilir);

      3. yüksək hazırlıq səviyyəsinə, müvafiq təhsilə, praktiki iş təcrübəsinə malik peşəkarlar, həmçinin dünya ali təhsil sistemi çərçivəsində hərəkət edən müəllimlər və tələbələr;

      4. qeyri-leqal immiqrantlar;

      5. hər hansı bir təhlükə səbəbindən öz ölkələrindən emiqrasiya etməyə məcbur olan şəxslər, yəni qaçqınlar.

Əmək miqrasiyasının yaranması dünya təsərrüfatının formalaşması və inkişafı ilə əlaqədardır. Dünya iqtisadi inkişafının qlobal xarakteri, ölkələrin daha aktiv şəkildə dünya təsərrüfatına cəlb edilməsi, ölkələrin qarşılıqlı asılılığı və onların iqtisadi inkişaflarında olan qeyri-bərabərlik miqrasiyanın səbəblərini doğurmuşdur.

Beynəlxalq miqrasiya problemlərinin aktiv surətdə öyrənilməsinə 1960-cı illərin sonlarından başlanmışdır. İqtisadi artım modelləri çərçivəsində həyata keçirilən tədqiqatların əsas ideyası istehsalın amillərindən biri olan işçi qüvvəsinin beynəlxalq hərəkətinin iqtisadi artımın templərinə təsir göstərməsindən ibarət olub. Işçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi isə onun ödənilmə səviyyəsinin müxtəlif ölkələr üzrə fərqli olmasıdır.

Neoklassik yanaşmanın tərəfdarları belə hesab edirlər ki, emiqrasiya işçi qüvvəsini qəbul edən ölkənin rifah səviyyəsinin artımına gətirib çıxarır. Emiqrasiyanın mənbəsi kimi çıxış edən ölkənin iqtisadi artım tempi isə pisləşməyərək əvvəlki səviyyədə qalır.

Neokeynsçilərin fikrincə, işçi qüvvəsinin, xüsusilə də yüksək ixtisaslı işçiləri ixrac edən ölkənin iqtisadi vəziyyətinin pisləşməsi mümkündür. Bununla əlaqədar, “beyin axını”na vergi tətbiq edilməsi ideyası irəli sürülmüşdü. Bu yolla əldə edilən gəlirin inkişaf ehtiyaclarına istifadə edilməsi üçün BMT-nin sərəncamına verilməsi nəzərdə tutulurdu.

Son illərdə miqrasiya proseslərinin təhlilində vurğu ölkənin iqtisadi artımının endogen amili kimi nəzərdən keçirilən insan kapitalının akkumulyasiyasının tədqiqinə yönəlmişdir. İnsan kapitalını iqtisadi inkişafın vacib amili olduğunu hesab edən bu yanaşmaya görə, beynəlxalq miqrasiya ölkələrin iqtisadi artım templərində olan fərqləri izah edən səbəblərdən biridir.

İşçi qüvvəsinin miqrasiyası iki qrup amillərin təsiri altında baş verir:



  1. Qeyri-iqtisadi amillər, məsələn, siyasi-hüquqi (məsələn, 1975-ci ildə kommunistlərin qələbəsindən sonra Vyetnamdan qaçqın axınları), dini, etnik, ailəvi amillər. Son onillikdə ekoloji, təhsil-mədəni və psixoloji amillərin də miqrasiyaya təsiri artıb.

  2. İqtisadi amillər. İqtisadi amillərə aiddir:

  • ölkələrin iqtisadi inkişaf səviyyələrində olan müxtəliflik işçi qüvvəsinin dəyərində kəskin fərqlərə gətirib çıxarır ki, nəticədə də işçi qüvvəsi əməyin ödəniş səviyyəsinin, yəni əmək haqqının daha yüksək olduğu ölkələrə doğru istiqamətlənir;

  • ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunmaları;

  • milli əmək bazarının vəziyyəti, məsələn, zəif inkişaf etmiş ölkələrdə milli əmək bazarı xroniki işsizlik şəraitində inkişaf edir ki, bu da insanları digər ölkələrdə iş axtarmağa məcbur edir;

  • əmək resurslarının kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin milli istehsalın maddi-texniki bazasına uyğunsuzluğu.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyi bir sıra amillərdən asılıdır. Onların sırasında aşağıdakıları göstərmək olar:

  • dünya iqtisadi inkişafının qlobal xarakteri və ölkələrin qarşılıqlı asılılığının artması;

  • elmi-texniki tərəqqinin inkişafı ixtisaslı işçi qüvvəsinə olan ehtiyacı artırır, yeni peşələrin yaranmasına səbəb olur və mövcud iş qüvvəsinə tələbin dəyişməsinə gətirib çıxarır;

  • iqtisadiyyatın struktur yenidənqurması, yəni, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması ilə müşaiyət olunan bazar iqtisadiyyatına keçid ölkənin xarici miqrasiya dövriyyəsinin kəskin artımına səbəb olur;

  • kapital ixracı, transmilli şirkətlərin fəaliyyəti işçi qüvvəsinin kapitalla birləşməsinə şərait yaradaraq ya işçi qüvvəsini kapitala doğru yönləndirir, ya da kapitalı əməkdən bol olan ölkələrə köçürür;

  • ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının və ümümilikdə dünya iqtisadiyyatının yerləşdikləri iqtisadi tsikl fazaları: yüksəliş fazasında işçi qüvvəsinə tələb artır, böhran fazasında isə aşağı düşür;

  • dünya təsərrüfatında baş verən iqtisadi inteqrasiya prosesləri bu prosesə qoşulan ölkələr arasında işçi qüvvəsinin beynəlxalq miqrasiyasını stimullaşdırır və bu ölkələr öz növbəsində işçi qüvvəsini cəlb edən yeni mərkəzlərə çevrilirlər;

  • beynəlxalq informasiya sisteminin genişlənməsi, həmçinin nəqliyyat vasitələrinin inkişafı və ucuzlaşması.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyası əmək resurslarını idxal və ixrac edən ölkələrin iqtisadi və sosial inkişafına həm müsbət, həm də mənfi təsir göstərə bilər.

Xarici işçi qüvvəsindən istifadə immiqrasiya ölkələrinə əhəmiyyətli müsbət nəticələr əldə etməyə imkan verir:



    • yüksək mobilliyə malik işçi qüvvəsinin idxalı nəticəsində ölkə iqtisadiyyatında struktur (sahəvi və regional) dəyişikliklər yüngülləşir;

    • immiqrantlar adətən əmək resurslarının gəncləşməsinə səbəb olur, çünki adətən əhalinin daha mobil və daha əmək qabiliyyətli hissəsi miqrasiyaya cəlb edilir;

    • işçilərin və mütəxəssislərin tədrisinə və ixtisaslarının artırılması üçün lazım olan vəsaitlərə qənaət edilir;

    • immiqrantlar daxili bazarın həcmini genişləndirir və onların istehlak məqsədi ilə istifadə etdikləri vəsait ölkə iqtisadiyyatının inkişafına yönəldilir, onların banklardakı hesablarında toplanan vəsaitləri isə əlavə yığım mənbəyi kimi çıxış edir;

  • xarici işçi qüvvəsinə çəkilən xərc yerli işçi qüvvəsinə çəkilən xərcdən aşağıdır ki, bu da firmaya əmək haqqı xərclərini aşağı salmağa imkan verir;

  • immiqrantlar əmək haqqlarının bir hissəsini vətənlərinə köçürürlər ki, bu da onların işlədikləri ölkədən onların mənsub olduqları ölkəyə əmtəə ixracı üçün şərait yaradır.

Bununla yanaşı, işçi qüvvəsinin beynəlxalq miqrasiyası immiqrasiya ölkələri üçün bir sıra problemlər də yaradır:

  • işçi qüvvəsinin təklifinin artması və iş yerlərinin məhdudluğu səbəbindən milli əmək bazarında vəziyyət pisləşir;

  • əmək bazarında işçi qüvvəsinin təklifinin artması nəticəsində milli işçi qüvvəsinin dəyərinin aşağı düşməsi baş verir;

  • yerli əhali və immiqrantlar arasında münaqişələr üçün zəmin yaranır.

İmmiqrasiyanın iqtisadi effektlərini çox zaman mənfi təsvir edirlər və əsasən də iş yerlərinin azalmasını və yerli əhali arasında işsizliyin artmasını qeyd edirlər. Lakin bu problemi inkar etmədən qeyd etmək lazımdır ki, immiqrantlar özləri ilə yeni təcrübə, bilik və bacarıqlar gətirirlər. ABŞ, Kanada və Avstraliya immiqrasiya nəticəsində yaranmış ölkələrdir.

İmmiqrantlar ayrı-ayrı sahələrin iqtisadi inkişafına dinamizm gətirirlər. Nümunə kimi, İndoneziya və Malayziyada olan çinli sənaye işçilərini, Kanadada fəaliyyət göstərən Honq-Konqlu sahibkarları, Afrikada olan hind və livan biznesmenlərini, İran körfəzinin neft hasil edən ölkələrində işləyən iordan və fələstin fəhlələrini göstərmək olar.

Bundan əlavə immiqrantlar yerli əhalinin çalışmaq istəmədikləri sahələrdə işləyirlər. Türkiyə və Şimali Afrikadan olan qeyri-ixtisaslı işçilər Almaniya və Fransaya olan immiqrasiyanın 60-80%-ni təşkil edir. Malayziyada indoneziyalılar, Argentinada boliviyalılar ağır işləri yerinə yetirirlər.

Bir sıra ölkələrdə əhəmiyyətli ixrac gəlirini təmin edən sahələr immiqrantlar olmadan fəaliyyət göstərə bilməzlər. Nümunə kimi, Cənubi Afrika Respublikasında dağ-mədən sənayesini, Dominikan Respublikası, Malayziya və İspaniyada kənd təsərrüfatı plantasiyalarını, Malayziyada kauçuk və rezin sənayesini göstərmək olar.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının emiqrasiya ölkələri üçün təsiri də birmənalı deyil. Müsbət təsirlər kimi aşağıdakıları qeyd etmək olar:


  • emiqrasiya milli əmək bazarında mövcud olan gərgin vəziyyəti yüngülləşdirir;

  • xaricdən ölkəyə daha təhsilli və ixtisaslı işçilər qayıdırlar;

  • xaricdən valyuta köçürmələri ölkə gəlirinin vacib mənbəsinə çevrilir;

  • vətənə qayıdan zaman miqrantlar özləri ilə maddi dəyərlər və yığımlar gətirirlər ki, onların da həcmi ümumilkdə pul köçürmələrinin həcminə bərabər olur.

Mənfi amillər kimi isə aşağıdakıları göstərmək olar:

  • ölkə əmək qabiliyyəti yüksək olan əmək resurslarının bir hissəsini itirir ki, nəticədə də əmək resurslarının yaşlaşması baş verir;

  • ümumi təhsil və peşəkar hazırlığına xərclənən vəsaitlər itirilir;

  • “beyin axını”, yəni yüksək ixtisaslı işçilərin və elm adamlarının xaricə axını baş verir.

Emiqrasiya əmək resurslarından bol olan ölkələrin iqtisadiyyatına əhəmiyyətli müsbət təsir göstərir. Belə ki, işçi qüvvəsinin xaricə axını işsizliyin həcmini azaldır. 1970-ci illərdə işsizlikə mübarizə proqramını işləyən Misir hökuməti ora xüsusi olaraq İran körfəzi ölkələrinə emiqrasiyanın stimullaşdırılması tədbirini salmışdı. Puerto-Rikoda qəbul edilən minimum əmək haqqı barədə qanun işçi qüvvəsinin ən azı 1/3-nin ABŞ-a emiqrasiya edəcəyindən çıxış edirdi.

“Beyin axını” özlüyündə əksər inkişaf etməkdə olan ölkələr üçün ciddi problemdir. Lakin əksər hallarda ölkənin iqtisadi vəziyyəti düzəldikcə “beyin axını” dayanır. Məsələn, hind alimləri bir neçə il yüksək texnologiyalarla məşğul olan ABŞ şirkətlərində çalışandan sonra öz ölkələrinə qayıtmış, yeni kompüter proqramlarının yaradılması üzrə Hindistan sənayesinin əsasını qoymuşlar.





  1. İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının müasir vəziyyəti.

İstənilən iqtisadi proses öz inkişafında müxtəlif mərhələlərdən keçir ki, onlar da bir-birlərindən kəmiyyət və keyfiyyət parametrlərinə görə fərqlənirlər. İqtisadi səbəblər nəticəsində miqrant axınları bir qayda olaraq aşağı gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə doğru istiqamətlənir. II dünya müharibəsindən sonra beynəlxalq miqrasiyanın istiqamətləri iqtisadi şəraitin dəyişməsi nəticəsində daim tərəddüdlərə məruz qalmışdır.

Miqrantların coğrafi regionlara görə bölgüsünü və onların artım həcmini Cədvəl 1.-dən görmək olar.
Cədvəl 1.
Əsas regionlar üzrə miqrant axınlarının həcmi və artımı, 2000-2005



Əsas regionlar

2000
(min nəfərlə)

2005
(min nəfərlə)

Dəyişmə: 2000-2005


(min nəfərlə) faizlə



Dünya

174781

185246

10465 5.99

İnkişaf etmiş regionlar

104119

113432

9313 8.94

Zəif inkişaf etmiş regionlar

70662

71814

1152 1.63

Afrika

16277

16295

18 0.11

Asiya

49781

49713

-68 -0.14

Avropa

56100

60431

4331 7.72

Latın Amerikası və Karib hövzəsi

5944

4627

-1317 -22.15

Şimali Amerika

40844

47868

7024 17.2

Okeaniya

5835

6312

477 8.17


Mənbə: İnternational Migration Report 2005. United Nations. New York 2005.

Cədvəldən göründüyü kimi, miqrantların çoxu Avropada (60 milyon nəfər), Asiyada (50 milyon nəfər) və Şimali Amerikada (48 milyon nəfər) yaşayır.

BMT-nin apardığı tədqiqatlar göstərir ki, miqrantların 60%-i inkişaf etmiş ölkələrdə, 40%-i isə daha az inkişaf etmiş ölkələrdə yaşayırlar. Faktiki olaraq, inkişaf etmiş ölkələrin əhalisinin hər 10 nəfərindən biri miqrantdır. İnkişaf etməkdə olan ölkələrdə isə hər 70 nəfərə bir miqrant düşür.

2000-2005-ci illər ərzində dünyada miqrantların sayı 9 milyon nəfər və ya 6 faiz artmışdır. Miqrantların sayı inkişaf etmiş regionlarda artmış, inkişaf etməkdə olan regionlarda isə azalmışdır. Avropa, Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və Yaponiyada miqrant axını 12 milyon nəfər və ya 11 faiz artmışdır.

Son beş ildə Şimali Amerikada miqrantların sayı 7 milyon nəfər (17 faiz) artdığı halda, Avropada bu artım 4 milyon nəfər və ya 8 faiz təşkil etmişdir. İnkişaf etməkdə olan regionlarda isə 2000-2005-ci illər ərzində miqrant əhalinin sayı 1 milyon nəfər azalmışdır. Latın Amerikası və Karib hövzəsi ölkələrində miqrantların sayı 1 milyon nəfər və ya 22% azalma göstərmişdir.

Müasir mərhələnin bir xüsusiyyəti də qitədaxili miqrasiyanın artmasıdır. 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində Avropada həm emiqrasiya, həm də immiqrasiya ölkələri üçün qitədaxili miqrasiya xüsusi əhəmiyyət kəsb etməyə başladı. Almaniyadan başqa, Fransa, Belçika, İsveçrə və bir sıra digər Qərbi və Şimali Avropa ölkələri immiqrasiya ölkələrinə çevrildilər. Bu ölkələr üçün qeyd olunan dövrdə yüksək iqtisadi artım templəri, istehsalın və əməyin beynəlmiləlləşməsi, demoqrafik vəziyyətin kəskinləşməsi xarakterik idi. Türkiyə, İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya və keçmiş Yuqoslaviya isə emiqrasiya ölkələri kimi çıxış etməyə başladılar. Bu ölkələr iqtisadi cəhətdən nisbətən az inkişaf etmiş ölkələr olmaqla yanaşı, onlarda əhalinin təbii artım tempi daha yüksək və qeyri-ixtisaslı işçi qüvvəsinin payı daha çox idi. 1990-cı illərdə Avropada vəziyyət bir elə dərəcədə dəyişməmişdir. Amerika və Afrika qitələrində də qitədaxili miqrasiya güclənmişdir.

Digər bir xüsusiyyət kimi isə beynəlxalq miqrasiya ilə əlaqədar olan pul axınlarının həcminin artmasını göstərmək olar. Hazırda bu göstərici yüz milyard dollarla ölçülür və masştabına görə birbaşa xarici investisiyalarla müqayisə edilə bilər. Pul köçürmələrinin təxminən 4/5-i inkişaf etmiş ölkələrdə işləyən miqrantların payına düşür. Bu o deməkdir ki, işçi miqrantların əsas hissəsi inkişaf etmiş ölkələrdə cəmlənib.

Qeyri-rezident işçilərə ən çox əmək haqqı ödəmələri Almaniya, İtaliya, Yaponiya, Belçika, ABŞ-da həyata keçirilir. Inkişaf etməkdə olan ölkələrdə xarici işçi qüvvəsindən Cənubi Afrika Respublikası, Malayziya, Küveyt daha aktiv surətdə istifadə edirlər. Şəxsi xarakterli pul köçürmələrinin əsas hissəsi inkişaf etmiş ölkələrdən (ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya), yeni sənaye ölkələrindən (Cənubi Koreya) və neft hasil edən inkişaf etməkdə olan ölkələrdən (Səudiyyə Ərəbistanı, Venesuela) həyata keçirilir. Xaricdən pul köçürmələrinin əsas alıcıları inkişaf etmiş ölkələrdir (transmilli şirkətlərin xarici bölmələrində çalışanların, xarici ölkələrdə yerləşdirilən hərbi qulluqçuların, diplomatların pul köçürmələri).

Bununla belə, bir çox inkişaf etməkdə olan ölkələrdə (Banqladeş, Burkina-Faso, Misir, Yamayka, Malavi, Mərakeş, Pakistan, Portuqaliya, Şri-Lanka, Sudan, Türkiyə) şəxsi xarakterli köçürmələrin həcmi əmtəə ixracından əldə edilən gəlirlərin 20-50 faizi həcmindədir. İordaniya, Lesoto, Yəməndə köçürmələr ümumi milli məhsulun 10-50 faizə bərabərdir. BMT-nin hesablamalarına görə, təkcə 2000-ci il ərzində xaricdən edilmiş pul köçürmələri nəticəsində Salvador, Eritreya, Yamayka, İordaniya, Nikaraqua və Yəmən kimi ölkələrin ÜDM-si təxminən 10 faiz artmışdır.

Praktikada xarici işçiləri kütləvi surətdə cəlb edən müəyyən coğrafi regionlar da fərqləndirilir. Bu regionları “cəzbetmə mərkəzləri” adlandırırlar. Hazırda dünyada bu cür 8 mərkəz formalaşaraq fəaliyyət göstərməkdədir. XVIII-XIX əsrlərdən formalaşmağa başlamış ənənəvi mərkəzlərə aşağıdakılar aiddir:



  1. Qərbi Avropa ölkələri. Burada miqrantların və onların ailə üzvlərinin sayı 13 milyon nəfəri keçmişdir. 2000-ci ilin yekunlarına görə, immiqrantların Almaniyanın əmək resurslarında xüsusi çəkisi 8,8 faizə bərabər olmuşdur. Fransada bu göstərici 6,0 faiz, Avstriyada 10,5 faiz, İsveçrədə 18,3 faiz, Lüksemburqda isə 57,3 faiz təşkil etmişdir.

Xarici işçilər əsasən əl əməyinin yüksək olduğu sahələrdə (tikinti, xidmət sahələri) və həmçinin, yerli əhalinin işləməyi özlərinə sığışdırmadıqları və ya təhlükəli hesab etdikləri sahələrdə çalışırlar. Məsələn, Fransada tikinti sahəsində çalışanların 1/4 hissəsini, avtomobilqayırmada işləyənlərin isə 1/3 hissəsini emiqrantlar təşkil edir. Belçikada dağ sənayesində çalışanların 1/2 hissəsi xaricdən gəlir.

İmmiqrantların əsas hissəsini qəbul edən ölkələr Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Belçika, İsveç və Niderlanddır. 2000-ci ilin rəqəmlərinə görə, Almaniyada 3,6 milyon nəfər (əsasən türklər, yuqoslavlar və italyanlar), Fransada 1,6 milyon nəfər (əsasən Şimali Afrika ölkələrindən olanlar), Böyük Britaniyada 1,2 milyon nəfər (əsasən Krallığa daxil olan ölkələrdən) immiqrant çalışmaqdadır.

Bu regiona işçi qüvvəsini ixrac edən ölkələr kimi coğrafi baxımdan Avropanın “kandarı”nda yerləşən ölkələri (Türkiyə, İtaliya və s.), Şərqi Avropa ölkələrini, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrini göstərmək olar.

Bu regionda beynəlxalq miqrasiya prosesinin xarakterik xüsusiyyəti “vahid əmək bazarı”nın mövcud olması ilə əlaqədardır. Avropa Birliyinin inteqrasiya mərhələlərindən biri kimi formalaşan bu bazar səbəbindən Qərbi Avropada Avropa Birliyinin üzv ölkələrindən olan miqrantları payı yüksəkdir (təxminən 40%).

Almaniya Federal Məşğulluq İnstitutunun proqnozlarına görə, Avropa Birliyində müşahidə olunan iqtisadi artım yeni iş yerləri yaratsa da, bu, 1960-cı illərdə müşahidə olunan immiqrasiya proseslərinə oxşar hadisələrin baş verməsinə gətirib çıxarmayacaqdır. Avropa Birliyi ölkələri üçüncü ölkələrdən işçi qüvvəsinin cəlb etməyə bir o qədər də həvəs göstərməyəcəklər. Gözlənilir ki, əsas üstünlüyü Böyük Britaniya, Almaniya, Fransa və Benilüks ölkələri əldə edəcəklər. Bütün yeni iş yerlərinin 40%-i Böyük Britaniyada və Almaniyada yaradılacaq. Yeni iş yerlərinin 25%-i sənayedə, 50%-i isə topdan və pərakəndə ticarət, nəqliyyat, tikinti sahələrində cəmləşəcəkdir.

Əksər avropalı ekspertlərin fikrincə, Avropa Birliyi ölkələri əhalinin artımının olmadığı bir şəraitdə əməyə qənaət edən texnologiyalara üstünlük verəcək, qadın əməyindən aktiv şəkildə istifadə edəcəklər. Onlara görə, Avropa Birliyi ölkələrində işsizliyin 7-10% təşkil etdiyi halda xaricdən işçi qüvvəsinin cəlb edilməsi “siyasi baxımdan” düzgün olmazdı.

Avropalı ekspertlərin proqnozlarına görə, yüksək ixtisaslı işçilər işçi qüvvəsinin ən mobil hissəsi olacaqlar. Kommersiya qanunvericiliyinin liberallaşdırılması Avropa Birliyi daxilində kiçik və orta şirkətlərin hərəkətini stimullaşdıracaq. Belə bir şəraitdə yüksək ixtisaslı işçilərə tələb həddən artıq yüksək olacaq.

Yaxın zamanlarda miqrantların mövcud strukturunda köklü dəyişikliklər gözlənilmir. Lakin, aşağı ixtisaslı işçi qüvvəsinin kütləvi, pis təşkil edilmiş immiqrasiyası öz yerini məqsədli təyinata görə kollektiv müqavilələrə verəcəkdir.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə