İradə GÜLFİr sehrli DÜnyam




Yüklə 0.91 Mb.
səhifə1/7
tarix25.04.2016
ölçüsü0.91 Mb.
  1   2   3   4   5   6   7
İRADƏ GÜLFİR


SEHRLİ DÜNYAM

Solar güllər, al gülzar da,

Özüm yatsam dar məzarda,

Yaşar neçə qərinələr,

Qəlbim vurar misralarda!

DƏRDİMDƏN DAĞLARA QAÇAN OLMUŞAM,

DƏRDİMİ GÖYLƏRƏ AÇAN OLMUŞAM.

DƏRDİMDƏN YAZDIM Kİ, YÜNGÜLLÜK TAPIM,

DEDİLƏR ŞAİRDİR, HAÇAN OLMUŞAM?
* * *

Şeirə marağım, “Sehrli dünyam”,

Ən şirin növrağım, “Sehrli dünyam”!

Könül”, “Söz dünyam”dan sonrakı kitab,



Sehrli çırağım, “Sehrli dünyam”.
* * *
Günəşə dirəşdim, zülmətə qənim,

Yenə zülmətdədir, baxan gözlərim.

Görə bildim ancaq, söz işığında,

Günəşdən işıqlı sözüm var mənim.
* * *
YER- GÖYÜ QƏLBİMƏ ÇƏKİB, YIĞARAM,

GÜNƏŞLƏ BATARAM, AYLA ÇIXARAM.

BU BÖYÜK DÜNYAMLA, KƏHKƏŞANIMLA,

GÜLFİR ADLI KİÇİK, SÖZƏ SIĞARAM.

/ MÜƏLLİFDƏN /





Mən, məni bu dünyaya bəxş etmiş atam Gülməmmədin adından “GÜL” və anam Firuzənin adından “FİR” hissəni götürüb birləşdirərək “GÜLFİR” təxəllüsü ilə yazıb yaratdım, bu təxəllüslə nağıllar dünyama ilhaq oldum, özümü tapdım, özümə tapındım.

Mən, İradə Gülfir (Quliyeva İradə Gülməmməd qızı) 1958- ci ilin dekabrın 25-də Şəki rayonunun dilbər guşəllərindən olan Bideyiz kəndində anadan olmuşam. Ailənin böyük uşağı kimi ürəyimdə olan bir nisgildən heç kəs xəbər tutmadan böyüdüm, heç kəs bilmədən əzab çəkə- çəkə, heç özüm də hiss etmədən yaşa doldum. Şəhər mühitinə isə, məni ailə həyatı bağladı... Bir vaxt xoşbəxt ana idim. Qızım Rəvanə, hələ də potuş əllərinin hərarətini boynumda hiss etdiyim oğlum Murad var idi. Ailə həyatımın ömrü çox da uzun olmadı. Ayrıldıq və mənə Muraddan nişanə qalan kiçik bir məzar oldu. Qızım Rəvanə ilə tənha qaldım...

Uşaqlıqdan pis gördüyünü hamıdan gizlətdiyim gözlərim, 1992-ci ildən Moskva Fyodorov adına institutunun həkimi, milliyyətcə erməni olan Pavel Lışinskinin əməliyyatından sonra həmişəlik kor qaldı. 1995 - ci ilə qədər xəstəxanalar gəzdim, əlac, çarə axtardım, nəhayət; çox ağır olsa da qaranlıq dünyamla barışmalı oldum və həyatımı qızıma həsr etdim. Nə edəsən, bəzən insanın ağlına belə gətirə bilmədiyi özünün başına gələndə... taleyinlə barışmalı olursan.

Qısaca olaraq onu deyə bilərəm ki, yenə də həyatda təkəm və hal-hazırda, Şəki şəhərində özümə məxsus mənzilimdə şer dünyamla yaşayıram.

Bəli, indi mənim amalım yazdığım şeirlərdir. 1995-ci ildən 2010-cu ilə qədər yazdıqlarım bir neçə adda kitablar nəşr olunsa da, sonda bunları birləşdirib “Könül dünyam” adlı kitabımı yaratdım, çünki mən mövcud dünyanın gözəlliklərini görməkdən məhrumam. Odur ki, içimdə öz dünyamı yaratdım və könlümü dünyama verdim...

Könül dünyam”a baxdıqca sözün mənə necə də yaxın sirdaş olduğunu, ən əziz, ən təmiz dost olduğunu dərk etdim, onun hüsnünə, gözəlliyinə yenidən vuruldum. 2010-cu ildə qısa bir müddətdə “Söz dünyam” adlı kitabımı da yaratdım və düşündüm ki, bu qədər bəs edər...



Ancaq, 2011-ci ilin ilk gecəsi hansısa sehrli bir qüvvə məni özümdən xəbərsiz yenidən sirli bir dünyaya, sahilsiz bir okeana, hüdudsuz bir asimana qərq etdi, yenidən şeir yazmağa məcbur etdi. Üzərində işlədiyim “Sehrli dünyam” adlı bir dünyada yaşayıb- yaradarkən, bu 10-u aprel mənim həyatımı alt-üst elədi, qol-qanadımı qırdı, belimi bükdü, həyat eşqim söndü.... əziz anamı ömürlük itirdim və 13-ü aprel gözü yaşlı “Əlvida anam” adlı poemamla bu kitabıma sonluq verdim. Elə bil doğma anam kimi içimdəki duyğularım, şeirlərimdə öldü.Mənə elə gəlir ki, bu sarsıntıdan və ağır itgidən sonra bir daha şeir yaza bilməyəcəyəm.

Siz də bu sehrli dünyaya qərq olsanız, peşiman olmazsınız.

B u y u r u b t a n ı ş o l a b i l ə r s i n i z .
AZƏRBAYCANIM
Odundan od alan, od parçasıyam,

Ucalan səsimsən Azərbaycanım!

Fəxrim, iftixarım sevimli Vətən,

Gecəm - gündüzümsən Azərbaycanım!

Gur şəlalə axan, dağda qara bax,

Yurduma göz dikən, olacaq dağ -dağ.

Vuran ürəyindir bütöv Qarabağ,

Əzəldən bizimsən Azərbaycanım!

Füsünkar gözəllik bəxş edir hər yan,

Otun, gül - çiçəyin min dərdə dərman.

Gəzdikcə elləri, doymayır insan,

Laləli düzümsən Azərbaycanım!


Yüksəlir ad - sanın dağların kimi,

Boldur hər sərvətin bağların kimi.

Yaşarsan firavan çağların kimi,

Bəbəyim, gözümsən Azərbaycanım!

Övladtək boynuna sarılmışam mən,

Qışına, yazına vurulmuşam mən.

Səni sevə-sevə, var olmuşam mən,

Ürəkdə közümsən Azərbaycanım!

Arzular sonsuzdur sabahlar kimi,

Səndə tapmışam mən, həyat eşqimi.

Gülfir sevə bilməz bunca heç kimi,

Ən şirin sözümsən Azərbaycanım!
31 Dekabr 2010

Şəki

HƏMRƏYLİYİMİZ
Azərbaycanlılar, qalxıb, səslənin,

Şadlanıb, sevinib, bir deyib, gülün!

Üçrəngli bayrağın altına gəlin,

Vətən sevgisiylə vursun qəlbimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!

Ucalsın səsimiz, çatsın el-elə,

Uzansın əlimiz, verək əl-ələ.

Şirin nəğmə qonsun dodağa, dilə,

Düşməni xar etsin sıx birliyimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!

Gözlərdən süzülsün səadət nuru,

Andını, adını, xalqını qoru!

Uğurla yol alaq sabaha doğru,

Mehriban dost olan pərvərliyimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!

Hər kişi bir evin yanan çırağı,

Ruzi , bərəkəti, odu – ocağı.

Vətənin, millətin arxa, dayağı,

Qeyrət simvoludur, ər, bəylərimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!


Azəri qızında var saf məhəbbət,

Pozulmayan ilqar, dözüm, dəyanət.

Namusu, isməti, xalqına hörmət,

Gözəllik tacıdır gəlinlərimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!


Vətəndən uzaqda vətəndaşımız,

Dünyada nə qədər var soydaşımız,

Bu bayram sizindir, el qardaşımız,

Yumruqtək birləşsin qoy əllərimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!


Dağları yerindən oynada billik,

Acı həsrətləri, nisgili sillik.

Vətən, hər an sənin səcdənə gəllik,

Birdir şüarımız, birdir dinimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!

Bu gecə köhnə il sona yetəcək,

Yerini təzəyə verib gedəcək.

Hər kəsin könlünü xoşbəxt edəcək,

Zəfərə yol açsın yeniliyimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!

Yeni gül açılar, köhnəsi solar,

Coşub həvəs ilə, çağlayır sular.

Yeni il gətirir yeni arzular,

Milli qürurumuz, var mərdliyimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!

Bütün dünyadakı xalqım, millətim,

Sizə dünya boyda var məhəbbətim!

Gülfirəm, xalqımı mən təbrik edim,

İkiqat bayramdı Yeni ilimiz,

Hər yerdə var olsun, həmrəyliyimiz!

31 Dekabr 2010

Ş ə k i

SEHRLİ DÜNYAM

Gəlib sözün, keşiyində durmağım,

Bir sehrli dünya doldu dünyama.

Bundan belə bir dünya da qurmağım,

Bir sehrli dünya doldu dünyama.

Söz - söz olub, ürəkləri gəzəndi,

Misraları muncuq - muncuq düzəndi.

Hər səhifəsi gözəlliklə bəzəndi,

Bir sehrli dünya doldu dünyama.

İlk qədəmi yeni ilin ilk günü,

Sehr ilə göstərdi öz gücünü.

Təzə sözün təzə tutub yükünü,

Bir sehrli dünya doldu dünyama.

Köksüm altda atəş olub, qalandı,

İlham pərim qanadını çalandı.

Məhəbbətlə şirin sözə calandı,

Bir sehrli dünya doldu dünyama.

Xoş avazla, zümzüməylə dinir dil,

Mübarəkdir qədəmlərin, Yeni il!

Söz ümmandır, nə sonu var, nə sahil,

Bir sehrli dünya doldu dünyama.

Eşit mənim, haqqdan gələn ünümü,

Gülfir deyir, sözə verdim ömrümü.

Salamlayım belə nurlu günümü,

Bir sehrli dünya doldu dünyama.


01 Yanvar 2011

Ş ə k i

ZİYARƏTGAH

Xatirəyə dönən ilk görüş yeri,

Müqəddəs məkandır, ziyarətgahdır.

Burda məscid, məktəb, hər bina, hər ev,

Müqəddəs məkandır, ziyarətgahdır.

Qabarlı əllərin əlləşdiyi yer,

Gecəylə gündüzün birləşdiyi yer.

Sönmüş ocaqların külləşdiyi yer,

Müqəddəs məkandır, ziyarətgahdır.

Günəş doğulan yer, atəşi parlaq,

Açılan hər çiçək, göyərən yarpaq,

Şəhidlər uyuyan anamız torpaq,

Müqəddəs məkandır, ziyarətgahdır.

Qarşı yatan dağın, suyu, havası,

Cığırı, dərəsi, yolu, çalası.

Zirvənin başında qartal yuvası,

Müqəddəs məkandır, ziyarətgahdır.

Dədə palıd özü, bilinmir yaşı,

Lalə donlu düzlər, bulağın başı,

Məzarlar üstündə hər qəbir daşı,

Müqəddəs məkandır, ziyarətgahdır.

Ətəyindən noğul dağıldığı yer,

Ata, ana deyib, çağırdığı yer,

Ay ellər, Gülfirin doğulduğu yer,

Müqəddəs məkandır, ziyarətgahdır!


01 Yanvar 2011
Şəki rayonu, Bideyiz kəndi
LAYLA OXUDU
Yenə hüzuruna gəlmişəm sənin,

Yerdəki izinə qurbanam ana!

Uzaqdan duymuşam o xoş ətrini,

Mən özüm özünə qurbanam ana!

Abırdı başında, var örpək anam,

Ay ağır taxtalı, nur-ipək anam.

İzin ver üzündən, bir öpək anam,

Üzünə - gözünə qurbanam ana!

Bağrına basırsan gülə-sevinə,

İsti nəfəsinlə qızındım yenə.

Sanki uşaqlığım qayıtdı mənə,

Oduna - közünə qurbanam ana!

Bilmir çay gətirsin, yeməyi çəksin,

Nəyi var istəyir, süfrəyə töksün.

Nə düşdü yadına ötəndə köksün?

O halal ruzuna qurbanam ana!


Ləzzəti başqadır, bu od-ocağın,

Nə qoymuşdun, yedi, sənin qoçağın.

Rahat, sevimli yer isti qucağın,

Əlinin duzuna qurbanam ana!

Bir gözü sevincli, biri qüssəli,

Saçımda, üzümdə qayğıkeş əli.

Gülfirə bir layla oxudu dili,

Mehriban səsinə qurbanam ana!

Laylana, sözünə qurbanam ana!




01 Yanvar 2011

Şəki rayonu Bideyiz kəndi


SÖZÜ SEVİR
Söz Tanrının kəlamıdır,

Hər kalamda min məna var.

Ol” sözü ilk salamıdır,

Bir salama dünya sığar.

Şirirn-şirin dildən düşər,

Xəstənin ilk dərmanıdır.

Sözlə yaşar bütün bəşər,

Tanrımızın fərmanıdır.

Sözdə fəğan, sözdə ah var,

Oda düşən, külə dönər.

Sözdə günəş, al sabah var,

Yerə düşən, gülə dönər.

Susanda dil, dinir gözlər,

Söz cücərir, söz boy atır.

İlahidən gələn sözlər,

İlahiyə gedib çatır.

Söz mələkdə, iblisdədir,

Bu çeşmədən içən bilər.

Yaxşı kəsdə, həm pisdədir,

Sözü-sözdən seçən bilər.

Yazmadığım söz mənimki,

Yazdıqlarım sədəqədir.

Gülfir sevir sözü çünki,

Tanrısıyla əlaqədir. Şəki 2011.




QARA BƏXTİM

Gözündən uzağa qoymadı bir an,

Qara bəxtim ilə qaldım üz-üzə.

Gəlib yuxumda da, tapır o məni,

Qara bəxtim ilə qaldım üz-üzə.

Dünyanın səsinə qarışsın səsim,

Sevib-sevilərək, coşsun həvəsim.

Hay verənim olsa, olardı bəsim,

Qara bəxtim ilə qaldım üz-üzə.

İstədim gülləri dərib, aparım,

Göydən ulduzları,Ayı qoparim.

Tutdu əllərimdən ismətim, arım,

Qara bəxtim ilə qaldım üz-üzə.

Bəzən tənhalığa gəzirəm çara,

Bu bəxtin əlindən bəs qaçım hara?

Dalımca düşübdür, qarabaqara,

Qara bəxtim ilə qaldım üz-üzə.

Hər kiçik bəzəyə taxt demək olmur,

Ömrün son gününə vaxt demək olmur.

Ağdır qara saçım, bəxtim ağ olmur,

Qara bəxtim ilə qaldım üz-üzə.

Gördüyün çin olmaz,yuxun yozulmaz,

Gülfir, dərd olmasa bunca söz olmaz.

Haqq yazan belədir, yazı pozulmaz,

Qara bəxtim ilə qaldım üz-üzə. Şəki 2011

BU YOXUŞUN

Ömür yazan, tale yazan, bəxt yazan,

Keçdiyim yol, olmamışdır çox asan.

Bu yollarda dönüb oldum bir ozan,

Söz mülkündə söz-söz olub, bitəcəm,

Bu yoxuşun sonunacan gedəcəm.

Dost-tanışa arxalanıb, ərk etdim,

Dar məqamda saxtalığı dərk etdim.

Pozub əhdi, dostluğumu tərk etdim,

Namərdlərin yanından düz ötəcəm,

Bu yoxuşun sonunacan gedəcəm.
Bu dünyanın yalanından uzağam,

Gözü – könlü tox olmuşam, üz ağam.

Xislətimdə əyri qulum, düz ağam,

Mərdlər üçün ölüm desə, edəcəm,

Bu yoxuşun sonunacan gedəcəm.
Acı nədir, şirin nədir seçmişəm,

Yaxşı nədir, yaman nədir keçmişəm.

Ayrılığın şərbətini içmişəm,

Gedib, gedib bir gün gözdən itəcəm,

Bu yoxuşun sonunacan gedəcəm.
Yolu qoyub, kol-kos dolu iz verib,

Var-dövləti yox yerindən az verib,

Tanrım mənə sirr – sehrli söz verib,

Gülfir deyir zirvələrə yetəcəm,

Bu yoxuşun sonunacan gedəcəm.
Şəki 2011
DURDUĞUM YERDƏCƏ
(Biri soruşdu: “Necə oldu ki, şair oldun?”)
Xəbərsiz düşmüşəm sözün sehrinə,

Durduğum yerdəcə, şair olmuşam.

Tanrı möcüzəsi deyimmi buna?

Durduğum yerdəcə, şair olmuşam.

Bir həyat yaşadım, ağır cəzadır.

Nələr baş verdisə, dedim qəzadır.

Həvəsim, istəyim sözə-sazadır.

Durduğum yerdəcə, şair olmuşam.

Ağrı –acılara dözdüm, ölmədim,

Çiynimdə daşıdım yükü bölmədim.

Kimsə gözləmədi, özüm bilmədim,

Durduğum yerdəcə, şair olmuşam.

Söz-söz ovunmuşam dərdimə dair,

Dindim kəlimə-kəlimə, yarandı şeir,

Görənlər adıma dedilər şair,

Durduğum yerdəcə, şair olmuşam.

Yazdığım şeirdən güç-qüvvət aldım,

Könül rübabımı duyğumla çaldım.

Özüm də özümə məəttəl qaldım,

Durduğum yerdəcə, şair olmuşam.

Sözlə qanadlanıb, sözlə uçmuşam,

Sözlə şəfəqlənib işıq saçmışam,

Sözlə ürəklərə yollar açmışam,

Durduğum yerdəcə, şair olmuşam.

Hansısa məkəna, yerə yetmədim,

Bununçün məktəbə, dərsə getmədim.

Heçnə düşünmədim, nə hiss etmədim,

Durduğum yerdəcə, şair olmuşam.


İçimdə dünyam var, yurdum-yuvamdır,

Yer-göyüm, dağ-dərəm suyum – havamdır.

Vuruş meydanında sözlə davamdır,

Durduğum yerdəcə, şair olmuşam.


Bitib al gülşənim, düzüm yoncadır,

Şeirim naxış-naxış əlvan xonçadır.

Təbim incə, zərif açan qönçədir,

Durduğum yerdəcə, şair olmuşam.


Könlüm ilhamlanır, söz qonur dilə,

Bəlkə məndən doğur bu dünya belə?

Nəğməli bülbüləm vuruldum gülə,

Durduğum yerdəcə, şair olmuşam.


Uğursuz sevgidən, taleyi kəmdən,

Kor olan gözlərim boğulur nəmdən.

Yaratmaq eşqini almışam qəmdən,

Durduğum yerdəcə, şair olmuşam.


Dikəlib yerimdən, qaxdım söz ilə,

Qarışıb sulara, axdım söz ilə.

Gülfirəm dünyaya baxdım söz ilə.

Durduğum yerdəcə, şair olmuşam.


Şəki 2011

ALMAQ OLUR
Dilləndikcə pərdə - pərdə,

Sazdan sözü almaq olur.

Sərtlik də var, təbəssüm də,

Üzdən sözü almaq olur.

Dedi yalan, etdi töhmət,

Hörmət edən, görər hörmət.

Gəl əyriyə etmə minnət,

Düzdən sözü almaq olur.

Dilə gəlməz maraqları,

Titrəyəndə dodaqları.

Qızaranda yanaqları,

Közdən sözü almaq olur.

Baxışlarda davranış var,

Çağırış var, yalvarış var.

İsti baxış, yad baxış var,

Gözdən sözü almaq olur.


Gülfir bilir hər dəbini,

Keçib sözün məktəbini.

Gizlətsə də mətləbini,

Sözdən sözü almaq olur.

Yanvar 2011
Şəki

ŞEİRLƏRİM
Bal dolu pətəyim, mən də balçınam,

Müqəddəsdir yolun, mən də yolçunam.

Yüz insan içində sənsiz yalçınam,

Gül - çiçəkdən axan, xoş nəfəsimsən,

Yaşa şeirlərim, uca səsimsən!

Sənsiz bu dünyada yanıb kül ollam,

Sənə möhtac ollam, sənə qul ollam.

Cəh -cəhlə ötüşən şən bülbül ollam,

Nəğməli könlümdə söz həvəsimsən,

Yaşa şeirlərim, uca səsimsən!

Barlı ağacımsan, barını dərəm,

Şirin sözlərindir, qəlbimə məlhəm.

Alışdım eşq ilə, eylədim kərəm,

Dövlət -var sarıdan tək sən bəsimsən,

Yaşa şeirlərim, uca səsimsən!

Gülfirəm, ömrünə dolub yaşaram,

Köçsəm bu dünyadan, solub yaşaram.

Sözündə, misranda qalıb yaşaram,

Əbədi sirdaşım, yaxın kəsimsən,

Yaşa şeirlərim, uca səsimsən!



Yanvar 2011
Şəki


SÖZƏ QIYMA
Yıxıb ağac kimi, mişarla məni,

Yarsan yarma -yarma, ölən deyiləm.

Güllənin içinə doldurmaq üçün,

Etsən qırma - qırma, ölən deyiləm.


Torpağa basdırsan, cücərə billəm,

Azdırsan meşədə düz gələ billəm.

Tilsimdən, əməldən qurtara billəm,

Qursan qurma - qurma ölən deyiləm.

Qartal kimi məni göylərdə tutsan,

Əfi ilan olub, dipdiri udsan,

Alovun içinə, odlara atsan,

Yansam burma - burma, ölən deyiləm.

Qarğa - quzğun kimi daraşıb söksən,

Torpağın üstünə qanımı töksən,

Xəncərə gətirsən, qılıncla kəssən,

Doğra qıyma - qıyma, ölən deyiləm.

Dörd yanımdan dəlib, biz ələsən də,

Üstümə qar töküb, buz ələsən də,

Bağlayıb ağaca, nizələsən də,

Oysan oyma - oyma, ölən deyiləm.

Gülfirə hökümü söz bildirəcək,

Sözlər ağladacaq, söz güldürəcək.

Öldürsə, öldürsə, söz öldürəcək,

Sözə qıyma, qıyma ölə bilərəm,

Sözlə yaşayaram, sözlə ölərəm.


Yanvar 2011
Şəki


BAHALI QAŞ
Qoxla şehli -şehli, tər qızılgülü,

Qönçəsi üstündə dər qızılgülü.

Ruhumu xoş edən, hədiyyə seçsən,

Qızılın yerinə ver qızılgülü.

Mələklər içindən enməyəcəyəm,

Bir yanan məşələm, sönməyəcəyəm.

Öz arzum, əqidəm, müqəddəs yolum,

Heç vaxt inamımdan dönməyəcəyəm.

Toqquşub buludla, yerə çiləndim,

Yaşıl zəmilərdə ota bələndim.

Dərmanda üyünən buğda dəniyəm,

Ələyin içindən un tək ələndim.

Arıyam şirəmi sözdən çəkirəm,

Bağbanam torpağa sözü əkirəm.

Çoxdan barışdığım taleyim üçün,

Bənnayam, sarayı sözlə tikirəm.

Sözlərim aydındır büllurdan təmiz,

Məni atıb - tutan dalğalı dəniz.

Sözlər bu dünyaya gətirib məni,

Doğub məhəbbətdən, sevgisi əziz.


Dodağımda kəlmə, gözümdə yaşla,

Gülfir ölçür sözü bahalı qaşla.

Əridib ömrünü, qatıb zinətə,

Mahir zərgər kimi bəzər naqqaşla.

Yanvar 2011
Şəki

XƏSTƏ

Haqdan gəlib belə, sağalmaz dərdim,

Mən sözün, şeirin xəstəsi oldum.

Dinim - imanımdır, kəbə yolumdur,

Mən sözün, şeirin xəstəsi oldum.

Min loğman yığılsa, verəmməz şəfa,

Cənnət də şeirsiz gətirmir səfa.

Dözüb hər zülümə, çəkirəm cəfa,

Mən sözün, şeirin xəstəsi oldum.

Zaman çırpır məni qayaya, daşa,

Güman qalmamışdı dosta, sirdaşa.

Duyğumla tək - tənha qaldım baş- başa,

Mən sözün, şeirin xəstəsi oldum.

Əyri - əyri baxma üstdən aşağı,

Qorxmuram quzğun ol, üstümə şığı.

Saxlayıb, hifz edər, sözün işığı,

Mən sözün, şeirin xəstəsi oldum.

Sözümlə dünyaya baxacağam mən,

Tükənməz bulaqtək axacağam mən.

Dəli şimşək olub çaxacağam mən,

Mən sözün, şeirin xəstəsi oldum.

Öldürüb Gülfiri, batsan günaha,

Sözüylə doğacaq bir də sabaha.

Nəğməmlə yetərəm ulu dərgaha,

Mən sözün, şeirin xəstəsi oldum.


Yanvar 2011
Şəki

QƏM NƏĞMƏLƏRİ
Üzümə toxunan soyuq yel əsdi,

Bir neydə çalınır qəm nəğmələri.

Acı xatirələr salıb yadıma,

Bir neydə çalınır qəm nəğmələri.

Ürəyim dərd quran, tilova düşüb,

Saxlayıb özündə, girova düşüb.

Ömrüm payız olub, qırova düşüb,

Bir neydə çalınır qəm nəğmələri.

Ağlaya - ağlaya, salıb hıçqırıq,

Yanıqlı çalınır hey qırıq - qırıq.

Sinəsi dağlıyam, yaxası cırıq,

Bir neydə çalınır qəm nəğmələri.

Bükmüşəm boynumu günahkar kimi,

Əridim önündə yağan qar kimi.

Nalə çəkir ürək, yananlar kimi,

Bir neydə çalınır qəm nəğmələri.

Bəxtimə yazılıb qapqara günlər,

Ömrün yollarına düşüb düyünlər.

Fələk də başıma açıb oyunlar,

Bir neydə çalınır qəm nəğmələri.

Yaxşılıq etdiyim, yamanlar olub,

Qönçə arzularım saralıb- solub.

Gülfirin canını bürüyür alov,

Bir neydə çalınır qəm nəğmələri.




Yanvar 2011
Şəki

OLDUM

Bir toxumam səndə bitən,

Sünbülündə dənin oldum.

Yel əsdikcə dalğalanan,

Sarı- sarı zəmin oldum.

Nəfəsinə ahım qatan,

Çarşab kimi üzə tutan,

Zirvəsində qartal yatan,

Dağlarında çənin oldum.

Göyə qalxıb yerə endim,

Səni sevdim, sənə döndüm.

Nə çıxıldım, nə bölündüm,

Toplanaraq, cəmin oldum.

Acısında, şirinində,

Dərələrin dərinində,

Meşələrin sərinində,

Cəhcəhində bəmin oldum.

Dolandıqca eldən - elə,

Sözlə gəzdim dildən - dilə.

Bu sahildən, o sahilə,

Üzüb keçən gəmin oldum.

Gözlərini həsrət alan,

Məhəbbəti sözdə qalan,

Havalanıb sazda çalan,

Belə bəxti kəmin oldum.

Qara gördüm ağ üzündə,

Yaram çoxdur sağ üzündə.

Əjdahanın ağızında,

Dağdan ağır qəmin oldum.

Öpüb torpaq yanağından,

Od almışam ocağından.

Düşməmişəm qucağından,

Arzuların, kamın oldum.

Havan, qoxun necə əziz,

Hüsnün gözəl, suyun təmiz.

Hər nemətin tamı ləziz,

Bal süzülən camın oldum.

Torpağına, daşına sal,

Halalınam, canımdı al.

Lalələrdə qanımdı al,

Göyərəsi tumun oldum.

Qırov etsən göy çəməni,

Torpağına qatsan məni,

Həmyaşıdım bilib səni,

Bircə sıxım qumun oldum.

Gülfir, sözə süzül güldən,

Misra - misra düzül güldən.

Vətən sənə qızılgüldən,

Bir şeirlik qomun oldum,

Azərbaycan sənin oldum!


Yanvar 2011
Şəki
QIŞ NƏĞMƏSİ
Dünya dümağ dondadı,

Sevinc üzdə, candadı,

Coşan həvəs qandadı.

Yer üzünə ağ yaxır,

Ulduz - ulduz qar yağır.

Ağ papaq qoyub dağlar,

Ağ yorğan örtüb bağlar.

Ağ çiçəkli budaqlar,

Əyilir ağır - ağır,

Ulduz - ulduz qar yağır.


Qar ən əvvəl, birinci,

Uşaqların sevinci.

Ələnir inci - inci,

Hamı maraqla baxır,

Ulduz - ulduz qar yağır.

Saçıma, üzümə yağ,

Kipriyə, gözümə yağ.

Dupduru sözümə yağ,

Ürəyə saflıq axır,

Ulduz - ulduz qar yağır.

Gülfir də çox sevinib,

Nəğməsi bəstələnib.

Qardan ağ kürk geyinib,

Şaxta babadır, çağır,

Ulduz - ulduz qar yağır.




Yanvar 2011

Şəki

KÖÇÜRDÜM
Yaşa şeirim, mən də qalım dünyada,

Ürəyimi şeirlərə köçürdüm.

Nəğmə olub, gəzim dildə, dodaqda,

Ürəyimi şeirlərə köçürdüm.

Kitablarda misra-misra döyünən,

Hər kəlməyə arxalanıb öyünən,

Söz-söz olub, dən yerinə üyünən,

Ürəyimi şeirlərə köçürdüm.

Hər sirrini vərəqlərə açıbdı,

Uzaqlaşıb, məndən kənar qaçıbdı,

Bir quş olub, qanad açıb, uçubdu,

Ürəyimi şeirlərə köçürdüm.


Sözlər mənim soltanımdır, xanımdır,

Nəfəsimdir, iliyimdir, qanımdır.

Can vermişəm, ayrılan öz canımdır,

Ürəyimi şeirlərə köçürdüm.

Gah yağışda, gah boranda, qardadır,

Gah sevincdə, gah kədərdə, dardadır,

Hər arzusu, hər istəyi ordadır,

Ürəyimi şeirlərə köçürdüm.

Sən Gülfiri, şeirlərdən soruş, bil,

Məndə yoxdur, nə bir ürək, nə bir dil.

Sinəmdəki ürək deyil, qəlb deyil,

Ürəyimi şeirlərə köçürdüm.

Yanvar 2011
Şəki

YAŞIL YARPAQ

(Təmsil)
Ovçu bir ceyranı nişan almışdı,

Ceyran bu güllədən yayına bildi.

Girib ağaclığa sakit qalmışdı,

Sıx yaşıl yarpaqlar onu gizlədi.

Ovçu pusqusunda xeyli dayandı,

Yəqin qaçıb daha, gedim; deyirdi,

Dönüb ətrafına bir də boylandı,

Bu an yarpaqları ceyran yeyirdi.

Tərpənən yarpağı görəndə ovçu,

Tez atəş açaraq, vurdu ceyranı.

Lap yaxşı elədi, yerində ovçu,

Ceyran hirslə deyib, süzdü dörd yanı.


Yamanca çırpıldı nəhlət daşına,

İştahası döndü acı zəhərə.

Yazığın çıxıbdı qarnı başına,

Yarpaqlar ağzından töküldü yerə.


Yaşıl yarpaq üstə axırdı qanı,

Belə tamamladı sözün sonunu:

Nəfsin ucbatından verirəm canı,

Qınaya bilmərəm burda ovçunu.

Tamah salmasaydım yaşıl yarpağa,

Ovçunun gülləsi tutmazdı məni...

Ceyran ah çəkərək, aşdı torpağa,

Əbədi yummuşdu o gözlərini.



Yanvar 2011
Şəki

Tərsinə Vağzalı

(Qələm dostum Məryəm xanıma)

Məryəm xanım dedi ki, mənim üçün Vağzalı çalınmayıb,

istəyirəm bu dünyadan köçəndə, yəni məni dəfn edərkə tərsinə vağzalı çalınsın.

Dedin : - ömrün sonu yetişsə tamam,

Məni son mənzilə aparan zaman,

Tərsinə vağzalı çalınsın haman.

- Tərsinə vağzalı nədir ay bacım?
Bəxtikəm taleyin, bəzənən tacın?

Həsrətin, niskilin, yoxsa ki, acın?

Son nöqtə qoymağa, yetən əlacın?

Tərsinə vağzalı nədir ay bacım?


Güllərin şəbnəmi, gözü dolmasın,

Qönçələr açmamış, erkən solmasın.

Qoy düzü çalınsın, tərsi olmasın,

Tərsinə vağzalı nədir ay bacım?


Saralıb – soldurdu tüğyan eşqimi,

Əlçatmaz sevginin notları kimi.

Səndəki bu istək yardı qəlbimi,

Tərsinə vağzalı nədir ay bacım?


Gülfir kövrəlibdir, kədər – qəm eylər,

Dolan bulud kimi, göz yaşı ələr.

Vağzalı harayı göyləri dələr,

Tərsinə vağzalı nədir ay bacım?


Şağam Pansionatı.
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə