İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə seyidzadə azərbaycana qarşI




Yüklə 135.09 Kb.
tarix11.04.2016
ölçüsü135.09 Kb.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

Birinci bölmə

SEYİDZADƏ AZƏRBAYCANA QARŞI

QƏRAR

(Şikayət № 37700/05)

Strasburq, 03 dekabr 2009-cu il

Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.

Seyidzadə Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,

Nina Vajiç, Sədr,

Anatoli Kovler,

Xanlar Hacıyev,

Din Spilman,

Sverr Erik Jebens,

Ciorcio Malinverni,

Corc Nikolau, hakimlər,

və Soren Nilsen, Bölmə Katibi,

12 noyabr 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

Prosedur

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Mirəziz Mirəsgər oğlu Seyidzadənin (“ərizəçi”) Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 37700/05) iş 07 oktyabr 2005-ci ildə başlanılmışdır.

2. Hüquqi yardım alan ərizəçini Bakıda vəkil işləyən cənab A. Rzayev təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi xüsusilə iddia etdi ki, 1 saylı Protokolun 3-cü maddəsinin təmin etdiyi şəkildə onun seçkidə namizəd kimi iştirak etmək hüququ pozulmuşdur.

4. Birinci Bölmənin Sədri 11 yanvar 2007-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara gəlinmişdir ki, şikayətin mahiyyətinə onunməqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).

Faktlar

I. İşin halları

5. Ərizəçi 1949-cu ildə anadan olub və Bakıda yaşayır.

6. Ərizəçi Qafqaz Müsəlmanları İdarəsinin təhsil şöbəsinin müdiri, Qazılar Şurasının üzvü və Bakı İslam Universitetinin Sumqayıt filialının rəhbəri kimi vəzifələrdə işləmişdir. O, həmçinin 2002-ci ildən nəşr olunmuş və İslam dini məzmunlu müxtəlif məqalələri dərc etmiş Kəlam jurnalının təsisçisi və baş redaktoru olmuşdur.

7. Naməlum tarixdə ərizəçi birmandatlı 71 saylı Masallı kənd seçki dairəsi üzrə 06 noyabr 2005-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə namizəd kimi qeydə alınması üçün Dairə Seçki Komissiyasına (“DSK”) müraciət etmişdir. Müraciətlə birgə o, parlament üzvü vəzifəsi ilə uyğun gəlməyən hər hansı peşə fəaliyyətinə son qoymaq barədə yazılı öhdəliyi təqdim etmişdir.

8. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi Dini Şurasının 14 iyul 2005-ci ildə keçirilmiş birgə iclasının protokollarına görə, ərizəçinin Qazılar Şurasındakı üzvlüyünə onun öz müraciəti əsasında xitam verilmişdir. Qeyd olunmuşdur ki, ərizəçinin parlament seçkilərində namizədliyinin irəli sürülməsi nəzərə alınmaqla, onun xahişi təmin edilmişdir.

9. Qafqaz Müsəlmanları İdarəsi sədrinin 15 avqust 2005-ci il tarixli qərarına əsasən, ərizəçi İdarənin təhsil şöbəsinin müdiri və Bakı İslam Universitetinin Sumqayıt filialının rəhbəri vəzifəsindən azad olunmuşdur.

10. 25 avqust 2005-ci ildə DSK ərizəçini namizəd kimi qeydə almaqdan imtina etmişdir, ona görə ki, o, Seçki Məcəlləsinin 1472.4-cü maddəsinin tələblərinə zidd olaraq “peşəkar dini xadim kimi fəaliyyətini davam etdirmişdir”.

11. Ərizəçi bu qərardan Mərkəzi Seçki Komissiyasına (“MSK”) şikayət etmişdir. 27 avqust 2005-ci ildə MSK ərizəçinin şikayətini rədd etmişdir. MSK-nın qərarında aşağıdakılar əks olunmuşdur:

“Milli Məclisə seçkilərdə namizədliyini irəli sürən Mirəziz Mirəsgər oğlu Seyidzadənin şikayətini araşdıraraq, (MSK) Seçki Məcəlləsinin 19.4, 19.14, 28.4 və 112.9-cu maddələrinə və Seçki Məcəlləsinin təsdiq olunması və qüvvəyə minməsi haqqında 27 may 2003-cü il tarixli Qanunun 3.5 və 3.6-cı maddələrinə əsasən, qərara aldı:

Mirəziz Mirəsgər oğlu Seyidzadənin şikayəti əsassız olduğu üçün rədd olunsun.”

12. Ərizəçi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət etmişdir ki, onun namizədliyi qanunsuz qeydə alınmamışdır, ona görə ki, o, “peşəkar dini fəaliyyəti” ilə bağlı bütün vəzifələrindən çıxmış və artıq hər hansı dini fəaliyyətlə məşğul olmamışdır. 01 sentyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi onun şikayətini rədd edərək hesab edib ki, MSK-nın qərarı qanunidir. Xüsusən, Apellyasiya Məhkəməsi qeyd etdi:

“İşin materiallarına əsasən, Milli Məclisə seçkilərdə namizədliyini irəli sürən Mirəziz Mirəsgər oğlu Seyidzadə dini xadimdir.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, dini xadimin ... seçkilərdə iştirak etmək hüququ məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 14.2.4-cü maddəsinə əsasən, dini xadimlər peşəkar dini fəaliyyətlə məşğul olduqda, Milli Məclisin üzvü ola bilməz.

Qafqaz Müsəlmanları İdarəsində və Bakı İslam Universitetində yuxarıda qeyd olunan bütün vəzifələrdən çıxdığına dair ərizəçinin dəlili onun iddiasının təmin olunması üçün əsas kimi qiymətləndirilə bilməz.

Xüsusən, ərizəçinin yuxarıda qeyd olunan vəzifələrdən çıxması faktı onun peşəkar dini fəaliyyətlə məşğul olmadığına dəlalət etmir.

Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə əsasən, dini xadim Milli Məclisin üzvü seçilə bilməz.

Beləliklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu nəzərə alaraq, ərizəçinin şikayətində irəli sürülmüş dəlillər bu qərarın ləğvi üçün əsas kimi qiymətləndirilə bilməz.”

13. Ərizəçi bu qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. 08 sentyabr 2005-ci il tarixli qərarla Ali Məhkəmə eyni əsaslardan istifadə etməklə, şikayəti təmin etməmişdir.

14. Ərizəçi Ali Məhkəmənin sədrinə əlavə kassasiya şikayəti verməklə, işin yenidən açılmasına və Ali Məhkəmənin Plenumunda yenidən baxılmasına çalışmışdır. 20 sentyabr 2005-ci ildə Ali Məhkəmənin sədri onun müraciətini təmin etməməklə, işin yenidən açılması üçün əsasların olmadığını müəyyən etmişdir.

15. Nəhayət, ərizəçi Konstitusiya şikayəti vermişdir. 26 oktyabr 2005-ci il tarixli məqbuliyyətə dair qərardadla Konstitusiya Məhkəməsi şikayəti baxılması üçün qəbul etməkdən imtina etməklə hesab edib ki, ərizəçi əsasən ümumi yurisdiksiya məhkəmələrinin fakt üzrə qənaətlərini mübahisələndirir (xüsusən, ərizəçinin “peşəkar dini fəaliyyətlə” məşğul olub-olmamasına dair). Konstitusiya Məhkəməsi qeyd edib ki, o, işin müəyyən olunmuş faktiki hallarının düzgünlüyünün yenidən baxılması səlahiyyətinə malik deyil. O, həmçinin dini xadimin seçkilərdə namizədliyini irəli sürmək hüququnun məhdudlaşdırılmasına dair aşağıdakıları qeyd etmişdir:

“Konstitusiyanın 7-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikası qanunun aliliyi ilə idarə olunan demokratik, dünyəvi, unitar respublikadır. Konstitusiyanın 18-ci maddəsinin I hissəsi nəzərdə tutur ki, din Dövlətdən ayrı olmalıdır. Bu baxımdan, yuxarıdakı müddəalar seçilən ali dövlət orqanının təşkilinə dair konstitusiya qaydalarında nəzərə alınmalıdır.

Dini xadimin dövlət orqanlarına seçilməsinin ictimai marağın tələblərinə əsaslanan məhdudlaşdırılması dinin Dövlətdən ayrılması barədə əsas məqsədə yönəlir. Məhdudiyyət Dövlətin idarə olunmasına xas olan məsələləri dini icmaların, dini xadimlərin və dini fiqurların təsiri dairəsindən kənarlaşdırmağa və belə təsiri minimuma endirməyə xidmət edir.

Məhdudiyyətin digər məqsədi səslərin mövqelərə əsasən verilməsini və hər hansı lazımsız müdaxilədən azad şəkildə seçim edilməsini təmin etmək vasitəsi kimi seçki prosesi baxımından dini seçiciləri dini xadimdən ayırmasıdır.

Qeyd olunmalıdır ki, bir neçə dövlətlərin də hüquqi sistemləri dini xadimin seçkidə namizədliyinin irəli sürülməsinə məhdudiyyəti nəzərdə tutur.

Seçki Məcəlləsinin 14.2.4-cü maddəsi nəzərdə tutur ki, peşəkar dini fəaliyyətlə məşğul olduqda, dini xadim Milli Məclisin üzvü, Respublikanın Prezidenti və bələdiyyənin üzvü ola bilməz. Belə olan halda, qanunverici dini xadimin parlamentin üzvü kimi işləməsini məhdudlaşdıran “dini əsasla məqbuliyyət tələbini” yalnız onun peşəkar dini fəaliyyətlə məşğul olduğu dövrə tətbiq etmişdir.”



II. Müvafiq daxili qanunvericilik

A. Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası

16. Həmin vaxtda Konstitusiyanın müvafiq müddəaları aşağıdakıları nəzərdə tutub:



Maddə 7. Azərbaycan dövləti

“I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. ...”



Maddə 18. Din və dövlət

“I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.”



Maddə 56. Seçki hüququ

“I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.

II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.”



Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər

“1. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.”

B. Azərbaycan Respublikasının 2003-cü il tarixli Seçki Məcəlləsi

17. Həmin vaxtda Seçki Məcəlləsinin müvafiq müddəaları aşağıdakıları nəzərdə tutub:



Maddə 13. Passiv seçki hüququnun mənsubiyyəti

“13.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş Prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ vardır.

13.2. Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

13.3. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ yoxdur:

13.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

13.3.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 — 15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;

13.3.3. ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);

13.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları həmin öhdəliklərə xitam verilənədək)....”



Maddə 14. Vəzifələrin uzlaşmaması

“14.1. Vəzifələrin uzlaşmaması halları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

14.2. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq, aşağıdakı şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər:

14.2.1. hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

14.2.2. hakimlər (hakim olduqları müddətdə);

14.2.3. dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

14.2.4. din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə).”

Maddə 53. Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi

“... 53.3. Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (onun əsas işi daxil olmaqla (bu olmadıqda — fəaliyyət növü)) göstərilir. ...”



Maddə 69. Qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının bərabərliyi

“69.1. Qeydə alınmış bütün namizədlər və referendum üzrə təşviqat qrupları onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

69.2. Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə istifadə edə bilməzlər.”

Maddə 143. Milli Məclisə seçkilərin əsasları

“Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən — bir deputat) seçilir.”



Maddə 144. Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ

“Azərbaycan Respublikası Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər. ...”



C. Dini etiqad azadlığı haqqında 1992-ci il tarixli Qanun

18. Həmin vaxtda “Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq müddəaları aşağıdakıları nəzərdə tutub:



Maddə 5. Dövlət və dini qurumlar

“Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır.

Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.

Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir.

Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.

Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə din xadimlərinin dini xadim kimi fəaliyyəti həmin müddətdə dayandırılır.”



D. Dövlət qulluqçularının seçkidə namizədliyini irəli sürmək məqbuliyyətinə aid müvafiq daxili təcrübə

19. Ağayev Azərbaycana qarşı iş (№ 7607/06, Məhkəmənin 09 sentyabr 2009-cu il tarixli Komitə qərardadında qeyri-məqbul elan olunmuşdur) Seçki Məcəlləsinin 14-cü maddəsində əks olunmuş məqbuliyyət tələblərinə dair hazırkı iş üçün əhəmiyyətli olan aşağıdakı faktları əks etdirmişdir. Bu iş üzrə ərizəçi 06 noyabr 2005-ci il tarixli seçkilərdə 65 saylı birmandatlı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsində namizəd olmuşdur. Onun rəqiblərindən biri, Q.A. Saatlı rayon İcra Hakimiyyətinin (“SRİH”) başçısı olmuşdur. Yerli icra hakimiyyətlərinin başçıları vəzifələrinə Respublika Prezidenti tərəfindən təyin və azad olunurlar. Namizəd kimi rəsmi qeydə alınmasından sonra Q.A. özünün imzaladığı 05 sentyabr 2005-ci il tarixli əmrə əsasən ödənişsiz şəkildə 16 noyabr 2005-ci il tarixinədək vəzifəsindən müvəqqəti azad olunmuşdur. Bu qərar barədə seçki orqanları və Prezident Aparatı lazımınca məlumatlandırılıblar. Q.A., həmçinin seçildiyi halda, parlament üzvü vəzifəsi ilə uyğun gəlməyən hər hansı fəaliyyətinə son qoyulması öhdəliyini təqdim etmişdir. Ərizəçi daxili orqanlar qarşısında dairədəki seçki prosesinin qanuniliyini mübahisələndirərək bildirmişdir ki, Q.A. namizəd kimi rəsmi qeydə alınmasından əvvəl Prezidentin sərəncamı ilə öz vəzifəsindən tam azad edilməlidir. Seçki orqanları və məhkəmələr ərizəçinin tələblərini rədd edərək göstərmişlər ki, Q.A. Seçki Məcəlləsinin 69.2-ci maddəsinə tamamilə uyğun olaraq öz vəzifəsindən müvəqqəti azad olunmuş və bu səbəbdən, o, yüksək dərəcəli dövlət qulluqçusu kimi seçki prosesinə qanunsuz təsir etmək imkanında deyil. Buna görə, Q.A. namizəd kimi seçkidə iştirak etməyə icazə alıb. Sonradan, Q.A. dairədəki seçkiləri udub. 02 dekabr 2005-ci ildə Q.A. Prezidentin sərəncamı ilə öz vəzifəsindən tamamilə azad olunmuşdur.



Hüquqi məsələlər

I. 1 saylı Protokolun 3-cü maddəsinin iddia edilən pozuntusu

20. Ərizəçi şikayət edib ki, “peşəkar dini fəaliyyət” kimi qiymətləndirilə bilən bütün vəzifələrindən azad olunmasına baxmayaraq, onun parlament seçkilərində namizədliyinin irəli sürülməsi Konvensiyanın 1 saylı Protokolunun aşağıdakıları nəzərdə tutan 3-cü maddəsinə zidd olaraq qanunsuz rədd olunmuşdur:

“Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən, xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə, gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”

A. Şikayətin məqbuliyyəti

21. Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyil və ya hər hansı başqa əsaslarla qeyri-məqbul deyildir. Buna görə, şikayət məqbul elan olunmalıdır.



B. İşin mahiyyəti

4. Tərəflərin dəlilləri

22. Hökumət iddia edib ki, peşəkar dini fəaliyyətlə məşğul olduqda, dini xadimlərin parlament üzvü kimi işləməkdən diskvalifikasiyası səs vermək və namizədliyini irəli sürmək şərtlərinin müəyyən olunması üzrə Dövlətin mülahizə sərbəstliyi daxilindədir. Bu məhdudiyyət qanunla nəzərdə tutulmuş və qeyri-mütənasib olmamış, bununla da, qanunverici orqanın seçilməsində xalqın fikrinin azad ifadə olunmasına qarşı qoyula bilər.

23. Hökumət qeyd edib ki, ərizəçinin namizədliyini irəli sürmək istədiyi Masallı rayonu İslam dini cəmiyyətinin və dini xadimlərin daimi təsiri altında olmuşdur. Bu məntəqədə dini icmanın üzvləri yerli sakinlər arasında müstəsna dərəcəli hakimiyyətə malikdirlər və bu da seçicilər üzərində qanunsuz təsir mənbəyi kimi istifadə oluna bilər. Fəal dini fiqur kimi ərizəçi həmin seçki dairəsindən olan digər namizədlər üzərində ədalətsiz üstünlüyə malik olmuş olardı.

24. Hökumət bildirib ki, dini fəaliyyətə aid olan bütün vəzifələrdən çıxdığına dair ərizəçinin dəlilinə baxmayaraq, seçki komissiyaları tərəfindən əldə olunmuş məlumatlara görə, o, dini xadim kimi peşə vəzifələrini həyata keçirməyə davam etmişdir. Hökumət, həmçinin bildirib ki, seçkidən əvvəlki və sonrakı müddətdə ərizəçi Kəlam jurnalının baş redaktoru vəzifəsində qalmışdır.

25. Ərizəçi qeyd edib ki, daxili qanunvericilikdə “dini xadim” və ya “peşəkar dini fəaliyyət” terminlərinin dəqiq hüquqi anlayışı yoxdur. Buna görə, onun “dini xadim” kimi təsvir edilməsi və bu əsasla seçkidə namizədliyini irəli sürmək hüququnun məhdudlaşdırılması qanunla nəzərdə tutulmamışdır. Hər bir halda, Seçki Məcəlləsinin 14.2.4-cü maddəsi yalnız onu müəyyən edir ki, dini xadim parlament üzvü kimi işləyə bilməz. Buna görə, qanun onların seçkidə iştirak etməsinə və seçilməsinə maneə törətmir və yalnız onu tələb edir ki, seçkidə namizədliyini irəli sürərkən deyil, ancaq Milli Məclisə seçildikdə, dini xadimlər öz dini fəaliyyətlərinə xitam versinlər. Bu səbəbdən, seçki orqanları seçildiyi halda hər hansı “peşəkar dini fəaliyyətə” xitam vermək haqqında yazılı öhdəliyə əsasən onun namizədliyini qeydə almalı olmuşlar. Buna baxmayaraq, işini düzgün qurmaq üçün ərizəçi ehtiyat tədbirləri görmüş və “peşəkar dini fəaliyyət” kimi qiymətləndirilə bilən bütün vəzifələrdən çıxmışdır.

26. Ərizəçi, həmçinin iddia edib ki, onun peşəkar dini fəaliyyətlə məşğul olmağa davam etdiyinə dair daxili dövlət orqanlarının qənaəti və Hökumətin dəlili düzgün deyil. Bu qənaətlə bağlı hər hansı sübut təqdim olunmamışdır. Kəlam jurnalının baş redaktoru kimi vəzifələrinin həyata keçirilməsinin davam olunmasına gəldikdə, ərizəçi iddia edib ki, birincisi, bu iş sadəcə olaraq jurnalist peşəsi kimi qiymətləndirilir (dini peşə kimi yox) və ikincisi, hər bir halda, seçkidə namizədliyini irəli sürərkən, o, jurnalın baş redaktoru qismində funksiyalarının həyata keçirilməsini dayandırmışdır.



5. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

27. 1 saylı Protokolun 3-cü maddəsi səmərəli siyasi demokratiya üçün fundamental prinsipi təsbit edir və müvafiq olaraq Konvensiya sistemində ən mühüm əhəmiyyət kəsb edir (baxın, Metyu-Mohin və Klerfet Belçikaya qarşı, 02 mart 1987-ci il, § 47, A Seriyaları, № 113). Məhkəmə müəyyən edib ki, bu müddəa səs vermək və seçkidə namizədliyini irəli sürmək hüquqları daxil olmaqla, fərdi hüquqları təmin edir. Bu hüquqlar vacib olsa belə, mütləq deyil. Konvensiyanın 3-cü maddəsi həmin hüquqları açıq terminlərlə təsbit etmədən tanıdığı üçün, onların müəyyən olunması ilə üz-üzə qaldıqda, “ehtimal olunan məhdudiyyətlər”in mümkün olduğu aşkarlanır və tərəf Dövlətlər bu sahədə geniş mülahizə sərbəstliyinə malikdirlər. Öz daxili hüquqi sistemlərində onlar səs vermək və seçkidə namizədliyini irəli sürmək hüquqlarını Konvensiyanın 3-cü maddəsi üzrə maneə ilə üzləşməyən müəyyən şərtlərdən asılı edirlər (həmin yerdə, §§ 51-52, Metyus Birləşmiş Krallığa qarşı (BP), № 24833/94, § 63, İHAM 1999-I; və Labita İtaliyaya qarşı (BP), № 26772/95, § 201, İHAM 2000-IV). Bu müddəada təmin olunmuş hüquqların məhdudlaşdırılması ilə qarşıya qoyulmuş məqsədlərin yolverilənliyinin müəyyən olunması üçün “nəzərdə tutulan məhdudiyyətlər” anlayışı mühüm əhəmiyyət kəsb edir. 1 saylı Protokolun 3-cü maddəsinin Konvensiyanın 8-11-ci maddələrində sadalanmış kimi “qanuni məqsədlərin” spesifik siyahısı iləməhdudlaşdırılmadığını nəzərə alaraq, Dövlətlər məhdudiyyətə haqq qazandırmaq üçün bu siyahıda əks olunmamış məqsədə istinad etmək sərbəstliyinə o şərtlə malikdirlər ki, bu məqsəd qanunun aliliyi prinsipi və Konvensiyanın ümumi məqsədləri ilə uyğun olsun. Bundan başqa, 1 saylı Protokolun 3-cü maddəsi ilə uyğunluğu yoxlayarkən, Məhkəmə “zərurilik” və ya “təzyiqli ictimai zərurət” testlərini tətbiq etmir; əvəzində, Məhkəmə əsasən iki meyar üzərində dayanmışdır: qanunsuzluğun və ya mütənasiblik çatışmazlığının olub-olmaması və məhdudiyyətin xalqın öz mövqeyini azad ifadə etməsinə müdaxilə edib-etməməsi (baxın, Yumak və Sadak Türkiyəyə qarşı (BP), № 10226/03, § 109 (iii), 08 iyul 2008-ci il).

28. Tərəf Dövlətlər səs vermək və seçkidə namizədliyini irəli sürmək hüququna şərtlərin qoyulmasında geniş mülahizə sərbəstliyinə malik olsalar belə, 1 saylı Protokolun 3-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsinin müəyyən olunması sonda Məhkəməyə aiddir; Məhkəmə özünü əmin etməlidir ki, şərtlər sözügedən hüquqları o dərəcədə azaltmır ki, onların mahiyyətinə zərər yetirilmiş və onlar səmərəlilikdən məhrum edilmiş olsun; və istifadə olunmuş vasitələr qeyri-mütənasib deyil (baxın, yuxarıda qeyd olunmuş Metyu-Mohinvə Klerfeyt, § 52 və Qitonas və digərləri Yunanıstana qarşı, 01 iyul 1997-ci il, § 39, Qərar və Qərardadların Hesabatı, 1997-VI). Xüsusən, qoyulmuş hər hansı məhdudiyyətlər qanunverici orqanın seçilməsində xalqın səsinin azad ifadə olunmasına zidd olmamalı — yəni, onlar ümumi səsvermə vasitəsilə xalqın iradəsinin müəyyən olunmasına yönəlmiş seçki prosesinin bütövlüyünün və səmərəliliyinin qorunması marağını əks etdirməli və ya bu marağa zidd olmamalıdır (baxın, Hirst Birləşmiş Krallığa qarşı (№ 2) (BP), № 74025/01, § 62, İHAM 2005-IX). Məhkəmə, həmçinin 1 saylı Protokolun 3-cü maddəsinin tələbləri ilə seçki hüquqlarının üzərinə qanunla qoyulmuş məhdudiyyətlərin uyğunluğunun yoxlanılması kontekstində yaxın vaxtlarda baxılmış işlərdə ifadə etdiyi yanaşmasını təkrar edir ki, Konvensiyanın tərkib hissəsi olan “qanunilik” anlayışının vacibliyi də nəzərə alınmalıdır (baxın, təhlilin əvvəlində Məhkəmənin passiv seçki hüquqlarına qanunla qoyulmuş məhdudiyyətin qanuniliyini qiymətləndirdiyi Adamsons Latviyaya qarşı, № 3669/03, §§ 116-19, 24 iyun 2008-ci il; baxın, həmçinin mutatis mutandis, yuxarıda qeyd olunmuş Yumak və Sadak, § 118, bu işdə təhlilin əvvəlində Məhkəmə qeyd edib ki, şikayət olunan qanunvericilik tədbirinin qabaqcadan gözlənilən olması məsələsi iş üzrə mübahisə predmeti olmamışdır).

29. Səs vermək məqbuliyyətindən fərqli olaraq, parlament seçkilərində namizədliyin irəli sürülməsinin məqbuliyyətinə daha ciddi məhdudiyyətlər qoyula bilər (baxın, MelniçenkoUkraynaya qarşı, № 17707/02, § 57, İHAM 2004-X). Dövlətlər qeyri-məqbul elan olunması üçün meyarlar daxil olmaqla, parlament üzvlərinin statusuna dair konstitusiya qaydalarının müəyyən olunması üçün geniş imkanlara malikdirlər. Bu meyarlar hər Dövlətə spesifik olan tarixi və siyasi faktorlardan asılı olaraq fərqlənir. 3-cü maddənin tətbiqinin məqsədləri üçün hər hansı seçki qanunvericiliyi müvafiq ölkənin siyasi təkamülü baxımından qiymətləndirilməli, bununla da, bir sistem kontekstində qəbulolunmaz kimi görünən xüsusiyyətlər digər kontekstdə əsaslı ola bilər (baxın, yuxarıda qeyd olunmuş Metyu-Mohin və Klerfeyt, § 54 və Podkolzina Latviyaya qarşı, № 46726/99, § 33, İHAM 2002-II; və yuxarıda qeyd olunmuşMelniçenko Ukraynaya qarşı, № 17707/02, § 55). Abstrakt şəkildə məqbuliyyət şərtlərinin müəyyən olunmasında dövlətlərin geniş mülahizə sərbəstliyinə malik olduqları doğru olsa belə, hüquqların səmərəli olmalı olduğu prinsipi tələb edir ki, məqbuliyyət prosesi qanunsuz qərarların qarşısını almaq üçün kifayətedici təminatlara malik olsun (yuxarıda qeyd olunmuşPodkolzina Latviyaya qarşı, № 46726/99, § 35 və Rusiyanın Sahibkarlarının Konservativ Partiyası və digərləri Rusiyaya qarşı, № 55060/00 və 55638/00, § 50, İHAM 2007-I).

30. Məhkəmə belə nəticəyə gəlib ki, 1 saylı Protokolun 3-cü maddəsi prinsipcə Tərəf Dövlətlərin qanunverici tədbirlər yolu ilə müəyyən kateqoriya şəxslərə digərlərindən fərqli yanaşıldığı ümumi siyasət sxemlərini müəyyən etməsinə o şərtlə maneə törətmir ki, qanunla müəyyən olunmuş kateqoriya şəxslərin hüquqlarına müdaxilə bütövlükdə Konvensiya baxımından əsaslı olsun. Sözügedən daxili qanunvericilik hüquqlarına toxunulmuş şəxslərin kateqoriyasının anlayışına və qanunla qoyulmuş mübahisəli məhdudiyyətin tətbiqi dairəsinə kifayət qədər aydın və dəqiq olduqda, yalnız onu müəyyən etmək zəruri olur ki, qanunun əsasında duran məqsəd Konvensiyanın mütənasiblik tələblərinə uyğundur. Qanunla müəyyən olunmuş məhdudiyyət özlüyündə mütənasib olduqda, daxili dövlət orqanlarının vəzifəsi konkret şəxsin qanunla müəyyən olunmuş mübahisəli kateqoriyaya aid olub-olmamasının müəyyənləşdirilməsi ilə məhdudlaşır (baxın, Zdanoka Latviyaya qarşı (BP), № 58278/00, §§ 112-14 və 125, İHAM 2006-IV sonrakı istinadla Rekveni Macarıstana qarşı işə (BP), № 25390/94, §§ 34-50 və 58-62, İHAM 1999-III). Belə işlərdə Məhkəməyə qalan rol ərizəçinin fərdi işində tətbiq olunmuş proseslərin və ya müvafiq daxili qanunvericiliyin tətbiqində daxili dövlət orqanları tərəfindən gəlinmiş nəticələrin qanunsuz kimi qiymətləndirilməli olub-olmamasını müəyyən etməkdən ibarətdir (baxın, yuxarıda qeyd olunmuşZdanoka Latviyaya qarşı, § 127). Qanunla müəyyən olunmuş mübahisəli kateqoriyanın anlayışı geniş və ya qeyri-dəqiq olduqda, bu kateqoriyaya mənsub şəxsin seçki hüquqlarının məhdudlaşdırılmasında “fərdiləşdirilmiş” yanaşmanın tətbiqi və spesifik fərdi işdə müvafiq şəxsin siyasi cəlb olunmasının demokratik qaydaya mümkün təhlükəni ifadə edib-etmədiyinin qiymətləndirilməsi zəruri ola bilər (baxın, mutatis mutandis, Adamsons Latviyaya qarşı, № 3669/03, § 125, 24 iyun 2008-ci il).

(b) Hazırkı işə tətbiq

31. Hazırkı işdə ərizəçinin namizəd kimi qeydə alınmaq müraciətindən “dini xadimə” parlamentə seçilməyə maneə törədən Konstitusiyanın 85-ci maddəsinin II hissəsinə və “peşəkar dini fəaliyyətlə” məşğul olduqda, parlament üzvü işləməyi “dini xadimə” mümkünsüz edən Seçki Məcəlləsinin 14.2.4-cü maddəsinə əsasən imtina olunmuşdur.

32. Məhkəmə qeyd edir ki, hazırkı işdə mübahisələndirilən əsas məsələ tətbiq olunmuş tədbirin iddia olunduğuna görə qabaqcadan gözlənilən olmaması və qanunsuzluğudur. Bu baxımdan, ərizəçi iddia edib ki, birincisi, daxili qanunvericilik tətbiq olunmuş məhdudiyyətin əhatəsinə aid qeyri-müəyyəndir və ikincisi, o, hüquqları məhdudlaşdırılmış şəxslərin kateqoriyasının dəqiq anlayışını nəzərdə tutmur. Müvafiq olaraq, ərizəçinin şikayətinin əsas istiqaməti məhdudiyyətin əsaslandığı qanunun keyfiyyətinə aiddir. Xüsusən, məhdudiyyətin qabaqcadan gözlənilən olması hazırkı işdə mübahisələndirilir (müqayisə et, yuxarıda qeyd olunmuş Yumak və Sadak Türkiyəyə qarşı, § 118).

33. 1 saylı Protokolun 3-cü maddəsinə əsasən şikayət olunan müxtəlif tədbirlərin qanuni əsası və gözlənilənliyi mübahisə olunmayan bir neçə əvvəlki işlərdə, Məhkəmə ümumi qayda kimi özünü bu tədbirlərin qiymətləndirilməsində onların yalnız məqsəd və mütənasibliyin qanuniliyi tələblərinə uyğunluğu məsələləri ilə məhdudlaşdırmışdır. Lakin Məhkəmə təkrar edir ki, 1 saylı Protokolun 3-cü maddəsi ilə təmin olunmuş fərdi hüquqların üzərinə qoyulmuş məhdudiyyət sözügedən hüquqları o dərəcədə azaltmır ki, onların mahiyyətinə zərər yetirilmiş və onlar səmərəlilikdən məhrum edilmiş olsun (baxın, yuxarıda 28-ci paraqraf). Bu prinsip, eləcə də bu hüquqların xəyali deyil, səmərəli olmalı olduğuna dair ümumi Konvensiya tələbi baxımından, Məhkəmə hesab edir ki, hazırkı işdə olduğu kimi seçkidə namizədliyin irəli sürülməsinin məqbuliyyətinə məhdudiyyətlər qanunla nəzərdə tutulduğu hallarda, belə qanun qabaqcadan gözlənilənlik kimi keyfiyyətinə aid müəyyən minimum tələblərə cavab verməlidir. Bununla bağlı, Məhkəmə xatırladır ki, qayda “qabaqcadan gözlənilən” o halda olur ki, o, — zərurət olduqda, müvafiq məsləhətlə — hər hansı şəxsə hərəkətlərini müəyyən etməyə imkan vermək üçün kifayət qədər dəqiq ifadə olunsun (baxın,mutatis mutandis, Rotaru Rumıniyaya qarşı (BP), № 28341/95, § 55, İHAM 2000-V).

34. İlk növbədə, Məhkəmə məhdudiyyətin dairəsinə, yəni Seçki Məcəlləsinin dini xadimlərin seçkidə namizədliyini irəli sürməyə və seçilməyə maneə törətməməsinə, sadəcə olaraq, namizədliyini irəli sürdükdə yox, Milli Məclisə seçildiyi halda və ya seçildikdə, dini fəaliyyətlərinə xitam verilməsini tələb etdiyinə dair ərizəçinin birinci dəlilini nəzərə alır. Məhkəmə qeyd edir ki, həqiqətən daxili qanunvericiliyin müvafiq müxtəlif müddəalarının hərfi ifadəsinə nəzər yetirdikdə, bu müddəalar dini xadimlərin passiv seçki hüquqlarından (yəni, seçkidə namizədliyini irəli sürmək hüququ) məhrum olunub-olunmaması məsələsinin, həm də yalnız uyğun gəlməyən vəzifələri (yəni, “peşəkar dini fəaliyyətin” seçildiyi halda parlament üzvü vəzifəsi ilə eyni zamanda həyata keçirilməsi) eyni vaxtda tutduqları üçün onların diskvalifikasiya oluna bilib-bilməməsi məsələsinin hər ikisinə zidd kimi görünə bilər. Xüsusən, Konstitusiyanın 85-ci maddəsinin II hissəsi və Seçki Məcəlləsinin 13 və 144-cü maddələri göstərir ki, dini xadimlər parlament üzvü “seçilə bilməzlər”. Digər tərəfdən, Seçki Məcəlləsinin 14.24-cü maddəsi və “Dini etiqad azadlığı haqqında” Qanunun 5-ci maddəsi nəzərdə tutur ki, “peşəkar dini fəaliyyətlə” məşğul olduğu dövrdə dini xadimlər “Milli Məclisin deputatı ola bilməzlər” və din xadimlərinin dini fəaliyyəti seçildikləri dövlət vəzifəsini tutduqları dövrdə “dayandırılmalıdır”. Bununla bağlı, Məhkəmə həm də qeyd edir ki, eyni hüquqi müddəalar və konkret olaraq Seçki Məcəlləsinin 14.2-ci maddəsi yalnız “dini xadimlərin” deyil, həmçinin dövlət qulluqçuları kimi digər kateqoriya şəxslərin seçki hüquqlarının əsasən eyni ifadələrlə məhdudlaşdırılmasını nəzərdə tutur. Lakin müvafiq daxili təcrübəni nəzərə alaraq (baxın, yuxarıda 19-cu paraqraf), Məhkəmə qeyd edir ki, dövlət qulluqçularının 2005-ci ildə keçirilmiş eyni parlament seçkilərinə namizəd qismində qeydə alınmaqla seçildiyi halda, dövlət vəzifəsindən çıxmaq öhdəliyini təqdim etdikləri (Seçki Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq) və seçki dövrü ərzində rəsmi vəzifələrindən müvəqqəti azad olunduqları (Seçki Məcəlləsinin 69.2-ci maddəsinə müvafiq olaraq) işlər olmuşdur.

35. Məhkəmə qeyd edir ki, Hökumət “dini xadimə” aid yuxarıda göstərilmiş daxili hüquqi müddəaların əhatə dairəsinin hərtərəfli və dolğun təfsirini göstərən daxili təcrübənin və ya məhkəmə qərarlarının hər hansı misallarını təqdim etməmişdir. Milli dövlət orqanlarının və xüsusilə məhkəmələrin təfsiri ilə özünün təfsirini əvəz etmək Məhkəmənin vəzifəsi deyildir, ona görə ki, daxili qanunvericiliyi təfsir və tətbiq etmək ilk növbədə milli məhkəmələrə aiddir (baxın, bir çox başqa mənbələr arasında, Kruslin Fransaya qarşı, 24 aprel 1990-cı il,§ 29, A Seriyaları, № 176-A). Məhkəmə qeyd edir ki, konkret hazırkı işdə müvafiq hüquq müddəaları əsasında ərizəçinin namizəd kimi qeydə alınmaq müraciətinə imtina cavabı verərkən, daxili dövlət orqanları açıq-aşkar şəkildə belə nəticəyə gəliblər ki, bu müddəalar “dini xadimin” seçkidə namizəd kimi iştirak etmək hüququnun özünü məhdudlaşdırır. Buna görə, hazırkı işin məqsədləri üçün Məhkəmə sonrakı təhlilini dövlət orqanlarının yuxarıdakı yanaşması əsasında aparacaq.

36. Lakin məhdudiyyətlə hüquqlarına toxunulmuş şəxslərin kateqoriyasına aid ərizəçinin dəlilinə qayıdarkən, Məhkəmə hesab edir ki, həqiqətən müvafiq daxili qanunvericilik kifayət qədər aydın və dəqiq deyil ki, hüquqları məhdudlaşdırılmış kateqoriyaya konkret şəxsin mənsub olub-olmadığının müəyyən edilməsində seçki orqanları tərəfindən qanunsuz qərarların qarşısını alsın. Xüsusən, daxili qanunvericilik kimin “dini xadim” qismində qiymətləndirilməsinə və nəyin “peşəkar dini fəaliyyəti” təşkil etdiyinə dair hər hansı anlayışı nəzərdə tutmur. Ayrı-ayrı yollarla öz daxili strukturunu təşkil edən dini əqidələrin geniş müxtəlifliyinin mövcudluğu spesifik din, etiqad və ya inama aid “dini xadim” qismində kimin qiymətləndirilməli olduğuna dair fərqli baxışların yaranmasına potensial nəticəyə səbəb ola bilər. Bundan başqa, “peşəkar dini fəaliyyət” termininin daha qeyri-müəyyən olduğunu və kifayət qədər geniş təfsirə imkan verdiyini nəzərə alaraq, bu terminin yalnız ruhanilərin və ya başqa ruhani vəzifələri tutan şəxslərin (o cümlədən imamlar, keşişlər və ya ravvinlər kimi) əsas fəaliyyətini ehtiva etdiyini, yaxud da Hökumətin təqdim etdiyi dəlillərdə (baxın, yuxarıda 24-cü paraqraf) nəzərdə tutula bildiyi kimi, dinlə bağlı ruhani qismində təsvir edilməyən başqa fəaliyyətlərin və ya dini tərəfdarların kütləsi (məsələn, dini mövzular barədə yazan publisistlərin fəaliyyəti və ya dini məsələlərdə formalaşan pedaqoji fəaliyyət kimi) ilə birbaşa əlaqələrin dairəsinə şamil olunub-olunmadığı aydın deyildir. “Dini fəaliyyət” termini ilə istifadə olunmuş “peşəkar” termininin mənası da aydın deyildir. Xüsusən, bunun ödənilən dini xidmətlərin təqdim olunmasına aid rəsmi vəzifə və ya formal işə aid olunmasını, yaxud da adi mənasında mütləq şəkildə ödənilən işi təşkil etməyən tam və ya natamam iş vaxtının hər hansı başqa formasını nəzərdə tutduğu aydın deyildir. Konstitusiyanın və Seçki Məcəlləsi müəlliflərinin bu məsələni bilə-bilə açıq saxlamaqla onun müəyyən dərəcədə məhkəmə təfsirini və aydınlaşdırılmasını tələb etdiyi iddia oluna bilsə belə, Məhkəmə qeyd edir ki, Hökumət iddia etməyib ki, yuxarıdakı terminləri müəyyən edən və aydınlaşdıran hər hansı daxili məhkəmə qərarları mövcuddur və belə qərarların hər hansı misallarını təqdim etməmişdir. Hazırkı işdə daxili məhkəmələr də hər hansı təfsiri və ya aydınlaşdırmanı təqdim etməmişlər (baxın, aşağıda 38-ci paraqraf).

37. Belə olan halda, Məhkəmə hesab edir ki, mübahisəli tədbiri nəzərdə tutan daxili qanunvericilik özünün nəticələrinə aid qabaqcadan gözlənilən olmamış və onunla hüquqlarına toxunulan şəxslərin kateqoriyasının müəyyən edilməsinə aid fərziyyələrə əhəmiyyətli yer qoymuşdur. Müvafiq hüquqi müddəalar ərizəçiyə öz hərəkətlərini müəyyən etməyə imkan vermək və passiv seçki hüquqlarının məhdudlaşdırılmasına səbəb olan spesifik növ fəaliyyətləri qabaqcadan gözləmək üçün kifayət qədər dəqiq olmamışdır. “Dini xadim” və “peşəkar dini fəaliyyət” terminlərinin hər hansı anlayışının olmaması seçki orqanlarına həddən artıq geniş mülahizə vermiş və Konstitusiyanın 85-ci maddəsinin II hissəsinə və Seçki Məcəlləsinin14.2.4-cü maddəsinə əsasən məhdudiyyətin tətbiqində qanunsuzluq üçün böyük yer saxlamışdır. Hazırkı işdə məhz bu baş verib, ona görə ki, ərizəçinin “peşəkar dini fəaliyyət” kimi qiymətləndirilə bilən bütün vəzifələrdən çıxmasına baxmayaraq, daxili dövlət orqanları onun hələ də “peşəkar dini fəaliyyətlə” məşğul olan “dini xadim” olduğuna dair qənaətləri üçün hər hansı faktiki əsasları hətta göstərmədən qeydiyyat müraciətini qanunsuz rədd etmişlər.

38. Daha konkret olaraq Məhkəmə qeyd edir ki, ərizəçi Qafqaz Müsəlmanları İdarəsində və Bakı İslam Universitetində “peşəkar dini fəaliyyət” kimi qiymətləndirilə bilən bir neçə vəzifələr tutmuşdur. Həqiqətən, o, seçkidə namizədliyini irəli sürmək üçün ona imkan verəcəyinə inanaraq, bütün yuxarıdakı vəzifələrdən çıxmışdır. Lakin bu vəzifələrdən çıxması onu hələ də dini xadim kimi qiymətləndirən seçki komissiyaları tərəfindən kifayətedici hesab olunmamışdır. “Peşəkar dini xadim kimi fəaliyyətinə davam etdiyini” müəyyən edərkən, DSKkonkret hansı fəaliyyətin nəzərdə tutulduğunu göstərməmişdir. Eyni ilə, MSK hər hansı əsaslandırmanı və ya izahatı təqdim etmədən ərizəçinin dəlillərini rədd etmişdir. Seçki komissiyalarının qərarlarını yoxlayarkən, daxili məhkəmələr sadəcə olaraq qeyd etmişlər ki, ərizəçinin bütün sözügedən vəzifələrdən çıxması faktı “onun peşəkar dini fəaliyyətlə məşğul olduğunu istisna etmir”. Seçki komissiyaları kimi, məhkəmələr ərizəçi tərəfindən həyata keçirilmiş konkret olaraq hansı fəaliyyətin onun seçkidə namizədliyinin irəli sürülməsinə maneə törətməsi və Konstitusiyanın 85-ci maddəsinin və Seçki Məcəlləsinin 14.2.4-cü maddəsinin mənasında onun hələ də “dini xadim” kimi hansı anlayış və sübutlarla qiymətləndirilməsi ilə bağlı hər hansı izahatı təqdim etməmişlər. Ərizəçinin dini jurnalın baş redaktoru qismində işləməkdə davam etdiyinə dair Hökumətin dəlilinə gəldikdə, Məhkəmə qeyd edir ki, nə seçki orqanları, nə də daxili məhkəmələr ərizəçinin “dini fəaliyyətlə” məşğul olmağa davam etdiyi barədə qənaətə gələrkən, konkret bu funksiyaya heç vaxt açıq şəkildə istinad etməmişlər. Nəticədə, belə görünür ki, ərizəçinin bu kateqoriyaya aid olan kimi qiymətləndirilməsinə dair hər hansı hüquqi əsaslandırma təqdim olunmamışdır.

39. Nəticədə, Məhkəmə qeyd edir ki, mübahisəli məhdudiyyətlə hüquqlarına toxunulmuş şəxslərin kateqoriyasının hüquqi tənzimlənməsi həddən artıq geniş və qeyri-müəyyəndir. Əlavə olaraq, ərizəçiyə qarşı qanunun tətbiqi 1 saylı Protokolun 3-cü maddəsində təsbit olunmuş hüquqların mahiyyətinə zərər yetirildiyi vəziyyətlə nəticələnmişdir.

40. Belə nəticəyə gəlinir ki, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulmuşdur.

II. Konvensiyanın başqa iddia edilən pozuntuları

A. Konvensiyanın 14-cü maddəsi

41. Yuxarıdakı şikayətlə birgə, ərizəçi şikayət edib ki, o, dini fəaliyyətlə bağlı əvvəlki məşğuliyyəti əsasında ayrı-seçkiliyə məruz qalmışdır. O qeyd edib ki, seçki orqanları parlament deputatı vəzifəsi ilə uyğun gəlməyən vəzifələri keçmişdə tutan, lakin onlardan çıxan bir neçə başqa şəxsləri namizəd kimi faktiki olaraq qeydə almışlar. Ərizəçidən fərqli olaraq, bu namizədlər dövlətin icra və məhkəmə orqanlarında vəzifələr tutmuşlar.

Konvensiyanın 14-cü maddəsi aşağıdakıları nəzərdə tutur:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”

42. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda yoxlanılanla əlaqəlidir və buna görə, eynilə məqbul elan edilməlidir.

43. Lakin 1 saylı Protokolun 3-cü maddəsinə aid yuxarıdakı qənaəti nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 14-cü maddəsinin pozuntusunun baş verib-verməməsinin araşdırılması zəruri deyildir.



B. Konvensiyanın 6-cı maddəsi

44. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, daxili məhkəmə araşdırmaları ədalətsiz olmuşdur, ona görə ki, daxili məhkəmələr əsaslandırılmış qərar çıxarmadan, seçki komissiyalarının qanunsuz qərarlarını qüvvədə saxlamışlar.

Konvensiyanın 6-cı maddəsi müvafiq hissədə aşağıdakıları nəzərdə tutur:

“Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən..., məhkəmə vasitəsilə... ədalətli araşdırma hüququna malikdir...”

45. Məhkəmə qeyd edir ki, sözügedən məhkəmə araşdırmaları ərizəçinin parlament seçkilərində namizəd kimi iştirak etmək hüququnun müəyyən edilməsinə aid olmuşdur. Buna görə, sözügedən mübahisə ərizəçinin siyasi hüquqlarına aid olmuş və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında “mülki hüquq və vəzifələrə” hər hansı təsir etməmişdir (baxın, Pyer-Bloh Fransaya qarşı, 21 oktyabr 1997-ci il, § 50, Hesabatlar, 1997-VI; Çerepkov Rusiyaya qarşı (qərardad), № 51501/99, İHAM 2000-I; Zdanoka Latviyaya qarşı (qərardad), № 58278/00, 06 mart 2003-cü il; və Mütəllibov Azərbaycana qarşı (qərardad), № 31799/03, 19 fevral 2004-cü il).

46. Buna görə, Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası baxımından Konvensiyanın müddəaları ilə ratione materiae uyğun deyildir və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq rədd edilməlidir.



III. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

47. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Maddi zərər

48. Ərizəçi seçkidə namizəd qismində iştirak etmək hüququ pozulmadığı halda, Milli Məclisə seçildikdə, deputat kimi alacağı maaş üçün qazancın itirilməsinə görə 83.209 EURiddia etmişdir.

49. Hökumət hesab edib ki, ərizəçinin tələbi ilə iddia olunan pozuntu arasında səbəbli əlaqə yoxdur.

50. Məhkəmə qeyd edir ki, hazırkı şikayət ərizəçinin namizəd kimi seçkidə iştirak etmək hüququna aiddir. Güman oluna bilməz ki, ərizəçinin qeydiyyat müraciətindən imtina olunmadığı halda, o, öz dairəsində mütləq şəkildə seçkiləri udacaq və deputat olacaq. Buna görə, ərizəçinin deputat maaşı alıb-almayacağına dair fərziyyə irəli sürmək Məhkəməyə aid deyildir (baxın, mutatis mutandis, Gürcüstanın Əmək Partiyası Gürcüstana qarşı, № 9103/04, § 150, 08 iyul 2008-ci il). Buna görə, Hökumət kimi Məhkəmə hesab edir ki, iddia olunan maddi itki ilə müəyyən olunmuş pozuntu arasında səbəbli əlaqə yoxdur (həmin yerdə, § 151; baxın, həmçinin yuxarıda qeyd olunmuş Melniçenko, §§ 73-75). Müvafiq olaraq, Məhkəmə bu məsələ üzrə ərizəçinin tələbini rədd edir.



2. Mənəvi zərər

51. Ərizəçi mənəvi zərərə görə 100.000 EUR kompensasiya tələb edərək iddia edib ki, namizəd kimi onu qeydə almaqdan imtina ona mənəvi zərər yetirmiş və nüfuzunu ləkələmişdir.

52. Hökumət hesab edib ki, bu tələb həddən artıq olmaqla, əsassız varlanmaya yönəlir və Məhkəmədən ədalətli əsaslarla ağlabatan kompensasiyanın təyin olunmasını tələb edib.

53. Məhkəmə təsdiq edir ki, parlament seçkilərində namizəd kimi iştirak edə bilmədiyi üçün ərizəçi mənəvi zərərdən əziyyət çəkmişdir. Ədalətli əsaslarla qərar çıxararaq və işin bütün hallarını nəzərə alaraq, Məhkəmə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, mənəvi zərərə görə 7.500 EUR kompensasiyanı təyin edir.



B. Xərc və məsrəflər

54. Ərizəçi daxili məhkəmələr qarşısında çəkdiyi xərc və məsrəflərə görə 2.000 EUR və Məhkəmə qarşısında çəkdiyi 1.000 EUR xərc və məsrəflərin ona ödənilməsini tələb edib. Tələbinin sübutu kimi o, Məhkəmə qarşısında araşdırmalarda cənab A.Rzayevin göstərdiyi hüquqi xidmətlər üçün müqavilənin surətini təqdim etmişdir.

55. Hökumət iddia edib ki, bu tələb rədd olunmalıdır, ona görə ki, o, zəruri sübutlarla təsdiq olunmamış və göstərilmiş hüquqi xidmətlərin əsl dəyərini əks etdirməmişdir.

56. Məhkəmənin presedent-hüququna əsasən, ərizəçi öz xərc və məsrəflərinin əvəzləşdirilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurət qarşısında xərclənməsi və həcminə görə əsaslı olması göstərilsin. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi daxili araşdırmalarda xərc və məsrəflər üçün tələbini təsdiq edən hər hansı sənədləri təqdim etməmişdir. Buna görə, Məhkəmə tələbin bu hissəsini rədd edir. Bundan başqa, malik olduğu məlumatları və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə ərizəçinin Məhkəmə qarşısında çəkdiyi xərclərə görə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, Avropa Şurasından hüquqi yardım kimi aldığı 850 EUR çıxarılaraq 1.000 EUR məbləği təyin edir.



C. Faiz dərəcəsi

57. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.



Bu səbəblərə görə, məhkəmə yekdilliklə

1. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinə və Konvensiyanın 14-cü maddəsinə əsasən şikayətləri məqbul və şikayətlərin qalan hissəsini qeyri-məqbul elan edir,

2. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozulmasını qərara alır,

3. Şikayətin ayrıca Konvensiyanın 14-cü maddəsi üzrə araşdırılmasının tələb olunmadığını qərara alır,

4. Qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə Dövlət tərəfindən həll etmə tarixinə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatına keçirməklə, aşağıdakı məbləğlər ərizəçiyə ödənilsin:

(i) mənəvi zərərə görə, üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, 7.500 EUR (yeddi min beş yüz avro);

(ii) xərcə və məsrəflərə görə, üstünə gələ bilən hər hansı vergi hesablanmaqla, Avropa Şurasından hüquqi yardım kimi aldığı 850 EUR (səkkiz yüz əlli avro) çıxarılaraq 1.000 EUR(min avro);

(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək üç faiz əlavə olunmaqla, yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir.

5. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 03 dekabr 2009-cu ildə göndərilib.


Soren Nilsen

Xristos Rozakis

Katib

Sədr

 

 

Hakim Malinverninin hakimlər Vajiç və Kovlerlə üst-üstə düşən rəyi

1. Mənim həmkarlarım kimi mən 1 saylı Protokolun 3-cü maddəsinin pozulmasının müəyyən edilməsinin lehinə səs vermişəm. Lakin mənim səbəblərim digərlərindən fərqlənir.

2. Hazırkı işdə ərizəçinin namizəd kimi qeydə alınmaq müraciətindən “dini xadimə” parlamentə seçilməyə maneə törədən Konstitusiyanın 85-ci maddəsinin II hissəsinə və “peşəkar dini fəaliyyətlə” məşğul olduqda, parlament üzvü işləməyi “dini xadimə” mümkünsüz edən Seçki Məcəlləsinin 14.2.4-cü maddəsinə əsasən imtina olunmuşdur.

3. Bu qərarda “qoyulmuş məhdudiyyətin dairəsinə aid müvafiq qanunun qeyri-müəyyən olması və ... hüquqları məhdudlaşdırılmış şəxslər kateqoriyasının dəqiq anlayışının nəzərdə tutulmaması” və “müvafiq olaraq, ərizəçinin şikayətinin əsas istiqamətinin məhdudiyyətin əsaslandığı qanunun keyfiyyəti və xüsusən, məhdudiyyətin qabaqcadan gözlənilən olması” xüsusilə vurğulanmışdır (32 və 33-cü paraqraflar).

4. Mən bu mövqelərlə və qərarın 34-cü paraqrafında göstərilmiş dəlillərlə, xüsusilə “daxili qanunvericiliyin müvafiq müxtəlif müddəalarının hərfi ifadəsinə nəzər yetirdikdə, bu müddəalar dini xadimlərin passiv seçki hüquqlarından (yəni, seçkidə namizədliyini irəli sürmək hüququ) məhrum olunub-olunmaması məsələsinin, həm də yalnız uyğun gəlməyən vəzifələri (yəni, “peşəkar dini fəaliyyətin” seçildiyi halda parlament üzvü vəzifəsi ilə eyni zamanda həyata keçirilməsi) eyni vaxtda tutduqları üçün onların diskvalifikasiya oluna bilib-bilməməsi məsələsinin hər ikisinə zidd kimi görünə bilər” (34-cü paraqraf), ““dini fəaliyyət” termini ... qeyri-müəyyəndir” (36-cı paraqraf) və ““dini fəaliyyət” termini ilə istifadə olunmuş “peşəkar” termininin mənası da aydın deyildir” (həmin yerdə) bağlı, Məhkəmənin dəlilləri ilə razılaşmaqda çətinlik çəkirəm. Təbiətinin və tənzimlədiyi dairənin necə olmasından və hansı münasibətləri tənzimləməyə yönəldiyindən asılı olmadan, qanunvericiliyin bir hissəsi zərurətinə görə abstrakt və ümumi alətdir. O, hər bir təfsilatı və bütün mümkün variantları nəzərə ala, nə də istifadə etdiyi bütün terminlərə anlayış verə bilməz. Məhkəmə bir neçə hallarda bu faktı müşahidə etmişdir.

5. Azərbaycanda sözügedən qanunvericilik, mənim fikrimcə, tam qaneedicidir. 1995-ci il tarixli Konstitusiya ümumi ifadələrlə “dini xadimlərin seçkidə iştirak etmək hüququna məhdudiyyətlərin qoyula bilməsini” (56-cı maddənin III hissəsi) və “dini xadimin Milli Məclisin deputatı seçilə bilməməsini” (85-ci maddənin II hissəsi) nəzərdə tutsa da, 2003-cü il tarixli Seçki Məcəlləsi məqbuliyyətə dair iki müxtəlif halı çox aydın şəkildə müəyyən etmişdir. Birincisi, həmin Məcəllənin “Passiv seçki hüququnun mənsubiyyəti” adlanan 13-cü maddəsi müəyyən kateqoriya şəxsləri istənilən halda seçkidə iştirak etməkdən istisna etməklə, belə şəxsləri “Milli Məclisin deputatı seçilməyə hüququ olmayan” kimi müəyyən etmişdir (13.3-cümaddə). Kateqoriyalar “azadlıqdan məhrum etmə cəzasını çəkən şəxsləri”, “Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrinə əsasən məhkum olunmuş şəxsləri” və “ikili vətəndaşlığı olan şəxsləri” nəzərdə tutur və “dini xadimi” ehtiva etmir.

Bu Məcəllənin “Vəzifələrin uzlaşmamamsı” adlanan 14-cü maddəsi digər tərəfdən göstərib ki, parlament deputatının vəzifəsi müəyyən başqa vəzifələrlə eyni vaxtda və ya paralel olaraq tutula bilməz. Bununla da, həmin müddəa aydınlaşdırır ki, uzlaşmama yalnız o halda mövcud olur ki, müvafiq şəxslər başqa fəaliyyəti həyata keçirməyə davam etsinlər. O, “hərbi xidmətdə olduqda, silahlı qüvvələrin üzvlərinə”, “vəzifədə olduqda, hakimlərə” və nəhayət, “peşəkar dini fəaliyyətlə məşğul olduqda, dini xadimlərə” istinad edir.

6. Namizəd kimi seçkidə iştirak etməyə icazə almaq üçün ərizəçi dini fəaliyyətinə xitam vermək barədə yazılı öhdəlik təqdim etmişdir (baxın, 7-ci paraqrafda). Bu baxımdan, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi Dini Şurasının 14 iyul 2005-ci ildə keçirilmiş birgə iclasının protokollarına görə, ərizəçinin Qazılar Şurasındakı üzvlüyünə onun öz müraciəti əsasında xitam verilmiş (8-ci paraqraf); və Qafqaz Müsəlmanları İdarəsi sədrinin 15 avqust 2005-ci il tarixli qərarına əsasən, ərizəçi İdarənin təhsil şöbəsinin müdiri və Bakı İslam Universitetinin Sumqayıt filialının rəhbəri vəzifələrindən azad olunmuşdur (9-cu paraqraf).

7. Buna baxmayaraq, DSK ərizəçini namizəd kimi qeydə almaqdan imtina etmişdir, ona görə ki, o, “peşəkar dini xadim kimi fəaliyyətini davam etdirmişdir”; lakin DSK bu dəlilin təsdiqi üçün hər hansı zəif olsa belə sübutu təqdim etməmişdir (10-cu paraqraf).

Bundan sonra, MSK hər hansı səbəblər gətirmədən “əsassız” olduğunu qeyd etməklə, ərizəçinin şikayətini rədd etmişdir.

Öz növbəsində, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tamamilə qeyri-adekvat səbəblər irəli sürməklə, ərizəçinin verdiyi şikayətləri təmin etməyərək (12 və 13-cü paraqraflar) qeyd etmişlər ki, “ərizəçinin yuxarıda qeyd olunan vəzifələrdən çıxması faktı onun peşəkar dini fəaliyyətlə məşğul olmadığına dəlalət etmir.”

Nəhayət, Seçki Məcəlləsinin 14.2.4-cü maddəsinə istinad etməklə, Konstitusiya Məhkəməsi sadəcə olaraq yenidən təsdiq etmişdir ki, bu müddəa “dini xadimin parlamentin deputatı olmaq hüququnu yalnız sonuncunun peşəkar dini fəaliyyətlə məşğul olduğu dövrlərlə” məhdudlaşdırmış, lakin ərizəçinin işi üzrə heç bir münasibət, o cümlədən onun namizədliyinin qeydə alınmasından imtinanın düzgün olub-olmamasına dair mövqeyini bildirməmişdir.

8. Mənim qənaətim ondan ibarətdir ki, həmin vaxtda Azərbaycanda qüvvədə olmuş qanunvericilik qaneedici olmaqla, kifayət qədər aydın və gözləniləndir, lakin ərizəçinin müxtəlif şikayətləri üzrə qərarlar çıxaran məhkəmələr tərəfindən qanunsuz tətbiq olunmuşdur. Buna görə, hazırkı işdə tənqid edilməli olan qanunvericiliyin özü deyil, onun məhkəmələr tərəfindən tətbiq olunma tərzi olmalıdır. Səhv qanunvericinin deyil, məhkəmələrin və yalnız onların üzərinə düşür.



 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə